Azərbaycanın Xalq artisti vəfat etdi .....                        Ermənistanda qumbara partlatmaq istədilər .....                        İlham Əliyev Trampa zəng etdi .....                        NATO rəhbəri Türkiyədə kimlərlə görüşdü? .....                        65 yaşını keçən müəllimlərlə bağlı rəsmi AÇIQLAMA .....                        "Bəy hamamı"nda yanğın .....                        Bakı-Qazax yolunda 4 maşın toqquşdu - Xəsarət alanlar var .....                        Türk Dünyası ölkələrinin yeni birliyi yaradıldı .....                        Ədalət Verdiyevi neçə il həbs gözləyir? .....                       
Tarix : 21-10-2023, 08:24
YARIMÇIQ ÖMÜR    “QƏMLİ VAGZALI”


YARIMÇIQ ÖMÜR
“QƏMLİ VAGZALI”


Ta uşaqlıqdan bəri həmişə toylarda çalınan “Vagzalı” havası məni sümükdən silkələyib. Gah sevinmiş, gah qanadlanıb oynamış, gah da kövrələ-kövrələ ağızdolusu sidq-ürəkdən hamıya- “Allah xoşbəxt eləsin, toyları mübarək olsun! Cavanların addımları qoşa, yastıqları cüt, kəbinləri bir olsun”, - demişəm. Ailə təməlinin xoşbəxtlik dirəkləri üzərində ucalıb tamamlanmasını arzulamışam... Amma yazımın əhatəsində olan indi eşitdiyim bu “Vağzalı” məni göyüm-göyüm göynətdi. Çünki gəlinsiz, bəysiz çalınırdı bu “Vağzalı”. Bu musiqinin sədaları altında xoşbəxt gəlin kəlağayısı yellənmirdi. Ömrü də toyu kimi yarımçıq qalmış bəy tək doğulmuşdu, bu dünyadan da tək gedirdi...
Camaat qədəmi gödəlmiş addımlarla yaslı-yaralı, leysan bürünmüş qara bulud kimi loğalaq-loğalaq baba evinin həyətindən çıxırdı... Bir tabutun içərisində nişan üzüklü, otuz yaşına çatmamış, nakam ömürlü bir cavan qəmli “Vağzalı”nın kədər dilli sədaları altında doğmalarının çiyinlərinə şırım, ürəklərinə dağ çəkə-çəkə haqq dünyasına yol almışdı.
Tüklərim biz-biz olmuşdu, göz qapaqlarım yaş gilələrinin ağırlığına dözmürdü. Göz yaşımı gizlətmək üçün gün eynəyi taxmışdım. Həmişə mənə sevinc gətirən, fərəh gətirən “Vağzalı” indi mənə nə deyirdi? Hansı müjdədən xəbər gətirirdi? Nə soruşum ondan?..
Bu an bir ana ah-naləsi, bir ana fəryadı hamımızı yandırıb-yaxdı, pörşələdi:
-Əzizinəm, balabanı,
Asta çal balabanı.
Hamının balası gəldi,
Bəs mənim balam hanı?!.- deyərək göynəsə də utana-utana bükük boynunu arxadan gələn izdihama çevirib hamımızdan üzrxahlıq etdi:
- Bağışlayın, ay camaat, ay ağsaqqallar... deməyin ki, bu qadın saymazlıq edir... ocağım sönüb... yuvam dağılıb... körpə balam, bircə balam Səbuhim gedib...
Onun oğul itgisindən fəryad edən baxışları sanki hamıdan imdad istəyirdi, dərdinə şərik axtarırdı...
Bəlkə də ürəyində dünyadan nakam gedən ömür-gün yoldaşı Tələti haraylayırdı, - niyə məni tək qoyub getdiniz? Mənə əmanət qoyub getdiyin tək oğul ciyərparəmi, Səbuhimi mən qoruya bilmədim, ay Tələt, - deyirdi. Yaman tək qoydunuz məni... İndi sən balanı qarşıla, ay Tələt... Gəlir, vallah, gəlir... Səbuhin “Vağzalı”yla gəlir... Amma toy “Vağzalı”sı ilə yox, qəm “Vagzalı”sı ilə gəlir... Ömrü yarımçıq balam, mənim də bütün arzularım yarımçıq qaldı... İndi mən, çiyni qəm xurcunlu yazıq anan, həsrətlə yolunu gözləyən nişanlın Aynura nə cavab verim? Deyim Səbuhini hara göndərmişəm? Onu necə ovundurub, başını necə yozum...
