“İslam Respublikasının Sovet İttifaqından öyrəndiyi davranış”Ötən şənbə günü (30.11.2024) İran parlamenti uzun mübahisə və müzakirələrdən sonra "Hicab və iffət haqqında" yeni qanun qəbul edib. Yeni qanunun mətni mətbuatda dərc olunan kimi, cəmiyyətin ən müxtəlif təbəqələrinin, o cümlədən bəzi rəsmilərin və din xadimlərinin sərt etirazları, həmçinin kəskin tənqidləri ilə üzləşib.
Əksər tənqidçilər yeni qanunun məcburi hicabla bağlı ölkədə iki ildən artıqdır davam edən gərginliyi aradan qaldırmayacağını, əksinə, vəziyyəti daha da mürəkkəbləşdirərək, İranı qarışdıra biləcəyini vurğulayıblar.
İran prezidentinin ictimai hüquq və azadlıqlar üzrə köməkçisi Səkinə Sadatpad dünən ILNA informasiya agentliyinə verdiyi müsahibədə yeni hicab qanununun ölkədə vətəndaş itaətsizliyi ilə nəticələnə biləcəyini açıq şəkildə bildirib.
Baş verən hadisələrlə bağlı Fransanın Paris şəhərində yaşayan Güney Azərbaycan milli fəalı, “ƏK” - Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin həmsədri Maşallah Rəzminin 16.11.2024-cü il tarixində “İran-emrooz” saytında dərc olunmuş “İslam Respublikasının Sovet İttifaqından öyrəndiyi davranış” adlı məqaləsini diqqətinizə təqdim edirik:
İslam Respublikasının Sovet İttifaqından öyrəndiyi davranışMaşallah Rəzmi yazır:Siyasi məhbusları ruhi xəstəxanalarda saxlamaq İslam Respublikasının Sovet İttifaqından öyrəndiyi davranışdır. Hicaba nəzarət edən məmurlarla dava etdikdən sonra Elmi Tədqiqat Universitetinin həyətində üst libasını soyunaraq alt paltarında gəzən xanım
Ahu DəryaiHəbsdə olduğu müddətdə ruhi xəstəxanada saxlanılan keçmiş siyasi məhbus Kianuş Sənjərinin intiharı, hicaba nəzarət edən məmurlarla dava etdikdən sonra Elmi Tədqiqat Universitetinin həyətində üst libasını soyunaraq alt paltarında gəzən xanım Ahu Dəryainin ruhi xəstəxanaya transferi, həmçinin “Əmr Be Məəruf” qərargahının qadın işləri üzrə rəhbəri və İbrahim Rəisi hökumətində əmək nazirinin keçmiş müavini Mehri Talebi Darestani tərəfindən "Hicabsızlar Klinikası" vasitəsilə məcburi hicabı qəbul etməyən qadınların həbs edilərək ruhi xəstəxanaya aparılması xəbərləri məni xatirələrimin bir hissəsini yenidən oxumağa sövq etdi. Nəzərinizə çatdırım ki, İran İslam Respublikasının siyasi məhbuslarla davranışı keçmiş Sovet İttifaqının siyasi məhbuslarla davranışı ilə bənd-bənd uyğun gəlir.
Mən 1985-ci il sentyabrın 11-də, dörd il İranda gizli yaşadıqdan sonra öd ağrısından əziyyət çəkdiyim bir halda vətənimi tərk etmək məcburiyyətində qaldım və Ərdəbil nahiyyəsindən quru sərhəddini payi-piyada keçərək Sovet İttifaqına daxil oldum. Eşitmişdim ki, quş belə Sovet sərhəddini keçərsə, sərhədçilər ondan dərhal xəbər tuturlar. Amma sərhədi keçəndən sonra yarım saata yaxın bir dərədə oturub sərhədçilərin yanıma gəlməsini gözlədim. Gecə gec olduğu və heç kimdən xəbər olmadığı üçün çamadanımı bir daşın yanında qoyub əliboş getməyə başladım.
