“Fənərbaxça” – “Qalatasaray” derbisi - Tarix məlum oldu .....                        ATƏT-dən Minsk Qrupu barədə AÇIQLAMA .....                        Nepalda yeni hökuməti o quracaq .....                        NATO “Şərqin mühafizəçisi” əməliyyatına başlayır .....                        30 terrorçu öldürüldü .....                        Mirzoyan Türkiyə diplomatla görüşdü .....                        Xalq artisti palataya köçürüldü .....                        Rusiyaya qarşı səbrim tükənir - Tramp .....                        BDU-da yeni tələbə təqaüdü təsis edildi .....                       
21-05-2025, 19:38
Zəngəzur çiçəyi yubiley işığında

Zəngəzur çiçəyi yubiley işığında

Bu gün Zəngəzur mahalının sevimlisi Kifayət Həsənovanın yubiley-doğum günüdür. Kifayət xanımı təbrik etmək istəyənlərin sayı elə özünün adı qədərdi. Amma biz dostların ürək sözlərindən əvvəl onun özünü oxucularımıza təqdim etmək istədik:
Kifayət Şükür qızı Həsənova 21 May 1955-ci il tarixdə öz gözəl təbiəti, mərd, səxafətli övladları, hər evdə açıq süfrələrilə seçilən Zəngəzur mahalının Qafan rayonunun Oxtar kəndində anadan olub. 1970-ci ildə Oxtar kənd 8 illik məktəbini bitirib. 1970-1971-ci tədris ilində 9-cu sinfi qonşu Şəhərcik kəndində oxuyb. 1971-1972-ci tədris ilində Bakı şəhərinə gələrək təhsilini Sabunçu ( o vaxtkı Lenin) rayonundakı 80 nömrəli tam orta məktəbdə davam etdirib. Orta məktəbi əla qiymətlərlə bitirərək BDU-nun Geoloji-coğrafiya fakültəsinə daxil olub. 1977-ci ildə universiteti qurtaran Kifayət xanım Lenin adına Neft və Qazçıxarma idarəsində geoloq vəzifəsinə təyin edilib. 1990-cı ilin sentyabrında öz xahişi ilə geoloq vəzifəsindən ayrılaraq Bakı Şəhəri R.Əliyev adına 3 nömrəli tam orta məktəbə coğrafiya müəllimi vəzifəsinə qəbul edilib. 1996-2021-ci illərdə həmin məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini işləyib.

Məktəbdə Yeni Azərbaycan Partiyasının ilk ərazi təşkilatını yaradan Kifayət müəllim, təqaüdə çıxana qədər, məktəb üzrə ilk ərazi partiya təşkilatının sədri vəzifəsini icra edib. Dəfələrlə BŞTİ-nin və Binəqədi rayon YAP-ın Fəxri Fərmanları və Diplomları ilə təltif olunub. O, bir neçə il ardıcıl BŞTİ-nin keçirdiyi “Pedaqoji Mühazirələr” müsabiqəsinin qalibi olub, 1-ci və 2-ci yerləri tutub. Şagirdlərinin müntəzəm olaraq şəhər və respublika olimpiadalarında I, II yerləri tutduqlarına görə, Əmək kitabçasına yazılmaqla BŞTİ-nin diplomu ilə təltif olunub. Onun şagirdlərinin sorağı dünyanın və Azərbaycanın ən nüfuzlu ali təhsil ocaqlarından gəlir. Hazırda çalışmanın yaş həddinə görə təqaüddə olan Kifayət müəllim Nərimanov-Nizami-Binəqədi 18 saylı DSK 28 saylı Məntəqə SK-nın sədri kimi əmək fəaliyyətini davam etdirir. 9-10 noyabr 2001-ci il tarixində keçirilən Dünya Azərbaycanlılarının I qurultayının iştirakçısıdır.
Kifayət müəllm, 1979-cu ildə, əslən Qafan rayonunun Gomaran kəndindən olan, 1951-ci ildə ailəsi ilə bərabər deportasiya olunmuş
Fəda Əhməd oğlu Həsənovla ailə qurub. Bu nigahdan 2 övladları dünyaya gəlib. 6 nəvələri var. Təəssüf ki, həyat yoldaşı 2005-ci ildə dünyasını dəyişib.
Kifayət müəllimin ana kimi də, müəllim kimi də zəhməti hədər getməyib. Beləki qızı, Azərbaycan Tibb Universitetinin məzunu, Əczaçılıq elmləri üzrə fəlsəfə doktoru Könül Hüseynquliyeva da nənəsinin və anasının seçdiyi peşəni davam etdirir. ATU-nun Əczaçılıq toksikologiya və kimya kafedrasının baş müəllimidir. 2 ixtira, 4 dərs vəsaiti daxil olmaqla 40-dan artıq elmi əsərin müəllifidir. Oğlu Fuad Həsənli Bakı Şəhər İH-də çalışır. Nəvələri BDU-nun hüquq, beynəlxalq münasibətlər fakültələrində, Polis Akademiyasında, biri isə UNEC-də magistr pilləsi üzrə (BDU-nun məzunu) təhsil alır. Digər iki nəvəsi isə məktəblidir.
Övladlar nəvələr onu baş tacı bilir. Bunu biz demirik Könül Hüseynquliyeva deyir: “Başımızın tacı, Nurüzlü anamız, Allah səni var eləsin, Tanrıya həmd olsun ki, bu özəl və gözəl gündə bizimləsən, yanımızdasan. Allah həmişə sevdiyi insanları imtahan edər. Bu da bizim imtahanımız... 6 ay öncə biz bu günu təsəvvür belə etmirdik. Amma indi sənin 70 illik yubileyini qeyd edirik. Belə çətin gündə bizə dəstək olan hər bir kəsə- qohum-əqrəbaya, dost-tanışa, xüsusilə də Milli Onkoloji Mərkəzin tibbi personalına öz dərin təşəkkürümüzu bildiririk.

