Vaqif BAYRAMOV
...Duru göyümüzə kim kül atdı, kim?
Kim haqqa uzanan əlləri kəsdi?
Babalar qəbrinə baş əyib deyim:
Bizim dünənimiz örnəkdi, dərsdi!
Biz niyə bu günə düşdük, ay dədə?!
Hardasa Tanrıya ağ olduq, yəqin,
Hardasa şeytanı başa çıxartdıq.
Hardasa yükünə yük olduq qəmin,
Hardasa düz yolu daşa çıxartdıq,
Biz niyə bu günə düşdük, ay dədə?!
...”Nişançı özümüz, hədəf özümüz”...
Beləsə... çürümüş dirəyik belə.
Bir süfrə başında iki sözümüz
Bir ola bilmirsə, ta nəyik belə?.
. Biz niyə bu günə düşdük, ay dədə?!
Məmməd Araz
...Koroğlu.Kiminsə dilində qəhrəman, igid, vurub-yıxan, kiminsə qələmində qaçaq-quldur.
...Koroğlu qulduruydumu?.. Qulduruydusa, qarşısını kəsdiyi, boğazını üzmək istədiyi Dəli Həsən kimiydi?.. Dəli Həsənin çapıb-taladığı, yağmaladığı qənimət hansı zümrənin, hansı təbəqənin dədə malı-mülküydü?..
Koroğlu qulduruydumu?.. Qulduruydusa, taladığı karvanlar hardan gəlib hara gedirdi?..
Koroğlu tamahkarıydımı?.. Tamahkarıydısa, acgözüydüsə, onda həyatının ən kövrək, ən qəmli çağında dediyi-
...Geydiyim iyid kürküdü, Dünya Süleyman mülküdü, Dövlət ki var əl çirkidi, Şad ol könül, nə məlulsan?..-
sözləri hardan, nədən qaynaqlanırdı?..
Koroğlunun qaçaq-quldurluğunun, tamahkarlığının, acgözlüyünün “qurbanına” çevrilənlər (paşalar...) nə vaxtsa əllərində qılınc Çənlibelə üz tutub “qisas qiyamətə qalmaz”- deyib döyüşə başlamaq barədə düşünürdülərmi?!.
Yox, yox, heç Çənlibelin həndəvərinə dolanmağa belə cəsarətləri (kişilikləri) də çatmırdı onların...
Koroğlunun qaçaq-quldurluğunun, tamahkarlığının, acgözlüyünün “qurbanına” çevrilənlər (kasıb-kusubun alın tərilə əldə etdikləri hesaba günlərini eyş-işrət məslislərində keçirən vəzir-vəkillər, bəylər, xanlar, paşalar) var-dövləti itirməmək üçün namusu belə qurban verməkdən çəkinmirdilər. Dastandan bir məqama diqqət yetirək. “Mahmud paşa:
– Mənim yurduma, yuvama sahib olan, gözümün ağı, qarası bir qızım var. Hər kim gedib Çənlibeldən Koroğlunun Qıratını gətirsə, qızım Dona xatunu ona verib, özünü də dünya malından qəni edərəm. Mahmud paşa bunu deyib, bir cam şərab doldurub əlinə aldı, üzünü məclisdəkilərə tutub ucadan bir də dedi:
– Kimin özünə gümanı gəlir ayağa dursun, alsın bu şərabı içsin, getsin Koroğlunun Qıratını gətirsin...”.
Həmzə fəndgirliyilə Qıratı gətirib Mahmud paşanın tövləsinə salsa da, əslində, Dona xatuna sahib çıxa bilmədi. Çünki Qıratı gətirdiyinə görə bəylik alan Həmzənin toy günü-çal-çağırın elə gur yerindəcə Koroğlu özünü Mahmud paşanın məclisinə yetirdi və ... sonra baş verən hadisələr, yəqin ki, hamıya məlumdur. Çox güman ki, Koroğlunun yenidən Qırata qovuşmasından sonra Həmzənin də bəyliyi geri alınır, yenidən ”gedib başının keçəlinin dərdini çəkir”...Bəli, hay-harayla gələn Həmzə ax- vayla da gedir...
...Bəs qərinələr, əsrlər ötəndən sonra zamanın doğru-yalan çarpışmasında ikincinin gücsüzlüyü (?!.) hesabına (?!.) yabıya minib tozanaq qoparan həmzələrə qahmar çıxmaq, yetim-yesirin, kasıb-kusubun malına göz dikənlərə qan udduran, savaş elan edən Koroğlunu aşağılamaq, mərdliyinə, ərənliyinə qara yaxmaq... sənin, mənim, onun (bizim) kimliyimizi şübhə altında qoymur ki?!. Yaxud, mən bu sualı başqa, yaxud buna oxşar yöndə də verə bilərəm: Bəs
keçmişimiz (dünənimiz) - tariximiz bu cür “kölgəlidirsə”, onda biz kimik?!. Hardan gəlib, hara gedirik?!.
