TƏBRİK EDİRİK! .....                        Hacı Oruc Quliyevin həyat hekayəti .....                        Əraqçı ABŞ və İsrailin siyasətini sərt tənqid edib .....                        İsrail–Livan danışıqları Vaşinqtonda keçiriləcək .....                        Tramp: "İranla razılaşma ilə bağlı çox nikbinəm" .....                        Rumıniya ABŞ-dən icazə istəyir: Azərbaycan nefti emal oluna bilər .....                        Tramp Netanyahudan xahiş etdi .....                        Netanyahu Livanla birbaşa danışıqlara başlamağı tapşırdı .....                        Fidan: "İsrailin siyasəti ilə sülh mümkün olmayacaq" .....                       
Tarix : Bu gün, 08:30
Hacı Oruc Quliyevin həyat hekayəti

Hacı Oruc Quliyevin

həyat hekayəti


(53 illik dostluğun tarixçəsi)

Cəbrayıl rayonunun Şıxalıağalı kəndindəki hündür təpələrin birinin üstündə yerləşirdi Hacı Oruc Quliyevin evi. Buradan bir neçə yüz metr irəlidə Xan Arazın ləpələri öz həzin nəğmələrini oxuya-oxuya üzü aşağı axır, Suqovuşanda Kürlə birləşənədək Qarabağın, Mil və Muğanın əkin-biçin yerlərinə dirilik suyu, ruzi, bərəkət bəxş edirdi. Arazın sol sahili boyunca sıralanan taxıl, üzüm sahələrində, eləcə də tut (Cəbrayıllılar ondan may, iyun aylarında barama hazırlayırdılar), meyvə bağlarında bu qədim və gözəl kəndin halal zəhmətə alışmış saf qəlbli insanları gündoğandan günbatana qədər çalışırdılar.
1980-cı illərin əvvəlləri idi. Tələbəlik illərindən dostluq etdiyim Oruc Quliyev halal əmək haqqı ilə tikib ərsəyə gətirdiyi evinə təzəcə köçmüşdü. O gün mən həyat yoldaşım və körpə qızımla birlikdə onlara ilk dəfə qonaq gəlmişdik. Çay içib Orucla həyətə çıxdıq. Evin ətrafında çoxlu gül-çiçək əkilmişdi. Araz tərəfdən əsən meh həyətdəki güllərin ətrini ətrafa yayırdı. Orucun evinin düz qarşısından Araz tərəfdəki üfüqlərə nəzər yetirəndə gördüm ki, çayın sağ sahilindən, yəni Güney tərəfdən Quzeyə dəstə-dəstə uçub gələn qaranquşlar birdən-birə haradasa qeyb olur, sonra yenidən səmada pərvazlanaraq qanad çalırdılar. Maraq məni bürüdüyündən soruşdum:
–Onlar niyə birdən-birə gözdən itirlər?
–Araza enərək bir qurtum su içirlər!
Hər şeyi anladım. Başa düşdüm ki, qaranquşlar Arazdan məhz burada su içəndən sonra Cəbrayılın digər kəndlərinə, oradan külli Qarabağa və Azərbaycanımızın hər yerinə yayılırlar. Bu heyrətamiz səhnəni o vaxtdan bugünədək bir an belə unutmadım və unutmağa da haqqım yoxdur.
Bəli, o gün mən də, yenicə təzə evinə köçən Oruc da çox xoşbəxt idik. Qeyd etməliyəm ki, Cəbrayılı, Qarabağı ilk dəfə mənə tanıtdırıb sevdirən məhz Oruc olmuşdur. Burada, Şıxalıağalı kəndində doğulub boya-başa çatan, orta məktəbi bitirəndən sonra Bakıda ali təhsil alan, bir müddət Soltanlı kənd orta məktəbində müəllimlik edən, sonra Sosialist Əməyi Qəhrəmanı Köçəri Babayevin sədri olduğu “26 Bakı komissarları” kolxozunda komsomol komitəsinin katibi, ardınca isə həmkarlar təşkilatının sədri vəzifələrndə işləyən, ağır qaçqınçılıq illərində “Xəzər” Universitetində pedaqoji fəaliyyət göstərən, son 30 ilə yaxın müddətdə isə Cəbrayıl və Füzuli camaatının xeyir-şər məclislərini məharətlə idarə edən izzətli din xadimi, el ağsaqqalı, xətir-hörmət sahibidir Hacı Oruc Quliyev!
