Hikmət Hacıyev ADA-da COP29-dan danışdı .....                        Qazax sakinləri 4 kəndin qaytarılmasını böyük sevinvlə qeyd etdilər .....                        NATO müttəfiqləri Ukraynayla bağlı razılığa gəldi .....                        İstanbulda torpaq sürüşməsi baş verdi .....                        “Nərimanov” stansiyasında bədbəxt hadisə .....                        Aİ Qazaxın 4 kəndinin qaytarılmasını alqışlayır .....                        Sadiq Qurbanov nüfuzlu beynəlxalq tədbirdə məruzəçi olub .....                        Martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olundu .....                        Milli Məclisin plenar iclasında nələr müzakirə olundu.. .....                       
Tarix : 6-03-2022, 07:48
Rəsul RƏXŞANLI yazır:  BRİLYANT  QAŞLI  TƏK  SIRĞA

Rəsul RƏXŞANLI: BRİLYANT QAŞLI TƏK SIRĞA
Bizə təzə direktor təyin olundu. Adətən, təzə ilə maraqlanırlar, haranı bitirib, ixtisası nədi, hardandi və sairə və ilaxır. Bizim də kollektivimizdə maraqlananlar var. Öyrəndilər ki, İnşaat Uni-versitetini bitirib, inşaat materiallarının istehsalı texnologiyası ixtisası üzrə mühəndisdi. Qapı-pəncərə ixtisası sahəsində professordu, elmlər doktorudu, ziynət əşyaları həvəskarıdı.
İlk gündən öz qaydalarını qoydu. O, gəlib gedərkən koridorda kimsə görünməməlidi. Qəbuluna yalnız ayrılmış saatlarda düşmək olacaq, öncədən yazılmaq şərtilə.
Toplantı keçirdi, şöbə müdirlərinə, baş mütəxəssislərə işi canlandırmağı tapşırdı. İşin öhdəsindən gəlməyənlərlə yolların ayrılacağını xəbərdar elədi.
Adamlara qarşı o qədər də marağım yoxdu. Üstəlik Təcrübə-sınaq emalatxanasının müdiriyəm, baş qaşımağa vaxtım olmur. Mütəxəssislərimizin təzə təklifləri üzrə hər cür pəncərə, qapı, daha nələrin nümunələrini düzəldirik, sınaqdan keçiririk. Bəzən özümün fikirlərim, əlavələrim olur. Bəlkə də institutda ən çox işləyən bizimkilərdi. Dilə gətirəndə isə bəzi ağzıgöyçəklərin acığına gəlir. Nə isə.
O, məni çağırdı. Hündür boylu, gövdəli, zəhmli baxışlı bu adam son dəbdəki bahalı paltarda idi, saç düzümü yerli-yerində. Barmağında iri və əcaib qızıl üzük, qolunda qızıl saat qızıl qolbağıyla, bunlar bəlkə də ən yeniləri idi, hər halda mən ilk dəfə görürdüm. Gözündə qızıl gövdəli eynək və ... və bir qulağında brilyant qaşlı sırğa. Hə, masasında da ən bahalı mobil telefonların ikisi, müxtəlif firmalarınkı. Sır-ğası mənə bir qədər təəccüblü göründü. Çünki kişilərin sırğa taxmasına bizdə çox nadir hallarda rast gəlinir. Belə də, tək-tük. Təraşdan sonra üzünə çəkdiyi brend kremin və kişi ətrinin qoxusu gəlirdi. Nə isə. Müasir, bəlkə də ultramüasir görkəmi vardı.
Mən salam verəndə o özünü eşitməzliyə vurub sərt səslə bir başa işdən danışdı:
– Pəncərə düzəltməlisən, - professor çərçivənin uzunluq və hündürlük ölçülərini deyəndə də səsində hökmlülük vardıi,-bacardığının ən yaxşısını.
Gerisini deyəcəyini gözlədim, o isə sözünü bitiribmiş kimi zəhmli baxışını mənə zillədi.
Rəvan səslə soruşdum:
– Necə olmalıdı?
– Dedim dəəə, -professor səsini qaldırdı,- dedim dəəə, əlasından olmalıdııı. Gedə bilərsəəən.
– Çərçivə içindəki hissələrin ölçüləri gərəkdi. Taxtadan, plastikadan ya alüminiumdan düzəldilsin?
O mənə baxsa da cavab vermədi. Davam elədim:
– Çərçivənin içindəki pəncərə qanadları iki bərabər hissədən ibarət olmalıdımı? Qanadlar içəri, yoxsa çölə açılmalıdı?
Direktor soyuq baxışlarını mənə diksə də dilə gəlmirdi. Mən:
– Bəlkə vitraj pəncərə? Bəlkə veka?
Gərək ki, professor fikrə getmişdi və:
– Materialın taxtadan olması üstün sayılııır? İndi plastikadan dəbdədiii?
– Mən taxtaya üstünlük verirəm, - deyəndə professorun gözlərində sual yarandığını hiss etcək aydınlıq gətirdim, - təbii materialdı. Taxtadan olacaqsa hansı ağac növünə üstünlük verilsin?
O cavab vermədi. Fəqət sual da vermədisə baxışından hiss elədim, könlündən keçdi ki, onu maraqlandıranı anlayım və çavablandırım. Elə də etdim.
– Əgər pəncərə küçəyədisə, onda yanındakı küçəyə baxan digərləriylə eyni dizaynda olmalıdı. Otaqdan eyvanadısa, yanındakı qapıya münasibliyi nəzərə alınmalıdı. Onların şəkilləri olsaydı, aydınlaşdırılardı, ya da yerində baxılmalıdı.
Mən dedikcə o fikirləşirdi, tərəddüd içində qəflətən:
– Gedə bilərsən,- dedi.
İki gün sonra təkrar çagırdı, şəkil və ölçülər yazılmış kağız parçası verdi. Tapşırdı ki, şəkildəkinə uyğun olmalıdı, kənara çıxmağa yol verilməsin, bacarığımı göstərim, müdir vəzifəsinə layiqliyimi təsdiqləyim.
Təcrübəli, vaxtıyla “Qızıl əllər” müsabiqəsinin diplomunu almış baş ustaya işi həvalə elədim, özüm də baxırdım. Hazırlananda direktoru telefonla xəbərlədim. Gəlib diqqətlə baxdı. Söz demədi, nə yaxşılığına, nə də pisliyinə. Ətrafı nəzərdən keçirdi, emalatxanamızın imkanlarıyla yerindəcə tanış oldu.
Kimlərsə gəlib pəncərəni apardı. Direktordan soruşdum ki, bunu necə qeydə alaq? Sifarış kimi? Ödəniş necə ediləcək? Nağd yoxsa köçürməylə? Onun qaşlarının düyünləməsindən mənə hər şey aydınlaşdı. Kabinetdən çıxmağa ayağa qalxanda sözə ehtiyac yox idisə də o, bir-ikisini dedi:
– Səni bu vəzifəyə kim qoyuuub? Yerinin hara olduğunu mən taparaaam.
Fikrimə ilk gələn nə oldu? Deyəsən axı, bu öncəkindən də insafsız-mürvətsizdi. Otağıma gircək masa arxasında rahatsız oturdum.
Direktor haqda təzə söhbətlər gəzirdi. Elmi şurada, texniki şurada görülmüş işlər haqda çıxışçılara diqqətlə qulaq asır. Sonra işlərin hər birinə qulp qoşur. İşin səviyyəsini qaldırmağı tələb edir. Danışığı adi, çoxişlənən sözlərlədi. Onun professorsayağı mütəxəssis rəyi söyləməsi yoxdu, dilindən elmi terminlər, texniki ifadələr çıxmır.
