TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
Tarix : 16-03-2016, 17:36
ARXEOLOQ, ETNOQRAF ƏLƏSGƏR ƏLƏKBƏROVA İTHAF OLUNAN KİTAB


2015-ci ildə Azərbaycanın tanınmış arxeoloq, etnoqraf alimi Ələsgər Ələkbərovun elmi fəaliyyətindən bəhs edən “Жизнъ, творчество, судьба ученого” adlı kitabı rus dilində işıqüzü görüb.
Geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitabın redaktoru AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru Maisə Rəhimova, kitabın rəyçiləri isə tarix üzrə fəlsəfə doktoru E.Kərimov və tarix üzrə fəlsəfə doktoru Ş.Həsənovdur. Kitabın müəllifləri AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycanın müasir tarixi” şöbəsinin aparıcı elmi əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Tamilla Kərimova-Qocayeva, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi, tarix üzrə fəlsəfə doktoru İlhamə Sadıqova və AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi, Abşeron arxeoloji ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru İdris Əliyevdir. 576 səhifəlik kitabda tarix elmləri namizədi Ələsgər Ələkbərovun şəxsi arxivindəki materiallar, elmi fəaliyyətindən bəhs edən məqalələr, eləcə də nadir sənədlər, xatirələr, fotoşəkillər toplanıb. Qeyd edim ki, “Жизнъ, творчество, судьба ученого” kitabının nəşrə hazırlanmasında fizika-riyaziyyat elmləri doktoru, professor Vaqif İbrahimovun da zəhməti vardır. Vaqif İbrahimov əsl ziyalı təəssübkeşliyi çəkərək arxeoloq, etnoqraf alim Ələsgər Ələkbərovun ömür yolunun, elmi fəaliyyətinin tədqiqində öz köməyini əsirgəməmişdir. Mənəviyyatca zəngin olan Vaqif İbrahimov həm də düşünmüşdü ki, narahat dünyamızda Ələsgər Ələkbərov kimi şəxsiyyətlərin adı heç vaxt xalqın yaddaşından silinməməlidir. Kitabda 37-ci ilin repressiya qurbanı olan Ələsgər Ələkbərovun faciəli həyatı, onun Azərbaycan elminə göstərdiyi xidmətlər geniş təhlil olunub. Kitabın müəllifləri gərgin əmək sərf edərək alimin keçdiyi ömür yolunu, qazandığı nailiyyətləri, məşəqqətli repressiya həyatını arxiv sənədlərinə əsasən tədqiq ediblər. Bir sözlə kitabla ilk tanışlıqda oxucu ötən əsrin 20-ci illərində Ələsgər Ələkbərovun əsl vətənpərvər, xalqının gələcəyini düşünən bir ziyalısını daha yaxından tanıya bilir. Qeyd edim ki, orta məktəbin tarix dərsliklərində bu alimin elmi tədqiqatlarından söhbət açılmır. Əgər bu gün küp qəbirləri mədəniyyətinin öyrənilməsində, Naxçıvanda sirli qabların aşkar edilməsində, “Örənqala”-Bəylagan qazıntılarındakı apardığı araşdırmalarda tarixçi alim Ələsgər Ələkbərovun adı məktəb dərsliklərinə daxil edilsə, təqdirə layiq olardı. Düşünürəm ki, “xalq” düşməni damğası vurulan Ələsgər Ələkbərovun elmi fəaliyyətini tarixçi alimlərimizdən Tamilla Kərimova-Qocayeva, İlhamə Sadıqova və İdris Əliyev araşdıraraq, “Жизнъ, творчество, судва ученого” kitabı ilə gənc nəslə layiqincə təqdim edə biliblər. Tarix elminin keşiyində dayanan bu alimlərimizə oxucular adından təşəkkür edirəm. Yəqin ki, oxucular üçün də Ələsgər Ələkbərorovun keçdiyi ömür yolunu, elmi fəaliyyətini vərəqləmək dəyərli olar. Ələsgər Hacı Kazım oğlu Ələkbərov 1891-ci il martın 15-də İçərişəhərdə doğulub.
