20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
Tarix : 8-05-2015, 17:41
Ağ yağış
Məhəmməd NƏRİMANOĞLU
( esse)
Ağdan qarayacan uzanan yolların yorğunları... Uşaq idim o zamanlar. Ağlım da kəsmirdi ki, toz-torpaqlı kənd yollarında cırıq qaloşla ayağıma ilişən və bəzən də zorla ilişdirməyə həvəs göstərdiyim balaca-balaca daşlarnan niyə “futbol” oynayır, barmaqlarımdan və yalın ayaqlarımdan axan qanla iz salıb, bozüzlü torpağa rəng vermək istəyirdim. Bilmirdim və heç eynimə də deyildi, təki öz izim olsun,- deyib yolumu salırdım. Elə bilirdilər ki, yolsalan olacam. Amma olmadım, olmaq da istəmədim. Yolaçanları gördüm, əzab-əziyyətlərinin əvəzində qazanclarını. Heç qan-tər tökmələrinə dəyməzdi, təknələrində əppəkləri olmadı,
əli cibində onlara əmr verənlərin qazanları pıqqapıq, onlarınkı isə... Heç ocaqları yanırdı ki, qazanları da qaynasın?!
...Sonralar bu hərəkətlərimə gülməyə başlamışdım. Tay-tuşlarıma balaca-balaca maşın oyuncaq alardı ata-anaları. Məndə isə bunlar olmazdı, amma mənim də “öz yolum” və “maşınım” olardı, “rezin maşın” – “qaloş maşın”ım. Hələ bir görün neyləyirdim? Dizicırıq şalvarımı torpağa sürtdüyüm bəs deyildi, üstəlik, yalın ayaqla geydiyim qaloşu (hərdən də anamım qaloşlarını geyinərdim, mənimkilər cırıq olduğuna görə) ayaqlarımdan çıxarıb torpaq yolumla sürərdim: dodaqlarım da karıma gələrdi: elə “vvrınnn-trınnn” eləyirdim ki, elə bil kolxozun “otdaşıyan “QAZ-51”-i sızıldayır” – “Ağaməmmədin” dikini (yoxuşunu) qalxa bilməyir.
Hə, “maşınım”nan elə öyünürdüm ki, sanki mənimki onların satınalmalarınınkından güclü və həm də sınmayan idi. Ağlımın gətirdiyi bu idi. Axşamlar yazıq anamın kolxozun mal tövləsindən yorğun-arğın, qan-tər içində gəlməsini görəndə qanım qaralardı. Belə də qazanmaq olardı?! Qazanımız eləcə boş qaynayardı. Mal təzəyinin tüstüsü gözlərimizi göynədərdi. Anamı isə içində çəkdiyi dərd-azar yandırardı, ocağımız yanmayanda. Qəhərlənərdi.
Qəlbi dil açanda səhərin də dan yeri açılardı. Qaloşlarını axtarardı ki, geyinib yenə də tezdən kolxozun mal tövləsinə getsin, axı, onu orada ağır işlər gözləyirdi... Qaloş nə gəzərdi, mən onların “axırına çıxmışdım”. Amma anam mənim axırıma çıxmırdı, çünki neçə qız uşağından sonra, nəzir-niyazla Allahdan istəyib almışdı...
O zamanlardan başlayan toz-torpaqlı ömür yolumun asfaltlı günlərində də xoşbəxtliyin qapılarının açarlarını tapa bilmədim. Ona görə elə asfalt yolda da yorula-yorula yolları yordum. Yanımdan şütüyüb ötən bahalı maşınları gördükcə sevinsəm də (inkişafımızın göstəricilərindən olduğu üçün), tezcənə xəyalım dönür üzügeri, torpaqda dizlərimi yerə qoyub açdığım yolda cırılıb qalan “qaloş maşın”ımın yanına. Necə də bəxtəvər imişəm, qanmamışam, qədrini bilməmişəm, hətta, sarıgillik torpağımızın da. Sinəsini cırmaqlayıb yol açırmışam, nədi-nədi, qaloş maşınımın yolu olsun, yolda qalmayım...
Nağıldır eləmi? Gülməyin, elə nağıl kimi bir şeydi ömrümüz. Zaman keçdikcə, əlimizdən və gözümüzdən uzaq düşdükcə arxasınca baxa-baxa qaldığımız illərdə yaşadıqlarımız və yaşatdıqlarımız. Nağıllaşan ömrümüzün hər anı dəyərli olmasa da, dəyərsiz hesab eləməməliyik, ən azı, o illərdə uşaqlığımız və gəncliyimiz qalıb...
Kitablarım çox olmasa da, oxumaq həvəsim bu boşluğu doldurardı. Kitabxana müdirini hərdən bezdirdiyim də olardı. Qohum olmasa, üzümə çəkər, bezdirdiyimi deyərdi Alməmməd əmi. Balacaboy olsa da, ürəyi o qədər böyük idi ki, ora uşaqlara və kitablara məhəbbəti sığışdıra bilmişdi. Mənə elə kitabı sevdirən də o olmuşdu. Ona görə sonralar (bu yaxın illərdə) onun ailəsinin yenidən yaratdığı kitabxanaya dəfələrlə kitab hədiyyəsi etdim. Hər dəfə də mənə elə gəlir ki, bu kitabları o toz-torpaqlı kəndimizin uçuq-sökük, dörd divar arasına sığışan kitabxanasına verirəm.
İllər mənim üçün “quşqanadlı” yox, “əzablı yollar” olub. Uşaqlıqda sevindimmi ki, böyüyəndə də böyür-başımdakılardan kasıblığıma görə fərqlənməyim?! Söz nə yoldandır, nə də yolçulardan. Özüm yoldan və onun mən adlı yolçusundan başladım qəsdən. Qəsd eləməmişəm bu vaxtacan. Qəsdimdə dayanan da olmayıb. Kimin nəyinə lazımam ki?!
Ağ yağış

