Ən yüksək bal toplayanlar bu məktəblilərin şagirdləridir .....                        I və IV qrupların imtahan nəticəsi açıqlandı .....                        3 tondan artıq çətənə məhv edildi .....                        Partiyasını buraxan deputat yenidən namizəd oldu .....                        Baş prokuror Türkiyənin Konstitusiya Məhkəməsinin sədri ilə görüşdü .....                        Paris İrəvandakı eks-səfirinə yeni vəzifə verdi .....                        Ermənistan prezidenti Fransada .....                        III və IV qruplarda rəqabət daha güclü olacaq .....                        Qarabağ Universitetinin yeni dekanı kimdir? .....                       
15-12-2021, 13:28
Bakı məktəblərində Yeni il şənlikləri ilə bağlı direktorlara tapşırıqlar verilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi məktəblərdə Yeni il şənliklərinin keçirilməsi ilə bağlı səsləndirilən iddialara münasibət bildirib.

İdarənin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında artıq bu barədə məktəb rəhbərliyinə tapşırıqlar verildiyini deyib.

O qeyd edib ki, pandemiya şəraitində məktəblərdə kütləvi böyük tədbirlərin keçirilməsi arzuolunan deyil:

“Təbii ki, valideynlərin bununla bağlı hər hansı təşəbbüslə çıxış etməsinin qarşısını ala bilmərik. Lakin bununla bağlı neqativ hal varsa, biz problemlərin həlli istiqamətində addımlar atmağa çalışacağıq. Ona görə belə hallarla rastlaşacaq şəxslər idarəyə müraciət edə bilərlər”.

Bütöv.az
14-12-2021, 12:55
Emin Əmrullayevə daha bir vəzifə verildi

Azərbaycan Basketbol Federasiyasında növbədən kənar hesabat-seçki konfransı keçirilib.

Axar.az xəbər verir ki, konfrans Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutub.

Seçkidə Nadir Nəsibov uzun müddətdir tutduğu vəzifədən istefa verib. Onu təhsil naziri Emin Əmrullayev əvəzləyib.

Qeyd edək ki, Nadir Nəsibov 1999-cu ildən bu vəzifədə olub.


Bütöv.az
10-12-2021, 21:26
Pərvanə BAYRAMQIZI:  "Bədii əsərlərin tarixə zərəri"

Pərvanə BAYRAMQIZI.

Bədii əsərlərin tarixə zərəri

Bəlkə də, yaxşı cəhət deyil, amma tarixi daha çox bədii ədəbiyyatdan öyrənməyi sevirəm. Səbəb də tarix kitablarının mənə quru və soyuq insanları xatırlatmasıdır. Saysız-hesabsız rəqəmlərlə, dilimə yatmayan adlarla dolu olan bir mövzunu oxuyarkən ruhsuz yazılmış uzun-uzadı yorucu şeir oxuduğumu zənn edirəm. Rəqəmlərdən, hadisələrdən ibarət olması məni darıxdırır. Əgər Fəlsəfə elmləri doktoru, professor Səlahəddin Xəlilov bu fikirlərimlə tanış olsa deyəcək ki, “Kütlə tarixi tarixi əsərlərdən deyil, bədii əsərlərdən və senariləşdirilmiş bədii filmlərdən öyrənir. Bu ondan irəli gəlir ki, tarixi əsərləri oxumaq ya mümkün deyil, ya da çox çətindir. Məlumdur ki, tarixşünaslıqda təzkirənin, salnamənin, məxəzin və yaxud mənqəbə və traktatın öz funksiyaları vardır. Ancaq kütləni bunlar maraqlandırmır. Onlar üçün janr spesifikası yoxdur. Konkret mövzu və bu mövzuda udmaq istəyi var.
Aydındır ki, tarixi əsərlərdə həddindən artıq ağır üslub və dil, qəliz mənbələrin çoxluğu, hadisələrin uzun bir şəkildə mürəkkəb təsviri insanların böyük çoxluğunun təfəkküründə çətinlik yaradır. İnsan anlaya bilmədiyinin düşmənidır. Elə bu səbəbdən də toplumun böyük çoxluğu sadə düşüncəyə üstünlük verir. Bu baxımdan ya ağızdan eşitdiyini, yaxud bədii ədəbiyyatdan oxuduğunu, ən çox da bədii filmlərdən gördüyünü danışır və əsaslandırmağa çalışır.” qənaətində olmağımda haqlıyam. Bildirim ki, zehin sarıdan korluq çəkmirəm, qəliz yazılan hər şeyi oxuyub qavrayıram. Sadəcə, yanaşmam başqadır. Ola bilsin bu xüsusiyyəti yaradan yazıçı təfəkkürüdür. Biz daha çox ədəbi-bədii yazıları sevdiyimizdən tarix kitablarının səhifələrində qəribsəyirik. Bir çox söz adamlarının mənimlə həmfikir olduqlarını bilirəm. Təbii ki, tarixçilər üçün bu qəbuledilməzdir. Deyə bilərlər ki, bəs biz bu qədər faktları, hadisələri, rəqəmləri necə öyrənir, yadda necə saxlayırıq. Haqsız deyillər. Qətiyyən tarix dərsliklərinin, böyük zəhmət tələb edən tədqiqat əsərlərinin vacibliyini şübhə altına almaq fikrində deyiləm. Demək istədiyim budur ki, tarixi hadisələr bədii ədəbiyyatda daha canlı görünür. Burda da ürəyimcə olmayan məqam təhrifdir. Bədii ədəbiyyat yazıçı təxəyyülündən yarandığından müəllifin hadisələrə müdaxilə etməsi xronoloji pozğunluq yaradır. Tarixi əsər yazanda faktlara, ardıcıllığa toxunmaq düzgün deyil. Tarix olduğu kimi qalsa, yazıçı yanaşmasını onun üzərində qursa yaxşıdır. Bəzən dövrlə əlaqədar olaraq bədii əsərlərdəki mühit və hadisələr əsas götürülür. Əgər əsərdə təhrif olunmuş faktlar varsa bu lazım olan işə əngəl yaradacaq.

