20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
Tarix : 10-10-2022, 08:08
Yüzü görməyi arzulasa da..

Əjdər Ağayev-85

Yüzü görməyi arzulasa da...

Pedaqoji elmlər doktoru, professor, şair, publisist Əjdər Ağayevi nə vaxtdan tanıdığımı xatırlaya bilmirəm. Onu bilirəm ki, həyatı anlayandan televiziya vasitəsilə evimizin qonağı olur, şirin, ovsunlu səsilə hamımızı sehirləyirdi. Şəxsən tanışlığımız isə 1998-ci ildə oldu. Lənkəranda idim. O zaman “Söz” jurnalının şəhər İcra Hakimiyyətinin binasında ayrıca otağı vardı (Sonralar həmin otağı bizdən aldılar). Günlərin birində Əjdər Ağayev Əməkdar müəllim, filoloq-alim Mirhaşım Talışlı ilə bizim otağa gəldi. Böyük dövlət xadimi Vəli Məmmədov haqqında xatirələrini gətirmişdi. Elə ilk tanışlıqdan yaradıcılıq əlaqələrimiz başlandı. Nə sifariş verirdimsə, gözlədiyimdən əvvəl yazıb hazırlayırdı. Belə operativliyini görəndə yarıciddi, yarızarafat “xanımız başınıza duz çevirsin” deyirdim. Sifarişli yazılardan biri böyük şəxsiyyət kimi pərəstiş etdiyi Maarif naziri Mirzə Məmmədov haqqında idi. Mirzə Məmmədovun Lerikdə keçirilən 90 illik yubileyinə mən də dəvət olunmuşdum. Bütün çıxışlar, xatirələr maraqlıydı. Amma Əjdər müəllimin kövrəlib ağlaması heç zaman yadımdan çıxmır. Sonralar “Söz”də dərc olunan “Zirvədə dövrə vuran qartal” xatirə yazısında bu hisslər mənə aydın oldu... “Cüssəli, həmişə qamətini şax tutan Mirzə müəllim kresloda qıvrılıb büzüşmüş halda oturmuşdu. Ağrıdan inildəyirdi. Təcili yardım çağırdılar. Həkimlər gəldi. İynə vurdular, bir az sakitləşdi. Dördüncü idarənin bir nömrəli xəstəxanasına apardılar. Maşının arxasınca yürüdüm... xəstənin sakitləşdiyini duyub bir-bir, iki-bir dağılmalı olduq. Məzahir Quliyev Mirzə müəllimin çarpayısının yaxınında oturmuşdu. Mən ondan bir az aralıydım. Içimizdən gələn təbii bir zərurət bizi ona yaxınlaşdırırdı. Başı ilə “Gedin, gedin” işarəsi verdi. Özümüzdən asılı olmadan mərhəmət və məhəbbət dolu bir səda eşidildi qulaqlarımızda: “Onu beləcə kimsəsiz atıb getmək olarmı?” Məzahirlə baxışdıq. Gözlərimiz danışdı: “Yox, biz getməməliyik.” Niyə bizə belə bir hiss hakim kəsilmişdi? Mən onu çox sonralar bildim. Demə, biz bir eldən-obadan imişik.

