Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                        Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir .....                       
Tarix : 5-10-2015, 14:21
“Maliyyə nazirləri çox quru adam olurlar” - Şərifovla müsahibə


Maliyyə naziri Samir Şərifov ANS TV-yə müsahibə verib.

"Butov.az" həmin müsahibəni təqdim edir:

- Bizim 2016-ci il üçün büdcəmiz 2015-ci illə müqayisədə xeyli azdır, 2011-cı ilinkinə yaxındır, amma Azərbaycan vətəndaşı artıq səxavətli yaşayırşa, səxavətli güzərana öyrəşib. Və təbii ki, o, 2011-ci ildə yaşamaq istəməyəcək. Büdcəmizin bu şəkildə azalmasını sadə vətəndaş öz güzəranında hiss edəcəkmi?

- Tamamilə düz buyursunuz ki, bizim növbəti ilin dövlət büdcəsinin layihəsində daha az gəlirlərimiz, daha az xərclərimiz nəzərdə tutulur, nəinki cari ilin dövlət büdcəsində. Cari ilin dövlət büdcəsinin gözlənilən icrasına nisbətən gələn ilin gəlirləri də, xərcləri də azaldılır. Gəlirlər təxminən 12% səviyyəsində, xərclərimiz isə təxminən 16% azalır. Yəni, cari ilin dövlət büdcəsinin gözlənilən icrasına dair təsdiq olunmuş büdcəyə nisbətdə isə bu rəqəmlər müvafiq olaraq gəlirlər üzrə 25%, xərclər üzrə 22,9% təşkil edir.

Şübhəsiz ki, bu son 10 ildə ilk dəfə olaraq bizim növbəti ilin nəzərdə tutulan dövlət büdcəmiz cari ilin dövlət büdcəsindən az həcmlərdə proqnozlaşdırılır. Lakin onu da deyim ki, xərclərin azadılması heç də bütün sosial həssas qruplara aid deyil. Xərclərin azadılması dövlət investisiya proqramlarının bir qədər kiçildilməsi hesabına baş verəcək.

Bununla da, bütün sosial öhdəliklərimiz, bütün sosial proqramlarımız: pensiya təminatları, sosial müavinətlərin verilməsi, əmək haqları, təqaüdlər və s. əvvəlki illərdə olduğu həcmdə ödəniləcək. Bununla əlaqədar hər hansı narahatlığa səbəb yoxdur.

- Bəs qənaət hansı sahələrə aid olacaq?

- Biz ilk növbədə icrada olan layihələrə maliyyə ayıracağıq. Biz onlara “keçid” layihələri deyirik, yəni bu il bu layihələrin icrasına başlanılıb və növbəti və ya yaxın illərdə onların davam etdirilməsi gözlənilir. Bu layihələrə prioritetlik verilir. Digər, yeni layihələrin dövlət hesabına başlanmasına bir qədər fasilə verilir ki, bunlar bir qədər ləngiyə bilər.

Cari xərclərə də baxdıqda, biz burda müəyyən qənaət tədbirləri görmüşük. Bunlar əsasən bəzi lüzumsuz xərclərin ixtisarı, bəzi xarici ezamiyyətlərin təxirə salınması və bu kimi digər prioritet təşkil etməyən xərc istiqamətlərində müəyyən qənaət rejimi tətbiq olunub.

- Dünyada gedən iqtisadi proseslər fonunda Azərbaycan manatının yenidən devalvasiyası mümkündürmü? Belə bir ehtimal var?

- Şübhəsiz ki, bazar iqtisadiyyatında milli valyutanın mübadilə məzənnəsi bir çox faktorlardan asılıdır - ilk növbədə tədiyyə balansının vəziyyətindən. Tədiyyə balansı da ki, xarici valyuta daxilolmalarından asılıdır. Bizim əsas ixrac məhsulumuz və müvafiq olaraq valyuta daxilolmalarımızın əsas mənbəyi neftdir. Ona görə, şübhəsiz ki, bizim mübadilə məzənnəmiz neft gəlirlərindən asılı olaraq buna xeyli həssasdır. Lakin hal-hazırda biz hesab edirik ki, tədiyyə balansımızda o qədər böyük problemlər mövcud deyil və manatın məzənnəsində, indiki durumda, böyük risklər gözlənilmir. Lakin yenə də deyirəm, bazar iqtisadiyyatının əsas prinsipi ondan ibarətdir ki, bazarda baş verən proseslər daim nəzərdən keçirilməlidir və heç kəs, heç vaxt deyə bilməz ki, hansısa valyuta sabit olaraq qalacaq.

Bu təkcə inkişaf etməkdə olan ölkələrə aid deyil, o cümlədən inkişaf etmiş ölkələrin valyutalarının mübadilə məzənnələrinə nəzər salsanız, görəcəksiniz ki, cari ildə onlar da xeyli dəyişiblər. Avropanın vahid valyutası avro ABŞ dollarına qarşı xeyli ucuzlaşıb. Hal-hazırda ABŞ dollarının uzun müddət ərzində ucuz qalması dövrü bitib və artıq dolların, demək olar ki, bütün dünya valyutalarına nisbətdə bahalaşması prosesi başlanıb.

- Biz niyə devalvasiyadan çəkinirik? Bəlkə elə devalvasiya etmək lazımdır? Bu gün manat-dollar münasibətlərində baş verən proseslər bəlkə də vətəndaşları sakit saxlayır, amma Azərbaycana iqtisadi cəhətdən verməli olduğu səmərəni vermir. Doğrudanmı, tutaq ki, 1 dollar bizdə 2 manat olmamalıdır? Bəlkə, buna gedək? Qazaxıstan buna getdi və nə fəlakət oldu, nə dəhşətli bir fəsadlar. Sadəcə olaraq, bu addımı atarkən əhalinin əmanətlərinin kompensasiya olunmasını təmin etməliyik. Onda adamlar bütün pullarını gətirib banklara verər.

- Bilirsiz, prinsip etibarilə əksər bazar iqtisadiyyatı yolunu seçən ölkələrdə milli valyutalar müxtəlif mübadilə rejimləri üzərində qurulub: “üzən” rejim var, “fiks edilmiş” rejim var. Son zamanlar manatın məzənnəsinin ABŞ dollarının məzənnəsinə müəyyən bağlılığı var idi. Bəzi dövlətlər artıq “üzən məzənnəyə” keçiblər. Qazaxıstan bunu elan edib. Bu gün bu məsələyə cavab vermək bir az tez olar. Amma mənim fikrimcə, hal-hazırda Mərkəzi Bank bu istiqamətdə müvafiq iş aparır. Hesab edirəm ki, optimal bir variant tapılıb və tətbiq olunacaq.

Devalvasiya öz-özlüyündə müəyyən bir makroiqtisadi alətdir və büdcə-fiskal siyasəti baxımından bu alət çox təsiredici bir alətdir. Amma bunun mənfi tərəfləri də var. Bunlar ilk növbədə ondan ibarət ola bilər ki, bu proseslər inflyasiya səviyyəsini artıra bilər, bu da əhali üçün əlverişli deyil. Ona görə heç bir dövlət devalvasiyanı arzuolunan makroiqtisadi tədbir kimi qəbul etmir. Adətən, bu, qaçılmaz bir tədbir olur, bizdə də belə oldu.

Bunun digər mənfi fəsadı isə dövlət tərəfindən xidmət edilən xarici borcdur. Bizim xarici borcumuz xarici valyutada ifadə olunur. Deməli, xarici borcumuza xidmət etmək üçün bizə daha çox büdcə vəsaiti tələb olunacaq və müvafiq olaraq növbəti ilin büdcə layihəsində xarici borcla əlaqədar xərclərimiz artır, bu da manatın ucuzlaşmasının bir nəticəsidir.

Digər tərəfdən, bəzi sahibkarlar xarici valyutada ölkə daxilində borc alıblarsa və ölkə daxilində onların gəliri manatda ifadə olunursa, şübhəsiz ki, onların əlavə xərcləri əmələ gəlir və bu barədə də çox qızğın müzakirələr mətbuatda yer alıb.

Devalvasiya idxal olunan məhsulların qiymətinə mənfi təsir göstərir, ona görə ki, bizim idxalımız xarici valyuta ilə ödənilir. Amma devalvasiyanın müsbət tərəfləri də var. Bizim ölkə daxilində istehsal olunan məhsullar daha ucuz əmələ gəlir, bununla əlaqədar bizim milli istehsalçılarımızın rəqabət qabiliyyəti xeyli artır. Bununla da biz daxili bazarımız qoruyuruq. Digər tərəfdən, daxili istehsal üçün ölkədə müəyyən stimullar da yaradır. Onu da qeyd edim ki, burda hökumətin vacib tədbirləri olub - ilk növbədə inhisarçılıq sahəsində. Bildiyiniz kimi, dərmanların qiymətlərinin tənzimlənməsi istiqamətində böyük tədbirlər görülür, nəzarət sistemi yaradılıb. İdxal olunan preparatların qiymətinin tənzimlənməsi həyata keçirilir.

Eyni sistem ərzaq məhsullarının qiymətinin artmasının qarşısını alır. O ki, qaldı gündəlik istifadə olunmayan idxal olunanan ərzaqlara, məsələn, spirtli içkilər və s. Düşünürəm ki, bu, elə də böyük faciə deyil. Hətta bunun sayəsində bu məhsulların idxalı ilə məşğul olanlar üçün əlavə rəqabət imkanları yaradılır.

- Samir müəllim, Beynəlxalq Bankda nə baş verirdi? Nə qədər borc var idi? Dövlətə borcun hansı hissəsi qaytarılıb və hansı hissəsi qalıb?

- Beynəlxalq Bankla bağlı qeyd etmək istərdim ki, bir qədər əvvəl ölkə prezidenti tərəfindən Beynəlxalq Bankın özəlləşdirilməsi ilə əlaqədar əlavə tədbirlər haqqında və bankda maliyyə sağlamlaşdırılması tədbirlərinin həyata keçirilməsi barədə fərman imzalanıb. Həmin fərmanda qeyd olunur ki, bankın sabiq rəhbərliyi tərəfindən bankda aparılan riskli kredit-investisiya siyasəti nəticəsində bankın cəlb etdiyi borclarla yerləşdirdiyi kreditlər arasında qeyri-tarazlıq yaranıb və bu, bankın maliyyə vəziyətinə mənfi təsir göstərir. Bununla əlaqədar bankda sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsinə zərurət yaranıb və bu tədbirlərin başa çatmasından sonra bank özəlləşməyə açıq elan olunacaq.

Bu məsələlər hələ də araşdırılır və bankın rəhbərliyinə daxil olan bütün şəxslər artıq işdən kənarlaşdırılıb, bəzi inzibatçılara dair istintaq tədbirləri həyata keçirilir və onların qanuna zidd hərəkətlərinə hüquq-mühafizə orqanları tərəfindən hüquqi qiymət veriləcək.

- Siz həm də hərbçilərin evlə təminatı ilə bağlı komissiyanın rəhbərisiz.

- Komissiya son iki il ərzində xeyli iş görüb, əsas iş ondan ibarət idi ki, 20 il Azərbaycan Hərbi Qüvvələrində qüsursuz xidmət göstərən şəxslərin mülkiyyətinə dövlət tərəfindən pulsuz mənzil verilir. Komissiyanın ilk işi müvafiq meyarlara cavab verən hərbi qulluqçuların növbə siyahısı tutmaq idi. Artıq bu siyahıya görə ev almaq üçün 1289 hərbi qulluqçu növbədə dayanıb. Bunlardan 245 nəfərə mənzillər artıq verilib. Digər 1000 nəfərdən çox hərbi qulluqçulara gəldikdə isə onların ilin sonuna kimi mənzillə təmin olunması üçün 500-dən çox əlavə mənzil verilməsi nəzərdə tutulub.

Əlbəttə ki, bu dövlətin maliyyə imkanlarından asılıdır, amma ilk növbədə bu, ölkə başçısı, möhtərəm prezidentimiz cənab İlham Əliyevin hərbi qulluqçularımıza olan diqqətinin əyani bir sübutudur və dövlətin orduya olan xüsusi qayğısının bir göstəricisidir.

- Dövlət başçısının başqa bir tapşırığı da var idi, bu, ipoteka kreditinə ilin sonunadək 200 milyon manat vəsaitin ayrılması ilə bağlı idi. İlin sonuna bir o qədər də çox vaxt qalmayıb.

- Bu sahədə müvafiq qanunverici təşəbbüs hazırlanıb, Maliyyə Nazirliyi və Mərkəzi Bank tərəfindən müvafiq təkliflər hazırlanıb, təqdim olunub. Bu təkliflər qəbul edildikdən sonra müvafiq maliyyə vəsaitinin ayrılması mümkün olacaq. Nəzərdə tutulur ki, bunun hesabına həm güzəştli əhali kateqoriyasına aid olan ailələrə ipoteka kreditlərinin verilməsində əlavə imkanlar yaradılacaq, həm də bu kateqoriyalara aid olmayan və ipoteka almaqda maraqlı olan şəxslərə də ipoteka şərtləri bir gədər asanlaşdırılacaq.

- Hətta söhbətlər var idi ki, faizlər azaldılacaq, ipoteka məbləği 3 dəfə artırılacaq...

- 3 dəfə yəqin ki, olmaz, amma 2 dəfəyə qədər artım nəzərdən keçirilir.

- Bəs güzəştli, yəni sosial ipoteka alanların kateqoriyasının genişləndirilməsi mümkündürmü? Müəllimlərin və həkimlərin bura daxil edilməsi nəzərdə tutulurmu?

- Cənab prezidentin tapşırığına uyğun təqdim etdiyimiz təkliflərin qəbulu, yəqin ki, heç bu güzəştli kateqoriyalı ipotekaya daxil olan şəxslərin dairəsinin genişləndirilməsinə zərurət yaratmayacaq. Bu təkliflərin qəbul ediləcəyi təqdirdə çox münbit bir ipoteka şərtləri formalaşacaq və bundan geniş əhali kütləsi yararlanacaq.

- Azərbaycanın maliyyə naziri tez-tez gülümsəyir?

- Maliyyə nazirləri adətən çox quru insanlar olurlar. Amma siz deyən kimi, biz də gülümsəyirik (gülür). Bu da o deməkdir ki, bizim iqtisadiyyatımızda işlər pis deyil.

-Təşəkkür edirəm!

- Sağ olun!


Butov.az


Paylaş



Bölmə: Müsahibə / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!