Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
17-12-2021, 08:58

Hamıya əl tutmağa çalışan insan


Dünya doğrudan da fanidir. Və insan hansısa əzizini itirəndə bu faniliyin bir daha şahidi olur. Bu itki uzun zaman bizi yandırır, göynədir, xatirələr düşüncələrimizi rahat buraxmır. Amma neyləmək olar ki, əlimiz heç yana çatmır. Çünki, həyatın öz qayda-qanunu var və bu qaydaları hələ bir bəşər övladı dəyişə bilməyib. Aşur müəllimin də itkisi belə yandırır onu tanıyanları.
Dekabrın 18-də görkəmli kitabxanaşünas alim, tarix üzrə fəlsəfə doktoru Aşur Müseyib oğlu Əliyevin cismani yoxluğundan 40 gün ötür.
Bakı Dövlət Universitetinin “Kitabxanaçılıq-İnformasiya” fakültəsi “Kitabxana resursları və informasiya axtarış sistemləri” kafedrasının dosenti Aşur Əliyevin Respublikada kitabxanaşünaslıq elminin inkişafında, eləcə də yüzlərlə kitabxanaçı kadrın hazırlanmasında böyük əməyi olub.
Aşur Müseyib oğlu Əliyev 1946-cı il iyunun 1-də Zəngilan rayonunun Baharlı kəndində anadan olub. 30 ilə yaxın idi ki, Zəngilanın işğal altında inləməsi Aşur müəllimi göyüm-göyüm göynədirdi. Sözünün əvvəli də Zəngilan idi, axırı da. Hər dəfə də söhbət düşəndə o yerlərin gözəlliklərindən: Bəsitçay, Oxçucay, Süsən meşə, Miyan dərə, Cəvizli, Şükrataz və buranın digər səfalı, axarlı-baharlı güşərindən, sərin meşələrindən, bum-buz bulaqlarından ağız dolusu danışardı. Xiffətini çox çəkirdi o yerlərin... Və o yerlərə təkrar ayaq basmaq nəsib olmasa da, nə yaxşı ki, Zəngilanın işğaldan azad olunmasını görmək qismət oldu Aşur müəllimə.