Yeri gəlmişkən, Dədə Qorqud dastanında Dəli Domrul belə, Koroğlu elə, Qaçaq Nəbi belə, Qaçaq Kərəm o cür, Babək, Xətai bu cür...-hələ bunlar bu anlarda yada düşənlərdir-digərləri də “hücuma məruz qalır”.
İndi mən “tarixçi” mirzələrdən soruşuram: yuxarıda dediyim kimi, kimliyimizi, hardan gəlib, hara getdiyimizi bilsəydik, Koroğlunun kök-soyunu İranda-Turanda axtarardıqmı?!. Düratı oğurlayıb aparan, dəyirmanda da fəndgirliklə Qıratı ələ keçirən Keçəl Həmzənin Koroğluya dediyi- “ Nə vaxt Qıratın dalınca gəlsən, üzəngisini özüm basacam ”, “ Söz dəyirmandakıdı, Koroğlu! ” –sözlərilə kişilik, mərdlik, sözübütövlük mücəssəməsi kimi dəyərləndirməzdik.
Həmzə öz arzu-istəyi (məhəbbəti, sevgisi-?!.) yolunda ağlı, düşüncəsi hesabına qalib gələn eşq qəhrəmanıydımı (?!.). Yox, Həmzənin Dona xanıma qovuşması üçün etdiyi hiyləgərliyin, ipiqırıqlığın, bicliyin arxasında heç də saf məhəbbət, təmənnasız sevgi dayanmırdı. Bu, Koroğlu etibarının, mərdliyin qarşılığında duz-çörəyi tapdalamaq, yaxşılığı itirmək idi. Həmzə bir ağ gün görmək üçün Donaya yiyələnmək xəyalına düşmüşdü. Donanın özü də Həmzəni-“sayılmayan, urvat olunmayan” bu adamı-“ Mən ölüm, qoç Koroğlunun Qıratını gətirənə bir bax. Gedib başının keçəlinin dərdini çəkmir, gör nə qələtlər eləyir”-deyirdi...
***
...Mənzilbaşı görünməyən bu uzaq, dolaşıq yolda sualların ağırlığından, çəkisindən, deyəsən, yorulub yolda qalırıq...Yadı-yağını belə-belə üstümüzə güldürürük. Bir batman balla yeyilməsi mümkün olmayan tənələr, qınaqlar eşidirik: -Kökünüz yoxdur!.. Kök-soyunuz həmişə, hər zaman havadan asılı olub, boşluqda, dibsizlikdə boğulmaq təhlükəsiylə üz-üzə qalmısınız...
Aman Allah, bunnan betər haqsızlıq olarmı?.
Aman Allah, bu haqsızlığın günahkarı elə özümüz deyilikmi?
Ayıba kor qalmaq, bəlkə də, elə buymuş- korafəhmlik, korazehinlik (yaddaşsızlıq)...
... korafəhmlik, korazehinlik (yaddaşsızlıq)... - ay-ay, il-il itirməyimizin, uduzmağımızın səbəbi, kökü elə bu, deyilmi?..
Koroğlunun bir ordunu təkbaşına dağıdan fiziki gücünə şübhə ilə yanaşmağımıza bizi vadar edən nədir?.. Koroğlunun qılıncının, atının, nərəsinin... əfsanəliyini tutalqa edib onu Həmzə ilə “bir istəyin, bir amalın daşıyıcısı” kimi dəyərləndirdiyimiz (əslində isə dəyərdən saldığımız) üçün Haqq dərgahında dara çəkiləcəyimizə, utanc gətirən düşüncəylə tarixin qınağına çevriləcəyimizə kimsə şübhə etməsin.
Misri qılınc, saz, bir də Qırat Alı oğlu Rövşəni Koroğlu səviyyəsinə qaldırıb. Koroğlu isə nərəsiylə dağ-daşı lərzəyə salan bir igid, cəsur, mərd olmaqla yanaşı, həm də kövrək bir insan, saz aşiqi, ürfan sahibiydi:
...Koroğluyam deyim sənə, Od tutub alışdı sinə.
Aşıqlığım bəsdi mənə, Şad ol könül, nə məlulsan?Koroğlunun qələbələrinin, uğurlarının təməlində fiziki qüdrətiylə, Qırat kimi dayağı, arxasıyla bərabər, həm də daxilində, beynində İlahi tərəfindən kök salan, möhkəmlənən həmin ürfanlıq, həmin fəlsəfə dayanırdı. Koroğlunun içindəki HAQQ-ƏDALƏT və bu HAQQ-ƏDALƏTdən doğan inam-ümid, cəsarət və bir də təmizürəklilik (sadəlövhlük) məhz o fəlsəfədən qaynaqlanmışdı...
O fəlsəfə Koroğlunu bir tərəfdən irəli aparırdısa, qələbəyə səsləyirdisə, üsyankarlığın, etirazın zirvəsinə qaldırırdısa, o biri tərəfdən uduzdururdu, yalanın, yaltaqlığın qarşısında əliyalın, diliyanıq eləyirdi.
