Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
6-03-2022, 18:33
Telefon danışığının DETALLARI


Ərdoğanla Putinin telefon danışığının DETALLARI

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub. Liderlərin söhbəti təxminən bir saata yaxın davam edib.
Türkiyə Prezident Administrasiyası prezidentlərin telefon danışığının detallarını açıqlayıb.
Bildirilib ki, Ərdoğan Ukraynada münaqişənin tezliklə sülh yolu ilə həllinin vacibliyini vurğulayıb.
“Təcili atəşkəs bölgədəki humanitar gərginliyi aradan qaldırmaqla yanaşı, siyasi həll axtarışlarına da fürsət yaradacaq. Birlikdə sülh yolu açaq”, - deyən Ərdoğan atəşkəsin təmin edilməsi, humanitar dəhlizlərin açılması və sülh müqaviləsinin imzalanması üçün təcili addımların atılmasına çağırış edib.
Bundan əlavə, Türkiyə lideri Ukrayna tərəfilə daimi təmasda olduğunu diqqətə çatdırıb.
Telefon danışığında Ukrayna ilə yanaşı Türkiyə-Rusiya münasibətləri də müzakirə olunub.

6-03-2022, 12:29
Ermənilər Ağdamı ATƏŞƏ TUTDU

Ermənilər Ağdamı ATƏŞƏ TUTDU

Martın 6-sı saat 08:40-da Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Ağdam rayonunun Xıdırlı və Çuxurməhlə yaşayış məntəqələri istiqamətlərində mövqeləri və bölməmizin yerləşmə məntəqəsi atıcı silahlardan atəşə tutulub.
Müdafiə Nazirliyindən verilən məlumata görə Azərbaycan Ordusunun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən cavab tədbirləri görülüb.
Hadisə ilə bağlı dərhal Rusiya sülhməramlı kontingentinin komandanlığına və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə məlumat verilib.
Hazırda bu istiqamətlərdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.
6-03-2022, 09:08
İsrail prezidenti Türkiyəyə gedir

İsrail Türkiyə münasibətlərində yeni mərhələ başlayır.
İsrail prezidenti Türkiyəyə gedir.
İsrail Prezidenti İsaak Hersoq martın 9-da Türkiyəyə rəsmi səfər edəcək.
Bu barədə İsrail Prezidenti Administrasiyası məlumat yayıb.
Hersoq xanımı ilə birlikdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya iki günlük rəsmi səfər edəcək.
Ankarada Beştəpə iqamətgahında rəsmi mərasimlə qarşılanacaq Hersoq Ərdoğanla görüşəcək.
Səfər çərçivəsində liderlər müxtəlif ikitərəfli məsələləri, o cümlədən İsrail-Türkiyə münasibətlərini, dövlətlər arasında əməkdaşlığın genişləndirilməsi potensialını müzakirə edəcəklər.