2020-ci il oktyabrın 20-də Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuzun Cəbrayılla Füzulidən sonra Zəngilanı da işğaldan azad etməsi xəbərini Azərbaycan Televiziyası vasitəsi ilə ölkə başçısından eşitməyimiz bütün xalqımızı inanılmaz dərəcədə sevindirdi. Zəngilandan xeyli dostlarım olmasına baxmayaraq, mən göz aydınlığı vermək üçün dərhal Aşur müəllimə zəng elədim. İnanın səmimiyyətimə, elə kövrəlmişdi ki, telefonda uşaq kimi ağlayırdı. Sevinci yerə-göyə sığmırdı.
Onun bütün uşaqlıq dövrü də Zəngilanda keçmişdi. 1953-1957-ci illərdə Baharlı kənd ibtidai məktəbində oxuyan Aşur Əliyev ilk təhsilini Aslan Vəliyev kimi mahir pedaqoqdan almışdı. Daha sonra 1958-1965-ci illərdə 8-illik Mincivan kənd və 11-illik Mincivan dəmiryolu məktəbində təhsilini davam etdirmişdi. Bu yerdə qeyd edim ki, Aşur müəllimin atası da tanınmış dəmiryolçu olub. Müseyib Əliyev ömrünün 40 ilini Ordubad dəmiryolu idarəsində çalışıb və uşaqlarını halal zəhmətlə, min bir əziyyətlə böyüdüb.
Aşur Əliyev orta məktəbi əla qiymətlərlə başa vurar-vurmaz elm, təhsil dalınca Bakıya yola düşür. İstedadına və savadına güvənən Əliyev imtahanlardan uğurla çıxaraq tələbə adını qazanır,
1969-cu ildə bu ali təhsil ocağını fərqlənmə diplomu ilə bitirən Aşur Əliyev hərbi xidməyə yola düşür. Ordu sıralarında 1 illik xidmətdən sonra Abşeron rayonu Şurabad kənd mədəniyyət evinin müdiri vəzifəsində ilk əmək fəaliyyətinə başlayır.
Yarandığı ilk gündən unudulmaz alim, mərhum professor Abuzər Xələfovun müəllimliyi ilə “Kitabxanaçılıq-informasiya” fakültəsinin yetirmələrinin və əməkdaşlarının Azərbaycanda kitabxana işinin öyrənilməsi, təşəkkülü və inkişafı istiqamətində tarixə düşəcək işləri olub. Bu sırada Aşur Əliyevin də öz yeri var idi. Belə ki, A.Əliyev 1974-1977-ci illərdə “Kitabxanaçılıq” fakültəsinin aspirantı olub. Dissertasiya işi də çox mühüm və maraqlı bir mövziya – “Naxçıvan Muxtar Respublikasında kitabxana işinin tarixinin öyrənilməsi”nə həsr olunmuşdu. Maraqlısı budur ki, bu mövzu o dövrə qədər tədqiqat obyekti olmayıb. Bu, ilk təşəbbüs idi. Odur ki, belə bir mövzunu elmi dövriyyəyə daxil etmək böyük zəhmət, hünər və əzmkarlıq tələb edirdi. A.Əliyev uzun müddət Azərbaycan və Naxçıvan Muxtar Respublikalarının arxivlərində, Mərkəzi Kitabxanalarında və əlaqədar təşkilatlarında fundamental elmi araşdırmalar aparıb. Mövcud ədəbiyyatın, əlyazmaların və dövri mətbuat materiallarının peşəkarlıqla əlaqələndirilməsi nəticəsində geniş elmi ictimaiyyətin xəbərsiz olduğu xeyli maraqlı faktlar və hadisələr müəllif tərəfindən üzə çıxarılıb, işıq üzü görüb. Bunların nəticəsidir ki, qədim diyarımız olan Naxçıvan Muxtar Respublikasında 1920-1985-ci illərdə kitabxana quruculuğu sahəsində əldə edilən nailiyyətlər haqqında elmi ictimaiyyətimiz dəqiq məlumatlar əldə etmişdi. Bu, ölkəmizdə, o cümlədən, ulu Naxçıvan Muxtar Respublikasında kitabxana işinin öyrənilməsinə bəxş edilən böyük töhfə idi. İllərdir tələbələr, aspirantlar, gənc alimlər, bir sözlə bu sahənin tədqiqatçıları bu mənbədən minnətdarlıqla bəhrənəlirlər.
Beləliklə, Aşur Əliyev 1991-ci ilin martın 31-də Bakı Dövlət Universitetinin Tarix fakültəsinin İxtisaslaşdırılmış bir dəfəlik Şurasında uzun illərin gərgin zəhmətinin, yorulmaz araşdırmalarının və yuxusuz gecələrinin bəhrəsi olan “Naxçıvan MSSR-də kitabxana işi (1920-1985-ci illər)” adlı dissertasiya işini uğurla müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdü. 1992-ci ildə isə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə ona dosent elmi dərəcəsi təqdim edilmişdi.
Aşur Əliyev gənc nəslin maariflənməsi işində də az işlər görməmişdi. Onun müəllifi və ya həmmüəllifi olduğu elmi məqalələr, tədris-metodik vəsaitlər, proqramlar milli kitabxanaşünasıq irsinə daim töhfə verib. Onun qələmindən çıxan “Təbiətşünaslığa dair ədəbiyyatın təsviri, təsnifləşdirilməsi metodikası”, “Ədəbiyyatın KBT cədvəlləri üzrə sistemləşdirilməsi”, “Çap əsərlərinin biblioqrafik təsviri qaydaları” və s. metodik göstərişləri kitabxanaşünasıq sahəsi üzrə ədəbiyyat sistemində qiymətli mənbələrdən sayılır.
Müstəqil Azərbaycanda kitabxanaşünaslıq elmimizin ən böyük nailiyyətlərindən biri “Kitabxana resursları və informasiya axtarış sistemləri” kafedrasının professor-müəllim heyətinin böyük zəhməti hesabına ərsəyə gələn “Kitabxanaşünaslıq: kitabxana kataloqları” adlı dərs vəsaitidir. Aşur müəllimin həmmüəllifi olduğu “Kitabxanaşünaslıq: kitabxana kataloqları” dərs vəsaiti isə bu sahə ilə məşğul olanların stolüstü kitablına çevrilib.
Aşur müəllimin bir arzusu da var idi. Belə ki, o, neçə il idi ki, fundamental bir dərslik üzərində çalışırdı. O dərslik xeyli əvvəl də çap oluna bilərdi. Lakin, tələbələrin daha da yeni, lazımi biliklər əldə etməsi üçün Aşur müəllim hər dəfə kitaba əlavələr edir, onu daha da zənginləşdirirdi. Təəssüflər olsun ki, o kitabın çapını görmək Aşur müəllimə qismət olmadı.

40 ilə yaxındır ki, məhsuldar elmi və pedaqoji fəaliyyətlə məşğul olan dosent Aşur Əliyevin ictimai fəaliyyətini də qeyd etməmək olmaz. O, bir sıra ixtisaslaşdırılmış müdafiə şuralarının, 1992-ci ildən isə Fakültə Elmi Şurasının, həmçinin kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq, kitabşünaslıq və informasiyaya dair elmi-nəzəri, metodik və təcrübi jurnalların, eləcə də, bəzi qəzet redaksiya heyətlərinin üzvü idi.
Öz müəllim auditoriyası olan sevilən pedaqoq A.Əliyev bütün şuurlu ömrünü Bakı Dövlət Universitetinə, doğma “Kitabxanaçılıq” fakültəsinə bağlamışdı. 1973-cü ildə baş laborantlıqdan başlayan bu yolda müəllim, baş müəllim vəzifələrinə qədər şərəfli yol keçmişdi. Cavan ikən fakültədə dekan müavini işlədiyi müddətdə isə işinin öhdəsindən layiqincə gələrək, həm fakültədə, həm də universitetdə müəllim-tələbə heyətinin böyük rəğbətini qazana bilmişdi. Hər kəslə öz dilində danışmağı bacaran A.Əliyev doğma fakültədə gənc nəslin təlim-tərbiyəsində bilik və bacarığını əsirgəmirdi. O, ömrünün son gününə qədər elmi-pedaqoji fəaliyyətlə həvəslə məşğul oldu və bu fəaliyyətdən bir gün də olsun usanmadı.
Bəli!!!!
Bunlar Aşur müəllimin elmi-pedaqoji məziyyətləri haqqında bildiklərim idi. Bir qədər də onunla qohumluq tellərindən söz açmaq istərdim. 1995-ci ildə Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində (o vaxtlar belə adlanırdı) ilk əmək fəaliyyətinə başladım. Elə o vaxtdan həyatımı bu ocağla bağladım. Radionun səs operatoru vəzifəsindən səs rejissoru, rejissor vəzifələrinə qədər pillə-pillə yüksəldim. Bu dönəm taleyimin ən mürəkkəb, itkili, yaralı, lakin yaradıcılıq baxımdan ən gözəl illəri oldu. İndiki bir sıra uğurlarıma görə də mən bu sehirli ocağa borcluyam. Elə gələcək ömür-gün yoldaşım, Aşur müəllimin qızı ilə də orada tanış olmuşdum.
O dövrdə atam neçə illik xəstəlikdən sonra dünyasını dəyişmişdi. Anam da atamdan sonra infarkt keçirərək yataq rejimində idi. İlk dəfə söhbəti evdə açanda mənə: “Kimlərdəndir?”, sualını verdilər. Mən, “Universitetdə Aşur müəllimin qızıdır”, deyəndə, ocağlarında böyüdüyüm, Bakı Dövlət Universitetinin dosenti olan xalam Mələk Qasımzadə də, onun ömür-gün yoldaşı, “İstiqlal” ordenli akademik Fuad Qasımzadə də (bu xəbərə çox sevinmişdilər, ruhları şad olsun): “Aşur müəllim bizim dostumuzdur. Yaxşı kişidir”, demişdilər. Sən demə Fuad müəllim aspirantura illərində Aşur müəllimin müəllimi olubmuş. Bəlkə də elə bu səbəbdən elçiliyə gedəndə Aşur müəllim: “Bu evə bu günə qədər çox elçi gəlib. Hər birinə də “yox” demişik. Amma bu gün bu evə xalqımızın fəxri, mənim də əziz və sevimli müəllimim Fuad Qasımzadə gəlib. Allah mübarək eləsin”, deyə xeyir-dua vermişdi...

