20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
Tarix : 1-04-2023, 10:24
VƏTƏN FƏDAİSİ


VƏTƏN FƏDAİSİ

Görkəmli alim professor Abbas Zamanov Azərbaycan elmi və ictimai-siyasi mühitində vətən fədaisi, cəsarət tərcümanı, azman şəxsiyyət kimi yaddaşlarda yer tutur. Bu günlərdə professor Abbas Zamanovun fiziki yoxluğundan 30 il keçir. Zaman keçdikcə dəyərli alimimizin Azərbaycan xalqı üçün nə qədər parlaq bir şəxsiyyət olduğunu bir daha təsdiq etdi.
O, Azərbaycanın ən gərgin ictimai siyasi dönəmlərində 10 oktyabr 1911-ci ildə Şərur rayonunun Maxta kəndində dünyaya göz açıb. Əsl adı Mirabbas Mirfəttah oğlu Seyidzamanovdur. Babası Seyid Zaman Mir Hətəm oğlunu nəslin yaddaşındakı yaxın keçmişin məhək daşı hesab etmək olar. Tədqiqatçı Nazir Əhmədlinin “İrəvan əyalətinin kameral təsviri” II cilid. “Vedibasar və Şərur mahallarının kameral təsviri” adlı kitabında Maxta kəndinin sakinləri sırasında adıkeçən Seyid Məhəmməd Mir Kəlbəli (oğlu Mirbaba) oğlu da mərhum professorun ulu babalarındandır.
Abbas Zamanovun uşaqlıq gənclik illəri çox keşməkeşli olmuşdur. Professor özü bu barədə deyir: “7-8 yaşım ancaq olardı, Naxçıvan elatının o cümlədən Şərur rayonunun camaatı vahimə içində yaşayırdı. Erməni daşnaklarının hücumlarından yaxa qurtarmaq üçün çoxu Cənubi Azərbaycana qaçırdı. 1918-ci ildə bizim Maxta kəndinin sakinləri də İrana keçməli oldular. Anam rəhmətə getmişdi. Atam, qardaşım İsmayıl və mən Xoy şəhərində sığınacaq tapdıq. Atam bir ərbabın yanında muzdurluq edirdi. Həyat şəraiti çox çətin idi. Qardaşım bu məhrumiyyətlərə dözməyib öldü. Daşnak hökuməti devrildikdən sonra kəndimizə qayıtdıq” (Xalq qəzeti, 6 noyabr 1992-ci il, müsahibə Ə.Bayramov ).
SOYADINDAKI MİRLƏRİ ATMASININ TARİXÇƏSİ
Professor Abbas Zamanov(Mirabbas Mirfəttah oğlu Seyidzamanov) soyadının dəyişdirlməsinin tarixçəsi barədə danışarkən bildirir ki, onu uşaq evinə götürərkən müəssisənin müdiri dahi şair Hüseyn Cavidin bacısı Səkinə xanım Rasizadə arasında keçən dialoqdan sonra soyadını dəyişiblər.
-Adı nədir?
-Mirabbas..
Səkinə xanım üzünü məni qeydə alan işçiyə tutaraq.
-“Miri”ni at, Abbası saxla,
-Atanın adı nədir?
-Mir Fəttah.
--“Miri”ni at, Fəttahı saxla,
-Bəs familin?
-Seyidzamanov
-Seyidi at, Zamanovu saxla
Beləliklə mən oldum Abbas Fəttah oğlu Zamanov qohumlarımın əksəriyyəti isə Zamanı atıb Seyidov oldular.
Təbii ki, dahi Hüseyn Cavidin bacısı Səkinə xanım Rasizadə bu addımı atmaqda məqsədi Abbas Zamanovu gələcək təhlükələrdən qorumaq idi.
Abbas Zamanov elmi fəaliyyəti haqqında çox saylı yazıları nəzərə alaraq onun bədii yaradıcılığının elmi səciyyəsindən deyil ictimai-siyasi fəaliyyətinin pik nöqtəsi olan qədim Oğuz yurdu Naxçıvanın Ermənistana verilməsinin qarşısını alması ilə bağlı göstərdiyi yüksək vətəndaş mövqeyi və cəsarət nümunəsindən söz açacağıq. Təsadüfi deyil ki, o Naxçıvanın Ermənistana verilməsinin qarşısını alan şəxs kimi yaddaşlarda kristallaşıb.