Mövzuya yazıçıların, rejissorların incəsənət və söz adamlarının yanaşması birmənalı deyil. Necə ki, alman şairi Höte: “Şair üçün heç bir tarixi sima yoxdur. O, öz mənəvi dünyasını təsvir etmək istəyir və bu məqsədlə bəzi tarixi simaların adlarını əsərinə daxil etməklə onlara şərəf vermiş olur” deyir, eləcə də çoxu “təxəyyülə azadlıq” prinsipi ilə yanaşaraq yazıçının istədiyi kimi yazmaq haqqı olduğunu bildirir. Yazıçılar başqa fikirdədirlər. Onlar tarixə öz rakurslarından yanaşmaqda qəbahət görmürlər. “Yazıçı sərbəstdir” deyirlər, “istənilən hadisəni öz süzgəcindən keçirib yazmağı onlara qadağan etmək olmaz”.
Yaxşı, tutaq ki, 1905-1907, 1914-1916, 1918- 1920, 1948-1953 və 1988-ci ildən bəri ermənilərin xalqımıza, yurdumuza qarşı törətdikləri cinayətləri bir yazıçı öz baxış bucağına uyğunlaşdırıb faktları təhrif etdi, Xocalı faciəsinin 1992-ci il əvəzinə 1905-ci ildə törədildiyini yazdı. Həmin şəxsin irad tutanlara Nizami Gəncəvinin anaxronizmlərini nümunə göstərərək
“tarixçi yox, yazıçıyam, əcəb eləyib yazmışam” deməsini düzgün hesab etməliyik? Təsəvvür edək ki, həmin əsər dünyaya çıxarılıb. Düşmən gülməyəcək? Deməyəcək, bu xalqın yazıçısı öz tarixini bilmir?
(Yeri gəlmişkən, bir-iki “humanist” yazıçı çıxıb ermənilərin əməllərini yumşaltsa, onları, sadəcə, “xəstə təfəkkürlü mllət” adlandırıb, xalqımızdan bağışlamağı istəsə neyləyərik? Pasifistlərin on ağız da satın alıb: “unudaq getsin” deməkləri gözləniləndir. Vallah-billah “tolerantlıq, pasifistlik, humanistlik” uydurmalar ancaq bizimçündür. Qəsdən təbliğ edirlər. Bizi yavaş-yavaş, hiss etdirmədən çökdürmək, hər şeyimizə sahiblənmək üçün ermənilərin xeyirinə hesablanıb bunlar. Heç bir xalq digərinə öz ölkəsindən pay vermir. Bunu təkcə bizdən tələb edirlər. Hesab edək ki, bağışladıq, kim ermənilərin kinsiz, ədavətsiz sülhlə yaşayacağına zəmanət verə bilər? Əminsinizmi, o əməllərdən yenə törətməyəcəklər? Tarixdə onların xalqımıza qarşı törətdikləri nə qədər təkrar əməllər var.)

Mövzudan bir balaca uzaqlaşdım, təzədən giriş üçün professor S. Xəlilovdan daha bir nümunəyə baxaq:

“Çox önəmli məsələlərdən biri budur ki, tariximizi və tarixi coğrafiyanı tam dəqiq bilməyənlər qədim dövrə aid ərazi adlarının müasir anlayışlarla zahiri səsləşməsindən sui-istifadə edən əcnəbi tarixçilərin felinə uymuş, toruna düşmüşlər. Məsələn, Azərbaycanda İslamdan öncəki tarix yaxşı araşdırılmadığından və sovet dövründə ictimai şüura düzgün çatdırılmadığından, ədəbiyyatda və publisistikada da alban abidələrinin erməniləşdirilməsinə adekvat reaksiya verilməmişdir. Yaxud Nizaminin də istifadə etdiyi “ərmən” anlayışı əcnəbi “bələdçilərin” yüngül əli ilə və sadəlövhlüklə “erməni” kimi qəbul olunmuşdur. Əslində “Ərməniyyə” tarixən türklərə məxsus olmuş yer adıdır. Eramızın III əsrində manixeylik də bu ərazidə yayılmışdır və manixey tarixçilərinin də göstərdiyi kimi, bunun haylara (bizim adi şüur səviyyəsindəki anlamda – ermənilərə) heç bir aidiyyəti yoxdur. Bütün bunlar öz gerçək, elmi tədqiqatını gözləyir. Yəni klassik bədii ədəbiyyat da tarix üçün həm suallar qoyur, həm də düşüncənin yönləndirilməsinə xidmət edir. Sadəcə olaraq, ədəbiyyatçılar, tarixçilər və filosoflar – hərə özü üçün deyil, birlikdə, ümumi səylərlə çalışmalıdırlar.”

Məncə, bunu nəzərə almalıyıq.

Filologiya üzrə fəlsəfə doktoru, dosent Atif İslamzadənin fikrincə kütləni təzkirə, salnamə, məxəz, mənqəbə və traktın funksiyaları maraqlandırmır. Onlar üçün janr spesifikası yoxdur. Tarixi əsərlərdə həddindən artıq ağır üslub və dil, qəliz mənbələrin çoxluğu, hadisələrin uzun bir şəkildə mürəkkəb təsviri insanların böyük çoxluğunun təfəkküründə çətinlik yaradır. bu səbəbdən də toplumun böyük çoxluğu sadə düşüncəyə üstünlük verir. Bu baxımdan ya ağızdan eşitdiyini, yaxud bədii ədəbiyyatdan oxuduğunu, ən çox da bədii filmlərdən gördüyünü danışır və əsaslandırmağa çalışır. O, Nadir şahın münşisi Mirzə Mehdi xanın yazdığı “Tarixi-Nadir” yaxud “Kitabi-tarixi cahənkəşan məşhur və Tarixi-Nadir” əsərini və Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” komediyasını nümunə göstərir: “Tarixi-Nadir” kitabında hadisələrin uzun və sicilləmə bir şəkildə təsvir olunduğunu Üzeyir bəy Məşədi İbad obrazının dilinə gətirmişdir: “Mən özüm Tarixi-Nadiri”i yarısına qədər oxumuşam, sənin dediyini anlamıram. Bu bisavadlar neyləsin?” situasiyası bunu aydın ifadə edir. Ancaq qəribədir ki, Üzeyr bəyin bu ürək ağrısı da yanlış anlaşılmış, toplumda belə rəy yaranmışdır ki, “Tarixi-Nadir” kitabı iki səhifədir, Məşədi İbad da onu yarısına qədər
oxuyub. Alim vurğulayır ki, tarixi əsərlərin qəlizliyi və mənbə çoxluğu insanları tarixi əsərlərdən deyil, bədii əsərlərdən öyrənməyə meylləndirmişdir.
Sitat gətirdiyim mənbədə ürəyimdən xəbər verən hissəni bütöv göstərməyi sevdiyimdən və müəllifin zəhmətinə dəyər verdiyimdən bəzi abzasları mətnə olduğu kimi əlavə edirəm:
Z.Bünyadov və S.Əliyarlı kimi tarixçi alimlər tarixi tarixi əsərlərdən oxumağın vacibliyini qeyd etmiş, bu mənfi tendensiyanın qarşısını almaq üçün hətta tarixi mövzuda bədii əsər yazmağın lüzumsuzluğunu əsaslandırmağa çalışmışdılar. Əlbəttə, bu təsadüfi deyildi. Bədii əsərlə tarixi əsər arasında çox fərqli texniki və metodoloji fərq mövcuddur. Bədii əsər yazan müəllif öz fikirlərini təqdim etmək üçün bütün mövzulardan, eləcə də tarix mövzularından istifadə edə bilər. Eyni zamanda bu nöqsan sayılmaz. Bunu ədəbiyyat nəzəriyyəsində ədəbi priyom adlandırmışlar. Lakin bu zaman kifayət qədər tarixi təfərrüatlar təhrif olunur. Bu da cəmiyyətin tarixə münasibətini dəyişir, milyonlarla insanın yanlış bilgi əldə etməsinə və yaymasına səbəb olur. Tarixi əsərdə isə tarixi faktlar dəyişdirilə bilməz, ancaq fakt əsasında fərqli münasibət yürüdülə bilər. Misallara keçək:

C.Cabbarlının məşhur “Od gəlini” əsərində Afşin (Aqşin) Babəkin doğma qardaşı olaraq süjet xəttində yer almış, burada yazıçı kombinasiyaları əsasında ziddiyyətlərin dramatizmi yaranmışdır ki, bu da əsəri baxımlı etmişdir. Ancaq konkret ərəb mənbələrində Afşin haqqında kifayət qədər geniş məlumat vardır və onun Babəklə heç bir qohumluq əlaqəsi olmamışdır. Bunu bilmək üçün şöhrətli tarixçi Z.Bünyadovun “Azərbaycan VII-IX əsrlərdə” tarixi məxəzlərdən ibarət monumental tarix əsərinə baxmaq kifayətdir. Təəssüf ki, tarixi əsər zəhmətinə qatlaşmaq istəməyən həddindən çox oxucu ( O dövrün tamaşaçıları) hələ də elə zənn edir ki, ərəb komandanı Afşin Babəkin doğma qardaşı olmuşdur. Hətta bu tarixi yanlışlığı B.Vahabzadə də “Dar ağacı” pyesi ilə davam etdirmişdir. Ancaq qeyd etdiyimiz kimi yazıçıları deyil, tarixi bədii əsərlərdən mənimsəyən adamları qınamaq lazımdır. Çünki onlar müəllif qurğusu ilə tarixçi arqumentini bir-birinə qarışdırırlar. Ancaq bizim gəldiyimiz qənaət budur ki, tarixi bədii əsərdə də heç bir fakt dəyişmədən işlətmək lazımdır ki, müəyyən yanlışlıqlar ortaya çıxmasın.
Biz Babək filmini də bu baxımdan nəzərdən qaçıra bilmərik. Demək olar ki, toplumda Babək haqqında geniş təəssürat yaradan elə bu filmdir. “Babək” filminin ssenari müəllifi Ə.Məmmədxanlı, rejissoru E.Quliyevdir. Məlum olduğu kimi Babək roluna Rasim Balayev çəkilmişdir. Hətta bu gün Babək haqqında düşünən oxucunun yaddaşına assosiativ olaraq R.Balayevin tarixə bürünmüş üzü gəlir. Bu da onu göstərir ki, cəmiyyət əsas bilgiləri məhz tarixdən deyil, elə bu filmdən alır. Filmdə tez-tez mənbə olaraq göstərilən Əbu Cəfər Məhəmməd ibn Cərir ət-Təbərinin məlum əsərini demək olaraq ki, oxuyan yoxdur. Bu əsər “Tarix-ür-rüsüli vəl-müluk” (Peyğəmbərlərin və hökmdarların tarixi) əsəridir. Bəlkə də heç çoxları bilmir ki, Ət-Təbəri Babəkin öldüyü ildə dünyaya gəlmişdir. Yəni Babək haqqında mübahisə edənlərdən çoxu ən yaxşı halda təəssüf ki, film əsasında mülahizə söyləməkdən çəkinmir. Halbuki film tarix deyil, müəllif qurğusudur. Əsla tarixi dəqiq ifadə etmir.
Cəmiyyət arasında olduqda məlum olur ki, toplum Ş.İ.Xətai haqqında olan məsələləri də heç də Səfəvi tarixçilərinin və başqa tarixçilərin əsərlərindən deyil, əsas etibarilə bədii əsərlərdən almışdır. Bunlardan ən məşhur əsərlər Ə.Cəfərzadənin “Bakı 1501”, F.Kərimzadənin Xudafərin körpüsü” və Ə.Nicatın “Qızılbaşlar” adlı tarixi romanlardır. Bu əsərlərdə də müəlliflər Ş.İ.Xətai haqqında yalnız birmənalı şəkildə bədii təəssürat yaratmışlar.
Biz İ.Nəsimi ilə bağlı mübahisəli fikirlərə də aydınlıq gətirmək istəyirik. Toplum İ.Nəsimi ilə bağlı fikirləri də daha çox “Nəsimi” filmindən və onun haqqında yazılmış bədii əsərlərdən almışdır. Bu filmin rejissoru H.Seyidbəyli, senaristi İ.Hüseynovdur. Bədii film 1973-cü ildə çəkilmişdir. Bu filmdə də baş rolda R.Balayevdir. Babək haqqında dediyimiz fikirləri eynən Nəsimiyə də aid edə bilərik. Bu film İ.Hüseynovun məşhur “Məşhər” romanının senariləşdirilməsi əsasında çəkilmişdir. Ancaq həmişə olduğu kimi romanda olan süjetlərin bir qismi senariyə düşməmişdir. Əsərdə müəllif baxışı əsasında tarixi fakta söykənmədən hətta Əmir Teymur hürufi kimi qələmə alınmışdır. Bu filmdən və romandan tarix əldə edən toplumun böyük bir hissəsi hələ də elə zənn edir ki, İ.Nəsimi özünü ələ verən kimi dərisi soyulmuşdur. Halbuki tarixi mənbələrdə İ.Nəsiminin bir ay həbsxanada saxlanması, onun mömin, yoxsa kafir olması haqqında mübahisələrin yaranması, nəhayət sultan İbn-Müəyyədin əmrindən sonra edam olunması haqqında kifayət qədər bilgilər var. Hətta dərisinin soyulub-soyulmaması da tarixçilər arasında mübahisə mövzusudur. Lakin bilgini tarixdən deyil, bəddi janrlardan alan toplumun düşüncəsində İ.Nəsimi bu şəkildə daşlaşmışdır.
