Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
Tarix : 3-06-2022, 06:30
Məni də xatırla, məndən də danış...

Məni də xatırla, məndən də danış...

Fikrət Sadığı xatırladıq həmin gün!


İllərdən bəridir elə hey düşüncələrimdə yaşayan, hər düşüncəyə daldığımda, “məni də xatırla, məndən də danış” deyə, gözlərim qarşısında sanki yenidən canlanan insanlar var ki, onlar barəsində ürək sözlərimi, xatirələrimi paylaşandan sonra, həqiqətən bir mənəvi rahatlıq tapıram içimdə. Çünki xatırlanmalı üzləri, yada salınmalı sözləri, özlərindən sonra qalan mübarək izləri ilə bu həqiqəti haqq ediblər.
Fikrət müəllimi ən gözəl duyğularla xatırlamışam həmişə. Fikrət Sadığı deyirəm. Salğarlı yerişi, ağır-ağayana duruşu, nurlu çöhrəsinin ətrafdakılara sirayət edən işığı, ləngərli danışığı, şeiri-şeiriyyəti sevməyi və sevdirməyi... heç getmir gözüm önündən. Yazıçılar Birliyinə hər ayaq basdığımda ilk qapısını açıb içəri girdiyim bir o idi, bir də rəhmətlik Arif müəllim – Arif Əmrahoğlu. Nədən? Tək səbəbi bu idi ki, hər ikisinin doğmadan-doğma münasibəti ilə qarşılaşan biz gənclər bu söz-sənət məbədinə hər gələndə onları ziyarət etməyə içimizdə bir mənəvi aclıq duyur, təsəllimizi də, ustad məsləhətini də, örnəyi də bu müqəddəslərdən alırdıq.
2009-cu ilin əvvəlləri idi. “Elimiz.Günümüz” adlı ədəbi-publisistik qəzet təsis etməyə qərar verdiyimi, Ədliyyə Nazirliyində qeydiyyatdan keçirərək, ilk saylarını dərc etdirdiyimi deyəndə Fikrət müəllimin çöhrəsi elə işıqlandı ki... Cəmil Əlibəyovdan xeyir-dua aldığımı biləndə, sanki qanadlandı. “Çox düz edibsən, Cəmil müəllim bu sahənin ustasıdır. Bir işi görəndə usta ilə məsləhətləşmək o işi artıq görüb qurtarmısan, deməkdir”. Bir neçə nəfər dəyərli ziyalımızın, qələm adamının adını çəkən, onların da yazılarından istifadə etməyi tapşıran Fikrət müəllim, qəzetimə xeyir-dua verib, özünün də yazılar, şeirlər verəcəyini bildirdi. Və... heç gecikdirmədən elə oradaca stolunun üstündəki qovluqdan əl ilə yazılmış üç-dörd vərəq götürüb mənə uzatdı: “Bax, gör nə yazmışam, çap etmək istəsən, edərsən”. Utanıb-qızardım. “Nə demək, Fikrət müəllim, əlbəttə verəcəm”. “Get, qızım, sənə uğur olsun! Qəzet çıxan kimi mənim payımı gətirməyi unutma, ha, yenə yazı verəcəm”. Sağollaşıb ayrıldım. Sanki dünyanı bağışlamışdılar mənə. Səhər-səhər Cəmil müəllimin uğurlaması, indi də Fikrət müəllimdən aldığım xeyir-dua! Daha nə lazım idi ki mənə!...
Yolboyu həmin təəssüratları beynimdə çək-çevir edir, hər birinin ünvanına səslə belə: “Çox sağ olun, əziz insanlar, nə yaxşı varımsınız!” – deməkdən özümü saxlaya bilməmişdim. Onda ayılmışdım ki, qarşımdakı insanlar, yan-yörəmdən ötənlər dönüb baxır, bəlkə də “bu adamın başına hava gəlib” deyə fikirləşirdilər. Doğrudan da, havalanmışdım həmin gün. Ən gözəl havalar gəlirdi başıma. Elə gözəl xəyallar, elə munis duyğular sarmışdı ki beynimi...
Təkrar-təkrar oxuyurdum Fikrət müəlimin əlyazma şəklində olan həmin şeirini...
ŞEİR YAZIR

Mən sayım, sən sadala,
Gör kimlər şeir yazır?!
Mühəndislər, polislər,
Həkimlər şeir yazır.

