"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 6-04-2018, 06:27
Təntənəli yubileyə həsr olunmuş unudulmaz
gecə haqqında zəngin təəssüratlarım


Aşıq Şəmşir, Dəlidağdan keçəndə,
Kəklikli daşlardan xəbər al məni.
Ceyran bulağından qızlar içəndə,
Saz tutub, söz qoşub, yada sal məni.
Səməd Vurğun

XX əsr Azərbaycan aşıq ədəbiyyatının, aşıq poeziyasının, aşıq sənətinin inkişafında müstəsna rol oynayan görkəmli nümayəndələrindən biri, bəlkə də birincisi aşıq Şəmşir - Dədə Şəmşir olmuşdur.

Azərbaycan aşıq ədəbiyyatının bir qütbündə Dədə Ələsgər,  digər qütbündə isə Dədə Şəmşir dayanmışdı

İllər bizi ondan uzaqlaşdırmağa çalışsa da, vəfalından 38 il keçsə də, əslində, saz və söz xiridarı illər ötdükcə bizə daha da yaxınlaşır. Elə bu böyük sənətkarın anadan olmasının mübarək 125 illiyinə həsr olunmuş yubiley gecəsi də dediklərimi təsdiqləyir. Novruz-Bahar bayramı ərəfəsində - 2018-ci il martın 15-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkil etdikləri yubiley gecəsi Azərbaycan saz-söz sənətinin əsl bayramı kimi yadda qaldı və bu unudulmaz yubiley tədbiri ulu Dədə Şəmşirə olan el məhəbbətinin parlaq təntənəsi oldu.
Mənalı və şərəfli ömrünün 87-ci baharında haqq dünyasına qovuşan Dədə Şəmşir 1893-cü ildə vüqarlı dağlar diyarı Kəlbəcər rayonunun Dəmirçidam kəndində tanınmış el sənətkarı, şair Qurbanın mayası halallıqla yoğrulmuş ziyalı ailəsində doğulmuşdur. Söhbət, həmin o el ağsaqqalı, əsl söz xiridarı şair Qurbandan gedir ki, vaxtilə Dədə Ələsgərin ən yaxın ürək dostu olmuşdur. O aşıq Ələsgər ki yaradıcılığının mayasını xalqının taleyi, sevinc və kədər təşkil edirdi. O Ələsgər ki, lirik hisslər, dərin duyğular şairi kimi qələmindən çıxan hər bir aşıq şeir nümunəsi qısa zaman kəsiyində xalqın yaddaşına həkk olunurdu. Bu nadir söz sərrafı aşıq poeziyamızın son böyük nümayəndəsi idi. Elə Dədə Şəmşirin də az bir müddətdə saz-söz ustadı kimi məşhurlaşmasında bu el sənətkarlarının böyük təsiri olmuşdur. Məhz bu dostluq, bu yaradıcılıq ünsiyyəti aşıq Şəmşirə qol-qanad vermiş, onun yaradıcılığına, el-obada tanınmasına böyük təkan vermişdir. Söz ustası, gözəllik aşiqi, küll halında zəngin poeziyası getdikcə cilalanır, şeirləri hikmətlə, aforistik ifadələrlə zənginləşən aşıq Şəmşir ustad sənətkar kimi ustadlarının etimadını qazanır, öz dəst-xətti ilə tanınır.
Aşıq Şəmşirlə bağlı bütün bunlar və ustadın başqa dəyərləri barədə yubiley gecəsində geniş bəhs olundu. Azərbaycan Aşıqlar Birliyinin sədri, bütün yaradıcılığını aşıq sənətinin inkişafına həsr etmiş görkəmli folklorşünas alim, professor, Əməkdar elm xadimi Məhərrəm Qasımlı Dədə Şəmşirin mənalı həyatı və zəngin yaradıcılığı haqqında geniş məlumat verdi. Dədə Şəmşirin Azərbaycan aşıq sənətinin inkişafında müstəsna əməyini ayrıca qeyd etdi. Miskin Abdal ocağının yetirməsi olan azman aşığın 1955-ci ildə ölməz xalq şairi, 50 yaşında canlı əfsanəyə çevrilmiş Səməd Vurğunla Kəlbəcərdə baş tutmuş məşhur görüşü və həmin görüşün təəssüratı barədə məlumatlar tədbir iştirakçılarını o illərə apardı, dillər əzbəri olan “Yada sal məni” qoşmasının səslənməsi zalda coşqu yaratdı. Professor əlavə etdi ki, həmin görüşdən sonra Dədə Şəmşir respublikanın bütün guşələrində tanınmağa başladı, onun görüşünə gedib, saz-söz sənətkarını ziyarət etməyə gələnlərin sayı gündən-günə artdı. Natiq onu da nəzərə çatdırdı ki, Dədə Şəmşirin yaradıcılığında Vətənə, elə-obaya, Vətənin çiçəklənməsinə, o cümlədən ümummilli lider Heydər Əliyevə də şeirlər çoxluq təşkil etmişdir. Həmin çıxışdan sonra ulu öndərin ustad sənətkar haqqında söylədiyi kinolent səsləndirildi. Zalı sürəkli alqışlar titrətdi.