29 mart 1960-cı il tarixində Azərbaycan Elmlər Akademiyasının böyük salonunda Səməd Vurğunun xatirəsinə həsr olunmuş gecədə söz alan Abbas Zamanov əvvəlcə Səməd Vurğunla 1937-ci ilin sonlarındakı görüşləri barədə bəzi məqamlara toxunur: “Abbas Mirzə Şərifzadənin həbsindən bir neçə gün sonra Səməd Vurğunla görüşəndə onu çox pəjmürdə və kədərli gördüm. O, məni gəzmək üçün bulvara dəvət etdi. Gəzinti zamanı Səməd dalğın və kədərli olmaqda davam edir və heç nə danışmırdı. Mən ondan niyə qəmgin olduğunun səbəbini soruşdum. Səməd Vurğun dedi ki, bütün kişi adamları, mərd adamları həbsxanalara doldurublar, kişi olmayanlar isə azadlıqda qalıb.”
Abbas Zamanov bu sözləri deyəndə zalı sürəkli alqışlar bürüyür bu davamlı alqışlar gecədə iştirak edən vəzifəli şəxsləri narahat edir. Bundan sonra artıq Abbas Zamanov mətləbə keçir. Professor mətbuatda gedən müsahibəsində bu hadisə barəsində belə deyir: “60-cı illərdə Naxçıvanın Ermənistana verilməsi təhlükəsi vardı. Mən S.M.Qənizadənin haqqında materiallar toplayırdım. Qori seminariyasının sənədlərinə baxmaq üçün Tiflisə, oradan da İrəvana getdim. İrəvanda bir azərbaycanlı müəllim mənə dedi ki, Naxçıvan Muxtar Respublikasının Ermənistana verilməsi haqqında sənəd hazırlayırlar. Bu məsələ ilə əlaqədar bir neçə dəfə mitinq də keçirilib. Hətta Meğri rayon partiya komitəsinin katibi Ali Sovetin sesiyasında çıxış edib deyib ki, Azərbaycan tərəfi tələblərimizə razı olmasa, Naxçıvana bir qatar da buraxmayacağıq. İrəvandan təzəcə qayıtmışdım. Elmlər Akademiyasının böyük salonunda Səməd Vurğunun xatirəsinə həsr olunmuş gecə keçirilirdi. Salon ağzına kimi dolu idi. Mənə söz verildi. S.Vurğundan xalaqlar dostluğundan danışdım. Sonra da dedim ki, bu dostluğu pozmaq istəyənlər var. Bu yaxınlarda İrəvana getmişdim. Orada Naxçıvanın Ermənistana ilhaq edilməsi ilə əlaqədar sənədlər hazırlanır, mintiqlər keçirilir. Əgər Səməd sağ olsaydı şübhəsiz deyərdi ki, Naxçıvanın bir qarışını da heç kimə verməyəcəyik...
Salonda elə bil bomba partladı. Bir gurultu qopdu ki, gəl görəsən. Milli hiss qüvvətlidir, həm də qorxulu. Əgər axşam desəydim ki, Reyasət Heyətində oturanların hamısnı beşinci mərtəbədən atın, o dəqiqə atardılar. Səhəri gün məni partiyadan və universitetdən işdən çıxardılar. Akademiyada 83 manatlıq işə göndərdilər.
Görkəmli alim, Dövlət mükafatı laureatı, uzun illər Abbas Zamanovla dostluq etmiş professor Yusif Seyidov “Müasirləri Abbas Zamanov haqqında” adlı kitabda bu məşhur hadisəni belə xatırlayır: “Yığıncaq Akademiyanın keçmiş Kommunist küçəsindəki qədim binasının böyük zalında keçirilirdi. Yığıncağa professor Məmməd Arif sədrlik edirdi. Məruzə və bir neçə çıxışdan sonra Abbas Zamanov söz aldı. O, da başqaları kimi Səməd Vurğun haqqında sözünü dedi, sonra da haşiyə çıxaraq belə bir əlavə etdi: Bu gün Naxçıvandan gələn bir nəfər mənə dedi ki, Naxçıvanın ermənilərə verilməsi həll edilməkdədir. Abbas müəllim bu haqda bir qədər danışdıqdan sonra belə bir yekunlaşdırıcı söz dedi: Səməd Vurğun qalsaydı, deyərdi ki, biz Naxçıvanı ermənilərə vermərik. Arası kəsilməyən gurultulu alqış səsləri zalı titrətdi. Gəncliyindən coşqun milli hisslərlə yaşayan şair Xəlil Rzanın alqışlarının səsi daha gur çıxırdı. O, mənim yanımda birinci sırada oturmuşdu. İclasın sədri görkəmli alim Arif müəllim həyəcan keçirdi, məsələni yumşaltmaq üçün Abbas müəllimin hissə qapılmasını bildirəndə, Abbas müəllim yenidən səhnəyə qalxdı və dediklərini bir də təsdiq etdi.
