Natiq Əmirxan oğlu Şahmuradov 1963-cü il avqustun 14-də Xankəndinin Kərkicahan qəsəbəsində anadan olub. Əvvəl qəsəbədəki Səməd Vurğun adına 6 saylı səkkizillik məktəbdə təhsil alıb, sonra isə təhsilini Xankəndindəki Nizami Gəncəvi adına 4 nömrəli orta məktəbdə davam etdirib. İki illik həqiqi hərbi xidmətdən sonra Natiq Xankəndi şəhər Daxili İşlər Şöbəsində polis nəfəri kimi xidmətə başlayıb. Nümunəvi xidmətinə görə 1989-cu ildə Bakıda orta xüsusi milis məktəbinə oxumağa göndərilib. Məktəbi bitirdikdən sonra onu təyinatla Saatlı rayonuna göndərəndə imtina edərək Qarabağa göndərilməsini xahiş edib. Göndərişlə bağlı Natiq mətbuata da müraciət edib, “Aydınlıq” qəzetində “Bizi Qarabağa göndərin” başlıqlı məqalə ilə öz arzusunu, düşməndən qisas almaq istəyini ifadə edib. Beləliklə, müvafiq nazirlik Natiqin vətənpərvərliyini, təkidli istəyini nəzərə alaraq onu Şuşa rayon Polis Şöbəsinə xidmətə göndərib. Bütün varlığı ilə doğma Qarabağa bağlı olan, tükənməz Qarabağ sevgisi ilə yaşayan Natiqin döyüş yolları Kərkicahandan başlanıb. Natiq vətən uğrunda ağır döyüşlərdə fəal iştirak edib, düşməni itkilərə məruz qoyub. O, vətənin ən ağır günlərində öz övladlıq borcunu ləyaqətlə yerinə yetirərək silahdaşlarına nümunə olub, qanlı-qadalı günlərdə soydaşlarının ümid yerinə çevrilib. Natiqin son döyüşü Şuşanın işğalı günü olub. 8 may 1992-ci il. Artıq ermənilər Şuşaya daxil olmuşdu. Şuşa can verirdi. Natiq bu ağır anlarda rahatlıq tapa bilməzdi. O, silahını götürüb silahdaşları ilə şəhərin girişində olan Şuşa həbsxanasına tərəf üz tutub. Qanlı döyüşlər başlanıb. Natiq bir an içərisində bu döyüşün hökmünü verib. Son gülləsinədək, son damla qanınadək döyüşməlidir. Ermənilər həbsxananın ərazisinə doluşanda özünə əlverişli mövqe seçən Natiq əvvəlcə giriş qapısını hədəfə alıb. İyirmiyə yaxın erməni yaraqlısı bu hədəfdə Natiqin gülləsinə qurban gedib. Natiqin şücaəti sayəsində həbsxanada olan dustaqlar azad edilərək onlar da silahlandırılıb və ermənilərə qarşı mübarizəyə atılıblar. Natiq bir erməni texnikasını məhv etməyə imkan tapıb. Qüvvələr isə qeyri-bərabər olub: həm canlı, həm də texnika tərəfindən. Bunu Natiq hiss edib. Və nəhayət, Natiqin gülləsi tükənib. İki yol qalıb, ya geri çəkilmək, ya da erməni yaraqlılarının birini təkləyib əlbəyaxa döyüşərək sursatını əlindən almaq. Natiq ikinci yolu seçib. Özünü irəliyə atıb, sinəsini qabağa verib düşmənin üstünə gedib. Əlbəyaxa döyüşdə Natiq erməni yaraqlısını tərksilah edib. Əldə etdiyi silahla son mübarizəsini aparıb. Təbii ki, Natiq kimi vətənpərvər igid Şuşanı dar məqamda qoyub qaça bilməzdi. Axı həmin anda köməksiz qalan Şuşa Natiq kimi igidlərə ümid bəsləyirdi. Ya Şuşa xilas olmalı, ya da Natiq Şuşa ilə birgə şəhid olmalıydı. Beləcə, Natiq öz qərarından dönməyib son damla qanınadək vuruşub. Şuşa torpağını qucaqlayıb şəhidlik zirvəsinə ucalıb. Natiq öz əxlaqı, davranışı, ünsiyyəti ilə ətrafındakılara xoş təsir bağışlayan, mehriban, yaraşıqlı bir gənc idi. Ulu Tanrı əsrarəngiz təbiətə malik qeyrətli kişilərin, Nigar hünərli qadınların vətəni Kərkicahanın gözəlliklərindən Natiqə səxavətlə pay vermişdi. Əmirxan kişi, Faizə müəllimə kimi xeyirxah, nəcib insanların ailəsində tərbiyə almış Natiqin daim gülərüz çöhrəsi sanki Qarabağın gözəlliklərlərindən nur alırdı. Ürəyəyatımlı, şirin səsi var idi. Onun ən ali xüsusiyyətlərindən biri də canında, qanında, düşüncəsində, əməllərində azərbaycançılıq ideyalarının olması idi. Natiqin gözəl ailəsi vardı. Yoldaşı Sevinc xanım, oğlu Fərid və qızı Günel. Onlar indi də Natiqin yoxluğu ilə barışa bilmirlər. Yoldaşı deyir ki, o mənim ən yaxın dostum, sirdaşım idi. Natiqin ölümü ilə mən həyat yoldaşımla yanaşı, dostumu, sirdaşımı da itirdim. Hazırda Gəncədə yerləşən Kərkicahan orta məktəbi Natiqin adını daşıyır. Qeyd edək ki, Natiqlə bağlı mətbuatda indiyə qədər bir çox yazılar verilmiş, televiziyalarda proqramlar hazırlanmış, haqqında kitablar yazılmışdır. Onu da qeyd edək ki, 1992-ci il mayın 8-də Şuşanın işğalı günü Natiq şəhid olanda qardaşı Namiq də itkin düşüb. Namiq də qardaşı Natiq kimi vətənpərvər və torpağın bir qarışını dünyanın bütün var-dövlətindən əziz bilən biri olub. Hələ də Namiqin taleyi haqqında heç bir məlumat yoxdur. Bundan əlavə Natiqin yaxın qohumu Səmədov Gündüz Hidayət oğlu da Şuşa döyüşlərində iştirak edib və qəhrəmancasına döyüşlərində şəhid olub. Talelər var şirin-şirin, talelər var acı-acı. Hər insanın bir ömür yolu, qisməti var. Natiqin də qismətinə şəhidlik yazıldı. Neçə-neçə qapını ölüm dediyimiz qara kabus döydü. Bu kabus neçə-neçə ananı balasız, bacını qardaşsız, balanı atasız, xanım-xatun gəlinlərimizi ərsiz qoydu. Deyirlər ki, şəhidlər durna köçünə bənzər. Qələbədə doğma yurdlarına üz tutacaqlar. Özləri dönməsələr də ruhları qonaq gələcək...
Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.
Qərbi zəngəzurlular Zəngilan şəhidliyində
Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur. Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.
Azad Zəngilanın qonaqları
Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib. Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.
Mahnur Hüseynova Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru