Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 8-04-2026, 14:51
Çünki sənin adın Qadın!

Dilarə Adilgil
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Çünki sənin

adın Qadın!


“Qadın nəsri” janr deyil, özünəməxsusluğu, estetikası ilə seçilən fenomendir. Yazıçıları (yaradıcılıqlarını) cinsə görə ayıranda bəzi qadınlar qəti etiraz etmiş, məsələn, Anna Axmatova özünü prinsipial şəkildə “şairə” deyil, “şair” adlandırmış, cinsi ayrı-seçkiliyə protestini belə bildirmişdi. Başqa nümunələr də göstərmək olar. Mənzər xanıma gəlincə isə, “qadın diskursu, əslində, Mənzər Niyarlının bütünlükdə yazıçı stixiyasının əsasında durur və qələmini təsbit edir”. (Tehran Əlişanoğlu) Mənzər Niyarlı “qadın yazıçı” olmaqdan qorxmur, baxmayaraq ki, yaradıcılığı çox ciddi, sosial mövzuları əhatə edir. Baxmayaraq ki, auditoriyasının genişliyinə, mövzularının dərinliyinə görə heç adamın dili gəlmir onu yazıçı kimi sinfə bölsün... Adının yanında mütləq “qadın yazıçı” paraleli çəkilsə də...
Ədəbi aləmə gənc yaşlarından gələn M.Niyarlı (Eynullayeva) “70-ci illərdə də hekayə yazırdı, indi 2000-ci illərdə də hekayə ilə nəfəs alır” (Nazif Ələkbərli), və hazırda, 2026-da da hekayəyə yeni – üçüncü nəfəslə davam edir. Ümumiyyətlə, yaradıcılıq Mənzər xanımın daxili ehtiyacı, həyatının “beşinci fəsli”dir.
Mənzər xanımın yaradıcılığı barədə görkəmli ədəbiyyatşünaslar, alimlər, tənqidçilər dəyərli fikirlər söyləmişlər. “Azərbaycan qadın yazarı Mənzər Niyarlı” kitabındakı məqalələr Mənzər xanımın şərəfinə toplanan dəmətdən seçmələrdir. Onun yazıçı dünyasından, vətəndaş mövqeyindən, müasir nəsrimizdə qadın yazıçılar içərisindəki yerindən AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu, əsərlərinə seçdiyi maraqlı mövzulardan, uğurlu hekayə və romanlarından, dil, sənətkarlıq, üslub xüsusiyyətlərindən professor İsmayıl Kazımov, janr xüsusiyyətlərindən, problematikasından filologiya elmləri doktoru Salidə Şərifova, qadın psixologiyasına bələdliyindən tənqidçi Vaqif Yusifli yazmışlar... Mən isə Mənzər xanımın həssas qəlbini, yüksək ədəbi zövqünü, yaradıcılıq eşqini, bundan irəli gələn yazıb-yaratmaq həvəsini, oxucunun duyğularına xitab etmək bacarığını, həmkarlarına səxavətlə, açıq ürəklə verdiyi dəyərli məsləhətlərini qeyd etmək istəyirəm.
Onun əsərləri dərin psixoloji məqamları ilə yadda qalır. Bu məqamlar obrazın daxili hiss və həyəcanını açır. Cəmiyyətin problemlərini əhatə edən sosial məsələlər, insanlar arasında qarşılıqlı münasibətlər, ədalət, sevgi, vəfa, birlik, bərabərlik prinsipləri Mənzər xanımın yaradıcılığının əsas məziyyətləridir. Mənzər xanımda həm də, final, ibrət güclüdür.
