TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
Tarix : 22-08-2013, 15:00
Ermənilər Aşıq Nəcəfi necə öldürdülər?


Aşıq Ələsgərin məşhur şəyirdlərindən olan Aşıq Nəcəf 1876-cı ildə Göyçə mahalının Daşkənd kəndində-çoban Allahverdinin ailəsində anadan olub. Ailənin tək oğlu olan Nəcəfin atası Allahverdi kişi oğlunu molla məktəbinə qoyur. Burada Nəcəf ərəb və fars dillərində yazıb-oxumağı öyrənsə də maddi çətinlik üzündən məktəbi yarımçıq qoyaraq atasının yanında çobançılıq edir. Uşaq yaşlarından özündə aşıqlıq sənətinə güclü meyl hiss etdiyindən sazda çalıb-oxumağı da öyrənir.


Ustad Ələsgərlə ilk görüş

Daşkəndli Hacı Kərim oğlu Muxtarın toyuna Aşıq Ələsgəri dəvət etmişdi. Ustad aşıq şəyirdi Aşıq Əsədlə toyun ikinci gününü yola salırdı. Məclis nisbətən seyrəldiyindən arada Aşıq Ələsgər ağsaqqallarla oturub çay içir, Aşıq Əsəd meydanda oxuyurdu. Bu vaxt Nəcəfin atası Allahverdi kişi Nağı bəydən xahiş edir ki, Aşıq Ələsgərdən rüsxət al, bizim uşaq da bir hava çalıb oxusun.
Nağı bəy Aşıq Ələsgərdən icazə alır, Nəcəf ilk dəfə sazla camaatın qarşısına-Aşıq Əsədin meydanına çıxır. Sazı sinəsinə basıb məlahətlə bu şeiri oxuyur:

Nəfis tox olarsa ürək dar olmaz,
Zəhmət çəkilməsə süfrə var olmaz.
Sənət meydanında şəyird xar olmaz,
Nəcəfəm, ustadı pir ustad olsa.

Nəcəfin oxuması və sözləri Aşıq Ələsgərin çox xoşuna gəlir və Nəcəfi özünə şəyird götürür. Nəcəf uzun illər Aşıq Ələsgərə şəyirdlik edir. Özünün zil və məlahətli səsi ilə böyük şöhrət qazanır. Elə Nəcəfin toyunu da Aşıq Ələsgərlə Aşıq Əsəd eləyirlər. Deyilənlərə görə toy günü Nəcəfin nişanlısı Gülüstanı ata evindən çıxararkən onun əmisi Həzrətqulu irəli yeriyir ki, Aşıq Ələsgər Gülüstana bir tərif deməsə qızı verməyəcəyəm. Ustad aşıq orda Gülüstana üç bəndlik bir tərif də deyir:

Eşitmişdim görməmişdim üzünü,
Canlar yaxır süzdürəndə gözünü.
Aşıq Ələsgərəm, deyim düzünü
Doğrudan Nəcəfə taydı Gülüstan.

Aşıq Nəcəf ustadından fərqli olaraq təsadüfi hallarda, hansısa bir hadisədən bərk təsirlənəndə şeir yazıb. Onun sənətinin gözəlliyi təkrarsız ifasında, zil və məlahətli səsində olub. Aşıq Nəcəfin elə zil səsi varmış ki, oxuyanda hündürdə asılmış enli və halqavari piltə ilə yanan otuzluq lampanı keçirərmiş.
Dəli Alının bacısı oğlu Zeynalabdının toyunda maraqlı bir hadisə baş verir. Uzaqda gedən karvanın sarbanı bərk fikrə gedibmiş. Karvandan yüklü bir dəvə ayrılıb arxada qalıbmış. Həmin dəvənin də üstünə bir qurd gəlirmiş. Zurnaçı nə qədər püfləyirsə zurnanın səsi sarvana çatmır ki, onu fikirdən ayırsın. Qurd az qalıbmış ki, dəvəni haqlasın. Nəcəf dəli bir şikəstə çəkir:

Xabi qəflətdə yatıbsan,
Oyan sarban, dayan sarban!
Karvanı qurda atıbsan
Oyan sarban, dayan sarban!

Aşığın zil səsi sarbanı diksindirib yuxudan ayıldır. Əvvəlcə səs gələn tərəfə, sonra da karvana baxır. Qurd artıq dəvənin üstünə atılıbmış. Bu zaman güllə açılır. Toyda olan Qandal Nağı uzaq məsafədən nişan alıb qurdu vurur. Beləcə, Nəcəfin səsi ilə qaçağın gülləsi karvanı qurddan qurtarır.

