Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 10-02-2024, 14:11
Nəsimi yaradıcılığında insan…


İşıqlı Atalı


Nəsimi yaradıcılığında insan…

İlkin mifoloji düşüncədən, dinlərdən gələn mifoloji obrazların (Xızır, Pəri, Şeytan, Div, Mələk və s.) Nəsimi yaradıcılığında ifadəsi ayrıca diqqət çəkir. Burada folklor düşüncəsindən bəhrələnmənin yüksək ədəbi zövqlə birliyi var. Belə ki, insan ucalığının, ilahiliyinin təsdiq səviyyəsində ifadəsi üçün ictimai şüurda (müxtəlif folklor janrlarında, habelə din mifologiyasında) oturuşmuş simvolik mifoloji obrazlar Nəsimi ruhunun süzgəcindən keçirilir, kamilliyinə yetmiş aşiqin məntiqiylə əsaslandırılır, aforistik səciyyə daşıdığı dərəcədə məsəlləşir. Nəsimi yaradıcılığında türk mifoloji obrazlar sistemindən, ümumən din mifologiyasından gələn obrazlarla geniş şəkildə rastlaşırıq.
Xızır. Nəsimi yaradıcılığında Xızırla bağlı məqamlara daha çox rast gəlinir:
Xızır kimi içdi həyat abını,
Canü təni cümləsi oldu bəqa.
(Xızır kimi dirilik suyunu içdi, canı və bədəni əbədiyyətə qovuşdu).
Burada Nəsimi “dirilik suyunu içdi” dedikdə hürufilik təlimi əsasında insanın həqiqətə yetməsinə işarə edir. Bu beyt də mahiyyətcə yuxarıdakı ilə bağlıdır:
Xizrlə zulmatını tanımayan heyvan kimi,
Nə bilə kim, qanda vara, abi-heyvan istəyə?
***
Çün Xızr həyati-əbədi istər isən gəl,
Can təndə ikən çeşmeyi-heyvan tələb eylə.

(Xızr kimi ölümsüz həyat istəyirsənsə, gəl, can bədəndə ikən dirilik suyu ara).
(Mötərizə içində verilmiş tərcümələrin izahı Ə.Səfərlinindir).
Yəni əbədi ölümsüzlüyü idrakı yuxuya verməklə, alın yazısına inanmaqla, gözləməklə əldə etmək olmaz, insan aqibətini özü yaratmalıdır. Dirilik suyuna insan adlanan cənnətə - özünə yetməklə çata bilərsən. Hürufilk fəlsəfəsində insan bitməz-tükənməz bir dünyadır. Burada aşiqin – Nəsiminin həqiqətə yetib insanın dodağında dirilik suyu tapmasına işarə olunur.
Div. Nəsimidə Div obrazı-insandakı Şərin ümumiləşdirilmiş obrazıdır. Onun yaradıcılığındakı bu obraz Azərbaycan, ümumən türk folklorundan gələn bütün mənfi keyfiyyətləri özündə daşıyır.
Divin libasını qoy, Xızr ilə yoldaş ol kim,
Zülmətdə zahir olmaz heyvanə abi-heyvan.