Başım işə qarışsa da bir qulağım səsdə idi. Nəhayət, çağırdı. Emalatxana binasından kabinetə qədər yol boyu düşünürdüm ki, görəsən məni hara keçirəcək. Təkəbbürlü görünən direktor üzümə baxmadan:
–İki qapı düzəltməlisən, - deyib qarşısındakı şəkilləri barmaqlarıyla mənə tərəf sürütlədi, - diqqətlə bax, kənara çıxmayasan.
Şəkillərə baxdım, diqqətlə. Sual vermək məcburiyyətində qaldım. Özümü toplayıb suallarımı verdim, fəqət ipək yumşaqlığıyla:
– Mənzil qapılarıdı. Bu ,- barmağımı yaxındakı şəklə qoydum,- mənzilə giriş qapısıdı.
Direktor:
– Hə, düz tapmısan,- lağla dilləndi.
– Göstərilmir, neçə kilid quraşdırılmalıdı?
O üzümə baxdı, gözlədim, nəsə demədi.
– Bir dəstəli kilid quraşdırılmalıdı, buna söz yox.
– Deməli, bunu bilirsən, - eyni tərzdə lağla davam etdi.
– İkincisinə, dəstəksizinə də ehtiyac varmı?
– Olsun, nəyi pisdi, - sualimi cəld sualla cavablandırdı.
– Gözlük də qoyulsunmu? Qapı zəngini səsləndirəcək adamı görməyə.
– Gərəkdi! Hökmən qoyulsun! Bunu da soruşarlarmı?
Şəklin digərini əlimə alıb gözdən keçirdim.
– Bu isə mənzil içi qapısıdı, otağa açılanı.
– Yox, yox, bunda səhvin var,- o mənə irad tutmağa tələsdi,- duşxananın qapısıdı.
– Bu böyüklükdə niyə? Bəlkə qısaldaq, qapının üstünü şüşəli edək?
Direktor düşünürdü.
– Həm də enlidi. Bəlkə daraldaq?
O düşünməyində, mənsə şəkli araşdırmağımda idim.
– Duşxanada suqızdırıcı dururmu? Durursa elektriklə ya qazla qızdırılır?
– Qazla qızdırılan suqızdırıcıdı.
– Elə isə qapının aşağı hissəsində dəliklər açılmalıdı.
Direktor mənə təəccüblə baxdı.
– Hava cərəyanına şərait yaradılması vacibdi, təhlikəsizliyin tələbidi, - ehmalca bildirdim.
Özünü toplayan direktor söhbəti yekunlaşdırdı:
– Tez lazımdı, tez, - tapşırdı, - səndən başqalarına da göstəriş verməliyəm, iş tapşırmalıyam. Gedə bilərsən.
Baş ustaya işi qısaca izah elədim, o peşəkar idi, söz ağzımdan cıxanda fikrimi göydə tuturdu. Yüksək səviyyədə və qısa müddətdə icrasını tapşırdım. Hərdən göz gəzdirirdim. Kimlərsə onları apardı. Direktordan şikayət, irad gəlmədi. Ödəniş-filan söhbətini nə mən açdım, nə də direktor dilinə gətirdi. Hə, deyəsən bununla xəta-bəla başımdan sovuşdu axı. Sifarişlərsə artdı. Emalatxanamız mütəxəssislərimizin təklif etdikləri yeni modellərlə yanaşı direktorun tapşırdıqlarını da yerinə yetirirdi. Onsuz da işdən, necə deyərlər, gözümüzü aça bilmirdik, daha da artdı.
O, dəmir darvaza düzəltmək tapşırığını şəkilsiz izah elədi. Ölçülərini də dedi. Üz-gözünü turşutdu ki, ayağa qalxım. Mən daha nələrsə deməsini gözləyirdim. O baxıb yəqin ki, anladı və cəld görünüşünü, dizaynını mənim zövqümə etibar etdi. Sual verməli oldum, yumşaqcasına. Həyət üçündü, qaraj üçün? Bərli-bəzəklisinimi, sayasınımı? Darvaza qanadında qapı lazımdımı? Hansı qanadında? Pultla açılanımı? O da bildirdi ki, indi vaxtı yoxdu, bu haqda sonra danışarıq. Danışdıq. Mənim ürəyimcə olan küçədən həyətə açılacaq darvaza yaratdım, ortasında qapı. Bu dəfə də ödəniş söhbəti açılmadı.
