Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
Tarix : 31-05-2019, 14:18
İnsanlığın və elmin zirvəsində


Alimin tanınması üçün onun öz kəşfləri kifayət deyil,
gərək onun özünü də kəşf edənlər olsun.
Əbu Turxan


Bir insandan, şəxsiyyətdən danışmaq, yazmaq istəyirəm...
Ruhu, canı və qanı ilə vətənini hər şeydən çox sevən bir insan haqqında. Onun haqqında hətta qısa məlumatları da nəzərdən keçirmək kifayətdir ki, kimliyi, qeyri-adi şəxsiyyəti barəsində tam təsəvvür yaransın. Dostları ona «Sirri-Xuda» deyiblər. Şairlər onu «ömür karvanının sənət yükünə» qeyrətli sözlər, əməllər yükləyən, «Sən dənizsən, biz - tərs axan çayların» kimi misralarla öyüblər. Onun özü isə özü haqda heç nə deməmiş, heç nə fikirləşməmiş, heç nə yazmamışdır. Məclislərdə «Ev üçün, ailə üçün işləyərkən yorulmamaq üçün el üçün də çalışmaq gərəkdir” demişdir. Ətrafa, xalqa, millətə qarşı laqeydlik haqda «Heç kəs eşitmək istəməyən adam qədər kar ola bilməz», ötəri uğursuzluqlar barədə «Həyatın böyük çətinlikləri səni böyük məqsədlərdən yayındırırsa, uğurlar uğrunda çəkdiyin əzablar səni üzürsə, Füzulini oxu, ölməz «Koroğlu»nun uvertürasına qulaq as, muğamlarımızı, saz havalarımızı dinlə; sənə yenidən qalxıb irəli getmək həvəsi gələcək» yazmışdır.
Ağdamda orta məktəbi bitirən Xudu Məmmədov Azərbaycan Dövlət Universitetinin Geologiya-Coğrafiya fakültəsinin Geologiya şöbəsinə daxil olur, 1951-ci ildə təhsilini fərqlənmə diplomu ilə başa vurur və müəllimi Heydər Əfəndiyevin təkidi ilə Azərbaycan Elmlər Akademiyasının Kimya İnstitutuna təyinat alır. Heydər Əfəndiyev Xudu Məmmədov üçün belə müəllim idi. Professoru Xudu Məmmədov haqqında deyirdi ki, o, istənilən elm sahəsində çalışsa, yenə də nadir zəkası, qeyri-adi istedadı ilə seçilərdi. O, çox gənckən cansız aləmlə canlı aləm arasındakı fərqi aradan qaldırıb, körpü yarada bilmişdi.
Həm böyük alim idi, həm yazıçı, həm rəssam, musiqişünas, arxeoloq, tarixçi idi və bütün bu sahələrdə qeyri-adi bacarığı Xudu Məmmədovu Azərbaycanda və dünyada öz sözünü deməyi bacaran şəxsiyyətə çevirmişdi. Alimi həmişə xalqının problemləri maraqlandırırdı. Elmi məktəb yaratmaq istəyi hər bir alimin arzudur. Amma elmi istiqamət yaratmaq hər mütəfəkkirə nəsib olmur. Səbri, tələbələri dinləmək, onlarla işləyə bilmək qabiliyyəti ilə elmi məktəb yaratmağa müvəffəq olmuşdu dahi alim.Yetirmələrindən hər zaman innovativlik gözləyirdi. “Nə yeniliyiniz var?” sualı dilindən əskik olmurdu. Deyirdi ki, əgər sualın yoxdursa, deməli elmi işlə məşğul deyilsən. O, 250 elmi əsərin, 10 müəlliflik şəhadətnaməsi və 3 monoqrafiyanın müəllifidir. Xudu Məmmədovun rəhbərliyi altında 10 elmlər doktoru və 35 fəlsəfə doktoru yetişib.
Azərbaycanda türkçülük ideyalarının yaşaması və təbliği yolunda çalışan və keçən əsrdə sovet rejiminin hökm sürdüyü dövrdə Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan azsaylı ziyalılarımızdan biri Xudu Məmmədov haqqında söz açmaq istəyirəm. Alimin aforizmə çevrilmiş fikirləri arasında bu deyimin ayrıca bir yeri var: "İnsanlar şəhərlərə bir-birini tanımamaq üçünmü yığışırlar?" Bir vaxtlar Azərbaycanın ən böyük kəndindən çıxıb ən böyük şəhərinə gələn Xudu müəllimin ən böyük suallarından biridir bu. Baxmayaraq ki, bu böyük şəhərdə onun ruhu kimi sözləri, kəlamları da dolaşmaqdadır. Budur Xudu müəllimin sözü - Xudu müəllimin ruhu.
Xudu Məmmədovda Vətən sevgisi, Azərbaycana məhəbbət o səviyyədə güclü idi ki, ona dünya miqyasında daha yüksək zirvələri fəth etməyə mane olurdu. Azərbaycan gəncliyini hər kəsə nümunə olacaq insan, şəxsiyyət kimi formalaşmasında öz sözünü, gücünü və biliyini əsirgəməyən gənc olaraq görmək ən böyük arzusu idi. Xudu müəllimin öz dili ilə desək; "Bilirsiniz, əgər alim danışanda elmdən uzaq olan adam onu başa düşsə və ona qiymət verərək, "o nə danışır, onun dedikləri elə mənim bildiklərimdi” desə, deməli, əsl alim odur. Yox, əgər "o nə danışır, mən heç nə başa düşmədim” desə, deməli, o əsl alim deyil” sözləri bugündə el arasında səslənir.
Xudu Məmmədov haqqında söz demək çətindən çətindir. Elm və mədəniyyətimizdə, ictimai düşüncəmizdə əzəmətli bir zirvə olan Xudu müəllim elinə, obasına, xalqına, Vətəninə, dilinə, musiqisinə vurğunluğu ilə xalqının, millətinin sevgisini qazandı. "Elmin vətəni yox, alimin Vətəni olmalıdı" fikrini Xudu müəllim tez-tez söyləyərdi. Sanki bu günümüzə baxaraq, bu günümüzü görərək deyirdi:

Sənə bəslədiyim, Vətən, nə simdi?
Səsinnən ürəyim əsim-əsimdi.
Sevgimin əvəzin vermək istəsən,
Bir ovuc torpağın olmaq bəsimdi.


Xudu müəllimi bir insan kimi tanımaq üçün təsvir olunan bir hadisəni yada salmaq yerinə düşərdi.
Həkim Nurəddin Rzayev dostu, Xudu Məmmədov haqqında yazırdı:
"Xudu, mən və Bəxtiyar Vahabzadə çox köhnə dostlar idik. Bir yerdə oturub bol-bol söhbətlər edərdik. Ailəmizlə bir yerdə 1978-ci ildə Xızıya dincəlməyə getmişdik. Orada bizi tanıyan kəndlilər görüşümüzə gəlirdilər. Xüsusilə Bəxtiyarın şeirlərindən xoşlananlar daha çox gəlirdi. Çox yaraşıqlı 12-13 yaşında bir oğlan uşağı bizə yaxınlaşdı. Xudu bu uşağı yanına çağırıb danışdırdı. Uşağın ata-anası yox idi. Bir qəzada ölüblərmiş. Xudu bunu duyduqdan sonra uşağa daha çox məhəbbət göstərdi. Uşaqdan soruşdu ki, sənə Bakıdan bir şey göndərməmi istərsənmi? Uşaq da Xuduya "istərəm" dedi. Xudu ona "Nə göndərim sənə?" soruşduqda uşaq Xuduya "Mənə məktub göndər, mənə kimsə məktub göndərmir" dedi. Xudu göz yaşlarını saxlaya bilməyib ağlamağa başladı. Bakıya döndükdən sonar o uşağa məktub yazır, hədiyyələr də göndərirdi!
Xudu müəllim doğrudan da adamların, adamlığın naxışı idi. Elmi yaradıcılığına imkanım daxilində, intellektinə, obrazlı təfəkkürünə, ədəbi-bədii zövqünə, sənət aşiqliyinə, mədəniyyət kompleksinə, dahiyanə səmimiyyətinə, dostluq istedadına isə kifayət qədər bələd olduğum Xudu müəllim haqda fikirləşib, dünyanın ən uzun, ən irihəcmli «xatirə»sini yazmaq imkansızlığı və mümkünsüzlüyü ilə üzləşəndə həmişə dadıma bu ikicə kəlmə çatıb: “Doyulmaz İnsan. Bəli, Xudu müəllim dünyanın ən asan adamı idi. Seçdiyi elm sahəsindən tutmuş bütün fərdi-ictimai münasibətlərə qədər - cəfalı dolanışıq səbri, dönməz vətəndaşlıq, susmaz ziyalılıq, xalsız paklıq, “mənəm-mənəm”-likdən tam xali təvazökarlıq, milli düşüncə davaları istisna edilməklə, həyatın ən çətin imtahanlarını seçmiş ən asan insan!
