Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 22-04-2015, 12:29
OYSANATA KEÇƏN TİKƏ

Sevda Mikayılqızı
Asifi yuxudan güclə oyatdılar. Heç durmaq istəmirdi. Onsuz da gec yatmışdı - kənd klubunda göstərilən kino gec başlayıb, gec də qurtarmışdı. Amma variant yox idi - qonşuların heyvanlarından ibarət sürünü örüşə aparmaq onların növbəsi idi. Kənddə çoban olmadığından camaat 10-15 ev, yaxud küçə-küçə birləşib ev heyvanlarını növbə ilə otarmağa məcbur idi. Yerli ləhcəylə “novat” adlandırılan bu növbələşmə əslində hər 20-25 gündən bir təkrarlansa da, ona elə gəlirdi ki, bu andır az qala hər həftənin sonuna özünü çatdırır.
Acığından nə əl-üzünü yudu, nə də səhər yeməyi yedi. Nahar vaxtı yemək üçün özu ilə götürməli olduğu bağlama elə qoyulduğu yerdə - küçə qapısının yanındakı təndirin üstündə qaldı. Özü də bilmədən evdəkilərdən hayıfını çıxırdı. Necə ki, yatmağa qoymayıblar, qoy indi əvəzində nigaran qalsınlar ondan...
Yəqin anası bunu bilən kimi yanıb-yaxılacaq, «Gör! Gör, sən Allah, nasıranının milləti, gör həncəri yemək götürməyib! Günün altında ac-susuz qalıb öləcək tərsin milləti! Ax…x..! Ax! S..a..a mən nə deyim, ağılsız bala…!» deyə söylənəcək.
Təsəvvür elədiyi səhnə reallığa o qədər yaxın idi ki, ürəyi sıxıldı. Peşimançılıq hissi bürüdü onu, yaxşı iş görmədiyini özlüyündə etiraf eləsə də, daha iş-işdən keçmişdi, olan olmuşdu. Sürünü kənddən çıxaranda isə artıq sakitləşmişdi. Sübhün təmiz havası, kəndin həniri duyulan ilıq sakitlik öz işini görmüşdü.
Yolu yaxşı tanıyan sürünün dalınca aramla addımlayırdı. Kəndin üst tərəfindəki qəbiristanlığın yanına çatanda Molla İzəddin kişinin oğlu Məhəmməd əlində bağlama, iri addımlarla onun yanından ötüb keçdi. Ondan dörd sinif yuxarıda oxuyan Məhəmmədin arxasınca baxa-baxa, deyəsən bunu da o başdan oyadıblar, deyə düşündü. Amma nəsə çox vacib iş dalınca gedən adama oxşayırdı Məhəmməd. Yaman ciddi görkəmi var idi və yuxudan onun kimi zorla oyadılan dilxor adama da oxşamırdı.
Sürünün dalınca asta-asta addımladıqca əslində bu işin o qədər də çətin olmadığını, burda çətin nə var ki, deyə təsdiqlədi. Kim deyir ki, bu ağzı otlu heyvanın ağlı yoxdur? Düşür qabağına, başını salır aşağı, işini görür - otlayır özü üçün zərif-zərif… Amma xoşlayır ki, ona yiyəlik eləyən bir adam, bir dənə də it olsun yanlarında. Belədə rahat olur. Yəqin elə buna görədir ki, arabir başlarını qaldırıb yoxlayır elə bil - çobanlıq eləyən adam yaxınlıqdadırmı? Bəs it necə, çox uzaqlaşmayıb ki? Belə baxanda, bu qoyunlar bəxtəvərdilər, vallah. Gəldiyi qənaətə özünündə acı-acı gülməyi tutdu; belə çıxır ki, xoşbəxt olmaq üçün qoyun olmaq lazımdı.
İt demiş, Cümşütdü Qədim kişinin ala iti yanındaydı. Ala itin peşəsi kim olmasından asılı olmayaraq novata gedəni müşayiət eləmək idi. Çox ağıllı it idi ala it, bircə dili yox idi danışsın. Hər şeyi başa düşürdü. Get! – get. Dayan! - dayan. Qoyunları qaytar! - qaytar.