Beləliklə, 2004-cü ilin noyabrından bu ailə ilə qohum olduq. O gündən bu ailə ilə bir evli kimi qaynayıb-qarışdıq. Arada fövqəl bir mehribançılıq, hörmət-izzət yaranmışdı. Fuad müəllim ən əlamətdar günlərdə dəvətə ilk olaraq Aşur müəllimdən başlayardı. Yerini də süfrənin başında, öz yanında saxlayardı. Hər görüşdə də elm-tədrisdən də danışılardı, zarafat da edilərdi, nəğmə də oxunardı və s.. Amma təssüflər olsun ki, hər iki ailənin belə unudulmaz, şən, nümunəvi günləri çox sürmədi. 2006-cı ilin 22 dekabrında anam dünyadan köç etdi. 2010-cu ilin 3 avqustunda Fuad müəllim fəlsəfi dünyaya əbədi “əlvida” dedi. Ondan sonra davam edən 1 il, 4 aylıq əzablı ömründə isə Mələk xanımı artıq heç nəylə ovutmaq olmadı...
Bəli, Aşur müəllim onu tanıdığımız ilk gündən özünə qarşı belə hörmət qazanmışdı. Çünki, o, səmimi, qayğıkeş, humanist və orijinal ünsiyyətcil insan idi. Bu səbəbdən onunla edilən söhbət də səmimi alınırdı. Onunla hər mövzuda söhbət edə bilərdin. O, həm təmkinlə dinləməyi bacarır, həm də yeri gələndə məsləhətini əsirgəmirdi. İşdən evə gələndə də ilk bizə zəng edər, hal-əhval tutardı və bu artıq bir ənənə halını almışdı.
Biz, vaxtaşırı görüşlərimizdə elm, təhsil, tədrislə bağlı fikir mübadiləsi aparırdıq. Qazanılan uğurlarla, qarşıda duran müəyyən problemlərlə bağlı təəssütratlarımızı bölüşürdük. Bəzən (xüsusən, gərgin anlarda) söhbətimiz duzlu-məzəli istiqamət də alırdı. Bizi bir yerdə söhbətləşən, dərdləşən görənlər bəzən hətta qibtə etdiklərini də gizlətmirdilər.
Mən, hər növbəti görüşümüzdə bu insanı daha da yaxından tanıdıqca vaxtilə Fuad müəllimin, Mələk xanımın “Yaxşı kişidir” kəlmələri düşüncəmdə bir daha təsdiqini tapırdı. Bu təsdiqin başqa bir təzahürü isə Aşur müəllimlə həm də yaxın dost olmağım idi. Bəli, aramızda olan bu qədər yaş fərqinə, balalarımın babası olmasına baxmayaraq, biz, həm də dost idik. Bəlkə də bir kimsəyə deyə bilmədiyi sözünü bir-birinə ərklə, kişiyanə deyə biləcək dost. Aşur müəllim dost kimi bir qohum, qohum kimi dost idi. Çünki, Aşur müəllim qəlbi təmiz insan idi. Və o, təkcə mənim dostum deyildi. Tanıyan hər kəs Aşur müəllimi özünə yaxın dost, sirdaş bilirdi...
Ruhu şad olsun!
Anar Məmmədov,
Bakı Dövlət Universitetinin dosenti,
şair-publisist, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin,Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyinin üzvü
14-12-2021, 19:55
Rəşid Behbudovun “7 gəmi” adasına və Sarıbaşa səfəri – VİDEO

Azərbaycan Televiziyası korifey sənətkar Rəşid Behbudovun anadan olmasının 106 illiyi ilə əlaqədar sənətkarın nadir arxiv kadrlarını yayıb.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, TV-nin yeni yaradılmış “AzTV tarix” adlı “YouTube” kanalına yerləşdirilən videoda sənətkarın neftçilər, mədən işçiləri qarşısında çıxışı, eləcə də kənd zəhmətkeşlərinə, tarla məhsullarına həsr olunmuş nəğmələr ifa etməsi əks olunub.

