Kreml: Hazırda Rusiya-ABŞ sammitinə ehtiyac yoxdur .....                        PKK İraq və Suriyada da fəaliyyətini sonlandırmalıdır - Fidan .....                        Sumqayıtda tapılan azyaşlının valideynləri axtarılır .....                        Siqaret qadağası tətbiq edən ilk ölkə - Maldiv adaları .....                        Türklər haqqında təsəvvürümüz Rusiyanın uydurmasıdır - Paşinyan .....                        İran nüvə obyektlərini yenidən quracaq - Pezeşkian .....                        Mbappe Anrini geridə qoydu .....                        Yamala sağalmaz xəstəlik diaqnozu qoyulub .....                        Bakıda və rayonlarda yağış yağacaq - SABAHIN HAVASI .....                       
30-10-2025, 14:00
Xırdalanda “Qərbi Azərbaycan həqiqətləri”   mövzusunda bilik yarışı keçirilib


Xırdalanda “Qərbi Azərbaycan həqiqətləri”

mövzusunda bilik yarışı keçirilib


Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Qərbi Azərbaycan İcmasının Abşeron bölməsinin təşəbbüsü, Abşeron Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə rayonun ümumtəhsil məktəbləri arasında Qərbi Azərbaycan həqiqətləri mövzusunda bilik yarışı keçirilib.

Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, eləcə də Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Tədbirdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnar Rəhimova bildirib ki, regionlarda gənclərlə keçirilən bu kimi maarifləndirici tədbirlər Qərbi Azərbaycanla bağlı tarixi faktların gənc nəslə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Qərbi Azərbaycana Qayıdış Konsepsiyasından danışan G.Rəhimova Ulu Öndər Heydər Əliyevin Qərbi Azərbaycana qayıdış məsələsinə xüsusi önəm verdiyini vurğulayaraq qeyd edib ki, bu gün Ulu Öndərin siyasi kursunu uğurla və qətiyyətlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz möhtəşəm Zəfər qazanaraq öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa edib. Onun sözlərinə görə, üçrəngli dövlət bayrağımız artıq əzəli və əbədi torpaqlarımızda, işğaldan azad olunan ərazilərdə qürurla dalğalanır, Qarabağ sürətlə bərpa olunur, soydaşlarımız doğma ata-baba yurdlarına qayıdırlar.
Qərbi Azərbaycan İcmasının Abşeron rayon nümayəndəliyinin sədri Bilman Vəliyev çıxışında bildirib ki, İcma tərəfindən yüz minlərlə Qərbi azərbaycanlının hüquqlarının bərpası və onların doğma torpaqlarına – ata-baba yurdlarına qayıdışının təmin edilməsi istiqamətində genişmiqyaslı fəaliyyət həyata keçirilir. O vurğulayıb ki, bu məqsədyönlü və əzmkar fəaliyyət nəticəsində Qərbi azərbaycanlıların haqlı mübarizəsi bu gün təkcə dünya azərbaycanlıları deyil, həm də bir çox xarici ölkələrin vətəndaşları tərəfindən dəstəklənir.

Tədbirdə həmçinin Qərbi Azərbaycan İcmasının Abşeron rayon nümayəndəliyinin gənclərlə iş üzrə məsul şəxsi Heydər Vəliyev və Uşaq Səfirlər Məclisinin Abşeron rayonu üzrə nümayəndəsi Ayxan Abbaszadə çıxış ediblər. Onlar Azərbaycanın tarixi və Qərbi Azərbaycan İcmasının fəaliyyəti barədə gənclərə ətraflı məlumat verərək, tariximizin qorunmasında və nəsildən-nəslə ötürülməsində gənclərin rolunun xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar.
Bilik yarışında Abşeron rayonunun müxtəlif ümumtəhsil məktəblərini təmsil edən şagirdlər Qərbi Azərbaycanın tarixi, mədəni irsi və ədalətli qayıdış ideyası barədə biliklərini nümayiş etdiriblər. Yarışın qalibləri təşkilatçılar tərəfindən sertifikat və hədiyyələrlə mükafatlandırılıblar.




21-10-2025, 20:32
YURD HƏSRƏTLİ ƏBDÜL MƏMMƏDOV


YURD HƏSRƏTLİ

ƏBDÜL MƏMMƏDOV


Bu gün haqqında söhbət açacağımız Əbdül Məmmədov uzun illər dostluq etdiyim bir ailənin, ocağın ağsaqqalı idi. Qəlbindəki xeyir niyyəti nur çöhrəsinə sirayət etmişdi. Təsadüfi deyil ki, Qərbi Azərbaycanın kameral təsvirlərində xəbər uşağı, xeyir xəbər kimi adlarla qeyd olunublar. Kimdir Əbdül Məmmədov?

