Azərbaycanla Macarıstan arasında təbii qazla bağlı memorandum imzalandı
Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında təbii qaz əməkdaşlığı haqqında Anlaşma Memorandumu imzalanıb. Sənədi Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto imzalayıb. İmzalanma mərasimi bu gün Budapeştdə Prezident İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orban ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra baş tutub.
Ay sonuna qədər sosial yardımlar əlavə ödənişlə veriləcək
Yanvarın 26-da bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Qeyd olunub ki, Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən bu sosial ödəniş növləri artımlarla ödəniləcək.
Avropaya qaz təchizatını iki dəfə artıracağıq - İlham Əliyev
"Biz 2027-ci ilədək Avropaya qaz təchizatını iki dəfə artıracağıq". Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında söyləyib. "2021-ci ildə bizim Avropaya ixracımız 8 milyard kubmetrdən bir az artıq idi. Bu il ən azı 11,6 milyard kubmetr olacaq. Artım olduqca sürətlidir. Ümumi ixrac isə 24 milyard kubmetr olacaq", - dövlət başçısı deyib. Prezident qeyd edib: "Azərbaycan ilə Avropa İttifaqı arasında yayda imzalanmış anlaşma memorandumuna əsasən, 2027-ci ilədək biz təchizatını iki dəfə artıracağıq. Yəni, Avropa İttifaqına ixrac ən azı 20 milyard kubmetr olacaq. Bunun üçün isə Avropada daha çox interkonnektor olmalıdır. Onlardan biri - Yunanıstan-Bolqarıstan İnterkonnektoru ötən ilin sonunda istifadəyə verildi. Bu, bizə Bolqarıstana, ilin əvvəlindən isə Rumıniyaya qaz nəql etmək imkanı yaratdı".
Füzuli-Hadrut avtomobil yolunun tikintisi başa çatır
Başlanğıcını “Zəfər Yolu”ndan götürən və yeni inşa edilən Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yoluna birləşən Füzuli-Hadrut avtomobil yolunun tikintisi yekunlaşır. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Məlumata görə, yolun genişləndirilərək profilə salınması və I texniki dərəcəyə uyğun yeni torpaq yatağının və yol əsasının inşası tam olaraq yekunlaşıb. Yolun 11-km hissəsində asfalt örtüyünün alt layı döşənib. Yolboyu atmosfer sularının ötürülməsini təmin etmək məqsədilə müxtəlif diametlərə malik 15 suötürücü boru, 7 ehtiyat keçidi, həmçinin dərə sularının ötürülməsi üçün 1 dördbucaqlı su keçidinin tikintisi də sona çatıb. Yolun 6,7 kilometrində “Qarğabazarı” adlanan ərazidən keçən hissəsində uzunluğu 18 metr, eni isə 21 metr olan bir aşırımlı körpü inşa edilib. Füzuli-Hadrut avtomobil yolu işğaldan azad edilmiş Füzuli və Xocavənd rayonlarının ərazisindən keçir. O, 4 hərəkət zolağından ibarətdir. Hərəkət zolaqlarına uyğun olaraq yol yatağının eni müvafiq olaraq 21,5 metr, yolun hərəkət hissəsinin eni isə 14 metr təşkil edir.
İlham Əliyev “Masdar”la olan əməkdaşlığın üstünlüklərini qeyd etdi
Dünən “Masdar” ilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 4 qiqavatlıq külək və günəş enerjisinin istehsalına dair razılaşma imzaladılar. Bu, hələ qısamüddətli layihədir. Ortamüddətli layihələr gücləri 10 qiqavata qədər artıracaq. Bunu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında keçirilən Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılışında çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev bildirib. Dövlətimizin başçısı qeyd edib: “Bu, tamamilə icraolunandır. Bununla bağlı yol xəritəmiz var. Yalnız həmin layihə nəticəsində, “Masdar” ilə apardığımız əməkdaşlıq Azərbaycanı çox mühüm yaşıl enerji mənbəyinə çevirəcək”. Prezident İlham Əliyev vurğulayıb ki, bütövlükdə Azərbaycanın beynəlxalq enerji şirkətləri ilə imzaladığı anlaşma memorandumları və sazişlər 22 qiqavata qədər külək və günəş enerjisi istehsal etmək imkanı yaradacaq.
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri çərçivəsində Əbu-Dabi şəhərində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında Azərbaycan Respublikasında 2 QVt gücündə Dənizdə Külək və Hidrogen Layihələrinin işlənməsinə dair Birgə işlənmə sazişi, həmçinin 1 QVt gücündə Günəş Fotovoltaik və 1 QVt gücündə Quruda Külək Layihələrinin işlənməsinə dair Birgə işlənmə sazişi imzalanıb. SOCAR-dan bildirilib ki, Azərbaycanda 2030-cu ilə qədər elektrik enerjisi istehsalı gücündə bərpa olunan enerji mənbələrinin payının 30 faizə çatdırılması hədəflənir. Sözügedən sazişlər Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsinə, habelə Azərbaycanda istixana qazı emissiyalarının azaldılmasına, bərpa olunan enerji mənbələrinin və ölkənin davamlı iqtisadi inkişafına töhfə verəcək. Bərpa olunan enerji sahəsində Birləşmiş Ərəb Əmirliklərinin ən böyük şirkəti olan “Masdar” hazırda Azərbaycanda 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyası layihəsini icra edir. Stansiyanın hər il yarım milyard kilovat-saat elektrik enerjisi istehsal etməyə və atmosferə atılan tullantıların ildə 200 min tondan çox azaldılmasına imkan yaradacağı nəzərdə tutulur.