Ağır şələli, ağır intizarlı, bəxti qara bir ana bu dərdi necə çəksin? Nakam oğul, nakam ər, toy-düyünü yarımçıq qalmış “yar” dərdini, necə çəksin?.. Axı mənim dərd götürəsi iki çiynim var, bala, biri atanın, biri sənin... Qoy hənrin hopmuş nəvə həsrətli qoynum da sənin məhəbbət qaranquşun olan Aynurun olsun. Bax, onda hər ikinizin uçan həniri ömrüm boyu mənim nəfəsim olacaq. Mən bu ruhlarla, bu hənirlərlə nəfəs ala-ala sizlərə qovuşacam.
Tabutunun qabağında bu “Vağzalı”nı özüm çaldırdım, bala. Bu “Vağzalı”da sənin hənirini axtarıram. Ruhum bacalar gəzir... Qoşa arxa itirmişəm, ay Allah...
Sənin hənirini eşitmədim, bala, amma öz təskinliyimi tapdım. Bu, könül ovunduran təskinlik deyil... “Qəm təskinliyi”, “Dərd alovudu”. Bu “alovu” sizin yanınıza gələndə söndürəcəm. Sizin nakam ruhunuzun şeh damcılarını özümlə gəzdirəcəm, qoymaram gözlərim qurusun.
Musiqi çaldırmaqda məni qınama, bala. Qoy bu musiqi hər üçümüzün də son ömür karvanının “Kədər notu” olsun.
Bu da bir taledir, bala, indi sizin haqq dünyanızda “Toy Vağzalısı”yla “Qəm Vağzalı”sı qucaq-qucağa səslənir. “Toy Vağzalısı” atanla mənim idi, “Qəm Vağzalı”sı sənin oldu...
Bu ah-naləni çəkən oğul anası Səkinə müəllimə idi... dayım qızı Səkinə, mənim ömür-gün yoldaşım Sonanın kişik bacısı Səkinə Nadir qızı idi.
İlin saralan fəsli olan payızın sozalan günəşi kimi 21 sentyabr 2023-cü il tarixdə payızın girdiyi gün madar oğlu Səbuhinin də ömür günəşi saralıb söndü. Dünyanın qəza-qədəri çox olduğu kimi kədəri də böyükdür.Təzadlarla dolu həyata bir bax. Məhz bu gün müzəffər ordumuz ildırım sürətli, şimşək işıqlı cəsarətiylə Qarabağımızı bütövləşdirib qələbə çaldı. Şəhid verdik, iki yüz illik tarixi zəfər çaldıq. Qoy Səbuhi də bu fədailərin biri olsun. Axı o da Vətən borcunu verib gəlmişdi. Bütün şəhid analarının kədəri və dərdin gözünə qürurla baxmaları Səkinə müəllimə üçün bir təskinlik olsun. İnsan oğlunun əlacı dözmək, çarəsi səbrdir. Allah səbrini versin!
Səkinə xanım 1992-ci ildə Tələt Əhməd oğlu ilə ailə həyatı qurmuşdu (onlar ana xətti ilə qohum idilər). Bu cütlüyün şirin ailəli günlərindən ömür payı qədər əziz olan bir oğul övladları varis kürsüsündə oturmuşdu. Heyf... bu kürsü çilikləndi, pul-pul oldu. Qamqalaqları yazıq Səkinənin ətəyində ömür boyu çırtaçırtla yanacaq.
Tələt ailə həyatını gec qursa da, çox sevinirdi. Bir xatirə yadıma düşdü. Təzə evlənmişdilər. Bir gün süfrə başında oturmuşduq. Rəhmətlik dayıoğlu Xasayla (Tələtin qaynı) bunu çox ürəkdən təbrik etdik. Və təməli möhkəm olan, şirin ailə həyatı, qoşa qarımaq arzuladıq. O da çox utana-utana cavablandırdı ki: “Minnətdaram və indi çırağı gur yanan təmtəraqlı ailə sarayıma baxanda hiss edirəm ki, mənim maddi hər şeyim varmış, amma mənəvi dünyamı zənginləşdirən çiyindaşım yoxmuş. Şükür ki, onu da tapdım. Çox sağ olun!”.