Yığıncaq sona çatdı. Bizim müəllimimiz Əlyar Qarabağlı və mən Abbas müəllimi evlərinə yola saldıq. Bu hadisə respublikada, hətta ittifaqda əks-səda verdi. Bu xalqın etiraz səsi kimi ölkəyə səs saldı. Mərkəzdə Naxçıvan söz söhbətinə son qoyuldu”.

KİMLƏR ABBAS ZAMANOVU MÜDAFİƏ ETDİ
Abbas Zamanovla bağlı Bakı Dövlət Universitetinin Partiya Təşkiltında keçirilən toplantıda iştirak edən professor Yusif Seyidov bu bardə bildirir: “Göstəriş verildi ki, Abbas Zamanovun məsələsinə partiyada baxılsın. Mən Universitetin filologiya fakultəsinin partiya bürosunun katibinin müavini idim. Büro başlamazdan əvvəl universitet partiya komitəsinin katibi və başqaları ayrı-ayrılıqda büro üzvləri ilə söhbət edirdilər ki, onlar Abbas müəllimin partiyadan çıxarılmasını tələb etsinlər və bu tələbə səs versinlər. Büro iclasına universitetin rəhbərliyindən bir neçə adam gəlmişdi. Rektor Ş.Mehdiyev partiya komitəsinin katibi Əjdər İbrahimov, professor Əşrəf Hüseynov, prorektor, professor Abdulla Ələkbərov və.başqaları. Öyrədilmiş və öyrədilməmiş büro üzvləri böhtanlarla dolu çıxışlarında təklif etdilər ki, Abbas Zamanov partiya sıralarından çıxarılsın.
Hiss etdim ki, professor Əşrəf Hüseynov, Abdulla Ələkbərov əzab çəkirlər, ancaq səslərini çıxara bilmirdilər. Buna rəsmi səlahiyyətləri də yox idi, çünki büro üzvü deyildilər. Mən Abbas müəllimin həyat yolundan, onun xidmətlərindən, uşaq evində böyüməsindən danışdım və partiya üzvlüyündən çıxarılmasına etiraz etdim. Təklif etdim ki, ya şiddətli töhmət verilsin, ya da müəyyən müddət üçün namizədliyə keçirilsin. Mənim dərs dediyim qrupdan olan Əkbər adlı tələbə də (jurnalistika fakultəsində oxuyurdu) məni müdafiə etdi. Nəticədə, səs çoxluğu ilə büro qərar çıxardı ki, Abbas müəllim partiyadan çıxarılsın.
Fakultənin partiya yığıncağına fakultənin partiya qeydiyyatında olmayan xeyli adam çağırılmışdı. Abbas müəllim əsəbilik keçirirdi. Mərkəzi Komitənin ideologiya üzrə katibi N.Hacıyev arxayın etmişdi ki, onu partiyadan çıxarmayacaqlar. Abbas müəllim ona inanmışdı. İndi vəziyyəti başqa cür görüb həyəcan keçirirdi. İclasın gedişi haqqında danışmaq istəmirəm, həm uzun çəkər, həm də o hadisələri xatırladıqca əsəblərim gərilir. Səs vermədə 6 nəfər Abbas müəllimin lehinə qalanlar isə əlehinə oldu. Nəticədə Abbas müəllimi həm partiyadan, həm də işdən çıxardılar”.
Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Abbas Zamanova qarşı represiyalara son qoyuldu. Onun M.Ə.Sabir haqqında yazdığı namizədlik dissertasiyası elmi dairələr tərəfindən doktorluq dissertasiyası kimi qiymətləndirldi. Abbas Zamanova birbaşa elmlər doktoru dərəcəsi verildi.
