Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 2-05-2014, 17:35

 

 

Unutmaq mümkün deyil

 

Bir dəfə mərhum müəllimimiz- Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin sabiq dekanı Tofiq Rüstəmovun xatirəsini yad etmək üçün Quba rayonuna getmişdik.Yığıncaqda çıxış edənlər ürək sözlərini söyləyib, onu o ki var yaxşılıqla yad etdilər... Elə mən də. Həm də bunun səbəbini açıqlayaraq "Ölünün arxasınca ya ancaq yaxşılığa danışar, ya da susarlar" tövsiyyəsini xatırlatdım. Məlum fikri yerbəyerdən təsdiq edənlər çox oldu, ancaq mən belə bir hökmlə qətiyyən razılaşmadığımı bildirdim.Dedim ki,ölüm heç də hər əmələ bəraət qazandırmır. İntəhası bizi tərk edənlər barəsində danışarkən daha ədalətli və obyektiv olmalı,  haqqında söhbət gedənin yanlış fikri təkzib etmək, cavab vermək imkanından məhrumluğunu hökmən nəzərə almalıyıq. Bəli, həmin o xatirə günündə Tofiq müəllimi heç də dünyadan getdiyi üçün tərifləmir, zəngin daxili aləmini, yüksək mənəvi keyfiyyətlərini elə sağlığında da üzünə və daha çox özü olmayanda dediklərimizi təkrar edirdik.

 Belə nəcib insanlardan biri də uzun müddət haqqında yazmağa çalışdığım başqa bir həmkarımız yenə də mərhum müəllimimiz və fakültəmizin sabiq dekanı Nəriman Zeynalovdur.

Orta boylu, nurani, qaraşın sifətli bu insan öz sadəliyi və səmimiyyəti, saflığı, incə yumoru, maraqlı söhbətləri ilə elə ilk görüşdən diqqətimizi cəlb etdi. O zamanki "Kommunist" qəzetində kənd təsərrüfatı şöbəsinin müdiri vəzifəsində işlədiyini, satirik "Molla Nəsrəddin" jurnalından namizədlik dissertasiyası yazmasını biləndə marağımız daha da artdı, yaradıcılıq sahəsində qarşımızda geniş üfüqlər açıldığını hiss etdik və bu imkandan ən çox bəhrələnənlərdən biri, daha doğrusu, birincisi elə mən oldum.

Bu barədə  hələ bir qədər sonra, əvvəlcə onun dərs üsulu, pedaqoji məharəti haqqında demək istəyirəm. Olduqca gözəl idi.Hər dəfə bu barədə düşünəndə gözlərimin önündə xoş xatirələr canlanır və bir də hörmətli həmkarım, filologiya fakültəsinin professoru Təhsin Mütəllimovun gözəl bənzətməsi, obrazlı ifadəsi ixtiyarsız olaraq yada düşür. O, pedaqoji qabiliyyətini, tədris üsulunu səmiyyətlə tərifləyən tələbələrə eyni səmiyyətlə deyir:

- Siz ustad müəllimlərimizi görməyibsiniz. Biz, olsa-olsa, onların suyunun suyuyuq.

Müqayisə üçün gücüm ancaq özümə çatır. Elə bilirəm ki, qiymətli kəlam məhz Nəriman müəllimlə mənim barəmdə söylənilib...

Keçmişdə mətbuat orqanları az, xüsusən oçerk janrına maraq böyük idi. Nəriman müəllim kiçik həcmli yazılarımı  dərc etməklə yanaşı məni "Bədii publisistikanın kralı" sayılan oçerk yazmağa da həvəsləndirdi. O zaman ardıcıl şəkildə keçirilən müsabiqələrdə yüksək mükafatlar almağında da,  həmçinin "Ata yolu", "Sərvət yaradanlar", "Ömrün səhifələri" kimi oçerk kitablarımın yazılmasında da onun böyük əməyi, təşəbbüskarlığı çox olub. Lakin hələ  bununla da kifayənməyib, alicənablıqda daha da irəli gedib.

