Sadiq Qurbanov nüfuzlu beynəlxalq tədbirdə məruzəçi olub .....                        Xınalığa dolu düşüb .....                        Qəbul imtahalarında yenilik olacaqsa, azı iki il əvvəl elan edilir - DİM rəsmisi .....                        Binəqədidə baş vermiş yanğında 1 nəfər xəsarət alıb .....                        Bakı Fransız Liseyinin bağlanma səbəbi açıqlandı .....                        Bağlanan liseyin şagirdləri bu məktəblərə köçürüləcək - RƏSMİ .....                        G7 ölkələrindən İrəvan və Bakıya çağırış .....                        Tovuzda qadın tanışı tərəfindən yandırıldı .....                        İsmayıllıda torpaq qatı uçdu - Evlər təhlükə altındadır - ViDEO .....                       
Tarix : 23-10-2014, 22:05

 

 

 

İnsan olmaq xoşbəxtliyi 

Bütün zamanlarda cəmiyyətdə mizan-tərəzi pozulub maddiyyat mənəviyyatı üstələyəndə insanlar arasındakı səmimi münasibətlər də sanki qəhətə çəkilir. İnsanlar daha çox qazanmaq hərisliyi ilə özünü oda-közə vurub nə yolla olur-olsun var-dövlət sahibi olmağa can atır. Çox zaman bu var-dövlətin hansı yolla qazanıldığının da fərqinə varan olmur. Bu zaman halallıqla haram arasındakı sərhəd də itir. Bu isə insanlarda xudbinlik, özündənrazılıq, başqalarının ağrılarına biganəlik kimi təhlükəli mərəzlər yaradır. Amma şükürlər olsun uca Tanrıya ki, dünya yaxşılardan xali deyil və bu gün cəmiyyətdəki nizamın az da olsa qorunmasında əsas yük yenə də yaxşıların çiyinlərinə düşür.

Etiraf edim ki, yaşadığımız bu günkü qarışıq zaman kəsiyində hardasa yaxşı bir əməl sahibi, işıqlı insan görəndə adamın içində ümid qığılcımı parlayır və inanırsan ki, müdriklərimizin dönə-dönə xatırlatdıqları kimi, dünya qan-qadadan, təlatümlərdən yalnız yaxşı əməl sahiblərinin, ədalətli insanların sayəsində qoruna bilir. Yaxşı insanın hansı məqamda dayandığının, hansı mövqe sahibi olduğunun da elə bir ciddi əhəmiyyəti yoxdur. Əsas olan odur ki, ətrafdakılar bu cür insanların varlığından məmnunluq duyur, onlardan müsbət enerji alır, yaxşı əməllərindən bəhrələnib nümunə götürürlər.

Atalarımızın bir gözəl deyimi də var: Balığı at dəryaya, balıq bilməsə də Xaliq biləcək”. Vaxtilə xalqımızın böyük oğlu, tanınmış mesenant Hacı Zeynalabdin Tağıyevin millətə göstərdiyi əvəzsiz xidmətləri müqabilində uzun illər sovet hakimiyyəti bu böyük insanın adının çəkilməsini belə yasaqlasa da, ancaq ona olan sevgini xalqın qəlbindən silə bilmədi. Elə tarixə də nəzər salanda görürük ki, Hacı Zeynalabdin Tağıyevin dövründə nə qədər varlı adamlar, Hacının özündən də qat-qat zəngin insanlar, böyük kapital və mənsəb sahibləri olsa da, onların böyük əksəriyyətinin adları çoxdan xalqın və tarixin yaddaşından silinib. Lakin gördüyü xeyirxah işlərə, yaxşı əməllərə, xalqın ürəyində ucaltdığı insanlıq heykəlinə görə Hacı Zeynalabdin Tağıyevin adı xalqımız var olduqca onun şərəf tarixində ən hörmətli yerdə dayanır və əbədən də belə olacaq. 

