Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 12-04-2017, 10:57
Yaddaş qoruyucusu - Bəstəkar Sərdar Fərəcov haqqında düşüncələr

Doğmalar-qohumlar arasında ürək qızdırdığın, könül verdiyin də olur, gen gəzdiyin, qəlb yaxınlığı duymadığın da...

Birincilərin ən çətin günlərdə, əzablı anlarda həsrətini çəkirsən. Düşünürsən ki, indicə qapıdan içəri girsələr, sıxıntıların azalacaq, ağrıların ovunacaq.

Bəs ikincilərlə? Nə qədər acı olsa da, belələri ilə üz-üzə gəlmək, kəlmə kəsmək o qədər də könülaçan olmur.

… Sərdar Fərəcovun bəzən aylarla üzünü görməsəm belə, hər an ürəyinin hərarətini hiss edirəm, oturuşunu-duruşunu, söz-söhbətini xatırlamağın özü ruhuma qəribə bir rahatlıq gətirir. Hər görüşümüzdə isə ikimizin də çiçəyimiz çırtlayır, illər ayrısı kimi üz-üzə, göz-gözə, söz-sözə olmaqdan doymuruq. Onun yurddaşlıq-soydaşlıq, dostluq-doğmalıq borcunu necə dərindən duyub-gerçəkləşdirməsindən könül dolusu barlanıram. Sirayətedici düşüncələrini, incə eyhamlarını ağsaqqal öyüdü kimi qəbul edirəm.

Həmişə saxtalığın, biganəliyin varlığına yad olduğunu görmüşəm. Süni davranışdan, təmənnalı yanaşmadan uzaq olmasının, yalançı təmtərağı sevməməsinin, mənliyini hər şeydən uca tutmasının, mərd, halal yaşamasının şahidi olmuşam. Başqalarının uğuruna-itkisinə həssas olduğu kimi, özü də duyan- anlayan yanında dərdini-sevincini bölüşüb rahatlıq tapır.

Məclislərdə ətrafdakıların xeyirxah düşüncəli, mehriban baxışlı, sadə təbiətli bu ziyalıya necə sevgi və diqqətlə yanaşdığını hər görəndə nə qədər xoş hisslər keçiririrəm, qürurlanıram. O ki qaldı sənətinə, yaradıcılığına, tanıyanlara bəllidir ki, bəstələdiyi əsərlərdə yaralı torpaqlarımızın iniltisi, uzaq düşdüyümüz yurd yerlərimizin fəryadı dil açıb könülləri titrədir, qeyrətə səsləyir.

Tanınmış ziyalı kimi kütləvi auditoriyalardakı söhbətlərində, çıxış və müsahibələrində xalq musiqisi və muğamlarımızın misilsiz mənəvi sərvət olduğunu söyləməkdən yorulmur, babaların bu könül əmanətini qoruyub yaşatmaqdan yanğı ilə söz açır.

Sərdar müəllimin muğam televiziya müsabiqələrində sənət imtahanı verən yeniyetmə və gənc ifaçılara tövsiyələri, televerilişlərdə ünlü sənətçilərlə çözdüyü incə mətləblər də xalq musiqisi və

muğamlarımızın həmişəyaşarlığına yönəlik dəyərli bir fəaliyyətdir. O kökü yüzilliklərdən başlayan, keçib gəldiyimiz tarixi yolun ağrısını- sevincini, acısını-şirinini özündə yaşadan, kimliyimizin möhürü sayılan bu zəngin mənəvi varidatı hər kəsə barlandırmaqdan yorulmur. Başabəla erməni oğurluğu — bu yağmaçı toplumun torpaqlarımızı ələ keçirməklə yanaşı, milli-mənəvi sərvətlərimizə göz dikmələri, xalq musiqisi və muğamları utanıb- çəkinmədən öz adlarına çıxmaları da daim Sərdar müəllimin hədəfindədir.