Bunu bildim, tanıdım,
Ta kimlər şeir yazır?!
Deputatlar, vəkillər,
Hakimlər şeir yazır.

Uşaq bağçasından, ta
Ali məktəbə qədər –
Şeir yazır uşaqlar,
Şagirdlər, tələbələr.

Elmdən yorulanda
Alim də şeir yazır.
Qanı qara olanda
Müəllim də şeir yazır.

Şeir yazır hacılar,
Məşədilər, mollalar.
Evin tikilsin, millət,
Bu qədər şair olar?!

Addayıb bəmdən-zilə,
Şeir yazır naz ilə,
Yalançı bəstəçilər,
Yalançı müğənnilər.

Nazir də şeir yazır,
Hətta lap qapıçı da.
Naşir də şeir yazır,
Mürəttib də, çapçı da.

Tacirlər, satıcılar,
Şorsatanlar, südçülər.
Cavan qızlar, gəlinlər,
Qoca təqaüdçülər.

Savadsız jurnalistlər,
Səbatsız qəzetçilər.
Sonra da...daha kimlər,
Sonra...daha nəçilər.

Kimisinə əyləncə,
Kimisinə şan-şöhrət.
Bunların hamısını
Çaş-baş salıbdı sənət.

Dərdi başından aşan
Köçkün də şeir yazır.
Fatmanisə qarı da
Üç gündür şeir yazır.

Özəl kitablar çıxır,
“Gözəl” kitablar çıxır.
Sarı-sarı, sapsarı
Xəzəl kitablar çıxır.

Kitabın üzünə yox,
Varaqla, içinə bax!
İçi hədyanla dolu,
Ədasına fikir ver,
Yalana bax, sən Allah!
Özü-özüyçün deyir:
“Görkəmli”, “dahi”, “ulu”!

Bəlkə də dərd yarıydı,
O yalançı şeirlər
Şeirə oxşasaydılar,
Heç olmasa tük qədər.

Kim necə gəldi yazır,
Əruz, heca bilmədən.
Rüsvay edir özünü
Lap birinci kəlmədən.

Zol-zol olub varaq da,
Zara gəlib qələm də -
Bu nadanlar əlində,
Bu naşılar əlində.

Kitab oxuyan yoxdu,
Kitab yazandı hamı.
Pulnan satın alırlar
İndi şeiri, ilhamı.

Əsl şairlər susur,
Şeirə qiymət azalıb.
Elin dili – şairə
Layiq hörmət azalıb.

Zavod yox, iş yeri yox,
Fəhlə də şeir yazır.
Kənddə torpaqsız qalıb,
Kəndli də şeir yazır.

Əli də şeir yazır,
Vəli də şeir yazır.
Nəşriyyat çox olanda
Dəli də şeir yazır.

Bir zaman deyərdilər:
Əli də qəlyan çəkir,
Vəli də qəlyan çəkir.
Tənbəki çox olanda
Ölü də qəlyan çəkir.

Bu hay-küyə, hap-gopa
Görəsən səbəb nədir?
Bu ağılla, bu başla
Bu millət hara gedir?

Xəbər olsun yadlara,
Xəbər olsun dostlara:
Şeir yazır Lənkəran,
Səlyan, Lerik, Astara.

Şeir yazır Ordubad,
Culfa, Şahbuz, Naxçıvan.
Şəki, Gəncə, Mil-Muğan,
Bakı, Şamaxı, Şirvan.

Şeir yazır Qarabağ,
Tovuz, Yevlax, Qazax, Qax.
Dəvəçi, Xaçmaz, Quba.
Şeir yazır şıdırğı
Bütün kəndlər, şəhərlər,
Başdan-başa el-oba.

Bir kəlmə söz, müxtəsər,
Can, ay can, bir də ay can!
Şeir yazır sərasər
Bu boyda Azərbaycan!


***
Bu günlərdə adında, soy adında – təxəllüsündə belə fikir, düşüncə, məram və məqsəd aydınlığı, vətənə, millətə, insana, insanlığa sevgi, dürüstlük, halallıq, şeiriyyətə sadiqlik, dosta sədaqət, vəfalılıq, doğruluq, düzgünlük idealları daşıyan bir ünlü şairin – mərhum Fikrət Sadığın anım günü tədbirinə yığışmışdıq. Ortam elə də böyük deyildi. “Book Zone” adlı bu kitab məbədi şairə isti qucağını elə geniş, elə məhrəm açmışdı ki, şeir-sənət, Fikrət Sadıq sevdalıları həmin gün, həmin işıqlı xatirələr, nurlu misralar sərgisinin təəssüratlarını uzun müddət yaddaşlardan-yaddaşlara daşıyacaqlar yəqin ki. Biz Fikrət müəllimin o ləngərli səsini yenidən eşitdik, hikmətli kəlamlar kimi könülləri fəth edən nəsihətamiz misraları ilə yenidən duyğulandıq, təkrar-təkrar kövrəldik, ovunduq, iç dünyamız işıqlandı...

Şairin ciyərparası, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, yazıçı, tədqiqatçı, şair Aysel Fikrətin atası haqqındakı səmimi çıxışı ilə başlayan görüşdə ən gözəl, ən ilginc xatirələr dilə gəldi. Tanınmış şair-tərcüməçi Giya Paçxataşvilinin tərcüməsində yenicə işıq üzü görmüş “Çyornıye-belıye stixi” şeirlər kitabı dostumuz Giya müəllimin şairin anım gününə ən gözəl hədiyyəsi oldu. İstedadlı rəssam, şair Sehran Allahverdinin yaratdığı əsər – Fikrət Sadığın portreti də bu məhrəm məclisə xoş ovqat bəxş etdi. Sevilən şair Əlisəmid Kür, f.ü.f.d., şair Qiymət Məhərrəmli, Azərbaycan Respublikası Təhsil Nazirliyinin elmi metodik nəşri olan “Məktəbəqədər və ibtidai təhsil” jurnalının baş redaktori Böyükağa Mikayıllı, Fikrət Sadığın tədqiqatçısı, f.ü.f.d. Yeganə Xanlarova, Sumqayıt Dövlət Universitetinin müəllimi, yazıçı-şərqşünas Əli Rzazadə, AzərTAC-ın müxbiri Sahilə Əliyeva, tarixçi-pedaqoq Elçin Əliyev, şair Elməddin Həbiboğlu, gənc şairlər, tələbələr – fikrətsevərlər öz çıxışlarında Fikrət Sadıqla bağlı xatirələrini dilə gətirdilər. Şairin yaradıcılığından nümunələr səsləndirildi, yaradıcılıq yoluna işıq salındı. Qeyd olundu ki,
İndi kitab oxumamaq
Olub təzə xəstəlik.
Kitabı ver oxuyana,
Birini də üstəlik.

deyən, hər zaman müqəddəs sözün, söz yaradıcılığının keşiyində duran, bir-birindən hikmətli, nəsihətamiz, lakonik, oxunaqlı tərzdə yazılmış gözəl əsərləri ilə daim yaddaşlarda yaşayacaq Fikrət Sadıq. Həm böyüklər, həm də çox sevdiyi uşaqlar, körpələr üçün sevgi ilə qələmə aldığı şeirlər onun – “Mən ot basmış bir cığıram” deyən şairin poeziyamızdakı yolunu ot basmağa qoymayacaq. Çünki Fikrət Sadıq adlı bənzərsiz şairin, işıqlı şəxsiyyətin ömür və yaradıcılıq yolunu Orxan Fikrətoğlu və Aysel Fikrət kimi ləyaqətli, vicdanlı, istedadlı övladlar öz varlıqları və mükəmməl yaradıcılıqları ilə davam etdirməkdədirlər.

Qiymət MƏHƏRRƏMLİ,
AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi,
filologiya üzrə fəlsəfə doktoru, şair-publisist.


Paylaş



Bölmə: Ədəbiyyat / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!