ARXEOLOQ, ETNOQRAF ƏLƏSGƏR ƏLƏKBƏROVA İTHAF OLUNAN KİTAB

O, ilk təhsilini əvvəlcə mollaxanada, sonra rus-tatar məktəbində alıb. Atası Hacı Kazım tacir idi, ticarətlə məşğul olardı. Deyilənə görə, Hacı Kazım həm də neft mədənlərinin sahibi olub. Valideynlərini uşaq ikən itirən Ələsgər 1906-cı ildə Bakı realnı məktəbinin pansionuna qəbul olunur. 1914-cü ildə isə Kiyev Ticarət İnstitutuna daxil olur. Ancaq o, Bakıya qayıdarkən, yenidən təhsil almaq haqqında düşünür. Ələsgər Ələkbərorov o illərdə yeni yaranan Bakı Dövlət Universitetinin tarix-filologiya fakültəsinə daxil olur. Burada təhsil alarkən V.V.Bartold, N.Y.Marr və İ.Meşşaninov kimi şərqşünas alimlərdən dərs alır. Həmin ali təhsil ocağını 1926-cı ildə bitirir. Hələ tələbə ikən ölkəşünaslıq cəmiyyətinin işlərində də fəallıq göstərir. 1923-cü ildə “Kommunist” qəzetinin redaktoru Həbib Cəbiyevin sədrliyi ilə yaradılan Azərbaycanı öyrənən və tədqiq edən cəmiyyətin fəal üzvü olur. Səmədağa Ağamalı oğlunun, professor Samoyloviçin fəxri sədrliyi ilə fəaliyyət göstərən bu cəmiyyətdə Ələsgər Ələkbərov etnoqrafiya komissiyasının prezidiumunun üzvlüyünə, tarix, din tarixi, təsviri incəsənət komissiyalarının üzvlüyünə seçilir. Bu cəmiyyətin Qarabağda, Lənkəranda, Qubada, Şamaxıda, Qazaxda, Zaqatalada, Naxçıvanda, Bakıda və Dərbənddə yerli şöbələri yaradılır. 1926-1928-ci illərdə o, Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətində mərkəzi şuranın katibi işləyir. Ələsgər Ələkbərorov Azərbaycanı öyrənən və tədqiq edən cəmiyyətin xətti ilə vətənimizi qarış-qarış gəzir, sonra isə təəssüratlarını dövrü mətbuatda oxucuları ilə bölüşür. İllər keçdikcə arxeologiyaya, etnoqrafiyaya, incəsənətə dair məqalələrin müəllifi kimi tanınır. O, həmçinin, Azərbaycan xalq teatrlarına aid dəyərli məlumatlar toplayır. Ələsgər Ələkbərorov Abşeron kəndlərinin tarixini dərindən öyrənmək üçün çöl ekspedisiyalarında da iştirak edir. Əsl etnoqraf kimi memarlıq abidələrini tədqiq edərək, onların şəkillərini, təsvirlərini çəkir. 1925-ci ildən Ələsgər Ələkbərorov gördüklərini yazıya almaqla bərabər həm də fəal mühazirəçi kimi Bakı siyasi maarif şöbəsində işləyir. O illərdə cəmiyyətin məsul katibi, ekspedisiya rəhbəri, Azərbaycan Dövlət Muzeyinin İdarə Heyətinin üzvü vəzifələrində çalışan Ələsgər Ələkbərorova Mərkəzi Komitə tərəfindən də böyük etimad göstərilirdi. Ələsgər Ələkbərorovun qəlbi hər zaman vətən məhəbbəti ilə döyünüb. Yaradıcı ziyalı, tədqiqatçı olaraq, İ.P.Şeblıkin, B.Zummer, V.Leviatov,V.M.Sısoyev, İ.Cəfərzadə, P.Fridolin, İ.Əzimbəyov, T.Passek, B.Latınin və digər tanınmış alimlərlə birgə Azərbaycan tarix elminin inkişafına töhfələr verib. Azərbaycanda nadir əşyaların aşkar edilməsi, etnoqrafik məlumatların, folklor, incəsənət nümunələrin toplanması, fotoaparatla qədim abidələrin şəkillərinin çəkilməsi Ələsgər Ələkbərorova heç də asan başa gəlməyib. O, bu yolda uzun məsafələr qət edərək, əzab-əziyyətlərə qatılaşıb. Alimin ən böyük uzaqgörənliyi isə odur ki, çöl tədqiqatları ilə bağlı təəssüratları, xalq oyunları və adətləri haqqında topladığı geniş məlumatları dövrü mətbuatda oxucularla bölüşə bilib. Məlumdur ki, 1926-cı il fevralın 26-dan, martın 6-na qədər Bakıda I Ümumittifaq türkoloji qurultay keçirilir. Həmin gün 131 nəfər nümayəndənin iştirak etdiyi qurultayda türk dünyasının dilinə, tarixinə, etnoqrafiyasına, ədəbiyyat və mədəniyyətinə dair 38 məruzə dinlənildi. I Ümumittifaq türkoloji qurultayda Ələsgər Ələkbərov məsul katibin köməkçisi vəzifəsində çalışıb.

