Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
Tarix : 26-08-2013, 12:33
Məcnun Göyçəlinin poeziyası


QOCALDIM

İlk görüşdən saçlarıma toxundu,
Gözdən gəldi qaranlığım, qocaldım!
Qoşun qalxıb, döyüşlərim başladı,
Təslim oldu cavanlığım, qocaldım!

Kölgə vurur kamanımnan süzən ox,
Yollar yaxın, səfər uzun, gedən çox!
Qapı döyür «biri vardı, biri yox»!
Qəm-qüssədir yavanlığım, qocaldım.

Çələng hörün Ayselimin telinnən,
Bəm köklənir fəğanımın zilinnən.
Gələn-gedər, ev-eşiyin dilinnən,
Zəhlə tökür hər qılığım, qocaldım!

Uzaqlarım yaxınıma daş atır,
Ötən günlər hərdən üzə yaş atır.
Nə çirkin var, nə gözəllər qaş atır,
Cana keçib «şoranlığım», qocaldım!

Nə həvəsə, nə istəyə var gəlir,
Yağış kəsib, yaz yerinə qar gəlir.
Qoca dünya mən qocaya dar gəlir,
Gözdən düşüb heyranlığım, qocaldım!

İnnən belə «Göyçə gülü» istərəm,
Yurd torpağı, ocaq külü istərəm,
Göyçək eldən «Göyçə gölü» istərəm,
Kəsilmədi qurbanlığım, qocaldım!

Həsrət qonub gözlərimin yaşına,
Qəm sökülmür, niskil sına, daşına.
Bir dönəydin, dolanaydım başına,
Ayaqyalın çobanlığım, qocaldım!

Məcnun, çalış söz pərini göz tuta,
Kəlmələrin cığır tuta, iz tuta.
Cavanlığım qocalığa üz tuta,
Geri dönə bir anlığım, qocaldım!

İyun 2013

ATƏŞKƏSLƏ «KEFDƏYİK»

Pis gündə axşamladıq,
Od bişirmir çörəyi.
Allahla yaşatmırıq
Allah verən ürəyi!

Çörəyində canı yox,
Diri qalıb ölənin!
Çiyni qana söykənib
Xalq çiynində gələnin!

Vallah bəndəlik deyil
Əməlimiz, işimiz.
Fırıldaqda kişidir,
Arvadağız kişimiz!

Haqqın tərəzisində
Şeytan yükü çəkən var!
Bir iynənin sapına
Yurdu-yurda tikən var!

Rüşvət buludlarında
Şimşək təki çaxırıq.
Tanka, topa, tüfəngə
Cehiz kimi baxırıq!

Vətən gəzir erməni
Qarabağın daşında!
Atəşkəslə «kefdəyik»
Torpağın gözyaşında!

Qanadı çoxdan sınıb
Səfalətin, zillətin.
Arvadlıq kursu keçib
Kişiliyi millətin!!!

May 2013

APARIR

Şeytana daş atana bax,
Torpağa haram aparır!
Allah Qarabağa enib,
Kilsəyə Aram aparır!

Sinəmizi aça-aça,
«Dost» tapmışıq, dili haça.
«Patrebi» dırmanır xaça,
Sərvəti «Xram» aparır!

Cıdarladıq sağa-solu,
Həmzə qalır, köçüb Bolu!
Özgələri hünər yolu,
Bizləri də ram aparır!

Cilovsuzdu böhtan atı,
Bizdən keçir haqqın çatı!
Harınların qazamatı
Hər günə bir xam aparır!

Məcnun, bu yol uzaqdı çox.
Gül çəkdirir yanağa tox.
Müftəxorda tərəzi yox,
Binəva qram aparır!
2013

DÜNYA GÖZÜMDƏ SÖNÜB

Dünya gözümdə sönüb,
Ögey bir ana kimi.
Ömrümü toxuyuram,
Fikirdən xana kimi.

Göylər Günəş, Ay asıb,
Perikmiş can tüstümə!
Dərələr məzarımdı,
Dağ yeriyir üstümə.

Ürəyimin səsini
Addımlarım gizlədi.
Böhtan burdu çölümü,
Şər içimi izlədi.

Ümidimə tor atır
Üç ayaqlı qocalıq!
Ucalığa qonarmış
Demə qeyrət, ucalıq.