Canım anam, Allah səni bizə çox görməsin və səni üstümüzdən əskik etməsin! Yeni yaşın sənə sağlıq, hüzur və xoşbəxtlik gətirsin inşallah!”
Bu gün Kifayət xanımı yubileyi münasibətilə təkcə doğmaları, qızı, nəvələri təbrik etmir. Onu ictimai fəallığına görə yaxşı tanıyan Qafan rayon ictimaiyyətinin əksər nümayəndələri təbrik edir. Həmkarı Məryəm Gəncəliyevanın ürək sözləri Kifayət xanım haqqında daha aydın təsəvvür yaradır:
“Əziz və hörmətli Kifayət xanım, müəllim yüzlərlə vətən övladına həyatın sirlərini öyrədən, yüzlərlə şagirdə sinif otaqlarında ümid işığı olan, onların uğuruna ilk sevinən, onlara “can" deyib özününkünə yorğun çatan, şagirdləri üçün nura çevrilən, peşəsinin fədakarlığı ilə yaratdığı əsərlərinin- şagirdlərinin yüksəlişini görəndə ürəyi dağa dönəndir. Siz 70 illik ömrünüzü vətən övladlarının işıqlı günü üçün sərf etdiniz, müəllim imzanızla çox ürəklərdə şama çevrildiniz, yurda olan sədaqətinizi əsirgəmədən vətən təəssübkeşinə çevrildiniz. Nə gözəldir vətən sevdalısı olub sevilmək. Arzu edirəm, fəth etdiyiniz ürəklərdən silinməyəsiniz, sevdiklərinizlə, sizi sevənlərlə daim bir yerdə olasınız, ailə ocağının odu daim yanar olsun, işığı gur yansın!”
Qafan Rayon İcması adına yaranmış WhatsApp qrupuna yağdırılan təbriklərdən qarşımıza çıxanların müəlliflərinin adını çəkməklə Kifayət xanıma olan hörmət və ehtiramlarını diqqətə çatdırırıq:
“Hörmətli Kifayət xanım! Sizi doğum gününüz- 70 illik yubileyiniz münasibəti ilə səmimi qəlbdən təbrik edir, sizə möhkəm can sağlığı, ürəyinizdəki bütün arzuların çin olmasını və ən əsası Oxtar dərəsinə-Vətənə qovuşmaq nəsibi arzu edirəm! Hörmətlə: Eldar Abbasov”
Qafan Rayon İcmasının sədri, professor Eldar Abbasovun təbriklərinə qoşulanların hamısını sadalamaq mümkünsüzdür. Kənd icmaları – Qaraçimən kənd icması adından Sərvər Hüseynov, Gərd kənd icması adından Eldar Qarayev, Gığı kənd İcması adından Bəhruz Piriyev, Müsəlləm kənd icması adından Əkrəm Mustafayev, Qovşud kənd icması adından Eldar kazımov, Xələc kənd icması adından Naqim Mehdiyev, Dovrus kənd icması adından Paşa Abbasov, Şabadin kənd icması adından Əbülfəz Ağayev və başqaları təbrik edirlər.
Kifayət xanım, biz də “Bütöv Azərbaycan” qəzetinin kollektivi olaraq sizi təbrik edirik. Ağır xəstəliyə öz iradənizlə, mətanətinizlə, təpərinizlə qalib gəldiniz. Bu hünər sizə Zəngəzur dağlarından verilmişdi. Arzu edirik ki, qalan ömrünüzü ağrı-acısız yaşayasınız. Sizi baş tacı edən övladlarınız ətrafınızdan əksik olmasın!
Hörmətlə:Tamxil Ziyəddinoğlu,
“Bütöv Azərbaycan” qəzetinin təsisçisi və baş redaktoru
17-05-2025, 22:07
”Yaddaşlarda qalan müəllim”


”Yaddaşlarda qalan müəllim”

Mayın 17-də Yasamal Rayonu Heydər Əliyev Mərkəzində Qərbi Azərbaycanın Zəngəzur mahalının ziyalılarından biri- Adil Kərimova həsr olunmuş ”Yaddaşlarda qalan müəllim” kitabının təqdimat mərasimi keçirilib. Mərasimə Kurud-Kirs icmasının fəalları, Adil müəllimin xatirəsini əziz tutan şagirdləri, qohumları və müxtəlif sənət adamları, musiqiçilər qatılıblar.
Əvvəlcə mərhum Adil müəllimin və Azərbaycanın dövlət müstəqilliyinin bərpası, torpaqlarımızın azad olunması uğrunda şəhid olanların xatirəsi sükutla yad edilib. Mirzə Şəfi Vazeh adına Mərkəzi Kitabxananın direktoru Lətifə Məmmədova 1933-cü il aprelin 16-da Qafan rayonunun Kirs kəndində dünyaya gəlmiş Adil Kərimovun qısa və şərəfli ömür yolundan söhbət açıb. Onun həyatının müxtəlif fraqmentlərini əks etdirən videoçarx nümayiş etdirildikdən sonra Esmiralda Hüseynovanın rəhbərlik etdiyi “Mehriban” mahnı və rəqs qrupu “Mən fəxr edirəm ki, azərbaycanlıyam” mahnısını ifa edib.

Qısa musiqi fasiləsindən sonra mərhumun şagirdləri, onu tanıyanlar öz xatirələrini bölüşüblər. Tükənmək bilməyən şirin xatirələr tədbirin təşkilatçısı, kitabın naşiri Misir Aslanovun əmisinin adına açdığı süfrə arxasında davam etdirilib. Sonda təqdimat mərasimindən xatirə şəkilləri çəkdirilib.
Əziz oxucular, təqdimat mərasimi barədə geniş materialla “Bütöv Azərbaycan” qəzetinin növbəti sayında tanış ola bilərsiniz...







17-05-2025, 00:10
Şəhid Nazim Allahverdiyevin anım günü keçirilib

Şəhid Nazim Allahverdiyevin anım günü

Mayın 15-də Abşeron rayonunun Mehdiabad qəsəbəsində Birinci Qarabağ müharibəsi şəhidi Allahverdiyev Nazim Qarlen oğlunun anım günü keçirilib. Şəhidin yeganə övladı Günay Nazimqızının təşəbbüsü və təşkilatçılığı, Abşeron rayonunun əlaqədar qurumlarının və Mehdiabad qəsəbə 5 nömrəli tam orta məktəbin təşkilati dəstəyi ilə keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Dövlətimizin müstəqilliyinin bərpası və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi sükutla yad olunub. Sonra Nazim Allahverdiyevin həyat yolunu əks etdirən videoçarx nümayiş etdirilib.

