Xınalığa dolu düşüb .....                        Qəbul imtahalarında yenilik olacaqsa, azı iki il əvvəl elan edilir - DİM rəsmisi .....                        Binəqədidə baş vermiş yanğında 1 nəfər xəsarət alıb .....                        Bakı Fransız Liseyinin bağlanma səbəbi açıqlandı .....                        Bağlanan liseyin şagirdləri bu məktəblərə köçürüləcək - RƏSMİ .....                        G7 ölkələrindən İrəvan və Bakıya çağırış .....                        Tovuzda qadın tanışı tərəfindən yandırıldı .....                        İsmayıllıda torpaq qatı uçdu - Evlər təhlükə altındadır - ViDEO .....                        Gürcüstanın XİN Lui Bonoyla görüşdü .....                       
Tarix : 3-04-2017, 15:55
Gizli xidmətimizin ilk general-leytenantı

Gizli xidmətimizin ilk general-leytenantı
I hissə
Xeyli vaxtdır, keçmiş sovetlər dönəmində xüsusi xidmət orqanlarında, hərbi qurum-larda xidmət etmiş və Azərbaycan müstəqillik əldə etdikdən sonra taleyini gənc ölkənin qurulmasına həsr etmiş tanınmış şəxsiyyətlər haqqında silsilə yazılar hazırlayıram. Bu qəbildən bir neçə tanınmış şəxsiyyətlərlə bağlı yazılar hazırlayıb oxucuların ixtiyarına vermişəm. Görkəmli hərbi xadimlər kontr-admiral Həmid Qasımbəyov, general-mayor Ab-basəli Novruzov barədə yazılar saytlarda saysız-hesabsız oxucu kütləsi topladı. Növbə şəx-siyyətinə böyük hörmət bəslədiyim Azərbaycan təhlükəsizlik orqanlarının ilk general-leyte-nantı, Ulu Öndər Heydər Əliyevin yaratdığı peşəkarlıq məktəbinin ən layiqli nümayəndələ-rindən olan indiki Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi Ziya Yusifzadəyə çatdı. Açığı, bu barədə çox düşünmüşəm. Yazını heç cür başlaya bilmirdim. Həm də Ziya müəllim haqqında materiallar toplamaq lazım idi. Qəribə burasıdır ki, Ziya mü-əllimin respublika mətbuatında müxtəlif mövzulara həsr olunmuş kifayət qədər müsahibələri, məqalələri dərc olunub. Ulu Öndər haqqında ayrı-ayrı illərdə yazdığı məqalələrdən və verdiyi müsahibələrdən ibarət nəfis tərtibatlı “Böyük insan” kitabı da çap olunub. Ancaq konkret olaraq özü barədə demək olar ki, çox az və əhatəli yazılmayıb. Düzdür, Ziya Yusifzadə haqqında bəzi mənbələrdə bioqrafik xarakterli materiallar toplanılıb, ancaq onlar da daha çox bir-birinin təkrarıdır. Bu da növbəti çətinlik yaradırdı. Nəhayət, deyəsən alındı. Ürəyimi boşaltmağın vaxtı gəldi. Məni qınamayın, belə halda material birnəfəsə yazılır. İllahdaki, haq-qında yazdığın sözün həqiqi mənasında böyük şəxsiyyət olanda və ürəyində yer tapanda. Qəbrin nurla dolsun, böyük insan.

Çox maraqlıdır, Ziya müəllimlə ilk görüşümün, ilk tanışlığımın başlanğıc tarixini xatırlamıram. Ancaq o yadımdadır ki, ilk dəfə dörd nömrəli hökumət rabitəsi ilə danışdıq. Ümumiyyətlə, Ziya müəllimlə telefon danışıqlarımız həmişə əməliyyat rabitəsi ilə deyil, hö-kumət rabitəsi vasitəsi ilə olurdu.

– Təzə nəyin var, nə yazırsan, dedi.

Onu qısaca məlumatlandırdım. İstiqlal tariximizlə bağlı hazırladığım materiallar barədə fikir mübadiləsi apardıq. Ona göndərdiyim “Cəllad etirafı”, “Sibir dərsi”, “Azərbaycanın təhlükəsizlik və xüsusi xidmət orqanları”, “Gizli xidmətin sirləri” kitablarıma görə təşəkkürümü bildirdi. Dedi ki, “Cəllad etirafı”, “Sibir dərsi” kitabların xoşuma gəldi, elə adları oxucunu çağırır, yaxşı seçmişsən. Bunun əhəmiyyəti böyükdür. Gözəl publisistikan var, bunu davam elə. Bilirsən, sənin yazıların niyə xoşuma gəlir? Sadə, anlaşıqlı, səlis dilin, aydın məntiqin var. Rahat oxunur. Xeyli yeni faktlara rast gəldim. Tənbəllik eləmə, yaz. “Azərbaycanın təhlükəsizlik və xüsusi xidmət orqanları” kitabın isə elmi-publisistik səpgidədir. Açığı bu kitabın mənə daha xoş gəldi. Müdafiə eləmisən? Elmi dərəcən var?
- Xeyr, dedim.
- Böyük səhvin var, oğlum, təhlükəsizlik orqanları haqqında az-çox oxumuşam. Sənin kitabın 1918-1920-ci illərin nəinki təhlükəsizlik, həm də dövrün tarixinin öyrənilməsi baxımından qiymətlidir. Nə qədər tarixi faktlar. Bu mövzu barədə məlumatlıyam. Ancaq sənin kitabın tamam fərqlidir, əldə olunmuş faktlar da, onlara münasibətlər də bambaşqadır. Maraqlıdır, sən simiclik eləmə, kitablardan Akademiyanın kitabxanasına göndər, qoy kursant-lar oxusunlar. İstiqlal tariximizi hamı öyrənməlidir.
Bu sözləri Ziya Yusifzadə kimi böyük bir insanın dilindən eşitmək xoş idi. Özümü itirmişdim. O, vəziyyəti hiss etdi və mənə özümə gəlməyə şərait yaratdı. Söhbəti uzatmağa çalışırdı. Hiss etdim ki, məqsədi məni sakitləşdirməkdir. Qənaətim düz çıxdı. Ziya müəllimin yazılarım, xüsusən də onun oxuduğu kitablarım, tərcümələrim barədə fikirlərini, tövsiyələrini yeri gəldikcə istəkli oxucuların diqqətinə çatdıracağam.

Bax, beləcə bizim tanışlığımız başlandı. Həmin tarixi gündən sonra böyük şəxsiyyətlə telefon danışıqlarımız adi hala çevrildi. Sözün düzü, ilk vaxtlar Ziya müəllimlə danışanda yenə də içimdə bir narahatçılıq baş qaldırırdı, fikrimi tam söyləyə, əsaslandıra bilmirdim. Onu da deyim ki, bizim söhbətlərimiz əsasını daha çox əməliyyat xarakterli sözlərin rus dilindən tərcüməsi, mahiyyəti, yazılışı, tərcüməsi mümkün olmayan sözlərin yenidən yaradılması, yaxud uyğun sözlərin tapılması təşkil edirdi. Ancaq birinci sözü “nə yazırsan və ya nədən yazırsan?” idi. Deyəndə ki, maraqlı faktlarım var, yazıram, düz eləyirsən, yaz, deyirdi. Deyən-də ki, işim çoxdur, bir az fasilə vermişəm, a kişi iş həmişə var, yaradıcılığınla ciddi məşğul ol, deyirdi.

Bir həqiqəti etiraf etməyi özümə borc bilirəm. Ziya müəllim müzakirə etdiyimiz hər bir sözə xüsusi həssaslıqla yanaşırdı. Və təklif etdiyi sözlər, sonda bir qayda olaraq təsdiqini tapırdı. Bu o demək deyildir ki, mən onun hər bir təklifi ilə elə həmin dəqiqə razılaşırdım. Əsla yox. Heç Ziya müəllim də bunu məndən tələb etmirdi. Hər kəs öz variantını bildirirdi. Sadəcə təqdim edilən söz xeyli müzakirədən sonra həyata vəsiqə alırdı. Ancaq söhbətin sonunda həmişə adəti üzrə: - sluşi, (bu ifadəni tez-tez işlədirdi, xüsusən də kefi kök olanda) qəbul olunsun, deyirsən də - deyərdi. Beləcə telefon danışığımız bitərdi. Mənə elə gəlirdi ki, “sluşi” ifadəsini mənimlə münasibətdə olan vaxtlar işlədir. Sonradan onu daha yaxından tanıyanlarla söhbət zamanı aydın oldu ki, Ziya müəllim bu ifadəni tez-tez işlədir.

Ziya müəllim bu işlərə, telefonla fikir mübadiləsinə rəhmətlik Tofiq Heydərovu da cəlb eləmişdi. Tofiq müəllim zəng edəndə həmişə deyərdi ki, ay Elşad, Ziya müəllim ikimizi də işə salıb. Lazım olan kimi soruşur, Elşadla danışdın? Düzü, Ziya müəllimin mənə belə sıcaq münasibətinin nədən və haradan qaynaqlandığını bilmirdim. Elə Tofiq müəllim də mənə hörmətlə yanaşırdı. Təhlükəsizlik orqanlarında xidmət edənlər yaxşı bilirlər, Ziya Yusifzadə, Tofiq Heydərov kimi peşəkarlarla işləmək nə deməkdir. Rəhmətlik Tofiq müəllimlə tanış olsaq da ciddi ünsiyyətimiz olmamışdı. Bir dəfə, hələ kurslar (Akademiya yaradılmamışdan əvvəl) fəaliyyət göstərən vaxtlar nazirliyin rəhbər işçilərindən biri qəfildən zəng etdi. Dedi ki, uzaqdayam, başım yaman qarışıqdır, kurslarda dərsim vardır, istəsəm də çata bilməyəcə-yəm. Xahiş elədi ki, onu əvəz edim. Saata baxdım, dərsin başlanmasına 15 dəqiqə qalmışdı. Dedim, nə danışırsan, bunun 10 dəqiqəsini də yola sərf edəcəyəm. Heç bilmirəm mövzu nədir. Nə isə, çox çalışdım bu xahişdən vaz keçim, mümkün olmadı. Dəstəyi atıb qaçdım. Sö-zün düzü, pərt olmuşdum. Bu işin öhdəsindən necə gələcəyim barədə düşünürdüm. Növbətçi gəlişim barədə kursun rəhbəri Tofiq Heydərova məruzə etdi. Yuxarı qalxıb qapını astaca döydüm. – Gəl, ay Elşad gəl, dedi. Özümü itirmişdim. Tofiq müəllim ayağa durub əllə görüşdü. – Yazılarını, məqalələrini qəzet-jurnallarda oxuyuram, televiziya verilişlərində görürəm, 1920-1950-ci illərdə baş vermiş qırmızı repressiyalar barədə olanları isə xüsusi ma-raqla izləyirəm. Bu barədə dərsdən sonra geniş söhbət edərik.