Nəcəfin dövrü və baş verən hadisələr

Nəcəf yalnız aşıqlıqla məşğul olmayıb. O, ətrafında baş verən ictimai-siyasi proseslərdən də kənarda qalmayıb. Aşığın yaxın qohumu, yüz yaşında belə gümrahlığını itirməyən Mələk nənə söhbət edirdi ki, hələ 1918-ci il erməni-müsəlman davasında Nəcəf tutulmamışdan qabaq oğlanları Şəmiddin və Şəmistanla birlikdə ermənilərə qarşı igidliklə vuruşurdu. Hətta döyüşlərin birində qolundan da yaralanmışdı. Yarasın daşkəndli Loğman Səfər müalicə edirdi.
Gözəlliyi, boy-buxunu, ölçüyə gəlməz avazı ilə yanaşı Allah Aşıq Nəcəfə qeyri-adi bir istedad da veribmiş. O, başına gələcək əhvalatları əvvəlcədən yuxuda görürmüş. Həyatının sonunun da faciəylə qurtaracağını yuxuda görüb danışırmış. Deyilənlərə görə hələ Əsədlə Aşıq Ələsgərin evində şəyird olduğu günlərin birində gecə yarı oyanıb bir ah çəkib, ağlayır. Aşıq Əsəd də oyanır. Soruşur ki, ay Nəcəf nə olub, niyə ağlayırsan. Onda Nəcəf yuxusunu belə söyləyir:

Aman Allah nə yuxudu görürəm,
Açılacaq nə bəlalar başıma.
Görən kimsəm köç eylədi dünyadan
Töhmət qoydu el-obalar başıma.

Aşıq Nəcəf ermənilər tərəfindən necə tutuldu?

Rus havadarlarının köməyi ilə silahlanaraq Qərbi Azərbaycanda qanlı qırğınlar törədən ermənilər Göyçəni də qan çanağına döndərmişdilər. Ermənilərin aramsız hücumlarından qurtulmaq üçün Aşıq Nəcəf də bütün el-oba kimi əmisi oğlanları Molla Abuzər və Həsənqulu ilə birlikdə Kəlbəcərin İstibulaq kəndinə pənah aparırlar. Bu zaman Göyçənin güney, yəni Gədəbəyə, Qazaxa yaxın kəndləri (Şişqaya, Kəsəmən, Cil, Pəmbək və s.) yerindən tərpənməyibmiş. Kəsəmənli Səməd Ağa, şişqayalı Kor Tanrıverdi (gözləri çəp olduğu üçün belə deyirmişlər. O, həm də Göyçə üzrə Nikolayın «uçastkovısı» işləyirmiş) çalışırmışlar ki, ermənilərlə müsəlmanlar arasında barışıq yaratsınlar. Belə «barışıq qonaqlıqlarının» birində, yəni Zod kəndində Göyçəni talayıb darmadağın edən general Selikovun başını daşkəndli Hacı Rəhim kəsir (Selikov əslən Azərbaycanın Şəki rayonunun Qarabağlı kəndindən olub).
Selikovun ölümündən qabaq Kor Tanrıverdi Aşıq Nəcəfə sifariş göndəribmiş ki, Nəcəf araya barışıq qoyulub, köçünü qaytar Göyçəyə. Aşıq Nəcəf də əmisi oğlanları ilə birlikdə İstibulaqdan Şişqayaya dönəndə ermənilərə əsir düşür. Aşıq Nəcəfin böyük oğlu Şəmiddin, əmisi oğlanları Molla Abuzər və Həsənqulu birtəhər ermənilərin əlindən qurtulub, qaça bilirlər. Selikovun öldürülməsindən sonra daha da quduzlaşan ermənilər Kor Tanırverdini də, Səməd Ağanı da əsir götürürlər. Kəndləri isə oda qalayırlar.
Bəzi yazarlar səhvən Səməd Ağa, Kor Tanrıverdi və Aşıq Nəcəfin ölümləri arasında hansısa əlaqə axtarırlar. Hətta Aşıq Nəcəfin faciəli ölümünü Səməd Ağayla bağlamağa çalışanlar da var. Ancaq bunlar tamamən yanlışdır. Belə ki, Səməd Ağa Kəvər (indiki Kamo) türməsinə salınmışdı. Tanrıverdini isə öz mehtəri ilə Basarkeçərin köhnə bazarında bir-birlərinə öldürtmüşdülər. Sonradan Səməd Ağanın türmədə bir erməni dığasının ona vurduğu sillədən ürəyi partlayıb ölmüşdü. Bu zaman və bundan çox sonra da Aşıq Nəcəf yaşayırmış və ermənilər öz şənliklərində onu oxudurmuşlar. Elə Nəcəfin o günlərdə yazdığı şeirlər də onun dustaq həyatından xəbər verir:

Əsən yellər bir Allahın eşqinə,
Mənim də ərzimi vətənə yetir.
Ümidim, pənahım, qibləgahımdı
Zülümün daşını atana yetir.