5 saylı məktəbin derektoru Faiq Xosrovlu şəhidin keçdiyi qısa və şərəfli ömür yolundan danışıb. Bildirib ki, Nazim Allahverdiyev 15 iyun 1964-cü ildə Zəngəzur mahalının Qafan rayonunun Baharlı kəndində dünyaya gəlib. Yüz minlərlə soydaşımız kimi o da doğma yurdundan ayrı düşüb. 1990-cı ilin əvvəllərində, könüllülər sırasında, erməni faşistlərinə qarşı döyüşə atılıb.

Döyüş yoldaşları cəsur silahdaşlarının şücaətindən, cəsurluğundan, döyüş vaxtı düşmənə qarşı barışmazlığından söhbət açıblar. Məlum olub ki, Nazim Sovet Ordusu sıralarında olarkən Monqolustanda tankçı kimi xidmət edib. Orda əldə etdiyi texniki biliklər sayəsində o zaman Azərbaycan Respublikasında- Qobustanda dislokasiya olunan Sovet qoşunlarından tank qaçıraraq çəbhəyə aparıb. Azərbaycanın Milli Qəhrəmanı, kapitan Albert Aqarunovla birlikdə Şuşa ətrafında gedən döyüşlərdə ağır yaralanıb. Bir müddət müalicə aldıqdan sonra Albertin şəhid olduğu xəbərini alıb. Bu xəbərdən sarsılan Nazim yarası sağalmamış cəbhəyə qayıdıb. Silahdaşlarının intiqamını almağa and içib. 1992-ci il mayın 15-də Şuşanın Turşsu, Zarıslı kəndləri uğrunda gedən döyüşlərdə igidliklə vuruşaraq şəhid olub. İndi vaxtilə məskunlaşdığı Mehdiabad qəsəbəsinin küçələrindən biri Nazim Qarlen oğlu Allahverdiyevin adını daşıyır.

Təhsil aldığı Mehdiabad 1 nömrəli tam orta məktəbdən anım mərasiminə qatılan müəllimləri mərhumun məktəb illərindən söhbət açıblar. Onun nümunəvi tərbiyəsinin vətənpərvərliyinin indiki gənclərimizə örnək olduğunu bildiriblər. Qeyd olunub ki, şəhidlərimizin canı qazilərimizin qanı bahasına Qarabağ torpaqları, Nazimin uğrunda can verdiyi Şuşa, Xankəndi işğaldan azad edilib. Artıq şəhidlərimizin də narahat ruhları dinclik tapıb.
Abşeron Rayon İcra Hakimiyyətinin təmsilçisi və Abşeron Rayon İcra Hakimiyyəti başçısının Mehdiabad qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Emin Abbasov şəhid ailələrinə, qazilərə göstərilən diqqətdən, dövlət qayğısından söz açıblar.

“Dədə Qorqud” Milli Fondunun prezidenti Eldar İsmayılov Azərbaycanın Milli Qəhrəmanının adına təsis olunmuş “Aqarunov” medalını Günay Nazimqızına təqdim edib. Rəsmi hissədən sonra məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.
Sonda Nazimin qardaşı Şikar Allahverdiyev və əmisi Sovet Dərgahov ailə üzvləri adından anım mərasiminə qatılanlara, şəhid ailələrinə göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər.
“Bütöv Azərbaycan”








16-05-2025, 08:21
Rasim müəllim, Təbrik edirik!

Rasim müəllim, Təbrik edirik!

Bu gün əzizimiz Rasim Tanrıverdiyevin doğum günüdür. Onu təbrik etməklə bərabər, tanımayan dostlara da təqdim etmək istədik. Rasim 1958-ci il mayın 16-da Zəngəzur mahalının Gığı kəndində, müəllim ailəsində, anadan olub. Qıraq kəndlərdə 10 illik məktəb olmadığından Pürülü, Mahmudlu, Həçəti, Gərd, Pəyhan, Keypəşin, Acıbac və Kirs-Kurud uşaqları da 9-10-cu sinifləri Gığı kənd orta məktəbində oxuyurdular. Elə Rasimlə tanışlığımızda orda başlayıb. Rasim sinif yoldaşımız, mərhum atası- sevimli müəllimimiz Baxış Tanrıverdiyev isə məktəbdə tədris işləri üzrə direktor müavini idi.
1975-ci ildə məktəbdən məzun olduq. Yollarımız ayrıldı. Bir-birimizdən xəbərsiz, hərə öz arzusunun dalınca getdi. Sonralar eşitdik ki, Rasim Tanrıverdiyev ali təhsil alaraq, məktəbimizə qayıdıb. Müəllimlərimizlə çiyin-çiyinə çalışmağa başlayıb. 1988-ci illərin hadisələrindən sonra ellərimiz də pərən- pərənə düşdü. Hərə bir yerdə məskunlaşdı. Toparlanmağımız xeyli zaman aldı.

Bir vaxtlar ayrıldığımız nazlı qızlarımızı ana gördük, dəliqanlı dostlarımızı saçı, saqqalı ağarmış ata gördük. Toylarına dəvət aldıq. Beləcə ocağımızdan uzaqlarda yeni növraq qura-qura yenidən bir-birimizə isinişdik. İmkan düşdükcə tez-tez görüşməyə can atdıq. Xeyirdə-şərdə görüşdük, dərdləşdik. Amma o illərimizi qaytara bilmədik.