Azərbaycan aşıq ədəbiyyatının bir qütbündə Dədə Ələsgər,  digər qütbündə isə Dədə Şəmşir dayanmışdı

Söz Dədə Şəmşir aşıq məktəbinin davamçılarına verildi. İlkin olaraq Gülara Azaflının rəhbərlik etdiyi “Çeşmə” folklor qrupu “İncəgülü” havası ilə tamaşaçılar qarşısında öz bacarıqlarını nümayiş etdirdi. Növbə Dədə Şəmşir yurdunun yetirməsi Gözəl Kəlbəcərliyə çatdı. Bu istedadlı gənc aşıq “Dübeyti” havası ilə dinləyicilərin alqışını qazandı. Ədalət Dəlidağlı isə solo ifası ilə bir daha yadda qaldı. Onun ifa etdiyi “Ruhani” havası zalda bir coşqu yaratdı.
Ustad aşıqlar - aşıq Qələndər Zeynalov, aşıq Altay Məmmədov və gözəl balaban ustası Sərdar Məmmədov “Göyçə gülü” havasını yüksək şövqlə ifa edib, tamaşaçıların alqışlarını qazandılar.
Sırada Şirvan aşıq məktəbinin istedadlı gənc saz ustası Əli Tapdıqoğlu idi. O, Tovuz aşıq məktəbinin tanınmış nümayəndəsi aşıq Samirə ilə aşıq sənətsevərləri qarşısına çıxdılar. Onların ifa etdikləri deyişmə tamaşaçıları coşdurdu və ifaçılar sürəkli alqışlarla səhnəni tərk etdilər.
Bəllidir ki, aşıq Şəmşirin yaradıcılığı Azərbaycan bəstəkarlarının da ilham mənbəyinə çevrilmişdir. Belə ki onun neçə-neçə qoşmasına bəstəkarlar mahnı bəstələmişlər. Elə əməkdar artist, istedadlı müğənni Babək Niftəliyev də muğam üstündə aşıq Şəmşirin sözlərinə müraciət etdi, səhnəni alqışlar altında tərk etdi. Bu da aşıq Mehdi Kəlbəcərli ilə aşıq Əli Zeynalov. Onlar tamaşaçılara Dədə Şəmşirlə Səməd Vurğunun məşhur deyişməsini təqdim etməklə hər iki dahi söz ustadına ehtiram və məhəbbətini çatdırdılar. “Azaflı gözəlləşməsi”. Bu havanı aşıq Mikayıl Azaflı ocağının davamçıları aşıq Gülarə Azaflı və aşıq Raman Azaflı tamaşaçılara ərmağan etdilər. Kəlbəcərin daha bir aşıq oğlu - aşıq Yaşar Kəlbəcərli səhnəyə çıxdı. Onun “Güllü qafiyə” üstündə çalıb oxuması zalda oturanlara xoş ovqat bəxş etdi. Əməkdar artist Sevinc Sarıyeva isə muğam üstündə Dədə Şəmşirin sözlərini tamaşaçılara çatdırdı. Aşıqlar Avdı Musayev və Şaiq İncəli “Naxçıvani” havasını səsləndirdilər. “Hüseyni” havasını gənc aşıq Kəmalə yüksək məharətlə tamaşaçılara çatdıra bildi.