6-03-2022, 08:22
Qorxmuş Dəniz pərisi

Qorxmuş Dəniz pərisi

Gedənlər bilir, Qara dənizin sahillərinin çoxu daşlıqdır. Qum olan yer az tapılır. Xüsusilə Gürcüstan tərəflərdə. Amma sevimlidir. Yay aylarında orda dənizə girməyin ayrı ləzzəti var. Bu dəfə tətil üçün ən yaxşı yerin Gürcüstanda Qara dənizin sahillərinin olacağını düşündüm. Və ora yollandım.
Əvvəlcə onu deyim ki, turistik tətil üçün Türkiyə qədər mükəmməl olmasa da yaxşı idi Gürcüstan. İstər otelləri, istərsə də insanların tətilə gələnlərə münasibəti. Əgər soruşsalar ki, gürcülərə qonaqpərvər xalq demək olar? Deyərdim ki, hə olar.
Amma şəhərin gözəlliyi və turistlərə münasibətlə bərabər burada xalqların birliyini də görmək mümkündü. İstər xiristian, istər müsəlman, istərsə də yəhudi hamısı dostluq və mehribanlıq şəraitində tətillərini daha yaxşı keçirməyə çalışırdılar.
Tətilin ilk günü dəniz sahilinə gürcü rəfiqəm Keti ilə bərabər gəldim. Mehriban qızdı. Özü də əlindən gələni edirdi ki, darıxmayım tətilim maraqlı keçsin.
Şezlonq aldıq hər ikimiz üçün. Onu da deyim ki, Gürcüstan “ucqar Avropa” sayılsa da demək olar ki, qiymətlər olduqca münasibdi.
Şezlonqlarımızda yerimizi rahatlatdıqdan sonra Keti mənə dənizə girməyi məsləhət gördü. Su möhtəşəmdi. Üzməyi bacarmasam da yetəri qədər dənizin dalğalarının gətirdiyi hərəkəti bədənimdə hiss edirdim.
Mənim yaşadığım şəhərdə dəniz yoxdu. Amma hər fürsəttə suya olan sevgim məni dəniz olan ölkəyə səyahətə gətirir.
Sudan çıxdıq. Bir xeyli günəşləndik. Sonra ingilisə oxşar bir oğlan bizə yaxınlaşıb, rus dilində onlarla voleybol oynamağı təklif etdi. Rus dilində yaxşı bilməsəm də birinin təqribən nə dediyini anlıyıram.
Hər ikimiz bizə oyun təklif edən oğlana baxdıq. Hardasa ingilislərə məxsus üz cizgiləri vardı. Elə ona görə də ingilis olduğunu düşündük. Açığı başqa ölkələrə səfərə çıxan zaman tanımadığımız xalqların nümayəndələri ilə tanış olub, onların mədəniyyəti və dünyagörüşü haqqında məlumat almaq, tətili maraqlı edən nüanslardandır.
Etiraf edim ki, oğlan yaraşıqlı idi. 1.85 boyu olardı. Sarı rəngin qəribə parlaq variantında dəri rəngi vardı. Hələ sizə dəniz rəngində olan gözlərini demirəm. Ona baxdığımızda Keti də mən də düşündük ki, Tanrı bu adama dəniz suyundan göz rəngi düzəldib. Ağzı və burnu çox balaca idi. Sanki bir rəssam bu insanın simasında cazibədar portret yaratmışdı. Belə bir yaraşıqlı oğlanın oyun təklifini geri çevirmək olmazdı. Həm də biz özümüz də darıxırdıq. Dənizə girib, sonra günəşlənib, otelə qayıtmaq maraqsız olardı.
Oyun çox yaxşı gedirdi. Bizə oyun təklif edən oğlanın adının Artur olduğunu öyrəndik. Və hər ikimiz də soyadını soruşmaq ehtiyacı duymadan Arturun ingilis olduğuna qərar verdik.
Mən ingilis dilini bilmirəm. Onunla söhbət etməyə komandanın başqa qızları kimi biz də səy göstərirdik. Keti ona tez-tez ingilis dilində nəsə deyir, cavab alır və arada cavablar ürəyincə olduğunda mənə göz vururdu.
Biz qalib gəldik. Təbii ki, komandanın kapitanı Artur kubokumuzu aldı. Hamımıza kola sifariş etdi. 8 nəfər bir stol arxasında oturduq. Bütün qızlar Arturla danışmaq istəsə də o, gözünü məndən çəkmirdi. Çox zaman söhbət ya ingilis ya da rus dilində getdiyi üçün təbəssümlə kifayətlənməli olurdum.
Sonra heç gözləmədiyim anda Artur Türkiyə türkcəsində mənə müraciət etdi:
- Oyun necə keçdi sizcə?
Güldüm, ingilis deyib danışmağa söz axtardığımız gəncin türk dilində bildiyini bilmirdim. Hamı mənə baxdı. Komandamızın üzvləri Azərbaycan türkü olduğumu bilirdi. Cavabımı Azərbaycan türkcəsində verdim.
- Yaxşıydı. Maraqlı keçdi - dedim.
- Məncə, siz topdan qorxursuz - dedi.
- Balaca vaxtı top dəyəndə möhkəm yıxılmışam - dedim. Ona görə topa asanlıqla əl vura bilmirəm. Amma siz yaxşı oynayırsız.
- Mənə sadəcə Artur de. Siz yox.
Güldüm, yaxşı - dedim.
Ondan sonrakı söhbətlərdə Artur gözlərini gözümdən çəkmədi. Amma bu baxışlar bir xanımı narahat edəcək baxışlar deyildi. Sanki, bu baxışlar - səni tanıdığım üçün çox xoşbəxtəm deyirdi.
Söhbət arasında işindən bəhs etdi. İşini necə sevdiyindən, işi üçün necə əmək sərf etdiyindən. Amma demək olar ki, ingilis və rus dillərini bilmədiyim üçün tez-tez Türkiyə türkcəsində danışır və məni söhbətdən uzaq düşməyə qoymurdu.
Adımı soruşmadı. Nəsə demək istəyəndə Dəniz pərisi deyərək müraciət edirdi. Açığı bu qədər insan arasında belə yaraşıqlı oğlandan xüsusi münasibət görmək mənim də xoşuma gəlmişdi.
Həmin gün və demək olar ki, tətilin sonrakı iki günü Arturla keçdi. Həm mənə, həm Ketiyə qayğıkeş davranır. Özünü bir ingilis əsilzadəsi kimi aparırdı. Artıq heç bir hərəkət etmirdi. Amma günümüz maraqlı keçsin deyə dəridən-qabıqdan çıxırdı.
Qrupdakı hər kəs Arturun mənə xüsusi münasibət göstərdiyini hiss etmişdi. Mənim üçün təşkil edilən xüsusi görüşlər, mənim üçün təşkil edilən - sonu qalibiyyətlə bitən-voleybol oyunları və nələr, nələr.
Oyunlardan sonra söhbətlərimiz zamanı Artur Londonda təhsil aldığını, dayısının İngiltərədə xüsusi nüfuza sahib biri olduğunu dedi. Dayısı ilə fəxr etdiyini, üzdən də, xasiyyət etibarı ilə də dayısına oxşadığını komandamıza tez-tez xatırladırdı. Biz gülürdük. Çünki, Arturun özünü öyməsi o yaşda birinin adi təkəbbüründən başqa bir şey deyildir.
Tətilin 3-cü günü qrupumuzdakı milliyətcə rus olan Vladimir pozuq Türkiyə türkcəsində mənə bir sual verdi.
- Dəniz pərisi (Arturdan sonra kimsə öz adımla maraqlanmamışdı. Qrupda hər kəs mənə “Dəniz pərisi” deyə müraciət edirdi) sən Arturun kim olduğunu bilirsən?
- Yox-dedim. Amma danışığı və özünü təqdim etməsindən belə nəticəyə gəldim ki, kimdirsə, ingilis əsilzadəsidir.
Vladimir güldü və dediyimi təkrarladı: - İngilis əsilzadəsi. Ha ha ha.
Təbəssümü ironiya ilə dolu idi. Başa düşmədim. Keti də təəccüblü qaldı. Hər ikimiz qadın düşüncəmizlə belə nəticəyə gəldik ki, Vladimir, Artur yaraşıqlıdır deyə ona paxıllıq edir. Ona görə ona qısqanc münasibət göstərir.
Tətilin üçüncü günü hər kəs plana uyğun olaraq oyundan qayıdıb kola istirahəti verdikdə öz arzularını deməyə başladı. Hər kəs dedi. Sıra mənə gəldikdə Topxana meşəsində at çapmaq istəyirəm - dedim. Keti ora hardadı deyə soruşdu. Qarabağda dedim. Mən Qarabağın adını çəkəndə Arturun sifət cizgiləri dəyişdi. Mən bitmək-tükənmək bilməyən ehtirasla heç görmədiyim Qarabağın səfasından danışdım. Sonda da mənfur ermənilər dedim. Və danışdığım hər erməni kəlməsində də Arturun daha çox kefi qaçır, gözünü gözümdən yayındırırdı. Səbəbini anlamırdım.
Sənə nə oldu,-dedim. Susdu. Bir ingilis üçün bir erməninin söyülməsi o qədər də problem olmamalıdır dedim.
O isə müharibədə hər şey ola bilər. Azərbaycanlılar I Qarabağ savaşında uduzdu- dedi.
O müharibə deyildi. O adi və aciz ermənilərin acgözlüyünün qırğınıydı. II Qarabağ savaşı göstərdi biz kimik - dedim. Bu dəfə o dığalar əlimizdən qurtulmadı. Bir də Azərbaycan böyük neft ölkəsidir. Yenicə sovetlərin tərkibindən çıxan ölkə deyil artıq, cılız erməni qarşısında aciz qala. Və ardını tez-tez gətirdim. Hamı susmuşdu. Heç kəsin kefi yerində deyildi.
Özüm də əsəbləşmişdim. Bir ingilis onsuz da bir ermənini türkə satmaz dedim. Hər sözümdə mənə cavab qaytarması məni lap qıcıqlandırmışdı.
Keti ortalığın havası yumşalsın deyə dedi: - Ay Dəniz Pərisi, yaxşı ki bu stolda erməni yoxdu, yoxsa didmişdin onu.
- Yox niyə didim. Sadəcə bu stolda oturmağa tənəzzül belə etməzdim. Bizim masaya kənardan baxan da deyər ki, burda erməni yoxdu. Ermənilərin dəri rəngi tünd olur. Özü də böyük və əyri burunları var. Bizim komandamızda elə birisi yoxdu-dedim.
Keti də mən də münasibət daha çox korlanmasın deyə stoldan qalxdıq. Şezlonqlarımıza gedib paltarlarımızı götürdük. Və qərar verdik ki, sabahdan dənizin başqa səmtinə gedib, bir daha bu uşaqlarla münasibət qurmayacağıq. Sağ olsun rəfiqəmi, hər dəfə mən yaxşı olum deyə öz istəklərini qurban verirdi.
Arturun bizə yaxınlaşdığını gördük. Keti: - sözlü adama oxşayır, hələ tələsmə görək nə deyir. Məncə onun səndən xoşu gəlir - dedi.
- Mən bura özümə ingilis sevgili tapmağa gəlməmişəm. İstirahətə gəlmişəm. Amma Azərbaycanda olsaydı yaraşıqlıdır, ona ərə gedərdim - dedim. Güldük.
Artur yaxınlaşıb üzr istədi. Sənə hörmət edirəm dedi. Sən haqlısan ermənilər çox alçaq millətdir. Yemək yedikləri qaba tüpürməkdən başqa heç nə bacarmırlar. Xalqının başına gətirilən bütün ağrı-acının şərikiyəm. Və sənə verdiyim cavablar üçün üzr istəyirəm. Mən səninlə daha yaxından tanış olmaq istəyirəm. Çünki, çox xoşuma gəlirsən.
Susdum. Yenə özünü bir ingilis əsilzadəsi kimi aparır deyə düşündüm.
Əlini uzatdı. Mən - Artur Markaryan – dedi.
Bir anda hər şey buz bağladı. Markaryan soyadı qulaqlarımı cingildətdi. O, ingilis deyildi, erməni idi. Erməni kəlməsi uşaqlıqdan məndə o qədər ikrah hissi doğurub ki, Arturun soyadını eşitmək mədəmə yumruq yeməyə bərabər oldu. Əllərim əsdi. Öz-özümə öyüməyə başladım. Başımı qaldırıb Arturun mənə uzanan əlinə baxanda şəhidim Mübarizin bağlanan əlini xatırladım. O, mənzərə gözlərim önündə canlandı. Ermənilər onun ölüsündən qorxub, əllərini bağlamışdılar. Sonra gözüm Arturun boynundakı xaça sataşdı. Xocalıda sinəsinə dəmir xaçın dağ basıldığı o, uşağı xatırladım. Bir anda sanki bütün şəhid ruhları üstümə gəlib, məni ordan qovurdu.
Özüm-özümü sakitləşdirməyə çalışdım. Həm qorxmuşdum, həm də Arturun qəsdən mənə oynadığı bu oyun məni çaşdırmışdı. Başımı qaldırıb gözlərinin içinə baxdım. Amma bu dəfə o, gözlər mənə dənizdən düzəldilən Tanrı möcüzəsi kimi yox, bir çaqqalın və bir iblisin parıldayan gözünü xatırlatdı. Dik durdum. Düşmən qarşısında əyilmək olmazdı. Qaşqabağımı tökdüm. Ketiyə dedim ki, ona de ki, burdan rədd olsun.
Keti hirslə onu qovdu. Gedək dedi.
Artur ardımızca çığırmağa başladı:-bura Gürcüstandı. Dost ölkədi. Eşidirsən məni, dost ölkə. Burada millətçilik olmaz. Amma unutma, mən “Dəniz pərisi”ni sevmişdim.
"Dəniz pərisi" adı gözəl olsa da Arturun ağzında o qədər çirklənmişdi ki, ikinci birinin məni Dəniz pərisi deyib, çağırmasına dözə bilməzdim.
Otelə necə çatdığımı bilmədim. Keyimişdim. Nə ağlaya, nə də özümü günahkar çıxara bilirdim.
Gözlərimi yumdum. Bütün şəhidlər gözümün önündə canlandı. Sanki hamısı məndən üz çevirmişdi. Onlara yalvarıb bağışlanmağımı xahiş etmək istəyirdim. Amma sözə nədən başlayım, bilmirdim. Tətil deyib keçirdiyim bu üç gün həyatımın ən dəhşətli və ən iyrənc gününə çevrilmişdi.
Azacıq sakitləşim deyə, yerimə paltarlı girib yatmağa çalışdım.. Amma alınmadı. Gözümü yumduğumda Xocalı şəhidləri gözlərim önündə canlanır, bütün ölülər gözlərini açıb mənə - sən günahkarsan -deyirdi. Yuxu ilə reallıq arasında şəhidlərlə danışırdım. Nə dediyimi özüm də bilmirdim.
Telefonun zənginə diksinib ayıldım. Havada 38 dərəcə isti varkən, otaq boş və soyuqdu. Bədənimi buz kəsmişdi. Üşüyürdüm. Dəstəyi qaldırdım. Keti idi. Necə olduğumu soruşdu. Mobil telefonuma zəng vurmuşdu açmamağım onu nigaran qoymuşdu. Telefonda bir neçə saniyə susdum. Sonra mən evimizə getmək istəyirəm dedim. Yaxşı dedi Keti.
Axşam son reyslə evə qayıtdım. Heç kimlə danışmadım. Özümü murdarlanmış hiss edirdim. Müraciət edənlərə cavab vermir, elə hey düşünürdüm, düşünürdüm. Nəyi düşündüyümü də bilmirdim.
Bir neçə gün sonra hava qaralanda Şəhidlər xiyabanına getməyə qərar verdim. Qalxdım, geyindim və getdim.
Birinci bütün şəhid ruhlarına dua oxudum. Sonra diz çöküb hönkürtü ilə ağlamağa başladım. Sadəcə bir söz dediyimi xatırlayıram. “Mən günahkar deyiləm, mən günahkar deyiləm. İstəyim Dəniz pərisi olmaqdı”.

P.S. Arturun ingilislərə bənzəməsinin səbəbi anasının ingilis əsilzadaləri kökündən olması idi. Bütün azərbaycanlılar bilir, ermənilərin qara qaşı və gözü, iri və əyri burnu var. Artur üz quruluşunu anasından almışdı. Dəniz Pərisinin ermənini tanımamasına səbəb bu idi.