Məqsədim “...aranızdakı bir mələk”dən söz açan qaracildli kitab haqqında nəsə yazmaq, dostumun könül çırpıntılarını necə duyduğumu bildirmək və onun da könlünü ovundurmaq idi. Bir insan ömrü uzunluqda yol gəldim məqsədə doğru.
Bu kitabı bir insan ömrünün yoluna bənzətdim, amma fərqli dolamalarla, sınıq körpülərlə (əlbəttə, söhbət sözdən gedir, həm də lirik və poetik duyğulu) salınan yola. Müəllifini illərdir ki, tanıdığımı düşünmüşdüm. Yanıldığımı etiraf edirəm. Onu tanımaq asan deyilmiş. Lap elə bu kitabı oxuyub başa çıxandan sonra da Şükür Şənolu olduğu kimi yox, göründüyü tək olmağa çalışdığını hiss etdim. Salam-sağolumuz bəs edib bizə: sadə və səmimi, niyyətsiz və məqsədsiz. O, məni daha yaxşı tanıdığını dönə-dönə bildirsə də, onun barəsində nə deyə biləcəyimi söyləmək imkanım olmayıb. Amma bu qaracildli kitab onu mənə göründüyü kimi yox, olduğu kimi tanıtdı.
Mənə hədiyyə etdiyi kitabın ön səhifəsində eləcə yazıb: “...Qələm qardaşım Məhəmməd bəyə”.
Kitabı əvvəldən-axıra kimi oxumaq istəyim və həvəsim o qədər güclü oldu ki... Kitabın əsasən sərbəst vəznli şeirlərdən ibarət olması, eləcə də modernzmə söykənib fəlsəfi düşüncələrlə yoğrulması oxucu ovqatına bir bahar havası gətirir. Nə danım, tarixi məqamların da burada poetik dillə verilməsi müəllifin soy-kökə bağlılığının ifadəsi kimi qəbul edilməlidir. Məsələn, folklorumuzdan bizə məlum olan nümunələrdən biri ağ və qara qoç haqqında uydurulan əfsanə, rəvayət, yaxud nağıl burada lirik ricətlərlə özünə yer tapıb:
...biri varmış, biri yoxmuş,
yuxarı mərtəbədə Allahın
aşağı mərtəbəsində
qulu çoxmuş...