Unutmaq mümkün deyil

 

Unutmaq mümkün deyil

 

Əvvəla, mətbu materiallarımdan ibarət yaradıcı mövzudakı diplom işimin rəhbəri olub, ona geniş və ətraflı rəy yazıb. Digər tərəfdən qəzetdəki çıxışlarım məni müəyyən qədər tanıdıb. Nəticədə  jurnalistika fakültəsinə işə dəvət olunanda və bu təklifi həvəslə qəbul etmişəm.

Həm də oçerklər məni daha böyük, məsul bir işin icrasına sövq eləyib. Yaşlı nəslin nümayəndələri keçən əsrin altmışıncı illərinin əvvəllərində - Nikita Xruşşovun hakimiyyətdə olduğu vaxtlarda aparılan islahatı, bəlkə də, yaxşı xatırlayırlar: iki, üç rayonu bir-birinə qatıb,istehsalat idarələri yaratmışdılar. Belə idarələrdən biri də Salyan, Biləsuvar (o zamanki Puşkin) və Calilabad (o zamanki Astraxanbazar) rayonlarının birliyindən əmələ gəlmişdi.

Bir dəfə mən Nəriman müəllimə həmin istehsalat idarəsinin pambıq planını yerinə yetirmək ərəfəsində olduğundan söz açdım. Dedim yəqin ki, qələbə ilə əlaqədar qəzetdə bir səhifə material verəcəksiniz.

Unutmaq mümkün deyil

 

Unutmaq mümkün deyil

 

Bu sözləri deyəndə onun məsələyə necə münasibət bəsləyəcəyi, yəni konkret təklifi əsla ağlıma  gəlməzdi. Amma yatsam yuxuma belə girməyən məsələni o, sual şəklində olsa da, hər halda, qətiyyətlə dilə gətirdi:

-Bəlkə elə həmin səhifəni hazırlamaq üçün rayonlara səni göndərək?

Doğrusu, mat-məəttəl qaldım. Qəzetin təcrübəli, adlı-sanlı,şöhrətli zona müxbirləri qala-qala belə bir məsul işin jurnalistika fakültəsinin üçüncü kurs tələbəsinə həvalə edilməsi, ancaq Nəriman müəllim kimi incə qəlbə, alicənab, son dərəcə humanist təbiətə malik bir insan tərəfindən ola bilərdi və təbii ki, mənim üzərimə böyük məsuliyyət düşürdü.

Xülasə, rayonlara gedib materialı hazırladım, əlyazması üzərində dönə-dönə işləyib, onu ürkəkcəsinə sifarişçiyə təqdim etdim. Səbirsizliklə cavabını gözləyirdim. O, isə yazı üzərində heç də əsaslı dəyişiklik aparmadı. Yadımda qalan odur  ki, üç cümləni ixtisar etmiş, səhifədəki ümümi adı- "Muğanın şöhrət"ini materialla daha sıx bağlamaq üçün axıra belə bir fikir əlavə etmişdi: Bəli, Muğanın sərvəti olan pambıq bu yerin sakinlərinə yeni yeni qələbələr qazandırır.

Düzəlişin azlığı barədə o vaxtlar da fikirləşmişdim, elə indi də düşünürəm. Belə qənaətə gəlmişəm ki, bu, heç də əlyazmasının guya çox mükəmməl olmasından yox, müəllimimin alicənab təbiətindən irəli gəlib:

o, bu yolla  da məndə öz qüvvəmə inam hissi oyatmaq istəyib. Keçən 2014-cü ildə Nəriman müəllimin xatirəsini yad etmək üçün Mətbuat Şurasına toplaşmışdıq. Onun barəsində xatirələr yazıb, kitab şəklində nəşr etdirmək təklifini irəli sürdüm. Təəssüf ki, bu, hələ reallaşmayıb.

Yaxud, başqa bir misal. Yığıncaqda jurnalist dostum Əlövsət Bəşirov hələ tələbəlik illərində müəlliminin onun oçerklərini nüfuzlu mətbuat orqanında çap etdiyini söylədi... O zaman hörmətli müəllimimin  xeyirxahlığı ilə  əlaqədar  mənim barəmdə daha irəli getdiyini, qəzetdə məsul səhifənin hazırlanmasını mənə tapşırdığını iftixarla, minnətdarlıq hissi ilə xatırlatdım.