1925-ci ildə Ə.Ələkbərov atası rus-yapon müharibəsində həlak olan Qanna Mixaylova ilə ailə qurur. Bu nikahdan Arqun və Babək adlı iki övladı dünyaya gəlir. Ələsgər Ələkbərorov Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun maddi-mədəniyyət şöbəsinə rəhbərlik edərkən ən böyüık fədakarlığa imza atır. O, 1934-cü ildə Bakıda şair Firdovsinin 1000 illik yubileyini yüksək səviyyədə təşkilində iştirak edir. Məhz o illərdə Firdovsinin “Şahnamə” əsərini türk dilinə tərcümə olunması, böyük şairin əsərinə aid miniatür və əlyazmaların əldə olunması böyük zəhmət tələb edirdi. Yubileylə bağlı Ələsgər Ələkbərorov təşkilati işlərdə fəallıq göstərib, iştirakçıları ölməz Firdovsinin dilimizə tərcümə olunan “Şahnamə”si və şairin yaşadığı dövrü əhatə edən eksponatlarla tanış edir. Sərgidə Firdovsinin yaşadığı dövrdə ticarət yollarını əks etdirən xəritələrin, silah, ev əşyalarının, inşaat materialları nümunələrinin göstərilməsi, Rey şəhərinə aid qab-qacağın və nadir əlyazmaların nümayiş olunması da qonaqları valeh edir. Azərbaycan xalq oyunları ilə yaxından tanış olmaq üçün etnoqraf Ələsgər Ələkbərorov Qazaxda, Gədəbəydə, Şəmkirdə, Göyçədə, Kəlbəcərdə, Zəngəzurda ekspedisiyalarda iştirak edir. “Kilimarası”, “Maral oyunu”, “Kaftar-kuş”, “Keçəl pəhlivan”, “Kosa-gəlin” və s kukla tamaşalarının mahir ifaçıları ilə görüşlərindəki təəssüratlarını da yazıya köçürür. 1935-ci ildə Ə.Ələkbərorov “İnqilab və mədəniyyət” jurnalında dərc olunan məqaləsində yazır: “Azərbaycanda “Kilimarası”ndan başqa qeyri qədim olan oyun formalarına da təsadüf edilir. Teatrlaşmış oyunların bəzi elementləri öz başlanğıclarını bir sıra ibtidai ənənələrindən alır. Ola bilsin ki, bu daş dövrü və mağara həyatı ilə əlaqədardır. Azərbaycanda “Maral oyunu”, “Kaftar-kuş” oyunları öz formaları ilə İspaniyada və Fransanın cənubunda olan paleolit (ibtidai daş dövrü) mağaraları divarında çəkilərək sehirbazlıq mərasimini ifadə edən şəkilləri xatırladır”. Göründüyü kimi, Ə.Ələkbərorovun xalq teatrları ilə bağlı topladığı materiallar bir daha min illər boyu Azərbaycanın qədim və zəngin mədəniyyətə malik olduğunu sübut edir. Həmin illərdə tədqiqatçı alimlərin etnoqrafik xəritələrə ehtiyacı vardır. Ə.Ələkbərorov da Azərbaycanın 5 mindən çox yaşayış yerinin adı yazılan ilk etnoqrafik və arxeoloji xəritəni tərtib edir. Ə.Ələkbərorov Azərbaycanda yaşayan türk soylu tayfa olan ayrımların və cənub bölgəsində yaşayan talışların məişət, təsərrüfat və maddi mədəniyyət məsələlərini də tədqiq edir. Çoxşaxəli elmi fəaliyyəti nəticəsində Ələsgər Ələkbərorov Moskvada çıxan “Советская этнография” jurnalı redaksiya heyətinin üzvü seçilir. Alimin Xocalıda, Naxçıvanda, Mil düzündə (Örənqalada), Abşeronda apardığı çöl tədqiqatları nəticəsində qiymətli dəfinələr, maddi mədəniyyət nümunələri aşkar edilir. Bu ekspedisiyalarda dözülməz şəraitə baxmayaraq Ə.Ələkbərorov arxeoloji qazıntı işlərində fəallığı ilə seçilir. Xüsusən də, qədim sərdabələrin, sirli qabların, nadir eksponatların aşkar olunması nəticəsində tarix elmində böyük nailiyyətlər əldə olunur. Bir çox qəbir abidələrinin tədqiqində Ə.Ələkbərorov sovet alimlərinin də diqqətini cəlb edir. 1936-cı ildə Ələsgər Ələkbərorov elmi araşdırmalarına görə namizədlik dissertasiyası müdafiə etmədən etnoqrafiya bölməsi üzrə ictimai elmlər namizədi elmi dərəcəsini alır. Ancaq təəssüf ki, dərin zəkaya malik olan tədqiqatçı alim qarşıda onu