Bu məsələ digər söylədiklərimiz haqqında da keçərlidir. Qaçaq Nəbini və s.qaçaqları bədii əsərlərdən alanlar da onları tarixdən ayrı şəkildə təsəvvür edir ki, bu zaman əsil tarixi situasiyanı öyrənmək çətin olur. Qaçaqlar kimi eyni zamanda uzun illər Kərbəlayi İsmayıl və Qəmlonu mənfi tip kimi xarakterizə edənlər bu gün siyasi anlayışların dəyişikliyinə uyğun olaraq əksini iddia edirlər. Ancaq bu zaman yenə də tarixi mənbələrə deyil, bədii bilgilərə və yaxud şayiələrə əsaslanırlar. Hətta “Dədə Qorqud” filmi ilə Dədə Qorqudu tanıyan toplumun mühüm bir hissəsi hələ də elə bilir ki, Qazan xanın oğlunun adı Turaldır. Halbuki “Dədə Qorqud kitabı”na baxsalar görərlər ki, Tural deyil, Uruzdur. Beləliklə biz demək istəyirik ki, toplum tarixi tarixdən deyil, bədii əsərlərdən oxuyub və bu tarixin bu şəkildə baş verməsini iddia etdikcə yanlışlar artacaq, doğrular isə yox olacaq. Elə buna görə də təəssüf ki, biz bu gün – XXI əsrdə H.Zərdabi düşüncəsinə qayıtmalıyıq. Toplum öncə maariflənməlidir ki, sonra doğru addım ata bilsin!”
Bu konuda yazıçıların yox, güzəştə getməyən tarixçilərin yanındayam.“Z. Bünyadov, Ə. Rəhimovla birlikdə “Tarixi həqiqətlər… Yoxsa təhriflər?” adlı məqaləsində yazırdı: “Tarixə müraciət heç də tarixi həqiqətləri təhrif etmək, ağa qara qaraya ağ demək deyil. Elə əsər yaratmaq lazımdır ki, oxucu buradakı hadisənin tarixi fakt olduğuna inansın. Necə ki, böyük M.F.Axundov yarımsəhifəlik tarixi məlumat əsasında “Aldanmış kəvakib” kimi gözəl bir povest yaratdı. Yaxud Ə. Haqverdiyev “Ağa Məhəmməd şah Qacar” faciəsini tarixi mənbələr əsasında qələmə aldığı üçün oxucunu çaşdırmır.
Tarixçi E. Əlibəyzadə “Ədəbi əsərdə tarixi həqiqətlərə qarşı” adlı məqaləsində Cəlal Bərgüşadın “Sıyrılmış qılınc” romanı ilə bağlı yazır: “Babək gördüyü işin bəşəriliyi mənasında dünyanın ən böyük tarixi şəxsiyyətlərindəndir. Buna görə də onun haqqında yazan istər sənətkar, istərsə də tədqiqatçı son dərəcə ehtiyatlı və dəqiq olmağa, bir an da məsuliyyət hissini unutmamağa çalışmalıdır. Babək haqqında ağlına nə gəldi uydurmaq olmaz”.
“Yazıçı tarixi hadisələri təfəkküründə genişləndirə bilər. Lakin bunu bədii təxəyyülün tarixi zorlaması mənasında başa düşmək lazım deyil”.
Tarixçi Ə. Rəhimovun “Bədii həqiqət, tarixi həqiqət” məqaləsindən. Antik ədəbiyyatın böyük nümayəndəsi Lukan: “Şeirin və poetik əsərlərin vəzifələri və qanunları bir başqadır, tarixinki isə bir başqa. Orada (şeirdə) tam azadlıqdır və yeganə bir qanun vardır: şairin iradəsi. Çünki o, ilahi bir qüdsiyyətə malikdir və ilham pərisinin hakimiyyətinə tabedir”.
Abzasları götürdüyüm mətnin müəllifi Aynurə Mustafayeva da tarixçilərin bu mövqeyini dəstəklədiyini bildirir. Düşünür ki, ədəbiyyat ümumi ictimai həyatın bir parçasıdır və o, yalnız bədii zövqün tələbləri çərçivəsində yaranmamalı, elmi-ictimai fikrin bir hissəsinə çevrilməyi bacarmalıdır.
Elə bunları deyirdim…
10-12-2021, 11:49
Təhsil sistemimizin ABSURDLARI...

Deputat Etibar Əliyev: «Təhsil nazirliyinin mərkəzi aparatında demək olar ki, mütəxəssis yoxdur. Əksəriyyəti dostluq, qohumluq, sinif yoldaşı, tələbə yoldaşı prinsipi ilə təyin olunublar»

Təhsil nazirliyinin müşaviri Elnur Nəsibov: «Bağda ərik var idi, salam-əleyk var idi. Bağda ərik qurtardı, salam-əleyk qurtardı»

Pandemiyanın çox ciddi zərbə vurduğu təhsil sistemi görülən bütün tədbirlərə, aparılan bütün islahatlara rəğmən hələ də cəmiyyətin ən ağrılı yeri olaraq qalmaqdadır. Az qala təcrübə laboratoriyasına dönən təhsilimizdə bir çox ölkələrin praktikası tətbiq edilsə də istənilən nəticə əldə olunmur. Bir çox hallarda naşı idarəçilik, sistemə yad olan kadrların prosesləri idarə etməsi pedaqoji mühiti acınacaqlı duruma salıb. Axşama qədər mənasız kağız yığınlarının içərisində eşələnməyə məcbur olan müəllimlər proseslərin arxasınca sürünməyə məhkumdur. Hansısa nazirliyin dəftərxanasını xatırladan məktəblərdə müəllimlər təzyiq, xof altında müxtəlif sənədlər yazmalı, summativlər çıxarmalı, jurnallar doldurmalı və imkan olarsa dərs də keçməlidirlər.
Fakt odur ki, bu gün təhsil sisteminə müxtəlif yollarla doluşan naşı kadrlar inzibati yollarla tədrisin anasını ağladırlar. Tamamilə sistemə yad olan və öz ixtisasına aid olan sahələrdə özünü doğrultmayan kadrlar bu gün Azərbaycan təhsilini “dirçəltməklə” məşğuldurlar. Deputat Etibar Əliyevin bu günlərdə yayımlanan müsahibəsində çox ciddi mətləblərə toxunulub. O haqlı olaraq qeyd edir ki, “Əksəriyyəti təhsilə aidiyyatı olmayan adamlardır. Özlərini təcrid olunmuş kimi aparırlar. Əksəriyyəti dostluq, qohumluq, sinif yoldaşı, tələbə yoldaşı prinsipi ilə təyin olunublar. Təhsil nazirliyinin mərkəzi aparatında demək olar ki, mütəxəssis yoxdur. Bunları ancaq qrant və lahiyələr düşündürür. Çünki ordan gələn pulu rahatlıqla silmək olur“.
Deputatın müsahibəsində sadəcə bir məqama diqqət yetirsək təhsil sistemində hansı oyunların baş tutduğuna şahid olarıq. “Mənə məlumat veriblər ki, Fuad Babayev adlı bir məktəb direktoru 3 müavini olmuş qadını da direktor təyin etdirib və bu işi yüksək səviyydə bacardığına görə Bakı şəhər Təhsil idarəsinə sektor müdiri gətirilib. Onda bu imtahan oyunları nədir?
Bakı məktəblərinə nazir müavini vəzifəsindən çıxarılmış Məhəbbət Vəliyeva indi də nəzarət edir. Çünki onların böyük əksəriyyətini əyri yollarla özünü təyin elətdirib.”
Göründüyü kimi təhsil sistemində hələ də monopoliya, tayfabazlıq, klan prinsipləri hökm sürür. Nədəndirsə qosqoca təhsil nazirliyi “Məhəbbətin qüdrəti”nin qarşısında hələ də acizdir və paytaxt məktəbləri “portfelsiz nazirin” kurasiyasında qalmaqdadır. Bu arada deputatın bu statusundan Təhsil nazirliyində narahat olanlar olub. Belə ki, müşavir Elnur Nəsibov öz şəxsi facebook səhifəsində ünvanını göstərməyə cəsarət etməsə də (kstati nazirliyin öz XƏCALƏTİ, əstəğfirullah CƏSARƏTİ özünə bəsdir) belə bir status paylaşıb.«Bağda ərik var idi, salam əleyk var idi. Bağda ərik qurtardı, salam əleyk qurtardı». Nə isə, məşhur kinoda deyildiyi kimi, «matroslar dalaşanda aralarına girməzlər».
Qayıdaq millət vəkilinin müsahibəsində qeyd etdiyi “onda bu imtahan oyunları nədir?” fikrinə. Ondan başlayaq ki, təhsil nazirliyinin təhsilin inkişafına xeyri olan istənilən təşəbbüsünü alqışlamışıq, saytımızda dəstək vermişik. Hələ illər öncə şagird qəbulunun və yerdəyişməsinin vahid elektron sistemlə həyata keçirilməsi üçün təşəbbüs irəli sürmüş, bu barədə silsilə yazılar yazmışdıq. Doğrudur sonradan bizim təklifimiz M.Vəliyeva tərəfindən özününküləşdirilərək təqdim olundu. Amma hər halda təşəbbüsümüzün həyata keçirilməsi naminə çox da dərinə getmədik. Bu gün də deputatın “imtahan oyunu” adlandırdığı məsələyə bir qədər geniş yanaşmaq istəyirik. Müəllimlərin işə qəbulu və yerdəyişməsi imtahan balları əsasında baş tutur. Bu zaman heç bir əsası olmayan absurd bir proses-sırf müəllimlərin incidilməsinə hesablanan bürokratik əngəl formalaşdırılır. MİQ nəticəsi ilə paytaxt məktəblərində yerdəyişmə etmək istəyən müəllimlər yenidən imtahana cəlb olunur. Əgər müəllim Bakı məktəbləri üçün məqbul balı toplayıbsa onun yerdəyişmə üçün yenidən imtahana cəlb olunmasına hansı ehtiyac var. Şəxs artıq imtahan verib və lazım olan balı toplayıb. Sadəcə Bakı daxilində məktəbi dəyişir. Onun yenidən imtahana cəlb olunması hansı məntiqə sığır?
Eyni proses rayondaxili və yaxud rayonlararası yerdəyişmələrə də aiddir. İşə qəbul üçün lazım olan balı toplayan müəllim yenidən prosesə sıfırdan başlamalı olur. Təbii ki, bütün bunlar əlavə vaxt itkisi və bürokratik əngəllər yaradır. Təklif edirik ki, MİQ ilə Bakı məktəbləri üçün lazım olan balı toplayan şəxs paytaxt daxilində yerdəyişmə etmək istəyərkən yenidən imtahana cəlb olunmasın. Əgər müəllim rayondan paytaxta gəlmək istəyirsə yenidən imtahana cəlb olunması lazımdır. Amma Bakı üçün lazım olan balı toplayan müəllimin yenidən imtahan olunmasına nə hacət. Adamın yadına məhşur lətifəəki söz düşür- Şəkidən Bakıya da 5 manat, Bakıdan Bakıya da 5 manat?
İnanırıq ki, nazirliyin rəsmiləri təklifimizi ciddi dəyərləndirəcək və bu bürokratik əngəlin aradan qaldırılmasına yardımçı olacaqlar.

Nicat Mahmudov
Rubrika.Az


Bütöv.az
9-12-2021, 20:44
AMEA və BDU-nun tenderlərində qalib olan Kəmalə Rasimli kimdir?

Bakı Dövlət Universiteti tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi “Aysberq KMT” MMC (VÖEN-1003279381) olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, “Aysberq KMT” MMC bu ilin 15-17 dekabr tarixlərində Bakı Dövlət Universiteti (BDU) tərəfindən keçiriləcək “Fizikada müasir trendlər” mövzusunda beynəlxalq elmi konfrans ilə bağlı iş və xidmətlər təqdim edəcək.

“Aysberq KMT” MMC beynəlxalq elmi konfrans üçün xaricdən dəvət olunan 13 nəfər qonağın oteldə qalmasını, həmçinin onlar üçün nahar və şam yeməyi təşkil edəcək. Eyni zamanda konfrans üçün lazım olan digər məhsulları da (blaknot, qələm, flaş kart, tibbi maska, 72%-li spirt və s.) təmin edəcək.