Azərbaycan aşıq ədəbiyyatının bir qütbündə Dədə Ələsgər,  digər qütbündə isə Dədə Şəmşir dayanmışdı

Yubiley gecəsinə qonşu Dərbənddən dəvət olunmuş aşıq Şəmşir Dədə Şəmşirin yaradıcılığını öz repertuarına daxil etmişdi. Qonaq aşıq Dədə Şəmşirin sözlərini həm ləzgi, həm də Azərbaycan dilində səsləndirməklə salondakıları sanki ovsunladı.
Aşıq Ramin Qarayev və Qabil Faxralı (Borçalı aşıq məktəbinin gənc aşıqları) “Şahsevənli” havasını səsləndirdilər. Gecəni “Bəhri divani” havası ilə gənc aşıqlar Elməddin Məmmədov və Şəhriyar Qaraxanlı öz ifaları ilə yekunlaşdırdılar.
Son söz söyləmək üçün səhnəyə Dədə Şəmşir ocağının layiqli övladı, sevimli nəvəsi, millət vəkili Cavid Qurbanov dəvət olundu. Millət vəkili bu mötəbər məclisə - yubiley gecəsinə təşrif buyurmuş hər kəsə, gecəni araya-ərsəyə gətirənlərə dərin təşəkkürünü bildirdi. Əlavə etdi ki, professor Məhərrəm Qasımlı Azərbaycan aşıq sənətinin inkişafında müstəsna rolu olan aşıq Şəmşir yaradıcılığı barədə çox geniş və əhatəli məlumat verdi. Mənsə bir neçə məqama toxunmaq istəyirəm. Dədə Şəmşir Kəlbəcər ədəbi mühitində zəngin yaradıcılığı - qoşma, gəraylı, təcnis, rübai, qəzəl, müxəmməsləri… ilə gözəl bir məktəb yaratmışdı. Belə ki onun 40-dan çox şəyirdi olub ki, onlardan aşıq Qəmkeş Allahverdi, aşıq Qardaşxan, aşıq Xalıqverdi və başqalarının adlarını sadalamaq olar. Millət vəkili sonda vurğuladı ki, Kəlbəcər ədəbi mühitinin müasir şairləri də Dədə Şəmşir yaradıcılığından bəhrələnirlər.
Musiqişünas Əminə Eldarova Dədə Şəmşirin ifasında 75 aşıq havasını lentə köçürmüşdür. Həmin lent yazıları bu gün də Azərbaycan Dövlət Radiosunun Qızıl Fondunda qorunub saxlanılır.
Dədə Şəmşirin ilk şeirlər kitabı 1959-cu ildə “Akademiya” nəşriyyatı tərəfindən çap olunub. Sonrakı illərdə “Qoşmalar”, “Seçilmiş əsərləri”, “Dağ havası”, “Öyüdlər” adlı bir neçə kitabı işıq üzü görüb.
Cavid Qurbanov onu da ürək ağrısı ilə vurğuladı ki, Dədə Şəmşirin və atası şair Qurbanın bütün əlyazmaları erməni vandalları tərəfindən qəddarcasına yandırılıb məhv edilmişdir. Amma hər iki sənətkar - həm şair Qurban və həm də Dədə Şəmşir hər bir qədirbilən azərbaycanlının qəlbində əbədi məskən salıb.
Allah ustad sənətkarlara rəhmət eləsin!

Hüseyn Məmmədov


Paylaş



Bölmə: Ədəbiyyat
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!