***
Koroğlu çox sirləri özündə gizlədir, dərinliklərdə qoruyub saxlayır. Bu sirləri üzə çıxarmaq, açmaq, şərh etmək, ötənlərimizin-itənlərimizin qaranlıq səhifələrinə ədalətli mövqedən yanaşaraq aydınlıq gətirmək, təbii ki, şərəfli, eyni zamanda, məsuliyyətli vəzifədir. Əlbəttə, bu zaman fərdli baxışların, fərqli mülahizələrin ortaya qoyulması təbiidir və burada qeyri-adi heç nə yoxdur. Bunun kök-soyumuzun, tariximizin öyrənilməsi, tədqiqi baxımından da əhəmiyyəti, dəyəri danılmazdır. Amma bu öyrənmələrdə (öyrətmələrdə) sapmaq, kimlərinsə xoşuna gəlmək üçün ağa qara demək, göz-görəsi yalana həqiqət donu geyindirmək, dəyərlərimizin (müqəddəslərimizin) kökünü Azərbaycandan kənarlaşdırıb uzaq diyarlara, yad nəfəslərə bağlamaq mənəvi-əxlaqi öyünclərimizi zədələmək, yaralamaqdır. Bunu heç cür başa düşmək, anlamaq olmur...
***
Hər əsatirin, əfsanənin, nağılın, dastanın... əsasında, kökündə bir həqiqət, gerçək dayanır. Təbii ki, zaman keçdikcə həmin olmuşlara-ölmüşlərə insan arzu-istəyinə uyğun “don biçilib”, əbədilik qazandırılıb. Əlbəttə, burada yaxşı mənada uydurmaların, qabartmaların da rolu az olmayıb. Amma bütün hallarda əsas ideya, fikir xalqın taleyilə, tarixilə bağlı olub. İndi bu tarixin əfsanələşmiş qəhrəmanlarına əcaib-qəraib yarlıqlar yapışdırmaqla nəyə nail olmaq istəyirlər? Bax, bu, bilinmir... Bunları nəyə görə deyirəm: “Həmzənin nəvələri” nədənsə Koroğlunu xırdalayıb kiçiltməkdə maraqlıdırlar, qarınqulu, tamahkar, karvanbasar... kimi ittiham etməkdə israrlıdırlar...Bir vaxt Koroğlunun Qıratını oğurlayan Həmzə(lər) indi onun koroğluluğunu oğurlayırlar...
***
Həmzə min illərdi ki, dünyanın o üzündən bugünümüzə yol gəlir.
Həmzə həmzəliyilə axtarıb, soraqlaşıb, Rövşənin-Koroğlunun suyunu içdiyi Qoşabulağın yerini tapıb; məşriqdən və məğribdən ulduz doğanda coşub-daşan ağ köpükdən doyunca içib, sonra o bulaqdan bir kimsə bir qab götürüb içməsin deyə, bulağın gözünü də qapayıb (“kor qoyub”).
Həmzə həmin o ”dirilik çeşməsi”ndən içdiyi bir ovuc su onu qocalmağa qoymayıb; yenə də Koroğlu əyyamındakı kimi qıvraqdır, Donanın toyundakı kimi şuxdur, şıx libasdadır, məclislərdə daim yuxarı başa çəkilir, söz sahibi kimi dediyinə qeyd-şərtsiz yanaşılır...
Həmzə məram-məqsədinə yetmək üçün daha Qırat dərdi çəkmir. Yan-yörəsindəki mehtərlər bir vaxtlar onun Koroğlunun yanında qazandığı inam-etimad yiyəsi kimi hörmət-izzət sahibidirlər. “Sümükləri çıxan yük yabılarını axşam-səhər necə tumarlayıblarsa, yabılara necə can yandırıblarsa, bu yabılar Qıratdan da geri qalmırlar. Kökələn, dərisinə sığmayan yabılarla Həmzə dünyanı çox rahatca var-gəl edə bilir...
Bəli, Həmzə dünyanın o üzündən bugünümüzə yabılarla gəldiyi yolların da sahibinə çevrilib. Daha Koroğlu o yollarda görünmür, paşaların soyub taladıqlarını əllərindən ala bilmir... Koroğlu daha yoxdur, çoxdan, lap çoxdan dünyasını dəyişib. Çənlibeldən aşağıda, dərin dərədən axan, yazda coşub-çağlayan, yaydasa quruyan çayın sahilində basdırılıb. Başdaşı yanüstə əyilib. Sinədaşının üzərindəki yazını mamır örtsə də, birtəhər oxunur: “...Yaxşılığa yamanlığın qurbanı oldum... Dünyaya bir də gələrəmsə, yenə də yaxşılığımdan qalmaram...”.
P.S.
Mən Koroğlunun taleyinə acımaqla yanaşı, Həmzənin yük yabısıyla dünyanı əriş-arğac eləməsinə daha təəccüblənmirəm.
Koroğlu ilə Həmzənin “bir istəyin, bir amalın daşıyıcısı” kimi dəyərləndirilməsi də daha qəribə, təzadlı görünmür mənə...