Əziz oxucu! Hacı Oruc həyatda mənim ən yaxın dostumdur və bu dostluq mənim üçün çox əzizdir. Bizim dostluğumuzun artıq 53 ilə yaxın yaşı var və bu yarım əsr ərzində, Allaha min şükür ki, bir-birimizdən zərrə qədər də olsun inciməmişik. Bizim həyat yoldaşlarımız da doğma bacı qədər yaxındırlar. Övladlarımız bir-birlərinə qardaş, bacı deyərək müraciət edirlər!
Mən onun haqqında nəfəsimi dərmədən bir kitaba bəs edən qədər ürək sözlərimi danışar və bu dastanın adını “Bir dostluğun tarixçəsi” də qoya bilərdim. Amma indiki zamanda insanların kitab oxumağa həvəssiz olduğunu bildiyimdən və bu reallıqla razılaşmağa məcbur olduğumdan, Oruc müəllimin həyat yolu barədə qısa da olsa, öz səmimi qeydlərimi qələmə almağı özümə borc bildim. Ona görə də bu yazını lütfən axıradək oxumağınızı xahiş edirəm!
Beləliklə, mən onu ilk dəfə 1973-cü ilin qızmar iyul ayının axırlarında, Bakı Dövlət Universitetinin 3 saylı yataqxanasında hər ikimizin qəbul imtahanlarına hazırlaşdığımız günlərdə görmüşəm. Mən sənədlərimi universitetin jurnalistika fakültəsinə vermişdim, o isə filologiya fakültəsinə daxil olmaq arzusunda idi. Yataqxanada bizdən başqa respublikanın, demək olar ki, hər yerindən yüzlərlə abituriyent qalırdı.
Oruc hündürboy, gülərüz, sarışın saçlı gənc idi. Həm qeyri-adi təsir bağışlayan mehribanlığı, həm də hədsiz xeyirxahlığı ilə fərqlənirdi. Məsələn, ingilis dilini əla bildiyi üçün bu əcnəbi dil üzrə imtahanlara hazırlaşanların hamısına böyük həvəslə kömək edirdi. Halbuki, özünün, məsələn, tarix imtahanına hazırlaşması üçün az vaxtı qalırdı. Sonradan artıq onu lap yaxından tanıyandan, xarakterinə bələd olduqdan sonra əmin oldum ki, Oruc Quliyev heç vaxt ondan kömək uman insanlara yox deməyib.
O, yataqxanada qonşu otaqda qalırdı. Orucla tanışlıqdan bir neçə gün sonra hiss etdim ki, onu görməyəndə darıxıram. Münasibətlərimiz səmimi və qarşılıqlı idi. O, da mənə ürək qızdırmağa başlamışdı. Kənddəki doğmaları barədə, sevdiyi, əhd-peyman bağladığı qız barədə (onlar artıq yarım əsrə yaxındır ailə qurublar) ürək sirlərini mənə danışırdı. Yataqxanada hamı onun xətrini çox istəyirdi. Mən isə onunla dost olduğuma görə artıq forslanırdım. Forslanmağım əbəs deyildi, həyatda özümə ürək qızdıracaq sirdaş, güvəniləcək dost qazanmışdım. Zaman göstərdi ki, xoşbəxtlikdən, bu seçimimdə yanılmamışam.
Həmin il mən universitetə daxil oldum, amma Orucun cəmi 1 balı çatmadığı üçün o, kəndə qayıtmalı oldu. Onun universitetə qəbul olunmaması məni mütəəssir etmişdi. Mən onun həvəsdən düşə biləcəyindən çox narahat idim. Onu həvəsləndirmək üçün bir-birinin ardınca məktublar yazaraq israrla vaxtını boş keçirməyib növbəti il üçün qəbul imtahanlarına ciddi hazırlaşmasını xahiş edirdim. O, isə mənə cavab yazaraq imtahanlara daha yaxşı hazırlaşacağını vəd edirdi.
Oruc, sağ olsun, vədinə xilaf çıxmadı. Növbəti il Azərbaycan Dövlət Dillər Universitetinin ingilis dili fakültəsinə daxil oldu və artıq hər ikimiz Bakıda tələbə olduğumuzdan əlaqələrimiz daha da gücləndi. Tez-tez görüşür, bir-birimizdən hal-əhval tutardıq.