Kadrlar 1955-ci ilə aid “Əmək və sülh nəğmələri” sənədli filmindəndir. Filmdə öncə Rəşid Behbudovun neftçilər qarşısında çıxış etməsi üçün “7 gəmi” adasına (Neft Daşları) gəlməsi, orada qarşılanması və neftçilər qarşısında çıxış etməsi əks olunub. Onlar Rəşid Behbudovu səmimiyyətlə qarşılayır, ən çox neft çıxarılan quyuların işi ilə tanış edirlər.

Burada daha bir nadir kadra rast gəlinir. Rəşid Behbudovu qarşılayanlar arasında neftçi Qurban kimi tanıdığımız Qurban Abbasov da var. O, Xalq artistini dinləmək üçün adaya gəlib. Filmdə daha sonra taxıl və tarla zəhmətkeşlərinə həsr olunmuş musiqi nömrəsində müğənninin Azərbaycan SSR-nin bol məhsulu və taxılı haqqında oxuduğu nəğmə, Daşkəsəndə mədən işçiləri qarşısında ifa etdiyi “Mən sülhə səs verirəm” mahnısı yer alır.

Onun Qax rayonunun Sarıbaş kəndinin “Alagöz” yaylağında heyvandarlar qarşısında çıxışı da videoda əks olunur. Filmdəki son ifa isə məşhur çoban Qaraya həsr olunmuş “Çoban Qara” mahnısıdır.

Qeyd edək ki, Rəşid Behbudov 1915-ci il dekabrın 14-də anadan olub.

Bu gün sənətkarın doğum günüdür. Onu da bildirək ki, “AzTV tarix” “YouTube” kanalında AzTV-nin arxivində yer alan unikal sənədli filmlər, görüntülər yayımlanır.



Bütöv.az
14-12-2021, 15:08
Bu il itirdiyimiz MƏŞHURLAR

Geridə qoyduğumuz ildə xeyli sənət adamlarını, tanınmış şəxsləri itirdik. Dünyasını dəyişənlərin çoxunun ölüm səbəbi isə koronavirusdur. Hətta Azərbaycanda builki qədər tanınmış şəxsin vəfat etməsi görünməmiş hal idi.

Modern.az bu il vəfat edən tanınmışların siyahısını təqdim edir:

Sovet Azərbaycan və Rusiya rəssamı, pedaqoq, professor, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Tahir Salahov bu ilin 20 mayında dünyasını dəyişib. T. Salahov 1928-ci il noyabr ayının 29-da Bakı şəhərində anadan olub. 27 yaşında “Dalğa” və “Estakada” adlı ilk əsərlərini çəkmiş, ümumittifaq, xarici və respublika sərgilərində iştirak etmişdir. 20 may 2021-ci ildə 92 yaşında Almaniyanın Berlin şəhərində müalicə olunduğu ağciyər iltihabından vəfat etmişdir. Bakıda Fəxri Xiyabanda dəfn olunub.
Şair, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq şairi Fikrət Qoca mayın 5-də dünyasını dəyişib. 1935-ci il avqustun 25-də Ağdaş rayonunun Kotanarx kəndində anadan olmuşdu. Əsərləri bir sıra xarici dillərə tərcümə olunmuş, şeirlərinə musiqi bəstələnmişdi (“Anacan dostum evlənir”, “Könlüm”, “Günay”, “Gəl ey səhər”, “Çiçək tapa bilmədim”, “Gecə yaman uzundur”, “Payız gəldi” və s.). 85 yaşında vəfat edən Xalq şairi Fəxri xiyabanda dəfn olunub.

Kinorejissor, Xalq artisti, professor Ramiz Əzizbəyli uzun sürən xəstəlikdən sonra bu il iyunun 9-da vəfat edib. R.Əzizbəyli 20 iyul 1948-ci ildə Bakı şəhərində anadan olub. 1991-ci ildə “Bəxt üzüyü” tammetrajlı bədii filmini çəkib. Film kinoteatrlarda nümayiş olunan ən baxımlı kassa filmi və yeni tariximizdə çəkilən ilk ən gəlirli kino işi kimi yadda qalıb. Ramiz Əzizbəyli 9 iyun 2021-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat edib. Qurd qapısı qəbiristanlığında dəfn edilib.

Xalq artisti Arif Quliyev bu il koronavirus səbəbindən mayın 7-də dünyasını dəyişib. Mərhum sənətkar 16 may 1950-ci ildə Şirvan şəhərində dünyaya gəlib. “Bəyin oğurlanması”, “Yaramaz”, “Bəxt üzüyü”, “O dünyadan salam”, “Qəm pəncərəsi”, “Mənim ağ şəhərim”, “Alma almaya bənzər”, “Ağ gəmi” bədii filmlərdəki obrazları yaradıcılıq potensialının zənginliyini ifadə edir. Xalq artisti 7 may 2021-ci il tarixində koronavirus səbəbindən vəfat etmişdir. Qurd qapısı qəbiristanlığında dəfn edilib.

Yalçın Rzazadə də bu il aramızdan köçənlərdəndir. Məşhur Azərbaycan müğənnisi, Xalq artisti Yalçın Rzazadə bu ilin 22 fevralında dünyasını dəyişib. O, 31 dekabr 1946-cı ildə Lənkəran rayonunun Boladı kəndində doğulub. Onu Azərbaycan tamaşaçısına tanıdan 60-cı illərinin sonunda musiqisi Cahangir Cahangirova aid “Durnalar” mahnısı olub. Yalçın Rzazadə 22 fevral 2021-ci ildə 74 yaşında vəfat edib.

Azərbaycan kinorejissoru, ssenaristi, SSR Xalq artisti Eldar Quliyev 18 yanvar 1941-ci ildə Bakıda anadan olub. İlk böyük ekran əsəri olan “Bir cənub şəhərində” filmi ilə özünü təsdiqləyib və bu filmlə Azərbaycan kinosunda yeni bir mərhələnin təməlini qoyub. İnfarkt keçirən Xalq artisti 16 aprel 2021-ci ildə müalicə aldığı Respublika Müalicəvi Diaqnostika Mərkəzində vəfat edib. Yasamal qəbiristanlığında həyat yoldaşının məzarı yanında torpağa tapşırılıb.

Güney Azərbaycandan olan məşhur vokalist, müğənni, Azərbaycan Respublikasının Əməkdar artisti Yaqub Zurufçu koronavirusdan vəfat edib. Müğənni 1956-cı ildə aprelin 8-də Təbriz şəhərinin Çərandab məhəlləsində anadan olub. Ayrılıq mahnısı ilə çox sevilən sənətçi 1989-cu ildə Gülağa Məmmədovun dəvəti ilə ilk dəfə Azərbaycana gəlib. Yaqub Zurufçu 14 sentyabr 2021-ci ildə 65 yaşında vəfat edib.

Əməkdar incəsənət xadimi, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü Nailə Mirməmmədli yanvarın 4-də dünyasını dəyişib. N. Mirməmmədli 1961-ci ildə Bakı şəhərində anadan olmuşdu. Azərbaycan estradasındakı minlərlə mahnının müəllifidir. Qurd qapısı qəbiristanlığında dəfn olunub.

Müğənni, Azərbaycan Respublikasının Əməkdar artisti Zöhrə Abdullayeva 16 dekabr 1952-ci ildə Şuşada anadan olub. Daha çox Məmmədbağır Bağırzadə ilə ifa etdiyi duetlərə görə tanınmışdı. Bundan başqa, xalq və bəstəkar mahnıları, muğamlar da ifa etmişdir. Zöhrə Abdullayeva 28 may 2021-ci ildə uzun sürən ağır xəstəlikdən sonra vəfat edib. Xırdalan qəbiristanlığında dəfn olunub.

Müğənni, Əməkdar artist Baloğlan Əşrəfov 69 yaşında COVID-19 epidemiyasından vəfat edib. O, 1951-ci il oktyabrın 8-də Masallı rayonunun Bədəlan kəndində anadan olmuşdu. Oxuduğu mahnılarının musiqilərinin çoxunu demək olar ki, özü bəstələyib. “Yuxuma gəl”, “Anam mənim”, “Günayım”, “Tanrıdan diləyim ol” və s. kompakt audio, video diskləri musiqisevərlərin ixtiyarına verilib. 26 aprel 2021-ci ildə 69 yaşında Masallı rayonunun Bədəlan kəndində doğmalarının məzarı yanında torpağa tapşırılıb.

Məşhur müğənnisi Səyyad Əlizadə də koronavirusdan vəfat edənlər arasındadır. Məşhur müğənni 6 avqust 1958-ci ildə Füzuli rayonunun Babı kəndində anadan olub. Xüsusilə, “Bəyaz gecələr”, “Gül ki” mahnıları ilə xalqın sevgisini qazanıb. Səyyad Əlizadə 30 sentyabr 2021-ci ildə 63 yaşında COVID-19 epidemiyasından vəfat edib. Füzuli rayonunun Babı kəndində valideynlərinin yanında torpağa tapşırılıb.

Xalq artisti Səməd Səmədov 24 iyul 2021-ci ildə sepsis və septik şok diaqnozu səbəbindən vəfat edib. 1946-cı il, sentyabrın 17-də Aşqabadda anadan olub. 2000-ci ildə əhali arasında aparılan sorğunun nəticələrinə görə, Səməd Səmədov “Toylar Kralı” adını qazanıb. Ona bu adı estradasının korifeyi Mirzə Babayev verib. Mərhum Yasamal qəbiristanlığında dəfn olunub.
Müğənni Aslan Hüseynov 4 may 2021-ci ildə yol-nəqliyyat hadisəsi nəticəsində dünyadan köçüb. 1967-ci il mayın 17-də Qazaxıstanın Cambul vilayətində anadan olub. Onun ən məşhur ifaları olan “Reyhan”, “İgidlər”, “Bulaq suyu, dağ havası” və “Of dədə” Azərbaycan tamaşaçıları tərəfindən sevilib.

Azərbaycanın məşhur gitara ifaçısı Rafiq Hüseynov (Rəmiş) aprelin 5-də vəfat edib. O 1944-cü il noyabrın 14-də Ağdam rayonunun Gülablı kəndində anadan olub. 2008-ci ildə “Əməkdar artist”, 2014-cü ildə “Xalq artisti” fəxri adına layiq görülüb. 76 yaşlı Xalq artistinin ölüm səbəbinin koronavirus olduğu bildirilib.