İki əsrdir xalqımızın ürəyində dərin sağalmaz yaraya çevrilən Cənub dərdi Mənzər xanımın yaradıcılığından da ağrı-acı ilə keçir. Əsl azərbaycanlı, yazıçı olduğu üçün... Əslən Ərdəbildən, Şeyx Səfi yurdundan olduğundan, “ayağı yer tutandan haqsız repressiyaya uğradılmış ailəsinin ağırlığını çiynində daşıdığından”, qohumları o tayda qaldığından... Təxəllüsünü də valideynlərinin mənsub olduğu Ərdəbilin Niyar kəndindən götürüb. Özü Şirvanda doğulub böyüsə də, genlə, qanla, ruhla Niyarlı olaraq qalıb. Yazıçının sevimli, başqa əsərlərindən ayırdığı, üstün tutduğu “Vətəndən vətənə” romanı ikiyə bölünmüş Azərbaycanın taleyindən, vətənsizlikdən, vətəndə yaşayıb o biri tərəfinə adlaya bilməmək dərdindən, “yurd adamı çəkir” xiffətindən, vətənin pisi-yaxşısı olmaz tendensiyasından danışır. Müəllif romana mənim də çox sevdiyim V.Nabokovdan açar (epiqraf) salır: “Ən təmiz hiss vətən üçün qəribsəyən insanların hissidir”. Romanda Güney Quzeyin, o Tay bu Tayın həsrətini çəkir. Əsər avtobioqrafikdir, süjetin mərkəzində Mənzər xanımın prototipi olan “Həlim” dayanır, yaddaşının saxladığı hadisələr də onun dilindən danışılır. Romanda o tayın simvolu olan Savalan, hər iki tayın Novruz bayramı, onun Cənub ritualları, etnoqrafik məqamlar, yerli kolorit, Şurəvidə baş verənlər təsvir edilir. Yazıçının saf dilinə o tayın şirin şivəsi qarışır. Dil canlı orqanizmdir, o da o taya “keçəndə” dəyişir: “Nişanlı qıza Novruzda bayram payı gətireler, Qurban bayramıdısa heyvanın boynuna qırmızı bağleb qız evinə aparelar, gəlini yaddan çıxarmelar, evlərinə nübaranlıq aparelar”... Roman düz xətt üzrə inkişaf edir, səhərin alatoranında başlayır, günəş üfüqə gedəndə bitir...
Mənzər xanımın yaradıcılığının daha bir “vizit kartı” var, Qarabağ ... “Qızıl qaval” hekayəsi Seyid Şuşinskinin (Mir Möhsün Ağanın) xatirəsinə həsr olunmaqla, o zamanın Qarabağ mühitini əks etdirir.
Mənzər xanım sadə yazır. Bəzək-düzəksiz, göstərişsiz, pafossuz. Həyatda gördüklərindən, olub-olacaqdan... Onu oxucuya sevdirən də təbiiliyi, “yüksək dozalı yazıçı səmimiyyətidir” (Əli Əmirli), canlılığı, həyatiliyidir. O seçdiyi mövzuya qəlbən bağlı, sədaqətlidir. Bu keyfiyyətlər də dolğun xarakterlər yaradarkən onun köməyinə gəlir. M.Niyarlının qadın obrazları bir ayrı mövzudur. Bu obrazlar arasında “femme fatale” yoxdur. Onlar müasir kanonlardan da uzaqdırlar. “Bir başıpapaqlının qalmadığı kənddə” (41-in davasında da beləydi) “cavanların o sarıbaşlara qoşulub o xarabalara – Rusiyətin hansısa vilayətinə” üz tutmaları, gözlərini onların arxasınca uzaqlara dikən kənd qadınları, sinəsi dağlı şəhid anaları... hər cür qadın taleyi və s. onun əsərlərində ovuc içi kimi görünür. Onun “qadınları” 37-nin gözüyaşlı analarıdır. Onun qadınları xarakter göstərməyə tələsməzlər... Ev işlərini bitirəndən sonra “duaya oturar”, namaz üstdə “tanıdığı, tanımadığı, hətta yolunu azmışlara da dua edər” (“Vətəndəndən Vətənə”), ya da “Tənhalığa çəkilən qadın” kimi evini şəhid ailəsinə, özünü “Kimsəsizlər qəbiristanı”na vəsiyyət edər. Hələ “Toy gününün səhəri”ndəki Aytikə püstə... Məclislərdə yeri yuxarı başda olan bu ağbirçək hörmət-izzəti “nə ağır taxtalı əri Fətulla kişiyə görə qazanmışdı, nə də pullu-paralı oğlanlarına görə”. Yalnız özünə görə. Öz əxlaqı, xeyirxahlığı, hamıya əl tutmaq istəyi, yardım təvəqqəsi ilə ona üz tutanları özündə olmasa belə, kimdənsə alıb heç kimi naümüd qoymamaq niyyəti sayəsində qazanmışdı.

