Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 3-07-2017, 18:10
Cocuq Mərcanlıya köç başladı

İyulun 3-də Cocuq Mərcanlıdan olan məcburi köçkünlərin doğma yurdlarına köçürülməsi ilə əlaqədar Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində yaradılmış komissiyanın iclası keçirilib.

Butov.az Axar.az-a istinadən xəbər verir ki, Dövlət Komitəsi sədrinin müavini, komissiyasının sədri Gəray Fərhadov çıxış edərək diqqətə çatdırıb ki, hələ ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə - 1994-cü ilin yanvarın 6-da uğurlu Horadiz əməliyyatı ilə Cocuq Mərcanlı işğaldan azad edilmişdi. Lakin Lələtəpə yüksəkliyi düşmənin nəzarətində olduğundan kənddə yaşamaq qeyri-mümkün idi. Hərb tariximizə qızıl hərflərlə yazılmış 2016-cı ilin aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azad edilməsi mövcud təhlükəni aradan qaldırdı. Bundan dərhal sonra Prezident İlham Əliyev Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı Sərəncam imzaladı. İnşaatçılar vaxt itirmədən qəsəbənin tikintisinə başladılar. İlkin olaraq, 50 mənzil və 100 yerlik məktəb binası tikildi. Mart ayının 20-də başlanan tikinti işləri mayın 20-də başa çatdırıldı. Qəsəbədə tikilən 50 evdən 20-si ikiotaqlı, 25-i üçotaqlı, 5-i isə dördotaqlıdır. Su, qaz, elektrik, telefon xətləri çəkilib, su anbarı inşa edilib. Küçələrdə gecə işıqlandırma sistemi qurulub, qəsəbədaxili yollara asfalt örtüyü çəkilib. Dövlətimizin başçısının tapşırığına əsasən, qəsəbədə Şuşa məscidinin bənzəri də inşa olunub.

Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə son 23 ildə 6 milyard manatdan çox vəsait yönəldilib. Ümumilikdə indiyədək 95 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksi salınıb. Bunun da 95 faizi son 13 ildə inşa edilib. Bu barədə məlumat verən Gəray Fərhadov qeyd edib ki, görülən işlər nəticəsində 50 min ailənin və ya 250 min qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb: “Əgər indiyədək məcburi köçkünlər həmin qəsəbələrə müvəqqəti yaşamaq üçün köçürülürdülərsə, bu dəfə belə deyil. Yəni, Cocuq Mərcanlıda salınan yeni qəsəbəyə həmin kəndin sakinləri orada daimi yaşamaq üçün köçürülürlər. İlk növbədə, 50 ailə doğma yurda qayıdacaq”.

İyunun 14-də Prezident İlham Əliyev yenidən qurulan Cocuq Mərcanlıda açılış mərasimində iştirak edib. Sədr müavini bildirib ki, bundan bir gün sonra dövlətimizin başçısı “Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində bərpa işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən Cocuq Mərcanlı kəndində tikinti-bərpa və abadlıq-quruculuq işlərinin davam etdirilməsi, o cümlədən 100 evin, uşaq bağçasının, həkim məntəqəsinin, digər zəruri sosial və infrastruktur obyektlərinin tikintisi məqsədi ilə Prezidentin ehtiyat fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 9 milyon manat ayrılıb.

“Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılmasını daim diqqətdə saxlayır, bu insanlara xüsusi qayğı ilə yanaşırlar. Mehriban xanım Əliyevanın Birinci vitse-prezident kimi ilk müşavirəsini qaçqın və məcburi köçkünlərin problemlərinə həsr etməsi, onların bir qisminə Masazırda yeni mənzillərin verilməsi, Qaradağ rayonunun Lökbatan qəsəbəsi yaxınlığında 1026 ailəlik yeni yaşayış qəsəbəsinin təməlinin qoyulması bu diqqət və qayğının bariz göstəricisidir”, - deyə G.Fərhadov vurğulayıb.

İclasda çıxış edən Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, Cocuq Mərcanlı kənd icra nümayəndəsi Xanlar Zeynalov, kənd sakinləri Avçı Məmmədov, Gülxanım Həziyeva və başqaları onların Vətən həsrətinə son qoyduqları üçün dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Çıxışlardan sonra püşkatma mərasimi keçirildi. Cocuq Mərcanlıdan olan 50 ailə üzvü növbə ilə püşk çəkərək, daimi ocaqlarının yeni ünvanlarına sahib oldular.

Komissiyanın sədri Gəray Fərhadov məlumat verdi ki, artıq köçürülmə ilə bağlı işlər başa çatdırılıb və proses sabahdan start götürür.

Püşkatma mərasimindən sonra təəssüratlarını AZƏRTAC-la bölüşən Cocuq Mərcanlı sakini İsmət Həziyev dedi: “Aprel döyüşləri bir daha sübut etdi ki, Azərbaycanın güclü ordusu var və biz ona güvənərək doğma yurda qayıdırıq. İnanırıq ki, Azərbaycan bayrağı tezliklə bütün Qarabağımızda dalğalanacaq. Mən müəlliməm. Bugünkü püşkatma ilə ata yurdumuzda yeni evimizə sahib olduq. İnşallah tezliklə, ailəmlə kəndimizə köçəcək, təsərrüfat quracaq, doğma məktəbimizdə uşaqlarımızın təhsili ilə məşğul olacağam”.

Digər kənd sakini İlkin Təbrizli isə gəncdir. O, indiyədək görmədiyi Cocuq Mərcanlıya qayıdışın həsrəti ilə yaşayır. “Hər bir insanın bir çox arzusu var. Mənim ən böyük arzum müəllim olub, doğma kəndimizin şagirdlərinə dərs demək idi. Müəllimlik diplomu almışam. Xoşbəxtəm ki, indi Cocuq Mərcanlıya gedib bu arzuma çatacam. Sağ olsun Prezidentimiz, doğma yurdumuzu yenidən qurdu, bizə qaytardı. Kəndimizdə yeni məktəb də tikilib. Böyük səbirsizliklə Cocuq Mərcanlıda dərs deyəcəyim günü gözləyirəm”, - deyə İlkin sevincini bizimlə bölüşdü.

Gülxanım Nəsirovanın üzündən də sevinc hissləri oxunurdu. O, 24 ildir həsrətini çəkdiyi ata-baba yurduna qayıdışın doğurduğu bu hissləri dilə gətirərək dedi: “Axır ki, uzun illərin Vətən həsrətinə son qoyulur. Doğma torpağa qayıtmaq mənim də ən böyük arzum idi. Allah Prezidentimizdən razı olsun, onun sayəsində bu arzuma çatdım. İnanıram ki, işğal altındakı bütün şəhər və kəndlərimiz də azad olunacaq, məcburi köçkünlər bizim kimi öz yurdlarına qayıdacaqlar. İnşallah, sizi də Cocuq Mərcanlıda gözləyəcəyik. Gəlin, doğma Qarabağımızda qonağımız olun!”

Vaxtilə azğın düşmənin yerlə-yeksan etdiyi Cocuq Mərcanlı bu gün gözlərimiz önündə bərpa olunaraq ikinci həyatını yaşayır, doğma sakinləri öz ağuşuna alır. Bu qayıdış torpaqlarımızın azad olunması istiqamətində Prezident İlham Əliyevin yürütdüyü qətiyyətli və ardıcıl siyasətin məntiqi nəticəsi, Qarabağa Böyük Qayıdışın ilk müjdəsidir.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!