Günlər ötdü, irad eşitmədim. Sifarişlər daha da artdı, çeşidlər genişləndi. İşləməkdən əldən düşürdük. İşçilər dilə gəlirdi. Yuxarıdan təyin olunan direktoru yola verməliyik, deyirdim.
Fasilədə mühəndis masama açıq halda qəzet qoydu, şəhadət barmağıyla sağdakı məqaləyə işarə vurdu. Oxudum, aktual məsələyə həsr olunmuşdu. Alim adı, elmi dərəcə almaqdan ötrü elmlə məşğul olmaq vacib deyilmiş. Yazanlarla dil tapırsan, sənin adından dissertasiya yazırlar. Sənə əzbərlədirlər, elmi şurada baş verəcək sual-cavabın məşqini aparırlar. Yəni elmi şuranın hansı üzvü sənə necə sual verəcək və sənin cavabın necə olmalıdı. Nə isə. Səninçün necə yazırlarsa eləcə də elmi şurada müdafiəni təşkil edirlər, alimlik diplomunu verdirirlər. Demə, son illərdə bu da biznesə çevrilibmiş. Məqalənin sonunda müxbirin yüksək vəzifəli şəxsə müraciəti vardı, münasibət bildirməsini rica edirdi. O nə desə yaxşıdı? Yuxarının xəbəri var, diqqətdə saxlanılır, müzakirə olunub, tədbirlər görüləcək.
Bizə iri qaraj darvazası tapşıran günün sabahı xəbər yayıldı ki, direktor qonşu ölkədəki şirkətini yoluxmağa gedib. Direktorun olmadığı günləri rahat nəfəs aldım.
İl ötmüşdü, təzə qəzet aludəçisi mühəndisin əlində bir topasını görəndə yalançı dissertasiyalarla bağlı hansı tədbir görüldüyünü soruşdum. Haçandan-haçana yadına düşdü. Nəsə yazılmadığını bildirdi. Soruşdum:
– Həmin müxbirin imzasıyla son günlərdə yazı çıxıbmı?
– Yox, son yarım ildə rast gəlməmişəm,- cavabı verdi.
Fikrə getdim. Güman ki, müxbirə dəyib-dolaşıblar. Bu biznes davam edirsə onun başında duranlar güclü adamlardı. Hə, belələrinə nədənsə məhz güclü adamlar deyirlər.
Mühəndis təzə xəbərlə otağıma girdi, direktorumuz da sifarişlə dissertasiya yazırmış, müdafiədən də keçirir. İnstitutumuzdan birisi sifariş verib, hələ ki, adı sirr saxlanır. İnanmağım gəlmədi, axı beləsi necə yaza bilər? Şöbəsi yox, tədqiqat aparmır. Hələ bir elmi əsər, adi məqalə yazdığını görməmişik, eşitməmişik. Fikrimdən keçdi ki, bizim professor kiməsə yazdırır. Öz adından üzə çıxarmasının səbəbi olmamış deyil. Yəni bu da professorsayağı yaza bilir, elmi rəhbərliyi bacarır. Yəqin maddi maraq da olmamış olmaz. Mühəndis fikrə getdiyimi anlayıb nə düşündüyümü soruşdu. Mənsə başımı o yan-bu yana hərlədim.
Yadıma öncəki illər düşdü. Universiteti fərqlənmə diplomuyla bitirmişdim. İnşaat materialları üzrə elmi-tədqiqat texnoloji institutuna işə düzəldim. Qəbula görə mənimlə şəxsən söhbət etmiş direktorumuzla koridorda rastlaşanda dedi ki, hazırlaşım, aspiranturaya qəbul imtahanlarını verim, elmi işlə məşğul olum. İmtahanları ən yüksək balla verdim. Özü mənə mövzu təklif etdi, özü elmi rəhbərim oldu. Maraqlanırdı, məsləhətini əsirgəmirdi. Yazdığım məqalələri yoxlayırdı, lazımı düzəlişləri edirdi. Elm necə də gözəl sahə imiş. Sən fərqli nəsə yaratdığına əmin olanda pərvazlanırsan. Qurtarhaqurtarda direktorumuz dünyasını dəyişdi. Yerinə gələn özünü guya rəsmi aparırdı, mənimlə maraqlanmadı. Özüm qəbuluna düşdüm. Olayı söylədim, yazdığım dissertasiyanı masaya qoydum. Dedi ki, işi həddən artıq çoxdu, bu məsələyə sonra, boş vaxt ta-pılanda baxar. Boş vaxtı tapılmadı, dissertasiyamı da qaytarmadı, etiraf etdiyinə görə hara atdığını unudubmuş. Xeyli gözlədim, qaytarmadı, həvəsim söndü.
Rəhbərimi işçilər seçmişdi, səsvermə yoluyla, ümimi toplantıda. Bunusa təyin etmişdilər. Bunun, necə deyərlər, Əlinin papağını Vəlinin başına, Vəlininkinisə Əlinin başına qoymağı vardı. Təyin edənin çaldığıyla oynadığından kreslosunda rahat oturmuşdu. İllər ötdü, institutumuzdan birisi həmin dissertasiyanı müdafiə edib alim adı aldı. Sadəcə dissertasiyanın adı dəyiş-dirilmişdi, bir də giriş hissəsi. Hay-küy qaldırmaq istədim. Başa saldılar ki, dissertasiyanın elmi rəhbəri indiki direktor yazılıb, dünyasını dəyişmiş yox. Təyin olunan direktorun nələrə qadir olduğunu təsəvvürümdə belə canlandıra bilmərəm. Məni qanunla elə qovar ki, institut üzünə həsrət qalaram. O arxalıdı, harasa şikayət etməklə onu cəzalandırmaq mümkün olmaz. Mumlamağım məsləhətdi. Artıq dissertasiya əldən getdi, heç olmasa işim əldən çıxmasın. Mumlamağına mumladım. Könlümdən nə keçsə yaxşıdı? Axı yuxarıdakılar niyə səriştəsizlərə, savadsızlara, əyrilərə arxa dururlar?
Qayıdım təzə direktorumuza. O dilini saxlamağı bacarsa da bizimkilərdən kimlərsə farağat durmurdu. Haralardansa, nə təhərsə, nələrisə öyrənə bilirdilər. Üzə çıxdı ki, okean sahilində, ekvatora yaxın ölkədə villası varmış. Yay istirahətini ailəsi ilə orada keçirirmiş. Məzuniyyətdən qaralmış qayıtmışdı, ötən yaylarda olduğu kimi, deməli, villası cənubdadı.
Telekanalda göstərildi ki, bizim professorun iri həcmli, rəngli şəkillərlə dolu kitabı nüfuzlu nəşriyyatda nəfis halda nəşr edilib, böyük tirajla. Kitabın üz qabığı da göstərildi, baxımlı idi. Alıb oxudum. Bunu səviyyəli, səriştəli mütəxəssis yazmışdı. Hər şey yerli-yerində. Elmi ifadələr, texniki sözlər, üslub və dil gözəl, şəkilaltı yazılar müvafiq. Oxucu necə düşünməsin ki, kitabın müəllifi bu sahənin həqiqi professorlarındandı.
