4-08-2022, 05:21
Talibanla İŞİD arasında atışma Əfqanıstanın paytaxtı Kabildə Taliban və İŞİD üzvləri arasında silahlı atışma baş verib. Şəhərin Kart-e-Sahi ərazisində günorta saatlarında başlayan atışma axşama qədər davam edib. İnsidentlə bağı açıqlama verən Taliban sözçüsü Zabiullah Mücahid İŞİD hücrəsində əməliyyat təşkil edildiyini, burada 4 terrorçunun öldürüldüyünü, birinin isə yaxalandığını bildirib.
Onun sözlərinə görə, İŞİD-çilər şiələrə yönəlik hücumlar planlaşdırırmış. Mücahid əməliyyat zamanı xeyli sayda silah-sursatın da ələ keçirildiyini əlavə edib.
3-08-2022, 09:19
ABŞ Alina Kabayevanı "qara siyahı"ya saldı ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirib. Sanksiya siyahısına idmançı Alina Kabayevanın da daxil olduğu 13 fiziki və 30-dan çox qurumun adları əlavə edilib. Bundan əlavə, PhosAgro-nun keçmiş rəhbəri Andrey Quryev, Xerson vilayətinin rəhbəri Vladimir Saldo və Xerson vilayətinin administrasiyası rəhbərinin müavini Kirill Stremousov məhdudlaşdırıcı tədbirlərə məruz qalıblar.
İyulun sonunda ABŞ Senatı Dövlət Departamentini Çeçenistan, Gürcüstan, Suriya və Ukraynada baş verən hadisələrə görə Rusiyanı terrorizmə sponsorluq edən dövlət kimi tanımağa çağıran qətnamə qəbul edib. ABŞ Konqresinin saytında təqdim olunan məlumatlara görə, qətnamə mayın 9-da təqdim edilib. Sənəddə bildirilir ki, ABŞ Senatı Rusiya hökumətinin Rusiya prezidenti Vladimir Putinin göstərişi ilə törətdiyi hərəkətləri terror aktlarının sponsoru hesab edir.
3-08-2022, 08:18
ABŞ-ın Ermənistandakı səfirliyi bu ölkədəki vətəndaşlarına təhlükəsizlik məqsədilə müəyyən ərazilərdən uzaq durmaqla bağlı xəbərdarlıq edib. Bu barədə erməni mətbuatı məlumat yayıb. Məlumatda qeyd olunub ki, söhbət avqustun 2-də axşam Fövqəladə Hallar Nazirliyinə partlayıcı qurğuların qoyulması barədə məlumat daxil olan yerlərdən gedir. Bunlar “Zvartnots” hava limanı, İrəvan metrosunun bütün stansiyaları, habelə paytaxt meriyası və Milli Məsclisin binalarıdır.
ABŞ səfirliyi Amerika vətəndaşlarını məlumatlandırıb ki, fövqəladə xidmətlər “Zvartnots” hava limanında, bütün metro stansiyalarında, meriya və Milli Məclisdə bomba təhlükəsi ilə bağlı yoxlama aparır.
Qeyd edək ki, “Zvartnots” hava limanında və meriyada heç bir partlayıcı qurğu aşkarlanmayıb, metroda axtarış davam edir.
2-08-2022, 12:08
Qəzvində iki azərbaycanlı bəhai həbs edilibİran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin əməkdaşları Qəzvin şəhərində iki zərbaycanlı bəhainin evinə basqın edərək onları həbs edib. Həbs edilən Umud Keşavərz və Pərisa Əqdəsinin mobil telefonu, kompüteri və başqa şəxsi əşyalar müsadirə edilib. Azərbaycanlı cütlüyün nədə ittiham olunduqları və hara aparıldıqları barədə məlumat verilməyib.
Qeyd edək ki, İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyi avqustun 1-də bəyanat yayaraq üç bəhainin İsrailə casusluq etdiyini iddia edib və onların saxlanıldıqlarını bildirib. Son bir ay ərzində İranın müxtəlif şəhərlərində onlarla bəhai həbs edilib və barələrində müxtəlif ittihamlarla cinayət işi açılıb.
Rəsmi statistikaya görə, hazırda İranda 350 mindən çox bəhai yaşasa da, İran İslam Respublikasının Ana Yasası bəhai dinini müstəqil bir din kimi tanımır.
Hakim radikal ruhanilərin təhriki ilə hakimiyyətə bağlı “Hizbullah”çı dəstələr vaxtaşırı bəhailərin iş yerlərinə hücum edir, mağazalarını bağlatdırır və ya yandırır, qəbiristanlıqlarını isə dağıdırlar. 1979-cu ildə İranda dini hakimiyyət qurulandan bu günə kimi ölkədə minlərlə bəhai həbs olunub. Yüzlərlə bəhai edam edilib və on minlərlə bəhai ölkədən köçmək məcburiyyətində qalıb.
Cavidan
1-08-2022, 18:56
Güneyli milli fəal Şükrüllah Qəhrəmanifərd həbs edilibŞərqi Azərbaycan əyalətinin Xudafərin şəhərindən olan milli fəal Şükrüllah Qəhrəmanifərd avqustun 1-i səhər saatlarında təhlükəsizlik məmurları tərəfindən həbs edilib.
Yaxınlarının verdiyi məlumata görə, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin 8 əməkdaşı milli fəalın evinə basqın edərək axtarış aparıb.
