Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, işğaldan azad edilən ərazilərdə xidmət edən hərbi qulluqçuların döyüş hazırlığının yüksəldilməsi və sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər davam edir.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Müdafiə nazirinin müavini, Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov Kəlbəcər rayonunda yeni istifadəyə verilən modul tipli infrastrukturla tanış olub.
Bildirilib ki, hərbi qulluqçuların bütün zəruri ehtiyaclarını təmin etmək məqsədilə yataqxana, yeməkxana, ərzaq anbarı, silah otağı, hamam-sanitar qovşağı mövcuddur. Ərazinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə generatorlar quraşdırılıb.
General-leytenant N.Osmanov dövlət sərhədində sərt iqlim şəraitində döyüş növbətçiliyi aparan şəxsi heyətin maddi-texniki təminatı ilə maraqlanıb, onlara xidmətlərində uğurlar arzulayıb.
Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Hərbi Hava Qüvvələrinin hərbi hissələrindən birində olub.
Bu barədə Ordum.az-a Müdafiə Nazirliyindən məlumat verilib. HHQ-nin şəxsi heyəti ilə görüşən Baş Qərargah rəisi hava hücumundan müdafiə rəisləri, zenit-raket divizionlarının komandirləri ilə keçirilən təlim-metodiki toplanışda iştirak edib. General-polkovnik K.Vəliyev döyüş qabiliyyətinin daha da artırılması və döyüşə hazır olma vəziyyətinin yüksək səviyyədə saxlanılması, hava məkanımızın etibarlı qorunması, döyüş növbətçiliyinin keyfiyyətli təşkili və aparılması ilə bağlı tapşırıqlar verib. Sonda Baş Qərargah rəisi şəxsi heyətin qayğıları ilə maraqlanıb və Müdafiə nazirinin müvafiq tapşırıqlarını aidiyyəti üzrə vəzifəli şəxslərə çatdırıb.
“Anadolu Agentliyi Yayınları” Qarabağ Zəfəri barədə kitab dərc edib.
Qələbənin necə qazanıldığı, hansı proseslərin yaşanması ilə bağlı fotoşəkillər və qrafiklərlə təqdim edilən 228 səhifəlik kitab 3 hissədən ibarətdir.
Qeyd edilir ki, dünya mediasının gözünü və qulaqlarını yumaraq, bölgədəki reallıqları görməzlikdən gəlməyə çalışdığı günlərdə “Anadolu” agentliyi fədakarlıq, cəsarət və peşəkarlıqla müharibənin hər anını bütün dünyaya yayımlayıb.
“Caliber” layihəsinin növbəti buraxılışı yayımlanıb.
“Tarixin səhifələri: Dünya ermənilərinin Türküstandakı cinayətləri” adlı növbəti material tarixən erməni millətçilərin törətdiyi qanlı cinayətlərdən bəhs olunub.
Qeyd olunub ki, Qafqazda demək olar ki, bütün xalqlar erməni terrorundan əziyyət çəkib. Erməni vəhşiliyi eyni zamanda Mərkəzi Asiya xalqlarından da yan keçməyib.
“Caliber” faktlar əsasında ermənilərin Türküstanda törətdiyi dəhşətli əməlləri işıqlandırıb.
Müdafiə nazirinin müavini - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov Füzuli rayonunda yeni inşa edilən modul tipli infrastrukturun açılışında olub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Məruzə olunub ki, döyüş mövqelərində inşa edilən modul tipli yerləşmə məntəqələrində şəxsi heyətin bütün zəruri ehtiyacları qarşılanıb. Bu məntəqələrdə silah otağı, yeməkxana, mətbəx, ərzaq və əşya anbarları, hamam-sanitar qovşağı, eləcə də istilik sobaları ilə təchiz edilmiş yataqxana mövcuddur.
Ərazinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə generatorlar quraşdırılıb. Bundan əlavə, burada avtomobil parkı, hərbi qulluqçuların asudə vaxtlarının səmərəli təşkili üçün idman şəhərciyi, mini futbol meydançası salınıb. Bölmənin ərazisində abadlıq işləri aparılıb, müxtəlif növ ağaclar əkilib.
General-leytenant N.Osmanov şəxsi heyətin döyüş və maddi-texniki təminatı ilə maraqlanıb, xidmətlərində uğurlar arzulayıb. Nazir müavini, həmçinin müdafiə nazirinin aidiyyəti üzrə müvafiq tapşırıqlarını şəxsi heyətə çatdırıb, xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya qiymətli hədiyyələr təqdim edib.
Sonda nazir müavini Müdafiə Nazirliyinin mərkəzi ərzaq anbarının bölgələrdə yerləşən bölməsində yeni inşa olunan qərargah binasının açılışında iştirak edib. Burada hərbi qulluqçular üçün yaradılan şəraitlə, eyni zamanda, ərzaq məhsullarının anbara qəbulu, saxlanılması və qoşunlara paylanılması prosesi ilə yaxından tanış olub.
Daxili İşlər Nazirliyinin (DİN) Katibliyinin rəisi vəzifəsinə yeni təyinat olub.
Bütöv.az "Report"a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, DİN Baş Təşkilati-İnspeksiya İdarəsinin rəis müavini polis polkovniki Nahid Məmmədzadə nazirliyin Katibliyinin rəisi vəzifəsinə təyin edilib.
Qeyd edək ki, daha əvvəl DİN Katibliyinin rəisi polis general-mayoru Səfər Əliyev idi. O, daxili işlər orqanlarında xidmət keçmənin son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.
Təsdiq olunmuş döyüş hazırlığı planına əsasən hərbi hissələrdə bölük komandirləri ilə komandir hazırlığı toplanışları keçirilib.
Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, toplanış müddətində komandirlər yüksək texnologiyanın da tətbiqi ilə ümumqoşun hazırlığı üzrə keçirilən nəzəri və praktiki məşğələlərdə müxtəlif tapşırıqları yerinə yetiriblər. Toplanışın keçirilməsində əsas məqsəd komandir heyətinin idarəetmə bacarıqlarının və praktiki vərdişlərinin təkmilləşdirilməsidir.
Müdafiə Nazirliyi Xocavənd istiqamətində Azərbaycan Ordusunun hərbi qulluqçusunun həlak olması ilə bağlı açıqlama yayıb.
Nazirliyin açıqlamasında deyilir:
“Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədli Cavidan Abduləziz oğlunun silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində həlak olması faktını təsdiq edirik.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır”.
"Bütün bunlarla demək istəyirlər ki, Qarabağ nə Azərbaycanın, nə də Ermənistanın deyil, məhz Rusiyanındır..."
“Rusiya sülhməramlı kontingentinin Humanitar Reaksiya Mərkəzinin hərbçiləri məktəblilərin vətənpərvərlik tərbiyəsi çərçivəsində Dağlıq Qarabağda Saxarov adına ümumtəhsil məktəbində “Sülh” adlı interaktiv dərs keçirib”.
Moderator.az xəbər verir ki, bu məlumat bu gün –yanvarın 14-də Bakı vaxtı ilə səhər saat 06:00-da Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında yayılıb.
“Rusiya sülhməramlı kontingenti ictimaiyyətlə işləməkdə davam edir. Bu gün Stepanakert şəhərindəki məktəblərdən birində “Sülh” dərsi keçirilib. Dərsdə uşaqlara Rusiya mədəniyyəti və Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingentinin işi haqqında məlumat verilib”, - deyə Rusiya sülhməramlı kontingentinin nümayəndəsi Denis Fartunov bildirib.
“İnteraktiv dərsdə 50-dən çox orta məktəb şagirdi iştirak edib. Rusiya sülhməramlıları Rusiyada və dünyanın müxtəlif ölkələrində sülhməramlı qüvvələrin yaradılması və fəaliyyətinin tarixinə qısa ekskursiya edib, həmçinin çoxmillətli Rusiyanın mədəniyyəti və adət-ənənələri haqqında danışıblar”- xəbərdə belə deyilir.
“Sülh” dərsindən sonra Rusiya sülhməramlıları xeyriyyəçilərlə birlikdə məktəblilərə dəftərxana ləvazimatı dəstləri və şirin hədiyyələr təqdim ediblər.
Zəruri şərh:
Rusiya MN-in yaydığı bu xəbərin üzərindən adi bir məlumat kimi oxuyub keçmək olmaz. Əvvəla, Azərbaycan ərazisində yaşayan ermənilərin təhsilinə, tədrisinə, mədəniyyətinə, sosial durumuna və s. müdaxilə etmək Rusiya “sülhməramlı”larının missiyasına aid deyil.
İkinci də, yaxşı “Sülh” dərsi keçirsiniz, keçin. Amma niyə məhz 1988-ci ildən bəri özü də, arvadı, erməni mənşəli Yelena Borner də açıq ermənipərəstliyi ilə seçilən Andrey Saxarov adına məktəbdə keçirilir?
Yeri gəlmişkən, video-görüntüdə diqqət edin ki, həmin məktəbin girişindəki adı öncə yuxarıdan rus dilində, sonra aşağıdan ingiliscə yazılıb, ermənicə yazı yoxdur. Sanki bura Rusiya torpağıdır...