Əksər iranlılar hesab edir ki, Araz çayı İranla keçmiş Sovet İttifaqı arasındakı bütün sərhəd boyu axıb keçərək Xəzər dənizinə tökülür. Amma reallıq belə deyil. Coğrafiya xəritəsinə diqqətlə nəzər saldıqda görürük ki, Araz çayı Ərdəbil vilayətinə çatdıqda yolunu şimala doğru əyir və uzaq məsafə qət etdikdən sonra Kür çayına qovuşur, sonra hər ikisi birlikdə Xəzər dənizinə tökülür. Mən Sovet sərhədini quru hissədən keçdim.
Qaranlıqda bir müddət üzərində oraq və çəkic işarəsi olan bir binaya çatana qədər yol getdim. Yəqin etdim ki, bina sərhəd zastavasına aiddir, amma qapı bağlı idi və ətrafda da heç kim yox idi. Qapını döyməli oldum və qapını rus əsgəri açdı rusca soruşdu ki, “nə istəyirsən?” Bəzi rus sözlərini əzbər bildiyimdən ona siyasi qaçqın olduğumu, fars, türk və ingilis dillərində danışa bildiyimi dedim. Qapını bağladı və getdi. Bir neçə dəqiqədən sonra bir neçə əsgər və bir zabit gəldi. Məni polis idarəsinə apardılar və tərcüməçi gələnə qədər oturmağımı söylədilər. Təxminən yarım saat sonra danışdıqlarımı tərcümə etmək üçün bir qadın gətirdilər. Düşünürəm ki, o, nəzarət-buraxılış məntəqəsində ofis işləri ilə məşğul idi və məndən ingilis dilində təfərrüatları soruşmaq istəyirdi. Bir də fikir verdim ki, o, mənim rus dilini bildiyim qədər ingilis dilini bilir. Hər halda təfərrüatımı və gəlişimin səbəbini ona dedim. O, bir neçə dəfə “xaraşo, xaraşo” deyib mənim gəlişimlə bağlı sərhəd zastavalarının mərkəzinə məlumat verməyə getdi.
Səhərə qədər nəzarət-buraxılış məntəqəsində qaldım, Azərbaycan Sovet Respublikasının türkcə/azərbaycanca bilən bir zabiti gəldi və bütün tərcümeyi-halımı yazıb çamadanımdakı əşyaların şəklini çəkdi və məni Araz çayının o tayındakı Cəlilabad şəhərinin kazarmalarından birinə apardı. Ertəsi gün Bakıdan otuz kilometr şimalda yerləşən Sumqayıt şəhərinə aparıldım. Dedilər ki, dostların gələnə və vəziyyətin aydınlaşana qədər burada qalacaqsan.
Mənim yerləşdiyim yer Xəzər dənizinin sahilində olan Sumqayt şəhərindəki “Elektrik işçiləri sanatoriyası” idi. İstirahət yeri yaxşı təchiz olunmuşdu və buranın Azərbaycan dilində danışan həkimləri, tibb bacıları, təmizlikçiləri, bağbanları və aşpazları da daxil olmaqla 20 nəfərdən çox işçi heyəti var idi. Məndən sonra çoxu kürd və ya Mazandaran ailələrindən olan və Azərbaycan dilində danışa bilməyən bir neçə iranlını yavaş-yavaş bu sanatoriyaya gətirdilər və mən onların tərcüməçisi oldum. Bura gələndə dedim ki, arvadım və qızım Fransadadırlar və BMT-nin qaçqınlarla bağlı qaydalarına görə mənim həyat yoldaşım və uşağımın yanına getmək hüququm var, amma bu o qədər də sadə deyildi.
Sumqayıtda məskunlaşdıqdan bir neçə həftə sonra “İran Xalq Fədailəri Təşkilatı”nın məsullarından biri Daşkənddən məni görməyə gəldi. O, mənə dedi ki, sovet yoldaşları bu dəqiqə Fransaya getməyə icazə verməyəcəklər. Sonra da bildirdi ki, mən Bakıda qala bilərəm, istəsəm Daşkəndə və ya da Əfqanıstana gedib orada İran üçün proqramlar yayımlayan “Radio-ye Zəhmətekan” (Zəhmətkeşlər Radiosu) ilə əməkdaşlıq edə bilərəm. Təklifi qəbul etmədim və ona görə də Sumqaytda qaldım.