Nuray Nəzərova
6-03-2022, 08:01
Son döyüş


Məryəm GƏNCƏLİYEVA yazır: Son döyüş
(Şəhid əmim nəvəsi Murad Məmmədovun əziz xatirəsinə)

Buludlu bir gün idi. Havadan baş açmaq olmurdu. Günəş gah çıxır, gah da günahkar kimi buludun arxasında gizlənirdi. Sanki baş verəcəklərdən xəbərdarmış. Bir gün sonraya döyüş planlaşdırılmışdı. Əsgərlər səhərəyaxın düşmən üzərinə hücuma keçəcəkdilər. İllərdir yağı tapdağına qalan ana torpağı faşist haylardan azad edəcək, yurda rahatlıq gətirəcəkdilər. Bu döyüş üçün hazırlıq gedirdi. Səngər boyu əsgərlər ora- bura tələsir, silah- sursatı yerbəyer edirdilər. Onların gözündə qorxu yox idi. Qalib olmaq, Azərbaycanın bayrağını bu yurdda dalğalandırmaq üçün sanki alışıb-yanırdılar. Onlar həm də çox rahat və sevincli görünürdülər. Bu sevinc əsgərlərin azadlıq eşqindən doğurdu. Şir biləkli oğullara balaca bir qığılcım bəs edər ki, yüz illərdi ocağımızın işartısını kəsməyə çalışanları öz qanında boğsun, bizə kin bəsləyənləri öz kinində dəfn etsin.

Muradın qəlbində bir istək vardı: anasına verdiyi sözü tutmaq, qarşısına qoyduğu məqsədə nail olaraq qalib kimi qayıtmaq: təhsilini davam etdirmək. O, da hamı kimi çalışır, ara- sıra düşüncəyə dalırdı: “Necə olacaq, biz qalib gələcəyikmi? Sualına özü cavab tapırdı. Əlbəttə, biz buraya ancaq qələbə çalmaq, düşmənə bu igidlər yurdunun yenilməzliyini sübut etmək üçün gəlmişik. Gəlmişik ki, 30 ildir öldü- qaldısı bəlli olmayan əsirlərin, erməni vandalizminin qara üzü olan Xocalının, bir milyondan çox yurdunu, yuvasını itirmiş soydaşımızın qisasını alaq. Keçən dəfəki döyüşümüz əla oldu. Düşmənə qan qusdurduq, məhv etdik onları. Aman allah, bunlar necə abırsız millətdirlər. Atalarımız demişkən , “dizimin üstündə oturub saqqalımı yolur”. Rusiyanın maşası olan haylar o boyda “torpaq” qazanıblar, hələ də gözləri doymayıb, yenə torpaq iddiasındadırlar. Keçdi o zamanlar, biz indi Rusiyadan asılı deyilik ki... Bizim müstəqil dövlətimiz, bayrağımız, dilimiz var. Biz bütövlüyümüzü, birliyimizi daha da möhkəmləndirəcək, güclü olduğumuzu sübut edəcəyik. Öz xoşları ilə torpaqlarımızı tərk etmədilər, qırğına çalışdılar. Heç eybi yoxdur, bizim əlimizdə nədir ki?..
Abbas, Əli, Kamil, Hüseyn, Elşən, Altun, Malik, mən...saymaqla qurtarmaz. Keçən dəfə Füzulidə, Cəbrayıldakı döyüşlərimiz dəhşətli olsa da, sonu qələbə ilə bitdi. Axı biz hər qarış üçün döyüşürdük. Düşmən öz istehkamlarını çoxdan möhkəmlətsə də, bizi heç nə qorxutmurdu. Əksinə, daha da mətinləşirdik. Çünki hər kəs buraya nə üçün gəldiyini yaxşı bilirdi, hər kəs “vətən sağ olsun”,-deyə ürəklə döyüşürdü. Sanki hamımız bir anadan doğulmuşuq.

Murad birdən Əlinin səsini eşitdi, daldığı xəyaldan ayrıldı. Əli “Xatırla məni” mahnısını zümzümə edirdi. Muradın dodağı qaçdı:
-Əli, səsin çox gözəldir, niyə bu sahədə özünü sınamamısan? -Fikrim vardı, amma atalar demişkən, “qaçanı qovarlar”. Qoy bu yalquzaqları torpaqlarımızdan qovaq, onda məqsədimi həyata keçirəcəyəm. Məni konsert salonlarında məşhurlarla bir sırada görəcəksən. O zaman uşaqlarına “bu müğənni mənimlə bir səngərdə döyüşüb” deyərsən. Onlar da səndən döyüş xatirələrini danışmağı tələb edəcəklər. Sən də həm vətənin müdafiəçisi kimi qürurlanacaqsan, həm də döyüş dostlarını yad edəcəksən. Murad, mən söz verirəm ki, heç birinizi unutmayacağam. Dostlarımıza da deyək, Allah qoysa, hər il qələbəmizi özümüz bir döyüşçü kimi ayrıca qeyd edək, bu günümüzü unutmayaq, bizim bu günümüz vətən torpağına qucaq açdığımız gündür, dar gündə, çətin anda bir- birimizə dayaq olduğumuz gündür.
Yenə xəyal Muradı ağuşuna aldı, keçən döyüşü xatırladı. ”Onlar səhər açılar- açılmaz hücuma keçmişdilər. Çox agır döyüş gedirdi. Hamı elə bil bircə söz bilirdi: ”irəliyə”. Doğrudan, mənim də gözümdə qorxu yox idi. Düşmənə olan nifrətim rəhm deyilən hissi məndə boğmuşdu.Torpaqlarımızı zəbt edən, yurdumuzu talayan bu yalquzaqlara yerini bildirməli idik. Toplar guruldayır, mərmilər göydə oynayır, canavar yuvaları göyə sovrulurdu. Yerdə açılan böyük oyuqlardan aydın olurdu ki, illərlə hazırlanmış nə varsa, bu gün artıq yoxdur. Hər bir əsgərin, komandirin gözlərindən yorğunluq qarışıq sevinc duyulurdu. Elə bu anda Rauf Həziyevin “Kömək edin, kömək edin, Elşən yaralanıb.” Mən yaxında olduğum üçün özümü sürünə- sürünə Elşənə çatdırdım. Ağır yaralanmışdı, ayağının birini mina aparmışdı. Qan dayanmırdı, amma özümü tez ələ aldım, ayağının qopmuş hissəsinin yuxarısından bərk bağladım və onu kürəyimə qaldırmaq istədim. Huşsuz olduğundan ağır idi. Onu sürüyərək kiçik bir təpəciyə gətirdim. Bir də cəhd etdim, təpənin altına keçdım və onu kürəyimə aldım. Bu zaman ayağımdan bir ağrı qopdu. Hiss etdim ki, mən də yaralanmışam. Vaxt itirmək olmazdı, onu tez aralıda dayanmış təcili yardım maşınına doğru apardım. Məşından bir nəfər mənə köməyə gəldi və o, birdən həyəcanla dedi:
-Sən yaralanmısan ki. Yaralını necə gətirə bildin?
Çox taqətsiz idim, danışmağa gücüm çatmırdı. Amma Raufa yardım etdiyim üçün çox sevinirdim, özümü tamam unutmuşdum. Təcili yardım maşını yaralıları götürüb oradan uzaqlaşdı. Mən də yaramı bağlayıb yenidən öz döyüş mövqeyimə qayıtdım. Elə bu anda bir snayperin məni nişan aldığını gördüm və özümü yana doğru sürüşdürdüm. Hər şey bir göz qırpımında baş verdi. Snayperin atəşi azca aralıda yeri eşdi. İnana bilmədim ki, mən necə qurtara bildim. Düşündüm ki, Allah məni qoruyur ki, hələ lazımam bu vətənə. Bizim olub bizə qalan vətənə”.
Bu dəfə sükutu Əli pozdu. Təəccüblə Muraddan niyə tez- tez düşüncəyə daldığını soruşdu, gülümsəyərək onu sinəsinə sıxdı, buraxdı və sabahkı döyüşə hazır olub-olmadığını soruşdu. Murad:
-Nə danışırsan, biz qisasımızı düşməndə qoya bilmərik, Əli. Havalar da yaxşı keçir. Ulu Tanrı bizə məqsədimizə çatmaq üçün şərait yaradır.
Bu zaman Abbas da onlara qoşuldu, sabah daha da şücaətli olacaqları barədə hamının əvəzindən :
-Keçən döyüşümüzdə itkilərimiz olsa da, onların yuvalarını necə tar- mar etdiyimiz yadınızdadır? Yuvalarını başlarına elə uçurduq ki, bir daha ayağa qalxa bilməsinlər. Bizim yolumuz qalibiyyət yoludur, zəfər yoludur. Bu yolda öldü var, döndü yoxdur. Xatırlayırsınızmı, komandirimiz necə canıdildən çalışırdı ki, hər bir əsgər salamat qalsın, yaşasın. Özü döyüşə birinci atılırdı, bizi qorumaq üçün “əmrim olmadan bir addım da irəli getmək olmaz” deyirdi. Hələ döyüşdən sonra bizi bir- bir bağrına basıb dediyi sözlər bir qələbə rəmzi kimi xatirimdə qalmaqdadır. Muradın komandirimizin yaralanmış ayağını bir oğul qayğısı ilə sarıması, onu odun- alovun içindən qorxu- ürkü bilmədən çıxarmasını heç unuda bilmirəm. Yadınızdadır, komandirimiz bizə nə dedi? Dedi ki :
- Üzünüz xalqımızın və gələcək nəsillərin yanında ağ olacaq.Bizdən sonra gələnlər biz olmasaq da, bizi xatırlayıb deyəcəklər ki, “siz yenidən tarix yazdınız. Xalqımız üçün səhv yazılan tarixin üstündən siz xətt çəkdiniz və bu torpağı sahiblərinə siz verdiniz”.
Murad şeiri çox sevirdi və tez də əzbər öyrənirdi. Bir dəfə “Zəngəzurun səsi” qəzetində Xanlar Zəngəzurlunun bir şeirini oxumuşdu. Şeir onun çox xoşuna gəlmişdi. Birdən şeirin bir bəndini xatırladı və “ bunu sizə yadigar qalsın deyə söyləyirəm”.
O dünyada nə olacaq bilmirəm,
Bu dünya da məni yaman yandırır.
Demirəm ki, könlüm göyə sovrulub,
Tərsə düşmüş zaman məni yandırır.

Murad şeiri bitirən kimi kəşfiyyata getmələrini xatırladı. Elə bu zaman komandir əsgərlərə yaxınlaşdı, onların vəziyyətini yoxladı, hal- əhval tutdu. Əsgərə nə lazımdır, qayğı, sevgi. Komandir əsgərlərdə ruh yüksəkliyi yaratmaq üçün onları bir ata qayğısı ilə süzdü və dedi:
- Aslanlarım, igidlərim, qoç Koroğlunun yadigarları, görək, bu döyüş necə olcaq? Əlbəttə ki, siz varsınızsa, biz istəyimizə nail olacağıq. Atalar necə deyib: “Bir gül ilə bahar olmaz.” Biz sizsiz heç nə edə bilmərik. Qələbənin açarı sizin əlinizdədir, bilirsiniz ki, zəfər zəngi bizim ölkədə çalınmalıdır, üçrəngli bayrağımızı siz dalğalandıracaqsınız, bu vətənin sahibi sizsiniz, bu vətən sizə güvənir”.
Komandirin sözləri gənc əsgərlərə qol- qanad verdi. Onlar verilən bu dəyərdən çox xoşhal oldular. Hər kəsin gözlərindən sevinc oxunurdu. Hazırlıq bitmişdi. Axşamayaxın idi. Səngər soyuq və nəm idi. Əsgərlər kürək- kürəyə oturmuşdular. Onlar bir- biri ilə söhbət edir, gələcək planlarından danışırdılar. Muradı Türkiyədə oxuduğu günləri xatırladı. Arzuları bir- bir qanad açdı. Gülümsədi, anasına verdiyi vədlər yenə onu dilləndirdi. ”Müharibə qurtaran kimi magistraturanı bitirəcəyəm. Anama verdiyim vədi yerinə yetirəcəyəm. Mən anama buraların çox gözəl olduğunu demişdim. Burada hava necə təmizdir, meşələr sıxdır, yabanı alma, armud, əzgil hələ də ağacların budaqlarında adama gəl- gəl deyir. Evlər dağılsa da, burada yaşamış xalqımızın isti nəfəsi hələ də buralardadır. Torpaqdan axan o xoş rayihə qəlbimizə elə hopur ki, düşünürsən ki, mən elə bu torpaqda doğulmuşam, bu torpağın oğluyam. Anama demişəm ki, müharibədən sonra səni buraya gətirəcəyəm, burada sənə gözəl şərait quracağam. Ev tikəcəyik, yurd salacayıq burda. Qoy mənfur düşmənin bağrı çatlasın, görsün ki, yurdun sahibi artıq buradadır. O zaman artıq Humay da universiteti bitirmiş olacaq. Burada müəllim işləyəcək, bu yurda sahib çıxan oğulların balalarına dərs deyəcək, nəvələrin sənin buyruğuna baxacaq, bağda işləyən babalarına kömək edəcəklər. Qardaşım Kamal da buranı çox bəyənər. Ana, bizə burada o qədər ehtiyac olacaq ki. Eh...arzular, arzular...Arzu qədər ömrüm ola. Mənalı, təsirli, yaddaqalan ömrüm...”
Xəyallara dalan Muradı nə zaman yuxu apardı, heç özü də bilmədi. Gecə öz sukutu ilə sanki bir ana laylası, ana nəvazişi göstərirdi əsgərlərə. Səhərəyaxın döyüş əmri verildi və hər kəs öz yerini aldı. Toplar dağa- daşa lərzə salır, düşmən yuvası yerlə- yeksan olurdu. Qulaqbatırıcı səsdən yer- göy titrəyirdi. Muradın xəyalından bir an bu sözlər keçdi:” Niyə həmişə maralların, ceyranların məskəninə yalquzaq maraq göstərir? Axı Allah onların yaşaması üçün də yer müəyyənləşdirib. Elə bu haylar da yalquzaq kimidirlər, gözləri orda- burdadır.”
Düşmən tərəf susurdu. Malikin atdığı topun nərəsindən dağ- daş dilə gəldi. Qarşı tərəf toz- duman içində idi. Orada nələr olduğunu bilmək çətin deyildi. Torpaq göyə sovrulmuş, topun düşdüyü yerdə bir uçurum yaranmışdı . Komandirin “balalarımız, analarımız, bacılarımız sizinlə vardır. Sizsiniz bu yurdun sahibi. Bütün bu gözəlliklər, yer, yurd sizə alqış deyir” sözləri əsgərlərdə ruh yüksəkliyi yaratdı və onlar daha şücaətlə döyüşməyə başladılar. Füzuli uğrundakı döyüş əməliyyatı ilə onlar bir tarix yazmışdılar. O qələbənin fəhmi bu gün onlara “Hadrutu da azad edin” deyirdi.
Azadlıq eşqi ilə alışıb- yanan əsgərlər təpələri, yoxuşları elə keçirdilər ki, sanki düz yolda yüyürürlər. Onların qəlbinə rahatlıq verməyən “böyük Ermənistan” xülyasını puç etməyin vaxtı çatmışdı. Burda-odun- alovun içində qəzəblə sevinc bir- birini əvəz edirdi. Düşmənə qarşı olan qəzəb qanı coşdururdu. Düşmən tərəfdən cavab gec gəlirdi. Hiss olunurdu ki, artıq tükənirlər, məhv olurlar. Köməyə gələnləri də yox idi. Axı onlar “böyük qardaş” üçün əldə bir vasitə idilər.
Günün sonunadək çox ağır döyüş getdi. Əsgərlərimiz xeyli irəlilədilər, çox ərazini azad etdilər. Yüksəkliklər, təpələr əldə edildi. Sanki böyük Yaradanın da səbri tükənmişdi, torpaq uğrunda eşqlə döyüşənlərə yol açırdı ki, ona məxsus olanı əldə etsin. Ara-sıra düşmən tərəfdən atəş açılırdı. Əsgərlərin yorulanı da, yaralanı da ruhlanaraq hücumu davam etdirməkdə israrlı idilər. Heç kəs silahını yerə qoymur, illərin acısını yox etməyə , uçulmuş könül yuvalarını tikməyə hazır idilər.
Murad gözlərini dolandırıb məxməri rəng alan göyə baxdı. Göyün niyə bu rəngə çaldığını bilmək istədi. Ona elə gəldi ki, nədənsə göy qan ağlayır, nəyəsə üsyan edir, razılıq vermək istəmir. Birdən yanında bir gurultu qopdu. Qalxıb boylanmaq istədi, amma bacarmadı. Onun gözlərinə qaranlıq çökürdü. Yaxınlıqdakı əsgər ona doğru süründü, onun başını dizinin üstünə aldı, ürək- dirək verdi. Əsgər də ayağından yaralanmışdı. Murad güclə gülümsədi, üzünü göyə tutdu , baxdı. Göyün üzü tutulmuşdu, günəş sanki xəcalət çəkərək buludun arxasına keçməyə çalışırdı. Murad indi bildi ki, bulud bir qədər bundan əvvəl niyə rəng verib rəng alırdı. Səhər açılandan bu uğultudan, gurultudan səksənərək ora- bura uçuşan quşlar da uçmurdu. Havada olanlar qanad saldı, kol dibində hələ də yaşıllığını qoruyub saxlayan otlar, yabanı çiçəklər boynubükük qaldılar. Qorxudan kol dibinə qısılmış quşlar qımıldanmadı, başlarını boyunlarının arasında gizlətdilər, sanki onlar da bu böyük arzular dünyası olan Muradla birgə həyata “əlvida” etmək istədilər.

Əsgər onun sağalacağını, hələ çox işlər görəcəklərini deyərək ümid versə də, o artıq hər şeyi başa düşürdü. Onun dodaqları aralandı-”Günəş qürub edəndə rəngi saralar”-dedi. İndi mən də qürub edirəm, dostum. Vətən sağ olsun! Biz qalib gələcəyik!”
Bir az aşağı tərəfdə dayanmış tanklar hərəkətə gəldi və nərilti ilə atəş aça- aça düşmən tərəfə üz tutdu. Dəhşətli partlayış səslərini dağlar bir- birinə ötürdü. Murad gözlərini göyə zillədi. Milyon- milyon üçrəngli bayraq göylərə bülənd oldu. Onun solğun üzünə birdən təbəssüm qondu və o, gözlərini göyə dikərək zəfərə doğru yol alan üçrəngli bayraqları seyr edirmiş kimi gözdən qoymaq istəmədi və yenə “Vətən sağ olsun! Biz qalib gələcəyik!” deyib gözlərini əbədi yumdu .
6-03-2022, 07:48
Rəsul RƏXŞANLI yazır:  BRİLYANT  QAŞLI  TƏK  SIRĞA