Üçüncüsü, erməni məktəblilərin gerçək vətəni Rusiyadır ki, onlara “vətənpərvərlik” tərbiyəsi çərçivəsində “çoxmillətli Rusiyanın mədəniyyəti və adət-ənənələri haqqında” danışırsınız? Məgər dislokasiya olunduğunuz torpaq Azərbaycan Respublikasının ərazisi deyil və orada yaşayan erməni məktəblilər ilk növbədə Azərbaycan mədəniyyətini, tarixini bilməli deyillər? Bəs Azərbaycandan niyə danışmırsız? Məgər Ali Baş Komandınınız, Rusiya prezidenti V.Putin dəfələrlə vurğulamayıb ki, “Dağlıq Qarabağ beynəlxalq hüquq baxımından Azərbaycan torpağıdır”?..
Əslində bizim də dəfələrlə dediyimiz kimi, “sülhməramlı”ların davranışlarına impuls verən amil elə məhz Putinin bu mesajında guzlənir. Yəni Putin birbaşa demir ki, Qarabağ Azərbaycan torpağıdır. Bunun “beynəlxalq hüquq baxınından” belə olduğunu vurğulayır. Yəni məntiqlə belə çıxır ki, bu torpaq tarixi və ya mövcud reallıqlar baxımından Azərbaycanın olmaya da bilər. Rusiya lideri bir növ ermənilərə üstüörtülü ümid verir ki, “bu torpaqlar tarixi baxımından sizindir, özünüzü yaxşı aparın, biz də şərait yaradaq, mübarizə aparın, yenidən qaytarın Qarabağı”…
Amma cənab Putin digər yandan da yenə dəfələrlə vurğulayır ki, “Bütün keçmiş sovet respublikalarının ərazisi tarixi Rusiyanın torpaqlarıdır”. Məhz ona görə Rusiya hərbi kontingenti Xocalı ərazisində rus kilsəsi tikir. Tanınmış 10 rus məşhura abidə qoydurur və ermənilərə Rusiya mədəniyyəti mövzusunda vətənpərvərlik dərsi keçirlər… Yəni bütün bunlarla demək istəyirlər ki, Qarabağ nə Azərbaycanın, nə də Ermənistanın deyil, məhz Rusiyanındır...
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində olub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Əvvəlcə ümummilli lider Heydər Əliyevin məktəbin ərazisindəki abidəsi önünə gül dəstələri qoyularaq xatirəsi hörmət və ehtiramla yad edilib.
Sonra hərbi məktəbin klubunda məktəbin zabit və kursantları, həmçinin professor, müəllim heyəti ilə görüş keçirilib.
Tədbirin əvvəlində ümummilli lider Heydər Əliyevin, eləcə də ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib.
Müdafiə naziri çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan Qələbənin tarixi əhəmiyyətini şəxsi heyətin diqqətinə çatdırıb. Müharibə zamanı qardaş Türkiyənin mənəvi və siyasi dəstəyinin vacib rol oynadığı xüsusi vurğulanıb.
Yeni tədris ilinin başlanması münasibətilə şəxsi heyəti təbrik edən nazir Vətən müharibəsində hərbi məktəbin yetirmələrinin qəhrəmanlıq və şücaətlərini yüksək qiymətləndirdiyini qeyd edib. Müdafiə naziri Azərbaycan Ordusunda yeni texnologiyalardan istifadə olunmaqla aparılan kadr islahatlarının Ordumuzun daha da güclənməsində mühüm rol oynadığını bildirib.
Ali Hərbi Məktəbdə hərbi mütəxəssislərin hazırlıq proqramının Türkiyə Respublikasının Milli Müdafiə Universitetinin hərbi məktəblərində tətbiq olunan proqramlara uyğunlaşdırılmasının Azərbaycan Ordusunda peşəkar zabit kadrlarının hazırlanması istiqamətində atılan mühüm addımlardan biri olduğu qeyd edilib.
Sonra general-polkovnik Z.Həsənov kursantların qayğıları ilə maraqlanıb, onlara tədrisdə və gələcək xidmətlərində uğurlar arzulayıb.
Sonda müdafiə naziri hərbi təhsil sisteminin daha yüksək səviyyədə təşkili üçün müvafiq tapşırıqlar verib.
Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.
Qərbi zəngəzurlular Zəngilan şəhidliyində
Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur. Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.
Azad Zəngilanın qonaqları
Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib. Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.
Mahnur Hüseynova Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru