Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
Tarix : 24-01-2025, 07:53
Aynur CƏFƏRQIZI Yazır:

Aynur CƏFƏRQIZI Yazır:

Müəllimə

(hekayə)

Həmişə qaynayan, səs-küyündən qulaq tutulan məktəbdə bir neçə gün idi ki, sakitlikdən adamın ürəyi sıxılırdı. Müəllimlər bir-bir, iki-bir gəlir, dərs ilini başa vurduqlarına görə bir-birini təbrik edir, yarım saat, bir saat oturub çıxıb gedirdilər. Belə bir vaxtda bu boyda məktəbdə tək bircə sinifdə, ikinci mərtəbədə dəhlizin lap o biri başındakı sonuncu sinifdə dərs gedirdi. Dördüncü sinif şagirdləri növbə ilə kitab oxuyur, qruplara bölünərək bir-birinə suallar təqdim edir, misal, məsələ yazır, yarışırdılar. Müəllim isə... müəllim əlini üzünə qoyub tərpənmədən onlara baxır, hey baxırdı. Onun geniş açılmış gözlərindən, baxışlarından süzülən mənanı uşaqlar da duymamış deyildilər. Bu, onları da mütəəssir edir, onlar işlərini yarımçıq qoyaraq sakit dayanır, hərdən müəllimə, hərdən də bir-birlərinə baxırdılar. Müəllimin gah dolub, gah boşalan, qəlbindəki üzüntünü, beynindən keçən min-bir fikri əks etdirən gözlərindəki ifadələr uşaqların da qəlbinə sirayət edir, onlar bu anların nə qədər həssas, kövrək dəqiqələr olduğunu dərk edirdilər. Bu gün onlara başqa vaxtlarda olduğu kimi hərdənbir müəllimin “bu nə səsdir, bir az sakit!” deməsinə ehtiyac yox idi. Lakin o, hərdən çox zəif və kövrək səslə nə isə deyir, göstəriş verirdi.
Uşaqlar, əslində, müəllimələrinin son aylarda tez-tez bu cür xəyala daldığını, həsrətlə onlara zilləndiyini, əlsiz, barmaqsız, eləcə ürək yandıran baxışlarla onların boylarını, yazı yazan balaca əllərini, üz-gözlərini necə oxşadığını, sığallayıb-əzizlədiyini hiss edirdilər.
Dərs ilinin son günləriydi və artıq heç bir sinifdə heç bir dərsin keçilməməsinə baxmayaraq, müəllimə təkidlə öz şagirdlərini məktəbə gəlməyə səsləyirdi. “Sabah ana dilindən yoxlama yazı işi yazacağıq, o biri gün riyaziyyatdan. Son zəng günü qiymət cədvəllərinizi götürmək üçün gələrsiniz”, − deyirdi... Bununla bu dörd ildə öyrəşdiyi, öz övladları qədər sevib-bağlandığı bu uşaqlardan doymaq, doymaq istəyirdi...
İndi məktəbin bu cansıxıcı sakitliyində bu sinifdə də qəribə bir sükut hökm sürürdü. Əlini yanağında öz stolunun arxasında quruyub qalmış, həsrət dolu həyəcanlı baxışları ilə şagirdlərini dönə-dönə boy-boy süzən müəllimənin könül evi də sanki divarları yazılmış, pəncərəsi, döşəməsi çirklənmiş, qapıları açıq, tərk edilmiş sinif otaqları kimi bomboş idi. O, sinəsinin altında bir göynərti, sızıltı hiss edirdi. Dörd ildə olub-bitənlər bir-bir gözünün önündən keçdikcə müəllimə ürəyində dünyanın vəfasızlığından, vaxtın etibarsızlığından giley edirdi.
...Elə bil dünəndi, parta arxasında naşı-naşı oturan, narahat-narahat qurcalanan, tez-tez analarını istəyib doluxsunan körpələrin kiçik əllərini əlinin içinə alıb, onlara qələm tutmağı, hərfləri, rəqəmləri yazmağı öyrətmişdi. Onlar kövrələndə müəllimənin də ürəyi atlanmış, körpə ürəklərin həyəcanlanmaması üçün özünün təskinverici səsi və şirin sözləri ilə onları ovutmuşdu.
Hər kiçik uğurlarına-bir hərfin düzgün yazılışına, bir doğru cavaba çiçəyi çırtlamışdı, ürəyi dağa dönmüşdü... o, bu uşaqların hər birinin xarakterinə beş barmağı kimi bələd idi, hər biri ilə necə lazım idisə, elə də rəftar edirdi. Bəzilərinin dəfələrlə evlərində olmuşdu. Aralarında valideyn diqqətindən, qayğısından məhrum olanları vardı, müəllimə onlara ikiqat, üçqat nəvaziş göstərmişdi. Belələrinin dərsdən yayınmaması üçün bütün qüvvəsi ilə çalışmışdı. Bu dörd ildə müəllimə tək bu uşaqların yox, onların ailələrinin də problemini, dərd-sərini öz içinə salmışdı, özü ilə bərabər evinə aparıb-gətirmişdi. O, bu uşaqların fiziki və mənəvi sağlamlığına mane olan bütün əngəllərin aradan qalxmasına səy göstərmişdi... Valideynlər arasında onu başa düşməyənlər, bəzən inciyənlər də olmuşdu. Amma o heç bir şeyə baxmayaraq, uşaqlar üçün sərfəli olan yolu seçmişdi həmişə. Sağ-salamat, ağıllı və tez böyümələrini arzulamışdı. Bəs indi nə olmuşdu - bilmirdi, sevinməkmi, kədərlənməkmi lazım olduğunu bir anlığa kəsdirə bilmədi...
