COP29-un bağlanış mərasimi keçirilir .....                        "Fənərbağça"dan inamlı qələbə .....                        Hazırda təklif olunan razılaşma yaxşı deyil .....                        Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu .....                        ABŞ-ın yeni maliyyə nazirinin də adı məlum oldu .....                        İstanbulda fırtına yaşandı .....                        Tramp Rusiya-Ukrayna münaqişəsi üzrə xüsusi elçisinin adını açıqladı .....                        Bakıda jurnalisti maşın vurdu .....                        70 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - AÇIQLANDI .....                       
Tarix : 17-03-2023, 07:44
Mikayıl Müşfiq poeziyası yaşayır və yaşayacaq

Mikayıl Müşfiq-115


Mikayıl Müşfiq poeziyası yaşayır və yaşayacaq
(1908-1938)
Əsərlərində Vətəni, gözəlliyi, məhəbbəti tərənnüm edən M. Müşfiq qısa, lakin mənalı bir ömür yaşamışdır. M. Müşfiqin simasında ədəbiyyatımız parlaq bir şəxsiyyəti qüdrətli sənətkarı, romantik ruhlu şeirlər, poemalar müəllifi olan istedadlı bir şairi itirdi. 30-cu illərin repressiyası zamanı coşğun təbiətli şair saxta ittihamlarla həbs olunaraq 1938-ci ilin yanvar ayının 6-da güllələnmişdir.
Mikayıl Mirzə Əbdülqədir oğlu İsmayılzadə (Müşfiq) 1908-ci ilin iyun ayının 5-də Bakı şəhərində müəllim ailəsində anadan olmuşdur.
Atası Mirzə Əbdülqədir Vətən balalarının oxumasına can yandıran maarifçi idi. O müəllimliklə yanaşı yaradıcılıqla da məşğul olurdu, şeirlər yazırdı.
Nənəsi Qızqayıt Mikayılın zəngin xalq yaradıcılığı ilə tanış olmasında mühüm rol oynayır ona nağıllar, atalar sözləri, bayatılar söyləyirdi.
M.Müşfiq ibtidai təhsil alır. Sonra Bakı darülmüəllimində oxuyur və Azərbaycan Dövlət Pedaqoji İnstitunun dil və ədəbiyyat şöbəsini qurtarır. Müəllimlik etməyə başlayır.
Xəlqilə titrəyən, xəlqilə gülən,
Vətənçin yaşayan, vətənçin ölən,
Səmimi bir insan nə bəxtiyardır!

misralarında Müşfiq özünün səmimi insan və vətəndaş şairlərdən biri olduğunu təsdiqləyir. Xalqımız Vətəni üçün yaşayan vətən üçün ölən səmimi bir insan olan Mikayıl Müşfiqin xatirəsini əziz tutur qəlbində yaşadır.
Şairin ilk şeiri 1926-cı ildə mətbuatda dərc olunur. “Bir gün” adlanırdı ilk şeiri. İlk kitabı “Küləklər” adlanırdı və 1930-cu ildə çap olunmuşdur.
Sonra Müşfiqin “Vuruşmalar”, “Günün səsləri”, “Şəngül, Şüngül, Məngül”, “Kəndli və ilan” və başqa kitabları nəşr olunur.
Şairin “Çağlayan” adlı kitabı da çapa hazırlanmış, müəllifin ən yaxşı şeir və poemaları bura daxil edilmişdi. Ancaq kitabın nəşrini görmək M.Müşfiqə qismət olmur...
M.Müşfiqin poeziyası mövzü baxımından zəngin və rəngarənqdir: İnsanpərvərlik, qadın azadlığı, ailə gözəlliyi, analıq şərəfi, övlad məhəbbəti, vətənpərvərlik, insanların arzu və istəkləri... Mövzu məhdudluğu yoxdur. Əməyi sevmək onu həmişə əziz tutmaq insanın nəcib sifətlərindəndir. Şairə görə “hər şeyin anası, qaynağı” olan torpağı da “hər addımda dəyişdirən” insanın əməyi, alın təri və əməlləridir.
Şairin qısa, ancaq məhsuldar yaradıcılığında poemaları da əsas yer tutur.
“Buruqlar arasında”, “Çoban”, “Əfşan”, “Sındırılan saz”, “Azadlıq dastanı” poemaları epik əsərlərdir.
Şair poeziyasında qoşma, gəraylı, bayatı, məsnəvi, beşlik və s. şifahi xalq şeirinin, eləcə də klassik poeziyanın janrlarının çoxunu işlətmişdir.
M.Müşfiq Qərb şeirinin janrı olan sonetə də biganə qalmamış, yeri gəldikcə sonetlər də yazmışdır.
M.Müşfiq poeziyasında qəribə cazibə qüvvəsi var:
Yazmaram ürəyim sizi anmasa,
Sizin eçqinizlə alovlanmasa;
Burdaca el durub məndən sordu ki:
Gözdən yaş çıxarmı ürək yanmasa?

Qönçə açılarmı, bahar olmasa?
Şölə titrəyərmi, rüzgar olmasa?
Bu nəğmə ruhumdan qoparmı bilməm,
Mənə ilham verən dostlar olmasa?

