28-04-2023, 16:52
Fransa və Ermənistan XİN rəhbərləri Bakıya hansı mesajı verdiFransanın xarici işlər naziri Ketrin Kolonna İrəvanda ermənistanlı həmkarı Ararat Mirzoyanla keçirdiyi brifinqdə bəyan edib ki, gələcək görüşlərdə (söhbət Bakı və İrəvan arasında gözlənilən danışıqlardan gedir-red) ümumi əsaslar axtarmaq üçün danışıqlar prosesini genişləndirmək və zənginləşdirmək lazımdır. Ketrin Kolonna bildirib ki, Praqa görüşündə Ermənistanın Baş naziri və Azərbaycan Prezidentinin üzərinə götürdüyü öhdəliklər çərçivəsində əldə olunmuş razılaşmalar inkişaf etdirilməli və delimitasiya işini də özündə ehtiva etməlidir. "Paris Avropa Siyasi Birliyinin iyunun 1-də Kişinyovda keçiriləcək görüşündə Ermənistan və Azərbaycan liderləri arasında danışıqlara ümid edir", - nazir əlavə edib. Ermənistan XİN başçısı Ararat Mirzoyan isə fransalı həmkarı Ketrin Kolonna ilə birgə brifinqdə bunları bildirib: "Bütün danışıqlar artıq başa çatıb, razılaşmalar əldə edilib və 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda təsbit edilib. Ermənistan bəzi yeni qaydalarla bağlı müzakirələrdə iştirak etmək niyyətində deyil. Bütün razılaşmalar yerinə yetirilməlidir. Bu, Ermənistan-Azərbaycan nizamlanmasında irəliləyişə nail olmağın yeganə yoludur. İrəvan dialoq üçün platforma təmin edən və bu prosesdə körpü olmağa çalışan bütün ölkələrə minnətdardır. Ermənistan tərəfi üçün danışıqların Moskvada, Vaşinqtonda və ya Brüsseldə aparılması sualı yoxdur. Yalnız bir sülh prosesi var və danışıqlar eyni sülh müqaviləsi layihəsi ətrafında gedir".
28-04-2023, 16:48
Prezident xanımı və qızı ilə konsertdə iştirak etdiAprelin 28-də Heydər Əliyev Mərkəzində görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr edilmiş konsert proqramı təqdim olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva konsertdə iştirak ediblər. Konsertdən əvvəl görkəmli alim, həkim, Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı, bütün işlərdə ona dayaq olan Zərifə Əliyevanın həyat və fəaliyyətini əks etdirən fotosərgi nümayiş olunub. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə hazırlanan konsert akademik Zərifə Əliyeva haqqında filmin nümayişi ilə başlayıb. Sonra isə səhnə əfsanəvi “Dan ulduzu” instrumental ansamblının ixtiyarına verilib. Konsertdə ansamblın repertuarından sevilən mahnılar ifa olunub. Konsertin proqramına Elza İbrahimova, Emin Sabitoğlu, Firəngiz Babayeva, İbrahim Topçubaşov, Oqtay Kazımi, Sevil Əliyeva və Tofiq Əhmədovun əsərləri, “Dan ulduzu” instrumental ansamblının yaradıcısı Gülarə Əliyevanın “Şüştər” muğamı əsasında yazdığı “Şüştər” rapsodiyası daxil edilib. Zalda quraşdırılan ekranlarda akademik Zərifə Əliyeva haqqında, “Dan ulduzu” ansamblının çıxışlarını, ötən illərin və müasir dövrün Azərbaycanını əks etdirən kadrlar yayımlanıb. Konsert bəstəkar Emin Sabitoğlunun “Nə gözəldir Azərbaycan” mahnısının bütün müğənnilər tərəfindən birgə ifa olunması ilə yekunlaşıb.
28-04-2023, 16:00
Sabaha olan hava proqnozuAprelin 29-na gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 11-15° isti, gündüz 22-27° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın rayonlarında əksər rayonlarda əsasən yağmursuz. Lakin gündüz bəzi şimal və qərb rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-16° isti, gündüz 24-29° isti, dağlarda gecə 4-9° isti, gündüz 13-18° isti olacaq.