Bəzən bu cür xeyirxah, xoş əməl sahibi olan insanlar elə bizlərin yaxın ətrafımızda olsalar da, onlarla gündəlik həyatımızda vaxtaşırı qarşılaşsaq da, nədənsə bu sadə insanların çoxlarından fərqli ürək sahibləri olduqlarının çox da fərqinə varmırıq. Haqqında söhbət açdığım Arif Ələsgərov kimi. Arif kişi də məhz belə ürək sahibi olan dəyərli yurddaşlarımızdan biridir.

Ələsgərov Arif Alosman oğlu Azərbaycanın qədim bölgələrindən olan Şabranın Gəndob kəndində anadan olub. Uşaqlığı kənd-kəsəkdə, ana təbiətin qoynunda keçib. Quba rayonu Çiçi kənd orta məktəbini bitirib. 1959-1960 - cı illərdə texniki-peşə məktəbində təhsil alıb. Min bir gənclik eşqi ilə hansısa sənətin qulpundan yapışıb öz həyatını qurmaq istəyirmiş ki, özünün də zarafatla xatırladığı kimi təsadüfi bir olay həyatında köklü dəyişikliyə səbəb olub. Onu da deyim ki, Arif dayı yüksək həyat eşqi, yumor hissi güclü olan istiqanlı bir insandır. Deyir ki, cavanlıqda bir qıza vurulmuşdum, ancaq onu mənə vermədilər, mən də prinsipə düşüb o zamankı Xalq Təsərrüfatı İnstitutuna daxil oldum, sənətin dalınca getmədim.

Beləcə bir prinsiplə ali məktəbə daxil olan Arif Ələsgərov 1966-cı ildə ali təhsilini tamamlayıb xalq təsərrüfatının müxtəlif sahələrində əmək fəaliyyəti ilə məşğul olur.

Bu sadaladıqlarım Arif kişinin həyat bioqrafiyasının əmək kitabçasına yazılan rəsmi detallarıdır. Lakin onun həyatının yazılmayan tərəfləri də var ki, onlar daha zəngin və insanı mütəəssir edən məqamlardır.

Ağlı kəsib ayağı yer tutandan, dünyanı dərk edən gündən anlayıb ki, insanı yalnız yaxşı əməlləri yaşadıb ucalda bilər. Bu amalla da həyat yoluna davam edən Arif Ələsgərov öz həyat səlnaməsini yazıb.

Torpaqlarımızda erməni-rus işğalları başlayan o ağır günlərdə xalqımızın vətənpərvər övladları yalnız ön cəbhədə qəhrəmanlıq göstərmir, arxa cəbhədə də yurdundan-yuvasından didərgin düşmüş həmvətənlərimizi evlə, yaşayış üçün lazım olan zəruri vasitələrlə təmin edirdilər. O illərdə Qarabağda erməni vandalizmi üzündən yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın böyük bir hissəsi Bakıya üz tuturdu. Ev-eşiklərindən məhrum olmuş insanların yaşayış üçün lazım olan minumum dolanışıq vasitələrinə ehtiyac duyduğu günlərdə Arif Ələsgərov da böyük insanlıq nümunəsi göstərərək Cəbrayıl rayonundan didərgin düşmüş Əhmədovlar ailəsinə maddi və mənəvi dayaq durdu. İlk baxışdan xırda bir detal kimi görsənən bu hadisənin özü böyük bir insanlıq hekayəsidir. Faktların dili ilə Arif kişinin necə böyük bir ürək sahibi olduğunu oxucuların da diqqətinə çatdırmağın özü çoxları üçün bir nümunə ola bilər. Çünki dünya gör-götür dünyasıdır. Yeni yetişən gəncliyin bu cür hadisələrdən ibrət götürmələri çox vacibdir.