Onu da qeyd edim ki, biz Mirzə müəllimin harada doğulduğunu bilməsək də, o bizi işə qəbul edərkən yerimizi, yudrumuzu öyrənməmiş deyildi.
Ağrılar yenə başladı. Saatlar keçdikcə halı dəyişir, zəiflənir, taqətdən düşürdü. Gecə yarıdan keçmişdi. Arabir gözlərini açıb başı üstündə dayanan Məzahiri görür, elə bil tənhalıqdan xilas olurdu. İşarə ilə ona nəsə başa salmaq istədi. Alınmadı. Yavaşca: “çarpayıda otur, başımı dizinin üstünə qoy,”- deyə pıçıldad. Məzahir çarpayıda özünə yer edib, Mirzə müəllimi yarım oturulu qucağına aldı. Elə bil dünyanın rahatlığını verdilər ona. Bəlkə, illərlə görmədiyi ata yurdu Lerikin bir qayasına söykəndiyini hiss elədi, bəlkə yad tənhalıqdan qurtulub özünü yurddaşlarının arasında duyub sakitlik tapdı,əhdinə çatan, nisgilinə qovuşan həsrətli insan kimi rahatlandı. Sifətinə elə bil nur çiləndi. Bircə anlığa işıqlandı üzü. Dərindən köks ötürdü, nəfəsi getdi, amma gəlmədi... Beləcə dünyasını dəyişdi əziz bir insan, görkəmli dövlət xadimi, böyük qəlbli vətəndaş, əvəzsiz şəxsiyyət Mirzə Məmmədov”.
Həmin yazıda başqa bir ağrını da qələmə almışdı: “Taleyin qismətinə bax ki, mən bu sətirləri yazdığım bu dəmdə tarixçi alim Məzahir Quliyevin qəzaya uğrayaraq dünyasını dəyişdiyini eşitdim. 28 il sonra yazdığım bu xatirəni oxumaq ona qismət olmadı...”.

Kövrək qələmi daha kimlərin ömür yoluna işıq salmayıb?! Nazim Hikmət, Mikayıl Rəfili, İsmayıl Şıxlı, Tofiq İsmayılov, Mirzə İbrahimov, Cahangir Cahangirov, Tofiq Quliyev, Süleyman Ələsgərov, Şəkər Aslan... daha neçə-neçə unudulmaz simanın ağrı-acısını, sevincini yazılarında əbədiləşdirib.
Əjdər müəllim ilk tanışlığımızdan mənə mənəvi dayaq olanlar sırasında birincilərdən olub. İstənilən zamanda ona zəng vurub fikir bölüşür, məsləhət ala bilirdim.
Diqqət gördüyüm ziyalılar arasında da öndə olanlardan idi. 45 yaşı çoxları yubiley saymır. Amma o məni təsisçisi və baş redaktoru olduğu “Təhsil və Zaman” qəzetində təbrik etmişdi. 50 illiyimdə rəfiqəm, filoloq alim Şaiqə İskəndərovanın həmin qəzetdə dərc etdirdiyi təbrik yazısı ilə kifayətlənməyib, özü də ayrıca təbrik yazısı yazmışdı. Yubileyimlə əlaqədar “Söz”ə çoxlu təbrik məktubları, teleqramlar, şeirlər ünvanlandı. Yalnız bir neçəsini, yəni keçə bilmədiyim insanların təbriklərini dərc etdim. Etiraf edirəm ki, ən səmimi təbrik Əjdər müəllimdən idi.
Kitablarım barədə də çox səmimi yazılar yazıb. İlk kitabım - general-mayor Aydın Məmmədovun həyat və iş fəaliyyətindən bəhs edən “Xəzərin general oğlu”nun BDU-da keçirilən təqdimatını akademik Afat Qurbanov aparırdı. Təqdimatda ədəbiyyat nəhəngi Xeyrulla Məmmədov, dilçilik üzrə sayseçmə alimlərdən Yusif Seyidov, şair-publisist Telli Pənahqızı, Astara və Lerik rayonlarında uzun illər rəhbər vəzifələrdə çalışmış, 20 il Ali Sovetin və Milli Məclisin deputatı olmuş, həmçinin söz xiridarı Sultan Məmmədov, xalq artisti Əliabbas Qədirov, daha neçələri kitab haqqında dəyərli fikirlər söylədilər. Amma onun xoş sözləri orjinallığı ilə hamıdan fərqlənirdi. Bu gün də bütün aydınlığı ilə yadımda qalan təbrikləri həm də məsuliyyət hissimi artırırdı.