Və yaxud arvadı Gülüstana yazdığı-

Nəcəfəm, üzünə qapılar bağlı,
Talehi qaranlıq, sinəsi dağlı.
El-oba həsrətli, vətən soraqlı
Mehribanım, şirin canım, hardasan?

Bir məqama da toxunmaq istəyirik. Hələ Aşıq Nəcəf tutulmamış Hacı Rəhim (Selikovun başın kəsən) eşidir ki, Nəcəf köçünü Şişqayaya gətirib, Hacı Kərəmin evinə yığılıblar. Hacı Rəhim oğlu Mehdiylə ona belə bir namə göndərir:

Nəcəf bağlanıbdı o bənd, o bərə
Amandı, əlini elindən üzmə.
Qayıt, Kəlbəcərə aşır köçünü
Allahın adını dilindən üzmə.

Aşıq Nəcəf isə Hacı Rəhimə cavab verir ki, artıq iş-işdən keçib. Qayıtmağa imkan yoxdur. Hacı Rəhimə bir şeir də göndərir:

Hacı günahlarım bağışlanılmaz,
Eldən ayrı saldı fitnə-fel məni.
Qəzanın dəryası göz önündədi
Aparacaq yaman daşqın, sel məni.

Başqa bir kövrək şeirində isə Hacı Rəhimə belə yazır:

Hacı Rəhim, sən Əsədə deginən
Mənim də qeydimə qalsın, ağlasın.
Ağır məclislərdə, söz yığnağında
Hərdənbir yadına salsın ağlasın.

Etiraf edim ki, mən özüm də «Aşıq Nəcəf və Gülüstan» dastanında bəzi səhvlərə yol vermişəm. Belə ki Hacı Rəhim əvəzinə Aşıq Rəhim yazmışam. Bəziləri isə Hacı Rəhimi Kalvayı Rəhim kimi göstəriblər. Faktlar bir daha göstərir ki, şeirlər Hacı Rəhimə yazılıb. Həmən şeirlər Aşıq Nəcəfin yanından qayıdarkən yolda ermənilər tərəfindən vurulan Hacı Rəhimin oğlu Mehdinin cibindən çıxıb.

Tarixdə görünməmiş erməni kəşfləri

Tarixdə çox elmi kəşflər olub. Ancaq sən demə bir kəşf də varmış. Erməni vəhşiliyinin icad etdiyi insan öldürmək kəşfləri. Bu vaxta qədər alman faşistlərinin vəhşiliyindən çox eşitmişdik. Sonradan məlum oldu ki, bunların çoxu sovet ideoloji aparatının uydurduğu yalanlar olub. Xocalı faciəsindən sonra bir daha anladım ki, Yer üzündə erməni vəhşiliyi ilə ölçüyəgələcək ikinci bir dəhşət olmayıb. Həm də ermənilər insanı öldürmək üçün ən ağılasığmaz vəhşi kəşflər ediblər. İnsanın belinə qaynar samovar bağlamaq, körpələri dəmir boruya doldurub ağzını qaynaqlamaq, hamilə qadınların qarnını yırtıb hələ dünyaya gəlməməmiş körpələri süngüyə keçirmək, ölmüş insanın meyidini təhqir etmək və s. İnsanın qanını donduracaq bütün bu vəhşi kəşfləri ermənilər ediblər və yaxşı olardı ki, gözləri kor, qulağı kar olan dünya bu kəşfləri nəhayət ermənilərin adına sənədləşdirəydi.
Uzun əzab və işgəncələrdən sonra daşnaklar Aşıq Nəcəfi Basarkeçərin yaxınlığındakı Çaxırlı kəndinin ərazisindəki Güllü təpəyə gətirirlər. Buradan Aşıq Nəcəfin kəndi Daşkənd də aydın görünürdü. Ömrün sonunun yetişdiyini görən Aşıq Nəcəf üzünü doğma kəndinə tutub yanıqlı-yanıqlı oxuyur:

Könül quşu uç, get vətən elinə,
Mənə o ellərdən bir xəbər gətir.
Yetir əhvalımı nər igidlərə
Qasımı, Ziyadı birtəhər gətir.