Mən qürbətə vətənin
Qoxusunu gətirdim.
Yaşamağın, ölməyin
Qorxusunu gətirdim!

Koroğlu Çənlibeldə,
Həmzə yatıb örüşdə.
Ruhumu axtarıram
Bu qaydasız döyüşdə!
May 2013

MƏNƏ SÖZ VERİN

İşığında ümidimə şər qarışıb, gecə
düşən yerli telekanal mənsublarına

Məni dildən vurub, sözdən aldılar,
Bir sönməz ocaqdım, közdən aldılar.
Baxışdan aldılar, gözdən aldılar,
Zirvədən-zirvəyə kəl oynadardım,
Tanrıya yetərdi səsim, sorağım,
Sərraf bazarında ləl oynadardım. -
Heyf o günlərə, heyf, min heyf;
Açılan sabaha döndərin məni,
Yer verin, yol açın, dindirin məni!

Bir karvan itirib baxtımın çölü,
Güllərim həşəmdi, bülbülüm ölü!
Göyçəsiz zarıyır Göyçəmin gölü. -
Qərib şamı təki yandım, tükəndim,
Tüstümə boy verir içimin odu! -
Necoldun yurddaşım, hardasan kəndim?! -
Ruhumu oynadıb işıq selində,
Nolar, öz Kəbəmə göndərin məni,
Yer verin, yol açın, dindirin məni!

Danışım alçaqdan, nadandan deyim,
Satqın loxmasını dadandan deyim.
Bu boyda vətəni udandan deyim! -
Qeyrətə kişnəmir yəhərsiz kəhər,
İndi qayalara bayquş qan tökür.
Rüşvət quyruğunda sürünən hünər
Arvad yaylığına kişilik bükür! -
Qartal qanadından endirin məni,
Yer verin, yol açın, dindirin məni.

Kinində çalxanır yerindən duran,
Mahalda baş kəsib, eldə göz qıran.
Belə qurmamışdı qurğunu quran! -
Şeytandan danışır fələk minbəri,
Allah axtaran yox haqq dərgahında.
Ümiddən asılsa zülmün kəndiri,
Bayraq dalğalanmaz şəhid qanında! -
Bu yerə, bu göyə gətirin məni,
Yol verin, yol açın, dindirin məni!

Elmin «təntənəsi» boğazdan keçir,
Təbabət «ver» deyib, dayazdan keçir,
Daha can dərdimiz Arazdan keçir! -
İnsafa «yox» yazıb əczaxanalar,
Baxışlar yalvarır vicdan satana.
Hər tində, döngədə bir qəlb qıran var, -
Görən, nə düşünür süd verən ana?! -
Söz-söz, kəlmə-kəlmə bitirin məni,
Yer verin, yol açın, dindirin məni!

Halaldan əl çəkib təndirin badı,
Xamanın ləzzəti, balın bal dadı.
Boğazdan keçənlər cana qalmadı,
Vallah, ürək yeyir damarda qan da. -
Azar döyən qapı doğmadan da çox,
Pul bülövə çəkir qılıncı qında! -
Ömrün fəryadını duyan varmı? - Yox!
Manqurta, məddaha göstərin məni,
Yer verin, yol açın, dindirin məni!

Bu vəhşət, bu sitəm deyin birdimi?»
Kreslo qurşunu vurdu mərdimi!
Şuşa külə qatıb Göyçə dərdimi! -
Gerçəyi yamanmış yalan nəfəsin,
Səfalət barmağı çənədə gəzir.
Süquta ağ bayraq qaldıran kəsin,
«Kontrakt» imzası sinədə gəzir! -
Yapa-yalqızlara bildirin məni,
Yer verin, yol açın, dindirin məni!

2012

SƏN DƏ O DAĞLARDAN ÖMÜR DƏRMİSƏN

Şeirlərimin mahir bilicisi və qiraətçisi, parlaq ziyalı, peşəkar polis işçisi, dost adını uca tutan, sadəlövhlüyü ilə ürəklərdə yeri olan polis polkovniki, əzizim Nizami Məmmədova ithaf edirəm.

Sən də o dağlardan ömür dərmisən,
Yuvalı çöllərə arzu sərmisən.
Şair təbiəti oxumaq üçün
Əmdiyin bulaqlar göz verib sənə.
Zirvə babaların ruhundan uca
Qartallı qayalar söz verib sənə.

Bəstəçi dağ çayı yolunu açıb,
Şahin qanadları qolunu açıb.
Kişilər içində kişiləşmisən,
Genindən danışıb damarında qan.
Hər gün Yaradana yaxınlaşmısan,
Tanrının nurundan süzüldükcə dan.

Quran ayəsidir vətən torpağı!
Daddı halallığa balı, qaymağı.
Dəymiş nənələrin dəymiş motalı
Təndir lavaşına qiymət qoyardı.
Burda dəyişməzdi kişilik yolu,
Kişilər kişiyə hörmət qoyardı.

Sübhə açıldıqca ismət qapısı
Xoş gün toxuyardı ömür xanası.
Halal süd əmənlər baxışlanardı,
Evlər qol açanda eldən gələnə.
Ocaq daşları da qazan asardı
Əldən gələnə yox, beldən gələnə!

Ömür kitabıydı yaz axşamları,
Diləkdə yanardı bayram şamları.
Yer-göy açıldıqca o əziz günə.
Səməni fərəhə fındıq atardı.
«Lopa»lar Ağrıya salam göndərib,
Şəruru göylərdə atıb-tutardı!

Necoldu qoğallı, noğullu günlər?!
Gözəllər oynadan oğullu günlər!
Hanı Aşıq Cəlil? «Cəlili» çalmır!
Batıb Dərələyəz Göyçə yasında!
Bir şeir istərəm Vahid Əzizdən,
Təlatüm oynatsın qəm dəryasında!

Eh, əziz qardaşım, keçdi o günlər,
Taleyim diz çöküb, ümidim inlər!
Mən səndə tapmışam o göyçək eli,
O dağın, dərənin qoxusu səndə.
Qərib durnaları axtarır gözüm!
Sən mənim şeirimlə məndən deyəndə.

Ucasan, məğrursan əzəmətinlə,
Saflaşmaq gərəkdi saf niyyətinlə.
İzzəti-şərəfə körpüdür yolun;
Yeni qanad verdin peşənlə mənə.
Polkovnik paqonun ver, mənim olsun,
General paqonu yaraşır sənə!

İyul 2013

GÖYÇƏ ÇİÇƏYİ

Buxaq qönçələrdə ləçəkləşmisən,
Bulaq əmə-əmə qəşəngləşmisən,
Sevib-sevilənin baxışlarına
Boylana-boylana çiçəkləşmisən -
Gözəllər telində mələk çiçəyim,
A Göyçə çiçəyim, göyçək çiçəyim.

Rahiyən sevgidi dağlar mehinə,
Arılar səs verər çəmən zehinə.
Günəş elçisinə sevilmək üçün
Mirvari düzərsən sübhün şehinə -
Durna qaqqıltılı, lələk çiçəyim,
A Göyçə çiçəyim, göyçək çiçəyim.

Elə bil durnalar tellənib burda,
Çöllərin taleyi güllənib burda.
Tanrı bu yerlərə nurunu yayıb,
Vallah, tavuz quşu dənlənib burda! -
Hər arzu, hər ümid, dilək çiçəyim,
A göyçə çiçəyim, göyçək çiçəyim.

Qonaq, gözlərinə taxma eynəyi,
Qovla ağrıları, unut göynəyi.
Aşıq Qurbaninin «Göyçə dastanı»,
Aşıq Ələsgərin sarı köynəyi, -
Babam Ağ Aşıq tək kövrək çiçəyim,
A Göyçə çiçəyim, göyçək çiçəyim.

Biz nəyi sayırdıq, fələk nə saydı?!
Qürbətin sevinci ölümə taydı.
Ətrin oyadaydı çəməndə məni,
Şehinə batdığım günlər olaydı. -
Ümid Allahadır, dözək, çiçəyim,
A Göyçə çiçəyim, göyçək çiçəyim.

Bir yaz buluduyam, dolub, ağlaram,
Yurd-yuva Məcnunu olub, ağlaram.
Ömrümün sayılı günləri qalıb,
Solğun vaxtlarımdı, solub ağlaram!
Qan yeyir içimdə ürək, çiçəyim!
A Göyçə çiçəyim, göyçək çiçəyim.

8.VII.2013

Məcnun Göyçəli


Paylaş



Bölmə: Göyçə / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!