7-03-2023, 15:49
Füzulidə incəsənət məktəbinin təməlqoyma mərasimi keçirilibİşğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstan Respublikası tərəfindən ianə və inşa olunacaq Kurmanqazı adına Uşaq Yaradıcılığının İnkişafı Mərkəzinin təməlqoyma mərasimi keçirilib. Mərasimdə Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonu üzrə xüsusi nümayəndəsi Emin Hüseynov, Qazaxıstan Respublikasının Azərbaycandakı səfiri Serjan Abdıkarimov, layihəni həyata keçirəcək icraçı şirkət “Bİ-Group” Holdinqin Direktorlar Şurasının sədri Aydın Rahimbayev və digər səlahiyyətli şəxslər iştirak ediblər. Layihəyə əsasən incəsənət məktəbi Füzuli şəhərində ümumi sahəsi 1,5 hektar olan ərazidə yerləşəcək. Tikinti sahəsi 2708 kvadratmetr, ikimərtəbəli binadan ibarət olacaq məktəbdə hər biri 300 nəfər olmaqla, növbəli şəkildə 600 şagirdin təhsil alması üçün lazımi şəraitin yaradılması nəzərdə tutulur. Burada, şagirdlər üçün xanəndəlik sənəti, xalçaçılıq, heykəltaraşlıq və zərgərlik sənətləri, musiqi və rəssamlıq dərsləri, həmçinin qrafik dizayn təlimləri üzrə tədrisin təşkili planlaşdırılır. Qeyd edək ki, incəsənət məktəbinin layihəsi üzrə Azərbaycan və Qazaxıstan nümayəndə heyətlərinin yer aldığı işçi qrupu yaradılıb, müvafiq görüşlər keçirilərək, qarşıdakı hədəflər müzakirə olunub. Digər layihələr kimi, bu layihə də Azərbaycan ilə Qazaxıstan arasındakı ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə, o cümlədən işğaldan azad edilmiş ərazilərdə incəsənət sahəsi üzrə təhsilin genişlənməsinə və yaxın bölgələrdən olan istedadlı gənclərin bir araya toplanmasına öz töhfəsini verəcək.
6-03-2023, 20:50
Dövlət qulluğunda daha professional kadrlar işləyəcək
İndi dövlət qulluğu imtahanı verib sertifikatı alan adam, misal üçün, qanunvericiliyi bilir, İT sahəsində bilikləri var, məntiqi təfəkkürü inkişaf edib, amma bacarıqları yoxlanmır. Bunu APA-ya müsahibəsində Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib. O qeyd edib ki, təşkilatlar konkret olaraq bacarıqlı insanları axtarır: "Ona görə də biz kompetensiya, bacarıq modelinə keçirik. İmtahan verib, sertifikat alıb, bu işə səthi yanaşanlar var, amma artıq imtahanı keçməkdə də çətinlik yaranacaq. Bu imtahanların nə vaxt olacağını hələ dəqiq deyə bilmərəm, indi bu, pilot layihədir, təxminən 2-3 ildən sonra reallaşa bilər. Nazirliklərlə, müxtəlif təşkilatlarla, ekspertlərlə birgə işləyirik. Ümumi konsensus əldə olunandan sonra bunu yuxarı orqanlara təqdim edəcəyik, orada müzakirə olunacaq. Sonra bununla bağlı qanunvericiliyə dəyişiklik ediləcək. Qanun qəbul olunandan sonra, təbii ki, biz buna keçəcəyik. Bu istiqamətdə hazırlıqla bağlı Avropa İttifaqı da bizə texniki dəstək verir, işlərimizi aparırıq. Bunun məqsədi odur ki, dövlət qulluğunda daha professional kadrlar işləsin”.