Görsən nalə çəkir oğulsuz ana,
Deginən ömürü getdi bəd-fəna.
Qoy düşmən gülləsi dəyməsin mənə
İçməyə vətəndən bir zəhər gətir.

Nəcəf bilmir harda qaldı Gülüstan,
Şəmiddin, Şəmistan, Mikayıl, Asdan.
İsmayıl körpəydi çıxammaz yaddan,
Xudam, sən üzünə xoş səhər gətir.

Nə aşıq Nəcəfi gülləylə öldürdülər, nə də İsmayılın üzünə xoş səhər açıldı. Nəcəfin oğlanları Şəmistanı, Mikayılı, Asdanı və İsmayılı əsir götürüb yaxınlıqdakı «Tüstülü»-Qırxbulaq kəndində bir dama salmışdılar. Onları atın qabağına salıb Aşıq Nəcəfin yanına gətirirdilər. Yolda körpə Asdan və İsmayıl erməni qaniçənlərinin atlarının ayaqları altında qalaraq həlak oldular. Şəmistanla Mikayılı isə gətirərək Aşıq Nəcəfin gözləri qarşısında ayaq-baş diri-diri basdırdılar. Bu dəhşətlərdən ürəyi para-para olan Aşıq Nəsəf yana-yana bu şeiri deyir:

Təzə-təzə göz açmışıq dünyaya,
Nə gün gördük, dövran sürdük, ay oğul.
Şükür qıldıq, bağban olduq, bağ əkdik,
Xəzan vurdu, heç nə dərdik, ay oğul.

Daha sonra üzünü erməni cəlladı Bolyanikə tutub deyir:

Səni də məni də Allah yaradıb,
Gəl baş endir Yaradana Bolyanik.
Vermə mənə bu zülümü, zilləti,
Batmaginən nahaqq qana Bolyanik.

Son anlarında yenə üzünü vətənə sarı tutub nalə çəkir:

Xəbər çatsa, bu halıma
Yaylaqların gülü ağlar.
Gözəllərin, göyçəklərin
Çin-çin olan teli ağlar.

Bolyanikin arvadı da burada olur. Ərindən xahiş edir ki, bu aşığı öldürməsin. Erməni cəlladı naqanını çıxarıb arvadına tuşlayır və içindəki bütün güllələri arvadının ürəyinə boşaldır ki, niyə türk aşığının xahişini edir. Nəcəf görür ki, artıq xilas yolu yoxdur, vaxtı çatıb, üzünü vətənə tutaraq bir bayatı çəkir:

El gəlsin an üstəyəm,
Gedirəm, kan üstəyəm.
Nə çəkilməz dərddi bu-
Yaram yox, can üstəyəm.

Erməni cəlladları aşığın sazın əlindən alıb sındıraraq yanan samovara doldururlar. Daha sonra qaynayan samovarı Aşıq Nəcəfin kürəyinə bağlayırlar. Sonra da aşığı samovar kürəyində qurğuşuna tuturlar. Xalqın böyük sənətkarı o zamana qədər insanlığın belə görmədiyi dəhşətli bir əzabla öldürülür. Bu hadisə erməni faşistlərinin xalqımızın başına gətirdiyi minlərlə faciələrdən yalnız biridir.
Əgər belə bir vəhşiliyi türklər törətsəydilər ermənilər bütün dünyaya car çəkər, türkləri biabır etməkdən ötrü yüz yerdə heykəl qoyar, abidə ucaldar, daha hansı hoqqalar qalmazdı ki, çıxarmasınlar. Təəssüflər olsun ki, faciələrimizdən çox danışsaq da, nədənsə ciddi bir iş görməyə çalışmırıq. Məgər Aşıq Nəcəf kimi böyük bir sənətkarın heykəlini qoymaq, yaxud bu faciəyə bir abidə yaratmaq olmazdımı? Ən azı erməni vəhşiliyini dünyaya göstərmək üçün buna çox ehtiyac var.

Sərraf Şuriyə
Azərbaycan Yazıçılar və
Jurnalistlər Birliyinin üzvü,
Məmməd Araz mükafatı laureatı
“ Bütöv Azərbaycan” 11.12.2008 № 5


Paylaş



Bölmə: Göyçə / Köşə / Karusel / Manşet
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!