Bu gün əziz dostumuz Rasimin 67 yaşı tamam olur. Bu yaş həm də Gığı məktəbindən məzun olduğumuz 50 ilin üzərinə qalanmış acılı, şirinli bir ömürdür. Rasimə sağlam, uzun ömür arzulayırıq. Arzu edirik ki, həmişə övladlarının xoş günün görsün, işləri ürəyincə getsin! Bir də ömrünün bu çağında ata ocağına ayaq basmaq nəsibi olsun!
Hörmətlə: Gığı kənd orta məktəbinin 1975-ci il məzunları adından
Tamxil Ziyəddinoğlu

6-05-2025, 20:35
“Zəngəzur yazarlarının Zəfər çələngi” toplusu nəşr ediləcək


“Zəngəzur yazarlarının Zəfər çələngi” toplusu nəşr ediləcək

“Zəngəzur” Cəmiyyətləri İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə “Zəngəzur yazarlarının Zəfər çələngi” layihəsinin icrasına başlayıb.
Azərbaycanın Vətən müharibəsində şanlı Zəfərinin 5 illiyinə həsr olunan bu topluda Qərbi və Şərqi Zəngəzur bölgəsini əhatə edən 9 rayonda - Cəbrayıl, Sisian, Meğri, Gorus, Kəlbəcər, Laçın, Qafan, Zəngilan, Qubadlıda doğulub yaşamış, soykökü ilə bu torpaqlara bağlı olan yazarların Zəfər ovqatlı yaradıcılıq nümunələri toplanacaqdır.
Birliyin sədri Hacı Abdulla bildirib ki, 2025-ci ilin ilk qrant müsabiqəsinin qaliblərindən olan layihə çərçivəsində nəşr ediləcək toplunun nüfuzlu peşəkar ədəbiyyatşünas alim, yazıçı, şair, jurnalistlərdən ibarət Redaksiya Heyəti yaradılıb, mətbuatda və sosial şəbəkələrdə elanlar verilib, müəlliflərdən şeir, hekayə, publisistik yazıların toplanması, seçilməsinə başlanıb. Materialların seçimində Vətənimizə, Milli Ordumuza, Şəhid və Qazilərimizə, Böyük Qayıdışa, müasir Azərbaycanın qurucu memarı ümummilli lider Heydər Əliyevə, Azərbaycan Prezidenti və Müzəffər Ali Baş Komandan İlham Əliyevə həsr olunmuş ən yaxşı ədəbi-bədii əsərlərə üstünlük veriləcəkdir. Toplunun yazarların iştirakı ilə təqdimatı keçiriləcək, kitabın nüsxələri şəhid ailələrinə, Vətən müharibəsi iştirakçılarına, müəlliflərə, elm, təhsil, mədəniyyət müəssisələrinə paylanacaq, elektron resurslarda yerləşdiriləcəkdir.
Qeyd edək ki, “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyi bundan əvvəl Qarabağ və Zəngəzurun tarixi, mədəniyyətinin, Azərbaycan həqiqətlərinin tədqiqi, öyrənilməsi, təbliğinə, 8 noyabr zəfərindən sonrakı quruculuq, qayıdışa həsr olunmuş, eləcə də Vətənimizin cənub və şimal bölgəsində doğulub yaşayan yazarların qələm məhsullarından ibarət 9 adda kitab nəşr edib, Azərbaycan, Çexiya, Türkiyə, Gürcüstanda təqdimatlarını keçirib.
4-05-2025, 06:12
Özünü axtaran şair, təbrik edirik!

Özünü axtaran şair, təbrik edirik!

Bu gün-mayın 4-də rəngarəng-fəlsəfi, lirik şeirlər müəllifi, gözəl həkim, “Bütöv Azərbaycan” qəzetinin təəssübkeşi Nailə Nuşirəvan qızı İbrahimovanın doğum günüdür. Nailə xanım Qərbi Azərbaycanın Zəngəzur mahalının Qafan rayonunun Şəhərcik qəsəbəsində dünyaya gəlib. Bakı şəhərindəki 63 saylı orta məktəbi və Azərbaycan Dövlət Tibb Universitetini bitirib.
Hələ orta məktəb illərindən şeir yazan Nailə İbrahimova artıq bir neçə kitab müəllifidir. Tanınmış qələm sahibləri, elm adamları onun yaradıcılığı barədə onlarca yazı yazıblar. “Düşüncələr” və “Ürəklə söhbət” şeirlər kitablarından sonra Nailə xanımın “Dəyişmədi illər məni” kitabı çap olunub. Bu kitaba şairin öz şeirləri ilə bərabər onun yaradıcılığına həsr olunmuş “Səmimiyyətin poeziyası”, “Baharlı duyğular”, “ Sözün və səsin pıçıltısı”, Qarabağın ağır dərdi üstümüzə qar ələdi”, “Həzin misralar”,”Yuxularıma gələn kənd”, “İnsan surətinin bütöv bir panoraması” və digər yazılar daxil olunub. Bir müəllifin yaradıcılığına bu qədər resenziya, məqalə və digər janrda yazıların həsr olunması geniş oxucu kütlələrinin onun yaradıcılığına marağının, sevgisinin təzahürüdür.
“Bütöv Azərbaycan” qəzetinin redaksiya heyəti Nailə İbrahimovaya doğum günü hədiyyəsi olaraq bir neçə şerini oxucuların ixtiyarına verir:

Bu tale yükünü necə qaytarım

Od tutur ürəyim, duyğularım da,
Sözüm də kül olub qəlbimdə qalır.
Tale düz yolumu bağlayıb nədən,
Məni bu dolanbac yollara salır.

Çəkdiyim əzablar bəs etmir yenə,
Dözümüm qalmayıb bu qədər yükə.
Ümid başım üstə görünən zaman,
Hər şey dəyişəcək deyirəm bəlkə.

Elə hey düşünüb daşınıram mən
Görəsən nə zaman səhv yolla gəldim?
Mümkünsüz geriyə qayıtmaq daha,
Keçdiyim yollarda qəm-kədər dərdim.

Bilmirəm günahı özümdə görüm,
Yoxsa ki, taledə, bəxtdə axtarım.
Bu, mənim bəxtimə yazılmışdısa,
Bu tale yükünü necə qaytarım?

Bu bir qismət, ya da mənim səhvimsə
Qismətimdən, ya özümdən küsüm mən.
Taleyimi verim yellər aparsın,
Əllərimi bu dünyadan üzüm mən.

Necə gözəl günlərdi

Zəngəzurda doğulub
Boya-başa çatmışam.
Gözəl bir kənd qoynunda
Böyüyüb boy atmışam.

Hər tərəfdə çiçəklər
Baxdıqca göz oxşardı.
Dağlardan gələn sular
Kükrəyərdi, daşardı.

Havası təmiz idi,
Meh xəfifcə əsərdi.
Solub saralan yarpaq,
Asta-asta düşərdi.

Meşədə buz bulaqlar,
Yolumuzu gözlərdi.
Hamı bu gözəlliyi
Seyr edərdi, izlərdi.

Süfrələr açılardı,
Yeyib içib gəzərdik.
Çəmənlikdə gülləri
Çiçəkləri üzərdik.

Necə gözəl illərdi,
Necə gözəl günlərdi,
Necə gözəl aylardı...
Yayda həyat qaynardı.

Şəhərdə yaşayanlar
Yayda kəndə gələrdi.
Şadlıqdan uşaq-böyük
Şənlənərdi, gülərdi.

Qohum-qardaş yığışıb
Sevincini bölərdi,
Necə gözəl günlərdi,
Necə gözəl günlərdi.

Nə yaxşı bilməmişəm

Gözümü yuman kimi
Şirin yuxum gələrdi.
Röyada ruhum mənim
Yaxşıca dincələrdi.

Gənclik – dinclik deyil ki,
Coşardı, çağlayardı,
Mənim qəlbim bir ümman
Gülərdi, ağlayardı.

Fikirlərim göylərdə,
Arzularım tükənməz.
Ümid – gələcək idi,
O günlər geri dönməz.

Ancaq gözəllikləri
Seyr edərdi gözlərim.
Ürəyimdən axardı
Hər kəsə xoş sözlərim.

Gözəl xəyallarımla
Gələcəyə uçardım.
Yaxşılığa can atıb
Pisliklərdən qaçardım.

Vurğundum hər insanda
Timizliyə, düzlüyə.
Hələ rast gəlməmişdim
Namərdə, yüz üzlüyə.

Yoxsa indiki kimi
Yuxum qaçardı məndən,
Bezərdim, usanardım
Yuxusuzluq əlindən.

Nə yaxşı pislikləri
Mən o vaxt bilməmişəm
Nə yaxşı pislikləri
Mən o vaxt görməmişəm.



Bir-iki söz yazdım

Bir-iki söz yazdım, bu gen dünyada
O sözlər dünyanı görən gözlərim.
Bir-iki söz yazdım ürəkdən gələn,
Yazdığım o sözlər – ürək sözlərim.

Hər şerim bir yanan ocaqdan doğub,
Onu ürəyimdə qovurmuşam mən.
Şeirlərim- yanan ocaq tüstüsü,
Beynimdən qəlbimə sovurmuşam mən.

Yanan ürəyimin alovu olub,
Sətir-sətir vərəqlərə düzülüb.
İçimdəki təlatümlü anların
Bir anıdır, sözlərimlə süzülüb.

Bu dünyanın çox sualı cavabsız,
Haqsızlığın haqqı qalıb hesabsız.
Bu dünyada yamanların sayı çox,
Yaxşıları tapmaq olmur çıraqsız.

Dünya yaman çalxalanıb

Dünya yaman çalxalanıb qaynayır,
Hər kəs ona bir züy tutub oynayır.
Böyük-kiçik bir-birini saymayır,
Əyilibdir hər ölçüsü, mizanı,
Kim söndürə bu qaynayan qazanı?

Bir düşməndir sanki insan insana,
Söz deməmiş əlləri batır qana.
Nədir belə insanı yığan cana?
Əyilibdir hər ölçüsü, mizanı,
Kim söndürə bu qaynayan qazanı?

Ər-arvadı, arvad-əri öldürür,
Bu vəhşilik neçə ocaq söndürür.
Kamil insan pis niyyətdən gen durur,
Əyilibdir hər ölçüsü, mizanı,
Kim söndürə bu qaynayan qazanı?


Zalımların müharibə davası,
Başlarında dəli, cünun havası,
Dünyanı məhv edən başsız ədası.
Əyilibdir hər ölçüsü, mizanı,
Kim söndürə bu qaynayan qazanı?

Özümü axtarıram

Bir ocaqdım sönmüşəm,
Lal sükuta dönmüşəm,
Diri ikən ölmüşəm.
Ocaqdakı qorumu,
Közümü axtarıram,
Özümü axtarıram.

Bir çiçəkdim, solmuşam,
Solub xəzan olmuşam,
Nəfəssiz boğulmuşam.
Yeni gələn baharı,
Yazımı axtarıram,
Özümü axtarıram.

Duyğylarım sel idi,
Arzularım bol idi,
Sevgim dəniz, göl idi.
Qəlbimdə o ümmanı,
Dözümü axtarıram,
Özümü axtarıram.

Quş tək qanad aşardım,
Səmalarda uçardım,
Qəlbimdən nur saçardım.
Əzmimi, vüqarımı,
Sözümü axtarıram,
Özümü axtarıram.


Dünya, elə işıqlı
Görünərdi gözümə.
Hər şeyi iti görən
Gözümü axtarıram,
Özüm elə özümü,
Özümü axtarıram.
3-05-2025, 09:59
DAŞLARDAN BAXAN GÖZLƏR


Polad POLADOV


DAŞLARDAN BAXAN GÖZLƏR

1988-ci ilin Qərbi Azərbaycan üzərindən əsdirdiyi köç küləyi Kirs kəndi üzərindən də əsdi. Kənddə yaşayan azərbaycanlı əhali ermənilər tərəfindən zorla çıxarılmağa məruz qaldı. Kənddən maşın yola çıxmaq üzrədir. Balaca qızı axtarırlar tapa bilmirlər. Hər tərəf axtarılır, qız tapılmır ki tapılmır. Kənd camaatı narahatçılıqla balaca qızı axtarır. Mümkün olan hər yerə baxırlar. Hamı pərişandı. Axı bu qız hara gedə bilər.
Ata birdən elə bil ki yuxudan ayıldı. Tez çay aşağı gedən maşın yolu ilə qaçmağa başladı. Bu yol o yoldur ki düz məzarlığın yanından keçir. Qəbiritsanlığa çatanda ata hisslərində yanılmadığını gördü. Bəli qız burda idi.
Qız evdə yüklərin maşına yığıldığını görüb bildi ki bir daha bu kəndə, bu evə qayıtmayacaqlar. Ona görə də xəlvət yolla məzarlığa gəlmişdi. Hansı ki bu məzarlıqda anası onu qucağına almaq, bağrına basmaq istəyirdi. Körpəlikdən ana nəvazişi görməyən balanı ana əzizləmək istəyirdi.
Ata məzarlığa yaxınlaşanda balasının anasının sinə daşını qucaqlayıb yatmış gördü. Gözləri məzar daşından baxan rəsmə zilləndi. Sanki şəkil dil açıb deyirdi: - Səs eləmə uşaq yatıb...
Kənddə artıq qızın harada olduğunu başa düşmüşdülər. Maşın kənddən çıxıb körpünü keçıb məzarlığa çatanda qardaşının maşından “ANA” deyib səslənməsi balaca qızı yuxudan oyatdı. Anasının məzarı yanında oturub onun yuxudan oyanmasını gözləyən atasını görüncə hönkür – hönkür ağlamağa başladı...
Artıq bütün ailə üzvləri məzar başında son vida edirdilər. Uşaqlar maşına tərəf gedir, ata isə məzardan ayrıla bilmir. Bir anlığa elə bil ki, səs eşidir: -Get uşaqları sənə tapşırıram.
Maşın məzarlığın yanından ayrılır. Maşından gözlər məzar daşına dikilib uzaqlaşır. Daşdan baxan gözlər ta bağın altını maşın keçənə kimi arxasınca baxır, baxır...
14-04-2025, 17:25
Cəbrayıl stadionunu şumlayıb kartof əkirlər - ETİRAZ


Cəbrayıl stadionunu şumlayıb kartof əkirlər - ETİRAZ

İşğaldan azad edilmiş Cəbrayıl şəhərindəki stadionun ərazisinin şumlanması yerli idman ictimaiyyətinin etirazı ilə qarşılanıb.
Stadionun hazırkı vəziyyətini əks etdirən videogörütü şəhər sakinləri tərəfindən sosial şəbəkədə ictimialəşdirilib və aidiyyatı qurumlardan kömək istənilib.
Qeyd edilib ki, işğaldan əvvəl 2500 azarkeş tutumu olan stadion indi əkin üçün kimlərəsə icarəyə verilib. Hətta artıq orada kartof və digər bitkilərin əkildiyi də bildirilib.
Sakinlər deyirlər ki, şəhərin “Dəyirman dərəsi” məhəlləsində yerləşən stadion ərazisinin gələcəkdə “Cəbrayıl” futbol klubunun inkişafı üçün bərpasını arzu edirlər.
Bunun üçün AFFA-ya da çağırış edilib.
Qeyd edək ki, “Cəbrayıl” futbol klubu hazırda Azərbaycan çempionatın I Liqasında çıxış edir. Hazırda Bakıda məskunlaşan komandanın yaxın gələcəkdə doğma rayona qayıdışı istisna olunmur.
6-04-2025, 22:15
Doğma ocağımıza qayıdacaq, yenə qurub yaradacağıq


Doğma ocağımıza qayıdacaq, yenə qurub yaradacağıq-FOTOLAR

Aprelin 5-də Qərbi Azərbaycan İcmasının inzibati binasında Qafan rayonunun kənd icma rəhbərlərinin hesabat yığıncağı keçirildi. Qafan Rayon İcmasının sədri, professor Eldar Abbasov gündəlikdə duran məsələlər barədə məlumat verdi. Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının icma qarşısında qoyduğu tələbləri və bu ali məqsədə çatmaq üçün icma üzvlərinin üzərinə düşən vəzifələri, məsuliyyəti bir daha xatırlatdı. Qeyd etdi ki, erməni faşistlərinin silahlı təzyiqi nəticəsində Qafan rayonunun kəndləri boşaldı. Hazırda həmin kəndlərdən yalnız 33-nün sakinləri təşkilatlanaraq fəaliyyət göstərir. Ona görə də o ağır mahalın siyahıya alınması, lazım olan sənədlərin toplanması, əcdadlarımızın min illərlə yaşadığı o yerlərin toponimləri, maddi- mədəniyyət abidələri haqqında bilgilərimizi gələcək nəsillərə ötürmək missiyası bizim üzərimizə düşür.

Qərbi Azərbaycan İcmasının baş kordinatoru Faiq Kərimov bildirdi ki, Qərbi Azərbaycana aid olan bütün faktlar toplanıb tarixi sənəd kimi, küĺiyyat halında çap olunacaq. Yeri gəldikcə dövlətimiz də, gələcək nəsillər də, tarix tədqiqatçıları da həmin sənədlərdən ilkin mənbə kimi istifadə edə biləcəklər. Ona görə də 1960-1987- ci illər ərzində siyasi təzyiqlər nəticəsində köçürülənlərin siyahısını da təkminləşdirmək lazımdır.
Ermənistanın siyasi demaqoqiya ilə məşğul olan baş naziri Nikol Paşinyan mesaj verir ki, Qərbi Azərbaycana qayıdış məsələsini unudun. Bu hay balası anlamır ki, biz əcdadlarımızın min illərlə yaşadığı, özümüzün doğulub boya-başa çatdığımız yurdlarımızı unudan deyilik. Gec-tez dağıdıb viran qoyduqları doğma ocaqlarımıza qayıdacaq, yenə də qurub yaradacağıq.

Qərbi Azərbaycan İcmasının qurucularından olan Polad Poladov Qərbi Azərbaycan həqiqətlərinin öyrənilməsinin 2-ci mərhələ məlumatlarının hazırlanması ilə baglı tapşırığın icrası barədə kənd icma rəhbərlərinin verdikləri hesabatı diqqətə çatdırdı.
Müsəlləm Kənd İcmasının kordinatoru Əkrəm Mustafayev ötən əsrdə Qafan rayonunda pedaqoji fəaliyyət göstərmiş müəllimlər haqqında ensiklopedik məlumat kitabının çapa hazırlıq vəziyyəti barədə məlumat verdi.

Qafan Rayon İcma rəhbərliyinin təmsilçilərindən fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Rauf Tağıyev, Seyfulla Abbasov, Kurud-Kirs İcmasının sədri Səxavət Hacıyev, Keypəşin İcmasının sədri Cəmaləddin Əmirov və başqaları qaldırılan məsələlər ətrafında fikir mübadiləsi apardılar, təkliflərini bildirdilər. Yekunda Qərbi Azərbaycana Qayıdış Konsepsiyasından irəli gələn tapşırıqların yerinə yetirilməsinin sürətləndirilməsi və yaxın zamanlarda daha geniş tərkibdə görüşün təşkil olunması qərara alındı.


Qafan Rayon İcmasının mətbuat xidməti
18-03-2025, 07:04
“Zəngəzurda “BACA - BACA” ilaxır çərşənbəsi” adlı ilk möhtəşəm bayram tədbiri

“Zəngəzurda “BACA - BACA” ilaxır çərşənbəsi” adlı ilk möhtəşəm bayram tədbiri

Biz azərbaycanlılar xeyirdə də, şərdə də həmişə bir olmuşuq. Zaman-zaman bu birliyimizi içindən parçalamağa, yox etməyə çalışsalar da istiqanlı insanlarımızın qəlbindəki o ilahi işığı heç nə söndürə bilməyib. Necə deyərlər, xeyir şərə qalib gəlib. Bədxah qonşumuz olan ermənilər həmişə bizə qarşı nankorluq nümayiş etdiriblər. Gözəl Qarabağımıza göz dikiblər, Qərbi Azərbaycandan yerli camaatımızı öz dogma ata-baba yurdlarından didərgin salıblar. 30 ilə yaxın işğalda qalan Qarabağ və Şərqi Zəngəzur torpaqları Ali Baş Komandanımız İlham Əliyevin sarsılmaz iradəsi və Müzəffər ordumuzun gücü ilə işğaldan azad olundu. Onda biz hamımız uşaqdan böyüyə qarabağlı olduq və bu möhtəşəm Zəfəri qazandıq. Bu gün isə hər birimiz Qərbi Azərbaycanlıyıq və məqsədimizə doğru haqqımız, hüququmuz və aydın düşüncəmizlə irəliləyirik, dogma ata-baba torpaqlarımıza yenidən qayıtmaq eşqi, arzusu ilə yaşayırıq. Bu məqsədlə artıq Qərbi Azərbaycan icmamız da yaranıb.

İndi qarşıdan xalqımızın qədim, əziz bayramı olan Novruz gəlir. Bu münasibətlə Zəngəzur mahalının Qarakilsə rayonunun Şəki kənd icması təm-təraqqı ilə möhtəşəm bir tədbir keçirdi. Bu yazını yazarkən də o dinlədiyim, birgə rəqs etdiyimiz Zəngəzur yallısının sədaları hələ də qulağımda səslənir. Doğma kəndlərindən ayrılandan düz 37 il sonra Vətən həsrətilə təşkil edilmiş bu unudulmaz bayram tədbiri könül dünyamızda bir təlatüm yaratdı. Bu tədbir həm də bütün dünyaya bir mesaj kimi ötürüldü: Bax belə əl-ələ verib öz yurdumuza qayıdacağıq və heç bir maneə bizi yolumuzdan saxlaya bilməyəcək...
Tədbiri Şəki kənd icmasının sədri AYB və AJB-nin üzvü şair-publisist, Prezident mükafatçısı Azadə Novruzova açıq elan edərək Qərbi Azərbaycan İcmasının İdarə heyətinin sədri, millət vəkili Əziz Ələkbərlinin soydaşlarına bayram təbrikini çatdırdı. Sonra Ümummilli liderimizin və torpaqlarımız uğrunda canlarını qurban vermiş şəhidlərimizin, eyni zamanda 37 ildir ki, məzarları ziyarət olunmayan Qərbi Azərbaycanlıların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Möhtəşəm himnimiz səsləndirildi. Beləliklə, Zəngəzurda, o cümlədən, Şəki kəndində vaxtilə qeyd edilmiş “Baca-baca - ilaxır çərşənbə” adlı tədbir açıq elan edildi.

Onu da bildirək ki, bu səsi-sədası hələ uzun illər yaddaşımızda qalacaq tədbirin təşkilatçısı Şəki Kənd İcması idi. Çıxış edən icma üzvləri Məhərrəm müəllim, Yunis müəllim, Ələkbər müəllim, Nazmirə müəllimə, Novruz müəllim, Qadir həkim qədim ata-baba yurdunda uşaqlıqdan gördükləri, yaşadıqları Novruz adətlərindən danışdılar. Bayram şənliyində Şəki kəndindən olan 13 şəhid ailəsinin doğmaları da iştirak edirdi.
Tədbirdə öncə Qərbi Azərbaycan İcmasının fəaliyyətindən bəhs edən süjet nümayiş olundu. Azadə xanım icmanın məqsədi, məramından danışdı. Bu tədbirin birliyimizi nümayiş etdirən bir tonqal ətrafında toplanıb Şəki kənd icmasının timsalında yeni ilə daha inamla qədəm qoymaq istəyindən yarandığını söylədi. Bildirdi ki, 37 ildə ilk dəfədir ki, Şəki camaatı “Baca-baca”-nı birlikdə keçirir. İlaxır çərşənbəsi olan “Baca-baca”da uşaq vaxtı nənələrimiz hər il bizə gözəl, naxışlı torbalar tikərdi. Biz də onu qapılara atıb, baca-baca payımızı alardıq. Tonqaldan atlanardıq, yumurta döyüşdürərdik…
Tədbirdə təkcə Qarakilsə rayonunun Şəki kənd icmasının üzvləri deyil Azərbaycanın bütün bölgələrindən Qarabağdan, Zəngəzurdan, Bakıdan, Şəkidən, Şamaxıdan, Abşerondan, Göyçədən, Borçalıdan, Təbrizdən olan alimlər, ziyalılar, həkimlər, şairlər, yazıçılar iştirak edirdilər. Bu mənzərəni belə ifadə edə bilərik ki, Şəki kəndinin qaladığı tonqalın ətrafına bütöv Azərbaycan toplaşmışdı. Ocağınız daim belə gur yansın, Şəki İcması!
Zəngəzurda Novruz adət-ənənələri, Baca-baca - ilaxır çərşənbə ilə bağlı məruzəni isə BDU-nun dosenti Məhəmməd Məmmədov etdi.
Sonra söz AYB-nin Cənubi Azərbaycan bölməsinin rəhbəri yazıçı, şair, tərcüməçi Sayman Aruza verildi. O, Cənubi Azərbaycanda keçirilən Novruz ənənələrindən, xüsusilə, Baca-baca bayramından danışdı. Tarix üzrə fəlsəfə doktoru, AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun "Qərbi Azərbaycan tarixi" şöbəsinin müdiri Cəbi Bəhramov bildirdi ki, Şəki kəndinin 2 min il yaşı məlum olsa da onun tarixi hələ lap qədimlərə gedib çıxır. Bu qədim türk yurdunun çox zəngin maddi mədəniyyət abidələri var. Buradakı toponimlərin hamısı türk mənşəlidir.
Sonra “Mənim ailəm” filminin ssenari müəllifi, tanınmış telejurnalist Bəhruz Niftəliyev çıxış etdi. Qeyd edək ki, filmin bir buraxılışı Şəki kənd orta məktəbinin dil-ədəbiyyat müəllimi Əmir müəllimin (Bayramov Əmir Hətəmxan oğlunun) ailəsinə həsr edilib. Filologiya elmləri doktoru Almaz Ülvi Göyçədə Novruz ənənələrindən danışdı. Bu tədbirin yaratdığı xoş təəssüratlarının, əks-sədasının unudulmaz olacağını vurğuladı. Şəki kənd icmasının ağsaqqalı, Şəki kənd orta məktəbinin direktor müavini, dərs-hissə müdiri vəzifələrində çalışmış Əmir (Talıb) Bayramov da çıxışında qədim adətlərimizdən söhbət açdı.

İcma ilə həmişə sıx, gözəl münasibətdə olan Xalq artisti Eldost Bayramın çıxışı tədbirə ayrı bir rəng qatdı. Eldost müəllim Qərbi azərbaycanlıların istiqanlılığı, qonaqpərvərliyi, daxili zənginliyindən ürəkdolusu danışdı. Bildirdi ki, bu qədim yurdun insanları söz sərrafıdırlar. Bura istedadlar məskənidi, bu şairlərin şeirləri insana başqa bir zövq verir. O, Azadə xanımım şeirlərinin içdən, candan yazıldığını, özünün də o şeirlərə ürəklə yanaşaraq tamaşaçılara böyük bir məhəbbətlə təqdim etdiyini vurğuladı.
Tədbirdə Şəki rayonu, Yeni Azərbaycan Partiyası sədrinin müavini əslən Qərbi Azərbaycandan (Əştərəkdən) olan Ziya Vəliyev də çıxış etdi. O, çıxışında 1918-ci il qırğınları zamanı Qərbi Azərbaycandan didərgin düşmüş və Şəki rayonunun eyniadlı Şəki və Daşbulaq kəndlərində məskunlaşmış icma nümayəndələrinin də təbrikini hər kəsə çatdırdı. “Dədə Ələsgər” İB-nin sədri Xətai Ələsgərli də çıxış edənlər arasında idi. Xətai müəllim hələ uzun müddət bu el şənliyinin xoş təəssüratında olacağını vurğulayaraq, təşkilatçılara öz təşəkkürünü bildirdi.
Bayram tədbirində “Nərgiz” rəqs qrupu milli rəqslərimizi təqdim etdi. “İrəvan” ansamblı bir-birindən gözəl musiqi nömrələri ilə könülləri oxşadı. Ansamblın rəhbəri professor Maya Qafarova tədbirdə ürək sözlərini söylədi. Vüqar Mövlamovun qədim nəfəs alətləri ansamblı isə bütün iştirakçıları ayağa qaldırdı. Yəqin hələ uzun illər Zəngəzur yallısının səsi bizə bu tədbiri xatırladacaq...
Beynəlxalq müsabiqələr qalibi aşıq Ramin Qarayevin Dədə Ələsgərin yaradıcılığından səsləndirdiyi aşıq havaları da iştirakçılara gözəl bir ovqat bəxş etdi.
Qeyd edək ki, tədbirin fonunda Qərbi Azərbaycanın, o cümlədən Şəki kəndinin qədim adət-ənənələrini özündə əks etdirən geniş sərgi açılmışdı. Sərgidə qədim məişət əşyaları, o cümlədən, xalca, palaz, kilim, xurcunlar, novruz şirniyyatlarına daxil olan İrəvan kətəsi, çöçə, çıppa, lavaş, yuxa, bayram xonçaları, həmçinin M.Dilbazi adına Poeziya Məclisinin rəhbəri, Kələğayı muzeyinin direktoru, şair-publisist Güllü Eldar Tomarlının kələğayı, millli papaqlar və əl işləri də nümayiş etdirilirdi.

Tədbirin sonunda Şəki Kənd İcmasının sədri Azadə Novruzova prezidentimiz İlham Əliyevin çıxışlarına istinad edərək bildirdi ki, biz doğma, qədim ata-baba yurdumuz olan Qərbi Azərbaycanımıza mütləq qayıdacağıq. Öz elimizdə, obamızda, doğma Şəki kəndimizdə füsunkar Şəki şəlaləsinin ətəyində, Güllü bulaqda, Yağlı Güneydə, Darvaza döşündə, Fətişin hasarında qalanan Novruz tonqallarımızın alovu göyə yüksələcək, Baca-baca-ilaxır çərşənbəmizi əvvəlkindən də daha şövqlə qeyd edəcəyik.
"Baca-baca" mız mübarək!

Mina RƏŞİD
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!