Əli İbrahimov,AMEA Fəlsəfə və Sosiologiya İnstitutu “Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq fəlsəfəsi” şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosentVətənpərvərliyinin gücündən yaşanan ləyaqətÖlümün qolları güclü olsa da,
Vətən məhəbbəti güclüdür ondan!
Bax, bu məhəbbətdir, aparan bizi,
Ağır döyüşlərə hər vaxt, hər zaman.Tatar şairi Musa Cəlilin (1906-1944) bir bənddən ibarət aforizm motivli şeirini məqalə üçün epiqraf götürməkdən məqsədim budur ki, bir zaman hələ 1995-96-cı illərdə Astaranın doğulduğum Artupa kənd tam orta məktəbində ədəbiyyatdan keçdiyim dərslərin tədrisində üstünlük verdiyim inşa yazılarının hansı istiqamətdə aparılmasının metodikasını yada salmaq, “Vətən qarşısında öz borcumu nədə görürəm” sualı ətrafında gedən düşüncələrdən məktəblilərin çıxardığı nəticələri bilmək, onların vətənpərvərlik, qəhrəmanlıqla bağlı təəssüratlarının rəngarəngliyi ilə maraqlanmaq, nəhayət hər birinin vətənə fərqli sevgi münasibətləri barədə xatirələrini yazıya köçürməkdən ibarətdir. İnşa yazılardan yadıma düşən tezisləri sadaladıqca belə düşünürəm ki, 1995-96-97-ci illərdə “Talış Qartalı” ləqəbli tank komandiri kimi tarix yazan və şəhidlər zirvəsinə ucalan Nadir Ağadadaş oğlu Xəlilov da digər sinif yoldaşları kimi o dövrün inşa mövularına etinasız deyildi. Tezislər kimi sadalanan həmin mövzular təxminən belədir: “Mən öz vətənimi – doğma Azərbaycanımı, onun Talış bölgəsini, zümrüd meşələrini, Şindan zirvəsini hədsiz bir məhəbbətlə sevirəm. Mənim müqəddəs borcum Vətənə, onun çiçəklənməsinə xidmət etmək, Vətənin hər qarış torpağına sinəmi sipər edib onu qorumaqdır. Xüsusən, indiki vaxtda, vətən ərazisinin beşdən bir hissəsinin yağı düşmən tapdağı altında olduğu bir zamanda Vətən bizdən daha böyük hünərlər gözləyir və mən bütün qanımla, bütün canımla onu qorumağa hazıram. Mən bu gün oxumaqla, sabah isə müstəqil Azərbaycan ordusunda vuruşmaqla, iqtisadiyyatın və mədəni siyasi həyatın müxtəlif sahələrində çalışmaqla vətənə olan borcumu verəcəyəm. Vətəni qorumaq, onu inkişaf etdirmək və çiçəkləndirmək bizim hamımızın şərəf işi, vətəndaşlıq borcudur.” Minlərlə Nadir Xəlilov kimi azərbaycanlının həyat devizinə çevrilən bu arzu, bu niyyətlər milyonların asudə, sakit yaşayışına təminat verdi, xalq belə şəhidlərə elegiyalar yazmaq, məzarlarını ziyarət etməklə təskinlik tapır.
Deməli, biz yanılmamışıq, vətənpərvərliyin əxlaqi və siyasi prinsip, sosial hiss olduğunu izah edərkən davamını “Vətənə məhəbbət, ona sadiqlik, onun keçmişi, indisi və gələcəyi üçün iftixar, onun mənafeyini müdafiə etmək səyinin bu hissin məzmununu təşkil etməsi kimi dəyərləndirməyə çalışmışıq.
Doğma torpağa, dilə, ənənələrə, milli-mənəvi dəyərlərə bağlılıq şəklində hələ qədimlərdə formalaşdığını yada saldıqca düşünürəm ki, mənim vətənpərvərlik, vətənsevərlik, ümumiyyətlə azərbaycançılıq ideyası əsasında qurduğum dərslər heç də nəticəsiz qalmamışdır.
Haqqında bəhs etdiyim şəhid Nadir Ağadadaş oğlu Xəlilovun timsalında doğma Artupa kənd orta məktəbinin digər məzunları: Miryaqub Əsgər oğlu Ağayev, İlkin Xanməmməd oğlu Kazımov, Səxavət Qüdrət oğlu Səttarov da nəticəsiz qalmayan həmin dərslərimin şəhidlik mərtəbəsinə yüksələn yadigarlarıdır.