Kitabın təqdimatının Akademiyanın böyük zalında keçirildiyi də telekanalda göstərildi. Sanballı adamlar kitab haqda bir-birindən müsbət, gözəl rəylər söylədi. Hətta, nüfuzlu qəzetdə tanınmışların imzasıyla iri rezenziya dərc edildi. Başdan-ayağa tərifdən ibarət yazı zəngin, gözəl cümlələrlə qələmə alınmışdı. Düşündüm ki, yəqin kitabı da elə bunlar yazıb...
Direktor eyvan üçün iri şüşəbənd və eyvana açılan qapı-pəncərə tapşırdı. Ölçülərini verib, qalan hər şeyi mənim zövqümə həvalə etdi.
Səs yayıldı ki, hansısa yüksək reytinqli beynəlxalq jurnalda professorun elmi məqaləsi dərc olunub, yeni qapı-pəncərə növlərinə, modellərinə aid. Məqalə əcnəbi dildə yazılıbmış, bizim professorun bilmədiyi dildə. Mənə maraqlı gəldi, əlimə düşsəydi oxuyardım, həmin dili bilirəm. İnstitutda söhbət hərləndi-fırlandı ki, o axı belə elmi işlə məşğul olmur, tədqiqat aparmır. Məqalə hardan çıxdı ortaya?
Direktorun müavini və elmi katibimiz yaman əl-ayağa düşmüşdülər. Məlum oldu ki, yaxınlarda Akademiyaya seçkilər keçiriləcək, direktorumuz da iştirak edə-cək, onun sənədlərini hazırlayırlar. Təqdimata bir qalaq sənəd gərəkmiş. Bir yerə dörd nəfər sənəd veribmiş, seçkilərdə rəqabət güçlü olacaqmış. Bizimkilərin pıç-pıçını mühəndis mənə çatdırdı. Səviyyəli mütəxəssislərimizin fikrincə Akademiyaya seçilmək direktorun başı girən kol deyil, sənədlərə sərf ediləcək kağız-kuğuz hayıfdı. Institutumuzdan filankəs seçilməyə layıqdi, elmi əsərləri, monoqrafiyaları yerli-yerində. Nə qədər yenilikləri istehsal edilir, uzun illərdi tikintidə tətbiqdədi. İstedadlı gənclərdən alimlər yetişdirib. Əyriliklə, pisliklə arası yoxdu. O filankəsi sənəd verməkdən direktor necəsə kənarlaşdırıb. Kimlərsə deyir ki, direktorumuz elmdar olmasa da işgüzardı, seçilə bilər.
Komissiyanın elan etdiyi nəticəyə görə professorumuz keçdi, bir başa akademik. Pıçıldaşdılar ki, özünün işgüzarlığıyla yanaşı arxasındakılar da güclüdü. İşçilərimizin bir qismi hədiyyələrlə onu təbrik etməyə kabinetin qapısı ağzında sıraya düzülmüşdü. Aralarındakı təkcə qadının əlində gül dəstəsi vardı.
Növbəti tapşırığı dilimdən qızıl əlli baş ustamız dinləyəndə sanki kükrədi:
– Bu nədi? Lap ağ eləyib. Bilmirəm institutun yeni işlərini, təkliflərini hazırlayım, yoxsa bununkuları. Bezmişəm. Yox, belə yaramaz. Mən qurtardım, yox deyirəm institut işi olmayanlara. Kimə istəyirsənsə ver, düzəltsin.
– Özünü ələ al, qovlanarsan,-birbaşa, açıq işarə vurdum.
– Bir də deyirəm, mən belə işlərlə qurtardım. Necə qovlaya bilər? İnstitutun ən çətin tapşırıqlarını yerinə yetirirəm, kənar işlərə baxmayaraq plan işlərini verirəm, hamıdan da gözəl.
– Başqaları qovulan kimi. Bəhanə tapmağa nə var? Bir-iki töhmət verib qovlayar, qanuna uyğun.
Onu başa saldıqda belə hirsi soyumadı:
– Mən ki, öhdəmə düşən işdən imtina eləmirəm, - usta özünə əminliklə sözünü bitirdi.
Hazırlanmış şeylər aparıldı. Direktor məni çağırıb işin keyfiyyətindən razı qalmadığını acıqlı tərzdə bildirdi. Səbəbini soruşdu. Demək məcburiyyətində qaldım. O qətiyyətlə qərarını eşitdirdi.
– Baş ustamız əslində zərgər dəqiqliyi ilə işləyəndi. Bəlkə ona dəyməyəsiz? Onu necəsə maraqlandırasız? Məsələn, mükafatlandırasız.
– Buraya direktor mən qoyulmuşam, - kinlə dedi, - onu atacağam çölə, başqalarına ibrət olsun!
İsrar etsəydim öz halımı təzədən əngəlləyərdim.
Direktor emalatxanamızın ştatındakı baş usta vəzifəsini ixtisara saldı, qızıl əllər çölə atıldı. Baş usta haqsızlıqdan dəm vurdu, məhkəməyə şikayətləndi. Məhkəmə onu yerinə bərpa edə bilmədi, ya da istəmədi.
Ustalarımızın əl işləri direktoru qane etmirdi. Əlbəttə, qızıl əllər hara, adi əllər hara. Beynimdə peyda olan fikir hansı oldu? Daha tapşırmaz. Hamımız təngə gəlmişik. Di gəl ki, direktorun beynində peyda olan mənimkindən fərqli idi. Tapşırıqlarının ardı-arası kəsilmədi, keyfiyyəti yüksəltmək haqda tələbini də hər dəfə təkrarlayırdı.
Şəkilləri qarşıma qoyanda direktor qərəzli baxışlarını mənə zilləyib tapşırığını verdi. Diqqətlə dinlədim, anladığımı başımı tərpətməklə çatdırdım, sualarımı verdim. Problemi necə deyəcəyimə çətinlik çəkirdim, fəqət deməli idim. Yumşaq səslə, lakin üzüntülü tərzdə dedim ki, emalatxanamıza ayrılmış illik materialı işlətmişik. Maşın gəldi, malı boşaltdıq, ötən ildəki kimi. Tapşırığı yerinə yetirməkdə davam elədik.
Lift gözləyəndə tindəki pilləkənlə kimlərinsə yuxarıdan düşərkən asta danışığını eşitdim. Biri söruşdu ki, niyə? Digəri cavab verdi ki, o istedadlıdı, irəli getsə əngəl törədər. Beləsini əl altında işlətmək düzgündü. Danışanlar aşağı mərtəbə pilləkəninə keçərkən ehtiyatla dönüb arxalarınca baxdım. Cavab verəni tanıya bildim, direktor idi. Hə, deməli, yetim haqqında söhbət gedirmiş. İnstitut əməkdaşımızın biri uşaq evində böyüdüyündən bəziləri öz aralarında ona zara-fatca yetim deyirlər. İllərdi ki, dissertasiyanı öz əlləriylə işləyib, öz başıyla yazıb, səbirlə müdafiəyə buraxılacağını gözləyir. Təzə direktor gələndə güman olundu ki, bəlkə ona yol aça. Bu da belə çıxdı.
Günlərin birində direktorumuz işə gəlmədi. Kimsə haradansa öyrənib günorta çağı bizə çatdırdı ki, tikinti sənayesi nazirinin müavini təyin edilib. Hə, brilyant qaşlı tək sırğa taxan direktor yuxarıya aparıldı. Başımızdan uzaq oldu. Kaş təzə direktorumuzu kollektivimizin seçməsinə imkan veriləydi. Axı biz özümüzünküləri, sahə mütəxəssislərimizi yaxşı tanıyırıq.
Qapım açıldı, ikisi içəri girdi. Onlar direktorun axırıncı tapşırığını, yəni İkiqat hazırlanmış üç dənə iri pəncərini aparmağa gəlmişdilər. Direktor yadıma düşdü. Hər dəfə o yada düşərkən nədənsə tək sırğa taxan kişilər gözlərimin qabağına gəlir.






Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!