Ali Məhkəmənin hakimi İnqilab Nəsirov da dünyanı ağuşuna alan koronavirusdan 2021-ci il yanvarın 6-da vəfat edib. Mərhum hakim 1963-cü il sentyabrın 3-də Şahbuz rayonunun Kolanı kəndində anadan olub. 2005-2007-ci illərdə Məhkəmə-Hüquq Şurasının üzvü, 2007-2010-ci illərdə isə Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin sədri vəzifələrində çalışıb.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi Rəşid Hüseynov aprelin 13-də koronavirus səbəbindən dünyasını dəyişib. 2008-2011-ci illərdə Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin hakimi, 2011-2013-cü illərdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi olub. 2013-cü ildən isə Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsində çalışıb.

Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov Nyu-Yorkda müalicə aldığı xəstəxanada vəfat edib. Azad Rəhimov 1964-cü ilin 8 oktyabrında Bakı şəhərində anadan olub.

1994-1998-ci illərdə “Ros-İMESKO” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri vəzifəsində, 1998-2006-cı illərdə isə “Italdizain” Qapalı Tipli Səhmdar Cəmiyyətinin rəhbəri vəzifəsində çalışıb. 2006-cı ildən Azərbaycan Respublikasının Gənclər və İdman naziri vəzifəsində olub. 2021-ci il aprelin 30-da ağciyər xərçəngindən vəfat edib. 2-ci Fəxri xiyabanda dəfn olunub.

“Azərxalça”nın sabiq sədri Vidadi Muradov xərçəng xəstəliyindən bu il dünyasını dəyişib. O 1956-cı il martın 5-də Bərdə rayonunda anadan olub. 9 yanvar 2021-ci ildə külli miqdarda mənimsə ittihamı ilə həbs olunmuşdu. 31 oktyabrda isə səhhəti ilə əlaqədar azad edilmişdi.

Azərbaycan jurnalisti və televiziya aparıcısı Elnur Əşrəfoğlu uzun sürən müalicədən sonra 2021-ci il oktyabrın 19-da vəfat edib koronavirusdan vəfat edib. Tanınmış jurnalist 1974-cü il 19 iyunda anadan olmuşdu. 2011-ci ildə “Space” TV telekanalının idman departamentinin rəhbəri, 2015-ci ildə Azərbaycan Cüdo Federasiyasında baş katibinin müavini olub.

“Baku Network” Ekspert Şurasının direktoru Elxan Ələsgərov yanvarın 5-də koronavirus səbəbindən vəfat edib. E.Ələsgərov 1955-ci il martın 14-də Bakı şəhərində anadan olub. Qarabağ müharibəsinin iştirakçısı və Trend İnformasiya Agentliyinin baş direktor müavini olub.

Sentyabrın 8-də Ağstafa rayonunun sabiq icra başçısı, həbsdə olan Nizaməddin Quliyev koronavirusdan vəfat edib.

Sabiq deputat Rafael Cəbrayılov da bu ilin sentyabrında həbsxanada dünyasını dəyişib.
Aktyor, rejissor Arif Həbibi bu ilin 27 yanvarında vəfat edib. O 1943-cü il iyunun 1-də İran Astarasında anadan olub. Xarici ölkələrdə istehsal olunan bədii, sənədli filmləri ana dilinə dublyaj və tərcümə edib. “Rüstəm Zal haqqında əfsanə”, “Qırmızı çadır”, “Mauqli” kimi filmləri dublyaj edib.

Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov bu ilin 30 aprelində 71 yaşında vəfat edib.

Filologiya elmləri doktoru, professor Nizami Xudiyev böyrək çatışmazlığından vəfat edib. O, 1949-cu il aprelin 1-də Şahbuz rayonunda anadan olub. Azərbaycan Milli Məclisinin 1, 2 və 3-cü çağırış üzvü olub. May ayının 25-də vəfat edib.

Bütöv.az
13-12-2021, 22:04
Koronavirusa yoluxan Xalq artistindən XƏBƏR VAR

“Koronavirusa yoluxan Azərbaycanın Xalq artisti Eldost Bayramın müalicə aldığı xəstəxana dəyişdirilib”.

Bu barədə Bütöv.az-a açıqlamasında həyat yoldaşı Minarə Bayram bildirib.

Onun sözlərinə görə, Xalq artisti koronavirusdan sağaldığı üçün həkimlər onun Zığ qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin modul tipli xəstəxanasından köçürülməsinə qərar veriblər:
10-12-2021, 11:20
YARAT Müasir İncəsənət Məkanı onillik yubileyini qeyd edib - FOTO

YARAT Müasir İncəsənət Məkanı onillik tədbirləri çərçivəsində “Ön söz-On söz” xronikal qrup sərgisini təqdim edib. On il ərzində toplanan YARAT kolleksiyası və YARAT-ın sifarişi ilə hazırlanmış seçmə əsərlər ilk dəfə olaraq Daş Salnamə Muzeyində bir ekspozisiyada nümayiş olunub

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

Tədbirdə çıxış edən tanınmış rəssam Aida Mahmudova deyib: “Bu gün burada sizi görməyə çox şadam. Şadam ki, siz 10 illiyinizi bizimlə bölüşürsünüz. Bu, rəssam və ziyarətçilərimiz üçün dəyərlidir. Zaman prizmasından baxanda on ilin bir ana bənzədiyini görərik. Amma bu zaman kəsiyində YARAT çox işlər görüb. Mən çox istedadlı və öz sənətini sevən peşəkarlarla işləyirəm. Öz komandamı təbrik edirəm”.
Tədbirdə YARAT-ın yubileyi münasibətilə audiovizual performansın nümayişi və İsfar Sarabskinin solokonserti təqdim olunub.