gözləyən 37-ci ilin repressiyasından xəbərsiz idi. O illər ki, NKVD tərəfindən Vəli Xuluflu, Bəkir Çobanzadə, İdris Həsənov, Abdulla Tağızadə kimi ziyalılar günahsiz həbs edilir, onlara “xalq” düşməni adı verilirdi. 1933-cü ildən, 1937-ci ilə qədər Ələsgər Ələkbərorov SSRİ Elmlər Akademiyası Azərbaycan filialının Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunda “Maddi mədəniyyət tarixi” bölməsinin rəhbəri olur. Təəssüf ki, 1937-ci ildə Ələsgər Ələkbərorovu gözü götürməyən bədxahlar onun elmi fəaliyyətini tənqid atəşinə tuturlar. Bu işdə tarixçi, etnoqraf olmayan ermənilər, öz millətimizdən olan bədxahlarla birgə ona qarşı qərəzli hücuma keçərək, tədqiqatçı alimi elmdən uzaqlaşdırmağa nail olurlar. Haqsızlığa dözə bilməyən Ələsgər Ələkbərorov Mərkəzi Komitəyə, şəxsən M.C.Bağırova məktub göndərməyə məcbur olur. O, məktubunda yazır: “Təltif əvəzinə məni işdən uzaqlaşdırıblar”.Daha sonra Ələsgər Ələkbərorov ikinci məktubunda qeyd edir ki, “Elmlər Akademiyası Azərbaycan filialından işdən çıxarılmaqla mən elmi işçilərin sırasından silinirəm, çünki Azərbaycan mədəniyyətinin öyrənilməsi Azərbaycan filialında cəmlədirilmişdir, bundan sonra 15 il ərzində bəzən ağır şəraitdə topladığım material çölə atılır. Əgər mən şöbə müdirliyinə layiq deyiləmsə, hansı ki, həmişə xahiş edirəm məni azad etsinlər, bəlkə bağlanmış işi davam etdirmək üçün elmi işçiliyə və yaxud laborantlığa layiqəm”. Acı təəssüf ki, bir müddət keçdikdən sonra yəni, 1937-ci il dekabrın 30-da Ələsgər Ələkbərorov “xalq düşməni” adı ilə həbs edilir. O illərdə NKVD-nin cəza dəstəsi Ələsgər Ələkbərorovu həbsxanada dindirərkən, onun ADR dövründə hərbçi işləyərək müsavatçılarla yaxın əlaqəsi olduğunu söyləyirlər. NKVD-nin arxiv sənədlərində də Ələsgər Ələkbərorovun qərəzli ittiham olunması ilə əlaqədar məlumatlar vardır. İstintaq başa çatdıqdan sonra Ələsgər Ələkbərorova 8 il iş verilərək cəzaçəkmə düşərgəsinə göndərilməsi haqqında qərar verilir. 1939-ci ildə NKVD-də işgəncələrdən və vərəm xəstəliyindən əziyyət çəkən Ələsgər Ələkbərorov elə həbsxana divarları arxasında dünyasını dəyişir. 1956-cı il yanvarın 14-də Ələsgər Ələkbərorova ölümündən sonra bəraət verilir. 1960-cı ildə, Azərbaycan SSR Elmlər Akademiyası Ələsgər Ələkbərovun elmi məqalələrini kitab şəklində çap etdirir. Yenidən Ələsgər Ələkbərovun elmi fəaliyyəti azərbaycanlı alimlərin diqqət mərkəzində olur. “Жизнъ, творчество, судьба ученого” kitabında da görkəmli arxeoloq, etnoqraf Ələsgər Ələkbərovun həyat və fəaliyyəti, nəşr olunmayan yazıları, elmi məqalələri, çıxışları, arxiv sənədləri və müəllifi olduğu fotoşəkillər dəyərli oxucuların ixtiyarına verilir.

Təranə CƏBİYEVA


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!