20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
Tarix : 19-02-2015, 15:08
AzərTAc: Şərqlə Qərb arasında media körpüsü
Aslan Aslanov
AzərTAc-ın Baş direktoru

AzərTAc-ın ilk xəbərinin yayıldığı vaxtdan 95 il ötür. Bu, 1920-ci il martın 1-də baş verib. Ötən 95 ildə, necə deyərlər, çox sular axıb: ictimai-iqtisadi formasiyalarla birgə dünyanın siyasi xəritəsi də dəyişib. Bu dövrün 70 ilini SSRİ adlı imperiyanın tərkibində yaşamağa məcbur olmuşuq. Nələr görməmişik? Kollektivləşmə, repressiya, müharibə, siyasi-iqtisadi kataklizmlər... Nəhayət, hər bir xalqın əzəli arzusu olan müstəqillik illəri, əsarətdən azadlığa, qaranlıqdan işığa, gerilikdən tərəqqiyə yol, inanılmaz sıçrayışlar... Dünyamız və ölkəmizlə yanaşı, bu ağlı-qaralı, sevincli-kədərli günlər Azərbaycanın ilk xəbər agentliyi olan AzərTAc-ın da taleyindən keçib.
Agentlik 95 illik yubileyini qloballaşan dünyada dəyər sistemlərinin yeniləndiyi, həyatın bütün sahələrində fundamental transformasiyaların baş verdiyi, stereotiplərin dəyişdiyi, yeni informasiya texnologiyalarının yarandığı, sosial media bumunun yaşandığı bir dövrdə qeyd edir. AzərTAc-ın keçdiyi tarixi yola, əldə etdiyi uğurlara, dünya informasiya məkanında yerinə və roluna məhz bu proseslər fonunda nəzər salmağa çalışacağam.
Teleqraf və teletaypdan kompyuter erasına
AzərTAc abreviaturası agentliyin tarixi adından – Azərbaycan Teleqraf Ajansı (fransız sözü olan “agence” “agentlik” mənasını verir) ifadəsindən yaranıb.
Agentliyin adındakı “Teleqraf” sözü də yəqin ki, bir çoxlarının diqqətini çəkir və bəzən müəyyən anlaşılmazlıq doğurur. Məsələ burasındadır ki, o dövrdə xəbərləri çatdırmaq və yaymaq üçün yeganə vasitə teleqraf idi. AzərTAc-ın xəbərlərinin teletaypla yayıldığı vaxtlar da yaşlı nəslin yadında olar. Həmin illərdə xəbərləri nəinki xaricdə, hətta ölkənin ucqarlarında yaymaq belə müşkül məsələ idi. Hazırda isə kompyuter əsrində yaşayırıq və xəbərin anında alınması və yayılması ilə artıq heç kəsi təəccübləndirmək olmaz. Bu haqda bir qədər sonra danışacağıq. İndi isə tarixə qısa ekskursa ehtiyac duyuram.
Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan AzərTAc ötən 95 ildə mürəkkəb, eyni zamanda, şərəfli bir yol keçib, bütün çətinliklərə baxmayaraq, həmişə Azərbaycan xalqına xidmət edib. Bu xidmətə ən obyektiv qiyməti ümummilli liderimiz Heydər Əliyev verib: “AzərTAc fəaliyyətə başladığı gündən xalqımızın azadlıq arzularının carçısına çevrilmişdir”.
Agentliyin tarixini səciyyələndirərkən seçdiyim “mürəkkəb və şərəfli yol” ifadəsi heç də ritorika deyil. Ötən 95 ildə agentliyin təkcə adının yeddi dəfə dəyişdirilməsinin özü keçilmiş yolun, doğrudan da nə dərəcədə mürəkkəb olduğunun təsdiqidir.
Xalq Cümhuriyyəti dövründə cəmi iki ay müstəqil, 70 il isə SSRİ-nin tərkibində SİTA-nın filialı kimi fəaliyyət göstərən AzərTAc kollektivləşmə, sənayeləşmə, İkinci Dünya müharibəsi illərində Azərbaycanda gedən prosesləri işıqlandırır, dövrün salnaməsini yaradırdı. Müharibədən sonrakı illərdə isə iqtisadi, ictimai-siyasi, mədəni həyatdakı quruculuq işləri agentliyin materiallarının əsas mövzusuna çevrildi. Xüsusən ötən əsrin 70-ci illərində Azərbaycanda yeni informasiya mühiti formalaşmağa, milli mətbuatımız yeni ənənələrlə zənginləşməyə başladı.