Sərgi YARAT-ın ilk layihəsi olan “Ön söz”ə istinadla bu dövr ərzində YARAT-ın keçdiyi yol və yeni nəsil müasir rəssamların yetişdirməsi və formalaşdırılmasında oynadığı müstəsna rolunu vurğulayır.

Yaddaş və tarix anlayışları ətrafında toplanmış ekspozisiya keçmişin indiki anımıza qədər diffuziya etməsinin etirafıdır. Keçmişin maddi reallığı ilə qarşılaşan indiki reallıq bir sürətə bağlıdır. Sərgi yaşadığımız sürətin bizi əhatə edən keçmişin simvolları və xatirələri ilə necə uzlaşdığını nəql edir, ənənə və cəmiyyət, dəyərlər sistemi, ziddiyyətli həqiqətlər mövzularına toxunur. İnsan varlığı və mövcudluğunun fərqli aspektləri araşdırılaraq, onların formalaşmasında keçmişin əhəmiyyətini və rolunu ön plana çəkir.

YARAT kolleksiyasının ən mühüm əsərlərindən ibarət ekspozisiya Afruz Amighi, Faiq Əhməd, Rəşad Ələkbərov, Çinarə Məcidova və Elturan Məmmədovun instalyasiya, heykəl, video və foto əsərlərini bir araya gətirir.





Bütöv.az
9-12-2021, 21:04
“Mədəniyyət” kanalında yeni tok-şou yayımlanacaq - VİDEO

Televiziya məkanında mədəniyyətin müxtəlif sahələrindəki problemlərin müzakirəsi üçün yeni tok-şou olacaq.

Bütöv.az xəbər verir ki, “Deməli” adlanan tok-şou “Mədəniyyət” kanalında yayımlanacaq.

Hər həftənin cümə axşamı günləri saat 18:00-da yayımlanması nəzərdə tutulan verilişdə mədəniyyət sahəsinin ən müxtəlif istiqamətlərindən danışılacaq, problemlər və onların həlli yolu müzakirə olunacaq.
Verilişin ilk buraxılışı musiqiyə və müasir musiqi zövqünə həsr olunub.

Növbəti veriliş isə Bakı Dövlət Sirkinə həsr olunub. Sirkin problemləri və nailiyyətləri müzakirə mövzusu olacaq.

Verilişə müzakirə olunan mövzu üzrə aidiyyəti şəxslər, ekspertlər dəvət olunacaq. “Deməli”də şəhərdə keçirilmiş sosial sorğular yer alacaq, sakinlərin də rəyi öyrəniləcək.

Xaricdə yaşayan azərbaycanlılar da verilişin qonağı olacaq. Onlar mövzuya canlı bağlantılar vasitəsilə fikir bildirəcəklər. Studiyada əyləşən tamaşaçılar da qonaqlara öz suallarını ünvanlaya biləcəklər.

Tok-şounun müəllifi və aparıcısı Güldəstə Nəsibdir.


7-12-2021, 16:10
100 il əvvəl Azərbaycandan çıxarılan milli xalçalarımız Ukraynada tapıldı - VİDEO

Azərbaycanlı gənc Seymur Abuşov Ukraynanın Vinnitsa şəhərində dünyanın müxtəlif ölkələrindən Azərbaycan xalçalarını toplayaraq kolleksiya yaradıb.

Kolleksiyada vaxtilə ermənilərin öz adlarına çıxararaq Avropaya daşıdığı milli xalçalarımız, o cümlədən Qarabağ xalçaları da var. Azərbaycandan başqa digər türkdilli ölkələrin tarixi xalçalarını da kolleksiyasında toplayan Seymur burada anadan olub və böyüyüb. Əslən İmişli rayonundan olan azərbaycanlı gənc kolleksioneri bu missiyaya istiqamətləndirən onun ata tərəfdən ailəsinin əvvəldən xalçaçılıqla məşğul olması olub.

Kolleksiyasında başda Avropa ölkələri olmaqla dünyanın bir çox ölkələrindən tapıb topladığı qədim Azərbaycan xalçaları Quba, Şirvan, Qarabağ, Mil düzü və Dərbənd bölgəsinə məxsus xalçalardır. Xalçalar toxunma tarixinə görə 19-cu əsr və 20-ci əsrin əvəllərinə aiddir. Aralarında Şuşadan çıxarılaraq Avropada ermənilərin öz adları ilə təqdim etdiyi milli xalçalarımız da var ki, azərbaycanlı kolleksioner onları tapıb, alıb, gətirib milli Azərbaycan mənsubiyyətini özünə qaytararaq, kolleksiyasında rəsmiləşdirib. Kolleksioner deyir ki, xalçalar Azərbaycandan əsasən 20-ci əsrin əvəllərində inqilablar ərəfəsi, bir qismi isə SSRİ dağılan ərəfədə, Vətən müharibəsi zamanı çıxarılıb. Yalnız Azərbaycan xalçalarının kolleksiyası ilə məhdudlaşmayan Seymurun digər qardaşı yerli deputat Teymur Abuşov isə birgə diaspor və yerli ictimai işlərdə də fəaldır. Qardaşı Teymur Abuşov artıq ötən ildən Vinnitsada yerli radanın deputatı seçilib.

Ətraflı süjeti təqdim edirik:



Bütöv.az
3-12-2021, 16:59
Qızı ölən Xalq artistinin ayaqları tutuldu

Xalq artisti Əlibaba Məmmədovun səhhətində problem yaranıb.