Yaddaşına heyrət elədi birdən. Dörd ildə bu uşaqların necə boy atdığını, şəkildən-şəklə, dondan-dona düşdüklərini, süd dişləri töküldükdə kimin necə danışdığını belə xatırlayırdı. Cürbəcürdülər, kimisi çoxdanışan idi, kimisini danışdırana qədər hövsələdən çıxırdı. Bəzisinin birinci sinfə gələndə bir aya qədər qapı ağzında ayaqqabılarını çıxarmaq istədiyini, bəzisinin uzun müddət dəftəri tərsinə yazdığını, kimi çox alqışladığını, kimi nə zaman tənbeh etdiyini, hamısını, hamısını bir-bir xatırlayırdı...
Çalışqan idi, tənbəllik nədir, bilməzdi müəllimə. Bu uşaqlarla nə qədər yerlərə ekskursiyalar etmişdi, ilin əziz günlərinə maraqlı tədbirlər hazırlamışdı. Dörd ildə cəmi iki gün işə gələ bilməmişdi. Bu, yadına düşəndə o iki gün nəzərində böyüyüb, böyüyüb iki aya bərabər bir vaxt oldu, qınadı özünü qəlbində...
Kövrək idi, ayrılıqlara elə uşaqlıqdan dözə bilmirdi. Bir dəfə xalasının qızı onlarda bir ay qonaq qalmışdı. O qızın çıxıb gedəndə onun ürəyini də çəkib özü ilə apardığını, sinəsində ürək boyda bir göynərti qaldığını hiss etmiş, başını anasının sinəsinə sıxıb hönkür-hönkür ağladıqdan sonra sakitləşmişdi...
Tələbə yoldaşlarından ayrılanda da hamıdan çox o kövrəlmişdi. Sonra ata-anasından, bacı-qardaşlarından ayrılmışdı, uzaq ellərə gəlin gəlmişdi...
Xatirələrdən ayrıldı, uşaqlardan kimsə “müəllimə, sabah da dərsə gələcəyikmi?” deyə soruşmuşdu.
-Hə,- dedi, -sabah birinci sinifdən bu vaxta qədər çəkdirdiyimiz şəkilləri də gətirin.
O şəkillərə baxmaq istəyirdi... Birinci sinfə gəldikləri ilk gün hərəyə bir fiqurşəkilli rəngli kağız və bir qələm vermişdi, “kim nə bacarır, onu da çəksin” demişdi. Uşaqların həmin rəngli kağız üzərində çəkdikləri şəkilləri bu günə qədər saxlamışdı: başı böyük, bədəni üç-dörd cızıqdan ibarət adam, bir saplağı, üç ləçəyi olan gül, bir-birinin üstündə əyri-əyri çəkilmiş üçbucaq və kvadratdan ibarət ev şəkillərini sabah gətirib onlara göstərəcəkdi. Sabah hamını burda görməsəydi, doyunca onlara baxıb söhbət etməsəydi, son dəfə öyüd-nəsihət verməsəydi, dörd illik gərgin əməyini yarımçıq hesab edəcəkdi və bu yarımçıqlıq onun bütün həyatında bir iz buraxacaq, onu həmişə incidəcəkdi.
Doyunca darıxmaq, doyunca kövrəlmək istəyirdi. Yalnız ondan sonra rahatlanacaq və yeni dərs ilində yeni şagirdlərini – ürkək-ürkək, doluxsuna-doluxsuna gələn birinciləri yeni bir şövqlə qarşılayacaq, qəlbinin tükənmək bilməyən məhəbbətindən onlara da pay ayıracaq, onlar üçün də ömrünü şam kimi əridəcəkdi...
Məğrur idi, nə qədər yumşaq qəlbli olsa da, şagird qarşısında həmişə özünü ötkəm aparırdı, hər şeydən təsirləndiyini büruzə verməyi qətiyyən xoşlamazdı. Onun aləmində müəllimlə şagird arasında qalın pərdə heç vaxt yırtılmamalı idi. O, şagirdlərinin qarşısında sabit müəllim xarakterini qoruyub saxlayırdı. Onun fikrincə, müəllim şagird üçün qüsursuz-nöqsansız adam, ən ali şəxsiyyət, ən ali varlıq olmalıydı. Amma uşaqlardan biri “müəllimə, gələn il biz bu sinifdə oxumayacağıq?” -deyə soruşanda özünü saxlaya bilmədi, səsi titrəyə-titrəyə:
−Yox, beşinci sinifdə siz yeni fənlər keçəcəksiniz və ayrı-ayrı müəllimləriniz olacaq... Ancaq siz hamınız mənim balalarımsınız, -nə zaman istəsəniz, bu otağa gələ bilərsiniz,-dedi.
Göz yaşları yanağına süzüldü. Uşaqlar görməsin deyə əlini üzünə tutdu.


Paylaş



Bölmə: Köşə / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!