Auditoriyaya daxil olduq, məni xoş sözlərlə kursantlara təqdim elədi: – Bilirsiniz ki, Elşad müəllim, həm də qələm əhlidir. Bu gün sizə xüsusi mühazirə oxuyacaq, 1920-1950-ci illərdə baş vermiş repressiyalar barədə MTN və DİN-in arxivlərində xeyli vaxtdır araşdırmalar aparır. Kitabları çıxır, məqalələr yazır, radioda, televiziyada verilişlərdə iştirak edir. Maraqlı və savadlı oğlandır. Bu mühazirələri heç yerdə eşitməmişsiniz. Təkcə sadaladığı faktlar sizin marağınıza səbəb olacaq. Bəlkə də bu faktları birinci dəfə eşidirsiniz. Hələ tam yazılmamış istiqlal tariximiz hamımızı, hər bir azərbaycanlını maraqlandırır. Uğur olsun!

İnsafən mövzunun adını eşidəndə bir az sakitləşdim, çətini başlamaq idi. 1920-1950-ci illərdə qırmızı imperiyanın insanların başına gətirdikləri müsibətlər barədə 90 dəqiqə bir nəfəsə danışdım. Ömründə ilk dəfə belə auditoriya qarşısında çıxış edirdim. Fasilə olmadı, zəng çalınsa da heç kim yerindən durmadı. Tofiq müəllim ətrafa baxdı, heç kimin yerindən tərpənmədiyini görüb işarə verdi ki, davam edim. İkinci qırx beş dəqiqənin necə gəlib keçdiyini hiss etmədim. Və müəllim peşəsinin şərəfli olduğu qədər də çətin olduğunu bir daha anladım. Əslinə qalanda, müəllim ailəsində böyüdüyümdən bu hisslər mənə olduqca doğma idi. Atam da, anam da, qardaşlarım da, bacım da talelərini müəllim peşəsinə bağlamışdılar. Ailədə məndən başqa, hamı pedaqoji fəaliyyətlə məşğul idi. Mühazirə bitdi, suallar yağış kimi yağırdı. Kursantları daha çox “Difai” partiyası və onun fəaliyyəti maraqlandırırdı. Qırx beş dəqiqə də belə keçdi.

Tofiq müəllim əllərimi sıxıb təşəkkür elədi, xoş sözlər söylədi. Belə mühazirələrin kursantlar üçün vacib olduğunu və bunun gələcəkdə də davam etdiriləcəyini bildirdi. 15 dəqiqə də onun kabinetində söhbət etdik. Səhv etmirəmsə, həyat yoldaşının tanınmış Səfikürd-ski nəslindən olduğunu bildirdi. Biləndəki Səfikürdskilərlə əlaqədar araşdırmalarım var, xeyli, bir-birindən maraqlı hadisələr danışdı. Sonralar bununla əlaqədar yazılar yazanda Tofiq müəllimin danışdıqları köməyimə gəldi. Rəhmətlik Tofiq müəllimlə ünsiyyətimiz belə yaran-mışdı. Sonralar üzbəüz görüşməsək də, telefonla əlaqələrimiz çox olurdu. Hörmətli oxucu düşünəcək ki, müəllif Ziya müəllimdən danışırdı, qəfildən Tofiq müəllimə keçdi. Düşünürəm ki, hörmətli oxucular məhz bu hissənin Ziya müəllimlə tanışlığımıza bir keçid olduğunu hiss etdilər. Böyük şəxsiyyətlə yaranmış sıcaq münasibətin təməli uzun illər təhlükəsizlik orqanlarında çalışmış və xidmət etdiyi kollektivlərdə böyük nüfuzu olmuş Tofiq Heydərovla ünsiyyətdən sonra yaranmışdı. Yəqin ki, mənim barəmdə bilgiləri Ziya müəllimə o vermişdi. Beləliklə, mənim böyük Ziya müəllimlə tanışlığımız, daha doğrusu əməkdaşlığımız başladı. – Sluşi, səninlə kitablar barədə danışmışdıq. Noldu, göndərdin? Bilirsən də kitablar oxunmaq üçündür. Müəllifin kitabı oxunmursa, deməli, ya yazdığı bir şey deyil, ya da simiclik edib kitablarını satmaq istəyir.

Bir həqiqəti bu gün əziz oxucularla bölüşmək istəyirəm. “Azərbaycanın təhlükəsizlik və xüsusi xidmət orqanları”, “Tariximiz, taleyimiz” kitabları barədə Ziya müəllimlə dəfələrlə söhbətlərimiz olub. Görünür, Ziya müəllim bu kitabları tələsmədən, rahat oxuyurdu. Və hər dəfə də kitabların müəyyən hissələri barədə fikir mübadiləsi aparırdıq. Onu da deyim ki, bu kitablardan başqalarına da göndərmişdim, ancaq kimlərin bu kitabları oxuyub-oxumadıqları barədə məlumatım yox idi. Bəlkə də heç vərəqləməmişdilər. Lakin Ziya Yusifzadəni yaxın-dan tanıyanlar onun bəyəndiyi əsərləri diqqətlə oxuduğunu və müəlliflə fikir mübadiləsi apar-mağı sevdiyini söyləyirdilər. Özü də elə bir yaşda. Söhbətlərin birini indiki kimi xatırlayıram. 1918-1920-ci illərdə cəmisi 23 ay ömür sürmüş Azərbaycan Xalq Cümhuriyyətinin xüsusi xidmət və təhlükəsizlik orqanlarının tarixi, onların rəhbərləri, fəaliyyətləri barədə geniş söhbətimiz oldu. – Bu barədə digər müəlliflərin də materiallarını vərəqləmişəm. Sənin kitabın yeni və maraqlı faktlarla doludur. Məncə kitabda verilən faktların az qala 80 faizi yenidir. Hiss olunur ki, arxivlərdə çox işləyirsən. Ona görə də kitab maraqlı çıxıb. Əməlli-başlı elmi tədqiqat işidir. Təkrar olmasın, nahaq yerə bunu sistemə salıb müdafiə etməmişsən. Burda nə var ki, çətini kitabı yazmaqdır. Bu da sən də var. Qalır texniki məsələlər. Bilirsən də, indi elmi ad almaq adiləşib. Ordan-burdan köçürürlər, adını da qoyurlar elmi iş. Vəssalam, oldu elmlər namizədi, elmlər doktoru. İndi də adını qoyublar filan sahə üzrə fəlsəfə doktoru, nə bilim nə. Sənə bir şeyi də deyim, bəzən bir məsələ haqqında iki nəfər yazır. Onun biri elmi dərəcəsi olan “alim”, digəri isə adi yazar olur. Nəticədə birincinin sözünə inanırlar, deyirlər filankəs alimdir. Əslində isə yazdığı zibildir. İndi də maşallah, belə zibillərin sayı kifayət qədərdir.

Ziya müəllim həqiqəti söyləyirdi. Sözün düzü, mənim elmi işlərə o qədər də həvəsim olmayıb. Mən bir kitab yazmağı elmi iş yazmaqdan daha üstün sayırdım. Ürəyimdə Ziya müəllimin dediklərini qəbul etsəm də, yenə yüngülcə inad etdim. İnsafən o da bu söhbətə bir də qayıtmadı. Nə isə, söhbətimizi davam etdirək. – Həmin dövrün təhlükəsizlik orqanlarının fəaliyyətini yaxşı bölmüşsən. Birinci mərhələ 28 mart -11 iyun 1919-cu ili, ikinci mərhələ 11 iyun 1919-cu il – 6 mart 1920-ci ili, üçüncü mərhələ 6 mart – 28 aprel 1920-ci ili əhatə edir. Hətta arada, Əksinqilabla Mübarizə Təşkilatı Bakı Möhkəmləndirilmiş Rayonunun rəisinin də tabeçiliyinə verilib. Çox maraqlıdır. İnanın, çaşıb qalmışdım. Mənə elə gəldi ki, həyatda kitabımı yeganə Ziya müəllim oxuyub. Çünki heç kim mənimlə bununla bağlı bu dərəcədə aydın müzakirə aparmayıb. Və Azərbaycan əks-kəşfiyyatının 28 avqust 1918-ci ildə Azərbaycan hökumətinin 7 saylı sərəncamı ilə yaranması barədə Səməd bəy Meh-mandarovun əmrlərinin birində xatırlandığını, hətta bu vəzifəyə Ağalarovun təyin olunduğunu da deyəndə donub qaldım. Bilmirdim nə deyim, sanki Ziya müəllim bu kitabı mənimlə birlikdə yazmışdı. Kimdən danışmadıq, Ağalarovdan, Məmmədbağır və Nağı bəy Şeyxzamanlı qardaşlarından, Ələkbər bəy Şahsuvarovdan, vaxtilə həmin qurumlarda çalışmış, sonralar qırmızı imperiyanın cəlladlarından birinə çevrilmiş Lavrenti Beriyadan, soyadları tanınmış insanlardan Şamçızadədən, Tatyana Şahtaxtinskayadan, Azərbaycanın ölkədən kənarda fəaliyyət göstərən ilk kəşfiyyatçısı polkovnik Məmməd bəy Əliyevdən, Hərbi kəşfiyyatın rəisi İrza bəy Hacıbəylinskidən və daha kimlərdən. Axırda: - məni xeyli məlumatlandırdın, ancaq Lavrenti Beriya barədə ayrıca danışarıq, əslinə qalanda Beriyanın AXC dövründəki fəaliyyəti məni daha çox maraqlandırır. Dünyanın tanıdığı Beriyanın müstəqil Azərbaycan təhlükəsizlik və xüsusi xidmət orqanlarındakı xidməti maraqlı olmaya bilməz, dedi. Bir də Azərbaycan xüsusi xidmət və təhlükəsizlik orqanlarının rəhbərlərinin siyahısını tərtib edəndə Ağalarovun adını yazmırıq, ancaq orqanın tarixini onun rəhbərlik etdiyi qurumun yarandığı gündən götü-rürük. Səncə, maraqlı və haqlı sual deyil?

Bu söhbətə qayıdacağıq. Yadıma Ziya müəllimlə maraqlı bir dialoqumuz düşdü. Növbəti telefon danışıqlarımızın birində Ziya müəllim qəfildən söhbətin istiqamətini dəyişdi. – Sluşi, bir dayan görüm, yadımdan çıxmamış bir məsələni öyrənmək istəyirəm. AXC-nin təhlükəsizlik və xüsusi xidmət orqanlarında çalışanların peşə hazırlıqları, təhsilləri vardımı? Ümumiyyətlə, onların arasında peşəkarlar işləyirdimi? Təbii ki, maraq doğuran məsələ idi. Bu barədə mən hələ həmin suallara o dövrlə tanış olarkən cavab axtarmağa çalışırdım. Mən bir-nəfəsə danışır, aradabir Ziya müəllimin mənə qulaq asıb-asmadığını öyrənmək istəyirdim. Sanki o, məni hiss edirdi, hərdənbir ya sözümü təsdiqləyir, ya da təəccübünü bildirirdi. İlk olaraq AXC-nin təhlükəsizlik və xüsusi xidmət orqanlarının fəaliyyətinin birinci mərhələsi barədə danışdım. Bildirdim ki, bu barədə Dövlət, DİN, eləcə də indiki DTX-nin arxivində yüzlərlə sənədlər saxlanılır. Onu da etiraf etdim ki, qırmızı imperiyanın nümayəndələri əldə olan sənədləri səliqə ilə saxlayıblar. Düzdür, bu sənədlərlə yalnız Azərbaycan müstəqillik qa-zandıqdan sonra tanış olmaq imkanı qazanmışıq. Birinci müstəqil Azərbaycan təhlükəsizlik orqanlarının ilk rəisi Ağalarov barədə danışdım. Ümumiyyətlə, Ağalarov, onun tərcümeyi-halı barədə məlumat çox azdır. Yalnız Səməd bəy Mehmandarovun məlum əmrində Ağalarov barədə qısaca məlumat almaq mümkün olur. Ağalarov çar ordusunda baş poruçik rütbəsində xidmət edib. Təhsili barədə məlumat yoxdur. Azərbaycan müstəqillik qazandıqdan sonra Milli Orduya dəvət olunub. Sonra kornet rütbəsi alıb. Avqust ayınadək Baş Qərargahda, xüsusi tapşırıqlar üzrə zabit vəzifəsində xidmətini davam etdirib. 28 avqust 1918-ci ildə Azərbaycan hökumətinin sədrinin 7 saylı sərəncamı ilə Azərbaycan əks-kəşfiyyatının rəisi təyin edilib. Ancaq həmin gündən 1919-cu ilin mart ayınadək bu qurumun və Ağalarovun fəaliyyəti barədə sənəd əldə edə bilməmişəm. 1919-cu ilin mart ayından iyun ayının 11-dək xeyli materiallar tapmaq mümkün oldu. AXC-nin ilk əks-kəşfiyyatçıları, eləcə də ölkədən kənarda fəaliyyət göstərən kəşfiyyatçılar barədə saysız-hesabsız sənədlər mövcuddur. Və Ziya müəllimə deyəndə ki, onların istər ölkə daxilində, istər cəbhə bölgəsində, istərsə də ölkədən kənarda ümumi vəziyyət və əməliyyat şəraiti barədə yüksək səviyyədə, özü də rus dilində tərtib etdikləri arayışlar, əməliyyat məlumatları və onların üzərində yazılmış dərkənarlar sovet və indiki dönəmdə yazılanlardan seçilmir, bəzən daha üstündür, dedikdə həmin dəqiqə sözümü kəsdi. – Nə danışırşan, yəni təhsilləri və bu sahədə təcrübələri olmaya-olmaya belə peşəkarcasına işləyirdilər, dedi. Misal çəkdim, əks-kəşfiyyatçılardan Ağalarovun özü, yasavul Yusupov və başqalarının sənədləri yüksək səviyyədə hazırlanıb. Hələ kəşfiyyatçıları demirəm. Tiflisdə Azərbaycan Xalq Cümhuriyyətinin nümayəndəliyində həm attaşe, həm də kəşfiyyat zabiti kimi xidmət edən, eyni zamanda Gürcüstanın Baş Qərargahı ilə Ermənistana qarşı gizli kəşfiyyat işləri aparan, hərbi topoqraf polkovnik Məmməd bəy Əliyevin, eləcə də Şahzadə Məmməd kod adı ilə Ermənistandan, döyüş bölgələrindən qiymətli məlumatlar ötürən, lakin adını müəyyən edə bilmədiyim kəşfiyyatçı barədə danışanda, Ziya müəllim maraqlı işlər varmış, dedi.

1919-cu ilin 11 iyunundan başlayan Azərbaycan təhlükəsizlik orqanlarının ikinci mərhələsi çox qarışıq, çətin bir dövrə düşür. Ölkədə yaranmış bolşevik təhlükəsi ilə əlaqədar kəşfiyyat qurumu Hərbi nazirliyin tərkibində saxlanıldı. Əks-kəşfiyyat isə Əksinqilabla Mübarizə Təşkilatı (ƏMT) adı ilə müstəqil quruma çevrildi. Təşkilatın fəaliyyət göstərdiyi 9 aya yaxın bir müddətdə Məmmədbağır və Nağı bəy Şeyxzamanov qardaşları rəhbərlik etmişdir. Şeyxzamanovlar barədə söhbətimiz daha uzun çəkdi. Məmmədbağır bəy təşkilata 2 aydan bir qədər artıq, Nağı bəy isə 7 aydan bir qədər az müddətə ƏMT-ya başçılıq etmişdi. Ziya müəllimi daha çox onların fəaliyyəti maraqlandırırdı. Məmmədbağır bəy səhhətinə görə öz ərizəsi ilə təşkilata rəhbərlikdən imtina etmişdi. O parlamentin üzvü olduğundan millət vəkili kimi fəaliyyət göstərirdi. Nağı bəy isə təşkilatın ləğv edildiyi günədək, yəni 1920-ci ilin mart ayının 6-dək təşkilata rəhbərlik etmişdi. – Təşkilatın fəaliyyəti dövləti niyə qane etmirdi sualını verəndə, başa düşdüm ki, Ziya müəllim məsələnin dərinliyinə getmək istəyir. Təəssüflər olsun ki, ƏMT Müsavat və Hümmət partiyalarının göndərdiyi nümayəndələr əsasında formalaşmışdı. Bir-birinə zidd ideologiyalara xidmət edən təhlükəsizlik əməkdaşlarının birgə fəaliyyəti necə ola bilərdi? Hümmətçilər açıq-aşkar bolşeviklərə, Rusiyaya işləyirdilər. Ona görə də hazırlanmış əməliyyatlar tez-tez uğursuzluğa düçar olurdu. Bununla bağlı yüzlərlə arxiv sənədləri saxlanılır. Hətta təşkilatın fəaliyyətinin dayandırılması, yenidən qurulması, yaxud digər qurumların tabeçiliyinə verilməsi məsələləri də müzakirəyə səbəb olurdu. Təbii ki, ƏMT-nın fəaliyyətini sıfıra endirmək də olmaz. Burada Məmmədtağı Dadaşov, Yusif bəy Bayraməlibəyov, Hüseyn bəy Mansurski, Əli Razi Şamçızadə, eləcə də Lavrenti Beriya kimi bacarıqlı şəxslər işləyirdilər. Təşkilat ermənilərlə, denikinçilərlə, ingilislərlə mübarizədə fəallıq göstərə bilirdi. Bu barədə arxivlərdə onlarla sənədlər saxlanılır. Hətta təşkilat oktyabr ayında ölkədə vəziyyətin gərginləşməsi, Denikin ordusunun Azər-baycan sərhədlərinə yaxınlaşması və hər an hücum təhlükəsinin olduğu bir vaxtda vahid mərkəzdən müdafiə məqsədilə yaradılmış Bakı Möhkəmləndirilmiş Rayonunun rəisi general Tlexasın tabeçiliyinə verilmişdi. ƏMT-nın Əsasnaməsini də Tlexas təsdiq etmişdi. Tlexas qatı antibolşevik və tələbkar olduğundan rəhbərlik etdiyi qurum bütün istiqamətlərdə, o cümlədən ƏMT da daxil omaqla, bolşeviklərə qarşı yorulmadan mübarizə aparılırdı. Elə bolşeviklərə qarşı növbəti tədbirlərin biri təşkilatın fəaliyyətinin dayandırılmasına səbəb oldu. Təşkilatın əməkdaşları tərəfindən məşhur bolşevik Nikolay Çikalonun (sonralar Ukrayna KR MK-nın Siyasi bürosunun üzvü, Xarkov Vilayət KP MK-nın katibi, 1938-ci ildə güllələnib) həbsi zama-nı guya onun döyülməsi faktı şişirdildi və bolşeviklərin təzyiqi ilə ƏMT buraxıldı.

Ziya müəllim bu yerdə mənim sözümü qəfildən kəsdi: - maşallah, rahat və aydın danı-şırsan. Qəbul edilsin. Beriyanı yenə də unutdun. Deməsəm, keçəcəksən birbaşa 3-cü mərhələyə, yəni İnformasiya şöbəsinə. Bu tərəflərə də gəlmirsən də. Bir gəl də, oturub danışaq. Yaxşı oldu, arada davam edərik. Mütləq zəng elə, ha.

Hərdən mənə elə gəlirdi ki, o uzun danışıqlardan bezir. Ona görə də sözümü yarımçıq kəsir. Bəzən də sözün düzü Ziya müəllimi anlamırdım. Danışığından hiss edirdim ki, kitabları oxuyub. Bəs niyə məni danışdırır? Ancaq növbəti dəfə danışanda, sluşi, bax ha, xaltura edirsən, deyəndə, bilirdim ki, ardıcıllığı pozmuşam. Beləliklə, söhbətimiz davam edirdi.

Lavrenti Beriya haqqında danışmamışdan əvvəl mənə bir sual verdi: - Elşad, sən həm jurnalistsən, həm də faktiki tarixçisən, istiqlal tariximizlə bağlı çoxlu yazıların, araşdırmaların var. Bir de görüm, Beriya haqqında sənin şəxsi fikrin nədir? Təbii ki, Lavrenti Beriya digərləri kimi deyil, nəinki Sovetlər birliyində, eləcə də dünyada tanınmış tarixi şəxsiyyətdir. Onun haqqında az oxumamışam, məlumatlıyam. Ancaq sənin kitabında müəyyən bilgilər vardır. Məhz o illər mənim üçün qaranlıqdır.

- Əlbəttə Ziya müəllim, Beriya dünyada tanınmış tarixi şəxsiyyətdir, hansı tərəfdən araşdırsaq da onu tarixdən silmək mümkün deyildir. Onun səhvləri ilə yanaşı, xidmətləri vardır. Zarafat deyildir, SSRİ kimi nəhəng qırmızı imperiyanın əsas rəhbərlərindən biri olmuşdur. Beriyanın keçdiyi yolu hər təsadüfi adam keçə bilməz. Stalinin ən yaxın çevrəsinə daxil olan Lavrenti Beriyanın həyat yolunda Əksinqilabla Mübarizə Təşkilatının da özünəməxsus yeri vardır. Ömrünün çox az bir hissəsini ƏMT-də keçirən Beriyanın məhz bu məsələyə görə az qala ömrünün sonuna qədər başı ağrıyıb. Onun düşmənləri fürsət düşən kimi Beriya Müsavat əks-kəşfiyyatının agenti olub deyə onu ləkələməyə, Stalinin gözündən salmağa çalışıblar. Dəfələrlə bu məsələ şəxsən Stalinin rəhbərliyi ilə keçirilən iclaslarda mü-zakirə olunub.

Hiss olunurdu ki, Ziya müəllim Beriyanın sovet dövrü haqqında məlumatlıdır. Hətta elə rus müəlliflərinin adını çəkirdi, ya mən onları tanımırdım və ya yazdıqlarını oxumamışdım. Lavrenti Beriyanın Müsavat Əks-kəşfiyyatında, yəni ƏMT-da qısa fəaliyyətini AR DTX-nin arxivində saxlanılan istintaq işindən və Nağı bəy Şeyxzamanlının “Azərbaycan istiqlal mücadiləsi xatirələri” kitabından öyrənməyə çalışmışıq. İstintaq işində cəmisi 2 sənəd saxlanılır. Birinci sənəd onun həbs edilməsi barədə orderdir. 8 sentyabr 1920-ci ildə Azərbaycan Fövqəladə Komissiyasının əməkdaşları Beriyanı Müsavat əks-kəşfiyyatının agenti (əməkdaşı) kimi həbs etmişdilər. İkinci sənəd isə 8 sentyabr 1920-ci ildə açılmış istin-taq işinin 1932-ci ildə şəxsən L.Beriyanın özünə göndərilməsi barədədir. Onu da deyim ki, dövlət arxivində ƏMT ilə bağlı fondu ən lazımsız vərəqinə qədər vərəqləmişəm. Ən az məlumat Lavrenti Beriya barəsindədir. Onun adı yalnız ümumi tərtib edilmiş müxtəlif siyahılarda keçir. Siyahının birində 11-ci sırada agent kimi onun soyadı göstərilir. Mandat nömrəsi 1-dir. “Hansı dilləri bilir” qrafasında “rus dilində savadlı”, “türk dili” əvəzində “gürcü dili, savadlı” yazılıb. Digər siyahı da isə “senzura işləri üzrə rəis” yazılıb. Arxiv bilgiləri bu qədərdir. Beriya haqqında daha geniş bilgiləri onun rəisi olmuş Nağı bəyin xatirələrindən öy-rənirik. Bildiyimiz kimi, ƏMT “Müsavat” və “Hümmət” partiyalarının üzvləri əsasında təşkil edilmişdi. Nağı bəyin yazdığına görə, Lavrenti Beriyanı “Hümmət” partiyasının tövsiyəsi ilə təşkilatın senzura şöbəsinə götürmüşdü. O, sosialist kimi çar rejiminin qəti əleyhdarı idi. 21 yaşlı Lavrenti işinə son dərəcədə məsuliyyətlə yanaşırdı. Verilən tapşırıqları vicdanla yerinə yetirir, ürəklə çalışırdı. Əldə etdiyi məlumatlarla əlaqədar düzgün izahat verirdi. Nağı bəy onun bacarığını, çalışqanlığını nəzərə alır, senzura şöbəsinin rəisi vəzifəsinə təyin edir. Nağı bəy onun konkret faktlarla qəddarlığını da xüsusi olaraq qeyd edir. Eyni zamanda, anası da, özü də maddi sıxıntı içərisində yaşayırdı. İşdən aldığı maaşla, ərzaqla vəziyyətini düzəldə bilmişdi.

1920-ci ilin əvvəllərindən bolşeviklər gənc Azərbaycan dövlətinə qarşı açıq-aşkar hücuma keçmişdilər. ƏMT da fəaliyyətini (Tlexasa tabeçilik dövründə) onlara qarşı gücləndirmişdi. Təşkilatın bir çox bolşevik üzvləri işdən uzaqlaşdırılmışdı. Bununla yanaşı, Beriya hələ vəzifəsində qalırdı.

Nağı bəyin xatirələrindən onu da öyrənirik ki, günlərin bir günü Beriya yoxa çıxır. Onu çox axtarırlar. Nəhayət, Nağı bəy belə qənaətə gəlir ki, Lavrenti Beriya Azərbaycanın hüdudlarından çıxıb. Ancaq Nağı bəy onun 2 aylıq maaşını anasına göndərir.

28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti bolşeviklər tərəfindən işğal edildikdən sonra Nağı bəy Şeyxzamanlı Gürcüstana keçmək məcburiyyətində qalır. Xəstəxanaların birində təsadüfən Beriya ilə rastlaşır. Ancaq bu görüş Beriyanın ürəyincə olmur. – Niyə məni xəbərdar etmədən Gürcüstana keçdin, deyə Nağı bəy onu sorğu-suala tutur. Beriya cavabında bildirir ki, siz mənim əqidə, yəni kommunist yoldaşlarımı təqib edirdiniz. Orada qala bilməzdim. Sizinlə yolumuz tamam ayrılmışdır. Anama maaşımı verdiyinə görə təşəkkür edirəm. Nağı bəy Beriyadan soruşur ki, Azərbaycanda bolşeviklərin hərəkətlərindən xəbəri varmı? Çarın atasına rəhmət oxuyurlar. İnsanları nahaqdan güllələyirlər, təqib edirlər. Məni tutsalar, kömək edərsənmi? Cavabında Beriya deyir ki, nahaq yerə bolşeviklərdən qaçırsınız, onlar Qafqaza hürriyyət gətirirlər. Getsəniz yaxşıdır, mən sənə kömək etməyəcəyəm.

Ziya müəllimi Beriya ilə Nağı bəyin dialoqu çox maraqlandırdı. Söhbətə diqqətlə qulaq asırdı. Arada Ziya müəllim Nağı bəyin qeyd etdiyi qəddarlıq söhbətinə yenə qayıtdı. Rus dilində alçaqdan nəsə dedi, düzü eşitmədim. Sonra: - hər şey aydındır, davam elə, dedi.

Beriya sonralar hakimiyyət yollarında sürətlə irəlilədi. Tiflisdə, Moskvada müxtəlif vəzifələr tutdu. Stalinin ən yaxın çevrəsinə daxil oldu. Ancaq Beriyanı bir məsələ, müsavat əks-kəşfiyyatında işləməsi daim düşündürür, narahat edirdi. Ona görə də 1932-ci ildə Lavrenti Beriya haqqında arxivdə saxlanılan istintaq işini Moskvaya apartdıraraq (Mircəfər Bağırovun bundan xəbəri vardı) özündə saxlamışdır. Lakin bu da Beriyanı düşdüyü vəziyyətdən çıxara bilməmişdir. Bu, onun zəif yeri idi, onu rəqibləri də bilirdi. Məqam düşdükcə bu məsələni gündəmə çıxarırdılar. – Bəs SSRİ Nazirlər Sovetinin dəftərxana müdiri Suxanov bu sənədləri Beriyanın seyfində necə görmüşdü və nə əcəb Beriya bu sənədləri vaxtında məhv etməmişdi? – deyə Ziya müəllim qəfil mənim sözümü kəsdi. Hiss elədim ki, Lev Bezımenskinin “Novoye vremya” jurnalında Suxanova istinadən Lavrenti Beriya haqqında yazdığı materialdan xəbəri var. – Şübhəsiz ki, Suxanov Beriyanın razılığı olmadan onun seyfinə baxış keçirə bilməzdi. Ola bilsin, hansısa sənədin seyfdə axtarışı zamanı Suxanov Beriyanın ƏMT ilə əlaqəli materiallarını görmüşdü. Beriyanın başağrısına çevrilmiş bu materialları məhv etməsi mümkün deyildi. Çünki Bakıda, indiki DTX-nin arxivində bu işin Beriyanın özünə verilməsi barədə qeydlər vardı. Eyni zamanda, Mircəfər Bağırov bu məsə-lədən xəbərdar idi. Çox güman ki, Beriya bu məqamları nəzərə alırdı.
Ardı var.

Elşad Qoca
Bakı, 27 mart, 2017-ci il.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!