2-ci Qarabağ Vətən müharibəsinə qədər vaxt qazanmağımız, tam orta məktəblərdə, ali və orta təhsil müəssisələrində, orduda, hərbi təhsil verən kolleclərdə düşmənə qarşı açıq və gizli zərbələr endirməyin yolları barədə düşünməyə bizə imkan verdi. Ali Baş Komandanın tapşırığı əsasında mükəmməl hazırlıq təlimləri keçmiş ordu gələcəyin strateji planlarını hazırlamağa girişmişdi. Müstəqilliyi yenidən qazanmalı olsaq da hərçənd ki, 1990-cı illərdə 4 il müddətində müqəddəs torpaqlarımızı – Qarabağı erməni faşistlərindən və onların havadarlarından qorumaq üçün bir çox şəhidlər verdik, məhrumiyyətlərə qatlaşdıq. 4 ildə itirdiyimiz torpaqlarımızı 44 gündə azad etdik. Amma necə?
Tədqiqatçı-alim, professor İlham Məmmədzadə Prezident İlham Əliyevin dərin məntiqə söykənən fikirlərini, bizim tarixi yaddaşımızı və gələcək hədəflərə nail olmağımız üçün növbəti strateji yol xəritəsinin istiqamətindən doğan düşüncələrini misal çəkir və bu məntiqin mahiyyəti ilə bağlı mətni olduğu kimi verir: “Dünyadakı münaqişələrə əgər nəzər salsaq, onların mənşəyini və indiki vəziyyətini təhlil etsək görərik ki, artıq o ölkələrin vətəndaşları da, beynəlxalq ictimaiyyət də elə bil ki, bu vəziyyətlə müəyyən dərəcədə barışıb, razılaşıb. Yaxud da, bunu alternativsiz bir variant kimi qəbul edir. Müəyyən dərəcədə burada məntiq var. Çünki uzun illər davam edən nə hərb, nə sülh vəziyyəti, dondurulmuş münaqişələr istər-istəməz belə fikirlərin yaranmasına gətirib çıxarır... Birincisi, güclü siyasi iradə olmalıdır: liderlərin güclü siyasi iradəsi və istənilən təzyiqə davam gətirmə qabiliyyəti. Bu, hesab edirəm ki, birinci dərəcəli məsələdir. Çünki öz təcrübəmə istinad etsəm deyərəm ki, 17 il ərzində müxtəlif dövrlərdə mənə təzyiq cəhdləri gah artırdı, gah səngiyirdi...
Bax, mən bu barədə də demişəm. Reallıq var və siz gərək reallıqla barışasınız, indi sizə nə təklif olunur, bununla da kifayətlənin, qalan torpaqlar qalsın, Ermənistan razı deyil, orada referendum keçirilməlidir” [”Azərbaycanın strateji hədəfləri və cənubi Qafqazda yeni reallıqlar” kitabı, Bakı-2021-ci il, səh.15].
Prezidentin mətndəki çıxışının sonuncu cümlələri bütün xalqımıza, ölkə başçımıza, ordumuza əsas verirdi ki, güclü siyasi iradəni işə salmaq, nəhayət azğınlaşmış düşmənin dərsini vermək məqamı yetişmişdir. Yetişmiş məqam nəzərdə tutduğumuz strateji planlarımızın reallaşmasına səbəb oldu. 30 illik səbr, təmkin, dözüm nümayiş etdirməyimizin pozulan harmoniyası 27 sentyabr-10 noyabr 2020-ci ildə apardığımız 44 günlük müharibə ilə bərpa edildi. Qarabağ vətən müharibəsi düşmənin ağır, amansız itkiləri ilə müşaiyyət edilən kapitulyasiyası ilə nəticələndi. Bu müharibənin qələbə ilə nəticələnməsi 3 minə yaxın şəhid verməyimizin, çoxlu sayda yaralı və qazilərimizin sayəsində, onların “güclü siyasi iradə” nümayiş etdirmək çağırışlarına qoşulmaq səyindən mümkün olmuşdur.
