"Bayraktar TB3" pilotsuz uçuş aparatı ilk uçuşunu həyata keçirdi
Türkiyənin "Baykar" şirkəti tərəfindən hazırlanan "Bayraktar TB3" zərbə tipli pilotsuz uçuş aparatı (PUA) ilk uçuşunu həyata keçirib. PUA Tekirdağ vilayətində yerləşən AKINCI uçuş mərkəzindən havaya qalxıb. Saat 08.30-da havaya qalxan "Bayraktar TB3" sistem identifikasiya testlərini uğurla başa vurub və bir saatlıq uçuşu tamamlayıb. Şirkətin rəsmisi Səlcuq Bayraktar PUA-nın hava müharibəsində inqilab olacağını bildirib. PUA Türkiyənin yerli şirkəti tərəfindən hazırlanan mühərriklə uçuş həyata keçirib. 170 at gücündə olan mühərrik dəniz şəraitinə uyğunlaşdırılıb.
"Mustafa Kamal Atatürk - 2023” birgə taktiki təlimi uğurla başa çatdı
Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının cəlb edildiyi "Mustafa Kamal Atatürk - 2023” birgə taktiki təlimi uğurla başa çatıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Birgə taktiki təlimdə Azərbaycan Ordusunun Quru Qoşunları, Əlahiddə Ümumqoşun Ordusu, Hərbi Hava Qüvvələri, Raket və Artilleriya Qoşunları, Mühəndis Qoşunları, Xüsusi Təyinatlı Qüvvələr, həmçinin Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları və Türkiyə Silahlı Qüvvələrinin müvafiq qoşun növü mənsubları iştirak ediblər. Hər iki qardaş ölkənin qoşunları arasında təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının artırılması məqsədilə keçirilən təlimdə qarşıya qoyulan bütün tapşırıqlar müvəffəqiyyətlə icra edilib. Qeyd edək ki, Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası və azad olunmuş ərazilər də daxil olmaqla ölkəmizin müxtəlif istiqamətlərində keçirilən birgə taktiki təlimə hər iki ölkənin müxtəlif qoşun növündən ümumilikdə 3000-dək şəxsi heyət, 130 ədəd zirehli texnika, 100-dək artilleriya vasitəsi, 20-dən artıq aviasiya və uçuş vasitələri, eləcə də mühəndis texnikası və kiçik botlar cəlb olunmuşdu.
"Mustafa Kamal Atatürk - 2023" təlimində aviasiya vasitələri ilə məşqlər keçirilir
Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin "Mustafa Kamal Atatürk - 2023" birgə taktiki təliminə cəlb edilən aviasiya vasitələri ilə məşqlər keçirilir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bazalanma aerodromlarından uçuşlar edən aviasiya vasitələri plana uyğun olaraq havaya qalxma və yerə enmə, şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin edilməsi, hava kəşfiyyatının aparılması və digər fəaliyyətlər üzrə qarşıya qoyulan tapşırıqları yerinə yetirirlər. Qeyd edək ki, ölkəmizdə 23-25 oktyabr tarixlərində keçiriləcək təlimə hər iki qardaş ölkənin müxtəlif qoşun növündən xeyli sayda texnika, artilleriya və aviasiya vasitələri, eləcə də mühəndis texnikası və kiçik botlar cəlb olunub.
"Mustafa Kamal Atatürk - 2023" təlimində iştirak etmək üçün Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) F-16 təyyarələri oktyabrın 20-də ölkəmizə gəlib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd edək ki, Azərbaycan-Türkiyə birgə taktiki təlimi cari ilin 23-25 oktyabr tarixlərində Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası və azad edilmiş ərazilərimiz də daxil olmaqla bir neçə istiqamətdə keçiriləcək.
Zəngilanda hərbçilərin iştirakı ilə yürüş təşkil olundu
20 oktyabr – Zəngilan şəhəri günündə hərbçilərin iştirakı ilə yürüş təşkil olunub. Əvvəlcə Zəngilan Şəhidlər Xiyabanı ziyarət edilərək Vətənimizin azadlığı uğrunda canından keçən əziz şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Gün münasibətilə Zəngilan Konqres Mərkəzinin qarşısında yürüş keçirilib. Yürüşdə Daxili işlər Nazirliyi və Daxili Qoşunların əməkdaşları, eləcə də Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti iştirak edib. Düz 3 il bundan öncə Zəngilan şəhəri 44 günlük Vətən müharibəsində düşmən tapdağından azad edilib. Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, 20 oktyabr – Zəngilan şəhəri günü kimi qeyd olunur.