Məmmədov Əbdül Yusif oğlu 15 aprel 1941-ci ildə Qərbi Azərbaycanın Vedibasar mahalının Şidli kəndində anadan olub. O, taleyin hökmü ilə bir neçə dəfə köçkünlük həyatı yaşamışdır. Əbdül Məmmədov birinci dəfə ailəsi ilə birlikdə Vedibasar mahalının Şidli kəndindən 1948-ci ildə Ağdaş rayonunun Qoşaqovaq kəndinə deportasiya edilib. Türk düşməni İ.Stalinin ölümnündən sonra 1956-cı ildə yenidən ata-baba yurdu Şidli kəndinə qayıdıb. İkinci dəfə sonuncu etnik təmizləmə zamnı 7 dekabr 1988-ci ildə həyat yoldaşı və 4 övladı ilə birlikdə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Çalxanqala kəndinə yaşayan erməni ilə evi dəyişərək oraya köçüblər. Bir müddət orda qaldıqdan sonra Şidli kəndinin sakinlərinin böyük əksəriyyətinin Bakı şəhərinə köçməsi səbəbi ilə o da ailə üzvləri ilə birlikdə Bakı şəhərinə köçüb. Üçüncü dəfə 15 may 1991-ci il tarixində Xocavənd rayonun ermənilərdən azad edilməsini və oranın iqliminin Qərbi Azərbaycanın iqliminə oxşar olmasını nəzərə alaraq Xocavəndin Dollanlar kəndində köçmüşdür. Həmin kəndlərdə Ermənistandan deportasiya məruz qalmış azərbaycanlılar məskunlaşdırılmışdır. 02 oktyabr 1992-ci ildə Dolanlar kəndi yenidən ermənilər tərəfindən işğal edildikdən sonra Əbdül Məmmədov Bakıya qayıtmaq məcburiyyətində qalmışıdr.
Mərhum Ə.Məmmədov böyük dövlət adamı Heydər Əliyevin SSRİ rəhbərliyində olmasını özləri üçün güvənc yeri hesab edirdilər. 1987-ci ilin oktyabrında Heydər Əliyevin istefaya məcbur edilməsi xəbəri ermənilər sevincinə azərbaycanlıların isə kədərinə səbəb oldu. Ə.Məmmədov həmin günləri belə xatırlayırdı: “İrəvan şəhərinin mərkəzi meydanda SSRİ KPMK-nin Siyasi Bürosunun üzvlərinin foto stendində Heydər Əliyevin şəkilini “yırtılması”ı Ermənistanda yaşayan azərbaycanlılara çox pis təsir etmişdir. Şərur rayonunda fəaliyyət göstərən fotoqraflar Heydər Əliyevin mülki və general formasında şəkilləri böyüdərək çoxaldıb həmvətənlərimiz arasında paylayırdılar. Həmin günlərdə mən də H.Əliyevin iki şəkilini özümlə Şidliyə gətirərək general formalı şəkili avtomobilinin ön şüşəsinə vurdum, mülki geyimdə olan şəkil isə evin divarına asdım”.
Təsadüfi deyil ki, 1994-cü ilin oktyabr hadisələri zamanı Heydər Əliyevin xalqa müraciətindən dərhal sonra Əbdül Məmmədov ailə üzvləri ilə birlikdə Prezident Sarayının qarşısına gedərək dəstək mitinqində iştirak etmişdir. Əbdül Məmmədov övladlarını vətənpərvərlik ruhunda böyüdüb. Oğlanları Vidadi və İsmayıl Qarabağ müharibəsinin iştirakçısı, Ənnağı isə hüquqşünasdır.
Yurd həsrətli Əbdül Məmmədovun ən böyük arzusu doğulub boya-başa çatdığı Vedibasar mahalının Şidli kəndinə qayıtmaq olsa da o bu həsrətlə Bakıda 10 noyabr 2020-ci ildə vəfat etmişdir. Ruhu şad olsun!

Səməd Vəkilov,
hüquqşünas
20-08-2025, 14:01
Dərələyəzli Molla İmranın yüz il qorunan qədim kitabları


Dərələyəzli Molla İmranın yüz il qorunan qədim kitabları - FOTOLAR

Professor Mahirə Hüseynova: “Dərələyəz mahalının sayılıb-seçilən ruhanilərinə məxsus elmi irsin öyrənilməsi Türk dünyasının vacib tərkib hissəsi olan bu coğrafiyanın mədəni irsi haqqında dolğun təsəvvür yaradar”.
Əsrarəngiz gözəllikləri, meşə massivi, dağ silsiləsi, flora və faunası, bitgi örtüyü, yaylaqları, bulaqları, kəhrizləri, maddi və qeyri-maddi mədəniyyət abidələri ilə insanları heyran qoyan qədim türk yurdu Dərələyəz mahalı təkcə təbiəti ilə deyil həm də elmi-ədəbi mühiti ilə də öz səciyyəvi xüsusiyyətlərini qormuşdur. Təsadüfi deyil ki, fransız əsilli rus səyyahı İvan İvanoviç Şopen Qərbi Azərbaycanın Dərləyəz mahalını Qafqazın İsveçrəsi adlandırıb. Xüsusilə Dərləyəzin folkloru, elmi və ədəbi mühtinin formlaşdırdığı zəngin miras Qərbi Azərbaycan mədəni irsinin ən vacib tərkib hissəsidir.
Dərələyəz mahalının elmi ədəbi mühitinin öyrənilməsində ruhani institutunun elmi təsissatları olan mədrəsələrin fəaliyyəti də mühüm yer tutur. Çar Rusiyası dönəmində Dərələyəz mahalının bir çox kəndlərində dini təlimlər keçən mədrəsələr əsl elm ocaqları idi. Bundan başqa həmin mədrəsələrdə dini təhsil alan ruhanilər sonra dini təhsilini davam etdirmək üçün İraqın Nəcəf, Suriyanın Şam və və İranın Qum şəhərində dini hövzələrdə öz təhsillərini davam etdirirdilər. Adıçəkilən coğrafiyada əsasən İslam dinin Cəfəri (şiə) məhzəbinə etiqad göstərdikləri üçün daha çox akademik şiə ruhani təsisatlarının yerləşdiyi həmin şəhərlərdə təhsillərini davam etdirirdilər. Nəzərə alsaq ki, əhalinin böyük hissəsi həmin dönəmlərdə savadsız idi o halda akademik dini təhsil almış şəxslərin ruhani qismində cəmiyyət üçün nə qədər faydalı olduğu göz önündə canlanır. Belə şəxslər sonradan mahalın elmi və ədəbi mühitini formalaşmasında aparıcı rol oynayırdılar.

