Astarada faciə: iki azyaşlı yanaraq öldü .....                        Hazırda qar yağan rayonlar .....                        Ukrayna müharibənin ilk saniyəsindən sülhə can atır - Zelenski .....                        Sürücülərin nəzərinə! - Bu yollarda sürət həddi endirildi .....                        Türkiyəli nazirdən Zəngəzur dəhlizi açıqlaması .....                        Arayik məhkəmədə nələri danışdı: "Son 34 il ərzində..." .....                        Bakalavr pilləsinə sənəd qəbulunun qiyməti artıb? - DİM-dən CAVAB .....                        Yük maşınları yeni qaydada yoxlanılacaq .....                        Azərbaycanda bu təyyarələrin məhv edilməsinə icazə veriləcək - Yeni qərar .....                       
14-02-2025, 16:54
Zaxarova vurulan Azərbaycan təyyarəsindən danışdı


Zaxarova vurulan Azərbaycan təyyarəsindən danışdı

Təyyarə faciəsindən Rusiya və Azərbaycan arasında münasibətləri pisləşdirmək üçün istifadə cəhdləri uğursuzluğa məhkumdur.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
O qeyd edib ki, təyyarə qəzası nəticəsində həm Azərbaycan, həm də bizim vətəndaşlarımız həyatlarını itiriblər.
"Bu faciə həm orada, həm də bizdə dərindən hiss olunur. Amma buna baxmayaraq, bəziləri bunun üzərindən öz maraqlarını güdməyə çalışırlar. Xalqlar, xüsusən də ortaq tarix və regionda ümumi məsuliyyət zonasına sahib ölkələr arasında nifaq salmaq cəhdləri uğursuz olacaq", - açıqlamada bildirilib.
Qeyd edək ki, 25 dekabr 2024-cü ildə AZAL-a məxsus sərnişin təyyarəsi Qazaxıstanın Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər yaralanıb.
Qazaxıstan Nəqliyyat Nazirliyi tərəfindən təyyarənin qəzaya uğraması barədə hesabat yayımlanıb. Hesabatda təyyarənin qəzadan əvvəl kənar müdaxiləyə məruz qaldığı təsdiqlənib. Azərbaycan hökumətindəki rəsmi mənbə "Reuters" agentliyinə bir sıra yeni faktlar açıqlayıb.
Açıqlamada bildirilib ki, Azərbaycan təyyarəsi Rusiyanın "Pantsir-S" raketi ilə vurulub. “Azərbaycan tərəfində təyyarədən çıxarılan və beynəlxalq ekspertiza nəticəsində müəyyən edilmiş “Pantsir-S” raketinin qəlpəsi var”, - mənbə bildirib.
Ancaq Rusiya faktı etiraf etmək və üzr istəmək niyyətində deyil. Moskva öz günahını açıq şəkildə etiraf edib məsuliyyəti üzərinə götürməlidir. Mətbuatda bildirilir ki, hazırda sübut bazası formalaşır, faktlar, dəlillər toplanır və beynəlxalq məhkəməyə müraciət etmək istiqamətində hazırlıq işlər aparılır.
14-02-2025, 09:08
UNESCO ensiklopediyası hazırlanır