1976-cı ildə mən artıq təhsilimi M.V.Lomonosov adına Moskva Dövlət Universitetində davam etdirməli olduğum üçün bir neçə ilə Orucla əlaqə saxlaya bilmədim. Yalnız 1983-cü ildə Vətənə qayıdıb “Bakinskiy raboçiy” qəzetində Mil-Muğan bölgəsi üzrə zona müxbiri işləməyə başlayanda köhnə dostumu arayıb-axtarıb tapdım. O, yuxarıda qeyd etdiyim kimi, bizim görüşümüzə çox sevinirdi. Məni ən çox kövrəldən məqam isə bu oldu ki, Orucgilin ailəsinin hər bir üzvünün mənim ona göndərdiyim məktublardan xəbəri vardı və bu məktubları nadidə tapıntı kimi, evin ən hörmətli yerində urvatla qoruyub saxlamışdılar!
...2006-cı ilin martın 30-da atamın Qubanın I Nügədi kəndində rəhmətə getməsini eşidən Hacı Oruc həyat yoldaşı Şəhla xanımla birlikdə dərhal Bakıdan kəndimizə gələrək mənə və ailəmizə bu ağır itki ilə əlaqədar dərin hüznlə başsağlığı verdi. Dərdimizə şərik oldu. Atamın hüzn məclisinin 3-cü günü isə olduqca gözəl avazla elə bir Yasin sürəsi oxudu ki, təkcə məclisdə süfrə başında əyləşənlər deyil, həyət-bacada qonaqlara xidmət göstərən qohum-qonşular da ayaq saxlayıb onun oxuduğu Quran ayəsini dinləyirdilər. Bəli, o, həmin gün “Yasin” surəsini sonsuz bir şövqlə çox ürəkdən oxuyurdu. Çümki o, atamın, atam da onun xətrini çox istəyirdi.
1993-cü il avqustun 23-də Cəbrayıl rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunandan düz 2020-ci ilin oktyabrın 7-də Cəbrayıl şəhərinin düşməndən azad edildiyi günədək paytaxt Bakıdan tutmuş, ölkəmizin müxtəlif şəhər və bölgələrinə səpələnmiş Cəbrayıl camaatının bir gözü güləndə, bir gözü də ağlayırdı. Doğma torpaq nisgili, ata-baba yurdundan ayrı düşməyin möhnəti Orucun da həssas qəlbinə ağır şırımlar çəkmişdi. Amma 27 ildən sonra ilahi ədalət bərpa olundu! Hacı Oruc hər dəfə Qarabağın şəhər və kəndlərinin azad edilməsi xəbərini Ali Baş Komandan, möhtərəm Prezidentimiz İlham Əliyevin dilindən eşidəndə göz yaşları axıtdı. Bu, sevinc göz yaşları idi.
Bu gün vaxtilə erməni vandallarının vəhşicəsinə dağıdaraq viran qoyduqları Qarabağın bütün şəhər və kəndləri kimi, Şıxalıağalı kəndi də dövlətimizin və xalqımızın birgə səyləri ilə yenidən bərpa edilir. Burada bir-birindən gözəl, yaraşıqlı evlər inşa olunur, küçə və xiyabanlar salınır, yeni yollar çəkilir! Yaxın həftələr, aylar ərzində kəndin bir çox ailələri kimi, Hacı Oruc Quliyevin də ailəsi doğma yurda qayıtmağa hazırlaşır. İnsan üçün qalib xalqın övladı kimi doğma yurda qayıtmaqdan böyük xoşbəxtlik ola bilərmi?! Əlbəttə, olmaz!
Cəbrayılda görüşənədək, çox hörmətli Oruc müəllim! Bu il mayın 3-də sənin mübarək 70 yaşın tamam olur. Mən səni, 53 illik ürək dostumu yubileyin münasibətilə səmimi-qəlbdən təbrik edir, sənə möhkəm cansağlığı arzulayıram! Sən mənim həyatda yaxından tanıdığım ən saf, təmiz qəlbli insanlardan birisən! Mən səninlə dostluğumdan sonsuz qürur duyuram. Allah səni, bütün doğmalarını, yaxınlarını qorusun! Mən sənə nəvələrinin toyunda ürəkdolusu qol götürüb oynamağını arzulayıram!
...Deyilənlərə görə, Cəbrayıl rayonu işğal altında olanda qaranquşlar Şıxalıağalı kəndinə bir dəfə də olsun uçub gəlməyiblər. Böyük səbirsizliklə bu kəndin əsl sahiblərini, qədirbilən camaatını gözləyiblər. Şübhə etmirəm ki, şıxalıağalılar kəndə qayıdan kimi qaranquşlar onları öz gözəl nəğmələri ilə yenidən salamlayacaqlar!
Allah xalqımızı pis gözdən və bəd nəzərdən qorusun! Cəbrayıl Qarabağdır, Qarabağ isə Azərbaycandır. Azərbaycana, xalqımıza eşq olsun!

Məsaim Abdullayev,

Əməkdar mədəniyyət işçisi.
Bakı, 4 aprel, 2026-cı il.


Paylaş



Bölmə: Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!