Burada zülmətə dirilik suyu dalınca gedənə divin libasını soyunmaq gərəkliyi bildirilir, yoxsa o, istəyinə yetə bilməyəcək. Div – qaranlığın eyni, oxşarı, təsdiqidirsə, qaranlığı necə işıqlandıra, həqiqət ünvanını – dirilik suyunu necə tapa bilər? Əslində Nəsimi dirilik suyunu insanın içində, ruhsal imkanlarında axtarır, tapır. İnsanlara da bu həqiqəti deyir.
Divlər (Şər) insanı özündən ayırmaq, bütünlüklə şərləşdirmək üçün daim çalışırlar. İnsana (Həqqə) yetmək çətin, insandan (Həqdən) ayrılmaq isə çox asandır:
Kirpiklərinlə qaşın olmuşdur ismi-əzəm,
Divdən nə qorxu, çün kim, pənahım odur.
Burada ilahi sifətə vurulan, onda həqiqətini tapan insanın artıq Div kimi nəhəng varlıqdan qorxmadığı vurğulanır. İslama görə, ismi-əzəm Allahın bütün zatını, sifətlərini özündə ehtiva edir. Allahın bu adına “ismi-əzəm”, yəni ən böyük, ən əzəmətli ad deyilir. Bu adı söyləyən və Allahı bu ada and verən şəxsin duası mütləq qəbul olunduğuna, qeyri-mümkün işləri etmək, möcüzələri törətmək mümkünlüyünə inam var. Nəsimi bu qüdrəti insanın özündə tapır. Burada insanın kirpiklərilə qaşı “ismi-əzəm”ə oxşadılır.
Şeytan. Mifoloji-dini şüurda İblis (Şeytan) obrazının daimi varlığı, qarşısıalınmazlığı əslində insanın öz yaradıcı imkanlarına tam inanmaması, alın yazısı mifizminə qapılması ilə bağlıdır. Əcdad düşüncəsində-alt şüurda bu, artıq qarşısıalınmaz fobik təmayülə çevrilir, minillərdir transformasiyaya uğrayaraq gerilikçi yol gəlir, mahiyyətcə isə demək olar, xeyirliyə heç nə dəyişmir. Fobik əhvallar çağımızda psixologiya, psixiatriya tərəfindən təhlil olunur, irsiliyin problemləri araşdırılır, ancaq həm də insanın fobiya ilə yanaşı ağalıq duyğusunun bir-biri ilə bağlı olduğu unudulur. Psixologiya, psixiatriya bu mövzunu da təbii olaraq öyrənir, ancaq “necədir?” sualına cavab verir, “nə üçün?”, “necə etməli?” suallarına cavab vermir.
Şeytandır ol ki, surətinə qılmadı sücud,
Şeytanə münkir olmuşam, inkarə düşmüşəm.
(Surətinə səcdə etməyən şeytandır, mən isə şeytanı inkar etmiş və inkara düşmüşəm).
Nəsimidə İnsanın ilahiliyi (Allahlığı) yüksək bir dərəcədə vəsf olunur. Dinə görə Allahın yaratdığı Şeytan İnsana səcdə etmir. Nəsimi İnsanın hər an səcdəyə layiq olduğuna əmindir. Bu səbəbdən də Şeytanı inkar edir, varlığını saymır.
Çıxıb minbərdə ey vaiz, yeyin kərm olma, əbsəm dur,
