“Qarabağ” “Neftçi”ni darmadağın etdi - Finala yüksəldi .....                        Qazi anasına görə intihar etdi .....                        İraq Prezidenti COP29-a dəvət edildi .....                        Aytmatovun abidəsi dostluğumuzun rəmzinə çevriləcək .....                        Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi .....                        Qırğızıstan Prezidenti Bakını seyr etdi - FOTO .....                        Japarovun şərəfinə ziyafət verilir .....                        Qırğızıstan Prezidenti Fəxri Xiyabanda - FOTO .....                        Nəsib Quliyevin intihar səbəbləri - Hüquqşünas-kriminalist danışdı .....                       
Tarix : 17-12-2014, 14:20
Əziz oxucular Astana şəhərində “Türk dünyası: Böyük şəxsiyyətlərin irsi” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Respublikamızı tədbirdə akademik İsa Həbibbəyli ilə professor Asif Rüstəmli təmsil edib.
CAHANA BOYLANAN ASTANA

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun şöbə
müdiri, filologiya üzrə elmlər doktoru, professor Asif Rüstəmlinin qələmə aldığı səfər təəssüratlarını təqdim edirik:

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətində vitse-prezident, millət vəkili, akademik İsa Həbibbəyli ilə görüşümüzün sonunda məni Beynəlxalq Türk Akademiyasının (BTA) Astana şəhərində "Türk dünyası: Böyük şəxsiyyətlərin irsi" mövzusunda keçiriləcək beynəlxalq elmi konfransa dəvət etdi. Bildirdi ki, bu nüfuzlu elmi tədbirdə böyük Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadənin anadan olmasının 150 illiyi, ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin doğumunun 130 illiyi, türk dünyasının birlik rəmzinə çevrilmiş İsmayıl bəy Qaspiralının vəfat etməsinin 100 illiyi və eləcə də kazak xalqının görkəmli ictimai-siyasi xadimləri Turar Rıskulovun və Sultan bəy Kojanovun 120 illik yubileyləri münasibətilə konfransın gündəliyinə mövzular salınmışdır. İsa müəllim mənim məruzəmin sərlövhəsini də dəqiqləşdirdi: "Məhəmməd Əmin Rəsulzadənin ədəbi-ictimai fəaliyyəti". Etiraf edim ki, bu gözlənilməz təklif məni çox sevindirdi. Əvvəla, Məhəmməd Əmin Rəsulzadənin 1990-cı ildə Azərbaycanda 50 min nüsxə ilə nəşr edilən ilk kitabını - "Azərbaycan Cümhuriyyəti"ni ərəb qrafikasından müasir əlifbaya transfoneliterasiya edib, ona şərh və lüğət yazaraq çapa hazırlamışdım. Sonralar isə onun "Bolşeviklərin Şərq siyasəti" (1994) kitabı mənim tərtibimdə işıq üzü görmüşdü və ədəbi ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Məhz bu xidmətlərin nəticəsi olaraq M.Ə.Rəsulzadənin 110 illiyi münasibətilə onun Türkiyədə 1949-cu ildə yaratdığı Azərbaycan Kültür Dərnəyinin mükafatına (1994) layiq görülmüşdüm. Digər tərəfdən, qırx il əvvəl Qazaxstanın Baykanur və Taldı-Kurqan şəhərlərində iki il hərbi xidmətdə olmuşdum. Repressiya illərində on minlərlə azərbaycanlının kütləvi şəkildə Qazaxstana sürgün edildiyindən məlumatlı idim. Orduda xidmət etdiyim illərdə repressiya qurbanlarının varislərindən bir qismi ilə tanış olub onların vətən həsrəti, millət duyğusu ilə yoğrulmuş söhbətlərini çox dinləmişdim. Tale elə gətirmişdi ki, Azərbaycan xalqı öz müstəqilliyini bərpa etdikdən sonra böyük ictimai-siyasi xadim, Xalq Cümhuriyyətinin ideoloqu və qurucularından biri Məhəmməd Əmin Rəsulzadənin oğlu Azər Rəsulzadə Qazaxstan sürgünündən Bakıya döndükdən sonra onunla yaxından tanış olmuşduq. Atasının "Azərbaycan Cümhuriyyəti" kitabının Bakıda nəşr olunması onu çox sevindirirdi. Hətta görüşlərimizdən birində mənə demişdir ki, bu kitabın ilk dəfə burada çapına 70 illik sovet rejiminin qadağalarından sonra M.Ə.Rəsulzadənin Azərbaycana mənəvi qayıdışı kimi dəyərləndirirəm...
Yurdundan-yuvasından perik düşmüş insanların, ruhların, mənəvi sərvətlərin doğma vətənə qayıdışı ölkəmizin müstəqilliyinin bərpası ilə başlandı, tərəqqisi ilə möhkəmləndi, tanındı və əbədiləşdi.
Azərbaycan, Türkiyə, Qazaxstan və Qırğızstan Respublikalarının dövlət başçıları səviyyəsində beş il öncə imzalanmış Naxçıvan bəyannaməsi əsasında yaradılmış Beynəlxalq Türk Akademiyasının "Türk dünyası: Böyük şəxsiyyətlərin irsi" mövzusunda keçirdiyi konfransın gündəliyi də təsdiqləyir ki, milli istiqlal məfkurəsinin formalaşmasında müstəsna xidmətləri olan böyük mütəfəkkirlər - Əli bəy Hüseynzadələr, Məhəmməd Əmin Rəsulzadələr, İsmayıl bəy Qaspiralılar, Turar Rıskulovlar, Sultan bəy Kojanovlar türk dünyasının milli-mənəvi dəyərlər arsenalına həmişəlik daxil olmuşlar.