Tam əminliklə deyə bilərəm ki, AzərTAc-ın bugünkü səviyyəyə gəlib çatması, dünya informasiya məkanına çıxması bilavasitə ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. 1969-cu ildə Heydər Əliyevin Azərbaycanda siyasi rəhbərliyə gəlməsi respublikanın həyatında dönüş mərhələsinin başlanğıcı olmaqla yanaşı, KİV sahəsində də yeni səhifə açdı. Ulu Öndərin yüksək diqqət və qayğısı nəticəsində öz dövrünün müasir texnikası ilə təchiz olunan AzərTAc keçmiş sovet respublikalarının informasiya agentlikləri arasında həm maddi-texniki bazasının zənginliyinə, həm də yüksək yaradıcı potensialına görə ön mövqeyə çıxmağa nail oldu.
Azərbaycan yenidən dövlət müstəqilliyinə qovuşandan bir müddət sonra, 1992-ci il dekabrın 18-də agentliyin tarixi adı bərpa olundu və o, Azərbaycan Teleqraf Agentliyi – AzərTAc adlandırıldı. Lakin Azərbaycanın o vaxtkı səriştəsiz, informasiyanın cəmiyyət və dövlət həyatındakı rolunu yetərincə qiymətləndirməyi bacarmayan rəhbərliyi agentliyin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması barədə düşünmürdü. Bütün ölkə kimi, AzərTAc da taleyin ümidinə buraxılmışdı. Xoşbəxtlikdən bu, uzun sürmədi, 1993-cü ilin iyununda xalqın çağırışı ilə yenidən siyasi hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin müdrikliyi və uzaqgörənliyi, zəngin siyasi və dövlətçilik təcrübəsi sayəsində Azərbaycan müstəqilliyini qoruyub saxladı, bütün çətinlikləri və maneələri dəf edərək inkişaf yoluna çıxdı, dünya birliyində layiqli yerini tutdu. Məhz bu dövrdə AzərTAc-ın inkişafında tam yeni mərhələ başladı. Ulu Öndərimizin Fərmanı ilə AzərTAc-a dövlət agentliyi statusu verildi, onun tarixində ilk dəfə olaraq xarici ölkələrdə müxbir məntəqələri açıldı. Hazırda dünyanın 21 ölkəsində xüsusi müxbiri olan AzərTAc-ın fəaliyyətinin təkmilləşdirilməsi, maddi-texniki bazasının modernləşdirilməsi üçün 1995-ci ildən etibarən dövlət başçısı səviyyəsində 6 fərman və sərəncam imzalandı. Beləliklə, agentliyin qarşısında yeni üfüqlər açıldı. Onun dünya informasiya məkanına çıxması üçün münbit şərait yarandı.
AzərTAc: Şərqlə Qərb arasında media körpüsü

AzərTAc regionda 7 dildə informasiya və 5 dildə videoxəbər yayan
yeganə informasiya mənbəyidir

Bu gün Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş, güclü və nüfuzlu aktor kimi tanınmaqdadır. Prezident İlham Əliyevin yürütdüyü müstəqil və balanslaşdırılmış xarici siyasət kursu sayəsində ölkəmiz həm ikitərəfli münasibətlər kontekstində, həm də çoxşaxəli əlaqələr fonunda yerləşdiyi regionun geosiyasi, geoiqtisadi və geostrateji təhlükəsizliyinə fundamental töhfələr verir.
Artıq regional aktordan qlobal tərəfdaşa çevrilməkdə olan Azərbaycan dünya siyasətinin nüfuz və güc iyerarxiyasında sürətlə irəliləyir. Bu baxımdan, Azərbaycan həqiqətlərini daha geniş coğrafiyada yaymaq, eyni zamanda, dünyada baş verən önəmli hadisələri operativ surətdə işıqlandırmaq AzərTAc-ın fəaliyyətinin prioritet istiqamətini təşkil edir.