Rəsul RƏXŞANLI: BRİLYANT QAŞLI TƏK SIRĞA
Bizə təzə direktor təyin olundu. Adətən, təzə ilə maraqlanırlar, haranı bitirib, ixtisası nədi, hardandi və sairə və ilaxır. Bizim də kollektivimizdə maraqlananlar var. Öyrəndilər ki, İnşaat Uni-versitetini bitirib, inşaat materiallarının istehsalı texnologiyası ixtisası üzrə mühəndisdi. Qapı-pəncərə ixtisası sahəsində professordu, elmlər doktorudu, ziynət əşyaları həvəskarıdı.
İlk gündən öz qaydalarını qoydu. O, gəlib gedərkən koridorda kimsə görünməməlidi. Qəbuluna yalnız ayrılmış saatlarda düşmək olacaq, öncədən yazılmaq şərtilə.
Toplantı keçirdi, şöbə müdirlərinə, baş mütəxəssislərə işi canlandırmağı tapşırdı. İşin öhdəsindən gəlməyənlərlə yolların ayrılacağını xəbərdar elədi.
Adamlara qarşı o qədər də marağım yoxdu. Üstəlik Təcrübə-sınaq emalatxanasının müdiriyəm, baş qaşımağa vaxtım olmur. Mütəxəssislərimizin təzə təklifləri üzrə hər cür pəncərə, qapı, daha nələrin nümunələrini düzəldirik, sınaqdan keçiririk. Bəzən özümün fikirlərim, əlavələrim olur. Bəlkə də institutda ən çox işləyən bizimkilərdi. Dilə gətirəndə isə bəzi ağzıgöyçəklərin acığına gəlir. Nə isə.
O, məni çağırdı. Hündür boylu, gövdəli, zəhmli baxışlı bu adam son dəbdəki bahalı paltarda idi, saç düzümü yerli-yerində. Barmağında iri və əcaib qızıl üzük, qolunda qızıl saat qızıl qolbağıyla, bunlar bəlkə də ən yeniləri idi, hər halda mən ilk dəfə görürdüm. Gözündə qızıl gövdəli eynək və ... və bir qulağında brilyant qaşlı sırğa. Hə, masasında da ən bahalı mobil telefonların ikisi, müxtəlif firmalarınkı. Sır-ğası mənə bir qədər təəccüblü göründü. Çünki kişilərin sırğa taxmasına bizdə çox nadir hallarda rast gəlinir. Belə də, tək-tük. Təraşdan sonra üzünə çəkdiyi brend kremin və kişi ətrinin qoxusu gəlirdi. Nə isə. Müasir, bəlkə də ultramüasir görkəmi vardı.
Mən salam verəndə o özünü eşitməzliyə vurub sərt səslə bir başa işdən danışdı:
– Pəncərə düzəltməlisən, - professor çərçivənin uzunluq və hündürlük ölçülərini deyəndə də səsində hökmlülük vardıi,-bacardığının ən yaxşısını.
Gerisini deyəcəyini gözlədim, o isə sözünü bitiribmiş kimi zəhmli baxışını mənə zillədi.
Rəvan səslə soruşdum:
– Necə olmalıdı?
– Dedim dəəə, -professor səsini qaldırdı,- dedim dəəə, əlasından olmalıdııı. Gedə bilərsəəən.
– Çərçivə içindəki hissələrin ölçüləri gərəkdi. Taxtadan, plastikadan ya alüminiumdan düzəldilsin?
O mənə baxsa da cavab vermədi. Davam elədim:
– Çərçivənin içindəki pəncərə qanadları iki bərabər hissədən ibarət olmalıdımı? Qanadlar içəri, yoxsa çölə açılmalıdı?
Direktor soyuq baxışlarını mənə diksə də dilə gəlmirdi. Mən:
– Bəlkə vitraj pəncərə? Bəlkə veka?
Gərək ki, professor fikrə getmişdi və:
– Materialın taxtadan olması üstün sayılııır? İndi plastikadan dəbdədiii?
– Mən taxtaya üstünlük verirəm, - deyəndə professorun gözlərində sual yarandığını hiss etcək aydınlıq gətirdim, - təbii materialdı. Taxtadan olacaqsa hansı ağac növünə üstünlük verilsin?
O cavab vermədi. Fəqət sual da vermədisə baxışından hiss elədim, könlündən keçdi ki, onu maraqlandıranı anlayım və çavablandırım. Elə də etdim.
– Əgər pəncərə küçəyədisə, onda yanındakı küçəyə baxan digərləriylə eyni dizaynda olmalıdı. Otaqdan eyvanadısa, yanındakı qapıya münasibliyi nəzərə alınmalıdı. Onların şəkilləri olsaydı, aydınlaşdırılardı, ya da yerində baxılmalıdı.
Mən dedikcə o fikirləşirdi, tərəddüd içində qəflətən:
– Gedə bilərsən,- dedi.
İki gün sonra təkrar çagırdı, şəkil və ölçülər yazılmış kağız parçası verdi. Tapşırdı ki, şəkildəkinə uyğun olmalıdı, kənara çıxmağa yol verilməsin, bacarığımı göstərim, müdir vəzifəsinə layiqliyimi təsdiqləyim.
Təcrübəli, vaxtıyla “Qızıl əllər” müsabiqəsinin diplomunu almış baş ustaya işi həvalə elədim, özüm də baxırdım. Hazırlananda direktoru telefonla xəbərlədim. Gəlib diqqətlə baxdı. Söz demədi, nə yaxşılığına, nə də pisliyinə. Ətrafı nəzərdən keçirdi, emalatxanamızın imkanlarıyla yerindəcə tanış oldu.
Kimlərsə gəlib pəncərəni apardı. Direktordan soruşdum ki, bunu necə qeydə alaq? Sifarış kimi? Ödəniş necə ediləcək? Nağd yoxsa köçürməylə? Onun qaşlarının düyünləməsindən mənə hər şey aydınlaşdı. Kabinetdən çıxmağa ayağa qalxanda sözə ehtiyac yox idisə də o, bir-ikisini dedi:
– Səni bu vəzifəyə kim qoyuuub? Yerinin hara olduğunu mən taparaaam.
Fikrimə ilk gələn nə oldu? Deyəsən axı, bu öncəkindən də insafsız-mürvətsizdi. Otağıma gircək masa arxasında rahatsız oturdum.
Direktor haqda təzə söhbətlər gəzirdi. Elmi şurada, texniki şurada görülmüş işlər haqda çıxışçılara diqqətlə qulaq asır. Sonra işlərin hər birinə qulp qoşur. İşin səviyyəsini qaldırmağı tələb edir. Danışığı adi, çoxişlənən sözlərlədi. Onun professorsayağı mütəxəssis rəyi söyləməsi yoxdu, dilindən elmi terminlər, texniki ifadələr çıxmır.
Başım işə qarışsa da bir qulağım səsdə idi. Nəhayət, çağırdı. Emalatxana binasından kabinetə qədər yol boyu düşünürdüm ki, görəsən məni hara keçirəcək. Təkəbbürlü görünən direktor üzümə baxmadan:
–İki qapı düzəltməlisən, - deyib qarşısındakı şəkilləri barmaqlarıyla mənə tərəf sürütlədi, - diqqətlə bax, kənara çıxmayasan.
Şəkillərə baxdım, diqqətlə. Sual vermək məcburiyyətində qaldım. Özümü toplayıb suallarımı verdim, fəqət ipək yumşaqlığıyla:
– Mənzil qapılarıdı. Bu ,- barmağımı yaxındakı şəklə qoydum,- mənzilə giriş qapısıdı.
Direktor:
– Hə, düz tapmısan,- lağla dilləndi.
– Göstərilmir, neçə kilid quraşdırılmalıdı?
O üzümə baxdı, gözlədim, nəsə demədi.
– Bir dəstəli kilid quraşdırılmalıdı, buna söz yox.
– Deməli, bunu bilirsən, - eyni tərzdə lağla davam etdi.
– İkincisinə, dəstəksizinə də ehtiyac varmı?
– Olsun, nəyi pisdi, - sualimi cəld sualla cavablandırdı.
– Gözlük də qoyulsunmu? Qapı zəngini səsləndirəcək adamı görməyə.
– Gərəkdi! Hökmən qoyulsun! Bunu da soruşarlarmı?
Şəklin digərini əlimə alıb gözdən keçirdim.
– Bu isə mənzil içi qapısıdı, otağa açılanı.
– Yox, yox, bunda səhvin var,- o mənə irad tutmağa tələsdi,- duşxananın qapısıdı.
– Bu böyüklükdə niyə? Bəlkə qısaldaq, qapının üstünü şüşəli edək?
Direktor düşünürdü.
– Həm də enlidi. Bəlkə daraldaq?
O düşünməyində, mənsə şəkli araşdırmağımda idim.
– Duşxanada suqızdırıcı dururmu? Durursa elektriklə ya qazla qızdırılır?
– Qazla qızdırılan suqızdırıcıdı.
– Elə isə qapının aşağı hissəsində dəliklər açılmalıdı.
Direktor mənə təəccüblə baxdı.
– Hava cərəyanına şərait yaradılması vacibdi, təhlikəsizliyin tələbidi, - ehmalca bildirdim.
Özünü toplayan direktor söhbəti yekunlaşdırdı:
– Tez lazımdı, tez, - tapşırdı, - səndən başqalarına da göstəriş verməliyəm, iş tapşırmalıyam. Gedə bilərsən.
Baş ustaya işi qısaca izah elədim, o peşəkar idi, söz ağzımdan cıxanda fikrimi göydə tuturdu. Yüksək səviyyədə və qısa müddətdə icrasını tapşırdım. Hərdən göz gəzdirirdim. Kimlərsə onları apardı. Direktordan şikayət, irad gəlmədi. Ödəniş-filan söhbətini nə mən açdım, nə də direktor dilinə gətirdi. Hə, deyəsən bununla xəta-bəla başımdan sovuşdu axı. Sifarişlərsə artdı. Emalatxanamız mütəxəssislərimizin təklif etdikləri yeni modellərlə yanaşı direktorun tapşırdıqlarını da yerinə yetirirdi. Onsuz da işdən, necə deyərlər, gözümüzü aça bilmirdik, daha da artdı.
O, dəmir darvaza düzəltmək tapşırığını şəkilsiz izah elədi. Ölçülərini də dedi. Üz-gözünü turşutdu ki, ayağa qalxım. Mən daha nələrsə deməsini gözləyirdim. O baxıb yəqin ki, anladı və cəld görünüşünü, dizaynını mənim zövqümə etibar etdi. Sual verməli oldum, yumşaqcasına. Həyət üçündü, qaraj üçün? Bərli-bəzəklisinimi, sayasınımı? Darvaza qanadında qapı lazımdımı? Hansı qanadında? Pultla açılanımı? O da bildirdi ki, indi vaxtı yoxdu, bu haqda sonra danışarıq. Danışdıq. Mənim ürəyimcə olan küçədən həyətə açılacaq darvaza yaratdım, ortasında qapı. Bu dəfə də ödəniş söhbəti açılmadı.
Günlər ötdü, irad eşitmədim. Sifarişlər daha da artdı, çeşidlər genişləndi. İşləməkdən əldən düşürdük. İşçilər dilə gəlirdi. Yuxarıdan təyin olunan direktoru yola verməliyik, deyirdim.
Fasilədə mühəndis masama açıq halda qəzet qoydu, şəhadət barmağıyla sağdakı məqaləyə işarə vurdu. Oxudum, aktual məsələyə həsr olunmuşdu. Alim adı, elmi dərəcə almaqdan ötrü elmlə məşğul olmaq vacib deyilmiş. Yazanlarla dil tapırsan, sənin adından dissertasiya yazırlar. Sənə əzbərlədirlər, elmi şurada baş verəcək sual-cavabın məşqini aparırlar. Yəni elmi şuranın hansı üzvü sənə necə sual verəcək və sənin cavabın necə olmalıdı. Nə isə. Səninçün necə yazırlarsa eləcə də elmi şurada müdafiəni təşkil edirlər, alimlik diplomunu verdirirlər. Demə, son illərdə bu da biznesə çevrilibmiş. Məqalənin sonunda müxbirin yüksək vəzifəli şəxsə müraciəti vardı, münasibət bildirməsini rica edirdi. O nə desə yaxşıdı? Yuxarının xəbəri var, diqqətdə saxlanılır, müzakirə olunub, tədbirlər görüləcək.
Bizə iri qaraj darvazası tapşıran günün sabahı xəbər yayıldı ki, direktor qonşu ölkədəki şirkətini yoluxmağa gedib. Direktorun olmadığı günləri rahat nəfəs aldım.
İl ötmüşdü, təzə qəzet aludəçisi mühəndisin əlində bir topasını görəndə yalançı dissertasiyalarla bağlı hansı tədbir görüldüyünü soruşdum. Haçandan-haçana yadına düşdü. Nəsə yazılmadığını bildirdi. Soruşdum:
– Həmin müxbirin imzasıyla son günlərdə yazı çıxıbmı?
– Yox, son yarım ildə rast gəlməmişəm,- cavabı verdi.
Fikrə getdim. Güman ki, müxbirə dəyib-dolaşıblar. Bu biznes davam edirsə onun başında duranlar güclü adamlardı. Hə, belələrinə nədənsə məhz güclü adamlar deyirlər.
Mühəndis təzə xəbərlə otağıma girdi, direktorumuz da sifarişlə dissertasiya yazırmış, müdafiədən də keçirir. İnstitutumuzdan birisi sifariş verib, hələ ki, adı sirr saxlanır. İnanmağım gəlmədi, axı beləsi necə yaza bilər? Şöbəsi yox, tədqiqat aparmır. Hələ bir elmi əsər, adi məqalə yazdığını görməmişik, eşitməmişik. Fikrimdən keçdi ki, bizim professor kiməsə yazdırır. Öz adından üzə çıxarmasının səbəbi olmamış deyil. Yəni bu da professorsayağı yaza bilir, elmi rəhbərliyi bacarır. Yəqin maddi maraq da olmamış olmaz. Mühəndis fikrə getdiyimi anlayıb nə düşündüyümü soruşdu. Mənsə başımı o yan-bu yana hərlədim.
Yadıma öncəki illər düşdü. Universiteti fərqlənmə diplomuyla bitirmişdim. İnşaat materialları üzrə elmi-tədqiqat texnoloji institutuna işə düzəldim. Qəbula görə mənimlə şəxsən söhbət etmiş direktorumuzla koridorda rastlaşanda dedi ki, hazırlaşım, aspiranturaya qəbul imtahanlarını verim, elmi işlə məşğul olum. İmtahanları ən yüksək balla verdim. Özü mənə mövzu təklif etdi, özü elmi rəhbərim oldu. Maraqlanırdı, məsləhətini əsirgəmirdi. Yazdığım məqalələri yoxlayırdı, lazımı düzəlişləri edirdi. Elm necə də gözəl sahə imiş. Sən fərqli nəsə yaratdığına əmin olanda pərvazlanırsan. Qurtarhaqurtarda direktorumuz dünyasını dəyişdi. Yerinə gələn özünü guya rəsmi aparırdı, mənimlə maraqlanmadı. Özüm qəbuluna düşdüm. Olayı söylədim, yazdığım dissertasiyanı masaya qoydum. Dedi ki, işi həddən artıq çoxdu, bu məsələyə sonra, boş vaxt ta-pılanda baxar. Boş vaxtı tapılmadı, dissertasiyamı da qaytarmadı, etiraf etdiyinə görə hara atdığını unudubmuş. Xeyli gözlədim, qaytarmadı, həvəsim söndü.
Rəhbərimi işçilər seçmişdi, səsvermə yoluyla, ümimi toplantıda. Bunusa təyin etmişdilər. Bunun, necə deyərlər, Əlinin papağını Vəlinin başına, Vəlininkinisə Əlinin başına qoymağı vardı. Təyin edənin çaldığıyla oynadığından kreslosunda rahat oturmuşdu. İllər ötdü, institutumuzdan birisi həmin dissertasiyanı müdafiə edib alim adı aldı. Sadəcə dissertasiyanın adı dəyiş-dirilmişdi, bir də giriş hissəsi. Hay-küy qaldırmaq istədim. Başa saldılar ki, dissertasiyanın elmi rəhbəri indiki direktor yazılıb, dünyasını dəyişmiş yox. Təyin olunan direktorun nələrə qadir olduğunu təsəvvürümdə belə canlandıra bilmərəm. Məni qanunla elə qovar ki, institut üzünə həsrət qalaram. O arxalıdı, harasa şikayət etməklə onu cəzalandırmaq mümkün olmaz. Mumlamağım məsləhətdi. Artıq dissertasiya əldən getdi, heç olmasa işim əldən çıxmasın. Mumlamağına mumladım. Könlümdən nə keçsə yaxşıdı? Axı yuxarıdakılar niyə səriştəsizlərə, savadsızlara, əyrilərə arxa dururlar?
Qayıdım təzə direktorumuza. O dilini saxlamağı bacarsa da bizimkilərdən kimlərsə farağat durmurdu. Haralardansa, nə təhərsə, nələrisə öyrənə bilirdilər. Üzə çıxdı ki, okean sahilində, ekvatora yaxın ölkədə villası varmış. Yay istirahətini ailəsi ilə orada keçirirmiş. Məzuniyyətdən qaralmış qayıtmışdı, ötən yaylarda olduğu kimi, deməli, villası cənubdadı.
Telekanalda göstərildi ki, bizim professorun iri həcmli, rəngli şəkillərlə dolu kitabı nüfuzlu nəşriyyatda nəfis halda nəşr edilib, böyük tirajla. Kitabın üz qabığı da göstərildi, baxımlı idi. Alıb oxudum. Bunu səviyyəli, səriştəli mütəxəssis yazmışdı. Hər şey yerli-yerində. Elmi ifadələr, texniki sözlər, üslub və dil gözəl, şəkilaltı yazılar müvafiq. Oxucu necə düşünməsin ki, kitabın müəllifi bu sahənin həqiqi professorlarındandı.
Kitabın təqdimatının Akademiyanın böyük zalında keçirildiyi də telekanalda göstərildi. Sanballı adamlar kitab haqda bir-birindən müsbət, gözəl rəylər söylədi. Hətta, nüfuzlu qəzetdə tanınmışların imzasıyla iri rezenziya dərc edildi. Başdan-ayağa tərifdən ibarət yazı zəngin, gözəl cümlələrlə qələmə alınmışdı. Düşündüm ki, yəqin kitabı da elə bunlar yazıb...
Direktor eyvan üçün iri şüşəbənd və eyvana açılan qapı-pəncərə tapşırdı. Ölçülərini verib, qalan hər şeyi mənim zövqümə həvalə etdi.
Səs yayıldı ki, hansısa yüksək reytinqli beynəlxalq jurnalda professorun elmi məqaləsi dərc olunub, yeni qapı-pəncərə növlərinə, modellərinə aid. Məqalə əcnəbi dildə yazılıbmış, bizim professorun bilmədiyi dildə. Mənə maraqlı gəldi, əlimə düşsəydi oxuyardım, həmin dili bilirəm. İnstitutda söhbət hərləndi-fırlandı ki, o axı belə elmi işlə məşğul olmur, tədqiqat aparmır. Məqalə hardan çıxdı ortaya?
Direktorun müavini və elmi katibimiz yaman əl-ayağa düşmüşdülər. Məlum oldu ki, yaxınlarda Akademiyaya seçkilər keçiriləcək, direktorumuz da iştirak edə-cək, onun sənədlərini hazırlayırlar. Təqdimata bir qalaq sənəd gərəkmiş. Bir yerə dörd nəfər sənəd veribmiş, seçkilərdə rəqabət güçlü olacaqmış. Bizimkilərin pıç-pıçını mühəndis mənə çatdırdı. Səviyyəli mütəxəssislərimizin fikrincə Akademiyaya seçilmək direktorun başı girən kol deyil, sənədlərə sərf ediləcək kağız-kuğuz hayıfdı. Institutumuzdan filankəs seçilməyə layıqdi, elmi əsərləri, monoqrafiyaları yerli-yerində. Nə qədər yenilikləri istehsal edilir, uzun illərdi tikintidə tətbiqdədi. İstedadlı gənclərdən alimlər yetişdirib. Əyriliklə, pisliklə arası yoxdu. O filankəsi sənəd verməkdən direktor necəsə kənarlaşdırıb. Kimlərsə deyir ki, direktorumuz elmdar olmasa da işgüzardı, seçilə bilər.
Komissiyanın elan etdiyi nəticəyə görə professorumuz keçdi, bir başa akademik. Pıçıldaşdılar ki, özünün işgüzarlığıyla yanaşı arxasındakılar da güclüdü. İşçilərimizin bir qismi hədiyyələrlə onu təbrik etməyə kabinetin qapısı ağzında sıraya düzülmüşdü. Aralarındakı təkcə qadının əlində gül dəstəsi vardı.
Növbəti tapşırığı dilimdən qızıl əlli baş ustamız dinləyəndə sanki kükrədi:
– Bu nədi? Lap ağ eləyib. Bilmirəm institutun yeni işlərini, təkliflərini hazırlayım, yoxsa bununkuları. Bezmişəm. Yox, belə yaramaz. Mən qurtardım, yox deyirəm institut işi olmayanlara. Kimə istəyirsənsə ver, düzəltsin.
– Özünü ələ al, qovlanarsan,-birbaşa, açıq işarə vurdum.
– Bir də deyirəm, mən belə işlərlə qurtardım. Necə qovlaya bilər? İnstitutun ən çətin tapşırıqlarını yerinə yetirirəm, kənar işlərə baxmayaraq plan işlərini verirəm, hamıdan da gözəl.
– Başqaları qovulan kimi. Bəhanə tapmağa nə var? Bir-iki töhmət verib qovlayar, qanuna uyğun.
Onu başa saldıqda belə hirsi soyumadı:
– Mən ki, öhdəmə düşən işdən imtina eləmirəm, - usta özünə əminliklə sözünü bitirdi.
Hazırlanmış şeylər aparıldı. Direktor məni çağırıb işin keyfiyyətindən razı qalmadığını acıqlı tərzdə bildirdi. Səbəbini soruşdu. Demək məcburiyyətində qaldım. O qətiyyətlə qərarını eşitdirdi.
– Baş ustamız əslində zərgər dəqiqliyi ilə işləyəndi. Bəlkə ona dəyməyəsiz? Onu necəsə maraqlandırasız? Məsələn, mükafatlandırasız.
– Buraya direktor mən qoyulmuşam, - kinlə dedi, - onu atacağam çölə, başqalarına ibrət olsun!
İsrar etsəydim öz halımı təzədən əngəlləyərdim.
Direktor emalatxanamızın ştatındakı baş usta vəzifəsini ixtisara saldı, qızıl əllər çölə atıldı. Baş usta haqsızlıqdan dəm vurdu, məhkəməyə şikayətləndi. Məhkəmə onu yerinə bərpa edə bilmədi, ya da istəmədi.
Ustalarımızın əl işləri direktoru qane etmirdi. Əlbəttə, qızıl əllər hara, adi əllər hara. Beynimdə peyda olan fikir hansı oldu? Daha tapşırmaz. Hamımız təngə gəlmişik. Di gəl ki, direktorun beynində peyda olan mənimkindən fərqli idi. Tapşırıqlarının ardı-arası kəsilmədi, keyfiyyəti yüksəltmək haqda tələbini də hər dəfə təkrarlayırdı.
Şəkilləri qarşıma qoyanda direktor qərəzli baxışlarını mənə zilləyib tapşırığını verdi. Diqqətlə dinlədim, anladığımı başımı tərpətməklə çatdırdım, sualarımı verdim. Problemi necə deyəcəyimə çətinlik çəkirdim, fəqət deməli idim. Yumşaq səslə, lakin üzüntülü tərzdə dedim ki, emalatxanamıza ayrılmış illik materialı işlətmişik. Maşın gəldi, malı boşaltdıq, ötən ildəki kimi. Tapşırığı yerinə yetirməkdə davam elədik.
Lift gözləyəndə tindəki pilləkənlə kimlərinsə yuxarıdan düşərkən asta danışığını eşitdim. Biri söruşdu ki, niyə? Digəri cavab verdi ki, o istedadlıdı, irəli getsə əngəl törədər. Beləsini əl altında işlətmək düzgündü. Danışanlar aşağı mərtəbə pilləkəninə keçərkən ehtiyatla dönüb arxalarınca baxdım. Cavab verəni tanıya bildim, direktor idi. Hə, deməli, yetim haqqında söhbət gedirmiş. İnstitut əməkdaşımızın biri uşaq evində böyüdüyündən bəziləri öz aralarında ona zara-fatca yetim deyirlər. İllərdi ki, dissertasiyanı öz əlləriylə işləyib, öz başıyla yazıb, səbirlə müdafiəyə buraxılacağını gözləyir. Təzə direktor gələndə güman olundu ki, bəlkə ona yol aça. Bu da belə çıxdı.
Günlərin birində direktorumuz işə gəlmədi. Kimsə haradansa öyrənib günorta çağı bizə çatdırdı ki, tikinti sənayesi nazirinin müavini təyin edilib. Hə, brilyant qaşlı tək sırğa taxan direktor yuxarıya aparıldı. Başımızdan uzaq oldu. Kaş təzə direktorumuzu kollektivimizin seçməsinə imkan veriləydi. Axı biz özümüzünküləri, sahə mütəxəssislərimizi yaxşı tanıyırıq.
Qapım açıldı, ikisi içəri girdi. Onlar direktorun axırıncı tapşırığını, yəni İkiqat hazırlanmış üç dənə iri pəncərini aparmağa gəlmişdilər. Direktor yadıma düşdü. Hər dəfə o yada düşərkən nədənsə tək sırğa taxan kişilər gözlərimin qabağına gəlir.