Astananın hava limanında akademik İsa Həbibbəyli ilə məni sabiq universitet rektoru, BTA-nın məsul əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Talqat Erbay qarşıladı. Havada 12 dərəcə şaxta olmasına baxmayaraq geniş və işıqlı küçələrin kənarında, qazax xalqına məxsus ornamentlər ilə bəzədilmiş bənzərsiz arxitekturaya malik hündür binaların önündə əkilmiş müxtəlif növ bəstəboy ağaclar yaşıl və sarı yarpaqlarının ümumi görünüşü ilə payızın Astanaya yenicə gəldiyini xəbər verirdi.
Talqat bəy bəlkə də tarixçi olduğuna görə Qazaxstanın yeni paytaxtının keçmişindən, dünənindən böyük sevgi ilə söz açdı. Bu şəhərin əsası İşim çayının sahilində 1830-cu ildə qoyulub, Akmola adlanıb. Otuz il (1961-1992) Selinoqrad kimi tanınıb. Akmola adı 1992-1998-ci illərdə yenidən bərpa edilib. Astana 1998-ci ilin yanvar ayından respublikanın paytaxtı statusunu qazanmışdır. Burada 850 mindən çox əhali yaşayır. Şəhərin rəmzinə çevrilmiş Bayterek abidəsinin hündürlüyü 105 metrdir. Bu sənət incisi ağ qovaq ağacını xatırladır və ən hündür yerində, yuva içərisində yer kürəsinə bənzəyən Simurq quşunun yumurtası xoşbəxt gələcəyi simvolizə edir.
Talqat Erbay Astananın növbəti küçəsindən keçərkən bizə maraqlı məlumat verdi. Dedi ki, iki ay bundan öncəyə qədər bu küçə 1933-1938-ci illərdə Qazaxıstanın I katibi işləmiş Levon Mirzəyanın adını daşıyırdı. Respublika Prezidenti Nursultan Nazarbayevin sərəncamı ilə L.Mirzəyanın adı küçədən götürülb. Ölkədə yaşayan erməni əhali hələ də müxtəlif səviyyələrdə etirazlar etsə də qərar qüvvədə qalır. Buna səbəb isə arxivlərdən tapılmış yeni məxfi sənədlər oldu.
Tarixdən məlumdur ki, repressiya illərində L.Mirzəyan on minlərlə qazağın, müsəlmanın, bütövlükdə türk xalqlarının qabaqcıl nümayəndələrinin "əksinqilabçı", "antisovet" adı ilə güllələnməsinə rəvac vermiş, Stalin "planı"nı artıqlaması ilə doldurmuşdur. Bu qaniçənin insanları məhv etmək üçün öz xahişi ilə əlavə öhdəlik götürməsi, qazax xalqına qarşı qara niyyətini həyata keçirmək üçün Stalinə şifrəli məktub yazması, limitdənkənar günahsız insanları repressiya etməsi bütün qazax cəmiyyətini şoka salmışdır.
Azərbaycan oxucusu üçün də maraqlı olacağını nəzərə alaraq həmkarımızdan adıçəkilən teleqramın surətini xahiş etdim. Sonradan mənə təqdim edilmiş şifrəli teleqramda yazılmışdır: "Tamamilə məxfidir. Şifrəli. Alma-Atadan göndərilib: 18-30. 1.XII.1937-ci il. ÜKP MK-ya daxil olub: 1.XII.1937-ci il. Saat 22. № 2748/III.
CAHANA BOYLANAN ASTANA

Moskva, ÜK(b)P MK yol. Stalinə Antisovet ünsürlərdən birinci kateqoriya üzrə 8 min nəfər və ikinci kateqoriya üzrə 8 min nəfər insanın repressiya edilməsi üçün bizə səlahiyyət verilmişdir. İndi bu limitdən demək olar ki, tam istifadə olunub - biz dekabrın 10-dək fəal antisovet ünsürləri təmizləməli və ləğv etməliyik. Bu iki kateqoriya üzrə ləğv edilmiş təşkilat və qrupların üsyankar, diversiyaçı və casus ünsürlərdən biz müəyən edilmiş limitdən 1600 nəfərdən çox adam saxlamışıq. Ünsürlərdən tam təmizlənmək üçün əlavə olaraq birinci kateqoriya üzrə 600 nəfər və ikinci kateqoriya üzrə 1 min insanı repressiya etmək üçün icazə verməyinizi xahiş edirik.
Qazaxıstan K(b)P MK katibi Mirzoyan." Levon Mirzəyan 1926-1929-cu illərdə Azərbaycan KP MK-nın birinci katibi olmuş, ziyalıların, kəndlilərin dəstə-dəstə "müsavatçı", "kulak", "antisovet ünsür" adı altında güllələnməsində, "buzlu cəhənnəm"lərə sürgün edilməsində onun "xidmətləri" misilsizdir. Qazaxıstanlı həmkarlarımızın təcrübəsindən faydalanaraq türklərə düşmən kəsilmiş mirzoyanların, mikoyanların, danilyanların dövlətin gücündən faydalanaraq törətdiyi cinayətlərin, həyata keçirdiyi genosid aksiyalarının arxivlərdəki izlərini aşkarlamaq bu gün hər zaman olduğundan daha çox aktualdır.
Talqat Erbay bizi sabiq Qazaxıstan rəhbəri Dinməhəmməd Kunayevin adını daşıyan küçədə əzəmətli görünüşü ilə şəhərə yaraşıq verən Riksos Prezident otelinə gətirdi. Otel seçimi ürəyimizcə idi. Ona görə yox ki, Riksos Prezident Astananın ən yüksək zövqə və rahatlığa malik otellərindən biridir. Ona görə ki, binanın yüz metrliyində Azərbaycanın Qazaxıstandakı səfirliyi yerləşir və dalğalanan üçrəngli bayrağımızı hər gün seyr etməyimiz bizə qürur, fəxarət hissi bəxş edirdi.