Bu gün AzərTAc səmərəli fəaliyyət üçün zəruri olan innovativ texnoloji avadanlığa malikdir. Agentlikdə qurulmuş ən müasir server sistemi zəngin informasiya, foto və videomaterialları arxivləşdirməyə, sürətlə artan xəbər axınını yüksək səviyyədə idarə etməyə imkan verir. Modernləşdirilmiş UPS qurğusu elektrik enerjisi kəsildiyi halda belə lokal şəbəkənin fasiləsiz işləməsini təmin edir. Bir müddət əvvəl AzərTAc-ın həm funksionallığı, həm də dizaynı ilə diqqəti cəlb edən və 7 dildə informasiya yayan yeni veb-saytı, həmçinin videosaytı, uşaq bilik portalı istifadəyə verilib.
Agentliyin saytının Çin dilində versiyası yubiley ərəfəsində həyata keçirilən layihələr arasında mühüm yer tutur və Çin Xalq Respublikasında böyük maraq doğurub. Bu marağın təzahürü olaraq Çinin Xarici Ölkələrlə Dostluq Assosiasiyasının ev sahibliyi və Azərbaycanın Çindəki səfirliyinin dəstəyi ilə Pekində agentliyin saytının Çin dili versiyasının təqdimat mərasimi və “Azərbaycan-Çin münasibətlərinə AzərTAc-ın fotoobyektivindən baxış” mövzusunda fotosərgi təşkil edilib. Sərgidə AzərTAc-ın arxivindən götürülmüş və ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin müxtəlif vaxtlarda Çinə səfərlərinə, Bakıda bu ölkənin nümayəndə heyətləri ilə görüşlərinə, habelə ikitərəfli münasibətlərin müxtəlif sahələrinə dair 100-ə yaxın fotoşəkil nümayiş olunub.
Agentliyin Azərbaycan dilində Facebook səhifəsinin daimi istifadəçilərinin sayı 110 min nəfərə yaxınlaşır, əhatə dairəsi isə orta hesabla 20-50 milyon nəfər arasında dəyişir. YouTube profilində isə AzərTAc-ın videomateriallarına 1 milyon 600 minə yaxın baxış olub. Sosial medianın təhlili ilə məşğul olan ABŞ-ın SocialBakers analitik şirkətinin statistikasında AzərTAc-ın Azərbaycan dilində Facebook səhifəsi ölkənin ən sürətlə artan profilləri və media səhifələri sırasında ilk beşlikdə yer alır, informasiya agentlikləri arasında isə birincidir. SocialBakers-in göstəricilərində AzərTAc-ın Tvitter və YouTube profilləri də Azərbaycan üzrə “Media” kateqoriyasında daim ilk beşlikdə yer tutur. Agentliyin rus və ingilis dillərində videomaterialları YouTube-da ayrıca profillərdə, Azərbaycan, ingilis və rus dillərində informasiyaları və videoxəbərləri isə Tvitter səhifəsində yayılır. İstifadəçilər AzərTAc-ın rus, ingilis, fransız, alman, ərəb və Çin dillərində xəbərlərini, həmçinin foto və videomateriallarını Google, Bing, Yandex, Mail.ru, Yahoo kimi axtarış sistemləri vasitəsilə də əldə edə bilirlər.
Bu nailiyyətlər, yüksək artım dinamikası nəyin sayəsində əldə olunub? Deyərdim ki, ilk növbədə, xəbər yayımına müasir və innovativ yanaşma sayəsində. Yaşadığımız dövrün öz tələbi, öz çağırışları var və biz də zamanın nəbzini tutmağa, müasir informasiya texnologiyasından maksimum yararlanmağa çalışırıq. Bu məqsədlə agentlikdə yeni bir struktur – sosial şəbəkələr və informasiya resursları ilə iş şöbəsi yaradılıb. Biz nəticələri daim təhlil edərək auditoriyanı necə genişləndirmək barədə düşünürük.