Daha məşğul idi şeytan ki, səndən zöhdü təqvayə.

***

Çün əscədü buyurdu adəm qatında həq gəl,
Həqqin xitabinə uy, qıl cəcdə, olma şeytan!
(Haq adəm haqqında buyurdu ki, səcdə edin, sayğı göstərin.
Sən də şeytan olma, haqqın buyurduğuna uy, səcdə elə).
Hər iki beytdə Həqqin ünvanı – İnsandır. Nəsiminin inamına görə, İnsana səcdə etməyən kafirdir. Aşağıdakı beytdə Zərdüştlüyün Şər Allahı obrazı olan Əhrimənlə rastlaşırıq. Ancaq mahiyyət birdir. Sadəcə, burada Əhrimən İslamdakı Şeytan obrazını əvəzləyib:
Həmdəm nə rəsmilən ola Cəbrayılü Əhrimən,
Munis nə tövr ilən ola tuti ilə qürab?
(Cəbrayılla şeytan necə həmdəm olur? Tuti ilə qarğa necə isinişər?
Al. Al ilə ala gözlərin aldadı aldı könlümü,
Alını gör nə al edər, kimsə irişməz alinə.
Buradakı Al zahirən duyulmasa da, mənşəyini mifoloji düşüncədən alır: ala gözlər hiylə ilə aldadaraq aşiqin könlünü alıb; hiyləsinə bax, necə hiylələr işlədir, heç kəs onun hiyləsinə çata bilməz. Bu, adam xislətinə xas hiyləgərliyi aşiq məşuqunda gördükdə sarsılır, ancaq yaxşı aldatmaqdır, yaxşı hiyləgərlikdir. Ona görə ki, hardasa bu cür aldanmağı, aldadılıb eşq oduna yanmağı aşiqin özü də istəyir. Göründüyü kimi, burada mifoloji obraz bədii priyom üçün gözəl bir imkan rolunu oynayır.
Buraq. Burada Nəsimi ruhunun Buraqla meraca çıxdığından danışır. Ağılda, düşüncədə həqiqətə yetən Nəsimi üçün Buraq obrazı tamamilə uyğundur. Həqiqət ünvanı – içidir, ona yetib.
Meracə çıxdı ruhi-Nəsimi Buraq ilən,
Şol laşədən nə faidə kim, la-zəlul ola?
(Nəsiminin ruhu Buraq ilə göylərə çıxdı, O ət yığınından nə fayda ki, ram olmaya?)
Ənqa – Simurq. Burada da Nəsiminin yüksək bədiyyatla aşiqlik halını ifadə etməsi mənasızlıq təəssüratı yaratmır. Ona görə ki, əfsanəvi obraz gerçək bənzərsiz aşiq Nəsiminin şəxsində - onunla eyniləşdiyinə görə sanki yenidən dirilir, əsil qiymətini alır:
Eşq ilə hər dəm, Nəsimi, seyr edərsən Kuhi-Qaf,
Sənsən ol ali məqamda şəhpəri-ənqayi-eşq.
Huri-Mələk. Mələk obrazı da Nəsimidə gerçək, həqiqətə yetmiş insanın təsdiqi kimi diqqəti çəkir:
Apardı könlümü məndən bu gün ol cənnətin huri,
Götür pərdə cəmalından ki, sənsən eynimin nuri.
***
Vaiz, mənə vəd etdiyin cənnətdə huri nisyədir,
Gəl, nəqd ağuşumda gör gülüzlü siməndamı sən.
Mələk – Od (Dindəkinin əksinə olaraq – Od-İnsan):