27-02-2023, 16:36
Nazir təhsil müəsisələrindəki problemdən danışdıAzərbaycan Dillər Universiteti, Memarlıq və İnşaat Universiteti, Texniki Universitet çox dar profilli universitetlərdir. Universitet mahiyyət etibarilə müxtəlif fakültələri özündə birləşdirməlidir. Biz isə institutların adını dəyişməklə universitet adlandırmışıq. Bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, ölkəmizdə universitetlər dar profilli olduğu üçün dünyanın top 500 ali məktəbi siyahısına düşə bilmir: "Milli Konservatoriya, Bakı Musiqi Akademiyası dünyanın top 500 universiteti arasında olmağa layiqdir, amma təəssüf ki, onları o siyahıda görə bilməyəcəyik. Çünki, universal deyillər. Yaxud da dil üzrə ixtisaslaşmaq baxımından Bakı Slavyan Universiteti o siyahıda ola bilərdi, amma universal olmadığı üçün siyahıdan kənar qalır. O sıraya qismən geniş profilli Bakı Dövlət Universiteti düşə bilərdi, amma onun da tibb fakültəsi yoxdur. Buna görə, ölkəmizin ali təhsil müəssisələrinin adlarını top 500 siyahısında görmək çətindir".
27-02-2023, 16:33
Xarici diplomlarla bağlı yeni qaydalar qüvvəyə mindiXaricdə təhsil alanların diplomlarının tanınması ilə bağlı yeni qaydalar qüvvəyə minib. Bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, xaricdə alınan tam orta təhsil və orta ixtisas təhsil diplomları tanınacaq: "Həmçinin, dil üzrə müsahibə ləğv ediləcək. Hüquqşünas, mühəndislik üzrə biliklər DİM tərəfindən yoxlanılacaq. Rus, ingilis, türk dillərində təqdim olunan sənədlərin notarial qaydada təsdiqinə ehtiyac yoxdur". Nazir qeyd edib ki, sərhədlərdən kənarda olan şəxslərin diplomları onlara təqdim edilməyəcək.
27-02-2023, 16:26
Müəllimlərin 25%-dən çoxu 1000 manat maaş alacaq - Emin ƏmrullayevSon artımla müəllimlərin orta aylıq maaşı 790 manata çatıb. Bunu elm və təhsil naziri Emin Əmrullayev media nümayəndələri üçün keçirdiyi brifinqdə deyib. Nazir bildirib ki, son 10 ildə müəllimlərin orta aylıq əməkhaqqısı 3 dəfə artıb: "Həmin müddət ərzində vəsait 267 manatdan 790 manata qədər artıb. Ötən il sertifikasiya imtahanında yüksək nəticə göstərən müəllimlər 1195 manat maaş alır. Ölkə üzrə 2026-ci ilə qədər 910 manata çatdırılması nəzərdə tutulur". Nazirin sözlərinə görə, fevralın 1-dən etibarən ümumtəhsil müəssisələrində çalışan müəllimlərin 25%-dən çoxu 1000 manat və daha yuxarı maaş alacaq. Həmin müəllimlərin dərs saatı 26-dan çoxdur. Xatırladaq ki, fevralın 1-dən diaqnostikası aparılan müəllimlərin maaşı 10 faiz artırılıb.
22-02-2023, 12:51
Yaxşı nəticəyə çatmaq üçün kifayət qədər vəsait lazımdır - Nazir"Təhsil sahəsi daim ictimai müzakirə mövzusudur. Bu müzakirələrdə təhsildə nəticə nədir sualının verilməsi və cavabını tapması olduqca vacibdir. Bu məsələdə əsas olan fakt və rəyləri bir-birindən ayırmaqdır". Bunu elm və təhsil naziri Emin Əmrullayev "Təhsil sektorunda Ortamüddətli Xərclər Çərçivəsinin (OMXÇ) tətbiqi və nəticəəsaslı büdcə mexanizminə keçid" mövzusunda keçirilən seminarda çıxışı zamanı deyib. Nazirin sözlərinə görə, nəticəyönümlü maliyyələşməyə keçid həm ictimaiyyətlə, həm maliyyə nəzarət qurumları, həm də digər aidiyyəti orqanlarla birgə düzgün diskussiya və dialoq üçün təhsilin nəticəsi nədir sualının cavabını müəyyən etməyə imkan verir: "Bütün müzakirə və mübahisələrimiz ölçüləbilən bu nəticələr əsasında olmalıdır. Bununla da şəxsi rəylər mübahisəsi etməmiş olarıq. Çünki şəxsi rəylərə əsaslanan mübahisənin təhsil üçün heç bir faydası olacağına inanmıram". "İkinci böyük çağırış yəqin ki, müəyyən edilmiş indikatorların ölçmə məsələsidir. Burada da ənənəvi müzakirəmiz fərdi rəylər, qiymətləndirmələr və digər məsələlərlə bağlı olur. Yəni, nəyinsə yaxşı olması və ya olmaması əsasən statistik dataya əsaslanan fikir və faktlar yox, şəxsi rəy və subyektiv mülahizələrə daha çox rast gəlinir. Bu mənada nəticəyönümlü maliyyələşmənin ən böyük üstünlüklərindən biri nəinki nəticəni müəyyən etmək, həm də nəticəni ölçmək sualını da müəyyən mənada özündə cavablandırmış olur. Təbii ki, bunun maliyyə məsələsi olduqca vacibdir. Çünki yaxşı nəticəyə çatmaq üçün kifayət qədər vəsait lazımdır. Bir şeyi ölçmədən ona necə nail olmaqla bağlı suallar ortaya çıxır. Bizim üçün bu yanaşmanın üstünlükləri ilk növbədə təhsil siyasəti sahəsində olan ictimai müzakirələrə konkretləşmənin gəlməsi və istinad nöqtəsinin formalaşmasıdır", - nazir əlavə edib.