Ali təhsilli müəllimə Elmira xanım Əhmədovanın ölkə prezidentinə yazdığı məktubdan sətirlər:

“Biz, oğlum Müşfiq, həyat yoldaşım İfayət və mən məlum səbəblər üzündən Bakı şəhərinə gəldik. Əvvəlcə oğlum Müşfiqin təhsil aldığı Bakı Dövlət Universitetinin yataqxanasında məskunlaşdıq. Amma orada çox yaşaya bilmədik. Çünki oğlanlar yataqxanasında qadının qalması mümkünsüz idi. Bizi oradan çıxartdılar. Oğlumun əsgər yoldaşı Ələsgərov Osman gəlib bizi evlərinə apardı. Osamanın atası Arif kişi, anası Bənövşə xanım bizi gülər üzlə qarşıladılar. Ataların gözəl bir misalı var: “Dostu dar gündə sına”. Arif kişi də dar günümüzdə bizə dayaq durdu. Əhmədli qəsəbəsində oğlu Osman üçün aldığı evin açarını bizə verib ailəmizi oraya yerləşdirdi. Biz 3 il həmin evdə yaşadıq. Çox çətinliklə yaşayırdıq. Hər ikimiz ali təhsilli müəllim idik. Hərəmiz bir məktəbdə müdir işləyirdik. İndi işsiz-gücsüz qalmışdıq. Bütün əşyalarımız rayonda qalmışdı. Çay qaynatmağa çaydanımız, çay içməyə stəkanımız yox idi. Bir gün Osman bizə gələndə gördü ki, mən ağlayıram. Niyə ağladığımın səbəbini soruşduqda daha da kövrəldim və hönkürməyə başladım. Osmana danışdım ki, bir yaxın qohumumuz bizə 2 kq ət alıb gətirmişdi. Qonşudan ət maşını istədim ki, əti çəkim. Ətçəkən maşını qaytararkən qonşu mənə dedi ki, bəs maşının bıçağını dəyişdirmisən. Bu söz mənə çox pis təsir etdi.

Osman evlərinə gedib məsələni anasına danışır. Anası Bənövşə xanım qızına cehiz aldığı ət maşınını və bir çanta boşqab, stəkan-nəlbəki, çəngəl-bıçaq və evə lazım olan başqa avadanlıqlarla doldurub bizə gətirdi və dedi ki, nə lazım olsa heç kəsdən heç nə istəmə, zəng et mənə de, uşaqlarla göndərim. Arif kişi bizə deyirdi ki, əgər evsiz qohumlarınız varsa gəlsinlər otağın birini ver onlara heç olmazsa yaşamağa yerləri olsun. Hər dəfə Bənövşə xanım dolu bir çanta ilə bizə gəlirdi. Hər cür meyvə-tərəvəz, toyuq və sairə ərzaqla dolu çanta. Bir gün Arif kişi bizim yaşadığımız evə gəlib dedi ki, Osmanı evləndirmək istəyirəm. Ancaq narahat olmayın sizi evsiz qoymayacağam. Əhmədli qəsəbəsindəki Xocalı küçəsində oğlum Habil üçün aldığım iki otaqlı evə köçün. Orada nə qədər istəyirsiniz yaşayın. Əgər mənə indiki zamanədə belə gözəl, açıq ürəkli insanlar da var desəydilər, inanmazdım. Amma gözümlə gördüm”.   

Elmira xanımın da yazdığı kimi bu gün cəmiyyətdə tarixən xalqımızın milli kimliyində əsas xarakterik cizgilərdən olan çətinə düşənə əl tutmaq, ehtiyacı olana yardım etmək kimi xeyirxah əməllər getdikcə sıradan çıxmaqdadır. Ən təhlükəlisi odur ki, adını kapitalizm qoyduğumuz yeni qaydalar bu gün yalnız tək-tək fərdləri deyil, bütöv insanlığı ciddi sınaq qarşısında qoyub.

Arif kişinin bu ailəyə göstərdiyi təmənnasız xidmət bununla bitir. Onun sonrakı addımları daha alicənab və təsirləndiricidir. Sonrakı məqamları da elə Elmira xanımın məktubu ilə davam etdiririk.