Görüləcək iş və xidmətlər üçün BDU “Aysberq KMT” MMC-yə 44 min 648 manat 70 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, “Aysberq KMT” MMC iki ay əvvəl BDU tərəfindən keçirilən daha bir beynəlxalq tədbirdə iş və xidmətlər təqdim edib və qarşılığında 43 min 959 min manat alıb.

“Aysberq KMT” MMC 24.02.2014-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı cəmi 5 manat olan bu şirkətin hüquqi ünvanı “Binəqədi rayonu, Süleyman Sani Axundov, ev 2A, m. 25”-də yerləşir. MMC-nin qanuni təmsilçisi Rasimli Kəmalə Rasim qızıdır.
Tenderlə bağlı diqqət çəkən məqam odur ki, “Aysberq KMT” MMC-yə məxsus olduğu bildirilən “iceberg.az” saytında bu şirkətin tərcümə işlərilə məşğul olduğu göstərilib. Tərcümə Mərkəzi kimi fəaliyyət göstərən MMC-nin BDU-ya müxtəlif məhsullar satması, həmçinin xarici qonaqlara otel və nahar xidmətləri göstərməsi üçün hansı təcrübəyə sahib olduğu bilinmir.
“Aysberq KMT” MMC müvafiq sahədə heç bir təcrübəsi olmadığı halda (rəsmi saytlarında elə yazılıb – red.) ötən ilin noyabr-dekabr aylarında AMEA İşlər İdarəsinə 48 min 216 manatlıq yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlər satıb.

Halbuki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının və təcrübəsinin olması lazımdır.

Diqqət çəkən başqa bir məqam isə odur ki, “Aysberq KMT” MMC-nin qanuni təmsilçisi Rasimli Kəmalə Rasim qızı daha əvvəl “Binəqədi rayonu, Süleyman Sani Axundov, ev 2, m. 25”-də qeydiyytda olan “Servis və Supley Ltd” MMC adlı şirkətin də direktoru olub.
Bu şirkət isə bu ilin aprel ayında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İşlər İdarəsi tərəfindən keçirilən 129 min 964 manatlıq tender müsabiqəsinin qalibi olub.

AMEA-nın tenderlərində qalib olan “Aysberq KMT” MMC və “Servis və Supley Ltd” MMC-lərin qanuni təmsilçisi Rasimli Kəmalə Rasim qızı eyni zamanda AMEA Zoologiya İnstitutunun ümumi işlər üzrə direktor müavinidir.
Qeyd edək ki, “Dövlət satınalmaları haqqında” Qanunun 13-cü maddəsinin 1-ci bəndində açıq şəkildə yaxılıb ki, satınalan təşkilatdan hüquqi, maliyyə və ya təşkilatı asılılığı olan malgöndərənlərin (podratçıların) həmin təşkilat tərəfindən keçirilən satınalma prosedurlarında iştirakına yol verilmir.

Amma göründüyü kimi, satınalan təşkilat olan AMEA-nın keçirdiyi tender müsabiqəsinin qalibi olan podratçı şirkətin - “Service and Supply Ltd.” MMC-nin direktoru AMEA-dan əmək haqqı alan vəzifəli şəxsdir.
O zaman məsələ ilə bağlı Yeniavaz.com-a açıqlma verən AMEA Zoologiya İnstitutunun ümumi işlər üzrə direktor müavini Kəmalə Rasimli bildirmişdir ki, o “Service and Supply Ltd.” MMC-nin qanuni təmsilçisi yox, təsisçisidir: “Şirkəti mən yaradıb başqasına həvalə etmişəm, onun işlərini idarə edən də direktordur”.
Amma çox qəribədir ki, Kəmalə Rasimli şirkətin qanuni təmsilçiliyindən bu ilin may ayının 8-də ayrılıb. Dövlət Vergilər Xidmətinin reyester məlumatlarından belə görünür ki, tender müsabiqəsi keçirilən zaman MMC-nin qanuni təmsiçisi Kəmalə Rasimli olub. Daha sonra MMC-nin həm qanuni təmsilçisi, həm də hüquqi ünvanı dəyişdirilib. Hazırda “Servis və Supley Ltd” MMC-nin qanuni təmsilçisi Həbibova Aytəkin Rasim qızıdır. Hüquqi ünvanı isə “Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 59K, m. 390”-da yerləşir.
Belə görünür ki, Kəmalə Rasimli “Servis və Supley Ltd” MMC-nin qanuni təmsilçiliyini başqasına təhvil versə də, “Aysberq KMT” MMC-nin qanuni təmsilçiliyini başqasına təhvil verməyi unudub.

Bütöv.az
9-12-2021, 10:17
Rektor Vilayət Vəliyev taksi şirkəti və hər mərtəbədə restoran açıb

Azərbaycan Texniki Universitetinin rektoru, adı ictimaiyyətə o qədər də tanış olmayan Vilayət Vəliyevin qəribə işgüzarlığı, unikal biznes ideyaları ilə fərqlənir.

Reportyor.info-ya verilən xəbərə görə, rektorun biznes fəaliyyətində qeyri-adiliyi davam edir. V. Vəliyevin pedaqoji işini kənara qoyaraq ATU-da taksi xidməti açdığı məlumat verilir. Universitetin həyətində açılan taksi şirkəti rektora aiddir. Bildirilir ki, V. Vəliyev müəllimləri hansısa taksi firmasına zəng edərək sifariş verməyə qoymur, özünün taksi xidmətindən istifadəyə məcbur edir. Universitetin həyətində olan rektora aid taksilərə sifariş verməklə istənilən ünvana getmək olar. Həmçinin, rektorun avtoyuma məntəqəsi də açılıb. Vəliyevin heç kimin ağlına gəlməyən və digər rektorların etmədiyi bu biznes sahələri həqiqətən də heyrət doğurmaya bilmir. Əldə etdiyimiz bilgiyə görə, ATU rektoru ali məktəbin içində də restoran biznesi qurub. Əvvəllər təhsil ocağında yalnız bir yeməkxana var idisə, indi hər mərtəbədə bir kafe-bufet fəaliyyət göstərdiyi deyilir. Yəni təhsil müəssisəsi az qala şadlıq evinə çevrilib. Əgər gələcəkdə rektor burada gözəllik salonu, market açsa təəccüb doğurmaz. Ancaq nədənsə Vəliyevin ağlına bizneslə bağlı ideyalar gəlir. Onun ali məktəbdə təhsilin keyfiyyətini artırmaq, müəllimlərin dərs saatı ilə bağlı addım atmaq, onların problemləri ilə maraqlanmaq, kollektivdən lüzumsuz tələblər irəli sürməyi dayandırmaq hələ ki ağlına gəlmir.

Bütöv.az
8-12-2021, 10:23
Əmrullayevin diqqəti üçün daha bir fakt: Göygöldə pul yığırlar... - VİDEO

Göygöl rayonu (şəhər) Səməd Vurğun adına 3 saylı tam orta məktəbində növbəti biabırçılıq baş qaldırıb. Məktəbin bir sıra siniflərində süni şəkildə pərdə və digər inventar çatışmazlığı ortaya çıxıb. Valideyinlər övladlarının normal mühitdə təhsillərini davam etdirsinlər deyə, müxtəlif məbləğlərdə pultoplama aksiyası edərək məktəbdəki əyrintiləri və çatışmazlıqları aradan qaldırmağa çalışırlar.

"Demokratik.Az"-ın əldə etdiyi məlumatlara görə, hazırda Göygöl Rayon Təhsil Şöbəsinin müdir səlahiyyətlərini müvəqqəti icra edən Semur Əsgərov da məsələdən halidir. Lakin, Məmmədov mövcud problemin həlli istiqamətində heç bir addım atmır, əksinə, "yolavermə" və özfəaliyyətlə məşğul olur.
Sözügedən məktəbin 5-B sinif şagirdlərinin valideyinləri ilə aralarında olan SƏSYAZILAR da durumun acınacaqlı olduğunu, sinif otaqlarının pərdələlərinin, stolüstü örtüklərin nədənsə olmadığını aydın göstərir. Valideyinlər uşaqlarının günəş işığından narahat olduğunu da dilə gətirirlər.

Maraqlıdır - görəsən məktəbin pəncərələrinin pərdələri niyə yoxdur ki, sinif rəhbərləri və valideyinlər hər il bu ad altında 5-10 manatdan pul yığırlar, siniflər dəyişdikcə də hər sinif rəhbəri pərdəni söküb özü ilə aparır? Güldərən adlı sinif rəhbərinin timsalında isə, valideyinlərin biabırçı və tipik rüşvətə yol açan hərəkətlərinə məhz məktəb müəllimləri tərəfindən dəstək verilməsi, valideyinlərin sinfə inventar almalarına təşviq edilməsi bağışlanacaq hal deyil.

Əlavə məlumat üçün bildirək ki, cari tədris ilində sözügedən məktəbdəki özbaşınalıqlar barədə rayon TŞ-yə və polis şöbəsinə bir sıra müraciətlər daxil olub. Məktəbdə idarəolunmaz vəziyyət hökm sürür.

Sabaha məktəbdə valideyin iclası çağırılıb.

İnanırıq ki, təhsil nazirliyi tərəfindən biabırçılığa bir aydınlıq gətiriləcək.
Dediyimizi əks etdirən maraqlı SƏSYAZIları təqdim edirik!



Bütöv.az
7-12-2021, 10:46
Təhsil Nazirliyi varsa, Bakı Şəhər Təhsil İdarəsi nəyə lazımdır ?

Təhsil sistemindəki problemlər heç kimə sirr deyil.

Neçə illərdir ki, orta məktəblərimizdəki rüşvət hallarından yazılır.
Orta məktəblərdə jurnal pulu, süpürgə pulu, bayram günlərində yığılan pullar və s sözün həqiqi mənasında lətifəyə-anektoda dönüb.
Bu gün də valideynlər bayram günlərində şagirdlərdən yığılan pullardan şikayət edirlər. Kasıb valideynlər bu pulları çatdıra bilmir. Belə olan halda müəllimlər pul verməyən şagirdləri aşağılayır, təhqir edirlər. Bu isə şagirdlərdə psixoloji problemlər yaradır.
Bakıda, Səbayel rayonundakı 162 saylı orta məktəbin 14 yaşlı şagirdi Elenanın özünü məktəbin 3-cü mərtəbəsindən ataraq intihar etməsini yada salın.
Həmin faciəli hadisə zamanı Rayon icra hakimiyyətində təhsilə məsul olan müavin Xalidə Bayramovanın çıxardığı oyunları gözünüzün önünə gətirin. Nəticəsi nə oldu ? Heç nə.
Belə hallar Bakı məktəblərində yüzlərlədir.
Onu da qeyd edək ki, Təhsil Nazirliyi ilə bərabər Təhsil Nazirliyinin tabeçiliyində Bakı Şəhəri üzrə Təhsil İdarəsi ( BŞTİ ) var.
Təsəvvür edirsiniz, BŞTİ-nin tabeliyində 310 ümumtəhsil məktəbi, 3 xüsusu orta məktəb, 5 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 318 məktəb, 5 Uşaq –Gənclər İnkişaf Mərkəzi fəaliyyət göstərir.
Həmçinin İdarənin tabeliyində xidmət və əməliyyat mərkəzləri və Təlimə Dəstək Mərkəzi fəaliyyət göstərir.
Birincisi, axşam məktəbi harada fəaliyyət göstərir ?
Adı olub özü olmayan axşam məktəblərinə ayrılan dövlət vəsaiti kimlərin cibinə gedir ?
İkincisi, Təhsil Nazirliyi varsa, BŞTİ-nə nə ehtiyac var?
Təsəvvür edirsiniz, BŞTİ müdirinin 4 müavini var.
Heç nazirlərin 4 müavini olmur, cənablar.
Bu nə biabırçılıqdır? Bu adamlar dövlətin cibindən maaş alır ee ...
Üçüncüsü, adi bir qurumda 13 sektor ( müdiri ) nəyə lazımdır ?
Dördüncüsü, BŞTİ müdirinin müavinləri həm də universitetlərdə müəllim, kafedra müdiri kimi çalışırlar.
Bu necə ola bilər ki ?
Axı, bu adam bu boyda qurumun müavini kimi öz işində olmalıdır. Bu Allah qoymasa, BDU-da kafedra müdiri kimi maaş alır.
Axı, kafedra müdiri bütün günü kafedranın işləri ilə məşğul olmalıdır.
Bu adam haçan vaxt tapıb BŞTİ-yə gedir ?
BŞTİ-nin digər bir müdir müavini isə SOCAR-dan gəlib.
SOCAR hara, təhsil hara ?
Kadr məsələsi nə qədər biabırçı durumdadırsda, BŞTİ-nin bir Vəliyevası ( Məhəbbət ) gedir, o biri Vəliyevası ( Mehriban ) gəlib qurumda müdir olur.
Sadəcə, ayıbdır, vallah. Başqa bir adam tapa bilmirsiniz ?
Bəli, bir neçə il Məhəbbət Vəliyeva BŞTİ-nin müdiri oldu. Və onun fəaliyyəti “çadra-çarşab”la yekunlaşdı.
Bakıda xanım məktəb direktorlarının necə təyin olunması hamıya məlumdur. Gəlin, çox dərinə getməyək.
Məhəbbət Vəliyevanın dövründə məktəblərdə rüşvət çiçəklənirdi. Bu gün neçə məktəb direktoru həbsxanadadır ?
Məktəblərdə nə qədər ölü canlar var ?
Məktəblərdə psixoloq müəllimlərin maaşlarını kim alır ?
Yaxşı Vəliyeva ( Məhəbbət) getdi, yerinə Vəliyeva ( Mehriban) gəldi. Nə dəyişdi ?
Əlbəttə, heç nə.
Məhəbbət Vəliyeva şəhər təhsilində ən məhşur rüşvətxor kimi tanınırdı, nəticədə nazir müavini oldu.
Məhəbbət Vəliyeva BŞTİ-nin inspektorlarını məktəblərə direktor göndərirdi. Və bahalı zinət əşyalarını hədiyyə kimi alırdı.
Bu gün də BŞTİ-nin yeni müdiri Vəliyeva ( Mehriban) sələfi Vəliyevanın ( Məhəbbətin ) əməllərini davam etdirir.
Mircə Cəlil demişkən, haman göl, haman qurbağa.
P.S Xatırladaq ki, Məhəbbət Vəliyeva ilə Mehriban Vəliyeva doğma bacıdırlar.
(gundelik baki.com)
Bütöv.az olaraq məqalədə qaldırılan iddalarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
3-12-2021, 15:38
Vilayət Vəliyev haqqında DAHA BİR İDDİA...

Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev ali təhsil ocağında özünə unikal biznes imkanları yaradıb. İlk təsəvvürdə onun tələbələrdən semestr imtahanlarında rüşvət yığması ağıla gəlirsə, yanlışdır, rektor tamamilə fərqli addımlar atıb. Biz onlardan yalnız birini açıqlayacağıq, sonrakı məlumatlarımızda isə digər biznes sahələri haqda xəbər verəcəyik.


TİA.Az-ın əldə etdiyi informasiyaya görə, rektor V. Vəliyev universitetdə bərbərxana açıb. Bu xidmətin açılmasını belə izah edib ki, tələbələr və müəllimlər saçını kəsdirməyə, saqqalını təraş etdirməyə əziyyət çəkib uzağa getməsinlər. Ona görə də tələbələr və müəllimlər ATU – da yerləşən rektorun bərbərxanasına müraciət edə bilərlər. Nə qədər gülməli olsa da, V. Vəliyev biznesin inkişafını bunda görüb. Halbuki tələbələr və müəllim heyəti bir o qədər rektorun bərbərinə həvəs göstərmirlər, o da təbiidir, hər kəsin yaşadığı ərazidə saç ustası olur. Üstəlik, universitet təhsil almaq üçündür, təmizlənmək yox… Ancaq heç bir rektorun ağlına gəlməyən işi tutub Vəliyev. Kimisi rüşvət alır, kimisi obyekt tikdirir, o isə bərbərxana açdırıb. Məlumata görə, bu da son deyil, Vəliyev universitetdə təsəvvür edilməyən digər xidmət sahələri də qurub. Sadəcə, maraq üçün hələlik açıqlamırıq və yaxın günlərdə məlumat verəcəyik.

Bütöv.az
2-12-2021, 10:38
Abituriyentlər 55 manat xərcləməlidir - Qiymət niyə bahadır? - VİDEO

3-cü ixtisas qrupu üzrə keçirilən sınaq imtahanlarında iştirak üçün bəzi abituriyentlər əlavə ödəniş etməlidirlər. Çünki, coğrafiya fənnindən əlavə imtahana görə də ayrıca ödəniş tələb olunur. İmtahanlarda iştirak üçün tələb olunan ödənişlərin yüksək olması abituriyentlərin haqlı narazılığna səbəb olub. Ekspertlər deyirlər ki, sınaq imtahanlarının əlçatan olmaması abituriyentləri çətin duruma salır.

BAKU.WS xəbər verir ki, 3-cu ixtisas qrupuna hazırlaşan abituriyentlər sınaq imtahanlarında coğrafiya fənnindən əlavə imtahan üçün daha 15 manat ödəməlidirlər. Sınaq imtahanlarında iştirakın 40 manata başa gəldiyini nəzərə alsaq ümumilikdə ödənilən məbləğ 55 manata çatacaq.

Dövlət imtahan mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə "Xəzər Xəbər"ə deyib ki, imtahanda iştirak etmək üçün tələb olunan ödənişin məbləği mərkəz tərəfindən keçirilən müxtəlif təyinatlı imtahanlar, onların təşkili, keçirilməsi, görülən digər hazırlıq işləri, təqdim olunan xidmətlər ətraflı şəkildə araşdırıldıqdan sonra müəyyən edilir. Mətbuat katibi qeyd etdi ki, Dövlət İmtahan Mərkəzi Nizamnaməyə uyğun olaraq əsasən imtahanların təşkili və keçirilməsindən əldə olunan vəsait hesabına fəaliyyət göstərir.

Təhsil eksperti Kamran Əsədov deyir ki, qəbul imtahanlarından fərqli olaraq sınaq imtahanları az xərc tələb edir. Onun sözlərinə görə sınaq imtahanları üçün tələb edilən məbləğ çoxdur. Təhsil eksperti bildirir ki, sınaq imtahanlarının bəzi abituriyentlər üçün əlçatan olmaması qəbul imtahanlarındaki nəticələrə də təsir edir.

Abituriyentlər də sınaq imtahanları üçün tələb olunan qiymətlərdən narazıdılar.



Qəbul imtahanlarına gəldikdə isə dövlət imtahan mərkəzindən bildirildi ki, burada qiymətlər tarif şurası tərəfindən müəyyənləşir. Hazırda bununla bağlı dəyişiklik yoxdur. Qeyd edək ki, III ixtisas qrupunda DT və ya TC altqrupu üzrə sınaq imtahanında iştirak etmək istəyənlər dekabrın 19-da Azərbaycan dili, tarix və ədəbiyyat fənləri üzrə imtahan verdikdən sonra dekabrın 26-da əlavə olaraq coğrafiya fənnindən imtahan verəcəklər.

Bütöv.az
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!