Sumqayıtda qalmağım 7 ay davam etdi. Bu yazıda Sumqayıtda qaldığım yeddi aylıq müddətin təfərrüatlarını təsvir etmək fikrində deyiləm. Halbuki, Azərbaycan Sovet Sosialist Respublikasının Qızıl Aypara Cəmiyyətinin rəhbəri vaxtaşırı Sumqayta gəlib qaçqınların yaşayış şəraitini öyrənir, onların başqa şəhərlərə və ya respublikalara köçürülməsi üçün tədbirlər görürdü. Sumqayıta gətirilən qaçqınlar əsasən uşaqlı ailələr idi, ona görə də onları iki-üç həftə ərzində Bakıya və ya başqa sovet respublikalarına köçürürdülər. Amma mən tək idim və ona görə də burada qalmalı oldum. Qızıl Ayparanın rəhbəri mənə bir neçə dəfə təklif etdi ki, Bakıda mənim üçün mənzil ayırıblar və nə vaxt istəsəm, Bakıya köçə və sonra da Fransaya gedə bilərəm. Təbii ki, qəbul etmədim. Bakıdakı qaçqınlar işə göndərilməmişdən əvvəl Qızıl Ayparadan ayda 90 rubl məbləğinda pul alırdılar, amma mən Sumqayıtda olduğum müddətdə onlardan heç bir köməklik görmədim. Deyəsən Qızıl Ayparanın rəhbəri Bakıda mənim adıma mənzil yazdırmışdı və mənim əsl ünvanım orada idi. Qızıl Aypara hər ay üçün də mənim adıma 90 rubl yardım yazıb yaxşıca mənimsəyirdi.
Sumqayıtda uzun müddət qalmağım belə bir şayiəni gücləndirdi ki, “Maşallah Rəzmi Tudə Partiyasının və İran Xalq Fədailəri Təşkilatının siyasətinə qarşıdır, ölkə daxilində isə müxalifət təşkilatının qalan kadrlarına rəhbərlik edir. Ona görə də Maşallahı Sumqayıtda həbs ediblər ki, ölkə daxilindəki kadrların rəhbərlikdən narazılığını başqalarına deyə bilməsin.”
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rəhbəri Azərbaycan Kommunist Partiyasının əsas məmurlarından biri olan Əhmədov soyadlı şəxs idi. Mən Bakıya getməkdən imtina edəndən sonra o, mənimlə yaxınlıq etdi. Nə vaxt Sumqayıta gəlsə, məndən onunla sanatoriya bağında gəzməyimi, söhbət etməyimi xahiş edirdi. Partiyada yüksək vəzifə tutmasına baxmayaraq, Əhmədov xeyirxah insan idi və Qızıl Ayparanın rəhbəri kimi qaçqınlara xidmət etmək istəyirdi. O, mənimlə söhbətində İslam Respublikasının Tudə partiyası rəhbərlərini Sovet İttifaqına casusluqda ittiham və onları həbs etməsindən narazılığını bildirdi və deyirdi ki, axı İranın nəyi var ki, sovetlərin də orda casusları olsun, İranın nə atom sualtı qayığı var, nə kosmik gəmisi var, nə də dahi alimləri, vacib bir şeyi yoxdur ki, onlar haqqında məlumat toplamaq lazım olsun.
Demək olar ki, iki həftədə bir dəfə baş verən bu müzakirələr yavaş-yavaş aramızı açdı. Söhbət zamanı mən ona Sovet İttifaqındakı vəziyyətlə bağlı suallar verirdim, o isə çox rahatlıqla və həm də asanlıqla cavab verirdi. Üstüörtülü şəkildə olsa da sovet cəmiyyətindəki qondarma konstruktiv korrupsiyanı tənqid edirdi. Mən hər gün qəzetləri oxuyurdum, televiziya xəbərlərini diqqətlə dinləyirdim və sovet vəziyyətini müəyyən qədər bilirdim. Bir gün Əhmədova dedim ki, mən hər gün ən azı 5 qəzeti vərəqləyirəm, bir neçə yazı oxuyuram, amma qəzetlərin hamısı eyni mövzunu yazır, niyə bu qədər kağız israf edirsiniz? Ya qəzetləri sərbəst buraxın, müxtəlif mövzular yazın, ya da hamısını bağlayın və sadəcə bir qəzet nəşr edin.