Bu gün haqqında söhbət açacağımız Molla İmran da belə şəxslərdən biridir. Molla İmran Həsənalı oğlu Həsənov 1865-ci ildə Dərələyəz mahlının Terp kəndində anadan olub. İlk dini təhsilini atası Həsənalıdan alıb (atası Nəcəfdə dini təhsil alması bildirilir). İmran Həsənov 1882-ci ildə Terp kəndindən İraqın Nəcəf şəhərinə gedərək orada 1895-ci ilədək təhsilini davam etdirib. 1896-cı ildə Dərələyəzə qayıdaraq mahalın saylı-seçilən din xadimlərindən olub.1905-1906-cı ildə ermənilər tərəfindən dinc əhaliyə qarşı həyata keçirilən soyqırımının şahidi olub. Ailəsi ilə birlikdə 1918-1919-cu illərdə Cənubi Azərbaycana keçməli olub. Sonra isə öz dogma kəndlərinə qayıdıb. O, Sona Ağamalıyeva-Həsənova (1874-1974) ilə ailə qurub. İmran Həsənov ömrünün sonuna qədər (1925) Dərləyəz mahalında dini fəaliyyətlə məşğul olub. Övladları və həyat yoldaşı 1951-ci ildə öz doğma yurdlarından deportasiya edilərək Salyan rayonun Qarabağlı kəndinə köçüblər. Hazırda İmran Həsənovun nəsli burada yaşayır. Molla İmranın nəslinin davamçısı Hacı Hüsnü Həsənov onun yolunu davam etdirir. O, Qafqaz Müsəlmanları İdarəsinin Salyan (Şirvan, Nefçala, Hacıqabul) rayonu da daxil olmaqla bir neçə rayonun Qazısıdır.
Molla İmranın zəngin kitabxanası ailə üzvləri tərəfindən yuz ildən artıqdır ki, mühafizə edilərək qorunmuşdur. Hazırda bu zəngin kitabxana din xadimi Hacı Hüsnünü şəxsi arxivində saxlanılır. Molla İmranın kitabları Dərləyəz elmi-ədəbi mühitinin öyrənilməsində önəmli mənbələrdəndir. Bu sahədə elmi araşdırmalar aparan ADPU-nin prorektoru professor Mahirə Hüseynova bu kitabların tədqiq edilməsini zəruri hesab edir. Qeyd edək ki, professor M.Hüseynova Qərbi Azərbaycan aşıq mühitinə aid ilk doktrorluq dissertasiyasının müəlifidir. Onun “XIX-XX əsr Qərbi Azərbaycan aşıq və el şairlərinin yaradıcılığının dil və üslub xüsusiyyətləri (Dərələyəz mahalı üzrə)” mövzusunda yazdığı elmi monoqrafiya bu mövzuda yazılmış ilk doktorluq dissertasiyasıdır.
Qeyd: Sözügedən qədim kitabları "Müvəkkil Hüquq Mərkəzi" İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Qərbi azərbaycanlıların yurd həsrəti: Salyana deportasiya" layihəsi çərçivəsində Salyan rayonun apardığımız araşdırma zamanı bizə təqdim edilmişdir.

Səməd Vəkilov
Tədqiqatçı-hüquqşünas
Fotoqraf: Rahim Qədimov
8-08-2025, 17:07
Xankəndidə “Qərbi Azərbaycan ” çağırışı


Xankəndidə “Qərbi Azərbaycan ” çağırışı- FOTO

Dünyanın hər yerində təhsil alan, çalışan azərbaycanlı gənclər, Qərbi Azərbaycanın təbliğində, həqiqətləri, tarixi və mədəniyyəti beynəlxalq ictimaiyyətə çatdırmaqda fəal olmalıdır. Xankəndidə "Konstitusiya və Suverenlik İli”nə həsr olunan Diaspor Gənclərinin VI Yay Düşərgəsində çıxışı zamanı keçmiş təhsil naziri, Qərbi Azərbaycan İcması Müşahidə Şurasının sədri Misir Mərdanov gənclərə belə bir çağırış etdi.

Qərbi Azərbaycan mövzusuna həsr olunmuş paneldə azərbaycanlıların öz tarixi etnik torpaqlarından deportasiya edildiyi, soyqırıma məruz qaldığı da xatırladıldı. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Esmira Xəlilovanın moderatorluğu ilə keçirilən paneldə hazırda Almaniyada yaşayan İrəvan xanının nəvəsi, İrəvan xanlığının tədqiqatçısı, Qərbi Azərbaycan icmasının fəxri üzvü Əmir Əli Sərdari İrəvani də maraqlı çıxışı ilə yadda qaldı. O, Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olan İrəvanda azərbaycanlılara məxsus çoxlu sayda tarixi, dini və mədəni abidələrin mövcudluğundan danışaraq, İrəvanın ən məşhur abidələrindən birinın Sərdar sarayının İrəvan xanlığının iqamətgahı olduğu barədə də panel iştirakçılarına məlumat verib. Əmir Əli Sərdari İrəvani çıxışında tarixin müxtəlif dönəmlərində İrəvanda böyük məscidlərin inşa edildiyi, onların çoxunun ermənilər tərəfindən dağıdılaraq yer üzündən silindiyini də vurğulayıb.
Çıxışını pozitiv ruhda bitirən natiq, bu gün Azad Qarabağda , Xankəndidə olmaq mənim üçün böyük xoşbəxtlikdir deyib. Bu torpaqların azadlığı asan başa gəlməyib. Şəhidlərimizin qanı, qazilərimizin canı, Ali Baş Komandanın siyasəti nəticəsində torpaqlarımızın 30 illik işğalına son qoyuldu. Tədbirdə Qərbi Azərbaycanla bağlı real faktlar, törədilən faciələrdən bəhs edən “Qərbi Azərbaycan irsi” adlı kitab, foto-sərgi və film nümayiş edildi. Qeyd edək ki, avqustun 3-dən 9-dək davam edəcək Diaspor Gənclərinin VI Yay Düşərgəsi Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə Xankəndidə keçirilir. Diaspor Gənclərinin VI Yay Düşərgəsində dünyanın 61 ölkəsindən 128 gənc iştirak edir. Bundan əvvəlki düşərgələr Şəki, Şamaxı, Şuşa, Naxçıvan və Laçın şəhərlərində baş tutub.






4-08-2025, 13:38
Qərbi Azərbaycandan deportasiyanın mənəvi-psixoloji aspektləri müzakirə edilib


Qərbi Azərbaycandan deportasiyanın mənəvi-psixoloji aspektləri müzakirə edilib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Müvəkkil Hüquq Mərkəzi” İctimai Birliyi tərəfindən həyata keçirilən “Qərbi azərbaycanlıların yurd həsrəti: Salyana deportasiya” layihəsi çərçivəsində SES TV-də növbəti veriliş yayımlanıb.
Verilişin aparıcısı “Müvəkkil Hüquq Mərkəzi” İctimai Birliyinin sədri, tanınmış hüquqşünas Səməd Vəkilov, qonağı isə Qərbi Azərbaycan İcması və İrəvan şəhər İcmasının sədri professor Fəridə Səfiyeva olub.
Verilişdə 1948–1953-cü illərdə Qərbi Azərbaycandan (indiki Ermənistan ərazisindən) azərbaycanlıların deportasiyası və onun mənəvi-psixoloji nəticələri ətrafında müzakirələr aparılıb.
Səməd Vəkilov qeyd edib ki, Qərbi Azərbaycan böyük bir coğrafiyanı əhatə edir və deportasiya zamanı əhalinin dağlıq ərazilərdən Kür-Araz ovalığına köçürülməsi rəsmi sənədlərdə pambıqçılıqla əlaqələndirilsə də, bu, faktiki olaraq zorla yerindən etmə hadisəsi olub:
"Təəssüf ki, iqlimə uyğunlaşa bilməyən və həyatını itirən soydaşlarımızın sayını hələ də tam müəyyən edə bilməmişik. Onları şəhid hesab etmək olar."
Fəridə Səfiyeva isə bildirib ki, deportasiyanın məqsədi Ermənistan ərazisində monoetnik bir dövlət formalaşdırmaq olub:
"İnsanlar ağır şəraitdə, zorla qatarlara doldurularaq köçürülürdü. Bu, dövlət siyasəti idi və məqsəd türksüz Ermənistan yaratmaq idi."
29-07-2025, 06:01
Səməd Vəkilov:  "Zəngibasar həsrətli Əkbər Əliyev"