Bu məqsədlər üçün 750 milyon manat ayrılacaq - Sahil Babayev
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev AzTV-yə müsahibə verib. QSC-nin İctimaiyyətlə əlaqələr və sosial media şöbəsindən verilən məlumata görə, nazir S.Babayev açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin sosial müavinətlər, təqaüdlər və əməkhaqlarının artırılması ilə bağlı bugünkü sərəncamları 800 mindən çox insanı əhatə edəcək. Nazir əlavə edib ki, cari il üçün nəzərdə tutulan islahat paketi isə 1 milyon 900 min insanı əhatə edir: “Bu məqsədlər üçün dövlət büdcəsindən əlavə olaraq 750 milyon manat vəsait ayrılacaq”. Sərəncamların icrasına cari aydan başlanılacaq.
60 minə yaxın ailə dövlətdən ünvanlı sosial yardım alır - İlham Əliyev
Ünvanlı sosial yardımın verilməsi ilə bağlı çox böyük şəffaflaşdırma işi aparılıb. Əvvəlki dövrlərdə bu sahədə çox böyük pozuntulara yol verilmişdi. Ehtiyacı olmayan insanlara sosial yardım verilirdi və əlbəttə ki, bunun arxasında təmənna dayanırdı. Ehtiyacı olan insanların isə buna əli çatmırdı. Ona görə bu sahədə çox geniş təftiş işi aparılıb. Bu barədə Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirib. “Bu gün 60 minə yaxın ailə dövlətdən ünvanlı sosial yardım alır və ildən-ilə bu yardımın məbləği artır. Yəni, bu il bir ailəyə düşən müavinət təqribən 460 manat səviyyəsindədir və əlbəttə ki, il ərzində artacaq, o cümlədən orta aylıq əməkhaqqı da. Biz gözləyirik ki, bu il Azərbaycanda orta aylıq əməkhaqqı 900 manatdan çox olacaq. Beləliklə, sosial sahədə bu addımları ataraq həm ehtiyacı olan insanlara arxa-dayaq oluruq, eyni zamanda, biz öz siyasətimizə sadiqliyimizi göstəririk”, - deyə dövlətimizin başçısı vurğulayıb.
İmkan daxilində əmək haqqı və təqaüdləri artırmağa çalışırıq - İlham Əliyev
Minimum əməkhaqqının 15 faiz artması inflyasiyanın fəsadlarının yumşaldılmasına hesablanıb və minimum əməkhaqqı artıq 345 manata çatıb. Bunu Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində sosial rifah sahəsində atılan praktiki addımlardan danışarkən deyib. “Bu, bizi qane edir? Əlbəttə ki, yox. Amma biz imkan daxilində öz addımlarımızı atırıq. Çünki bir daha demək istəyirəm, bizim əsas xərclər istiqaməti Qarabağı və Şərqi Zəngəzuru bərpa etmək və ordu potensialımızı gücləndirməkdir. Bu iki əsas prioritet bizim üçün uzun illər prioritet kimi qalacaq”, - deyə Azərbaycan Prezidenti vurğulayıb. Dövlət başçısı qeyd edib ki, pensiyaçıların sosial təminatının yaxşılaşdırılması üçün minimum pensiya da 16,7 faiz artırıldı, 280 manata çatdı və bu proses davam etdiriləcək. Bu, müntəzəm olaraq atılan addımlardır və iqtisadi imkanlarımız artdıqca, gələcəkdə də buna oxşar addımlar atılacaq.
Xarici borcumuz 7 milyard dollardan azdır - İlham Əliyev
Azərbaycanın xarici borcu 7 milyard dollardan azdır, həm də ümumi daxili məhsula nisbətdə kəskin azalıb. Əgər keçən ilin əvvəlində xarici borcumuz ümumi daxili məhsulun 17 faizini təşkil edirdisə, keçən ilin yekunlarına görə bu, 9,5 faizə düşüb. Yəni, müqayisə üçün deyə bilərəm ki, bir çox inkişaf etmiş ölkələrdə bu, 100 faiz, hətta 130-150 faizdir. Bu rəqəmləri Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində səsləndirib. Bunun səbəblərini izah edən dövlətimizin başçısı deyib: “Biz iqtisadi cəhətdən müstəqilik, əgər biz indi istəsək, yenə də beynəlxalq maliyyə qurumları ilə kreditlərin cəlb edilməsi üzrə işlərə başlaya bilərik, əslində başlamışıq. Çünki həm Dünya Bankı ilə, həm Avropa Yenidənqurma və İnkişaf Bankı ilə icraatda olan layihələr demək olar ki, başa çatır. Dünyanın hər iki aparıcı maliyyə qurumunun yüksəkvəzifəli nümayəndələri keçən il Bakıda olmuşlar və aparılan müzakirələr zamanı yeni istiqamətlər müəyyən edilib. Yəni, mən tam əminliklə deyə bilərəm ki, biz limitsiz xarici kreditlərin cəlb edilməsində heç bir problem görməyəcəyik”. Dövlət başçısı vurğulayıb ki, hələlik limitsiz xarici kreditlərin cəlb edilməsinə ehtiyac yoxdur. Ona görə iqtisadi və sosial sahə həmişə paralel getməlidir: “O ölkələrdə ki, ancaq iqtisadi sahəyə diqqət verilir və sosial sahə kənarda qalır, orada insanlar iqtisadi islahatlardan çox böyük əziyyət çəkirlər. Bizim isə məqsədimiz ölkəni gücləndirmək və hər bir vətəndaşın həyatını daha da yaxşı etməkdir”.