Zəngəzur çiçəyi yubiley işığında Bu gün Zəngəzur mahalının sevimlisi Kifayət Həsənovanın yubiley-doğum günüdür. Kifayət xanımı təbrik etmək istəyənlərin sayı elə özünün adı qədərdi. Amma biz dostların ürək sözlərindən əvvəl onun özünü oxucularımıza təqdim etmək istədik:
Kifayət Şükür qızı Həsənova 21 May 1955-ci il tarixdə öz gözəl təbiəti, mərd, səxafətli övladları, hər evdə açıq süfrələrilə seçilən Zəngəzur mahalının Qafan rayonunun Oxtar kəndində anadan olub. 1970-ci ildə Oxtar kənd 8 illik məktəbini bitirib. 1970-1971-ci tədris ilində 9-cu sinfi qonşu Şəhərcik kəndində oxuyb. 1971-1972-ci tədris ilində Bakı şəhərinə gələrək təhsilini Sabunçu ( o vaxtkı Lenin) rayonundakı 80 nömrəli tam orta məktəbdə davam etdirib. Orta məktəbi əla qiymətlərlə bitirərək BDU-nun Geoloji-coğrafiya fakültəsinə daxil olub. 1977-ci ildə universiteti qurtaran Kifayət xanım Lenin adına Neft və Qazçıxarma idarəsində geoloq vəzifəsinə təyin edilib. 1990-cı ilin sentyabrında öz xahişi ilə geoloq vəzifəsindən ayrılaraq Bakı Şəhəri R.Əliyev adına 3 nömrəli tam orta məktəbə coğrafiya müəllimi vəzifəsinə qəbul edilib. 1996-2021-ci illərdə həmin məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini işləyib.

Məktəbdə Yeni Azərbaycan Partiyasının ilk ərazi təşkilatını yaradan Kifayət müəllim, təqaüdə çıxana qədər, məktəb üzrə ilk ərazi partiya təşkilatının sədri vəzifəsini icra edib. Dəfələrlə BŞTİ-nin və Binəqədi rayon YAP-ın Fəxri Fərmanları və Diplomları ilə təltif olunub. O, bir neçə il ardıcıl BŞTİ-nin keçirdiyi “Pedaqoji Mühazirələr” müsabiqəsinin qalibi olub, 1-ci və 2-ci yerləri tutub. Şagirdlərinin müntəzəm olaraq şəhər və respublika olimpiadalarında I, II yerləri tutduqlarına görə, Əmək kitabçasına yazılmaqla BŞTİ-nin diplomu ilə təltif olunub. Onun şagirdlərinin sorağı dünyanın və Azərbaycanın ən nüfuzlu ali təhsil ocaqlarından gəlir. Hazırda çalışmanın yaş həddinə görə təqaüddə olan Kifayət müəllim Nərimanov-Nizami-Binəqədi 18 saylı DSK 28 saylı Məntəqə SK-nın sədri kimi əmək fəaliyyətini davam etdirir. 9-10 noyabr 2001-ci il tarixində keçirilən Dünya Azərbaycanlılarının I qurultayının iştirakçısıdır.
Kifayət müəllm, 1979-cu ildə, əslən Qafan rayonunun Gomaran kəndindən olan, 1951-ci ildə ailəsi ilə bərabər deportasiya olunmuş
Fəda Əhməd oğlu Həsənovla ailə qurub. Bu nigahdan 2 övladları dünyaya gəlib. 6 nəvələri var. Təəssüf ki, həyat yoldaşı 2005-ci ildə dünyasını dəyişib.
Kifayət müəllimin ana kimi də, müəllim kimi də zəhməti hədər getməyib. Beləki qızı, Azərbaycan Tibb Universitetinin məzunu, Əczaçılıq elmləri üzrə fəlsəfə doktoru Könül Hüseynquliyeva da nənəsinin və anasının seçdiyi peşəni davam etdirir. ATU-nun Əczaçılıq toksikologiya və kimya kafedrasının baş müəllimidir. 2 ixtira, 4 dərs vəsaiti daxil olmaqla 40-dan artıq elmi əsərin müəllifidir. Oğlu Fuad Həsənli Bakı Şəhər İH-də çalışır. Nəvələri BDU-nun hüquq, beynəlxalq münasibətlər fakültələrində, Polis Akademiyasında, biri isə UNEC-də magistr pilləsi üzrə (BDU-nun məzunu) təhsil alır. Digər iki nəvəsi isə məktəblidir.