Agentliyin inkişaf trendində multimedia və videoxəbər janrının da xüsusi yeri var. Bunu qeyd etmək xüsusilə xoşdur ki, AzərTAc regionda 7 dildə informasiya və 5 dildə videomaterial yayan yeganə xəbər mənbəyidir. Təsadüfi deyil ki, hazırladığımız videoreportajlar artıq ölkə televiziyalarında da yayımlanır. ARDNŞ-in təşkilatçılığı ilə Amerikada keçirilmiş “ABŞ-Azərbaycan: Gələcəyə baxış” forumundan, “Arşın mal alan” tamaşasının təqdimatından bəhs edən videoxəbərlər AzərTAc-ın loqosu ilə ölkənin bütün televiziyalarında efirə verilib. Agentliyimizin və ADA Universitetinin birgə layihəsi olan “Tələbə uğuru” hər şənbə İTV kanalının “Yeni gün” proqramında yayımlanır və qısa müddətdə özünə geniş izləyici auditoriyası qazanıb. “Gəzdim Azərbaycanı”, “Səfir saatı”, “Azərbaycan idmanı”, “Abidələrimiz”, “Sənət və sənətkarlar”, “Persona”, “Günün qalstuksuz qəhrəmanı”, “Moda”, “Dadlı” və digər videolayihələr də böyük marağa səbəb olub.
AzərTAc Azərbaycanın mədəniyyətini, tarixi reallıqlarını daha geniş təbliğ etmək üçün diaspor təşkilatları ilə birgə layihələr həyata keçirir. Bu silsilədən növbəti layihə Danimarkanın paytaxtı Kopenhagendə reallaşdırılıb. Burada “Vətən” Cəmiyyəti ilə birgə keçirdiyimiz Azərbaycan mədəniyyəti günü geniş auditoriya toplayıb, “Azərbaycan evi”ndə fəaliyyət göstərən uşaq rəqs ansamblının üzvlərinə AzərTAc tərəfindən göndərilmiş milli geyimlər və dərsliklər təqdim edilib.
AzərTAc dünya informasiya məkanında

Ulu öndərimiz Heydər Əliyev informasiyanın necə böyük təsir gücünə malik olduğunu yaxşı bilirdi. Buna görə də daim deyirdi ki, Azərbaycan həqiqətlərini bütün dünyaya yaymaq lazımdır. Tövsiyə edirdi ki, özünüz deyib özünüz eşitməyin, informasiyalarınızla dünya məkanına çıxın, Azərbaycanı tanıdın, ölkəmizdə nə baş verdiyini, kim olduğumuzu beynəlxalq aləmə çatdırın.
AzərTAc öz fəaliyyətində Ulu Öndərimizin qarşıya qoyduğu bu vəzifəni, tövsiyə və prinsipləri əsas tutur. Bizə uğur gətirən də elə budur. Bu gün ölkəmizdə dünya miqyasında yayılmağa layiq olan yetərincə maraqlı xəbər var. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə demokratik dövlət quruculuğu yolunda inamla irəliləyir, sosial-iqtisadi inkişaf tempinə görə dünya ölkələri arasında ön sırada gedir. Bu yüksəlişi əks etdirən xəbərləri dünya informasiya məkanına çıxarmaq təbii ki, fəaliyyətimizin prioritetləri sırasına daxildir. Bunun yolu isə beynəlxalq əməkdaşlıqdan, xəbərləri mümkün qədər çox dildə və daha geniş arealda yaymaqdan keçir.
Hazırda dünyanın 130-a yaxın ölkəsi ilə informasiya mübadiləsi aparan AzərTAc təkcə son bir ildə Azərbaycan, rus, ingilis, alman, fransız, ərəb və Çin dillərində müxtəlif mövzularda 103534 informasiya, 8331 videoxəbər hazırlayaraq öz kanalları ilə yayıb.
Rəqəmlər yorucu olsa da, agentliyin bu sahədəki işinin nəticələrini yalnız statistika dəqiq əks etdirə bilər. Məsələn, son bir ildə AzərTAc-ın 3565 xəbəri, 669 videosu və 1631 fotosu 35 ölkənin 44 informasiya agentliyini özündə birləşdirən Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatı - OANA-nın, 413 informasiyası Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının - BSANNA-nın, 2706 informasiyası və 304 fotosu MDB Ölkələri Milli İnformasiya Agentlikləri Alyansının – ANİA-nın, həmçinin hər gün orta hesabla 8-10 xəbəri İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin 40-dan çox xəbər agentliyini özündə birləşdirən Beynəlxalq İslam Xəbərlər Agentliyinin – İİNA-nın və Çinin Sinxua agentliyinin saytlarında yer alıb. Ötən il beynəlxalq və regional qurumların elektron resurslarında AzərTAc-ın ümumilikdə, 7203 xəbəri, 1935 fotosu və 669 videomaterialı yerləşdirilib.