6-03-2022, 07:42
Azərbaycandan Rusiyaya bütün aviareyslər dayandırıldı
Azərbaycandan Rusiyaya bütün aviareyslər dayandırıldı

Martın 6-dan Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin tövsiyəsi ilə beynəlxalq uçuşlar zamanı yaranan risklərlə əlaqədar Rusiya aviaşirkətlərinin Azərbaycana reysləri qeyri-müəyyən müddətə dayandırılır.
Bu barədə Azərbaycan Hava Yolları (AZAL) QSC-dən məlumat verilib.
"Vəziyyət həmçinin tətbiq edilən sanksiyalarla bağlı beynəlxalq aviasiya sığortası və təkrarsığorta bazarında son dəyişikliklərlə əlaqəlidir. Bu dəyişikliklər Azərbaycanın milli aviadaşıyıcısının fəaliyyətinə də təsir göstərmişdir. Mövcud şəraitdə AZAL və sığorta şirkətləri yaranmış vəziyyəti ətraflı təhlil etməli, bütün mənfi və müsbət təsirləri qiymətləndirməli, öz siyasətlərində bütün mümkün dəyişiklikləri araşdırmalıdırlar. Uçuşların təhlükəsizliyi AZAL aviaşirkətinin siyasətinin mühüm meyarlarından biridir. Beynəlxalq uçuşlar yerinə yetirilərkən tam sığorta imkanının olmaması ölkələrimizin vətəndaşları, aviaşirkətlər və digər hüquqi şəxslər üçün əsassız risklər yaradır. Yuxarıda qeyd olunanlarla əlaqədar Azərbaycan Hava Yolları və “Buta Airways” aviaşirkətləri 6 mart tarixi saat 08:00-dan etibarən Rusiya Federasiyasının şəhərlərinə bütün reysləri dayandırır. Bütün sərnişinlərdən aviaşirkətlərin sosial şəbəkələrdəki rəsmi səhifələrində və kütləvi informasiya vasitələrində aviaşirkətin reysləri haqqında son məlumatları izləməyi xahiş edirik. Ləğv edilmiş reyslərin sərnişinləri uçuş tarixini dəyişmək və ya cərimə tətbiq edilmədən biletlərin dəyərini geri almaq hüququna malikdirlər".
6-03-2022, 07:27
Çarpışa-çarpışa gəncliyini geridə qoydu.


Çarpışa-çarpışa gəncliyini geridə qoydu.

Eldar Şamxal oğlu Abasov 1952-ci ildə martın 3-də Zəngəzur mahalında, Qafan rayonunun Yuxarı Girətağ qəsəbəsində anadan olub. 1968-ci ildə Gığı kənd orta məktəbini qızıl medalla bitirib. Elə həmin il də N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə qəbul olub. Ali təhsil illərində əlaçı olduğu üçün “Nərimanov” təqaüdü alıb. 1974-cü idə ali məktəbi fərqlənmə diplomu ilə bitirib.
Savadı, yüksək intellekti ilə fərqlənən Eldar Abasov zəngin mənəviyyatı, əxlaqi keyfiyyətləri və mədəni səviyyəsilə də seçilirdi. Odur ki, ali təhsili başa vurduqdan sonra institutun elmi şurasının qərarı ilə travmatologiya-ortopediya kafedrasında saxlanıb. 1975-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunda laborant, 1976-1979-cu illərdə N. V. Nasonov adına Elmi Tədqiqat Revmatologiya İnstitutunda aspirantura da oxuyub, 1980-ci ilin əvvəllərində isə həmin institutda doktorant təhsili alıb. 1986-cı ildə doktorluq dissertasiyası müdafiə edərək tibb elmləri doktoru elmi dərəcəsi alıb.
Eldar Abasov Moskva şəhərində elmi işlərini uğurla yekunlaşdırdıqdan sonra vətənə qayıdıb. 1987-ci ildən 1994-cü ilə qədər Həkimləri Təkmilləşdirmə İnstitutunda kafedra müdiri işləyib. 1994-2006-cı illər ərzində Respublika Elmi-Artroloji Mərkəzin direktoru vəzifəsində çalışıb.
Həmişə ictimai fəallığı, təşkilatçılıq qabiliyyəti ilə seçilən E. Abasov 1990-cı illərin ortalarında özünü siyasət meydanında da sınamaq qərarına gəlib. Beləliklə 1995-ci il noyabrın 26-da keçirilən Parlament seçkilərində . Nərimanov seçki dairəsindən bitərəf namizəd olan Eldar Abasov I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 26-dan səlahiyyətlərinin icrasına başlayan deputat Milli Məclisin Sosial Siyasət Daimi Komissiyasının üzvü, Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun isə rəhbəri olub.