13-02-2023, 21:03
BDU-nun 2 saylı korpusu yenidən təmir olunur Bakı Dövlət Universitetində (BDU) infrastrukturun yenilənməsi istiqamətində aparılan işlər çərçivəsində 2 saylı korpusun əsaslı təmirinə başlanılıb. Universitetdən verilən məlumata görə, təmirlə əlaqədar 2022-2023-cü tədris ilin yaz semestrində həmin korpusda yerləşən Jurnalistika, İnformasiya və sənəd menecmenti, Şərqşünaslıq, Sosial elmlər və psixologiya fakültələrinin tələbələri dərslərinə BDU-nun əsas binası, BDU nəzdində “Gənc istedadlar” liseyi keçmiş “Təfəkkür” Universitetinin binasında davam edəcəklər.
10-02-2023, 22:58
İlham Əliyev “Təhsil haqqında” qanuna dəyişikliyi təsdiqlədiPrezident İlham Əliyev "Təhsil haqqında" qanuna dəyişikliyi təsdiqləyib. Dəyişikliklə ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsindən xaric və ya bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) qaydalarını müəyyən etmək dövlətin vəzifələri sırasına əlavə edilir. Bundan əlavə, orta ixtisas təhsil müəssisələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) qaydalarını da müəyyən etmək dövlətin vəzifəsi sayılacaq. Elm və Təhsil Nazirliyinə ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində, habelə orta ixtisas təhsili müəssisələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsi qaydalarını iki ay müddətində tabeliyində müvafiq təhsil müəssisəsi olan dövlət orqanları (qurumları) və Dövlət İmtahan Mərkəzi ilə razılaşdırmaqla təsdiqləmək tapşırılıb.
9-02-2023, 14:10
Xaricdə təhsil alıb qayıdanlara dövlət qulluqçusu adı verilirDövlət Proqramı ilə xaricdə təhsil alıb gəlmiş tələbələr birbaşa dövlət qulluqçusu adı alırlar. Bunu 2019-2023-cü illər üzrə Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova bildirib. Qeyd olunub ki, həmin şəxslər Dövlət Proqramı ilə təhsil aldıqlarına görə, onların diplomlarının tanınması sadə qaydada həyata keçirilir. "Bu da onlar üçün üstünlükdür” , - Turan Topalova vurğulayıb.
7-02-2023, 17:57
Xarici diplomların tanınması üçün keçiriləcək imtahanın qiyməti açıqlandıXaricdə təhsil almış şəxslərin diplomlarının tanınması üçün keçiriləcək imtahanlarda iştirak qiyməti açıqlanıb. Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Ülkər Səttarova məlumat verib. Onun sözlərinə görə, xaricdə təhsil almış müraciətçilər üçün qiymətləndirmə imtahanlarının keçirilmə qrafikini Dövlət İmtahan Mərkəzi tənzimləyəcək: "İmtahanlar ildə bir və iki dəfə yox, mütəmadi keçiriləcək, ödəniş 250 manat təşkil edəcək".