Lent.az-a açıqlama verən 92 yaşlı sənətkar bildirib ki, ayaqları tutulub:

“Evdən çölə çıxmıram. Çünki yeriyə bilmirəm. Ayaqlarımda problem yaranıb. Evdə müalicə olunuram. İnşallah, yaxşı olar”.

Qeyd edək ki, Ə.Məmmədovun bir neçə ay öncə qızı dünyasını dəyişib. O, övladının vəfatından sonra bu açıqlamanı vermişdi:

“Qızım rəhmətə gedib. Atalar övlad çiynində o biri dünyaya yola salınar, amma məndə əksinə oldu”.

Bütöv.az
29-11-2021, 07:35
Polşada Nizami Gəncəvinin 880 illiyi qeyd edildi


“Nizami Gəncəvi İli” çərçivəsində Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyinin təşkilatçılığı ilə Varşava şəhərində Nizami Gəncəvinin anadan olmasının 880-ci ildönümünə həsr olunan tədbir keçirilib.
Modern.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Polşa Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Nərgiz Qurbanova, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun rəhbəri Günay Əfəndiyeva və Polşa Elmlər Akademiyasının rəhbəri Jejı Duşınskı çıxış ediblər.
Səfir Nərgiz Qurbanova Azərbaycanın böyük mütəfəkkiri və şairi Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında məlumat verib. Onun sözlərinə görə, dünya ədəbiyyatının parlaq nümayəndəsi olan Nizami Gəncəvi özünü ölməz, bənzərsiz yaradıcılığını ülvi hisslərin, humanizm, xeyirxahlıq, ədalət kimi nəcib keyfiyyətlərin tərənnümünə həsr edib.
Dahi Nizaminin Azərbaycan, dünya ədəbiyyatına verdiyi töhfələrdən danışılıb, onun yaradıcılığının fəlsəfi aspektlərinə toxunulub.
Qeyd edək ki, tədbirdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyinin birgə əməkdaşlığı çərçivəsində Nizami Gəncəvinin polyak dilində "Kağıza incitək sözlər düzən Şahlar Şahıyam" kitabının və poçt markalarının təqdimatı olub.
Kitabın təqdimatını Polşa Yazıçılar Birliyinin sədri Anna Naşilovska, poçt markalarının təqdimatını isə "Poczta Polska" Səhmdar Cəmiyyətinin Beynəlxalq Əməkdaşlıq və Ticarət Şöbəsinin rəhbəri Kşıştof Gurski edib.
Tədbir musiqili hissə ilə davam edib, sonda isə qonaqlar kitabda yer alan rəsm əsərlərindən ibarət sərgiyə dəvət edilib. Sərginin sonunda qonaqlara ziyafət verilib.
27-11-2021, 17:28
Şirvan gəncləri üçün yeni imkanlar yaranır


Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) növbəti nümayəndəliyi Şirvan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində fəaliyyətə başlayıb. Açılış mərasimində şəhər icra hakimiyyətinin, Gənclər Fondunun, Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndələri və gənclər iştirak ediblər.
Açılış tədbiri gənclərlə söhbət və mərkəzlə tanışlıqla başlayıb. Sonra rəsmi nümayəndələr çıxış edərək, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış şanlı qələbənin gənc nəslin öz dövlətinə, öz ölkəsinə nə qədər dərin duyğularla bağlı olduğunu göstərdiyini, Azərbaycan gənclərinin artıq qalib xalqın nümayəndələri olduğunu bildiriblər.

Daha sonra nümayəndəliyin direktoru Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu dövlət gənclər siyasəti, GİKM nümayəndəliklərində gənclər üçün yaradılan imkanlar barədə danışıb və gəncləri bu imkanlardan yararlanmağa dəvət edib. Yeni yaradılan nümayəndəlikdə gənclərin əlavə bilik və bacarıqlara yiyələnməsi üçün müxtəlif peşə təlimləri, təhsil və təcrübə proqramları, görüşlər, seminarlar, intellektual oyunlar və digər tədbirlər təşkil olunacağı bildirilib. Nümayəndəlik vasitəsilə rayonda yaşayan gənclər dövlət tərəfindən onlar üçün yaradılan imkanlar barədə məlumat və məsləhət almaq, həmçinin müxtəlif proqramlara müraciət və onlarda iştirak etmək imkanı qazanacaqlar. Açılış tədbirində iştirak edən gənclərə həmçinin, “Gənc Könüllü”, təcrübəçi və üzvlük proqramı haqqında məlumat verilib, onlar bu proqramlara qoşulmağa dəvət ediliblər.

Diqqətə çatdırılıb ki, ölkəmizin şəhər və rayonlarında yaşayan gənclərin dövlət tərəfindən onlar üçün yaradılmış imkanlardan tam şəkildə yararlanmasının təmin edilməsi ilə bağlı dövlət başçısının verdiyi sərəncama uyğun olaraq, GİKM-lərin fəaliyyəti gənclərin hərtərəfli inkişafının təmin olunması, habelə ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini gənc nəslin daha dərindən mənimsəməsi işinə töhfə vermək istiqamətində qurulub.
Tədbir daha öncə açılışı olmuş nümayəndəliklərin fəaliyyətindən əyləncəli videoların nümayişi, maraqlı viktorinalar və təlim xarakterli oyunlarla davam etdirilib.

Bu ilin sonunadək ölkənin bütün şəhər və rayonlarında mövcud Heydər Əliyev Mərkəzlərində Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliklərinin açılması nəzərdə tutulur.
Könül İsmayılzadə
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!