Aydındır ki, II Qarabağ vətən müharibəsində 3 minə yaxın verdiyimiz şəhidlərin 41 nəfəri Astara rayonunun payına düşür. Bu bir reallıqdır. Nadir Ağadadaş oğlu Xəlilovun genində irsi olaraq cəsurluq, igidlik, mətinlik, qorxmazlıq və mərdlik əlamətlərini hələ uşaqlıq, gənclik çağlarından əmiləri: Firudin və Əkrəm Xəlilovlarda müşahidə edib qürur duymuşam. Ukraynanın Donbas bölgəsində polis polkovniki rütbəsinə qədər yüksələn əmisi Firudinin şərəfli həyat yolunun yolçusu olmaq arzusunun fövqündə yaşadıqca Nadir həyatda, orduya, müharibəyə səfərbər olunduğu çağlarda nadirliyini, döyüşdəki unikallığını nümayiş etdirdi. 2002-ci ildə həqiqi hərbi xidmətə çağırılan Nadir xidməti borcunu layiqincə yerinə yetirdikdən sonra vaxtilə məktəbdə ölməz qəhrəmanlar haqqında keçirilən inşa yazılarında fəallıq göstərməyini həyatda nümayiş etdirmək istəyib. Özünü layiqli bir tankçı kimi görmək arzusu ilə 2005-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təlim və tədris mərkəzində “Tank qoşunları üzrə gizirlərin 6 aylıq hazırlıq kursu”nda oxuyaraq buranı uğurla başa vurmuş, “N” saylı tankçılıq üzrə hərbi hissədə xidmətə başlamışdır. İki dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş həmyerlimiz Həzi Aslanovun özü və tankçıları haqqında oxuduğu kitablardan və qəhrəmanın döyüş yoluna həsr olunmuş bədii kino-filmlərindən öyrəndiyi cəsarətlilik, təşkilatçılıq, dəqiqlik, texnikanın sirrlərinə bələd olmaq, mətanətlilik, təmkinlilik, əsgərləri qələbəyə ruhlandırmaq qabiliyyəti bir an olsun belə onun nəzərindən yayınmamışdı. Özünü nümunəvi tankçı kimi tanıtdığı üçün Nadir Xəlilova tank komandiri kimi məsuliyyətli vəzifə etibar edilir və düşmənlə üzbəüz təmas xəttinə yaxın tank qoşunlarının yerləşdiyi hərbi hissələrin birində ona xidmət etmək vəzifəsi tapşırılır. 2016-cı ilə qədər tank qoşunlarında tank komandiri olaraq xidmət edən gizir Nadir Ağadadaş oğlu 2016-cı ilin aprel döyüşlərində düşmən tərəfi üçün böyük strateji əhəmiyyət kəsb edən Lələtəpənin alınmasında misilsiz şücaət, qoçaqlıq göstərdiyindən ona igidliyə görə baş gizir rütbəsi verilir və o, “Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi medalı” ilə təltif edilir. Baş gizir rütbəli Nadir Xəlilov 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edərək erməni vandallarının 6 tankından 4-nün məhv edilməsinə nail olaraq qəhrəmanlıq göstərmiş, sentyabrın 30-da Füzuli döyüşləri zamanı şəhid olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra düşmənin canlı qüvvəsini və atəş nöqtələrini məhv etdiyinə görə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medallarına layiq görülmüşdür. Ömrünün 18 ilini hərbiyə həsr edən tank komandiri, şəhid gizirin Ağadadaş və Nihad adlı iki oğul övladı yadigar qalıb. Anası Pakizə xanımın dediyinə görə Nadir öz sağlığında göz bəbəyi kimi sevdiyi Vətənini – Azərbaycanı, onun dilbər guşələrini Qarabağı, Gəncəni, Bakını, Qazaxı, Şəki-Şirvanı, Bərdəni, Yevlaxı, İsmayıllını, Şamaxını, Quba, Qusar bölgələrini; gözəl Lənkəranı, Astaranı, vətənin dağlarını, çaylarını, göz oxşayan Xəzəri sevməyi, bərəkətli torpağının, daşının qədrini bilməyi övladlarına oxuduğu S.Vurğunun “Azərbaycan”, Abbas Səhhətin “Vətənim” şeirləri vasitəsilə təlqin edirdi. Nadirin atası Ağadadaş, anası Pakizə Xəlilovlar övladlarının itkisindən kədərlənsələr də, Vətənin – Azərbaycanın, qədirbilən azərbaycanlıların yaşaması naminə bu şəhidliyi Allahın qisməti, şərafət hesab edirlər. Xalq şairi Bəxtiyar Vahabzadə Azərbaycanın sabahı – gələcəyi naminə şəhidliyi əbədiləşdirən misralarla vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyənlərin – cəsarətli, ləyaqətli insanların bu uca zirvəyə layiq olduqlarını bəyan edir:
...Qatil gülləsinə qurban gedirkən,
Gözünü sabaha dikdi şəhidlər!
Üç rəngli bayrağı öz qanlarıyla,
Vətən göylərinə çəkdi şəhidlər!Nadirin qardaşları Sabir və Qədir Xəlilovlar, bacıları Əsmər və Gülnarə də şəhidlik məqamına yüksələn və əbədiləşənlərə daim dua oxuyur, bununla qürur duyurlar. Beləliklə, Azərbaycan üçün önəmli olan Qarabağ münaqişəsi 30 ildən sonra öz həllini tapdı. Qarabağı azadlığa qovuşduran isə müqəddəs şəhidlik məqamına yüksələn neçə-neçə cəsur, mərd qəhrəmanlar oldu. Bu qəhrəmanlardan biri də Nadir Ağadadaş oğlu Xəlilovdur. Onun vətənpərvərliyinin gücündən yaşanan ləyaqət bundan sonra da kim bilir neçə-neçə nəslin qəhrəmanlıq səlnamələrinin ibrət doğuran səhifələri kimi diqqət çəkəcək.