1988-ci ildə, daha doğrusu, dördbölümlü acıtmalı, çatdırmalı bu təkərləmə Qarabağda daşnakların yenidən diş qıcadığı vaxtlar qələmə alınıb “Ağ qoç, qara qoç”.
“Ötən yüz ilşeirini qardaşı Arifin əziz xatirəsinə həsr eləsə də, dədə-baba yurdunun tarixini vərəqləyir, soy-kökünün Qarabağda yerin yeddinci qatına kimi, yeddi arxadandönəninin bu ulu yurdda torpağa baş qoyduqlarını demək istəyir:
...yurd yerimiz Qarabağ
otuz iki Cavanşirin bir tirəsində
atamız Alıoğlu Şükürün soyunda
anamız Arazın qarşı yaxasından
bir güneyli Xosrovoğlu Fərəcin
sonbeşiyi -Tutubəyim
1900-lərin
üstünə gələn yüz ilin yolçuları
obamız Qızılbaş çölünün
çiynindəki Bəhmənli söyləyim...

Iyirmi birinci yüzilin 2014-cü təqvimi at üstə təhvil verilib. Murad üstə olan ildə şah babamızın atlarının ayaqlarının altından qopan qığılcımlardan bir ocaq çatır ömrünü şükranlıqla xərcləyən qardaşımız:
...bu atlılar keçdilər Savalanı
bu atlılar keçdilər Qarabağı
keçdilər bu atlılar Göyçəni, Qarayazını
çoxunu və azını...
Nə istəyir müəllif, Allah?! Tariximizin ağlı-qaralı səhifələrində yatanları oyatmaqmı? Qarabağa, ordan ötüb Dəlidağa, atlanıb Ağrıdağa yolmu başlamaq həvəsində?! Yoxsa bu nədi nərəsində?! Deyiminə, istəyinə, yalvarışına bir baxın:
göylərin altında ağlama, nolar
bu dərə yuxarı, yamac yuxarı
səndən yana yeddi ağac yuxarı
kişnəyir, Qıratdı dağ ətəyində
yanında, - obanda anandı
kətan köynəyinnən ağ ətəyində
yeləni yaşıl və lacivərd
qırmızı-qızıl bayraq
üstündə bir Misri qılınc var,
al, göyə qaldır.
göylərin altında ağlama daha..
.
-Yolun hayanadır, qoca, deyə sormaq istədim?!
-Dədəm Qorquda doğru. Gör bir Xankəndi xanalarını necə itirib:
... öldüm oğlan yaşında
öldüm adım öləndə.
ermənilər – gəlmələr
aralarında məni
dağ-dağ, daş-daş böləndə...
... türk oğlu, türk övladı,
yaxşı saxla yadında,
yadında, yaddaşında:
mənim günlərim vardı,
al güllü, al çiçəkli,
yamyaşıl ormanlarda
yel qanadlı atlarım
yalmanları küləkli..
...türk oğlu, türk övladı,
şahə qaldır atları,
varın, gedin deyirəm
yurdsuzların elinə,
nizə qana boyansın,
yayınızı bir çəkin
yağıların üstünə,
ox sümüyə dayansın...

“Son bahar rüzigarı”. Ötəri yerə deməyiblər ki, dünya iküzlüdür. Onun rəngi də ikidir - ağ və qara. Ağ və qara qoç haqqında əfsanə də elə-belə, ötəri yaranmayıb. Qara böyüklük, ucalıq simvoludur türkçülükdə. Amma bu rəng yamanca ağır olur. Kitabın üz qabığındakı qara rəng də, sən demə, “Son bahar rüzigarı”nınkı imiş.
Oxuya bilmədim bu sətirlərdəki ağrılı ifadələri. Baxın, siz oxuya bilsəniz, dözümünüz dağ boydadır demək: “Bu silsilə tək oğlum Rəbbimin son sözlərinə və ayrılıqdan anasına, bacısına, mənə qalan kədərli, hüznlü günlərin üzünə yazılıb. Bu şeirlər on üç yaşın tamamında dünyasını dəyişən bir ömrün (ömürə bax ey!-M.N.) son bahar rüzigarları kimidir”...
Şükür Şənol, Tanrısına bu ayaqda tapınsa, sığınsa belə, dərdi kitaba sığmır. Ayrılıq, hicran, kədər, möhnət, qəm-qüssə... hamısı burada var. Oxumaqmı olar acgözlüklə bu acılıqda yazılanları?! Burada ata həsrətiylə bala ayrılığı qol-boyun olub. Qolları qoynuna çataqlanmayıb, əlləri göylərə, balasını qanadlarına alıb aparan mələklərə doğru uzalı qalan ananın. Fəryadını, yaxud ölüm ayağında ana-bacısına son sözlərini qırıq-qırıq çatdırmaq istəyən on üç yaşlı balanı necə dinləyəsən, dilləndirəsən?! Ata - müəllif bu əzab və işgəncələrlə dolu ömür səhifələrini “məhbus günlərim” adlandırır. O, burada yalnız özü ağlamır və ağlatmır. Əsərinin qəhrəmanını dilləndirir:
nə olaydı indi Arazqırağı
kəndimizdə olaydıq
gedəydik biçənək yerinə zəmi yerinə
şirin-şirin baxaydın
göynən əlləşən atlara, alapaxtalara
dolu-dolu dodaq sıxaydın
gülöyşə narlara...