CAHANA BOYLANAN ASTANA

Ertəsi gün (27.10.2014) bizi, xalq arasında piramida kimi tanınan, britaniyalı memar Norman Fosterin layihəsi əsasında 2006-cı ildə gerçəkləşən, tolerantlıq rəmzi sayılan Sülh və Həmrəylik Sarayının girişində Beynəlxalq Türk Akademiyasının prezidenti, tarix elmləri doktoru, professor Darxan Kıdırəli cənablarının rəhbərliyi ilə akademiyanın məsul əməkdaşları qarşıladı. Saray bənzərsiz memarlıq üslubuna malik, qeyri-adi gözəllik mücəssəməsi, qədimliklə çağdaşlığın vəhdətini ehtiva edən modern düşüncə tərzinin gələcəyə hesablanmış yaradıcılıq uğuru idi. Əslində Beynəlxalq Türk Akademiyası bu möhtəşəm sarayın 7-ci qatında fəaliyyət göstərir (Konfransdan sonra Akademiya ilə daha yaxından tanış olmaq imkanı qazandıq-A.R). Foyedə gənc bir xanımın Azərbaycan dilində: - Salam, sabahınız xeyir. Bakıdan gəlmisiniz? - deyə müraciət etməsi məni sevincqarışıq təəccübləndirdi. Tanış olduq. Mədinə Həmidova əslən azərbaycanlıdır, Qazaxstanda doğulub boya-başa çatıb. Dediyinə görə Azərbaycanda olmayıb, Bakını görmək arzusundadır. Astanada ali təhsil alıb. Hazırda Sülh və Həmrəylik Sarayında təbliğat və təşkilat şöbəsinin müdiri vəzifəsində çalışır. Fəaliyyət göstərdiyi sahədə böyük nüfuz qazanıb. Söhbət əsnasında sarayın rəhbərliyindən bir nəfər bizə yaxınlaşaraq dedi: "Mədinə xanımsız heç bir tədbirimiz olmur. Ən çətin situasiyaları burada nizama salan odur. Mədinə xanım Sülh və Həmrəylik Sarayının döyünən qəlbidir". Doğrusu soydaşımız haqqında söylənən isti sözlər məni məmnun etdi. Mədinə xanımla xudahafizləşib konfransın keçiriləcəyi məkana - Piramidanın sonuncu mərtəbəsinə, dairəvi zala üz tutduq.
Beynəlxalq forum Qazaxstan prezidenti, cənab Nursultan Nazarbayevin 2013-cü ildə Azərbaycanın Qəbələ şəhərində keçirilən Türkdilli Dövlətlərin III sammitində irəli sürdüyü təşəbbüs əsasında və Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə gerçəkləşmişdir. Nüfuzlu elmi tədbirdə Azərbaycandan, Türkiyədən, Polşadan, Rusiyadan, ABŞ-dan, Yaponiyadan, Monqolustandan, Qırğızıstandan və Özbəkistandan dəvət olunmuş elm, mədəniyyət və ictimai xadimlər iştirak edirdilər.
Giriş sözü ilə konfrans nümayəndələrini salamlayan Beynəlxalq Türk Akademiyasının prezidenti, tarix elmləri doktoru, professor Darxan Kıdırəli akademiyanın yaranması tarixinə toxunaraq 3 oktyabr 2009-cu ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə toplantısında bu istiqamətdə qəbul edilən Naxçıvan bəyannaməsinin əhəmiyyətini xüsusi vurğuladı. BTA-nın rəsmi olaraq 25 may 2010-cu ildə açıldığını diqqətə çatdıran prezident D.Xıdırəli az zaman içərisində mühüm işlərin görüldüyünü bildirdi, türk dünyasında elmi, ədəbi-mədəni inteqrasiyanın zəruriliyindən söz açaraq ortaq ədəbi abidələrin nəşr edilməsi, ortaq layihələrin həyata keçirilməsi istiqamətində düşüncələrini sərgilədi.
CAHANA BOYLANAN ASTANA

Növbəti məruzəçi Azərbaycan nümayəndəsi, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli idi. O, "Böyük mütəfəkkir Əli bəy Hüseynzadə və müasirlik" mövzusunda dolğun və məzmunlu məruzə etdi. Böyük düşüncə adamının anadan olmasının 150 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin 21 yanvar 2014-cü ildə ədəbi-tarixi əhəmiyyətli sərəncam imzaladığını və ölkədə bu istiqamətdə yüksək səviyyəli tədbirlərin həyata keçirildiyini diqqətə çatdıran məruzəçi böyük mütəfəkkir haqqında ürək dolusu söylədi: "Əli bəy Hüseynzadə Azərbaycan ədəbi-ictimai fikrinin Türk dünyasına bəxş elədiyi görkəmli ədəbi simalardan biridir. Türkiyədə, Azərbaycanda, türk dünyasında onu, hər şeydən əvvəl, türkçü və turançı ideoloq kimi qəbul edirlər. Bunun bir çox səbəbləri vardır. Birincisi, Əli bəy Hüseynzadə türkologiya baxımından Türkiyədə, türk dünyasında böyük yeri olan Ziya Gökalp tərəfindən böyük müəllim kimi qiymətləndirilən, türk dünyasının ümumi problemlərini elmi-fəlsəfi cəhətdən, nəzəri dərinliyi etibarilə əks etdirməyi bacaran nadir simalardan biridir. İkincisi, Azərbaycanda türkologiyanı həm kulturoloji baxımdan, həm ədəbiyyat və sənət istiqamətində Əli bəy Hüseynzadə qədər geniş əhatə edən ikinci böyük bir şəxsiyyət tapmaq, göstərmək çətindir. Fikrimcə, Əli bəy Hüseynzadənin fəlsəfi baxışlarını, ictimai-siyasi görüşlərini, həm də ədəbiyyat düşüncəsini mükəmməl şəkildə ifadə edən "Siyasəti-fürusət" ("At oynatmaq siyasəti") əsəri Azərbaycan ictimai fikri tarixində, bütövlükdə türk dünyasında böyük Mirzə Fətəli Axundzadənin "Kəmalüddövlə məktubları" ilə müqayisə oluna bilinən möhtəşəm sənət əsəridir. Bu məqamda o, proseslərə geniş baxmağı bacaran və dərin elmi-ədəbi fikirləri ifadə edən çox dəyərli mütəfəkkir ədibimizdir, böyük filosofumuzdur."
