Bütün zamanlarda cəmiyyətdə mizan-tərəzi pozulub maddiyyat mənəviyyatı üstələyəndə insanlar arasındakı səmimi münasibətlər də sanki qəhətə çəkilir. İnsanlar daha çox qazanmaq hərisliyi ilə özünü oda-közə vurub nə yolla olur-olsun var-dövlət sahibi olmağa can atır. Çox zaman bu var-dövlətin hansı yolla qazanıldığının da fərqinə varan olmur. Bu zaman halallıqla haram arasındakı sərhəd də itir. Bu isə insanlarda xudbinlik, özündənrazılıq, başqalarının ağrılarına biganəlik kimi təhlükəli mərəzlər yaradır. Amma şükürlər olsun uca Tanrıya ki, dünya yaxşılardan xali deyil və bu gün cəmiyyətdəki nizamın az da olsa qorunmasında əsas yük yenə də yaxşıların çiyinlərinə düşür.
Etiraf edim ki, yaşadığımız bu günkü qarışıq zaman kəsiyində hardasa yaxşı bir əməl sahibi, işıqlı insan görəndə adamın içində ümid qığılcımı parlayır və inanırsan ki, müdriklərimizin dönə-dönə xatırlatdıqları kimi, dünya qan-qadadan, təlatümlərdən yalnız yaxşı əməl sahiblərinin, ədalətli insanların sayəsində qoruna bilir. Yaxşı insanın hansı məqamda dayandığının, hansı mövqe sahibi olduğunun da elə bir ciddi əhəmiyyəti yoxdur. Əsas olan odur ki, ətrafdakılar bu cür insanların varlığından məmnunluq duyur, onlardan müsbət enerji alır, yaxşı əməllərindən bəhrələnib nümunə götürürlər.
Atalarımızın bir gözəl deyimi də var: Balığı at dəryaya, balıq bilməsə də Xaliq biləcək”. Vaxtilə xalqımızın böyük oğlu, tanınmış mesenant Hacı Zeynalabdin Tağıyevin millətə göstərdiyi əvəzsiz xidmətləri müqabilində uzun illər sovet hakimiyyəti bu böyük insanın adının çəkilməsini belə yasaqlasa da, ancaq ona olan sevgini xalqın qəlbindən silə bilmədi. Elə tarixə də nəzər salanda görürük ki, Hacı Zeynalabdin Tağıyevin dövründə nə qədər varlı adamlar, Hacının özündən də qat-qat zəngin insanlar, böyük kapital və mənsəb sahibləri olsa da, onların böyük əksəriyyətinin adları çoxdan xalqın və tarixin yaddaşından silinib. Lakin gördüyü xeyirxah işlərə, yaxşı əməllərə, xalqın ürəyində ucaltdığı insanlıq heykəlinə görə Hacı Zeynalabdin Tağıyevin adı xalqımız var olduqca onun şərəf tarixindəən hörmətli yerdə dayanır vəəbədən də belə olacaq.
Bəzən bu cür xeyirxah, xoş əməl sahibi olan insanlar elə bizlərin yaxın ətrafımızda olsalar da, onlarla gündəlik həyatımızda vaxtaşırı qarşılaşsaq da, nədənsə bu sadə insanların çoxlarından fərqli ürək sahibləri olduqlarının çox da fərqinə varmırıq. Haqqında söhbət açdığım Arif Ələsgərov kimi. Arif kişi də məhz belə ürək sahibi olan dəyərli yurddaşlarımızdan biridir.
Ələsgərov Arif Alosman oğlu Azərbaycanın qədim bölgələrindən olan Şabranın Gəndob kəndində anadan olub. Uşaqlığı kənd-kəsəkdə, ana təbiətin qoynunda keçib. Quba rayonu Çiçi kənd orta məktəbini bitirib. 1959-1960 - cı illərdə texniki-peşə məktəbində təhsil alıb. Min bir gənclik eşqi ilə hansısa sənətin qulpundan yapışıb öz həyatını qurmaq istəyirmiş ki, özünün də zarafatla xatırladığı kimi təsadüfi bir olay həyatında köklü dəyişikliyə səbəb olub. Onu da deyim ki, Arif dayı yüksək həyat eşqi, yumor hissi güclü olan istiqanlı bir insandır. Deyir ki, cavanlıqda bir qıza vurulmuşdum, ancaq onu mənə vermədilər, mən də prinsipə düşüb o zamankı Xalq Təsərrüfatı İnstitutuna daxil oldum, sənətin dalınca getmədim.
Beləcə bir prinsiplə ali məktəbə daxil olan Arif Ələsgərov 1966-cı ildə ali təhsilini tamamlayıb xalq təsərrüfatının müxtəlif sahələrindəəmək fəaliyyəti ilə məşğul olur.
Bu sadaladıqlarım Arif kişinin həyat bioqrafiyasının əmək kitabçasına yazılan rəsmi detallarıdır. Lakin onun həyatının yazılmayan tərəfləri də var ki, onlar daha zəngin və insanı mütəəssir edən məqamlardır.
Ağlı kəsib ayağı yer tutandan, dünyanı dərk edən gündən anlayıb ki, insanı yalnız yaxşı əməlləri yaşadıb ucalda bilər. Bu amalla da həyat yoluna davam edən Arif Ələsgərov öz həyat səlnaməsini yazıb.
Torpaqlarımızda erməni-rus işğalları başlayan o ağır günlərdə xalqımızın vətənpərvər övladları yalnız ön cəbhədə qəhrəmanlıq göstərmir, arxa cəbhədə də yurdundan-yuvasından didərgin düşmüş həmvətənlərimizi evlə, yaşayış üçün lazım olan zəruri vasitələrlə təmin edirdilər. O illərdə Qarabağda erməni vandalizmi üzündən yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın böyük bir hissəsi Bakıya üz tuturdu. Ev-eşiklərindən məhrum olmuş insanların yaşayış üçün lazım olan minumum dolanışıq vasitələrinə ehtiyac duyduğu günlərdə Arif Ələsgərov da böyük insanlıq nümunəsi göstərərək Cəbrayıl rayonundan didərgin düşmüş Əhmədovlar ailəsinə maddi və mənəvi dayaq durdu. İlk baxışdan xırda bir detal kimi görsənən bu hadisənin özü böyük bir insanlıq hekayəsidir. Faktların dili ilə Arif kişinin necə böyük bir ürək sahibi olduğunu oxucuların da diqqətinə çatdırmağın özü çoxları üçün bir nümunə ola bilər. Çünki dünya gör-götür dünyasıdır. Yeni yetişən gəncliyin bu cür hadisələrdən ibrət götürmələri çox vacibdir.
Ali təhsilli müəllimə Elmira xanım Əhmədovanın ölkə prezidentinə yazdığı məktubdan sətirlər:
“Biz, oğlum Müşfiq, həyat yoldaşım İfayət və mən məlum səbəblər üzündən Bakı şəhərinə gəldik. Əvvəlcə oğlum Müşfiqin təhsil aldığı Bakı Dövlət Universitetinin yataqxanasında m