Son ümidləri də qürub edən gözlərinə və qırıq-qırıq olan sözlərinə dirənən, mələklərin qanadlarında göylərin ənginliklərinə “pərvazlanmağa hazır”, bəyliyinə əli yetməyən balaca bəyin ana, ata, bacı istəyini nə eşitmək olur, nə də oxumaq:
hələ körpə balanı
görmüsən göylər aparır
gümgümüş Ay aparır
bir ağ bulud aparır
üzüm Ayın üzündə
saçımı ulduz örtür
əllərim göy üzündə
məni Tanrı istədi...

Kitabın maraqlı və oxunaqlılığını artıran bu ağrılardan baş qaldıran yalnız bu hiss və həyəcanlar deyil, onların əzabından doğulan digər yazılardır ki, onlardan birinin də müəllifi şair dostumuz Vaqif Bəhmənlidir. “Dərdin diriliyi” sərlövhəli məqaləsində (“525-ci qəzet”, 14.12.1999-cu il) məqaləsində Şükür Şənolun oğul itgisindən yaranan ağrısını bəşəri adlandıran Vaqif müəllim onu da əlavə edir ki, itirilənlə tapılanlar barədə müəllifin verdiyi suala “hə” deyirəm: “Şəkilcə dəyişik olan varlıqlar mənasına görə məhz eyni qiymət qazanır. Biz bu anlama güvənərək, “525-ci qəzet”də dərc olunmuş şeirlərini Şükürün oğlu Rəbbimin əkizi sayıram. Həyat qanunu ən adi həqiqətlərdən yaranır, görünür,nəyisə qazanmaq üçün nəyisə itirmək gərəkdir. Tapılan itənə görə əvəzmi? Bu müəmmalı suala düşünmədən “hə” deyirəm...
Bu şeirlərdə misralar yerinə “məhbus günlər” sıralanır. O günlər ki, Şükür çox tezliklə bu elegiyanı inildəyəcəyini, bu misraların hönkürəcəyini ağlına belə gətirmirdi, azarlı oğlunun yastığının böyrünü kəsdirib durmuşdu...
Ötən yay millət od tutub yandı... Və bir bəşərin ağlına da gəlmədi ki, bu yanğı Günəşdən deyilmiş, yayın cırhacırında (“bu yayın ortasında səsini eşidirəm qapıma yağan qarın”) bir qəlbin təşnəsindən imiş”!
...Yol başlamışdım uşaqlıqdan - uzaqlardan, tozlu-torpaqlı, çarıqlı-patavalı. Dizə kimi toz-torpağa batırsa da, ayaqlarımız dinc idi, axı, torpaq üstüydü - istiydi, elə yayda da, qışda da, baxmayaraq ki, qar dizimizə, çovğun gözümüzəcən olardı. İndi də yol gedirik, amma qaraüzlü yollarnan, birimiz piyada, birimiz röyada...
Hardan başlayıb hara gələcəyimi kim bilirdi ki... Göz açdım ki, aylar illəri aldada-aldada, həftələrə, günlərə bölünə-bölünə bizi bölük-bölük edib, eldən-obadan aralayıb, yaralayıb.
Dünən oxuduğum kitablarda bu qədər ağrı-acı yox idi vallah. Bəlkə də olub, qanmamışam, duymamışam, ona görə oxumaqdan doymamışam. Kitablar, onun səhifələrində yer alan əsərlər sanki cənnətdən bəhs edərdi... Allah insaf versin sizə, qələm və söz adamları, adamı elə doyuzdurursuz ki...


Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!