Azərbaycan həqiqətlərini dünya informasiya məkanında yaymağın digər effektiv və təsirli vasitələri də var. Daha yaxşı olmazmı ki, əcnəbi jurnalistlər ölkəmizə gəlib öz gözləri ilə gördüklərini, şəxsən şahidi olduqlarını yazsınlar? Mən belə bir fikrə tam şərikəm ki, Azərbaycanı sevmək üçün onu görmək və tanımaq lazımdır. Praktikamızda müsbət nəticə verən belə hallar çox olub. Lap təzə bir misal çəkməklə kifayətlənəcəyəm. AzərTAc bu yaxınlarda Koreya Respublikasının Yonhap Xəbər Agentliyinin müxbiri Lim Donq Kunun Azərbaycana səfərini təşkil edərək ölkəmizlə tanışlıq üçün ona hər cür imkan və şərait yaratdı. Koreyalı müxbir geriyə zəngin təəssüratla, kifayət qədər dolğun materialla döndü. Onun seçdiyi sərlövhəyə diqqət yetirin: “Azərbaycan – Prometeyin seçdiyi zəngin torpaq”. Ölkəmizə sevgi ilə dolu olan bu məqalə Yonhapın “İmazine” jurnalının ötən ilin dekabr nömrəsində maraqlı fotoşəkillərin müşayiəti ilə çap olunub. Müxbirin dediyinə görə, məqalə ilə bağlı çoxlu rəylər alıb.
Bu istiqamətdə daha bir vasitə isə xaricdəki müxbirlərimizdir. Onlar fəaliyyət göstərdikləri ölkələrdən xəbərlər hazırlamaqla bərabər, yerli KİV-də Azərbaycan barədə müntəzəm çıxışlar edirlər. Təkcə ötən il ABŞ-ın, Avropa və Asiyanın nüfuzlu mətbuat orqanlarında bilavasitə müxbirlərimizin qələminin məhsulu olan 181 materialı yayılıb, Azərbaycanın uğurları geniş auditoriyaya çatdırılıb.
Bunlarla yanaşı, bu sətirlərin müəllifinin “Prezident İlham Əliyevin Praqa sammitində nümayiş etdirdiyi inam və qətiyyət Azərbaycan dövlətinin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir”, “Beynəlxalq əlaqələrin etibarlı ünvanı”, “Ənənəvi mediadan dünya informasiya şəbəkəsinə transformasiya labüddür” sərlövhəli analitik məqalələri ABŞ-ın “Eurasia Hoy” və “Foreign Policy News”, Almaniyanın “Eurasianews.de” saytlarında, Avstriyanın “Society” jurnalında, Türkiyənin “Gündəm”, “Denge”, “Kars-haber”, “Halq“ qəzetlərində dərc edilib.
AzərTAc: Şərqlə Qərb arasında media körpüsü

AzərTAc Şərq və Qərbin media dialoqunu yaradır

Azərbaycan mühüm geosiyasi nöqtədə yerləşir. Buna Şərqlə Qərb arasında körpü də demək olar, iki qitənin bir-birinə açılan qapısı da. Doğrudan da, unikal olan bu məqam AzərTAc-a Şərqlə Qərbin media qurumları arasında körpü rolunu oynamaq, dialoq qurmaq imkanı yaradır. Agentliyimizin bu imkanı necə dəyərləndirdiyini bir neçə konkret misalla diqqətə çatdırmaq istərdim.
AzərTAc Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatı (OANA) ilə yanaşı, Avropa Xəbər Agentlikləri Alyansının (EANA), Beynəlxalq İslam Xəbərlər Agentliyinin (İİNA) üzvüdür. Eyni zamanda, Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının (ANİA), Türkdilli Xəbər Agentlikləri Birliyinin (TKA), Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Milli Xəbər Agentlikləri Assosiasiyasının (BSANNA) təsisçilərindən biridir. OANA-nın Moskvada keçirilən Baş Assambleyasında AzərTAc-ın Baş direktoru üçüncü dəfə bu qurumun büro üzvü və vitse-prezidenti seçilib.