***

... Qəlbində, könlündə musiqi sevdası yaşadan, nəğmə və muğamlarımızı yeni nəsillərin mənəvi dünyasına ötürməyi ilə vətəndaş rahatlığı tapan, bununla da yaddaş qoruyucusu missiyasını ləyaqətlə davam etdirən Sərdar Fərəcov yaxşı bilir ki, yaddaşı qorumaq elə haqqın özünü qorumaqdır. Onun fikrincə, babaların müqəddəs əmanətlərini qoruyub yaşatmaq haqqa arxa durmaqdır, ədalətlə yol yoldaşlığı etməkdir, mizan-tərəzinin əyilməsinə imkan verməməkdir, həm də yağı qəsdinin qarşısına sipər çəkməkdir. Yaddaş dünəndən başlayan və bugünümüzəcən davam edən milli varlığımızın sözlə, səslə, rənglə, biliklə ifadə olunan, əbədi od kimi sönməyə qoymayıb, yaşadılan enerjisidir. Ötənlərimizin mənzərəsi, milli kimliyimizin təsviridir. Yaddaşsızlıq sönmüş ocaq yeridir, ucmuş evdir, itirilmiş yurd-yuvadır, yoxluğa açılan uçurumdur.

Yaddaşsızlıq özümüzü məhkum etdiyimiz ən dəhşətli, ən əzablı işgəncədir; Yaddaşsızlığın dərki isə ulu Yaradanın verdiyi sonuncu fürsət, ayılıb unutduqlarına sahib çıxmaqdır. Yaddaşsızlıqdan itirdiklərimizi isə milli-mənəvi dəyərlərimiz özündə qoruyub saxlayır, “sonuncu nüsxə” kimi yaşadır. Sərdar müəllim yeni nəsillərə anlatmağa çalışır ki, dövlət müstəqilliyinin bizə verdiyi tarixi şansın ən önəmli məsələsi qeyrətli soydaşlarımızın fədakarlığı ilə bizə yetişmiş bu “son nüsxələri” yaddaşımıza köçürməklə, ruhumuza hopdurmaqla çoxaltmaqdan, kütləviləşdirməkdən, milli özünəməxsusluğumuza yeni bir əbədiyyət qazandırmaqdan ibarətdir.

...Onun musiqi parçaları yazdığı “Yaddaş ağrısı” tamaşasında Vətənlə Atasının dialoqunu xatırlayıram… Vətən köməksiz halda, çətinliklə Anasını dəfn etmək məqamında Atasının qeybdən gələn səsini eşidir: “Nəyi gözləyirsən, ay Oğul? Əlli tərpən, tapşır Ananı Torpağa. Torpaq insandan etibarlıdır. İnsan əlacsız qalanda yerindən, yurdundan çıxır, amma milyon ildir ki, dağ-daş öz yerində-yurdundadır. Sən arxayın ol ki, Torpaqda əmanətə xəyanət yoxdur”.

... Qeyibanə səsin musiqinin ahəngi ilə birgə ürəyə, qəlbə axıb-dolması və bu anlarda yaddaşın oyanması, xatirələrin çözələnməsi adamda təsirli duyğular oyadır. Düşmənin min bir məkrlə, açıq-gizli xəyanətlə gəlib süfrənin yuxarı başında oturması, “uf” demədən günahsız soydaşlarımızın qanını tökməsi, olub-qalanımızı yağmalaması göz önündən kino lenti kimi gəlib keçir...

... Torpağımızda sığınacaq verdiyimiz, çörəyimizə, suyumuza şərik etdiyimiz düşmən dünyanı dəhşətə gətirən Xocalı qətliamından da əvvəl davamlı soyqırımlar törətmişdi, soydaşlarımızın qanını su kimi axıtmışdı. Amma babalarımızın sinəsinə çəkilən bu dağı az sonra yaddaşsızlığımız ucbatından unutmuşduq... Bəli, tarixin açı ibrət dərsini zamanında anlamayanda düşmən meydanı boş görüb yenidən başımıza od ələyir.

... Görəsən, son üç onilliyin dərslərindən biz və sonrakı nəsillər qədərincə nəticə çıxara biləcəyikmi? Yoxsa, unutqanlığın, yaddaşsızlığın ağrıları zaman-zaman yenə də təkrarlanacaq?!.

