20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
Tarix : 30-08-2013, 12:07
“Vətən unudulmur,  vətən unutmur"

“Vətən unudulmur,  vətən unutmur"


“Vətən unudulmur, vətən unutmur"

Müsahibimiz İsraildə yaşayıb-yaradan şair Vaqif Əliyevdir

Vaqif müəllim, ilk müsahibsiniz ki, sizinlə belə açıq havada, gənclik illərinizdə, necə deyərlər, eninə-boyuna gəzib-dolaşdığınız məşhur sahil parkında söhbətləşirik. Belə baxanda görürəm ki, doğma vətənin müstəqil yaşamına, hər addımbaşı hiss olunan inkişafa, ümumiyyətlə, yaxşılığa doğru hərəkətdə olan nə varsa, hamısına görkəmli türk şairi Kamələddin Kamunun dililə desəm, könlünüzü yayla yapan insanlardansınız.
- Açığını deyim ki, qısa vaxt ərzində doğma, unudulmaz Azərbaycanı, xüsusilə Bakı şəhərini bu qədər sürətlə inkişaf edən, müasirləşən görüb çox böyük qürur hissi keçirdim.
Lap möcüzəyə bənzəyir; nağıllarda balıqçı sehrli balıqdan abad, büllur saray istəyir və bir göz qırpımında istəyi hasil olur. Həmin o büllur sarayın real təcəssümünü, var olmasını görürəm mən doğma Bakımızın müasirləşən, gözəlləşən simasında. Yaxşı oldu ki, biz burada görüşəsi olduq və mən həm gənclik xatirələrimə döndüm, həm də buradakı təqdirəlayiq inkişafı görə bildim. Bilirsinizmi, ümumiyyətlə, mən Azərbaycan təbiətindən, Azərbaycan insanından heç vaxt doymamışam. Suyundan çörəyinə, havasına qədər bənzərsiz bir diyardı bura: insanları sədaqətli, açıq ürəkli, mərd. Lap təbiətin özü kimi. Mən buradakı auranı həmişə çox sevmişəm. Düz on bir ildir ki, ailəmlə bərabər İsrailin Təl-Əviv şəhərinə köçmüşəm. Ancaq bircə gün olmayıb ki, mən gözəlimiz Azərbaycansız yaşayım - mavi Xəzərin neft ətirli havasını həmişə burnumda hiss etməmiş olum. Hələ İsmayıllı rayonu, bənzərsiz Basqal kəndi… Mən o kənddə 1947-ci ildə dünyaya göz açmışam. Orada böyümüşəm. 1970-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib iqtisadçı kimi əmək fəaliyyətinə başladığım ilk gündən etibarən bu xalqa, bu torpağa vəfalı olmuşam. Müxtəlif illərdə rəhbər vəzifələrdə işlədim, pulum, evim-eşiyim, maşınım oldu, ancaq bircə dəfə də olsun kiməsə yuxarıdan aşağı baxdığım olmadı, kiməsə paxıllıq etmədim, kiminsə yolunda kötüyə dönmədim. Ən sadə, zəhmətkeş insanlarla bir arada daşıdım ömrümü. Sevinclərini sevincim, kədərlərini kədərim bildim. Əldə etdiyim hər şey üçün ədəbiyyata, şerə-sənətə minnətdaram. Məhz ədəbiyyat məni həyata könlü-gözü tox, sədaqətli hazırladı. Qürurum, insanlara xoş münasibətim ədəbiyyatdan gəlir. Bizim yaş nəslinə mənsub olanlar bir növ ədəbiyyatın övladları kimidi, ədəbiyyatın təlqin etdiyi, ortaya qoyduğu pak dünyadan gəlir. O gözəl dünya düşünə bilənlərin dünyasıdı, xalqları, millətləri sülh, əmin-amanlıq çevrəsində görmək dünyasıdı. Dünya xalqları arasında Azərbaycan xalqı qədər istiqanlı, mehriban, dostcanlı, vəfalı xalq yoxdur - desəm, mübaliğə olmaz. Bu təbiət onun ədəbiyyata, xüsusən də poeziyaya olan marağından, sevgisindən gəlir. Bu gün dünyanın ən müxtəlif ölkələrinə yayılan İsrail övladları heç yerdə özlərini Azərbaycanda olduğu kimi rahat, qayğıyla əhatə olunmuş görə bilməzlər. Burda vəfa, etibar çox önəmlidir. Təbii ki, ədəbiyyat da hər şeydən əvvəl məhz bu dəyərləri tərənnüm edir. Xalq yazıçısı Anar, xalq şairi Fikrət Qoca bir neçə il bundan əvvəl İsraildə dağ yəhudiləri ilə görüşəndə də bu barədə söz açdılar. Onların İsrailə gəlişi çox əziz idi. Elə bil özlərilə bütöv Azərbaycan torpağını, onun unudulmaz ətrini gətirmişdilər. Həmin görüş zamanı Təl-Əvivdə Azərbaycan Yazıçılar Birliyinin bölməsi təsis olundu. Mənim üçün çox xoşdu ki, həm İsrail, həm də Azərbaycan Yazıçılar birliklərinin üzvüyəm. Şeirlərim hər iki ölkədə oxunur.
- Görürəm ki, Azərbaycan ədəbiyyatına, buradakı ədəbi mühitə kifayət qədər bələdsiniz...…
- Tələbəlik illərim Bakıda keçib. Həmin illərdə mən rəhmətlik Tofiq Bayramla, o zaman ilk şeirlərini çap etdirən Seyran Səxavətlə çox yaxın idim, tez-tez görüşər, ədəbi müzakirələrdə bir yerdə olardıq. Sonra iş elə gətirdi ki, mən bir müddət doğulub boya-başa yetdiyim İsmayıllıda məsul vəzifələrdə çalışdım. İstehsalat sahəsi yaradıcılığımı arxa plana keçirdi. Nə yaxşı ki, o zaman Musa Yaqub İsmayıllıda yaşayırdı. İmkan düşən kimi görüşürdük. Onunla olan söhbətlərim məni yenidən şerə-sənətə kökləyirdi. Musanın "Şəlalə" adlı bir şeri var, oxuduğumdan bəri heç unutduğum olmadı. Eləcə də "Öyrətmə özünü, öyrətmə mənə" şeri. O şeirdəki "Yaman qəribədi dünyanın işi; heç vaxt yollarında dayanmadığım, heç həndəvərində dolanmadığın gəlib birdən sənə nə şirin olur" fikri necə də həyati və qaçılmazdı. Hərdən elə bilirəm o şeir mənim dilimdən yazılıb: "Bala anasına qovuşan kimi, leylək yuvasına yovuşan kimi, arı gül-çiçəyə uyuşan kimi eh, mən də adama tez yovuşanam, sevgi atəşində tez alışanam…
"- Sevgi atəşinin qətliamı o tərəflərdə hansı havanı çalır?
- Hayıf ki, ömür keçdi… İndi o illərdən mənə bənövşə ətirli, bənövşə xətirli xatirələr qalıb… Bu barədə şerim də var…- Oxumuşam, Basqalın ətri gəlir o şeirdən. - Bilirsənmi, indi o bənzərsiz kəndlə bağlı xatirələrim ömrüm içindəki ömür kimidi. Hər dəfə Azərbaycana gəlişimdə mütləq baş çəkirəm. Ot-ələf uzanıb, lap meşə kimi… Tam bir yetimlik, kimsəsizlik havası hökm sürür. Ancaq səliqə-sahman yaratmağa da adamın əli gəlmir. Boyu boyumdan uca olan o ot-ələf doğma həyət-bacanın mənsiz günlərinin abidəsi kimidi. Onların səfini pozmağa qıymıram.- Dediyiniz otun-ələfin içində gözləriniz təbii ki, ilk olaraq boynu bükük bənövşəni arayır…- Demə, demə… Mənim o bənövşəyə deyiləsi o qədər sözlərim var ki... Dizimi qoyub elə bitdiyi yerdəcə qoxlamaq, şeh düşmüş ləçəyini tutiyə kimi dodaqlarıma sıxmaq necə də keçir könlümdən. Uzaq Təl-Əvivdən də, budey, elə Bakının özündən də mən həmin o bənövşəyə boylanırmış kimiyəm. Mahnıda deyildiyi kimi: "Kaş əlim sənə çata, kaş ünüm sənə yetə…" Ancaq necə? Vaxtmı var? Hər şeyi qayğılar alıb apardı. Çox kasıb ailədə böyümüşəm. Ta uşaqlıqdan əlimi sənətə öyrətmişəm - toxuma, rəngləmə işləri ata-baba sənətimizdi. Öz çörəyimi həmişə özüm qazanmışam - halallıqla, nuşcanlıqla. Dünyanın çox ölkələrində olmuşam. Ancaq Basqalda bənövşənin bitdiyi o kol dibini heç vaxt unutduğum olmayıb.
- Təl-Əvivin ədəbi həyatı
hansı havadadı?
- Təbii ki, dostluq, qardaşlıq, səmimiyyət havasında. İsrail Yazıçılar Birliyi elə bil Azərbaycan həyatının bir parçasıdı. Azərbaycandan köçüb getmiş dağ yəhudilərini bir araya gətirir. Azərbaycan-İsrail Mədəniyyət Mərkəzinin (Aziz) direktoru Yeganə xanım Salmanın zəhmətini xüsusi olaraq qeyd etmək istəyirəm. Sağ olsun, həmişə diqqət göstərir. Orada yaşayıb-yaradan şairlərin şeirlərindən ibarət poeziya toplusunun nəşr olunması da məhz Yeganə xanımın zəhmətinin bəhrəsidi. Bu cəmiyyət İsraildə Azərbaycan havasının yaşadılmasına bolluca xidmət edir. İsrail Yazıçılar Birliyinin sədri Eldar Kurçumovun fəaliyyətini çox səmərəli hesab edirəm. Tez-tez Simax Şeyda ilə zəngləşir, hal-əhval tutur, azərbaycanlı dostlarımızdan söz açırıq. Ömür bir növ xatirələr qoynunda üzən qayığa bənzəyir. Könlümüzün-gözümüzün səmti Azərbaycana tuşdu. Günəbaxanlar kimiyik - günəşimiz Azərbaycandır.
- Bizi Azərbaycana əbədi sevgi hissləri bağlayır.
- Söhbətləşdi: Sərvaz Hüseynoğlu