28-04-2023, 15:30
Əli Əsədov taxılla bağlı qanuna edilən dəyişikliyi təsdiqlədiNazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli 105 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nda dəyişiklik edilib. Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliyə əsasən Fonda taxılın tədarükü və Fondda taxılın yeniləşdirilməsi Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırılmaqla Dövlət Sifarişçisinin qərarı, Fonddan taxılın istifadəsi isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə həyata keçirilir. Fondda saxlanılan taxılın saxlanma müddəti taxılın məhsul ilindən etibarən 24 aydan artıq ola bilməz. Dövlət Sifarişçisi tərəfindən saxlanma müddəti başa çatmamış taxılın keyfiyyətli və təhlükəsiz saxlanmasını təmin etmək məqsədilə həmin məhsulun müvafiq hissəsi yenidən işlənilə (qurudula, zərərsizləşdirilə, soyudula və təmizlənə) bilər. Fonddan taxılın istifadəsi istehlakçıların bu məhsullara olan tələbatını ödəmək, beynəlxalq öhdəlikləri yerinə yetirmək, habelə ölkənin taxıl ilə təchizatının dayanıqlılığını təmin etmək və daxili bazarda taxıl məhsulları üzrə qısamüddətli kəskin qiymət dəyişmələrinin qarşısını almaq məqsədilə həyata keçirilir. Fonddan taxılın istifadə üçün buraxılması (satılması) taxılın bazar qiymətinə əsasən həyata keçirilir. Bu zaman taxılın tədarük qiymətlərindən aşağı qiymətə satılmaması üçün onun qiymətinin ölkədaxili bazar qiymətləri konyunkturası nəzərə alınmaqla saxlanılmasına cəhd edilir.
28-04-2023, 14:30
Təhsil Nazirliyi öz funksiyasını tam yerinə yetirə bilmir - DeputatElm və Təhsil Nazirliyi ümumi və ali təhsilin idarə olunmasında öz funksiyasını tam yerinə yetirə bilmir. Bunu Milli Məclisin Elm və təhsil komitəsinin iclasında deputat Ceyhun Məmmədov bildirib. “Bu gün təhsil sahəsində ciddi problemlər var. Yəqin ki, biz bu qanunlara yenidən baxmalı olacağıq. Proseslər də çox yavaş gedir. Elmlə bağlı faktiki ciddi iş görülmür, bunu qanunvericiliklə əsaslandırırlar. Sertifikasiya ilə bağlı ali təhsilin keyfiyyətində ciddi probemlər var. Həmçinin sertifikasiyada da problemlər var. Biz diplom veririk, sonra deyirik ki, sizin diploma güvənmirik və sertifikasiyaya cəlb edirik. Bununla da biz mütəxəssis müəllim yerləşdirə bilmirik”, - deyə deputat vurğulayıb.
28-04-2023, 13:30
Peşə məktəblərində qiyabi təhsil ləğv edilirPeşə təhsili müəssisələrində qiyabi təhsilalma forması ləğv edilir. Bununla bağlı “Peşə təhsili haqqında” qanuna dəyişiklik təklif olunub. Həmçinin peşə təhsili müəssisələrində təhsil alanlar akademik məzuniyyətin verilməsi də nəzərdə tutulub.
28-04-2023, 13:00
Sertifikatlaşdırmadan keçməyənlərin yenidən iştirak hüququ olacaqÜzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslərin 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququ olacaq. Bu barədə Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Məktəbə qədər təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə qeyd olunub. Qanun layihəsinə görə, təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Bundan əlavə, təkrar sertifikatlaşdırmadan keçməyən şəxslərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir.
28-04-2023, 11:30
Dövlət başçısı Zərifə Əliyevanın məzarını ziyarət etdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 28-də Fəxri xiyabanda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edib. Dövlətimizin başçısı Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə gül dəstəsi qoyub, əziz xatirəsini ehtiramla anıb. Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb. Prezident İlham Əliyev xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edib, önünə gül dəstəsi qoyub.
28-04-2023, 11:00
Şəhid anasına qarşı oğurluq əməli törədildiMingəçevirdə şəhid anasına qarşı oğurluq əməli törədilib. Vətən müharibəsində şəhid olmuş Əli və İslam Əhmədovların anası Sevinc Əhmədova oğullarının məzarını ziyarət etmək üçün Şəhidlər xiyabanına gedib. Məzarların ətrafında təmizlik işləri apararkən onun başının qarışmasından istifadə edən şəxs qadının çantasından telefon və pul qabısını oğurlayıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, oğurluğu törədən şəxsin kimliyi müəyyən olunub. Onun saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilir.
27-04-2023, 21:30
Qardaş ölkələr arasında “Əməkdaşlıq Protokolu” imzalandıAzərbaycan və Türkiyə arasında “Əməkdaşlıq Protokolu” imzalanıb. Bu barədə Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop twitter hesabında bildirib. “Azərbaycan Milli Məclisinin sədrini, əziz dostum Sahibə Qafarovanı və onu müşayiət edən nümayəndə heyətini Qazi Məclisimizdə qonaq etdik. Təkbətək və nümayəndə heyətləri arasında keçirdiyimiz görüşlərdə “iki dövlət, bir millət” devizi ilə qurduğumuz əlaqələrimizin yüksələn xətlə davam etməsindən qarşılıqlı olaraq məmnunluğumuzu ifadə etdik. İnanıram ki, danışıqlarımızın sonunda iki ölkə arasında imzaladığımız “Əməkdaşlıq Protokolu” parlamentlərimiz arasında sıx təmasların davam etdirilməsinə, bütün sahələrdə əməkdaşlığa böyük töhfə verəcək”, - türkiyəli spiker qeyd edib.