Mənzər xanımda məişət motivləri çoxdur. Bunlar süjetin üst qatıdır. Burada Çexovun sözü yada düşür: “Axı həyatda insanlar hər dəqiqə atəş açmır, özlərini asmırlar, ağıllı-ağıllı danışmırlar da... Amma həmişə yeyib-içir, boş danışırlar...” Bunlar da ədəbiyyata köçür. Ədəbiyyatdan hər an xüsusi, qeyri-adi effekt gözləmək, tələb etmək düzgün deyil. Qoy hər şey həyatdakı kimi olsun. Necə ki, ədəbiyyat həyatın təzahürüdür...
Mənzər xanımın iç dünyası zəngindir, biz əsərləri vasitəsilə bu dünyanın qapısını açır, onun bədii həyat verdiyi müxtəlif peşə, fərqli dünyagörüşlü, cürbəcür taleli obrazlarla tanış olur, onların dostuna çevrilir, müəllifə qoşulub həvəslə finala yetişirik.
Mənzər xanımın dəyərvermə, qədirbilmə, təbliğ və təşviq kimi ziyalı xüsusiyyətini xüsusi qeyd etmək istəyirəm. Həsəd duyğusundan məhrum insan da onun bu cəhətinə qibtə etməyə bilməz, onun sevə-sevə reklam etdiyi şəxsin yerində olmaq istər. Mərhum yazıçı, sənətşünas Sara Oğuzu mənə Mənzər xanım tanıdıb və sevdirib. Özü də deyib keçmir, dönə-dönə mövzuya qayıdır, ta həmin yazıçını sənə hərtərəfli tanıdana, sevdirənə qədər. Verdiyi kitablarla, haqqında danışdığı xatirələrlə. Mən Mənzər xanımın belə tanıtdırma, təqdimetmə, diqqətçəkmə kimi keyfiyyətlərindən çox danışa bilərəm, amma bu barədə ən yaxşı Mənzər xanımın özü danışır: “Mən jurnalist Solmaz Əmirli ilə Sara Oğuzu yaxınlaşdırmaqdan ötrü fürsət axtarırdım. Saranın kitabını Solmaza verdim ki, oxusun, Saraya da Solmaz Əmirlinin “Buta” verilişinə baxmağı məsləhət gördüm”. Əsl dost münasibəti, xeyirxahlıq, təmənnasızlıq görmək, ona toxunmaq istəyirsənsə “Oğuz gözəlləməsi”ni aç! Sara Nəzirovanın həyat və yaradıcılığına həsr etdiyi “Oğuz gözəlləməsi” kitabını oxuyarkən Sara Oğuzu oxumaq həvəsi ilə bərabər, Mənzər xanıma da məftun olmaya bilmirsən: “Sara mənim qəlbimə əsərlərində təsvir etdiyi zərif və dözümlü cavanları, müdrik, ağırtaxtalı qocalarıyla girib və mənə elə gəlir ki, Sara heç kəsin yox, mənimdir, mənim müəllifimdir və düz 20 ilə yaxındır ki, Sara mənim həyatımda yaşayır”. O qədər ki, dünyadan köşəndən sonra da.... Dostluq etirafı sevgi etirafı qədər olmur. Burada daha çox susmağa üstünlük verilir. Amma duyumu, əks-sədası möhtəşəm olur...
Yazıçı Seyid Hüseyn və istiqlal şairəsi Ümmügülsümün qızı Qumral Sadıqzadə də Mənzər xanımın sevgi, pərəstiş obyektlərindəndir. “Seyid Hüseyn yadigarı” məqaləsində Qumral xanımı ilk dəfə yazıçı kimi kəşf etməsindən, onun özünü yazıçı kimi çox gec təsdiq etməsindən danışır: “Əsəri heyranlıqla oxuduq... Çox istəyirdim onun özünü görüm, qismət deyilmiş, eşitdim ki, dünyasını dəyişib”. Sevgi dolu, səxavət epitetləri ilə zəngin bu yazı, Q.Sadıqzadəyə müəllif dəyəri ilə bərabər Mənzər xanımın həsəddən uzaq xarakterini açır.
Bir millət kimi ağrılı yerimiz olan qaçqınlar, onların üzləşdikləri maddi, mənəvi, fiziki problemlər nasir M.Niyarlının yaradıcılığında öz əksini tapır.
Mənzər xanımın yaz müjdəli “Novruzgülü” hekayəsi balalar üçün yazılsa da, böyüklərin də zövqünü oxşayır, ruhunu təzələyir, gözəlliyi artırır, bahar ab-havası gətirir.
Adətən, ciddi mövzularla işləyən müəlliflər yumorla bir qədər məsafə saxlayırlar. Mənzər xanım üçün belə bir mövzu sərhəddi, baryeri yoxdur. Onun yumoru tragikomik xarakterlidir.
O, qardaş Türkiyədə də çap olunur, oxunur, “insan yaşamına sayğılı, milli degerlere sahib çıxan, zülmü kabul etməyən” bir vətəndaş, qələm adamı kimi dəyərləndirilir. Türkiyədə M.Niyarlı “Çehov tarzı hikayelər yaratmağı tercih edən” (Zeynep Yıldırım) yazar olaraq xarakterizə olunur. Yəni, sadə insanlardan, onların dərd-sərindən, həyat tərzindən, yaşadığı problemlərdən yazır.Yığcamlıq, psixologizm, həyatın tragikomik təsviri bu üslubun əsas xüsusiyyətləridir ki, Mənzər xanımın hekayələrində müşahidə olunur.
Mənzər xanım səmərəli fəaliyyəti ilə Azərbaycan qadın nəsrinə öz qiymətli töhfələrini vermiş yazıçılarımızdandır. Mənzər Niyarlı bu gün bir imza, bir dəyərdir. Onun yaradıcılığının Ələviyyə Babayeva ilə yaxınlığını vurğulamaq istərdim. Bir məqamı da qeyd etmək istəyirəm ki, onun əsərləri kinematoqrafiya üçün xalis materialdır.
Bu təbrik əziz, mübarək günlərə təsadüf edir. 8 mart Qadınlar günündə dünyaya gələn “kübar yazıçımız” (Aygün Bağırlı) Mənzər Niyarlının bayramları mübarək!


Paylaş



Bölmə: Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!