Övladlar nəvələr onu baş tacı bilir.
Bunu biz demirik Könül Hüseynquliyeva deyir: “Başımızın tacı, Nurüzlü anamız, Allah səni var eləsin, Tanrıya həmd olsun ki, bu özəl və gözəl gündə bizimləsən, yanımızdasan. Allah həmişə sevdiyi insanları imtahan edər. Bu da bizim imtahanımız... 6 ay öncə biz bu günu təsəvvür belə etmirdik. Amma indi sənin 70 illik yubileyini qeyd edirik. Belə çətin gündə bizə dəstək olan hər bir kəsə- qohum-əqrəbaya, dost-tanışa, xüsusilə də Milli Onkoloji Mərkəzin tibbi personalına öz dərin təşəkkürümüzu bildiririk.
Canım anam, Allah səni bizə çox görməsin və səni üstümüzdən əskik etməsin! Yeni yaşın sənə sağlıq, hüzur və xoşbəxtlik gətirsin inşallah!”
Bu gün Kifayət xanımı yubileyi münasibətilə təkcə doğmaları, qızı, nəvələri təbrik etmir. Onu ictimai fəallığına görə yaxşı tanıyan Qafan rayon ictimaiyyətinin əksər nümayəndələri təbrik edir. Həmkarı Məryəm Gəncəliyevanın ürək sözləri Kifayət xanım haqqında daha aydın təsəvvür yaradır:
“Əziz və hörmətli Kifayət xanım, müəllim yüzlərlə vətən övladına həyatın sirlərini öyrədən, yüzlərlə şagirdə sinif otaqlarında ümid işığı olan, onların uğuruna ilk sevinən, onlara “can" deyib özününkünə yorğun çatan, şagirdləri üçün nura çevrilən, peşəsinin fədakarlığı ilə yaratdığı əsərlərinin- şagirdlərinin yüksəlişini görəndə ürəyi dağa dönəndir. Siz 70 illik ömrünüzü vətən övladlarının işıqlı günü üçün sərf etdiniz, müəllim imzanızla çox ürəklərdə şama çevrildiniz, yurda olan sədaqətinizi əsirgəmədən vətən təəssübkeşinə çevrildiniz. Nə gözəldir vətən sevdalısı olub sevilmək. Arzu edirəm, fəth etdiyiniz ürəklərdən silinməyəsiniz, sevdiklərinizlə, sizi sevənlərlə daim bir yerdə olasınız, ailə ocağının odu daim yanar olsun, işığı gur yansın!”
Qafan Rayon İcması adına yaranmış WhatsApp qrupuna yağdırılan təbriklərdən qarşımıza çıxanların müəlliflərinin adını çəkməklə Kifayət xanıma olan hörmət və ehtiramlarını diqqətə çatdırırıq:
“Hörmətli Kifayət xanım! Sizi doğum gününüz- 70 illik yubileyiniz münasibəti ilə səmimi qəlbdən təbrik edir, sizə möhkəm can sağlığı, ürəyinizdəki bütün arzuların çin olmasını və ən əsası Oxtar dərəsinə-Vətənə qovuşmaq nəsibi arzu edirəm! Hörmətlə: Eldar Abbasov”
Qafan Rayon İcmasının sədri, professor Eldar Abbasovun təbriklərinə qoşulanların hamısını sadalamaq mümkünsüzdür. Kənd icmaları – Qaraçimən kənd icması adından Sərvər Hüseynov, Gərd kənd icması adından Eldar Qarayev, Gığı kənd İcması adından Bəhruz Piriyev, Müsəlləm kənd icması adından Əkrəm Mustafayev, Qovşud kənd icması adından Eldar kazımov, Xələc kənd icması adından Naqim Mehdiyev, Dovrus kənd icması adından Paşa Abbasov, Şabadin kənd icması adından Əbülfəz Ağayev və başqaları təbrik edirlər.
Kifayət xanım, biz də “Bütöv Azərbaycan” qəzetinin kollektivi olaraq sizi təbrik edirik. Ağır xəstəliyə öz iradənizlə, mətanətinizlə, təpərinizlə qalib gəldiniz. Bu hünər sizə Zəngəzur dağlarından verilmişdi. Arzu edirik ki, qalan ömrünüzü ağrı-acısız yaşayasınız. Sizi baş tacı edən övladlarınız ətrafınızdan əksik olmasın!
Hörmətlə:
Tamxil Ziyəddinoğlu,“Bütöv Azərbaycan” qəzetinin təsisçisi və baş redaktoru