Əjdər Ağayevin şeirləri də ruh oxşayandır. Publisistikası da eləcə. Xüsusilə xatirə yazıları əvəzsizdir. Amma müəllim olaraq ucalardan ucadır. Pedaqoq alim olaraq bütün fəaliyyəti boyu beyinlərə xeyirxahlıq toxumu səpib, ürəklərdə maarif işığı yandırıb. Zəhməti hədər getməyib. AAK-ın o zamankı sədri akademik Azad Mirzəcanzadə onun elmi işlərini oxuyanda müdafiə proseduru keçmədən doktorluq elmi dərəcəsi və professor adının verilməsini təklif edəndə onu tanıyanlar heç də təəccüblənmədilər. O zaman Azərbaycanda pedoqoji antologiyanın hazırlanmasında və bu dəyərdə olan digər xidmətləri də nəzərə alınmışdı. Hamımızın nəzərində pedaqogikanın akademiki sayılsa da, təəssüf ki, bu sahədə akademik elmi dərəcəsi yoxdur. Adının qarşısında akademik sözü yazılmasa da, müəllim təəssübkeşliyi ilə tarixdə əbədi örnək kimi yaşamaq səadətinə nail olacaq.

Təsadüfi deyil ki, Respublika Təhsil Şurasına sədr seçilməsi məsələsi ortaya gələndə də Heydər Əliyev kimi nəhəng lider alternativsiz olaraq yalnız onun namizədliyinizi irəli sürmüşdü.
Məlumdur ki, dünyada əbədi qalacaq yeganə varlıq sözdür. O da ola haqqa xidmət etmiş söz. Ürəkdən gələn söz. Məni tanıyanlar yaxşı bilir ki, “Söz”ü ilk övladım sayıram. Müəyyən səbəblər üzündən jurnal bir il fəaliyyətini dayandırmalı oldu. Həmin ilin Milli Mətbuat günündə Lənkəran televiziyası ilə canlı veriliş gedirmiş. O Bakıdan telekanala zəng vurub “Söz”ün taleyi ilə maraqlanmış, ziyalı olaraq fikir bildirmişdi. Bakıda olduğumdan verilişə baxa bilməmişdim. Həmin axşam və ertəsi gün mənə çoxlu zənglər oldu. Hamı Onun təəssübkeşliyini alqışlayırdı.
M.İ.Qasirin Lənkəranda yaratdığı “Fövcül füsəha” ədəbi məclisinin yubileyi idi. Tədbirdə hər ikimiz iştirak edirdik. Orda iştirak edənlərin demək olar ki, hamısı “Söz”ün hansı çətinliklərlə işıq üzü gördüyünü bilirdi. Lakin bu barədə yalnız Əjdər müəllim danışdı və mənim kiçik xidmətimi az qala göylərə qaldırdı.

Yazıçılar Birliyinin Natəvan klubunda “Söz” jurnalının 20 illiyi qeyd olunanda Dədə Qorqud Fondunun prezidenti Eldar İsmayılov da dəvət olunmuşdu. Eldar müəllim məni də, “Söz”ü də ilk dəfə görürdü. Başda Əjdər müəllim olmaqla haqqımda elə gözəl fikirlər söylənildi, Eldar İsmayılov da söz alıb danışdı. Və Azərbaycan mətbuatında ilk dəfə “Söz” jurnalına Dədə Qorqud mükafatı verəcəyini vəd etdi. Açığı, Eldar müəllimin vədini həmin günün təəssüratından yaranan gəlişigözəl söz kimi qarşıladıq. Amma iki həftə sonra Xalq Mətbuat Mərkəzində mükafatın təqdimatı oldu. Əjdər müəllim yenə də hər zaman olduğu kimi peşəkarlığımı, fədakarlığımı elə yüksək zirvəyə qaldırdı ki, az qaldı özümə vurulam (iraq olsun).
Şəkər Aslanın 80 illiyinə xatirə yazmağını xahiş elədim. Vaxtında və ləzzətli bir xatirə göndərdi ünvanımıza. “Söz” jurnalının baş redaktoru Sevda Əlibəyliyə açıq məktub” adlandırdığı xatirə yazısında Şəkər Aslanın xatirəsilə yanaşı mənim ustadıma olan sədaqətimi yüksək dəyərləndirirdi: “Şəkər insanlarda xeyirxahlıq, qayğıkeşlik, sədaqətlilik, sözübütövlük dəyərlərini çox sevirdi. Həmişə yaxşılara rast gəlmək, yaxşıların nümunəsini yaymaq cəhdində idi. Onun şair qəlbi sözü ilə əməli bir olmayan insanlardan tez incik düşürdü. Təsadüfi deyildir ki, bu acını dilə gətirərək yazırdı:
Həyatda yol getdim xeyirlə-şərlə,
Dedim ayırd edim yaxşını pisdən.
Üz-üzə gəldikcə nakişilərlə,
Sevdim kişi ruhlu qadınları mən.