Məmurlar onun telefonunu, kompüterini və kitabları da daxil olmaqla şəxsi əşyalarını özləri ilə aparıblar.
Şükrullah Qəhrəmanifərdin hara aparıldığı və nədə ittiham olunduğu barədə məlumat əldə etmək mümkün olmayıb.
Qeyd edək ki, müəllim olan Şükrüllah Qəhrəmanifərd bundan öncə də dinc mədəni fəaliyyətlərinə görə bir neçə dəfə həbs edilib.
29-07-2022, 19:39
Arvadını öldürən kişiyə 20 il həbs cəzası verildiBakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda həyat yoldaşını qətlə yetirməkdə, qayını və qayınanasını bıçaqlamaqda təqsirləndirilən Bəxtiyar Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Butov.az-ın məlumatına görə, prosesdə iş üzrə məhkəmə istintaqı yekunlaşıb. Dövlət ittihamçısı B. Məmmədovun 20 il azadlıqdan məhrum edilməsini istəyib. Daha sonra hakimlər müşavirə otağına yollanıb. Müşavirədən sonra təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə B. Məmmədov 20 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, fevralın 25-də Xətai rayonu ərazisində 1 nəfər şəxsin aldığı xəsarətlərdən ölməsi, 2 nəfər şəxsin isə xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış ilkin araşdırmalarla müəyyən edilib ki, Bəxtiyar Məmmədov şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı yaşadıqları evdə arvadı Ülkər Məmmədova, qaynı Heydər Hacıyev və qayınanası Fəridə Hacıyevaya bıçaqla xəsarətlər yetirib. Nəticədə Ülkər Məmmədova aldığı bədən xəsarətləri səbəbindən hadisə yerində ölüb. Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Bəxtiyar Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
28-07-2022, 07:43
Qərbi Azərbaycanda silah qaçaqmalçıları ələ keçirilib Qərbi Azərbaycan əyalətində silah qaçaqmalçılığı ilə məşğul olan şəxs və qruplara qarşı əməliyyat keçirilib. Bu barədə Sərhəd Qoşunlarının Komandanı Yəhya Hüseynxani açıqlama verib. Yəhya Hüseynxani deyib ki, əməliyyat nəticəsində 18 ədəd döyüş silahı aşkar edilərək götürülüb.
Y.Hüseynxani silah qaçaqmalçılarının həbs edilməsi üçün axtarış-əməliyyat tədbirlərinin keçirildiyini deyib.
Qeyd edək ki, Qərbi Azərbaycan əyalətində silah-sursat, insan qaçaqmalçıları və narkotik maddə alverçiləri əsasən gəlmə etnik kürdlərdir.
Onlar İraqın şimalında yerləşən muxtar bölgə və PKK terror təşkilatı ilə əlaqəli şəkildə fəaliyyət göstərirlər. İranın Təhlükəsizlik və Kəşfiyyat Nazirliyi, İnqilab Keşikçiləri Korpusunun (SEPAH) nəzarəti altında çalışırlar və ara-sıra adı çəkilən qurumların nəzarətindən qıraqda fəaliyyət göstərən dəstələrə qarşı əməliyyatlar keçirilir.
28-07-2022, 07:08
Zindanda milli fəala təzyiq göstərilir İyulun 16-da Urmu gölü ilə bağlı etiraz aksiyasından sonra Təbrizdə həbs edilən İbrahim Asimani (Azəroğlu) 5-ci gündür ki, aclığı davam etdirir.
Yaxınlarının verdiyi məlumata görə, Asimaninin ailəsi ilə telefon danışığına qadağa qoyulub və iyulun 21-dən sonra onunla telefon əlaqəsi saxlamaq mümkün olmur.
İyulun 21-də ailəsi ilə son telefon danışığı zamanı milli fəal günahsız yerə Təbriz zindanında saxlanıldığını, ittihamı barədə heç bir açıqlama verilmədiyini deyib. O, durumuna aydınlıq gətirilməsə aclıq aksiyasına başlayacağı barədə xəbərdarlıq edib.
Timur
27-07-2022, 20:40
“28 May”da soyğunçuluq - İçində 23 min olan çanta oğurlandıPaytaxt ərazisində metronun “28 May” stansiyasının yaxınlığında vətəndaş Elbrus Umudova qarşı soyğunçuluq edilib. Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, naməlum şəxs onun içərisində 23 min manat olan çantasını soyğunçuluq yolu ilə əldə edərək hadisə yerindən qaçıb. Zərərçəkən hadisə barədə polisə məlumat verən kimi cinayəti törədən şəxsin axtarışlarına başlanılıb. Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən “isti” izlərlə həyata keçirilən əməliyyat nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən Abşeron rayon sakini Abbas Əkbərov tutularaq istintaqa təqdim edilib. Onun üzərində axtarış aparılan zaman cinayət yolu ilə əldə etdiyi pul vəsaitlərinin bir hissəsi və 3 büküm şəxsi istifadəsi üçün əldə etdiyi narkotik vasitə heroin aşkar olunaraq götürülüb. Abbas Əkbərovun soyğuçuluq edəndən sonra hadisə yerindən yayınması ərazidə olan təhlükəsizlik kameraları vasitəsi ilə də görüntülənib. Hadisə ilə bağlı Dəmiryolu Nəqliyyatında Polis İdarəsində araşdırmalar davam etdirilir. Abbas Əkbərovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına, "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki səhifələrinə məlumat verə bilərlər.