Bu ilin əvvəllərində yenə Mətbuat Şurasında görkəmli ədəbiyyatşünas alim Əziz Mirəhmədovun "Əhməd bəy Ağaoğlu" kitabının təqdimat mərasiminə toplaşmışdıq. Çıxış edənlərdən biri sovet hakimiyyəti illərindən müəllimlərimizin məlum səbəb üzündən həmin mütəfəkkirlər barədə qismən də olsa müsbət fikir demədiyini söylədi. Digər çıxışçı-professor Nəsir Əhmədli onun fikrini təkzib edərək dedi:

- Doğrudur, elələri çox olub. Lakin rəhmətlik Nəriman Zeynalov bu sahədə də müstəsnalıq təşkil edib. O, xalqımızın dıgər ləyaqətli övladları kimi elə Əhməd bəy Ağaoğlu haqqında da, yeri gəldikcə, ehtiyatlı, yığcam şəkildə yüksək fikirlər, qiymətli mülahizələr söyləyib. Nəriman müəllim "Sovet kəndi"qəzetində redaktor olanda da  yaradıcılıq əlaqələrimiz davam edirdi. Fakültəmizdə dekan işləyəndə münasibətimiz bir az da yaxşılaşdı. Ancaq təəssüf ki, bu vəzifədə çox işləmək ona müyəssər olmadı. Hər dəfə bu barədə düşünəndə həmkarım Sevinc Əliyevanın sözləri ixtiyarsız olaraq yadıma düşür. Oğlan qohumlarından biri dostu ilə harasa getməli imiş. Əvvəlcə evlərinə baş çəkir. Çox sevdiyi yarpaq dolmasının hazır olmasını görüb onu iştahla yeyib, sonra bir boşqab da istəyib. Bu zaman dostu zəng eləyib tələsdirir. Ancaq oğlanın dolmadan doymamış durmaq fikri yoxmuş. Deyir:

-Qoysana sevimli xörəyi doyunca yeyim. Kim bilir, bəlkə onu axırıncı dəfə yeyirəm.

Dediyi kimi də olur: iki günnən sora avtomobil qəzasında dünyasını dəyişir...

Nəriman müəllim də  xəstə anasına baş çəkmək üçün Göyçaya getməli imiş. Rektorluğun hansısa tədbirində iştirak edir, oradan  dekanlığa zəng vurub onu soruşanın, imzalanmalı sənədin olub-olmamasını xəbər alır. Onların olmadığını bildikdə deyir:

- Onda  mən birdəfəlik gedəsi oldum. Salamat qalın.

Getməyinə gedir, ancaq... Atalar yaxşı deyib: "Yatan ölməz, yetən ölər" İki gün sonra hansı iş üçünsə tədris hissəsinə getmişdim. Əməkdaş dedi:

-İndi başımız qarışıqdır, Nəriman müəllim vəfat edib.

Mat-məəttəl qalıb, həyacanla, qorxu hissi ilə  soruşdum:

- Hansı Nəriman müəllim? Bizim Nəriman Zeynalov?!

Təsdiq etdikdə az qala müvazinətimi itirəcəkdim. Elə oradaca fikirləşdim ki, şairin dediyi kimi həqiqətən də:

 

"Vallah, mən bu işə qalmışam heyran,

Həyatın qəribə oyunları var:

Xəyalən göyləri seyr edən insan

Kiçik bir məzara necə sığışar?"

 

Bəli, tamamlamaqda olduğu doktorluq işini müdafiə etmək ona qismət olmadı. Ancaq xatirələrdə parlaq naxış, iz qoymağı bacardı.Təsadüfi deyil ki tez-tez yada düşür. Əslində bu, başqa cür ola da bilməz. Niyə ola bilməz? Çünki: Vəfatından keçsə də, neçə fəsil, neçə il, Onu "Əmri mahaldır"-unutmaq mümkün deyil!

Allah həmişə minnətdarlıq hissi ilə xatırladığımız Nəriman Zeynalov  kimi müqəddəs insanların timsalında xatirəsi  daim yaxşılıqla yad olunanların hamısına rəhmət eləsin.

 

Mahmud Mahmudov

 

Bakı Dövlət Universiteti

 jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının dosenti

 

 



Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!