"Mustafa Kamal Atatürk - 2023" təliminə hazırlıq prosesi davam edir
Azərbaycanda keçiriləcək Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümünə həsr olunan "Mustafa Kamal Atatürk - 2023" birgə taktiki təliminə hazırlıq prosesi davam edir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Plana uyğun olaraq, döyüş təyyarələri ilə havaya qalxma və yerə enmə, kiçik və orta hündürlüklərdə çətin pilotaj manevrləri, şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin edilməsi, eləcə də hava kəşfiyyatının aparılması və digər tapşırıqlar üzrə fəaliyyətləri məşq etdirilib. Təlim məşqləri zamanı qarşıya qoyulan bütün tapşırıqlar hərbi pilotlar tərəfindən yüksək dəqiqliklə yerinə yetirilib.
Zirehli texnikalarımızın üzərindəki nida işarəsindən mesaj
Xəbər verdiyimiz kimi, Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümünə həsr olunmuş birgə taktiki təlimlər Azərbaycanda keçiriləcək. Artıq Türkiyə ilə birgə taktiki təlimə hazırlıq məşqləri keçirilir. Təlimdə iştirak edəcək Azərbaycan zirehli texnikaları üzərindəki nida işarəsi (!) ilə diqqət çəkib. Durğu işarəsinin mütləq mənası açıqlanmasa da, bunun ölkə liderinin bir müddət öncə səsləndirdiyi "Qarabağ Azərbaycandır və nida işarəsi" sözünün qüvvəti olduğunu yəqin etmək olar. Bunu həm də birgə təlimdə qardaşlıq simvolu kimi qiymətləndirə bilərik.
2003-cü ildən sonra hərbi xərclər 15 dəfədən çox artıb - Samir Nuriyev
2003-cü ildən sonrakı dövrdə hərbi xərclərin 15 dəfədən çox artırılması, hərbçilərin xidmət və məişət şəraitinin yaxşılaşdırılmasından tutmuş ordunun ən müasir silahlarla, texnika ilə təchizatına kimi məsələlərin effektiv həlli, o cümlədən müdafiə sənayesinin formalaşdırılması, 20-dən çox hərbi zavodun yaradılması və 1200 adda hərbi təyinatlı müxtəlif məhsulların istehsalı, hərbi-texniki sahədə dost ölkələrlə çox səmərəli əlaqələrin qurulması və inkişaf etdirilməsi, ən əsası isə ordunun döyüş qabiliyyətinin, hərbçilərimizin peşəkarlığının yüksəldilməsi istiqamətində atılan məqsədyönlü addımlar son nəticədə Azərbaycan Ordusunun dünyanın ən güclü orduları sırasına daxil olmasını şərtləndirdi. Bunu Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev dövlətimizin başçısı İlham Əliyevin birinci müddətə Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20 illiyi münasibətilə Bakıda keçirilən “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili” mövzusunda konfransda çıxışı zamanı deyib. Qüdrətli dövlət quruculuğunun mühüm şərtinin güclü silahlı qüvvələrin, ordu amilinin olduğunu diqqətə çatdıran Samir Nuriyev əlavə edib: “Ərazisinin 20 faizinin işğal altında olduğu və beynəlxalq aləmin ədalətsizliyi ilə üz-üzə qalmış Azərbaycanın nümunəsində bu məsələnin aktuallığı daha kəskin dayanırdı. 2018-ci il iyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə keçirilən təntənəli hərbi paradda çıxış edən Prezident İlham Əliyev bildirmişdi ki, “ordu quruculuğu bizim üçün ən başlıca, ən prioritet məsələdir. Bu da təbiidir. Çünki biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib. Müharibənin birinci mərhələsi başa çatıb. Bizim əsas vəzifəmiz ölkəmizin ərazi bütövlüyünü bərpa etməkdir”.
“Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda dəyişiklik edilib. Bu barədə Baş nazir Əli Əsədov qərar verib. Dəyişikliyə əsasən, Qaydalara aşağıdakı bənd əlavə edilib: Sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olmaq barəsində arzusunu bildirən şəxsdən tələb edilmir. Bu sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olmaq barəsində arzusunu bildirən şəxsin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya həmin şəxs tərəfindən təmin edilir.
Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus silah-sursat və müxtəlif təyinatlı döyüş texnikasının müsadirə edilməsi üzrə tədbirlər davam etdirilir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Ağdərə ərazisindəki mülki infrastruktur obyektlərinə baxış zamanı növbəti silah-sursat anbarı müəyyən edilib. Anbardan aşkar edilmiş xeyli sayda patron, əl qumbaraları, minaatan, müxtəlif çaplı ağır artilleriya və tank mərmiləri, tankəleyhinə raket komplekslərinin idarəolunan raketləri və digər döyüş sursatları, həmçinin müxtəlif təyinatlı döyüş texnikası müsadirə edilib. Bundan başqa qeyd olunan istiqamətdəki dayaq məntəqəsindən də silah və sursatla dolu yeşiklər aşkar edilərək götürülüb.
Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib. Bu barədə onun dostları məlumat yayıblar. O, ağır xəstəlikdən əziyyət çəkirmiş. Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb. 2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır. Allah rəhmət etsin!