Vaqif Əliyev

SƏN ALLAH, BƏNÖVŞƏM, BAĞIŞLA MƏNİ

Biz ki, görüşərdik ilk yaz səhəri,
Tərk edib kəndimi, sevdim şəhəri.
Elə o ilk gündən, o vaxtdan bəri,
Unutdum, unutdum nə yaman səni,
Sən Allah, bənövşəm, bağışla məni.

Bir qədər aralı kənarda yolun,
Bitmisən yanında tikanlı kolun.
Sağın düz yamacdır, dərədir solun,
Gülün də boylanıb görür dərəni,
Sən Allah, bənövşəm, bağışla məni.

Dərədə hələ də qalırdı bu qış,
Nədənsə edirdi o ləng yır-yığış.
Hər yanda bahara olurdu alqış,
Yazda açıb düzdə yaşıl süfrəni,
Sən Allah, bənövşəm, bağışla məni.

Sən məndən gülünü əsirgəməzdin,
O vaxtlar necə də mənə əzizdi.
Dərilib, sevilib əlimdə gəzdin,
De, səndən ətirli gül varmı yəni,
Sən Allah, bənövşəm, bağışla məni.

Bilirdim nə vaxtı gül açağaqsan,
Ətrini ətrafa sən saçacaqsan.
Mənimlə sevinib bir uçacaqsan,
Görüşüb o qıza verək müjdəni,
Sən Allah, bənövşəm, bağışla məni.

Ətrindən doyulmaz gül bənövşənin,
Tərifin söyləyər gül bənövşənin,
Əzəldən vurğunam bil bənövşənin,
Ruhumu Novruzda oxşar səməni,
Sən Allah, bənövşəm, bağışla məni.

Yaraşır yamaca, döşə bənövşə
O mənə sevgidir, o mənə nəşə
Demişəm, deyəcəm bunu həmişə
Sevmirəm dumanı, sevmirəm çəni
Sən Allah, bənövşəm, bağışla məni.

Hələ açılmayıb Novruz gülü də,
Hələ gül açacaq Xoruz gülü də.
Sevərdi sevdiyim o qız gülü də,
Saxlardı mən verən gül bənövşəni,
Sən Allah, bənövşəm, bağışla məni.

Axşamdan yağmışdı ilk yaz yağışı,
Üzündə damlanı sandım göz yaşı,
O qəmli duruşu, məsum baxışı,
Son dəfə görmüşdüm bu mənzərəni,
Sən Allah, bənövşəm, bağışla məni.

Sevimli bənövşəm, sevimli gülüm,
Sizinlə eşqimi mən necə bölüm,
Açın sinənizi qoy orda ölüm,
Beləcə doyunca alım nəşəni,
Sən Allah, bənövşəm, bağışla məni.

Gəlib seyr edəcəm həmən gülşəni,
Tapacam sən olan həmən guşəni.
Diz çöküb əyilib öpəcəm səni,
Sonra da soracam qız Bənövşəni
Sən Allah, bənövşəm, bağışla məni.

Boğacam sinəmdə mən də qəhəri,
Qovub özümdən də qəmi, kədəri.
Yanına gələcəm Novruz səhəri,
Bu gündə bağışlar küsən-küsəni,
Sən Allah, bənövşəm, bağışla məni.

Qəddini düz saxla, saxla, bənövşə gülü,
Mənəm bu qarşında boynu bükülü,
Olmayaq bir daha heç vaxt küsülü,
Bu gün də bağışlar sevən-sevəni,
Sən Allah, bənövşəm, bağışla məni.


Paylaş



Bölmə: Müsahibə / Karusel / Manşet / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!