ABBAS ZAMANOV VƏ CÜMHURİYYƏT İRSİ
Abbas Zamanovun fəaliyyətinin xüsusi bir mərhələsini təşkil edən Azərbaycanın ilk ədəbiyyat muzeyi olan Nizami Gəncəvi adına muzeydəki unikal fəaliyyəti xüsusi qeyd edilməlidir. Demək olar ki, o, kitab mübadiləsi adı altında Azərbaycanın mühacirətdə olan Cümhuriyyət irsinin Azərbaycana gətirilməsi ilə məşğul olmuşdur. Onun Türk dünyasının nəhəng alimlərindən olan Əhməd Cəfəroğlu ilə məktublaşmaları xüsusi ilə maraq doğurur. Hansı ki, Əhməd Cəfəroğlu həmin dövrlərdə Türkiyə mətbuatında SSRİ-ni ciddi tənqid edirdi. Azərbaycanda isə həmin dövrdə Firudin Köçərli kimi nüfuzlu elm və partiya xadimləri Əhməd Cəfəroğlunu mətbuatda böhtançı adlandıraraq topa tuturdu.
Abbas Zamanov heyrət ediləcək dərəcədə cəsarətlə hər dəfə Əhməd Cəfəroğludan M.Ə.Rəsulzadənin Nizami Gəncəvi haqqında əsərini Azərbaycana göndərməsini xahiş edir. Hətta Abbas Zamanov Əhməd Cəfəroğlunun Azərbaycandakı qohumlarını tapıb onlar haqqında böyük alimi məlumatlandırır. Əli bəy Hüseynzadənin oğlu Səlim Turanın rəsm əsərlərinin Azərbaycana gətirilməsini təmin edir. Onun Məhəmmədhüseyn Şəhriyarla yazışmalarını isə həyəcansız oxumaq mümükün deyil. Sovet rejiminin poçt yazışmalarına ciddi nəzarət etdiyi heç kimə sirr deyildi. Belə dövrdə Abbas Zamanov hər dəfə M.Şəhriyara məktub yazır, məktublar geri qayıdırmış. Professor İranlı dostu Əhməd Azəruluya bu barədə söyləyir. Ə.Azərulu Pprofessora üstüörtülü şəkildə “Görünür postaçılar şairi əziyyətə salmaq istəmirlər. Ona yazacağın məktubları mənim ünvanıma göndərin, mən sahibinə çatdıraram” söyləyərək ona çıxış yolu göstərir. Abbas Zamanov qeyd edir ki, beləliklə Azərulun vasitəsi ilə Şəhriyarla məktublaşmağa başladım. Professor qeyd edir ki, Azərulun vasitəsi ilə 15 oktyabr 1986-cı il tarixli məktubunda ustad öz şəkilini də mənə yollamışdı. Şəkilin arxasında şair öz dəsti-xətti ilə yazmışdı:
“Badi-kubə şəhərinin hörmətli ədiblərindən professor Abbas Zamanova yadigar”. Bu qiymətli hədiyyə məni son dərəcə sevindirdi. Şəkili bir neçə dəfə bağrıma basıb uşaq kimi öpdüm, elə həmin gün cavab yazdım. Yazdım ki, “Sizin mənə göndərdiyiniz bu yadigar elə böyük hədiyyədir ki, onun qiymətinin həddi-hüdudu yoxdur. Zəmanəmizin ulu şairindən belə bir hədiyyə almaq mənim üçün böyük şərəfdir. Mən fəxr edirəm ki, “Heydər babaya salam” müəllifi lütf edib öz müqəddəs şəkilini mənə yadigar göndərmişdir. Belə bir lütfkarlıq üçün mən Siz cənablarına min dəfə sağ ol desəm, min dəfə təşəkkür etsəm azdır. Bu müqəddəs yadigarı mən həyatım boyu qoruyub saxlayacaq, Sizi heç bir vaxt, heç bir vaxt unutmayacağam. Mərhəmətiniz üçün sağ olun, ustad....”
Əhməd Azərulu məktubu Şəhriyara oxumuş, cavabı da özü yazmışdır. Azərulu məktubu oxuyarkən Şəhriyar son dərəcə mütəəssir oldu, uşaq kimi ağladı və onun salamını, razılığını Sizə çatdırmağı xahiş elədi.
Abbas Zamanovun çoxşaxəli faəliyyətinə kiçik bir tövhə olan bu yazı onun ruhu qarşısında ehtiramın ifadəsidir. Ruhun şad olsun VƏTƏN FƏDAİSİ!

Səməd Vəkilov



Paylaş



Bölmə: Bütöv Azərbaycançılar / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!