Səməd Vəkilov:"Zəngibasar həsrətli Əkbər Əliyev"

"Müvəkkil Hüquq Mərkəzi" İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Qərbi azərbaycanlıların yurd həsrəti: Salyana deportasiya" layihəsi çərçivəsində Salyan rayonu Yeni Uluxanlı kənd sakinləri ilə görüşüb.

Bu barədə QHT.az saytına layihənin rəhbəri tədqiatçı-hüquqşünas S.Vəkilov məlumat verib. O bildirib ki, Yeni Uluxanlı kəndi əsasən Qərbi Azərbaycanın Zəngibasar mahalından İ.Stalinin qərarı ilə öz doğma yurdlarından deportasiya edilmiş Azərbaycan türkləridir. Belə şəxslərdən biri də Əliyev Əkbər Adil oğludur. O, 18 may 1941-ci ildə Qərbi Azərbaycanın dilbər güşəsi olan Zəngibasar mahalının Zəngibasar kəndində anadan olub. İlk ibtidai orta təhsilini Zəngibasarda alıb. Sonra 1949-cu ildə öz doğma yurdlarını məcburi olaraq tərk etmək məcburiyyətində buraxılaraq Azərbaycana Papanin (Əli Bayramlı) rayonuna I saylı Şirvan Pambıqçılıq sovxozunun 3-cü şöbəsinə köç ediblər.

Əkbər Əliyev: "Biz gələndə burada Vedibasar mahalının Vedi kəndindən 6-7 ailə məskunlaşmışdır. Tədricən 1949-cu ildən 1952-ci ilədək köçürülmə davam etmişdir. Biz 1949-cu oktyabr ayında bir vaqonda 11 ailə olmaqla ev əşyaları və heyvanlarla bir vaqonda Azərbaycana gəldik. Biz gələndə kəndin yolu yox idi. İşıq yalnız 1955-ci ildə çəkildi. İbtidai məktəb 4-cü sinifə qədər idi. Sonra 7 illik məktəb oldu".
Əkbər Əliyev o günlərdən danışarkən dərin ah çəkir. Atam Kərimov Adil Əli oğlu 1941-ci ilin mən doğulandan 6 ay sonra dünyasını dəyişib.Ailə başçısı kimi anam Xədicə Kərimova qeyd edilmişdir. Anam Kərimova Xədicə Cabbar qızı əslən İrəvan şəhərindən idi. O,1903-cü ildə İrəvan şəhirində doğlub. İndiki Ararat stadionu anam babam Cabbar kişinin bağ sahəsi olub. Əkbər kişi digər ailə üzvləri haqqında məlumat verir. Onun bacı-qardaşları hamısı Zəngibasarda doğulsa da yurd həsrəti ilə Salyanda dünyasını dəyişiblər.

Əliyeva Sara Adil qızı (1927-2014-cü il)
Kərimova Xanımzər Adil qızı (1932-2016-cı il)
Əliyeva Məryəm Adil qızı(1938-2021)
Əliyev Yaqub Adil oğlu (1930-1993)

Əkbər Əliyevin oğlu Zülfüqar I Qarabağ müharibəsinin iştirakçısı onun adını daşıyan Əkbər adlı nəvəsi isə 2024-cü tədris ilində ildə 550 bal toplayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Beynəlxalq münasibətlər fakültəsinə qəbul olmuşdur. Diplomat olmaq, siyasətlə məşqul olmaq onun uşaqlıqdan arzusudur. O, siyasət, tarix, coğrafiya ilə yaxından maraqlanır.Əsasən Qərbi Azərbaycan İcmasının tədbirlərində fəal iştirak edir, Qafan Rayon Gənclər Şurası ilə əməkdaşlıq edir. Qərbi Azərbaycanla bağlı bütün layihələrdə iştirak etməyə çalışır və onları dəstəkləyir, babasının məcburi çıxarıldığı Qərbi Azərbaycan torpaqlarına qayıtmaq uğrunda mübarizə aparmaq və doğma yurda qayıtmaq ən böyük arzusudur.
24-06-2025, 09:25
Yollar ayırdı bizi


Yollar ayırdı bizi

Dostum BƏXTİYAR BAYRAMOVun
x a t i r ə s i n ə


(ELEGİYA)
... İnsan ömrü yollarda keçir. Yola nə var ki?! Heç kəsin kimliyinə məhəl qoymadan hamını istədiyi unvana--mənzil başına çatdırar. Dərd bizim dərdimizdir: evdən çölə çıxanda yüz ölçüb, bir biçməyə çalışır, Allah-təaladan yolumuzun uğurlu olmasını diləyirik. Təəssüf ki, bəzən seçdiyimiz ən gözəl yolun da bizi ürəyimizdəki arzulara qovuşdurmağa "gücü çatmır."
Bəxtiyarla yolumuz dədə-baba yurd yerimizdə, İrəvan mahalında kəsişmişdi. Onda evli-eşikli kişilər idik. Halbuki bir-birinin beş addımlığında qərar tapmış Zəngibasar kəndlərində
(Bəxtiyar Asağı Necilidə, mən isə Qaraqışlaqda) dünyaya göz açıb , ərsəyə yetmişdik. Görünür, alnımıza belə yazılıbmış, yollar bizi məhz o vaxt-- 80- ci illərin ikinci yarısında Qərbi Azərbaycanın paytaxtında, "Sovet Ermənistanı" qəzeti redaksiyasında görüşdürməliymiş. Elə ilk tanışlıqdanca xasiyyətimiz tutduğundan qədim-qayım bir dostluğun təməli qoyulmuş oldu.
Aramızdakı xoş ünsiyyət həm də atalarımız, əmilərimiz, əmiuşaqlarımızın (yeri gəlmişkən, Bəxtiyarın əmisi oğlu Azər bəyi bu günədək özümə ən əziz dost bilirəm) yaxın tanış olmalarından qaynaqlanırdı.
Hər ikimiz ziyalı ailəsindən idik. Xüsusən, "Bayramov" soyadı o tərəflərdə yaxşı tanınır, hörmət-izzətlə qarşılanırdı. Tək bir fakta toxunacam: Bəxtiyarın əmisi Məhərrəm Bayramov olduqca böyük nüfuz sahibi kimi xatırlanırdı. O, vaxtilə məsul işlərdə (məs:Amasiyada raykom katibi) çalışmış, Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin sədr müavini vəzifəsinədək yüksəlmişdi. Məhərrəm müəllim həm də təcrübəli tədqiqatçı -alim, pedaqoq idi. Ömrünün son dönəmini isə jurnalistikaya həsr etmişdi--1974-cü ildən 1981-ci ilədək "Sovet Ermənistanı" qəzetinin baş redaktoru vəzifəsində çalışmışdı.
Bəxtiyar ixtisasca müəllim idi, amma qəzetçiliyə özgə bir həvəsi vardı. Təəssüf ki, bu yolda birgə fəaliyyətimiz uzun sürmədi-- müəyyən səbəblərdən Bakıya köçüb, burda yurd saldı.
1988-ci ildə Qarabağ hadisələri tüğyan edəndə mən də Bakıya köcməli oldum. Təbii ki, ilk görüşüb dərdləşdıyim adamlardan biri də Bəxtiyar oldu...
O zamanlar nələr çəkdiyimiz hamıya məlumdur. 90-cı-cı illərdə qaçqın və köçkünlərin mətbu orqanı olan "Vətən səsi" qəzeti fəaliyyətə başladı. Bəxtiyar da orda çalışırdı, özü də canla-başla! Hətta bir neçə ildən sonra baş redaktor vəzifəsinə qalxdı, çox gərəkli işlər gördü. Onda mən Az TV-də çalışırdım. Tez-tez zəngləşir, hal-əhval tuturduq. Bir müddət sonra isə... yollar bizi yenidən eyni məkanda görüşdürdü: Bəxtiyar televiziya sahəsinə keçmişdi. Necə deyərlər, dostluğumuza " ikinci nəfəs" verilmişdı. Və beləcə, olduqca maraqlı keçən aylar- illər bəzi məsələləri sanki arxa plana cəkmişdı. Yoxsa...Bir də ayılıb görməzdik ki, saçımız-saqqalımız əməlli-başlı ağarıb. Artıq Bəxtiyar TV-də xeyli püxtələsmişdı, "Maarifçilik" redaksiyasına rəhbərlik edirdi, o qədər arzusu, niyyəti vardı ki! Amma...
Belə yerdə deyiblərmis: "Sən saydığını say..." Hə, fələyin gözü tökulsün, qoy deyim. Bəxtiyarın səhhətində müəyyən problemlərin olduğunu bilirdik. Di gəl ki, belə yox də! Şəkər xəstəliyi "mehriban düşmənçiliyindən"qalmadı:qısa zaman kəsiyində gözləri bərk zəiflədi, böyrəklərində, ürəyində
ciddi fəsadlar baş qaldırdı. Neçə-neçə adda iynə -dərmanı bir yana, əməliyyat dalınca əməliyyatlardan keçdi.Allah-təala ömür-gün yoldaşının, iki oğul balasının, qızının canlarını sağ eyləsin, uzun ömür versin onlara! Göstərdikləri ideal qayğı, maddi-mənəvi dəstək, keçirdikləri daxili sarsıntıların müqabilində, heyif ki, Bəxtiyarı ayaqları üstə qaldırmaq mumkün olmadı...
Dərd gələndə batmanla gəlir, belə yerdə deyiblərmis. Şəxsən məni. yandırıb yaxan odur ki, taleyin üzü dönəndə yaman dönür, yaxşıya-yamana fərq qoymur. Bəxtiyar kimi həyatsevər, millətpərəst, ailəcanlı, qəlbitəmiz
bir İnsan, hər kəsin xosbəxtliyini istəyən, xeyirdə-sərdə yanında olan
vəfalı Dost bu qədər ağrı-acıya düçar olmamalıydı. Kaş ki, Əbədiyyətə, Haqq evinə sarı rahat, əcəli bir ölumlə, "ayaqları üstundə" getsəydi...
P.S. Yenə də yollar ayırdı bizi --özü də bu dəfə həmişəlik! Olümündən vur-tut 3 gün keçir. Amma bu qısa vaxt həftələr, aylar qədər uzun gəlir mənə... Elə gün olmazdı ki, zəngləşib hal-əhval tutmayaq. Arada görüşür, nisgilli çay süfrəsi arxasında oturub doyunca dərdləsirdik, Belə gorüslərə hədsiz sevinsə də, başıni agir-ağır bulayar, siqareti bir-birinin oduna yandırardı. Heç cür inana bilmirəm ki, o məhzun çöhrəsini, o mərhəm səsini bir daha eşitməyəcəyəm...
Allah rəhmət etsin, qəbri nurla dolsun!
Mərhum dostum barədə bu ürək çırpıntılarımı onun 70 illik yubiley yaşı
(3 il əvvəl) münasibətilə qələmə aldığım şeirlə tamamlayıram.

Gəl sənə söyləyim sözün düzünü,
Dünya belə gəlib, belə gedəcək.
Nahaq yerə çox da üzmə özünü,
Dünya belə gəlib, belə gedəcək!

Kiminin ağlı yox, bəxti yüyrəkdi,
Hər əməli yalan-palan, kələkdi,
İşə bax ki, düşünürlər mələkdi,
Dünya belə gəlib, belə gedəcək!

Qardaşım, səninki belə gətirdi,
Halalca zəhmətin kədər bitirdi,
Yaxşılıqlar etdin, dərd-sər yetirdi,
Dünya belə gəlib, belə gedəcək!

Nə tez ötüb keçdi cavanlığımız,
Gözəl günlərimiz, xoş çağlarımız,
Atalı-analı o vaxtlarımız,
Dünya belə gəlib, belə gedəcək!

Adın Bəxtiyardı, özün-biixtiyar,
Şükr, arxan-dayağın, oğlun-qızın var,
Sən öz gəncliyini nəvəndə axtar,
Dünya belə gəlib, belə gedəcək!

Cavanlıqda oymaq-oymaq gəzərdin,
Arana-yaylağa quştək şəkərin,
İndi hücum çəkir xatirələrin,
Dünya belə gəlib, belə gedəcək!

Yadına sal İrəvanı, Dilcanı,
Başına döndüyün daşı-qayanı,
Harda qaldı "Sovet Ermənistanı?"
Dünya belə gəlib, belə gedəcək!

Sən qələm əhlisən, söz adamısan,
Haqqın dərgahında saç ağartmısan,
Şükrlər Allaha, 70-ə çatmısan.
Şöz ver ki, 100-ü də aşıracaqsan,
O məşhur kəlməni unutmayasan:
"Dınya belə gəlib, belə gedəcək!"

Ruhuna ehtiramla: Mirzə Yusif
23-05-2025, 18:14
İrəvan Qazılığının bərpası milli və mənəvi kimliyimizin zəfəridir

İrəvan Qazılığının bərpası milli və mənəvi kimliyimizin zəfəridir

Tarix təkcə ötüb keçmiş hadisələrin yaddaşı deyil, həm də xalqın kimliyini daşıyan və gələcəyə yol göstərən mənəvi mayadır. Bu gün İrəvanın dini təmsilçiliyinə verilən yeni nəfəs sadəcə bir vəzifənin təyinatı yox, bütöv bir millətin tarixi yaddaşına ehtiramın simvoludur. Qafqaz Müsəlmanları İdarəsinin qərarı ilə İrəvan qazısı təyinatı təkcə dini idarəçilik aktı deyil, həm də milli-mənəvi varisliyin rəsmi olaraq tanınmasıdır. Bir zamanlar İslam mədəniyyətinin, dini təhsil və maarifçilik baxımından Cənubi Qafqazın mərkəzlərindən olan İrəvanın dini irsinin bərpası xalqımızın ruhuna qayıdışdır.
Bu fikirləri filologiya elmləri doktoru, professor, Qərbi Azərbaycanın İrəvan Şəhər İcmasının sədri Fəridə Səfiyeva bildirib.
Onun sözlərinə görə, tarixi qaynaqlarda adı çəkilən 300-dən çox məscid, onlarla mədrəsə və böyük alimlər bu torpağın mənəvi dərinliyini əks etdirir: “Ayətullah əl-uzma Mirzə Əli İrəvani kimi görkəmli şəxsiyyətlərin adı bu şəhərin yetirdiyi irfan övladlarına bariz nümunədir. Bu gün həmin nəslin nümayəndələrinin Nəcəf və Qum kimi dini elm mərkəzlərində yüksək mövqelərdə təmsil olunması da bu irsin canlılığını sübut edir.
Yeni qazının fəaliyyəti yalnız idarəetmə mexanizmi kimi deyil, həm də mənəvi mirasın daşıyıcısı kimi qəbul edilməlidir. Qazılar Şurasının təsdiqlədiyi əsasnamə, əslində, zamanın bizə verdiyi bir əmanətin hüquqi sənədlə möhürlənməsidir. Bu, keçmişin bizə söylədiyi bir çağırışdır”.
“Son illərdə Prezident İlham Əliyevin birbaşa təşəbbüsü ilə İrəvan irsinə dair bir sıra mühüm qərarlar qəbul olunub. İrəvan Dövlət Dram Teatrının yeni, müasir binaya köçürülməsi və teatrın yubileyinin yüksək səviyyədə qeyd olunması dövlətimizin bu şəhərə verdiyi dəyərin göstəricisidir. Eyni zamanda, böyük rəssam Mirzə Qədim İrəvaninin yubileyi ilə bağlı dövlət başçısının imzaladığı sərəncam və onun adının küçəyə verilməsi – bunlar da İrəvanla bağlı mədəni və tarixi yaddaşın canlandırılması yolunda atılmış mühüm addımlardır.
İndi isə bu təşəbbüslərə dini təmsilçiliyin də əlavə olunması bir mənəvi tamlığın bərpa olunması deməkdir. Bu hadisələr adi bir uğur kimi deyil, bütöv kimlik mücadiləsinin mərhələləri kimi dəyərləndirilməlidir. Bu addımlar sadəcə nostalji hisslərin təsiri ilə deyil, gələcək nəsillərin öz köklərini tanıması, bu irsi qürurla daşıması üçün atılır.
Bəli, bu təyinat gec gəldi. Amma bu, gecikmiş deyil. Tarix bu anı gözləyirdi. Əminəm ki, İrəvan Qazılığı bundan sonra yalnız dini idarəçilik orqanı kimi deyil, həm də İslam maarifçiliyinin, İrəvan irsinin öyrənilməsi və qorunmasının da əsas ünvanlarından birinə çevriləcək. İrəvan bizim mənəviyyatımızdır, kökümüzdür, adımızdır. Bu gün bu ad yenidən ucalırsa, demək ki, tarix bizi unutmayıb”, - deyə o bildirib.
Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsində İrəvan Qazılığı ilə bağlı Əsasnamə qəbul olunub. İrəvan Qazılığı ilkin mərhələdə Qafqaz Müsəlmanları İdarəsinin binasında yerləşəcək. Səsvermə nəticəsində Bəxtiyar Nəcəfov İrəvan qazısı seçilib.

16-05-2025, 21:02
MƏNİ QOYUB "QAÇAN" DOST: NƏCƏF ŞABANOV

MƏNİ QOYUB "QAÇAN" DOST:
NƏCƏF ŞABANOV


Dünyanın fani olduğu hər kəsə məlumdur. Bu gün varıq, sabah yox! Bu gün ( ömrün ixtiyar çağını yaşasaq da) sağ- salamatıq: evimizin- eşiyimizin həndəvərində dolaşır, ailəmizin, övladlarımizın, nəvə-nəticənin əhatəsindəyik. Sabah nə olacaq, başımıza nə iş gələcək--bunu yalnız Allah bilir.
Bu həyatda özümə ən yaxın, ən doğma və əziz bildiyim DOST idi Nəcəf Şabanov! İrəvanda "Sovet Ermənistanı" qəzetində çiyin-çiyinə çalışmışdıq. Qəzetciliyin çox sirlərini ondan öyrənmişdim. Nəcəf həm də Ermənistan Radiosunda calışırdı: Azərbaycanca verilişlər redaksiyasının diktoru idi, son xəbərlər, konsert proqramları onun məxsusi səsiylə efirə təqdim olunurdu.
...Qarabağ hadisələri başlayandan sonra İrəvandan Bakıya köçməli olduq. Burada da aramızdakı ülfət üzülmədi, əksinə, bir-birimizə daha ürəkdən bağlandıq. Xoşbəxtlikdən, demək olar, qonşuyduq. Neçə illər idi səhərlər eyni məkanda--Atatürk parkında görüşür, sübh Günəşini birgə qarşılayırdıq. Sonra isə...acı çay süfrəsi arxasında oturub, olub-keçənləri yada salır, bir-birindən şirin xatirələrimizi çözələyirdik.
Üç il əvvəl-77 yaşının tamam olacağı ərəfədə "ağsaqqal dost"um barədə düşüncələrimi nəzmə çəkmişdim. Deyilənlərə görə, pis alınmamışdı, şeirin bir bəndi isə Nəcəfin özünün çox xoşuna gəlmişdi:

Dostlarsız olmasın ömru heç kimin,
Dünya bir yanadı, onlar bir yana.
Qardaş-bacılarım qoy inciməsin,
Onlar bir yanadı, Nəcəf bir yana.


Artıq mən 70-i haqlamışam, Nəcəfinsə 80-nin belini qatlamağına bir şey qalmamışdı: sentyabrda yubiley yaşının işığına yığışacaqdıq. Qardaş-bacılarını, oğul-qızlarını yaxından tanıdığıma görə qarşıdakı ad gününün xüsusi təmtəraqla keçəcəyini gözləyir, öz aləmimdə müəyyən sürprizlər barədə düşünürdüm. Sən demə...
Qəfil ölüm (ürəktutması) hər şeyi alt-üst etdi: bu dəyərli, gözəl insanı -- milyonların könlündə mərhəm səsi, maraqlı söz-söhbətləri ilə yer almış Nəcəf Şabanovu gözlənilmədən itirdik...
İndi ahıl çağımda bu ağır itgidən özümə gələ bilmirəm, gücüm yalnız uşaq kimi gözümün yaşını axıtmağa çatır. Amma... Nəcəf özü "bu səfərə", iki il əvvəl itirdiyi ömür -gün yoldaşı Elmira xanımla görüşə tələsirdi sanki... Allah hər ikisinə cənnəti nəsib etsin, qəbirləri nurla dolsun!
Eeeeh, məni qoyub "qaçan" dost! İindi o parkda sənsiz gəzib-dolaşmağa məhkumam. Nolar, buna görə məni " vəfasızlıqda" qınama, sən Allah!!!

Ruhuna ehtiramla: Mirzə Yusif
10-04-2025, 19:31
PROFESSOR KƏRİM HƏSƏNOV (VƏKİLOV) - 90


PROFESSOR KƏRİM HƏSƏNOV (VƏKİLOV) - 90

Hər bir xalqın milli dəyərini onun yetişdirdiyi ziyalısının bu keyfiyyətlərə bağlılığı şərtləndirir. Ziyalı anlayışı mücərrəd bir nəsnə deyil. O, özünü insanın davranışında, mənəvi-keyfiyyətlərində, milli məsələlərə münasibətində funksionallaşır. Bu keyfiyyətlər həmin şəxsin ictimai məsələlərə münasibətini özündə ehtiva edir. Bu gün haqqında söz açacağımız şəxsiyyət də belələrindəndir. Bu şəxs 90 illik yubileyini qeyd etdiyimiz dəyərli ziyalı, mərhum professor Kərim Hüseyn bəy oğlu Həsənovdur (Vəkilov).
10 aprel 1935-ci ildə Şərur rayonu, Danzik kəndində doğulan Kərim Hüseyn bəy oğlu Həsənov (Vəkilov) Azərbaycan tarixində müstəsna xidmətləri olan, vəkilovlar nəslindəndir. O, vəkilovlar nəslinə qarşı ağır repressiyalardan xilas olmaq məqsədi ilə bir çox nəsildaşları kimi soyadını dəyişdirmək məcburiyyətində qalmışdır.
Kərim Həsənovun anası Gülarə Gülmməd qızı Dərələyəz mahalının Amağu kəndində doğulub. Onun ailəsinin 12 nəfər üzvü 1918-ci ildə Amağu kəndində həyata keçirilən soyqırımı zamanı erməni vəşiliyinin qurbanı olub. Bu faciəvi günlərdə Gülarə xanımın atası Gülməmməd kişi Danzik kəndində qızı Gülarə xanımgildə qonaq olub. Faciəvi xəbərləri alan Gülməmməd kişinin ürəyi dayanaraq dünyasını dəyişib. Ailə üzvlərinin kütləvi şəkildə soyqırıma məruz qalmasını Gülarə xanımda və həyat yoldaşı Hüseyn bəy Vəkilovda dərin sarsıntıya səbəb olub. Gülarə xanım ömrünün sonuna qədər bu hadisələrin təsirindən çıxa bilməyib. Gularə xanım uzun müddət gərgin emosional vəziyyətdə olmasını əsas gətirən bəzi adamlar Hüseyn bəyə yenidən evlənməyi tövsiyə etsələrdə o, bundan imtina edərək ailəsinə sadiqlik nümayiş etdirərək ailə şərəfini hər şeydən uca tutur.
Göründüyü kimi Kərim müəllim kristal milli və ailə dəyərlərinə bağlı bir mühitdə böyüyüb. O, səkkiz illik ilk orta təhsilini Şərur rayonun Danzik kəndində aldıqdan sonra 9-10-cu sinifləri Şərur rayonun Yeyicə kəndində başa vurmuşdur. O, Yeyicə kəndində görkəmli dilçi alim professor Yusif Seyidovla bir məktəbdə oxumuş onunla qohumluq münasibətləri olduğu üçün yaxın dostluq münasibətləri yaranmışdır.

Orta təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Universiteti qəbul olmuş və (indiki BDU) 1961-ci ildə kitabxanaçılıq fakültəsini bitirmişdir. O, bütün həyatını Bakı Dövlət Universitetinə həsr etmişdir. 1963-cü ildən BDU-da pedaqoji fəaliyyət göstərmiş, müəllim, baş müəllim, dosent işləmişdir. O, görkəmli yazıçı, professor Mircəlal Paşayevin elmi rəhbərliyi ilə filologiya elmləri namizədi dərəcəsi almışdır. Xeyirxah insan, dəyərli ziyalı Mircəlal Paşayevlə doğmalaşan Kərim müəllim yazıçı dünyasını dəyişənə qədər bu münasibət davam etmişdir.
Bundan sonra 1988-ci ildə filologiya elmləri doktoru elmi dərəcəsi almış 1992-ci ildən isə BDU-nun professoru olmuşdur.
Kərim müəllim Azərbaycanda nəsil şəcərəsi janrında yazılmış ilk avtobioqrafik araşdırmanın müəlliflərindəndir. Qeyd edək ki, 1992-ci ildə Vəkilovlar nəslinin tarixinə həsr edilmiş “Nəsil şəcərəsi” adlı əsər bu mövzuda yazılmış ilk kitabdır.
Kərim Həsənovun çoxşaxəli fəaliyyətini ağıdakı kimi təsnifatlaşdıra bilərik:
Elmi pedoqoji fəaliyyəti-müəllimlik, elmi tədqiqat, kitabxana və nəşriyyat işinin təşkili.
İnzibati-prorektorluq fəaliyyəti
İctimai sosial -Həmkarlar Təşkilatındakı fəaliyyəti
Universitetin əsaslı kitabxanasının, nəşriyyatının direktoru olan Kərim müəllimin fəaliyyətinin əsasını təşkil edən universitet kitabxanasının yenidən qurulması və müstəqil universitet nəşriyyatının yaradılması çox mühüm hadisə və Azərbaycan elminə verilmiş böyük töhfə idi.

Universitet kitabxanasını rutubətli zirzəmilərdən cıxarıb müasir səviyyəli numunəvi kitabxana halına gətirən Kərim müəllim minlərlə qiymətli kitabların və dərs vəsaitlərinin məhv olasının qarşısını almışdır. Respulikamızda ilk olaraq kitabların cilidlənməsi, uzlənməsi və ceşidlənməsin emalatxanasını yaratmısdır. Gorulən bu işlər universitetdə təsilin keyfiyyətinin və tələbələrin intellktual səviyyəsinin artmasın köməklik göstərmişdir.
Kərim müəllimin ADU-nin kitabxanasına rəhbərlik etdiyi dovrdə kitabxananın inkişafına böyük onəm verilmişdir. Qısa zamanda fondun fəaliyyət dairəsinin genişliyinə və zənginliyinə görə respubıika kitabxanalarının metodik mərkəzi hesab edilərək 1974-cü ildə “Elmi Kitabxana“ statusu verilmişdir. Universitet Elmi Kitabxansı 2.5 milyondan artıq ədəbiyyat fonduna malik olmaqla 12 qiraət zalı 5 abonement söbəsinə malik elmi mərkəzə cevrilməklə bu gundə fəaliyyətini davam etdirir.

Respubilikamızda elm təhsil müəsisələrində azərbaycan dilində elmi kitabların və dərs vəsaitlərin catışmamazlığı müəllim və tələbələrin təhsil prosesinə böyük çətinliklər yaradırdı. Universitetin elmi kitabxanasının rəhbəri kimi bu poroblemlərin aradan qaldırılmasında cıxış yolunu yeni nəşriyyatın yaradımasında görur və respubilka rəhbərliyi qarsısında məsələ qaldırır. Kərim müəllimin təklifi müsbət qarşılanır və nəşriyyatın yaradılması ona həvalə olunur.Uzun mübarizədən sonra Kərim müəllimin qətiyyətli səyi nəticəsində Zaqafqaziyada ilk universitet nəşriyyatının yaradılması ucun SSRİ rəhbərliyindən icazəsi alındı. Tez bir zamanda unuversitetdə böyük nəşriyyat yaradılır. İllərlə nəşr olunmaq ucun Azərbaycan dilində yazılmış coxlu sayda elmi kitablar dərs vəsitləri işıq uzu görur. Bunlarda respublikamızda təhsilin inkişafına böyük təsir göstərir. Ömrünün sonuna qədər nəşriyyata rəhbərlik edir. Beləliklə o, necə-necə alimlərin, ixtiracıların , yazaraların elmi kitablarını çap elədrib azərbaycan elminə boyuk töhfələr vermişdir.

Kərim müəllim pedaqoji fəliyyətillə yanaşı universitetin ictimai sosial həyatındada yaxından iştirak edir. Uzun müddət universitetin Həmkarlar İttifaqının sədri vəzifəsində calışır. Bu vəzifədə işləyərkən o, universitet ucun və tələbələr ucun mühüm işlər görur. Universitetin yeni idman komandalarının yaradıması, musiqi və rəqs ansanbılının bilavasitə yaradıması və respublikamızın tanınmış incəsənət xadimlərinin ansambıllara cəlb edilməsini təşkil etmişdir. Görulən işlər universiteti SSRİ məkanında layiqincə təmsil olunmasına və tanaınmasına səbəb olmusdur. O zaman respublikaya rəhbərlik edən böyük dövlət adamı Heydər Əliyev bu sahədə görulən işləri yuksək qiymətləndirmişdir. Həmin dövrdə Kərim Həsənov respublikanın “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görulmüşdur.
Eyni zamanda universitetin müəllim və tələbələrinin sosial şəraitinin yaxşılaşdırılmasıda böyük xidmətləri olmüşdur. Respublikada ilk dəfə olaraq Kərim müəllimin təşəbusu ilə Quba rayonunun Nügədi kəndi ərazisində univesitetin tədris-təcrubə və istirahət mərkəzi yaradılmışdır. Eyni zamnada müəllimlərin mənzillərlə təmin olunması, tələbə yataxanalarında şəraitin yaxşılaşdırılmasında böyük əməyi olmuşdur.

O, 1992-ci ildən Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru idi. Çağdaş Azərbaycan ədəbiyyatına dair monoqrafik tədqiqatların, məlumat-biblioqrafiya vəsaitinin, 100-dən çox elmi məqalənin müəllifidir.
Professor Kərim Həsənov(Vəkilov) 26.04.1996-cı il tarixində Bakı şəhərində dünyasını dəyişib, Mehdiabad qəbristanlığında dəfn edilib.
Doxsan illiyini qeyd etdiyimiz Kərim müəllimin çoxşaxəli fəaliyyətinin kiçik bir hissəsini əhatə edən bu məqalə onun parlaq ruhuna ittihaf edilir. Ruhu şad olsun!

Səməd Vəkilov
Tədqiqatçı-hüquqşünas

Leyla Calalova
ADPU-nun Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin rəhbəri, t.ü.f.doktoru
Fotolar




����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!