“Biz 6 il həmin evdə yaşadıq. Qəflətən yoldaşım bərk xəstələndi. Həkimlər onun müalicəsinin Moskvada mümkün olduğunu bildirdilər. Oğlum Müşfiq Osmana deyir ki, atamı müalicə üçün Moskvaya aparmaq istəyirəm, amma imkanım yoxdur. Osman bunu evdə danışanda Arif kişi atasının qəbrini düzəltmək üçün yığdığı 3 min manatı oğlu ilə bizə göndərmişdi. Ancaq pul yenə çatmırdı. Bu xəbəri eşidən Arif kişi iki otaqlı evinin sənədlərini gətirib hamının yanında yoldaşıma verdi ki, evi sat, özünü müalicə elətdir. Qohum-əqrəba hamı məəttəl qalmışdı ki, belə insanlar da varmış.

Onu da deyim ki, Arif kişi heç varlı da deyildi. Öz ailəsini güclə dolandırırdı. Amma kasıb mərd olar demişlər. O, mərdlikdə, xeyirxahlıqda zəmanəmizin Hacı Zeynalabdin Tağıyevi idi.

Nə isə evi satıb kişini müalicə etdirdik. Bu müalicədən sonra yoldaşım 6 il yaşadı. Sonradan haqqın rəhmətinə qovuşdu.

Arif kişi və onun ailəsinin haqqında nə qədər yazsam bitməz. O, hər vaxt imkansızlara kömək edər, son tikəsini də kasıb-kusubla bölüşən bir insandır. Hər bayramlar olanda dolu çanta ilə bizə və qonşuluqdakı başqa bir qaçqın ailəsinə bayram şirniyyatı və hədiyyələr gətirərdi. Vallah mən belə insanların olduğunu və bizim zəmanəmizdə yaşadıqlarını gördükdə deyirəm ki, hələ dünya dağılmayıb, hələ biz yaşayırıq”.

Arif kişinin xeyirxahlığı bunlarla bitmir. Bakı şəhər Veteranlar Şurasının sədri A.Baxşıyevin ona ünvanladığı təşəkkür məktubunda da Arif Ələsgərovun xeyirxah əməllərindən söhbət açılır. Məktubda Arif kişinin iki nəfər müharibə veteranı - Seyid Zahid Seyid Bağır oğlunu və Muradəli Eyvazəli oğlunu bir neçə il müddətinə təmənnasız olaraq öz mənzilində saxladığına görə Veteranlar Şurası tərəfindən ona təşəkkür edilir.

Arif kişinin daha bir ibrətamiz xeyirxahlığı Cəlilabad rayonundan çörək pulu qazanmaq üçün Bakıya pənah gətirən Siyasətə göstərdiyi insani münasibətdir ki, bununla bağlı ayrıca bir kitab yazmaq olar. Bir neçə il bundan qabaq Arif kişinin evində suvaq işi görən Siyasət yatsaydı yuxusuna da girməzdi ki, bu nəcib insanla qarşılaşmaq bir gün onu ehtiyacdan, çətin dolanışıqdan qurtaracaq.

Bir axşam Arif kişi görür ki, usta gecə yarıya qədər işləyir. Ondan niyə istirahət etmədiyini, bu qədər çox işlədiyinin səbəbini soruşur. Usta cavab verir ki, mən çörəyimi bu mala ilə qazanıram və evdəki doqquz uşağı dolandırmaq üçün bu qədər əziyyətə qatlaşmağa məcburam.

Arif kişi soruşur ki, kənddə yaşayırsan, bəs təsərrüfatın, mal-qaran yoxdu? Siyasət cavab verir ki, xeyr, heç vaxt da olmayıb. Arif kişi ona min dollar pul verir ki, get bu pula sağmal inək al, süd-qatığı ilə balalarını dolandır. Siyasət əvvəlcə təklifdən imtina edir. Fikirləşmək üçün ondan icazə istəyir. Bir ay sonra isə oğlunu göndərib pulu götürür. Əvvəlcə iki yanı balalı inək alır. Onun süd-qatığını satıb uşaqların ruzisini qazanır. Bir neçə aydan sonra inəklərin sayını dördə çatdırır. Həm süd qatığı, həm də inəklərinin böyüyən balalarını satıb vəziyyətini xeyli yaxşılaşdırır. Bir gün Arif kişinin yanına gəlib deyir ki, sənin pulunla vəziyyətim düzəlib, inəklərin də sayı dördə çatıb. İndi de görək bu inəklərin neçəsi sənindi, neçəsi mənim? Arif kişi deyir ki, üçü sənin, biri mənim. Xaricdən atasına baş çəkməyə gələn oğlu İlham bu söhbəti eşidib deyir ki, ata, kasıb adamdır, sən inəyi neyləyirsən? Onu da götürmə. Beləcə Siyasət rayona qayıdıb öz təsərrüfatını davam etdirir.