Yazıq hardan biləydi ki, tapdığını vaxtsız itirmək nə qədər ağır imiş... Ömür də getdi... oğul da getdi...
Bu yazımda kədərə köklənsəm də, könül rübabım pəs də olsa bu ailəyə təskinlik sədasını inildəyə-inildəyə çatdırır.
Mən burda böyük qardaş, böyük əmi Akifə də möhkəm dözüm, səbr, ailə başbilənliyi, yolgöstərənliyi və tutumlu ağsaqqal təpəri arzulayıram. Çünki Akifin içərisində zəngin bədii təfəkkür və təlatümlü ibrətamizlik duyğusu var. Qoy o, sütunu sınmış bu ailəyə çiyin versin, dərd həmdəmi, təskinlik məlhəmi olsun.
Həyatın çox qəribəlikləri var. Bir qəribəlik də odur ki, həmişə görürsən ki, ailədə, nəsil-kökdə, qohumluqda və el-obada bir nəfər örnək olur və hamı da ondan umur, qayğı gözləyir, bərk ayaqda onu haraylayır. Nadiruşağında da bu başbilənlik Sadəddin müəllimin (Səbuhinin dayısı) üzərinə düşüb. O, Səbuhiyə həm dayı, həm qardaş, həm tay-tuş, həm də dost idi. Sadəddin həmişə deyərdi ki, elə bilirəm mənim üç oğlum var, heç nəyə də məhəl qoymuram. Səbuhi də dayısı üçün eləydi.
Səbuhinin də son köçünün mənzili Sadəddinin evi oldu. Allah köməyi olsun. Axı qardaş bacının son güman yeridi. Burda yadıma böyük şairimiz Söhrab Tahirin Cənubi Azərbaycanda tənha qalan bacısının diliylə yazdığı bir şeir düşdü.
Mən sənin bacınam, alışdım, aman,
Düşdü saçlarıma düşdü ağ duman.
Mən səni gəzirəm, səni hər zaman,
Ey mənim ömrümün dayağı, qardaş!
Qoy Sadəddin Səkinəyə həm ata, həm qardaş, həm oğul dayağı olsun! Allah onun əlindən, o da Səkinənin əlindən bərk tutsun. Onda bütün doğmaların ruhları şad olar.
Bu gün dilimiz dönməsə də... yasını tutduğumuz Səbuhi, ta uşaqlıqdan çox ayıq, təfəkkürlü, yaşından əvvəli düşünən bir cavan idi. Biz yaş fərqimizə baxmayaraq onunla dayı-bacıoğludan əlavə, dost və yoldaşlıq edirdik. Təbiətində bir az əsəbilik və səbirsizlik vardı, amma tez də yumşalırdı, - di yaxşı, nə deyirsən edək, - deyirdi. Həmişə nərd oynayardıq bəzən də “tası” bitirməyə səbri çatmazdı, danlayardım, axırda düzəlişərdik.
Həftə sonları, bəzən də daha tez-tez bizə gələrdi. Elmə, mütaliəyə, musiqiyə, rəssamlığa çox meyl göstərərdi. Hər dəfə bizə gələndə mənim kitab rəflərimi səliqə-səhmana salar, onun üçün maraqlı olan siyasi, bədii, klassik ədəbiyata aid olan kitabları seçib oxumaq üçün götürərdi. Demək olar ki, mənim kitablarda, jurnallarda, qəzetlərdə çap olunan, bəzən də əlyazmamda olan siyasi və publisistik bütün yazılarımı çox böyük həvəslə oxuyar və özünəməxsus şirinliklə təhlil və tərif verərdi. Mən də onu əhatəmdə olan yüksək titullu yazıçı, şair və jurnalist dostlarımla tanış edərdim.

Soldan: Vəliyəddin İsmayılov, Səbuhi, Yusif Hüseyn və Nəsib Nəbioğlu
Musiqiyə, xüsusən saza böyük meyl göstərirdi. Mənim də və özünün də sazı vardı. Bütün saz havalarını ona öyrətməyimi istəyirdi. Görərdin ki, bəzən mənim və digərlərinin barmağında inləyən qeyri-adi “gülləri” vurmağa xəsisliklə can atardı və öyrənərdi. Çox şirin barmaqları vardı...
Həmyerlimiz şair Kamil Təbib demişkən: Heyf ki...
