Qarabağda ermənilərin 4 milyard dollardan artıq silah və texnikası məhv edilib. Bakıda Hərbi Qənimətlər Parkında məhv edilən hərbi texnikaları görə bilərsiniz. Bunu Ukraynanın sabiq prezidenti Viktor Yuşşenko VIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Şərq tərəfdaşlığı: Potensialı nədir?” mövzusunda panel müzakirələri zaman deyib. O qeyd edib ki, Qarabağda ermənilərin özlərinin bu qədər vəsaiti yox idi: "Orada olan silahlara baxın və görəcəksiniz ki, hər bir raket, güllə Rusiyada istehsal edilib. Bunlar hamısı Rusiyanın hərbi ixracıdır, Abxaziya və Ossetiyada da, bizdə də eyni vəziyyət hökm sürür. Bu suallara cavablar tapılmalıdır”.
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Bakıda keçirilən VIII Qlobal Bakı Forumunda “Haber Global”ın suallarını cavablandırıb.
Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəsinin birinci ildönümünə bayram tədbirlərinə toxunan Hikmət Hacıyev bildirib ki, artıq 30 illik həsrətə son qoyulub və bir ildir Azərbaycan əvvəlki kimi Şuşa ilə bərabər yaşayır.
“Qələbənin 1-ci ildönümü hər bir evdə, hər kənddə, bütün məmləkətimizdə böyük bayram kimi qeyd olunacaq”, - deyə H.Hacıyev söyləyib.
Prezidentin köməkçisi bildirib ki, Azərbaycanın qarşısında işğaldan azad edilən torpaqlarda böyük quruculuq işlərinin görülməsi vəzifəsi durur:
“Qarabağ ərazisi Ermənistan tərəfindən demək olar ki, tamamilə dağıdılıb, məhv edilib”.
H.Hacıyev vurğulayıb ki, Azərbaycan tərəfindən dünyada bəlkə də misli-bərabəri olmayan tikinti-quruculuq işləri həyata keçirilib.
“Artıq Füzulidə hava limanımız var. Qarabağda 12-13 yeni yol çəkilişi həyata keçirilir. Dəmir yolu xətləri çəkilir. Zəngəzur dəhlizinin qurulması istiqamətində işlər aparılır. Çox gözəl planlarımız var. Azərbaycan bu quruculuq işləri ilə Ermənistan vandalizminə qarşı xalqımızın quruculuq mədəniyyətini ortaya qoymuş olacaq”.
H.Hacıyev Zəngəzur dəhlizi məsələsinə də toxunub, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imza atdığı üçtərəfli razılaşmada Azərbaycanla Naxçıvan arasında dəhlizin açılmasının təsbit edildiyini xatırladıb.
“Azərbaycan hər zaman danışıqlar prosesinə sadiq qaldı. Mümkün olan bütün çevikliyi göstərdi ki, məsələ sülh yolu ilə həllini tapsın”.
“Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ADA Universitetində keçirilən “44 Günlük Zəfər Yolu” mövzusunda konfransında çıxışı zamanı deyib. Onun sözlərinə görə, Ermənistanın danışıqlar prosesində təzyiq göstərmək cəhdləri olurdu: “Danışıqlar prosesini uzatmaq, ləngitmək cəhdləri görülürdü. Növbəti mərhələdə siyasi təxribat yolları seçildi. Açıq şəkildə siyasi təxribatlara əl atıldı. Ardınca hərbi təxribatlar olurdu. Bütün faktları göstərib vəziyyətin çox təhlükəli hal aldığı ilə bağlı çağırışlar etdik. Təəssüf ki, Ermənistan heç bir nəticə çıxarmadı və sentyabrın 27-də onların təxribatları geniş müstəviyə keçdi və biz əks-hücum əməliyyatına başladıq. Vətən müharibəsi başladı. Azərbaycan əsgəri dövlətin sərhədlərini bərpa etdi”.
Nazir vurğulayıb ki, Ermənistan və onun havadarları Azərbaycana qarşı iyrənc ittihamlar irəli sürürdü: “Təbii ki, onların bu cəhdləri alınmadı. Təhlillər aparılıb və bizim gəldiyimiz nəticədən fərqli nəticəyə gəlinərsə, ortaya fakt qoysunlar. Təəssüf ki, qurban verilmədən qələbəyə nail olmaq olmazdı. Vətən müharibəsində itki sayımız müasir dünya tarixində ən aşağı rəqəmdir. Bu, ordumuzun peşəkarlığı deməkdir. Heç bir mülki şəxs döyüşə cəlb edilmədi”.