Çox hörmətli Sevda xanım! Siz həmin kişi ruhlu qadınlardansınız. Şəkər Aslan poeziyasına, Şəkər Aslanın başladığı quruculuq əməllərinə sədaqətlə yanaşaraq onu təbliğ edir, “Söz”ün hər sayında Şəkər Aslanı yad edirsiniz”.
İllərdir ki, Əjdər Ağayevin mənəvi xəzinəsilə, müdrik fikirlərilə zənginləşirəm. Hələ zaman-zaman da bəhrələnməyə ümidvaram. Yaxın illərdə ürəyindən əməliyyat olundu. Bu mənada yeni ürəklə yaşadığı ömür qədər də yenidən yaşamağa “məhkumsunuz” deyə, arzularımı bildirmişdim. Gözündəki eynəyi də atmışdı. Ürəyin aynası olan gözlərində cavanlıq eşqi, yazıb-yaratmaq ehtirası aydın görünürdü. “Söz”də onun haqqınızda gedən yazılardan birinə “Qocalmayan ürək sahibi” başlığını vermişdim. Şeirlərinə istinad edərək bu başlığı seçmişdim.
Ürək yüzü yaşayar, qocalmaz,
Görüb düzü yaşayar, qocalmaz!


Təəssüf ki, yüzü görmək arzusunda olan əziz dostumuzu tez itirdik. Qocalmayan ürək sahibinə ürəyimdə deyilməmiş çox sözüm qaldı. 80 illik yubileyi Bakı Mühəndislik Universtitetində təmtəraqla qeyd olundu. Respublikanın sayseçmə alimləri, yetirmələri, ədəbiyyat və sənət adamları onu təbrikə gəlib xoş arzularını bildirdilər. Amma əcəl macal vermədi yubileydən sonra Əjdər Ağayev 1 il 1 ay 17 gün yaşaya bildi.
Əjdər Ağayevin zəngin xəzinəsi yalnız pedaqoji sahə ilə, yazıb-yaratdıqları ilə məhdudlaşmır. Alimin ən dəyərli xəzinəsi ailəsi, nəsil davamçılarıdır. Bu gün onun ocağını ləyaqətlə qoruyan ömür-gün yoldaşı Zəkiyyə xanım öz elmi işini də, elm sahəsindəki yüksəlişini də ömür-gün yoldaşına, övadlarına qurban verib. Və peşman da deyil. ADUnu (BDU) əla qiymətlərlə bitirdikdən sonra Elmlər Akademiyasınn Kosmik Tədqiqatlar İnstituna təyinat alır və 20 ilə yaxın orada çalışır. Sonra 99 saylı orta məktəbdə , daha sonra Sabir adına Bakı Pedaqoji Texnikumunda dərs deyir. Və daha sonra təqaüdə çıxır, ailə qayğıları ilə məşğul olur.

İlk övladları Ülviyyə İbrahimli tarix üzrə fəlsəfə doktorudur. Bakı Dövlət Universitetin dosentidir. İkinci övladları İlhamə Rəsulova ADPU nəznində Azərbaycan Dövlət Pedaqoji Kollecində psixologiya fənnini tədris edir. Kiçik övladları Aytac Əjdərağazadə 15 saylı poliklinikada həkim-stomotoloqdur. Estafet nəvələrdədir. Fərhad Turizm Universitetinin ikinci kurs tələbəsidir. Əjdər, Zəkiyyə, Şəms, Ayna və Fidan orta məktəbdə təhsil alırlar.
Ruhu şad olsun. Əjdər müəllimin işıqlı xatirəsi hər zaman onu sevənlərin qəlbindədir.

Sevda ƏLİBƏYLİ


Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!