***

... Keçmişimizdə silinməz iz buraxan hadisələr qan yaddaşımızda yerini almırsa, xatırlanmırsa, nəsildən-nəslə ötürülmürsə və tarixi dərsə çevrilmirsə... bədbəxtlik bədbəxtlik ardınca gəlir, dərd dərd üstə qalaqlanır.

... Həm də o dərs öyrənilməyəndə, olmuşlardan nəticə çıxarılmayanda tez-gec yaddaşın qızıl kodunu da unudur və dünənimizdən bugünümüzə, gələcəyimizə uzanan yolda azıb qalırıq. Beləcə, məğlubiyyət həlqəsindən kənara çıxa bilmirik... Nə yaxşı ki, o upuzun yolda işıqlı adamlara, köməyə ehtiyacı olan günahsız bəndələrə oz lələklərindən verən Simurğ quşuna rast gəlinir. Yoxsa...

Üzeyir Hacıbəylinin Ev-muzeyində, tarixi yaddaşımızın etibarlı saxlanc yeri olan bu müqəddəs ocaqda neçə illər ərzində mənəvi övladlıq borcunu ləyaqətlə yerinə yetirən, dahi bəstəkarın ruhu qarşısında müntəzir dayanan, onun musiqi irsi ilə bağlı tədqiqat işi aparan, indiyədək heç kəsə məlum olmayan neçə-neçə musiqisini bərpa edən, yarımçıq qalan əsərləri haqda yazılar çap etdirən, yarımçıq qalmış əsərlərini tamamlayaraq səhnəyə qaytaran bəstəkar-sənətşünas Sərdar Fərəcov öz missiyasını diğər fəaliyyətləri ilə də zənginləşdirir. O, uzun, dolanbac yaddaş yolunun yorulmaz qoruyucularından biri kimi öz postunda ayıq-sayıq dayanıb. Belə olmasaydı, “Cavad xan” filminə bəstələdiyi musiqi, “Oda alqış”, “Sübh duası”, “Oxunmamış lay-lay”, “Matəm lövhələri” və onlarca digər əsəri qan yaddaşımıza qarışıb onu bir qədər də durultmazdı...

***

Əhməd bəy Ağayev “Bəs bizim ziyalılarımız hardadır?” sualına cavabında deyirdi ki, yaxşı mütəxəssis əgər cəmiyyətin problemləri, qayğıları ilə yaşamırsa, dərdlərini dilə gətirmirsə, münasibət bildirmirsə, çıxış yollarını axtarmağa cəhd göstərmirsə, demək, o, ziyalı deyil. Bu mənada hələ ötən əsrin 88-ci ilində bu məmləkətin başının üzərində qara buludlar sıxlaşanda, haqq bizə arxa çevirəndə, ermənilər meydan sulamağa başlayanda Sərdar Fərəcovu da bir çox müəmmalar düşündürdüyünü, Dədəm Qorqud qəhrəmanı Beyrəyin “Mən gedəli dəlimi oldun, dəlim?…” sualına onun da öz cavabını axtardığını bilirdim. Bir şeirində yazırdı ki:

Nə yol düşdü, nə biz getdik

Bizdən dəli olmaz daha.

Nə üzüldük, nə də bitdik

Bizdən dəli olmaz daha.

Xəyala ümid bağladıq

Ömrümüzü daraqladıq,

Bir ağ gəmi soraqladıq

Bizdən dəli olmaz daha.

…Təəssüf, çox təəssüf ki, çoxumuz o dediyiniz dəliyə dönə bilmədik, Sərdar müəllim. Babalarımızın “dəlilik” dediyi o igidliyi, qəhrəmanlığı tarixin səhifələrindən günümüzə qədərincə daşıya bilmədik. Yarıoyaq, yarıyuxulu xəyallar qurduq, bir ağ atlı, “bir ağ gəmi soraqlayıb” xilaskarın gəlişinə göz dikdik...

O ağ gəmi durub-- gözlər

Gözlər uzaq, göy dənizlər

Ağıl hissi basıb gizlər

Bizdən dəli olmaz daha.

Bizdən dəli olmadı, Sərdar müəllim. Dəli olsaydıq, çomağı yerə qoyub qurdla yoldaş olardıqmı?!. Vətən, torpaq yağı zavalına gələrdimi?!. Koroğlu dəlilərinin at oynatdığı yurd düşmən tapdağında qalardımı?!.

Sərdar müəllim, bəs Koroğlu, onun dəliləri hara qeyb oldular, hara getdilər ?!. Bəlkə, düz-dünyanı məcnunlar tutdu, hissimiz ağlımızı üstələdi, hər yerdən ümidimizi üzüb gümanımızı səhralara bağladıq?!. Niyə Koroğlu da, onun dəliləri də qeyslərə qoşulub gözdən-könüldən iraq düşdülər?!.

Bəlkə, ona görə zori balayanlar, sarkisyanlar... qanımızı içib, torpağımızda bayquş ulatdılar ?!.

***

“Məndən ötsün...”, - deyib, zərbələri əzizlərimizə, doğmalarımıza yönəltdik, ətrafımızdakı ah-amanı eşitmədik. Sonrakı peşimançılıqdan doğan günahımızı isə yuya, təmizləyə bilmədik, Sərdar müəllim. Buna görə, hətta kimdənsə umub küssək də, yaxın gələn, qolumuzdan tutan, büdrəməkdən qoruyan tapılmadı.

Zədələnmiş, aşınmış yaddaşsızlıq ucbatından gec ayıldıq... Ayılanda gördük ki, uduzmuşuq... Alın yazısına inanmaqla təskinlikmi tapaq?!. Düşüncələrimizdə min dəfə aranı dağa, dağı arana daşısaq da təsəllidə çarə tapa bilərikmi?!.

Yaxşı ki, bu məqamda özünüz yazdığınız kimi:

Çökən çəni, çiskini də

Yaxşı günü, pis günü də

İçimizdə nisgili də

Yağış yuyur təmizləyir…

Qəribədir ki, təbiətin bu mərhəməti qarşılığında da özümüzə gəlmədik; uğursuzluqlarımızı özümüzdə yox, kənarda axtardıq, odu söndürüb, külü ilə oynadıq. Öz-özümüzü aldatmaqla təsəlli tapdıq. Yazdığınız kimi:

Ürək bezmir qəm dadmaqdan

Öz-özünü aldatmaqdan.

Közü sönən bir ocaqdan

Qara külü əzizləyir.

***

Yeri gəlmişkən: Yuxarıda şeir yaradıcılığından nümunələr xatırlatdığım müəllifin lirik qəhrəmanının düşüncələrilə tanış olanda bu qənaətə gəldim ki, Sərdar müəllim şeirlərini misra qoşmaq, şair kimi tanınmaq, şöhrət tapmaq məqsədilə qələmə almayıb. Sadəcə, ruhunun təlqin etdiyi daxili narahatlıqları, iztirabları kağıza köçürüb. Buna görə də duyğu və düşüncələrində səmimiliyi, təmizliyi, saflığı, təmənnasızlığı duymaq elə də çətin deyil.

Onun lirik məninin Xəzərin Novxanı səmtində “qumlu sahildə” dayanıb “günəşin qürub çağında, üfüqün sularda qızaran” vədəsində gözlərini ənginliklərə dikib düşünməsi də, bir damcı göz yaşının və bir də əl yaylığının gözdən itməkdə olan təyyarənin dalınca uçması da, çox-çox uzaqlarda çiliklənib qalmış şüşə kimi könülləri haraylaması da, qum səhrasına baş vuran səmumların

meydanına qar yağması da, insanın şirin canından əl çəkməsi, cansız, ruhsuz gəzməsi də “közü sönən bir ocaqdan qara külü əzizləmək” - təsəllilər yuxusundan ayılmaq təşnəliyidir.
Yaddaş qoruyucusu - Bəstəkar Sərdar Fərəcov haqqında düşüncələr


Vaqif Bayramov


Paylaş



Bölmə: Köşə / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!