Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
Tarix : 13-01-2024, 05:25
Obasından uzaqlaşammayan adam...


Obasından uzaqlaşammayan adam...

“Üzünə üz, başına baş qoyduğum, Yurdum! Canımda gəzdirdiyim ən qudsal doğmalıqsan. Dörd fəslin ürəyimin başında çiçəkləyir, qara-tufana boyanır. Yaz ağzı buzların əriyir həsrət-həsrət duyğulu könlümdən. Payız yellərin əsir canımda sərt ruzigarlar kimi. Avqust günəşinin istisi içimdəki həsrəti, ayrılığı tüstü kimi başımdan çıxardır. Bütün dəyişən fəsillərinlə, düşən axşamınla, açılan gül üzlü səhərlərinlə, dağınla, düzünlə, göz işlədikcə uzanan genişliyinlə həsrət-həsrət canımdan, ruhumnan axırsan. Qoynundan çox uzağa getmədim, Ulu Yurdum. Hava məsafəsiylə beş-on kilometr uzaqlıqda məsgən saldım. Doğma qoynunda bəxtəvər-bəxtəvər yaşayanda “aranın aranı” bildiyimiz Quzanlıda özümə ev-eşik qurdum. Yurd-yuva şenəltdim. Qonşuluğundan uzağa getməyə ayağım yerimədi, dumana, tüstüyə bürünən hüsnünə uzaqdan baxmağa ürəyim gəlmədi. Dedim vəfasızlıqda qınayarsan məni.
Ancaq sənə bir sirr açım. Sinəni əzən düşmən əsgərlərinin kobud çəkmələri kənara atılsa da, görüşünə gəlməmişəm hələ. Ürəyim gəlməyib səni dağınıq görkəmdə görməyə. Öz əlimlə qurduğum iki mərtəbəli imarətimi dağınıq halda seyr eləsəm bağrımın başı şan-şan olar, Ana yurdum, Ata ocağım. Elə bilirəm ki, dağın-daşın, yol-yol, ev-ev, yamac-yamac üstümə gələr. Abrından utanan ayaqlarım torpağın təkinə batar. Göy gurlayar, buludlar oynaşar...Yurd sevgim muncuq dənələri kimi sökülüb dağılar. Daş-divar ayağım altından qaçar. Dünyanın bütün ağırlığı üstümə çökər. Dözmərəm ağırlığına Ulu Yurdum. Bu elə sənlə özüm arasında xəyali bir söhbətdi. Elədim ki, bir qədər yüngülləşim. Danışdım ki, səninlə görüşə niyə gələ bilmədiyimi söyləyib üzrxahlıq eləyim. Neyləyim özümlə bacarmıram. Məni də belə yaradıb, fidəsi olduğum.
İnşallah, ağrın-acın azalar, sinəndəki dağıntılar əzəlki görkəminə qayıdar. Mən də dəfə- daraqla gələrəm hüzuruna...
Yurdla bağlı duaları hər səhər üzü doğmalığa çevrilib dodaqaltı pıçıldayır Sahib Qasımov. On altı mart min doqquz yüz əlli səkkizinci ildə Pirizatlı kəndinin Bağmanlar sovetliyində anadan olub. Bu oba Avdal Gulablıyla, Novruzluyla, böyük alim Xudu Məmmədovun doğulduğu Mərzili obasıyla iç-içə, kürək-kürəyədir. Bir-birindən öyməli yurdlar, obalardır ki, dağ-ətəyi yaylada durna qatarı kimi sıralanır. Gözəl təbiəti, meyvə bağları, sonsuza qədər uzanan yamyaşıl yaylalar hər bir yurd oğluna dirilik, təpər, cəsarət,zəhmətsevərlik pıçıldayıb beşiyi başında. Torpağı, yurdu,zəhməti, hallalığı sevən olub Sahib Qasımovun Şəcərəsi.
Səkkiz övlad olublar, dörd oğul,dörd qız. Eldə obada Qasım törəmələri kimi tanınır. Sahib ailədə kiçik övlad olsa da, evin, elin- obanın ən çox küsəndiyi oğullardan olub. Hələ cavan yaşlarından zəhmətdən qorxmayıb. Özünün sözü olmasın Bağbanlarda iki mərtəbəli “imarət” tikib başa gətirmişdi. Ağzıbağlı, içi dolu qaldı kafirlərə. Odur ki,dağıdılan evlə, talan olan yurdla görüşə getməyə imkan olduğu halda, özü bir az sonraya saxlayır. Gözləyir ki, qoy bir az ağrısı, acısı ovazıısın, köhnəlsin. Zaman ən yaxşı məlhəmdir-deyib babalar. Fikirləşir ki, qoy yaranın qaysağı bir az bitişsin. Ürəyin yanğısı bir az ovazısın. Bu bir insan psixologiyasıdır.
