"Hərbi Mövzular üzrə ixtisaslaşmış Jurnalistlər" İctimai Birliyinin sədri Tamxil Ziyəddinoğlu Abşeron rayonunun Mehdiabad qəsəbəsində Şəhid Natiq Orduxanovun anası Ülkər Teymurqızını ziyarət edib. İctimai -siyasi fəallığı ilə rayonda seçilən Ülkər Orduxanova özünün və övladlarının yaşadığı ağır və şərəfli ömür yolundan danışıb.
Qeyd edək ki, Ülkər xanım Abşerona Zəngəzur mahalının Müsəlləm kəndindən gəlib. 41 yaşındakən həyat yoldaşını itirərək 6 yetimlə (üç oğlan, üç qız) təkbaşına qalıb. Həyatını övladlarına həsr edərək onları layiqli vətəndaş kimi yetişdirib. Vətənimizin ağır günlərində oğullarının üçü də cəbhəyə gedib. Sonbeşiyi Natiq Hüseyxanoğlu Şəhid olub. Anası oğlunun şücaəti, cəsurluğu haqqında eşitdikcə qürurlanır. Nəvələri Eldarı, Teymuru başına yığıb, Natiqin şərəfli döyüş yolundan danışır:
Natiq 1992-ci il martın 17-də könüllülərə qoşularaq cəbhəyə getdi Cəbhə dostlarının dediklərinə görə, ağır hərbi əməliyyatlarda döyüş təcrübəsi keçib. May ayından Göranboy cəbhəsində- Sarısu, Todan, Buzluq, Qoşakənd, Gülüstan kəndlərinin azad edilməsi ndə xüsusilə fərqlənib. İyunun 21-də Ağdərənin Madagiz kəndi düşmən mühasirəsinə düşəndə Natiq döyüş yoldaşlarını və komandirini xilas etmək üçün, təkbaşına düşmənin qarşısına çıxaraq onların diqqətini yayındırıb. Öz canı bahasına silahdaşlarını mühasirədən çıxarıb. Sona qədər vuruşaraq düşmənin xeyli canlı qüvvəsini məhv edib. Sursatı qurtarandan sonra- əlbəyaxa döyüşdə düşmənlər onun sinəsinə 33 güllə vuraraq Şəhid ediblər. 23.07 1992-ci il tarixdə Natiqin komandiri Əbil Babayev başda olmaqla 23 əsgər və zabitin imzası ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə aşağıdakı məzmunda Təqdimat göndərilib:
“Yazıb bildiririk ki, II Bakı batalyonunun əsgəri Orduxanov Natiq Hüseyxan oğlu Madagiz kəndi uğrunda döyüşlərdə qəhrəmancasına həlak olub. 19 yaşlı bu gənc bir çox döyüşlərdə əsl qəhrəmanlıq nümunəsi göstərmişdir. Xahiş edirik ki, Natiq Orduxanovun qəhrəmanlığı layiqincə qiymətləndirilsin! Biz onu Azərbaycanın Milli Qəhrəmanı kimi tanımaq istəyirik.”
Anası Natiqin sənədlərinin arasından güllə qarsalamış, deşik-deşik kağız parçasını çıxarıb göstərir. Bunlar Natiqimin aldığı yaraların şahididir, deyir: "Nəvələrim də bir -bir vaxtı gəldikcə Vətəninin keşiyinə gedəcək. Necəki Eldar xidmətini başa vurub gəlib. Vətənimizin yaşaması üçün nəyim varsa, qurban verməyə hazıram!"
Ülkər xanım kimi,mətin, zəhmətkeş, halalsüfrəli anaların gənc xanımlarımıza örnək olduğunu bildirən Tamxil Ziyəddinoğlu ona bir daha səbr diləyib, Natiq Azərbaycan oğlu olduğu kimi, siz də bütün Azərbaycan oğullarının anasısınız, deyib.
Bu arada Şəhidin bacısı oğlu Teymur da xatirə şəkilləri çəkib.