Səmimiyyətlə doludur bu misralar. Şair cəsarətli idi, vətəndaş şair idi. Həm də uzaqgörən idi. Tarın konservatoriyada tədris olunması qadağan olunanda M.Müşfiq məşhur “Tar” şeirini yazdı:
Oxu, tar, oxu tar!...
Səsindən ən lətif şeirlər dinləyim.
Oxu, tar, bir qadar...
Nəğməni su kimi alışan ruhuma
çiləyim.
Oxu, tar!
Səni kim unutar?
Ey geniş kütləmin acısı, şərbəti-
alovlu sənəti.
“İnqilab və mədəniyyət” jurnalı özünün 1929-cu il ikinci nömrəsindəki “Tar konservatoriyadan çıxarıldı” sərçövhəli xəbərində: “Azərbaycan Dövlət konservatoriyasını qüvvətləndirmək məqsədilə AXMK bir çox qərar qəbul etmişdir. Bu qərarlara görə məcburi dərs kursu olan tarın öyrənilməsi konservatoriyanın bütün dərəcələrində tədris planlarından götürülür və konservatoriya yanında olan şərq orkestrosu ləğv olunur “yazanda Müşfiq “Tar” şeirində yazırdı:
Çoxları üzünə durdular,
Könlünü qırdılar
... Üstündən bir qara yel kimi əsdilər,
Səsini kəsdilər.
Daşlandı çəkənlər nazını
Beləcə qırdılar aşığın sazını.

Milli musiqi alətlərimizi göz bəbəyi kimi qorumaqla yanaşı M. Müşfiq maarif müəllim nüfuzu, səfil həyat keçirən uşaqların himayəyə alınaraq, məktəblərə cəlb olunması, onun düzgün tərbiyə olunması, sənət və sənətkar həyat eşqi, tənhalıq, təmiz və saf məhəbbət haqda da yazmışdı: “Bir də baxsan mənə şeirində belə bənd var:
Baxışın qəlbimi incitmişdir,
Bu baxışdan, bu duruşdan əl çək.
Bir də baxsan mənə, iş bitmişdir,
Bir də baxsan mənə, fikrim dönəcək.

Emosional, musiqili, şairanə ifadə! Qısqanclıq haqda da yazılıb, yazılır və yazılacaq. “Yenə o bağ olaydı”! şeirinə nəzər salaq:

Yenə o bağ olaydı, yenə o qumlu sahil,
Sular ötəydi dil-dil.
Saçın kimi qıvrılan dalğalara dolaydım,
Dalıb ilham alaydım.
Əndamını həvəslə qucaqlarkən dalğalar,
Qəlbimdə qasırğalar,
Fırtınalar coşaydı, qısqanclıqlar doğaydı,
Məni hirsim boğaydı:
Cumub alaydım səni dalğaların əlindən...


M.Müşfiqin lirik qəhrəmanı da sevdiyini qısqanır, dalğalara qısqanır.
M.Müşfiq poeziyasında aforistik ifadələr kimi səslənən elə mənalı misra və beytlər var ki, bunların daşıdığı poetik fikir oxucular tərəfindən yaxşı və sevinclə qəbul olunur. Belə aforistik misra və beytləri oxuyanda bədii sözün kəsərinə çox inanırsan:
Həyat ondan küsənləri incidər.
Bədbəxt bu dünyada tək yaşayandır.
Heyf, ömür qısa, arzu genişdir,
Kim bu qayğı ilə titrəməmişdir?
Zaman bir dərədir axıb dolanır,
Bəzən durulursa, bəzən bulanır.


...Tar”ı “Zəfər səsləri”, “Gecə çeşməsi” şeirlərini tam heca vəznində yazılan şeirlər kimi götürmək olmur, zahiri görünüşünə, misralarda hecaların qeyri-bərabərliyinə görə bu şeirlər sərbəstə oxşasalar da, sərbəst də deyillər. Bəs onda bu şeirlər hansı vəzndə yazılmışdır?
Bu Müşfiq vəznidir, Müşfiq icalığıdır. Heca ilə sərbəsti yaxınlaşdıran bir vəzndir.
Müşfiqə qədər heca vəznində və sərbəst vəzndə yazılan əsərlər arasında belə nümunələrə təsadüf olunmayıb.
M.Müşfiq sözü məharətlə yerində işlədir:
Atamız dünyadan eh dedi getdi,
Tez sönən ömrünə meh dedi getdi.
Gül əkdi, vay dərdi cahan bağından,
Tökdüyü yaşlara şeh dedi getdi.


M.Müşfiq uşaqlar üçün də şeirlər yazmışdır. “Coğrafiya”, “Məktəbli sərqisi”, “Zəhra üçün” şeirləri diqqəti cəlb edir..
Vaxtilə M.Müşfiqin şagirdi olmuş tibb elmləri doktoru Zəhra Salayeva 5-ci sinifdə oxuyarkən sevdiyi müəllimlərinə xatirə üçün avtoqraf yazdırarmış.
11 mart 1934-cü ildə Müşfiq dərsə gələrkən Zəhra utana-utana ona da belə bir xahişlə müraciət edir. Müşfiq albomu gözdən keçirərək:
-Yaxşı, qızım, sən get sinif jurnalını gətir, mən də səninçin bir şey yazaram,-deyir.
Zəhra müəllimlər otağından jurnalı gətirənəcən şair də bir neçə dəqiqənin içində həmin şeiri yazır:
Uca dağlardan atlan,
Hər çətinliyə qatlan,
Bir quş kimi qanatlan
Göylərə yüksəl, qızım!...

M.Müşfiq poeziyası həmişə yaşardır. O yaşayır və yaşayacaq.

Şixəmməd Seyidməmmədov,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
Quba filialının “Təbiət elmləri” kafedrasının baş müəllimi.


Paylaş



Bölmə: Ədəbiyyat / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!