Xudu Məmmədov sadə xalqla mürəkkəb elm arasında get-gəlli körpü salan alim-ziyalılardan və təhsilcə geoloq, ixtisasca kristalloqraf-kimyaçı olan bu alim nə qədər elm adamı idisə, bir o qədər də el adamı idi. Bu insanda hamıya çatacaq qədər mənəvi pay, ziya vardı. O, mükəmməl incəsənət timsallı bir varlıq idi - aydın və gözəl musiqi, füsunkar tablo, monumental heykəltəraşlıq nümunəsi, memarlıq abidəsi kimi hamıya çatırdı. Onun dostlarının hamısı, tələbələrinin əksəriyyəti milli keyfiyyət daşıyıcıları idi. Bu, onun həyati baxışları, xarakter naxışları ilə də bağlıydı. Dostları arasında ad-sanları bütün dünyaya bəlli Çingiz Aytmatov, Cavad Heyət, Bəxtiyar Vahabzadə, Nurəddin Rza, vətəndaşlıq məramları bütün Azərbaycana məlum Şahmar Əkbərzadə, Zeynal Məmmədov vardı.
Tanınmış qırğız yazıçısı Çingiz Aytmatovun görkəmli ictimai-siyasi xadim və alim Xudu Məmmədovla görüşündən sonra yazdığı bu fikirlər məşhur alimə dünyada verilən dəyərin göstəricisi idi: "Elmlə sənətin qeyri-adi uğurlarını kəşf edən, zəkası ilə "cansız təbiət” terminini elm tarixindən silən Xudu Məmmədovun şəxsiyyətinə də, xarakterinə də, sadəliyinə də vuruldum. Fəxr edirəm ki, Türk dünyasında Xudu Məmmədov kimi ziyalı var”. Çingiz Aytmatov həm də "Siz məndən təkcə 1 il 2 gün yox, bütün parametrlərlə böyüksünüz, mənim əziz Xudu müəllimim!” yazırdı.
Bu yaxınlarda Xudu müəllimin dəyərli dostlarından biri, Agdam rayonu Şıxbabalı kənd sakini, uzun illər Agdam rayonunda tikinti təşkilatlarından birinin rəhbəri olmuş Teyyub Hüseynovla görüşümüz oldu. Səmimi keçən görüş məndə böyük təəssürat yaratdı. Xudu müəllim haqqında danışdığı xatirələr, anlatdığı anlar gözlərim önündə bir anlıq canlandı və bu insana qarşı olan hörmət və ehtiramı daha da artırdı.
Xudu Məmmədov haqqında çox deyilib, çox yazılıb və yazılacaqdır. Bunlar daha çox böyük alim, istedadlı tədqiqatçı, ixtiraçı olması ilə əlaqədar olub. Mən isə onun böyük vətəndaş, son dərəcə nəcib, sadə, təvazökar, xeyirxah bir insan olmasını önə çəkib onun böyük ziyalı şəxsiyyətini bu keyfiyyətlərilə tamamlamaq istədim.
Ürəyi Azərbaycanın xoşbəxtliyi, rifahı üçün döyünən o ürək Vətənin ən böyük dərdinə - Qarabağ hadisələrinə tab gətirmədi. Qarabağdan nigaran getdi.
“Ruhunuz şad olsun Vətənin dəyərli vətəndaşı”
İnsanlığın və elmin zirvəsində

Rövşən Əvəzoğlu
Sosial ekspert





Paylaş



Bölmə: Xəbər / Turan / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!