O, loğman şəfasını, təbib məlhəmini, insani xeyirxahlığını kimsədən əsirgəmədiyi kimi, Millət Vəkili olanda da heç kimi naümid buraxmayıb. İstər öz seçicisi müraciət etsin, istərsə də heç tanımadığı biri, hamıya eyni münasibəti, eyni qayğını göstərib. Bir sözlə əlindən gələn köməyi heç kimdən əsirgəməyib. Bu fikirlərimi Eldar Abasovla gənclik illərindən bir yerdə olan, bir-birini uzun illərin sınağından keçirən Moskva Dövlət Universitetinin hüquq fakültəsinin müəllimi Asif Əmirov belə davam etdirir:
Mən Eldarı Moskvada aspiranturada oxuduğumuz vaxtlardan tanıyıram. İxtisaslarımız fərqli olsa da, ilk vaxtlardan yaxın münasibət qurmuş, bir-birimizə isnişmişdik. Onu deyim ki, Eldar Abasov ilk baxışından hiss elətdirirdi ki, ziyalı ailəsində, çox uşaqlı ailədə böyüyüb, müəllim tərbiyəsi alıb. Onun nəcib keyfiyyətləri, xeyirxahlığı hər addımında nəzərə çarpırdı. O, təkcə öz qohumlarına deyil, tamam kənar adamlara, tanımadıqlarına, belə kömək eləyib. Həmişə çalışıb ki, xeyirxahlığı ilə yadda qalsın, elə də olub. Eldar savadlı olduğu qədər də təmiz, vicdanlı adamdır. Dostluqda təmənnasızdır. Bizim bir- birimizə çox köməyimiz dəyib. O, elə bir adamdır ki, istənilən adam istədiyi vaxtda ona müraciət edə və istədiyi köməyi ala bilər.

Mən əzizim Eldarı belə görüb, belə tanımışam. Hər ikimiz yetmişi haqlamışıq. Geri dönüb onun keçdiyi şərəfli ömür yoluna baxanda ancaq xoş duyğularla, xoş əməllərini xatırlayırıq. Onun Moskvadan getməyini istəmirdim. Özünə də demişdim. Dedim, getmə. Sənin mentalitetin başqadır. Bakı mühitində yaşamağın çətin olacaq. Amma məsələ orasındadır ki, Eldar çətinlikdən qorxan deyil. Məni eşitmədi, getdi, bütün qarşısına çıxan çətinliklərə də mərdliklə sinə gərdi. Uğurlar qazandı. Qaragüruhlarla çarpışa-çarpışa gəncliyini geridə qoydu.
Dostuma bundan sonra dinc həyat, sağlam ömür arzulayıram!
İstər tibb aləmində olsun, istər başqa sahələrdə, Eldar müəllimin dostları, ona güvənənlər, onun özünün güvəndikləri kifayət qədərdi. 70 illik yubileyi münasibətilə professoru təbrik etmək istəyən belə dostlardan biri də Zülfüqar Kazımovdur. Zülfüqar müəllim öz ürək sözlərini belə ifadə elədi:
“Adam adətən xətrin əziz tutduğu, bir yerdə çox oturub durduğu, hər çür tərifə layiq bildiyi dostu haqqında xoş söz deməyə çətinlik çəkir. Çünki biri sənin dostundursa, deməli eyni təbiətli, eyni xasiyyətli adamlarsınız və hər birinizin atdığı addım digərinə xoş gələr. Amma Eldar Abasov elə bir adamdır ki, onun həyatı da fəaliyyəti də göz qabağındadır, şəffafdır. Onun haqqında boğazdan yuxarı danışa bilməzsən. Bəlkə ətrafdakılar onu hamıdan yaxşı tanıyır. İstər həkim kimi, istər universitet müəllimi kimi, istərsə də Milli Məslisin deputatı seçildiyi vaxtdan cəmiyyətimizin bütün zümrələri ilə sıx təmasdadır. Bircə onu deyə bilərəm ki, Eldar Abasov həm ziyalı kimi, həm el adamı kimi, həm nümunəvi ailə başçısı kimi örnək götürəsi kişidir. Fəxr edirəm ki, biz dostuq. O, dostluqda sədaqətli, yoldaşlıqda etibarlıdır. Dostumu təbrik edirəm, 100 il ömür arzulayıram!”
Zəngəzur mahalının Kiçik Qafqaz dağ silsiləsində cənubdan Xustub, şimali qərbdən Qapıcıq, qərbdən Şəhərcik və Açağu kəndlərinin şərik olduğu Çiməndagı arasında yerləşən Dağ Girətag kəndində dünyaya göz açması, içdiyi saf sular, udduğu təmiz hava, uşaqkən dırmandığı sərt qayalar Eldar Abasovun şəxsiyyət kimi formalaşmağında mühüm rol oynayıb. Bəlkə elə bu qədər qürurlu olması da uşaqlıqdan baş-başa verdiyi əzəmətli dağların onun ruhuna hopmuş bir hikmətidir.
Onun adı çəkiləndə, başlıcası yüksək insani keyfiyyətlərə və daxili mənəviyyata malik qayğıkeş insan, həkim-professor, cərrah gəlir gözümün önünə. Onun elm fəliyyətinə qiymət vermək azman sənət adamlarının işidir. Biz sadəcə onun üzv olduğu beynəlxalq tibbi cəmiyyətlərin adını saymaqla kifayətlənəcəyik.
Əvvəlcə onu qeyd edək ki, Eldar Abasov 2006-cı ildən Azərbaycan Tibb Universitetinin Travmatologiya kafedrasının professoru vəzifəsində çalışır. Bu illər ərzində o, öz sahəsi üzrə 11-dən çox tibb elmləri namizədi və elmlər doktorları yetişdirib. 150-dən çox elmi əsərin, 2 kitabın 4 monoqrafiyanın müəllifidir. AAOS Amerika Ortopedlər Cəmiyyətinin, EULAR Avropa Revmatoloqlar Cəmiyyətinin və TOTBİT- Türkiyə Travmatoloqlar və Ortopedlər Cəmiyətinin üzvüdür. İngilis və rus dillərini mükəmməl bilir.
Eldar müəllim yanına gələn, ona müraciət edən hər bir insana, hər pasientə fərdi yanaşır. O, bu günə qədər minlərlə insanın sağlamlığı keşiyində durub, öz yumşaq qəlbi və şəfalı əlləri ilə xəstə insanlarda yenidən yaşamaq, yaratmaq eşqini bərpa edib. Demək olar ki, onda insanlığın universal keyfiyyətləri cəmlənib. Belə ki, istər vətənə bağlılığı, istər təbiətə məhəbbəti, istərsə də insanlığa olan qayğı və sevgisi Eldar Abasovda bir başqadır. Onunla həmsöhbət olanda istəyirsən ki, vaxt uzun olsun, heç bitməsin. Çünki söhbətindən, hərəkətindən, insanlara təbəssüm bəxş edən surətindən doymaq olmur.

Eldar müəllimlə təmasda olan bir qrup insanlarla Bərdədən, Kürdəmirdən, Ağsudan və onunla zamanında birgə işləmiş tibb heyyəti üzvləri fevralın əvvəlində “Şıxov” Sanatoriyasında müalicə kursu keçəndə də onun barəsində dediklərini eşidəndə ona olan hörməti, rəğbəti daha da artırır.
Yazını nə qədər istəsəniz uzatmaq olar, amma necə deyərlər, onu yaxından tanımaq, dərk etmək istəyənlər onunla yoldaşlıq etsinlər. Professorun 70 illik ömrünün mənəvi xəzinəsindən özlərinə dost payı götürsünlər!
Yubileyi münasibəti ilə onu təbrik edir, Allahdan uzun ömür, can sağlığı, ailə xoşbəxtliyi və fəaliyyətində uğurlar arzülayıram.
Hörmətlə: Qafil Əliyev.
"Bütöv Azərbaycan" qəzeti
4 mart 2022


6-03-2022, 06:50
Kiyevdə güclü partlayış səsləri

Ukraynanın paytaxtı Kiyevdə martın 5-dən 6-na keçən gecə güclü partlayış səsləri eşidilib.
Bu barədə Kiyev sakinləri məlumat veriblər.
Qeyd olunub ki, partlayış səsləri paytaxtın bir neçə rayonunda eşidilib.
Şəhərdə hava zərbələri ilə bağlı xəbərdarlıq elan edilib. Bütün paytaxt sakinlərindən dərhal sığınacaqlara getməli olduqları bildirilib.
Baş Qərargahdan verilən məlumata görə, Rusiya aviasiyanın dəstəyi ilə Ukraynaya qarşı hücum əməliyyatını davam etdirir və yüksək dəqiqlikli silahlardan istifadə edir. Rusiya hərbçiləri əsas səylərini Kiyev və Xarkov şəhərlərinin mühasirəyə alınmasına yönəldiblər. Bundan əlavə, Rusiya ordusu Luqansk və Donetsk vilayətlərindəki inzibati sərhədlərə çatmaq və Krımla daha da quru dəhlizi yaratmaq niyyətindədir.

Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!