“Noyabrın 8-də xalqımız Zəfər Gününü qeyd edəcək. İcazə verin, bu Zəfəri bizə bəxş edən Prezident İlham Əliyevi, Birinci vitse-prezident Mehriban Əliyevanı və qazilərimizi təbrik edək”.
“Report”un xəbərinə görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Daha sonra deputatlar 1 dəqiqəlik sükutla şəhidlərimizin xatirəsini yad ediblər.
Prezident İlham Əliyev Mair Manaf oğlu Ələkbərova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.
Sərəncama əsasən, M.Ələkbərova Azərbaycan Respublikasında yol-nəqliyyat infrastrukturunun inkişafında uzunmüddətli və səmərəli xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda keçirilən Qlobal Bakı Forumunun iştirakçılarına müraciət göndərib.
“Report”un xəbərinə görə, müraciəti Türkiyənin keçmiş Baş naziri Binəli Yıldırım təqdim edir.
“Azad edilmiş ərazilərimiz tamamilə yerlə-yeksan olunub. Orada heç bir bina qalmayıb. Hətta qeyd edim ki, bütün tarixi binaları, 67 məsciddən 65-ini dağıdıblar, bütün ictimai binaları yerlə-yeksan ediblər”.
Bütöv.az-ın məlumatına əsasən, bunu Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “COVID-19-dan sonrakı dünya” mövzusunda keçirdiyi VIII Qlobal Bakı Forumunda çıxış edərkən deyib.
Dövlət başçısı vurğulayıb ki, bu, əslində barbarlığın təzahürüdür.
Prezident qeyd edib ki, hazırda Azərbaycan dövləti azad edilmiş əraziləri bərpa edir:
“Genişmiqyaslı dövlət proqramının həyata keçirilməsinə başlanılıb. Ümid edirik ki, erməni işğalından əziyyət çəkmiş bir milyondan artıq soydaşımızı, qaçqın və məcburi köçkünləri öz yerlərinə qaytara biləcəyik. Bu müharibə onu göstərdi ki, gec və ya tez ədalət zəfər çalacaq”.
“Azərbaycanda olmaqdan böyük məmnunluq hissi keçirirəm. Azərbaycan dünyada həm iqtisadi, həm də sosial məsələlərə biganə qalmayan ölkələrdən biridir. Bugünkü forumda COVID-19-dan sonra dünya ölkələrinin vəziyyəti dəyərləndiriləcək”.
“Report” xəbər verir ki, bunu Ankara Universitetinin rektoru Necdet Ünüvar Bakıda jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, koronavirus pandemiyası bütün dünya üçün bir təcrübə oldu:
“Bu, həm təhsil, həm səhiyyə, həm də sosial sahələrdə özünü büruzə vermiş oldu. Bakı Qlobal Forumu da bu sahədə önəmli tədbirdir. Forumda COVID-19-dan sonrakı müddətdə dünyada nələrin ola biləcəyi və gələcəkdəki digər pandemiya zamanlarında necə hərəkət etməli olduğumuza dair müzakirələr aparılacaq. Tədbirdə həmçinin, koronavirusla mübarizədə dünyanın müxtəlif ölkələrinin təcrübələri müzakirə ediləcək. Təbii ki, Azərbaycanın bu sahədəki təcrübəsi də müzakirə mövzuları sırasında olacaq”.
“İndi bəziləri pandemiyadan, bəziləri isə postpandemiya dövründən danışır. Hazırda postpandemiya dövrünün hansı mərhələsində olduğumuz aydın deyil. Çünki müxtəlif ölkələr bu məsələ ilə bağlı müxtəlif mövqelər ortaya qoyurlar”.
Bütöv.az-ın məlumatına əsasən, bunu Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “COVID-19-dan sonrakı dünya” mövzusunda keçirdiyi VIII Qlobal Bakı Forumunda çıxış edərkən deyib.
İlham Əliyev Azərbaycanın koronavirus pandemiyasına qarşı apardığı mübarizə barədə danışıb.
Prezident qeyd edib ki, Azərbaycan regionda vaksinasiya prosesinə başlayan ilk ölkədir.
“Biz 18 yanvarda bölgədə vaksinasiya prosesinə başlayan ilk ölkə olduq”, - deyə Prezident əlavə edib.
Azərbaycan Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “COVID-19-dan sonrakı dünya” mövzusunda keçirilən VIII Qlobal Bakı Forumunda nitq söyləyir.
10:03
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “COVID-19-dan sonrakı dünya” mövzusunda VIII Qlobal Bakı Forumu keçirilir.
Forumun açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev nitq söyləyəcək.