Həqqə yetən insanın içi o qədər işıqlanıb ki, odun işığı üzündə də aydınca ifadə olunub:
Düşərəm oda göricək bu mələknijad huri,
Əcəba, bu Çin bütinin üzi nəqşi – azərimi?
(Bu mələk soylu hurini görcək oda düşərəm, bu Çin gözəlinin üzü oddan işlənmiş rəsmdirmi?
Günəş – Ay. Türk mifiloji obrazlar sistemində Günəşin, Ayın insanlaşmış obrazı aparıcıdır. Nəsiminin yaradıcılığında təbiətin indi də sirli-sehrli sayılan obrazlarına yanaşma özünəməxsusdur. O, vəcd məqamında özünü Günəş, Ay sayır. İnanır ki, Haqqa yetib, haqq olub. Bu qənaət onun fitrətən yerin-göyün sirrinə yiyələnməsi ilə bağlıdır.
Şəms mənəm, qəmər mənəm, şəhd mənəm, şəkər mənəm,
Ruhi-rəvan bağışlaram, ruhi-rəvana sığmazam.
(Günəş mənəm, ay mənəm, bal mənəm, şəkər mənəm,
Axıcı ruh bağışlaram, axıcı ruha sığmaram).
Bu qənaətdə isə qətiyyən şişirtmə yoxdur:
Bir günəşsən, Nəsimi, kim anın,
Neçələr zərrəsinə həsrətdir.
(Ey Nəsimi, sən neçələrinin zərrəsinə həsrət çəkdiyi bir günəşsən).
Nəsimidə Cənnət-Cəhənnəm dindən gələn obrazlar olub, Xeyirin-Şərin, İşığın-Qaranlığın, Həqiqətin-Yalanın əvəzedicinə çevrilir. Bu obrazlar əslində onun “quş dilli” poeziyasında İnsanın-Həqqin-Allahın və əksinə Şeytanın – Divin – İblisin şəxsində mütləq təzadlardır. Nəsimi bu təzadların arasında birlik axtarmır. Çağdaş düşüncədə təzadların arasında birlik olmadığı ağla gözəl çatır. Artıq bu beytdə hər şey aydındır:
Hər kim irər vüsalına, eyşi-nəim içindədir,
Vəslinə irməyən kişi bil ki, cəhim içindədir.
(Sənə qovuşan cənnət yaşayışı içindədir. Sənə qovuşmayan kişi də bil ki, cəhənnəm içindədir).
Mifoloji obrazlar Nəsimiyə gerçək, həqiqətə yetmiş insanın böyüklüyünü, əvəzsizliyini çatdırmaq üçün gərəkli mənəvi dayaqlardır. Nəsiminin insan obrazı mifoloji obrazların sadəcə, bədii, bəzəkli təsvirli davamı yox, canlı, uzun müddət xülyalaşmış mühitdən xəyala, canlı gerçəkliyə gələn, həqiqətə yetmiş insan idrakında gözəlliklərin, ilahiliyin daşıyıcısı olub, Xeyirin təmsilçisinə çevrilir. Mifoloji obrazlar Nəsiminin insan idealını təsdiq edir. İlahiləşən insanda müsbət mifoloji obrazlardan nəinki nəsə var, habelə Nəsiminin inamlı təsvirlərindən bəlli olur ki, canlı, özünə yetmiş insan bunlardakı gözəllikləri də öz içinə alır, daha da yetkinləşir, bənzərsiz şəkildə var olur.
Mənfi mifoloji obrazlar isə insanın həyatdan (yaşamdan) ciddi dərs almasını şərtləndirir. Hürufilik təlimində Həqqə yetməli olan insan anlayır ki, Divə, Şeytana… oxşamaq – dünyasızlaşmaq, Həqqə - Allaha yetib Allah olmağın feyzini yaşamağa qarşıdır.
Nəsiminin mifoloji obrazları şeirlərində yüksək məharətlə sunumu insanın daxili aləminə bələdliyindən, insan psixologiyasını bilməsindən qaynaqlanır. Adətən bədii ədəbiyyatda, şeir düşüncəsində konkret yaradıcı insanın ağlından gələn, ömürləşən ifadə aforizm sayılır. Bəs necə olur ki, burada aforistik səciyyə daşıyan məqamlara məsəl kimi yanaşmalı oluruq? Ona görə ki, Nəsimi poeziyasının aydınlığı içinə, ruhuna bələd insanın özünüifadəsidir. Buradakı haraylı, inamlı özünüifadənin özülü hürufilikdən gəldiyi dərəcədə də habelə mayasını Azərbaycan xalq ruhundan tutur. Hürufilik baxışı – Azərbaycanın mənəvi olayıdır.
Nəsimi poeziyasında o dərəcədə aydın şəkildə həqiqətləşmənin, aydınlaşmanın - ilahiləşmənin təsdiqi var ki, bu, artıq konkret poeziya kontekstindən çıxır, hürufililiyin dünyabaxış ölçüsündə ifadəsi olmaqla şeirlə deyilən, yaddaşlarda oturuşan, qəbul olunan məsəl biçiminə gəlir.
Nəsimi möhtəşəm fikir ustadıdır. Uyğun bildiyi nədən danışırsa-danışsın, fikrinə söykək kimi nəyi əsas (müqayisə) gətirirsə-gətirsin, sonuc onun ilahi məntiqiylə möhürlənir. Bu baxımdan, mifoloji adlardan məsəlvari bəhrələnmə Nəsimi şeirinə daxili uyum səbatlığı gətirir. Nəsimi poeziyasının ustadlıq örnəyi bizə bundan sonrakı şeirimizdə folklordan daha da usta bəhrələnməyin yollarını, bu imkanların yeni çalarlarının axtarılıb tapılmasının gərəkliyini göstərir. Deməli, yaradıcılıq – bitməzlikdir, universallıqdır, hərtərəflilikdir. Xalq ruhundan – folklordan, dini mifologiyadan ustalıqla bəhrələnən Nəsimi bizə bunun gözəl örnəyini göstərir. Məsəlləşmiş biçim dedikdə burada mifoloji adların Nəsimi dünyagörüşündə - bu qüdrət yiyəsinin təsvirinə, təqdiminə uyğun mənalanması, Nəsimi fikrinə, düşüncəsinə xas məntiqə tabe olmasıdır. Mifoloji obrazlardan məharətli istifadə Nəsimiyə imkan verir ki, müqayisələr apara bilsin, özünün yetdiyi halı ifadə etsin.
Əslində bu cür bəhrələnmə Nəsimi üçün gözəl bir vasitə olur. Nəsimi Həqiqətə yetdiyindən təsvirə, müqayisəyə gələn mifoloji obrazların xeyirliyi, ya şərliyi öz (insanlıq) ölçüsündə aydınca görünür, bilinir.


Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!