Əhmədov hörmət əlaməti olaraq, mənə müəllim deyirdi. Bir dəfə dedim ki, niyə bütün qəzetlər yalnız bir sözü təkrarlayır? O, yeriməyi dayandırıb məndən bir metr aralıda dayandı və sərt şəkildə “Maşallah müəllim, həqiqət birdir, jurnallar da həqiqəti yazırlar!” dedi. Başa düşdüm ki, o, həqiqəti bir və mütləq hesab edir, qəzetlər də eyni olmasa, həqiqəti yazmayacaqlar. Söhbəti davam etdirmədim. Çünki gördüm ki, onun vəzifəsi dedikləri ilə bağlıdır, əks halda işdən çıxarılacaqdır.
Mən əvvəllər eşitmişdim ki, məşhur şair və Pişəvərinin mədəniyyət naziri olmuş Məhəmməd Biriya Sovet siyasətinə qarşı çıxdığına görə uzun illər Sibirdə sürgündə dustaq olub, meşədə odun qırıb, bir müddət ruhi xəstə kimi həbsdə saxlanılıb. Ona görə də Əhmədovla başqa söhbətimdə siyasi məhbuslar məsələsini qaldırdım və Əhmədov da qarşılığında məndən İranda niyə bu qədər siyasi məhbus olduğunu soruşdu. Mən izah etdim ki, İranda müxtəlif partiyalar və ideologiyalar var, amma İslam Respublikası bunların heç birini qəbul etmir və deyir ki, “partiya yalnız Hizbullahdır, lider yalnız Ruhullahdır” və hökumətin düşüncəsini qəbul etməyən hər kəs ya öldürülür, ya da həbs edilir. Söhbətimin davamını Sovet İttifaqındakı siyasi məhbuslara çəkdim və Əhmədovdan soruşdum:
- Niyə Sovet İttifaqında siyasi opponentləri psixi sığınacaqlarda saxlayırlar?
Əhmədov yenə yeriməyi dayandırdı və mənə dedi:
- Maşallah müəllim, bu nə sözdür, hər kim Qızıl Ordu ilə müxalifət edirsə, dəlidir da!
Mən Əhmədovun arqumentinin əleyhinə heç nə deməmişəm. Çünki başa düşdüm ki, o, həqiqətən dediyi sözlərə inanır. Fəlakət də elə burada idi. Belə ki, İran İslam Respublikasında olduğu kimi keçmiş Sovet İttifaqında da həqiqətlər təhrif edilib, məmurlar da təhrif olunub və onlar fikirləşiblər ki, qəzetlər partiya qərarlarından başqa nəsə yazıblarsa, deməli mütləq həqiqətə qarşı yazıblar. Əgər Saxarov kimi məşhur alim və fizik Kommunist Partiyası Mərkəzi Komitəsinin qərarlarından başqa bir şey deyirdisə, deməli o, dəli idi. Çünki partiyaya qarşı çıxan hər kəs Qırmızı Orduya qarşı çıxır və dünyanın ən böyük ordusuna qarşı çıxmaq isə dəlilik sayılırdı.
İndi Mehri Talebi Darestani xanım hicabsızlar üçün klinikanın açılışını elan edir. Bu iş üçün xərclənən büdcədən başqa, onlar da sovetlərin Əhmədovu kimi düşünməlidirlər ki, həqiqət birdir və həmin həqiqət də onların monopoliyasındadır. 90 milyon iranlının taleyi Mehri Darestani ideyalarına sahib olan məmurların əlindədir. Onlar da keçmiş Sovet İttifaqında olduğu kimi İslam Respublikasının taleyini təyin edəcəklər. Bu arada bərk zarafatcıl təbrizli də “mənimsəmə ilə mübarizə klinikası”nın fəaliyyətə başladığını açıqladı.
Paris,
15 noyabr 2024Mənbə: https://www.iran-emrooz.net/index.php/politic/more/117529/