Ağlına gələnlər barədə düşünə-düşünə kəndin üst tərəfindəki Tək Dağdağana çatanda artıq gün əməllicə qalxmışdı. Bir azdan Pirin dərəsinə yenəcəklər. Bu dərəyə təpənin üstündə görünən Pirə görə belə deyirdilər. Pir özü isə üst-üstə qalaqlanmış bir topa daş və onun üstündə bitmiş kola oxşar tək ağacdan ibarət idi. Yadındadı, balaca olanda Salatın nənəsiylə gəlmişdilər bura. Orda xoruz kəsib yemək yedikləri, pirə pay qoyub budaqlarına al-əlvan parça qırıqları bağladıqları gözlərinin qarşısında canlandı.
… Tək Armudun yanına yetişəndə artıq heyvanın çaya enmək vaxtı çatdı. Yavaş-yavaş baş qaldıran aclığın müqabilində özünə təskinlik verərək fikirləşdi ki, bundan sonra gün axır ki, əyilməyə başlayacaq.
Lənət şeytana, yemək hardan düşdü yadına?
Yadına düşməyi cəhənnəm, indi heç fikrindən çıxmırdı yemək. Ona elə gəldi ki, aclığa qarşı üsyana başlayan mədəsinin getdikcə güclənməyə başlayan səsini açıq-aşkar eşidir. Elə bil ürəyinin döyüntüsü də bu ritmə köklənmişdi: - Ye-mək! Ye-mək!
Bayaqdan necə rahat-rahat yolunu gedirdi... Özünü sakitləşdirməyə çalışdı ki, çaya çatanda elə mən də su içərəm, özü də mümkün qədər çox. Qarnım su ilə dolu olsa, aclığımı bu qədər hiss eləmərəm yəqin. Heç bu fikir də onun kefini açmadı. Qoyunlara paxıllığı tutdu - səhərin gözü açılmamışdan başlayıb ta indiyə kimi dayanmadan yeyiblər, indi də üstündən su içəcəklər. Üstəlik də uzanıb həzm eləyəcəklər yediklərini.
Bikef-bikef xeyli aralıda, hündür bir daşın üstündə oturdu ki, çaya tökülüşmüş sürü gözünün qabağında olsun. Su içməyə isə nə heyi, nə də həvəsi qalmamışdı. Özünü bu gen dünyada tək-tənha, hamı tərfindən unudulmuş kimi hiss etdi. Elə-bil balacalaşdı da...
Bu dəm bayaqdan gözünə dəyməyən ala it sürətlə yanından ötüb keçdi. Tənbəl-tənbəl başını çevirib onun ardınca baxdı. Görünür it də daldey bir yer tapıb kölgələnmək istəyirdi. Yaxşı, bəs ağzında apardığı nədi?
- Ay it! Ay it!
İt o saatca dayandı. Dönüb ona tərəf baxdı. Bir az tərəddüd edəndən sonra geri qayıdıb gəldi. Ağzında tutduğu bükülünü onun dizinin üstünə qoyaraq, çömbəlib qabağında oturdu. Quyruğunu astaca yerə döyəcləyə-döyəcləyə, dilini çıxırıb ləhləyə-ləhləyə sədaqət izhar edən baxışlarını onun üzünə dikdi.
Oğlan nədənsə birdənbirə həyəcanlanmağa başladı. İçini dolduran anlaşılmaz bir duyğu ilə tələsə-tələsə itin gətirdiyi bükülünü açdı... və heyrətdən donub qaldı. Qarşısında açılan təmiz ağ süfrənin içində iki dənə qırmızılı-sarılı rəngdə, təzə bişmiş, yup-yumşaq yağlı fəsəli günəş kimi bərq vururdu… və sanki süfrənin içindən ətrafa nurlu şüalar yayılırdı. Lap nağıllardakı kimi...
Düşdüyü sehrin içində bunun kəndin ziyalısı, ruhanı təhsilli, üzü nurlu Molla İzəddin kişinin səhər tezdən Pirə göndərdiyi ehsan tikəsi olduğunu başa düşdü.
Səhər-səhər yanından ötüb keçən Məhəmmədin belə işgüzarlıqla hara getdiyi və əlindəki bağlamada nə apardığı da indi ona məlum oldu.


Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!