Əli bəy Hüseynzadənin istiqlal məfkurəsindən, türkçülük və turançılıq sevdasından zəngin faktlar əsasında söz açan akademik İsa Həbibbəyli çağdaş Azərbaycan cəmiyyətində böyük mütəfəkkirin yerini və mövqeyini obyektiv dəyərləndirmişdir. Beynəlxalq Türk Akademiyasının prezidenti, professor Darxan Kıdırəli cənabları "Məhəmməd Əmin Rəsulzadənin ədəbi-ictimai fəaliyyəti" mövzusunda məruzə üçün bu sətirlərin müəllifinə söz verdi. Fürsətdən faydalanaraq vurğuladım ki, XX yüzillikdə Azərbaycan xalqının türk dünyasına, azadlıqsevər bəşəriyyətə bəxş etdiyi böyük şəxsiyyətlərdən biri də xalqımızın müstəqillik idealının gerçəkləşdirilməsində, tarixi dövlətçilik ənənələri zəminində milli dövlət quruluşunun dirçəldilməsində müstəsna xidmətlər göstərmiş, görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadədir. O, Azərbaycanda milli-azadlıq hərəkatının ideoloqu, qurtuluş mücahidi, dövlət xadimi, İslam dünyasında ilk Demokratik Respublikanın banilərindən biridir.
Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin 22 noyabr 2013-cü il tarixli sərəncamı ilə ədəbi-ictimai fikir tariximizdə layiqli yer tutan, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi ilə əlaqədar tədbirlər planı təsdiqlənmişdir. İndiyədək Respublikamızın əksər ali məktəblərində, mədəniyyət ocaqlarında, qardaş Türkiyənin Ankara şəhərində və yekun olaraq Azərbaycan Dövlət Akademik Dram Teatrında bu döyük türk oğlunun anadan olmasının 130 illik yubileyi təntənə ilə qeyd edilmişdir. Astana şəhərində Türk Akademiyasının "Türk dünyası: böyük şəxsiyyətlərin irsi" mövzusunda keçirilən beynəlxalq konfransın gündəliyinə Məhəmməd Əmin Rəsulzadənin 130 illiyinin daxil edilməsini cənab prezident İlham Əliyevin sərəncamı ilə bünövrəsi qoyulan yubiley tədbirlərinin davamı kimi dəyərləndirir, bu münasibətlə akademiyanın prezidenti, cənab Darxan Kıdıraliyə və tədbirin təşkilatçılarına sonsuz təşəkkürlər.
Məhəmməd Əmin Rəsulzadə dövrünün ziyalıları arasında Mirzəbala Məhəmmədzadənin təbirincə desək "qələm, kəlam və məfkurə ustadı" kimi nüfuz qazanmış, özündən sonrakı nəslə zəngin və dəyərli elmi, ədəbi-bədii və publisistik irs qoyub getmişdir. Çoxşaxəli yaradıcılıq sferasında fəaliyyət göstən Əmin bəy uzaqgörən siyasətçi, böyük mütəfəkkir, mahir natiq, istedadlı jurnalist, təcrübəli qəzet və jurnal redaktoru, geniş erudisiyalı ədəbiyyatşünas, nəhayət şair və dramaturq idi.
CAHANA BOYLANAN ASTANA

Məhəmməd Əmin Rəsulzadə 130 il əvvəl Bakının Novxanı kəndində dünyaya göz açmışdır. Atası hacı Əli Əkbər kəndin axundu, anası Zinyət Zal qızı isə evdar qadın idi. Onun ilk müəllimi, ərəb və fars dilini öyrədən atası olmuşdur. Məhəmməd Əmin ibtidai təhsilini böyük pedaqoq, yazıçı Sultan Məcid Qənizadənin (1866-1942) təsis etdiyi ikinci "Rus-tatar" məktəbində almış, sonra isə Bakı Texniki məktəbini bitirmişdir.
Rusiya imperiyasının ucqarlarında milli dirçəliş zəminində közərən ictimai-siyasi hadisələr bir çoxları kimi gənc M.Ə.Rəsulzadəni də vaxtından əvvəl inqilabi hərəkata qoşmuş, ön plana çəkmişdir. O, 18 yaşında ikən "Müsəlman Gənclər Təşkilatı" adlı siyasi dərnək yaratmış, intibahnamələr nəşr etdirmişdir. Onun mətbuatda ilk çıxışı Tiflis şəhərində nəşrə başlayan "Şərqi-Rus" qəzetinin 1903-cü il 2 may tarixli sayında baş mühərrir Məhəmməd ağa Şahtaxtlıya ünvanladığı məktubdur. "İllərlə yolunu gözlədiyimiz və gecə-gündüz arzusunda olduğumuz türk Azərbaycan qəzeti"nin nəşrini alqışlayan müəllif "Qafqaz müsəlman əhalisindən" uşaqlarını "elm və tərbiyə kəsb etməyə" çağırır, xalqımızın "dərdinin və dalda qalmağının" səbəblərini elmsizlikdə görürdü. Rəsulzadə ictimai fəaliyyətinin başlanğıcında "Məktəbxanələr açmaq, cəmiyyəti-xeyriyyələr təsis etmək, füqarəyə əl tutmaq" kimi humanist maarifçilik ideyalarını dəstəkləyirdi. Təsadüfi deyildir ki, o 1906-cı ildə Nicat Maarif Cəmiyyətinə sədr seçildi. Cəmiyyətin məqsədi xalqı maarifləndirmək, yoxsul tələbələrə maddi yardım göstərmək, ədəbiyyatın, incəsənətin tərəqqisinə çalışmaq, Azərbaycan türkcəsində dərsliklər çap etdirmək, ibtidai məktəblər açmaq idi.
Məhəmməd Əmin Rəsulzadə XX əsrin əvvəllərində Azərbaycan türkcəsində çap olunan "Şərqi-Rus", "İrşad", "Hümmət", "Dəvət", "Təkamül", "Yoldaş", "Füyuzat" və b. mətbuat orqanlarında günaşırı publisistik yazıları və şeirləri ilə fəal iştirak edir, taleyüklü məsələlərdə barışmaz mövqe tuturdu. Onun "Füyuzat" jurnalının 1907-ci il 12 oktyabr sayında nəşr etdirdiyi "Həsbi-hal" şeirini siyasi mübarizəsinin bədii bəyannaməsi də adlandırmaq olar.
"Qaranlıqdır bana dünya, Bütün dünyavü mafiha,
Deyorlar cümləsi guya: Çəkil bir yanə sakitləş!
Çəkilməm ey hərifan bən, Bu meydani şücaətdən!
Bütün dünya bana derkən: Çəkil bir yanə sakitləş!"
M.Ə.Rəsulzadənin milli mübarizə, şücaət meydanından geri çəkilməməsi, siyasi mücadilədə sakitləşməməsi onun 1908-ci ildə İrana mühacirəti ilə nəticələndi. İranda yaşadığı 3 ildə o Cənubi Azərbaycan Milli azadlıq hərəkatının lideri Səttar xanla görüşmüş, Tehranda "İrani-nou" qəzetini buraxmış, 1911-ci ildə Türkiyəyə mühacirət edərək Azərbaycanın böyük mütəfəkkirləri Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu ilə dostlıq etmiş, kəskin yazıları ilə mətbuatın gündəmində olmuşdur. 1913-cü ildə Rusiyada əfv-ümumidən sonra vətənə qayıdan Məhəmməd Əmin bəy əqidəsinə sadiq qalaraq siyasi mübarizəsini davam etdirmişdir. O, 1917-ci ilin may ayında Moskvada keçirilən "Ümumrusiya müsəlmanlarının birinci qurultayı"nda proqram xarakterli məruzə etmiş, ciddi fikir ayrılığı şəraitində onun tərəfindən irəli sürülən "Milli məhəlli muxtariyyət" proqramı səs çoxluğu ilə qəbul edilmiş, Rusiyanın Müəssislər Məclisinə Azərbaycandan və Türküstandan deputat seçilmişdir. Bu hadisə Rusiya imperiyasının hüdudlarında və ondan kənarda M.Ə.Rəsulzadənin siyasi nüfuzunu xeyli artırmışdır. Əslində bu təklif Əhməd Salikovun irəli sürdüyü "Milli mədəni muxtariyyət" ideyasından cümhuriyyətə doğru irəliyə atılmış addım idi. M.Ə.Rəsulzadə bu iki proqram arasındakı fərqi qurultay nümayəndələrinin diqqətinə çatdıraraq demişdir: "Mədəni dövlət - azad vətəndaşların azadlıqla vücuda gətirdikləri birləşmədən ibarətdir. İstibdaddakı rəiyyətlərlə, qullarla cümhuriyyətdəki vətəndaşların fərqi budur: Birincilər öz rəy və arzularına rəğmən, cəbrən bir nöqtəyə məhkumdurlar. İkincilər isə tamamilə sərbəst olaraq öz arzuları ilə vücuda gətirdikləri idarəyə və öz iştirakları ilə yazdıqları qanuna tabedirlər." Vətəndaşla rəiyyətin ciddi fərqini anlayan qurultay nümayəndələri M.Ə.Rəsulzadəyə səs verməkdə yanılmadılar.
Əmin bəy siyasi fəaliyyəti ilə paralel ədəbi, publisistik yaradıcılığını da davam etdirirdi. 1915-ci il 2 oktyabrdan fəaliyyətə başlayan "Açıq söz" qəzetinin baş redaktoru olur, 1917-ci il yanvarın 4-də "Ədiblər və mühərrirlər" cəmiyyətini yaradır. Dövrün görkəmli ədiblərindən Hüseyn Cavid, Abbas Səhhət, Seyid Hüseyn, Abdulla Şaiq, Cəfər Cabbarlı, Azər Buzovnalı, İbrahim Xəlil və b. yeni cəmiyyətin üzvləri idi. M.Ə.Rəsulzadənin təsis etdiyi "Ədiblər və mühərrirlər" cəmiyyətini müasir Azərbaycan Yazıçılar Birliyinin sələfi də adlandırmaq olar. "Qardaş köməyi" jurnalı əslində "Ədiblər və mühərrirlər" cəmiyyətinin orqanı idi.
Bakıda "Müsavat" partiyasının ilk qurultayı 1917-ci il 26-31 oktyabrda keçirildi. Qurultay yekdilliklə M.Ə.Rəsulzadəni özünün lideri seçdi. Partiyanın ali məclisində ilk dəfə "Xalq Cümhuriyyəti", "Hökumət də xalqa, torpaq da xalqa" şüarları irəli sürüldü. 1918-ci ilin martında erməni-bolşevik hərbi birləşmələrinin azərbaycanlılara qarşı törətdikləri soyqırımı müstəqillik ideyasının gerçəkləşməsini daha da sürətləndirdi. 1918-ci ilin mayın 27-də M.Ə.Rəsulzadə Milli Şuranın sədri seçilir, bir gün sonra isə Azərbaycan Xalq Cümhuriyyətinin istiqlal bəyannaməsi elan olunur. Hökumət ilk qərarlarını Gəncə şəhərində qəbul edir. Bu zaman Bakı şəhəri bolşevik-daşnak qüvvələrinin əlində idi. Milli orduya çağrılan gənclərə M.Ə.Rəsulzadə müraciətlə "Xəyalmı, Həqiqətmi?" məqaləsində yazırdı: "Ey məmləkətimizin istiqbalını təmin edənlər! Ey əsgərliyə dəvət olunan cavanlarımız! Öz müqəddəs vəzifənizi ifa ediniz. Uca tanrıya dualar ediniz ki, bu müqəddəs vəzifə əvvəlcə sizin öhdənizə düşdü." Qürur, iftixar hissi yaradan bu çağırış cavabsız qalmadı. Yüzlərlə, minlərlə gənc yeni yaranmış Milli Orduya yazıldı və 1918-ci ilin sentyabrın 15-də Bakı şəhəri anti-Azərbaycan qüvvələrdən təmizləndi. Azərbaycan Parlamenti həmin ilin dekabr ayının 7-də Bakıda açıldı və bu böyük məclisin ilk çıxışını da M.Ə.Rəsulzadə etdi. O proqram tutumlu çıxışında açıq və birmənalı olaraq söylədi: "Əfəndilər! Bu gün firqə ehtirasları, şəxsi qərəzlər və bütün bu kimi vətən və millət qayəsi qarşısında səfil qalan qərəzlər atılmalı, Vətən qayəsi və Millət duyğusu hər şeydən yüksək tutulmalıdır."
İctimai-siyasi fəaliyyətində "Vətən qayəsi və Millət duyğusu"nu bütün maraqlardan üstün tutan M.Ə.Rəsulzadə Parlamentdə çıxışını "Bir kərəm yüksələn bayraq bir daha enməz!" şüarı ilə bitirdi.
Yaratdığı dövlətdə yüksək vəzifələrdən imtina edən M.Ə.Rəsulzadə "Müsavat" fraksiyasının rəhbəri kimi Parlamentə daxil oldu. O eyni zamanda "İstiqlal" qəzetinin baş redaktoru və yeni təsis edilmiş Bakı Dövlət Universitetində Osmanlı ədəbiyyatından dərs deyirdi. Günün ən vacib problemləri ilə bağlı Parlamentin tribunasından, "İstiqlal" və "Azərbaycan" qəzetlərinin səhifələrindən yetərincə səmərəli faydalanırdı. Bir hasablamalara görə M.Ə.Rəsulzadə 1903-1920-ci illərdə Azərbaycan mətbuatında 1200-dən çox müxtəlif səpkili məqalələrlə çıxış etmişdir. O, 1919-cu ilin dekabrında rəhbərlik etdiyi Musavat Partiyasının ikinci qurultayını keçirdi, millət və dövlət maraqları platformasında möhkəm dayanacağını bəyan etdi. Məsləkdaşları ilə yaratdığı Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci il yanvarın 11-də Parisdə keçirilən Versal sülh konfransında Müttəfiq Dövlətlər Birliyi tərəfindən de-fakto tanındı. Təəssüf ki, bu sevinc uzun sürmədi. Rusiyanın XI Qırmızı Ordusunun təzyiqi altında Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci il aprelin 27-də devrildi. Ölkə bolşeviklərin əlinə keçdi. Cümhuriyyəti yaradanların böyük bir qismi qətlə yetirildi. M.Ə.Rəsulzadə bir müddət Lahıcda gizli şəraitdə yaşasa da həbs edildi. İ.V.Stalin sabiq dostuna keçmiş borcunu qaytararaq onu ölümdən xilas edərək özü ilə Moskvaya apardı. M.Ə.Rəsulzadə 1922-ci ildə Sankt-Peterburqdan gizlin olaraq Musa Begiyevin vasitəsilə Finlandiyaya keçərək "sovet cəhənnəmindən" (M.Ə.Rəsulzadə) xilas oldu. Bununla da onun mühacirət həyatının 2-ci və ən uzunmüddətli dövrü başladı. Türkiyəyə gələn M.Ə.Rəsulzadə həmin il İstanbulda məsləkdaşları ilə "Milli Azərbaycan nəşriyyatı"nı (1922) təsis etdi, "Yeni Qafqasiya" (1923) jurnalını yaratdı, təməlini qoyduğu Azərbaycan Milli Mərkəzi (1924) fəaliyyətə başladı. 1922-ci ildə "Azərbaycan Cümhuriyyəti" kitabını çap etdirdi. Əsər Azərbaycan Xalq Cümhuriyyətinə ucaldılmış ilk və ən möhtəşəm ədəbi abidədir. M.Ə.Rəsulzadə xaricdə yaşadığı illərdə "Əsrimizin Səyavuşu", "Demokratiyanın istiqbalı", "Sosializmin sirri", "Rusiyada siyasi vəziyyət", İxtilalçı sosializmin iflası və demokratiyanın gələcəyi", "İstiqlal məfkurəsi və gənclik", "Milli təsanüd", "İran türkləri", "Qafqaz türkləri", "Çağdaş Azərbaycan ədəbiyyatı", "Çağdaş Azərbaycan tarixi", "Sitalinlə ixtilal xatirələri" və b. çoxsaylı elmi, ədəbi, ictimai-siyasi, publisistik və tarixi əsərləri işıq üzü görür. Lakin bunların sırasında "Azərbaycan şairi Nizami" monoqrafiyasının xüsusi yeri vardır. Kitab 1941-ci ildə dahi Nizami Gəncəvinin anadan olmasının 800 illiyi münasibətilə yazılsa da araya müharibə düşdüyü üçün 1949-cu ildə İstanbulda nəşr edilmişdir. Əhatəli girişdən və dörd hissədən ibarət olan monoqrafiya nizamişünaslığa yeni söz, yeni tədqiqat işi kimi daxil olmuş, bu gün də aktuallığını qoruyub saxlamaqdadır.