Aradan bir müddət keçəndən sonra Siyasət inəklərin sayını 16-ya çatdırır və əsil fermerə çevrilir. İndi rayonda ona “Dollar siyasət” deyirlər.

Arif kişi deyir ki, Siyasət yaxşılığı dəyərləndirən insandır. Daim bizi süd-qatıq, mer-meyvə ilə təmin edir.

Aqillərimiz yaxşı deyib ki, ot kökü üstə bitər. Arif kişi övladlarını da sadə, zəhmətkeş və halal böyüdüb. Onlar da ataları kimi sözdə deyil, əməldə elə arxa-dayaq olduqlarını dəfələrlə sübut ediblər. Arif kişinin böyük oğlu Osman Bakıda anadan olub, burada orta məktəbi bitirsə də şəhərdə sakit və əyləncəli həyatın dalınca qaçmayıb. Şəhərdə hər cür təminatı olmasına baxmayaraq onuncu sinfi bitirən kimi ata yurduna - Şabranın Gəndob kəndinə yollanıb. O zamankı Gəndob üzümçülük sovxozundakı 3 nömrəli cins maldarlıq fermasında malabaxan işləyib. Şəhərdə böyümüş cavan uşaq üçün kənddə bu cür ağır işin qulpundan yapışıb hər cür zəhmətə qatlaşmaq, yuxusuz gecələr keçirmək indi şəhər uşaqlarına bir nağıl kimi görsənə bilər. Lakin zəhməti özlərinə həyat amalı seçən insanlar üçün bunlar adi şeylərdir. Az bir vaxtda kollektivin böyük hörmətini qazanan Osmanın haqqında o zamankı Dəvəçi rayon qəzetində “Diqqətlə oxu və bu barədə düşün!” rubrikası ilə “Şəhərdən kəndə” başlığı altında yazı dərc olunur. Onun həyat yolu təqdir olunur və gənclərə örnək göstərilir. Elə buradan da hərbi xidmətə yollanan Osman vətən qarşısındakı borcunu da ləyaqətlə yerinə yetirir. Ordudan tərxis olunandan sonra bir müddət yenə sadə bir peşədə - çilingər peşəsində çalışır. Daha sonra Azərbaycan Gənclər İttifaqının Mərkəzi komitəsində müxtəlif məsul vəzifələrdə işləyir.

Ailənin ikinci oğlu Habilin də həyat yolu sadə fəhləlikdən başalyıb. Daha sonra toyuq fermasında işləyərək ailənin sadə zəhmət yolunu davam etdirib.

Arif kişinin kiçik oğlu İlham Universitetin hüquq fakültəsinin tələbəsi olub. 3-cü kursda bir müəllimin ona qarşı etdiyi ədalətsizliyi həzm edə bilməyib. Təhsili yarımçıq buraxaraq xaricə üz tutub.

Arif Ələsgərovun yeganə qızı Vəfa da ali təhsil alandan sonra ailəsi ilə birlikdə xaricdə yaşayır.

Həyatını xeyirxah işlərə sərf etmiş Arif Ələsgərov həm də xoşbəxt ailə sahibidir, səkkiz nəvənin babasıdır. İllər yaşının üstünə yaş gətirsə də, yenə də xeyirxahlığından, yaxşı əməllərindən usanmır. Arif kişinin sadə həyat tarixçəsi çoxlarına nümunə ola bilər. Bu günkü cəmiyyətin də məhz daha çox xeyirxahlığa, insanlığa böyük ehtiyacı var.

 

 

İlham Məmmədli  



Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!