Onu uzun illərdir ki, tanıyıram. Azərbaycan Radiosundan Dövlət televiziyasına keçən vaxtdan. Düz iyirmi iki ildir ki, bir yerdə işləyirik. Televiziyada müəlliflik etdiyim verilişlərin rejissoru, araya-ərsəyə gətirəni-şəxsiyyətinə, yaradıcılığına böyük hörmət bəslədiyim Rauf-Süleyman Mirzəyev. Indi də birlikdə işləyirik və bu özünəməxsus yaradıcılığı olan, maraqlı, intellektual insan haqqında yaşının şah yetmişində ürəyimdən keçənləri söyləməyi, yazmağı özümə bir borc bildim.
O, 1944-cü ildə Bakıda görkəmli teatrşünas Həsənağa Mirzəyev və Azərbaycan səhnəsinin ən səmimi ana obrazlarının mahir ifaçısı, Respublikanın Əməkdar artisti Ətayə Əliyevanın ailəsində dünyaya göz açıb. Hələ kiçik yaşlarından teatr mühiti ilə əhatə olunduğundan sənət dünyasına hədsiz bir maraqla böyüyən Rauf Süleyman orta məktəbi bitirdikdən sonra sənədlərini indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “teatrşünaslıq” fakültəsinə təqdim edir. Təhsil almaqla yanaşı 1968-ci ildən Azərbaycan Televiziyasında mikrafon operatoru kimi işə başlayır və beləcə bütün ömrünü televiziyaya bağlayır. Ailə səadətini də burada tapır, onunla həmpeşə olan rejissor Münəvvər Əliyeva ilə mehriban bir ailə qurur. Azərbaycan Televiziyasının “Ədəbi dram verilişləri baş redaksiyası”, “Gənclik”, “Müəllif proqramları və xüsusi layihələr redaksiyası”nda rejissor, ali dərəcəli rejissor kimi çalışmaqla, - “Sənin həyatda izin”, “Od kürəsi”, “İdrak”, “Zəriflik”, “Yeddi sual, yeddi cavab”, “Dünyaya sevinc gərək”, “Vətən”, “Palitra”, “Avtoqraf”, “Qurama”, “Ev sizin, sirr bizim”, “Dünya yaxşılarındır”, “İlham pərisi”, “Səslər muzeyi”, “Tariximiz, soykökümüz”, “Ömür yolu”, “İmza”, “Gözəllik ondur”, “Turan”, 1990-cı illərdə çox məşhur olan “215 KL studiyası”nda “Çərçivə”, “Alın yazısı”, “Azərbaycan musiqisinin antologiyası” kimi verilişlərlə yanaşı “Bəxtiyar Vahabzadə”, “Qitədən-Qitəyə”, “Ədalət naminə”, “Ömür ağacı”, “Xoşbəxt adam” kimi sənədli filmlərin quruluşçu rejissoru olur.
Bu verilişlərin, filmlərin hər biri onun ömrünün bir parçası, tamaşaçıları ilə zamanın tələb etdiyi mövzuda görüşü, polemikası ünsiyyətidir. Və onu da xatırlatmaq yerinə düşər ki, adlarını sadaladığımız televiziya proqramlarının hər biri efirdə uzun ömürlü olub, silsilə verilişlər şəklində hazırlanıb.
Rauf müəllimin yaradıcılığından danışarkən vaxtilə onun ali təhsil ocaqları, müəssisələrdən, fabrik və zavodlardan efirə hazırladığı canlı, kütləvi verilişlərin illər öncəsi doğurduğu müsbət əks-sədanı indi də xatırlamamaq mümkün deyil. Bu gün elmin, texnikanın nailiyyətləri növbənöv radio-televiziya cihazları, xüsusi avadanlıqlar, yaddaş kameraları ilə çəkilişlər aparmaq, yerindəcə montaj, kompüter effektləri - ən mürəkkəb, kütləvi verilişləri birbaşa telekörpülər proqramı hazırlamağa imkan verir. O zamanlar - 1960-70-ci illərdə bütün bunlar ancaq xəyal oluna bilərdi.
Sadə texnika, bu günün gözü ilə baxanda primitiv qurğularla, adi video da hələ yoxkən efirə canlı şəkildə verilişlər hazırlanır, dövlət tədbirləri, teatr tamaşaları, konsert proqramları, zavod və müəssisələrdən verilişlər birbaşa efirə ötürülürdü. Rauf – Süleyman Mirzəyev o çətinliklərin içərisində sənətini (sənətkarlığını) sübut edən rejissorlarımızdandır. Belə veteranlarımızın hərəsi bir məktəbdir, onlardan öyrəniləsi, sənətləri uca tutulasıdır. Və nə yaxşı ki, televiziya rəhbərliyi tərəfindən hörmətləri də layiqincə tutulur, əməkləri də qiymətləndirilir.
Rauf müəllimin qızı Şəms Azərbaycan Televiziyasının “Səhər” proqramı xəbərlərinin ingilis dilində ilk aparıcısı olmuş, oğlu Turanın adına da əmək kitabçası məhz burada açılmış, o da televiziyada işləmişdir.
Bəli, bütöv bir ailənin iş yeri, ata ocağı ailə televiziyası. Hələ Rauf-Süleyman Mirzəyevin qardaşı Azərbaycan televiziyasının “Sabah studiyası”nın rəhbəri, respublikanın xalq artisti hazırladığı tamaşaları, filmləri televiziyamızın “Qızıl fondu”nu bəzəyən Ramiz Həsənoğlunu demirik.
Bəli, ailə televiziyası olan ana televiziyamız, bu gün bu böyük missiyanı öz dəyərli proqramları, verilişləri, bütün kollektivi ilə öz üzərinə götürüb ləyaqətlə irəliyə yürüməkdədir. Rauf-Süleyman Mirzəyev də yenə əvvəlki həvəs, yenə əvvəlki yaradıcılıq axtarışları, rejissor uğurları ilə bu gün sevdiyi işin başındadır. O, Azərbaycan Televiziyasının ən uzun ömürlü proqramlarından olan həftəlik “Turan” verilişinin rejissorudur, veteran həmkarımıza sağlıqlı və uzun ömür diləyi ilə yorulmayasınız deyirik.
Zərnişan İnqilabqızı
Respublikanın Əməkdar jurnalisti