Beynəlxalq media qurumlarında belə geniş və aktiv təmsilçilik Azərbaycan həqiqətlərini olduqca geniş coğrafiyada yaymaqla bərabər, bizə Şərq ilə Qərbin informasiya agentlikləri arasında dialoq platforması yaratmağa imkan verir. Bu platformanın təməli 2008-ci ilin sentyabrında OANA İcraiyyə Komitəsinin Bakıda AzərTAc-ın ev sahibliyi ilə “Qloballaşan dünyada informasiya hamı üçün” mövzusunda keçirilən 30-cu iclasında qoyulub. Həmin iclas müasir tariximizdə ilk dəfə olaraq həm Asiyadan, həm də Avropadan dünya informasiya siyasətini müəyyənləşdirən çox nüfuzlu rəhbər şəxsləri bir araya gətirdi. Qonaqların Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilməsi tədbirin dəyərini daha da artırdı.
AzərTAc bu ənənəni 2016-2019-cu illərdə Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatına və Dünya Xəbər Agentlikləri Konqresinə sədrliyi dövründə daha da zənginləşdirmək niyyətindədir. Beynəlxalq aləmdə çox nüfuzlu media toplantıları kimi qəbul edilən OANA-nın XVI Baş Assambleyası və Dünya Xəbər Agentliklərinin V Konqresi 2016-cı ildə eyni vaxtda Bakıda AzərTAc-ın ev sahibliyi ilə keçiriləcək.
Sözün açığı, bu nüfuzlu qurumlara sədrlik çoxlarının ürəyindən keçirdi. Odur ki, qərarların necə ciddi seçim və rəqabət şəraitində qəbul olunduğunu uzun-uzadı izah etməyə, zənnimcə, ehtiyac yoxdur. Yalnız onu deməklə kifayətlənmək istəyirəm ki, digər beynəlxalq media qurumlarından fərqli olaraq, OANA-ya və Dünya Xəbər Agentlikləri Konqresinə sədrlik rotasiya qaydasında deyil, gizli səsvermə yolu ilə müəyyənləşdirilir və bəzən az qala hər səs həlledici əhəmiyyət daşıyır. Bu da təsadüfi deyil. Çünki həmin qurumlar öz sıralarında 150-dək nüfuzlu kütləvi informasiya vasitəsini birləşdirir.
Ötən il Bakıda AzərTAc-ın təşkilatçılığı ilə Dünya Xəbər Agentlikləri Konqresi Şurasının iclası oldu. İclasda 2016-cı ildə AzərTAc-ın ev sahibliyi ilə keçiriləcək Dünya Xəbər Agentliklərinin V Konqresinə hazırlıq məsələləri müzakirə edildi. İştirakçıların tərkibi özü hər şeyi deyir: Dünya Xəbər Agentlikləri Konqresinin sədri və Səudiyyə Ərəbistanı Krallığının Səudiyyə Press Agentliyinin prezidenti, OANA-nın prezidenti, Rusiyanın TASS Agentliyinin baş direktoru, Avstriya Xəbər Agentliyinin baş icraçı direktoru, Dünya Xəbər Agentlikləri Konqresinin baş katibi, Ərəb Xəbər Agentlikləri Federasiyasının baş katibi, EANA-nın prezidenti, Böyük Britaniyanın Press Association Agentliyinin baş icraçı direktoru, Türkiyənin Anadolu Agentliyinin baş direktoru, Latın Amerikası Ölkələri İnformasiya Agentlikləri Birliyinin sədri və başqaları. Məlumat üçün onu da deyim ki, Konqres Şurasının növbəti iclası martın 1-2-də AzərTAc-ın 95 illik yubiley tədbirləri ilə eyni vaxtda keçiriləcək.
Daha bir dialoq platforması ənənəvi Bakı Beynəlxalq Humanitar forumlarıdır və biz bu nadir imkandan da yetərincə yararlanmağa çalışırıq. Bu forumlar dünyanın məşhur siyasi xadimlərini, alimləri, sabiq dövlət başçılarını, eləcə də nüfuzlu media rəhbərlərini bir araya gətirir. AzərTAc Bakı forumları çərçivəsində mass-medianın aktual problemlərinə həsr olunmuş “dəyirmi masa”lar təşkil edir. Bu, həm də bizim Şərq-Qərb media dialoqunun inkişafına töhfəmizdir. Müxtəlif qitələrdən olan aparıcı KİV mütəxəssisləri “dəyirmi masa” arxasında əyləşib medianın müasir inkişaf meyillərinə və brendlərinə dair fikir mübadiləsi aparır, baxışlarını tutuşdururlar.Axırıncı forumda müzakirəyə çıxarılan mövzunu misal çəkmək istərdim: “Rəqəmsal dövrdə medianın transformasiyası: inkişafın yeni meyilləri”. “Dəyirmi masa” iştirakçıları olduqca geniş coğrafiyanı əhatə edirdi. Belə ki, panel iclaslarında EANA-nın sabiq prezidenti, Rusiyanın TASS, Avstriyanın APA, Malayziyanın BERNAMA, Vyetnamın VNA, Fələstinin WAFA, Birləşmiş Ərəb Əmirliklərinin WAM, Qazaxıstanın Kazinform, İtaliyanın AGI, Serbiyanın Tanyuq agentliklərinin və digər mətbuat qurumlarının rəhbərləri, mütəxəssis və ekspertlər çıxış edərək qloballaşan dünyada medianın aktual məsələləri barədə fikirlərini bölüşdülər.
Daha bir faktla bu mövzuda qeydlərimi tamamlamaq fikrindəyəm. AzərTAc-ın xarici ölkələrin milli informasiya agentlikləri və nüfuzlu media qurumları ilə imzaladığı müqavilələrin sayı artıq 35-ə çatıb. Bu da son hədd deyil və yaxın günlərdə yeni əməkdaşlıq müqavilələrinin şahidi olacaqsınız.
AzərTAc: Şərqlə Qərb arasında media körpüsü

Yolumuz hayanadır
Medianın gələcəyi kimə məxsusdur? Kim gündən-günə güclənən rəqabətə davam gətirəcək? Bu suallar klassik media nümayəndələrini təbii olaraq daha çox düşündürür. Bəzi həmkarlarım, xüsusən yaşlı nəslin nümayəndələri az qala dünyanı başına götürən sosial medianı qəbul etmək, yaxına buraxmaq istəmirlər. Amma bizim istəyimizdən asılı olmayaraq, zamanın öz çağırışları var və gələcək bu çağırışı duyan, ona cavab verənlərindir.
AzərTAc bu gün Azərbaycan media cəmiyyətinin ən yaşlı üzvüdür: 95 yaş heç də az deyil. İllərlə formalaşmış stereotipləri qırmaq, rəqəmsal dünyamızın tələbinə uyğunlaşmaq çətin olsa da, qaçılmazdır.
Zamanla ayaqlaşmaq üçün yüyürmək, bəzən hətta nəfəsin kəsilənədək qaçmaq lazım gəlir. AzərTAc bu marafona hazırdır: zamanın yükünü öz çiyinlərində daşımağa qadir, müasir xəbər texnologiyalarının dilini bilən gənc heyəti ilə, informasiya yaymağın məsuliyyətini dərk edən və bu işin ustası olan peşəkarlarla.
Bizim üçün dünən də, bu gün də dəyişməyən bir meyar var: xəbərin doğru və dürüstlüyü, dəqiqliyi. Bəzən oyun qaydalarının pozulduğu, bəzən obyektivlikdən uzaq, şou və piar xarakterli informasiyaların xəbər məkanını doldurduğu bir vaxtda, internet əsrinin yaratdığı inqilabi dəyişikliklər dalğası fonunda bu ənənələri qoruyub saxlamaq bəlkə də çətindir. Amma AzərTAc olaraq biz bunu etməliyik.
Zənnimcə, yeganə yolumuz, gələcək uğurun açarı yeniliklə ənənələrin uzlaşdırılması, ortaq məxrəcin tapılmasıdır.


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!