-Qızıl qələm tutan əllər
Bir-birinə bağlı gedir...
Səbuhinin sərt, ciddi xüsusiyyətləri ilə yanaşı özünəməxsus, kənardan sezilməyən kövrəkliyi də vardı.
Heç yadımdan çıxmaz, 2012-ci ilin avqust ayının 26-sı idi. Atası Tələt həkimlərin ciddi səyinə baxmayaraq Kaspar xəstəxanasında ömrünü tapşırdı. Çox ağır anlar idi. Səbuhinin baxışları əmisi Akifin, anasının və mənim üzümdə qalmışdı. Novcavan bir oğulun atası gözünün qabağında həyatla vidalaşmışdı. Səbuhi elə bil donmuşdu, amma təmkini yerindəydi. Biz mərhumu Bərdəyə aparmalıydıq. Gecə saat 2-3 radələriydi. Səbuhi çox ciddiliklə dedi ki, siz gedin, mən gələrəm.
Uşağı yola gətirmək çətin idi. Bibiləri ağlaya-ağlaya onun başını sığalladılar. Akif onu ovundurdu, dedi, qadan alım, gəl, bizim maşınlarla gedək. İnadından dönmədi ki, dönmədi. Dedi, mən gedib atamın maşınını götürüb o biri əmioğluyla gələcəm...
Nə isə... biz kəndə çatanda Səbuhi də maşınla gəldi. Akif əmisinə və mənə dedi ki, siz məndən inciməyin, üzr istəyirəm, nə olar uşaq olanda, mənim də duyğulu bir düşüncəm var. Həmişə biz kəndə atamın maşını ilə gələrdik. Babamın, nənəmin qəbrini ziyarət edərdi, sonra bizi ovundurardı. İndi mən istəməzdim ki, həmişə təmtəraqla bizi aparan atam ömrünün axır köçündə yad maşınla ata ocağına getsin. Onu tək buraxmaq istəmədim. İstədim ki, öz maşınıyla onun karvanına qoşulum, axirət dünyasına yola salım, - deyib kövrəldi.
Akiflə hər ikimiz axşamkı təkidimizə görə heyfsiləndik...
Taleyin işinə bax... Ona görə deyirlər ki; “Gəlimli-gedimli, bir ucu ölümlü dünya”. İndi də qəm karvanlı, gəlimli-gedimli bu dünyada həyat tamını tam dadmamış bir cavanın ömür karvanı qubr evində sona çatır... Ata, bala ruhları qovuşur... Eh... tale yazan belə yazıb. Bəlkə də ata rahatdır... harayına oğul çatdı... Amma... amma oğulun harayına kim çatacaq?!
Bərdə rayon Mirzəxanlı kənd qəbirstanlığının girişində gözəçarpan yerdə qoşa qəbir üzü qibləyə haqq dünyasına qovuşan iki mehman saxlayır. Bir başdaşında tutqun sifətli, ciddi baxışlı ərən bir ata, bir başdaşında xoşsifətli, gülərüzlü, həyat duyğulu, nakam arzulu bir oğul şəkildən hər gələnə səssiz-səssiz baxır, hey baxırlar. TƏLƏT... SƏBUHİ...
Amma bu sükutu pozan bir ana sızıltısı, bir vəfadar səsi hamımızı hönkürtülü bir kədərə bürüdü. Heç kəs yerindən tərpənmirdi, elə bil ayaqlar altında torpaq donmuşdu.
Göz yaşımı yağış kimi,
Dağa-daşa səpəm, gərək.
Başdaşını dodağımda
Əridincə öpəm gərək...
...Ağır addımların səsi kəsilirdi... Ana nəfəsi od yağdırırdı.
Anan nə çağdadı, gəl,
Ah-naləm dağdadı, gəl.
Üzüyün sandığımda,
Qurbanın bağdadı, gəl...
Of... Ay Allah...
Allah hər ikisinə, bütün qəbr əhlinə, cəmi şəhidlərə qəni-qəni rəhmət eləsin, məkanları cənnət olsun!
Səbuhi unudulmaq üçün yox, yad olunmaq üçün əbədi dünyasına qovuşdu...

Vəliyəddin MİSİROĞLU,
yazıçı-publisist,
Azərbaycan jurnalistlər Birliyinin üzvü,
"Qızıl Qələm mükafatı” laureatı.
13 oktyabr 2023-cü il.



Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!