Özü də insafən deyim ki, abırlı xasiyyətdir. Tez-tələsik özünü irəli atmır ,addımını atanda qabağı, sonranı fikirləşir. Az görünüb, çox iş görməyi sevir. Elin, obanın məğlubiyyəti ilə tez barışıb öldüm, yandım-deyə özünü qanı axan bulağın üstünə salmır. Qayğıda, ehtiyacda olan yurddaşlara ən çox köməklik göstərən mərhəmətli kişilərdən biridir, bəlkə də birincisidir. Fəqət, yurdla görüşə birincilər sırasında can atmadığı kimi, elədiklərini də hamıya car çəkməyi sevmir. Sağ əl verdiyini, sol əl bilməməlidir-deyir. Beləcə kadr arxasında qalmağa öyrəşib Sahib kişi. Ancaq elədiklərini saysan qəzetin bir səhifəsini tutar bəlkə də. Özü xahiş elədi ki, mənim elədiklərimi yox dövlətimizin düşmən tapdağından azad olunan yurdlarımızda gördüyü abadlıq, quruculuq işlərini daha çox qabardın. Çünki ərazilərimizi azğın düşməndən Ali Baş komandanın rəhbərliyiylə şir biləkli oğullarımız azad elədi. Hazırda o ərazilərdə əhalinin yaşaması üçün böyük işlər görülür. O cümlədən Ağdamda da. İndi-indi torpağın rəngi-ruhu özünə qayıdır. Dağlar, dərələr, geniş düzənlər, boz biçənəklər halallıq libasına bürünür. Torpaq cana gəldikcə mən də öz içimdə rahatlıq tapıram deyir-Sahib Qasımov.
Hazırda məskunlaşdığım Quzanlı kəndiylə doğulduğum yurdun arası elə də uzaq deyil. Təxminən torpağın rəngi, bərəkəti eynidir. Bizim obalar dağ ətəyidir. Amma aranın aranıdır. Burda bomboz quraqlıq olanda, o ərazilər yamyaşıl rəngdə göz-könül oxşayır. Oranın havası, suyu hələm-hələm ələ düşməz. Təbiətin, gözəl mənzərənin insana təsiri danılmazdır. Sən özün bilmədən ruhuna, varlığına ulu təbiət öz xəttini yazır. Bizim obalardan çıxan böyük alim və sənətkarların hamısını yetirən məhz oraların havasıdır, suyudur. Xudu Məmmədov kimi dünya şöhrətli alim, Azərbaycanın ünlü sənətkarları Sara Qədimova, Səxavət Məmmədov və onlarca alim və şairlər o torpağın qoynunda yetişib. Səmimi etiraf eləyim; mənim də xasiyyətimdəki, davranışımdakı müsbət meyillərə görə öz genimə və o yurda borcluyam. Kişi elədiyini söyləməz...
-İnsanlara yaxşılıq eləyəndə, əlindən tutanda, işinə yarayanda özümdən razı qalıram, özümü dünyanın xoşbəxti hesab eləyirəm...
P.S. Danışdıqca baxıram ki, qəhrəmanımın sifəti işıqlanır, üzünə, gözünə məsum körpə təbəssümü qonur. Ömrün ahıllıq çağını yaşayan, altmış altını doqqazdan o tərəfə ötürən Sahib Qasımov yaşına, başına görə xeyli cavan və gümrah görünür. Onun elədikləriylə, onun qurduğu şəraitlə özümünkünü ürəyimdə müqayisə eləyib əlimin arxasını yerə qoyuram. Mən özümü zorla saxlayıram, bir kəsə də kömək eləməyə imkanım yoxdu, ancaq Sahib Qasımov öz alın təriylə qazandığı gəlirlə həm ailəsinə, doğmalarına həm də neçə-neçə imkansıza arxa, dayaqdır. Var ol söyləyirəm, Sahib Qasımov, bar verən ağacın qurumasın, axar suların bulanmasın...
Tikdirdiyin yeni binanı da özün demişkən,uşaq baxçası elə ki, böyük Nazim Hikmət demişkən “Dünyanı verək uşaqlara...”
Dərin sayğılarla:
Avdı QOŞQAR






Paylaş



Bölmə: Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!