CAHANA BOYLANAN ASTANA

M.Ə.Rəsulzadə mühacirətdə yaşadığı 1922-1955-ci illərdə "Yeni Qafqasiya" (1923-1928), "Azər-Türk" (1928-1931), "Odlu Yurt" (1929-1930), "Bildiriş" (1929-1931), "İstiqlal" (1932), "Qurtuluş" (1934), "Müsavat bülleteni" (1936), "Azərbaycan" və b. qəzet və jurnallarının baş redaktoru olmuşdur. O siyasi publisistikanın ən görkəmli və məhsuldar nümayəndələrindən biridir.
M.Ə.Rəsulzadə siyasi fəaliyyətinin 1931-1947-ci illərini Polşada, Rumıniyada, Almaniyada mühacirətdə keçirmişdir. 1947-ci ilin sentyabrında yenidən Türkiyəyə qayıtmış, 1949-cu ildə Azərbaycan Kültür Dərnəyinin əsasını qoymuşdur. Onun xaricdə yaratdığı milli mərkəzlər, kültür dərnəkləri gəncləri milli istiqlal ruhunda yetişdirən universitet missiyasını daşıyırdı. M.Ə. Rəsulzadə 1955-ci il martın 6-da üç dəfə "Azərbaycan" deyərək 71 yaşında Ankara şəhərində gözlərini əbədi qapadı. Lakin, onun tutduğu yol əbədi qapanmadı. "İstiqlal və milli hakimiyyət sevdası ilə yaşayan Azərbaycan gəncliyi çekanın amansız edamlarına baxmayaraq" onun yaratdığı üç rəngli bayrağı başı üzərinə qaldıraraq var səsi ilə hayqırdı: "Bir kərəm yüksələn bayraq bir daha enməz!"
M.Ə.Rəsulzadənin "Haqq verilməz, alınar! Budur, türk inqilabının təsdiq etdiyi əski Həqiqət!" - müdrik kəlamı ilə məruzəni tamamlayaraq sonda Qazaxstana sürgün edilmiş Rəsulzadələr ailəsini repressiyanın ağır dövrlərində göz bəbəyi kimi qoruyan, qayğısını əsirgəməyən, qədirşünas qazax xalqına bir daha minnətdarlıq bildirməyi özünə mənəvi borc saydım.
M.Ə.Rəsulzadənin həyat və yaradıcılığı, ictimai-siyasi fəaliyyəti türk dünyası üçün böyük əhəmiyyət kəsb etdiyinə görə elmi konfransın gündəliyinə Abay adına Qazax Milli Pedaqoji Universitetin dosenti, tarix elmləri namizədi Səbit Şildebayın "Məhəmməd Əmin Rəsulzadənin mühacirətdə xidmətləri" adlı dolğun məruzə də salınmışdır. Gənc tarixçi Səbit Şildebayın M.Ə.Rəsulzadə haqqında düşüncələri məlum faktlar əsasında formalaşsa da qənaətləri və qiymətləndirməsi yeni və maraqlı idi. Şəxsi tanışlıq zamanı M.Ə.Rəsulzadənin qazax tədqiqatçısı məndə xoş təəssüratlar yaratdı. Səbit Şildebay namizədlik dissertasiyasını da Azərbaycanın böyük ictimai-siyasi xadimi Məhəmməd Əmin Rəsulzadəyə həsr etmişdir.
Konfransda İsmayıl bəy Qaspiralı nəslinin gənc nümayəndəsi Gülnarə Yusif qızı Seyidvaniyeva, Qırğızıstan EA-nın vitse-prezidenti, akademik Əbdülcan Əhmədəliyev, ABŞ-dakı Miçiqan Universitetinin professoru Timur Qocaoğlu, L.N.Qumilyov adına Avroasiya Dövlət Universitetinin rektoru, professor Erlan Sadıqov, Süleyman Dəmirəl adına Universitetin professoru İlyas Əytimbet, Polşadakı Adam Mitskeyeviç adına Universitetin professoru Henrix Yankovski, Monqolıstan Arxiv agentliyinin baş mütəxəssisi, professor Çuluun Daşdavaa, L.N.Qumilyov adına Avroasiya Dövlət Universitetinin professoru Koyşığara Salqaraylı, Xoca Əhməd Yasəvi adına Beynəlxalq Kazax-Türk Universitetinin nümayəndəsi Nevzet Şimşek, L.N.Qumilyov adına Avroasiya Dövlət Universitetinin prorektoru, professor Dixan Kamzabəyli, Egey Universitetinin professoru Fikrət Türkmən və b. çıxış edərək türk dünyasının ortaq problemlərindən və inkişaf meyllərindən danışaraq mülahizə və qənaətlərini sərgilədilər.
Onu da vurğulamaq yerinə düşər ki, konfransın proqramına salınmış, qazax xalqının böyük oğlu, görkəmli ictimai-siyasi xadim Turar Rıskulovun (1894-1938) anadan olmasının 120 illiyi dekabrın 26-da tamam olur və təəssüf ki, Qazaxstandan məruzəçi gündəliyə daxil edilməmişdir. T.R.Rıskulov haqqında yeganə çıxışçı Monqolstan Elmlər Akademiyası Beynəlxalq Əlaqələr İnstitutunun professoru Kurmetxan Myxamedli onun Monqolstanda Kominternin səlahiyyətli nümayəndəsi olduğu dövrdəki (1924-1925) fəaliyyətindən danışdı.
Xatırladaq ki, Turar Rıskulov 1921-ci ildə Bakıda RSFSR Millətlər Xalq Komissarlığının səlahiyyətli nümayəndəsi idi. O, Qazaxstan üçün misilsiz işlər görmüşdür. 1937-ci ildə həbs edilərkən onu 1934-cü ildə pantürkist "Ümumittifaq Birləşmiş Mərkəz" yaratmaqda ittiham etmiş, 1938-ci il 10 fevral tarixində güllələmişlər. Azərbaycandan bu təşkilatın üzvü kimi professor Bəkir Çobanzadə, professor Əziz Qubaydullin tutulub güllələnmiş, Mikayıl Rəfili isə eyni ittihamla həbs olunsa da, 1939-cu ildə sərbəst buraxılmışdır.

Ertəsi gün akademik İsa Həbibbəyli ilə Azərbaycan Respublikasının Qazaxstandakı səfirliyini ziyarət etdik. Səfirliyimizin əməkdaşlarından Elnur Novruzov, Zaur Qədiməliyev iki dost, qardaş ölkə arasındakı mədəni, elmi əlaqələrin inkişaf tendensiyası, Qazaxstanda yaşayan azərbaycanlıların ictimai mövqeyi, sosial-iqtisadi durumu barədə məlumat verdilər. Görüş çox səmimi şəraitdə keçdi. İsa müəllim Bakıdan gətirdiyi nəfis hədiyyələri gənc diplomatlarımıza bağışladı. Başı üzərində üç rəngli bayrağımız dalğalanan səfirliyimizin ikimərtəbəli binası kənardan hüquqlarımızın və ideallarımızın müdafiə qalasını xatırladırdı. Həmin günün axşamı BTA-nın məsul əməkdaşı Talqat Erbayın şəxsi qonağı olduq. Akademik Əbdülcan Əhmədəliyev, professorlardan Timur Qocaoğlu, Fikrət Türkmən və b. böyük zövqlə, qazax mətbəxinin zəngin təamları ilə bəzədilmiş ziyafət stolunun arxasında yerlərini tutmuşdular. Ailə mühitindəki səmimiyyət, qonaqpərvərlik, istiqanlılıq bizi heyran etmişdi. Yarızarafat təklif olundu ki, BTA türk xalqlarının zəngin mətbəxi ilə bağlı sərgi və konfrans layihəsini də nəzərdən keçirməlidir...
Astanada fəaliyyət göstərən L.N.Qumilyov adına Avroasiya Dövlət Universiteti Qazaxstanın ən böyük və nüfuzlu təhsil ocaqlarından biridir. Burada oktyabr ayının 30-da "Türk dünyası: Mənəvi mirasları və çağdaş kültürü" mövzusunda keçirilən simpoziuma akademik İsa Həbibbəyli ilə mən də dəvət olunmuşdum. Simpozium işgüzar elmi şəraitdə keçdi. Bu elmi məclisin özəl xüsusiyyətlərindən biri də o idi ki, türk respublikalarından gələn qonaqlar öz dillərində danışırdılar və mütərcimə ehtiyac yox idi. Zənnimcə ortaq türk dilinə doğru yolda sağlam düşüncəyə dayalı eksperimentlərin əhəmiyyəti az deyil.
Qazaxstanın Milli Muzeyi Asiya qitəsinin ən gənc və böyük mədəniyyət ocaqlarından biridir. 2013-cü ilin iyulunda açılan muzeyin tarix, etnoqrafiya, müstəqillik dövrü zalları eksponatlarla zəngindir. Burada nümayiş etdirilən "Qızıl döyüşçü" heykəli qazax xalqının qədimliyinin, yüksək mədəniyyət ənənələrinin və mübarizliyinin rəmzidir. Etnoqrafik mənzərələr çox təbii və canlı təsir bağışlayır. İsa müəllimin kütləvi məzarlığı xatırladan, insan sümüklərinin torpaqdan boy göstərən görüntüsü önündə kədərli dayandığını müşahidə etdim. Ona yaxınlaşanda mənə dedi ki, ata və ana qohumlarımdan altı nəfəri repressiya illərində Qazaxstana sürgün olunub. Onlardan yalnız bir nəfəri sonralar Türkiyəyə gedərək xilas ola bilib. Qalan beş nəfər qohumumun, əzizimin sümüyü, ruhu Qazaxstan torpağındadır. On minlərlə insanımızın, azərbaycanlımızın cismi bu torpaqda uyuyur. Bu yerlər bizim üçün də müqəddəs sayılmalıdır...
Təsirli mənzərədən ayrılmaq çox çətindir... Düşünürəm ki, repressiya illərində xalqımızın sevimli istiqlal şairi Əhməd Cavadın həyat yoldaşı Şükriyyə Axundzadə və general Qanboy Vəzirovun xanımı İzzət Vəzirova həbslərinin 8 ilini, Azərbaycanın 1-ci katibi işləmiş Ruhulla Axundovun arvadı Vera Axundova və Azərbaycanın Daxili İşlər Komissarı Novruz Rizayevin həyat yoldaşı Firəngiz Rizayeva ömürlərinin 5 ilini Akmolada, indiki Astanada həbs düşərgələrində keçirmişlər. Bu nəcib, ləyaqətli xanımların yeganə günahları Azərbaycanın görkəmli şəxsiyyətlərinin həyat yoldaşı olmaları idi...
Bakıya qayıtmağımızın zamanı yetişirdi. Bizi Astana hava limanına yola salmağa Beynəlxalq Türk Akademiyasının prezidenti, professor Darxan Kıdırəli cənabları özü gəlmişdi. Birgə görüləcək işlər barədə ətraflı söhbət oldu. BTA-nın Azərbaycandan namizədliyi irəli sürüləcək vitse-prezidenti və işçi qrupu ilə bağlı Bakıya gəlmək arzusunda olduğunu bildirdi. Qazaxstan arxivlərində Rəsulzadələr ailəsinin "cinayət iş"ləri barədə qovluqların üzə çıxarılması təklifinə professor Darxan Kıdırəli çox müsbət və səmimiyyətlə yanaşdı.
Beynəlxalq Hava Limanına doğru irəlilədikcə qardaş Qazaxstanın yeni paytaxtı müasir üslubda tikilmiş göydələn binaları ilə çox möhtəşəm görünürdü. Hündür sarayların memarlıq üslubunda ağ və şəffaf material çeşidindən gen-bol faydalanan bəyaz örpəkli, müstəqil və yüksələn Astana Bayterek abidəsini göylərə ucaldaraq elə bil cahana boylanırdı.


Paylaş



Bölmə: Turan / Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!