UNESCO ensiklopediyası hazırlanır

Zəngin mədəni irsi olan Azərbaycan xalqı dünya mədəniyyəti xəzinəsinə bir çox tövhələr vermişdir. Mədəni irsimizin təbliği və qorunmasında beynəlxalq mədəniyyət təşkilatları və digər platformalar mühüm rol oynayır. Bu təşkilatlar arasında UNESCO-nun da özünəməxsus yeri var. Xarici siyasətmizin vacib tərkib hissəsi olan mədəniyyət diplomatiyasının formalaşmasında bu platformanın xüsusi əhəmiyyəti vardır.
Bu il dünyanın ən böyük mədəniyyət təşkilatı olan UNESCO-nun yaradılmasında 80 il keçir. Bu əlamətdar yubiley münasibəti ilə Azərbaycanda UNESCO ensiklopediyası hazırlanır. Bu barədə layihə rəhbərləri ADPU-nin UNESCO klubunun rəhbəri, filologiya üzrə fəlsəfə doktoru, dosent Könül Həsənova və qeyri-maddi mədəni irsin hüquqi qourunması üzrə tədqiqatçı, hüquqşünas Səməd Vəkilov məlumat verib. Məlumata əsasən UNESCO ensiklopediyasının hazırlanmasında Azərbaycanın müxtəlif elm sahələrində çalışan alimlərin və ziyalılardan ibarət redaksiya heyəti iştirak etmişdir. Sözügedən ensiklopediya sahəvi ensiklopediyalar kateqoriyasına aiddir. Sözügedən ensiklopediya da UNESCO-nun yardılması, qanunvericilik bazası, quruma rəhbərlik etmiş şəxslər, Xoşməramlı səfir olmuş Mehriban Xanım Əliyevanın fəaliyyəti, Ümumidünya Maddi-mədəni İrsi, Qeyri-maddi mədəni irs, Dünya Sənət irsi, Yardıcı şəhərlər şəbəkəsi, Öyrənən şəhərlər şəbəkəsi, İlkin siyahıda olan namizəd şəhərlər, Beynəlxalq Konvensiyalar, rəsmi sənədlər, Azərbaycan-UNESCO əlqələri və.s bölmələr yer almışdır. Ensiklopediyanın hazırlanmasında AMEA-nın ixtisaslaşmış institutları və Prezident Kitabxanası ilə əməkdaşlıq edilmişdir.

Qeyd edək ki, Qərbi Azərbaycan ərazisində milli mədəniyyətimizin bir parçası olan tarixi abidələrimizin məhv edilməsi və saxtalaşdırılması ilə bağlı ictimaiyyət tərəfindən adıçəkilən quruma bir neçə dəfə kütləvi müraciətlər göndərilsə də onlar adekvat reaksiya verməmişdir. Hər bir xalqın hansı dövlətin ərazisində yerləşməsindən asılı olmayaraq mədəni irsinin saxtalaşdırılması və məhv edilməsinin qarşısının alınması hüququ Beynəlxalq Konvensiyalarda təsbit edilmişdir.
UNESCO platformasının daha yaxşı öyrənilməsi, mədəni irsimizin qorunması mexanizmlərinin funksionallığının təmin olunmasında hazırlanmış ensiklopediya müsbət rol oynayacaqdır. Qeyd edək ki, ensiklopediya yaxın vaxtlarda işıq üzü görəcək.
14-02-2025, 08:12
Yuxuların qonağı

Xalidə Xalid
Araştırmaçı yazar/Türkiyə



Yuxuların qonağı

Azərbaycanımın dəyərli oxucuları!
Uzun ayrılıqdan sonra sizin görüşünüzə “Öncə VƏTƏN” layihəsiylə gəldim.
Bu layihəyə Türkiyə mətbuatında Azərbaycan şəhidlərimizin tanıdılması ilə start verilib. Azərbaycan mətbuatında da Türkiyənin şəhid övaldlarının yarımçıq qalan həyat hekayələri ilə sizləri tanış etmək, onları daha yaxından tanıtmaq istəyirəm.
ŞƏHİDLİK-ucadan uca bir zirvədir.
ŞƏHİDLİK- o zirvəni fəth edənlərin yuksək məqamıdır.
ŞƏHİDLİK- Vətən torpağının ağuşunda əbədi yuxuya dalmaqdır.
ŞƏHİDLİK-Cənnət çiçəkləriylə bəzənmiş bir məkana sahib olmaqdır.
Bütün bu saydıqlarıma sahib olan, “Öncə VƏTƏN”in Azərbaycanda ilk qəhrəmanı Siirt şəhidi Əmrə Kaan Arlıdır. Hər şəhidin yarımçıq qalan çox maraqlı həyat hekayəsi var. Hər hekayə onları daha yaxından tanımağımıza vəsilə olur. Bu hekayələr nə qədər maraqlı olsa da, bir o qədər insanın ürəyini paramparça edir. 22 yaşlı Əmrənin də həyat hekayəsi çox maraqlıdır.
Əmrənin atası Şaban bəy səhiyyə işçisi olub, hazırda təqaüdçüdür.
Əmrə şəhid olduqdan sonra Türkiyə Müharibə Əlilləri, Şəhidlər, Dul və Yetimlər Dərnəyinin Kocaeli şöbəsinin rəhbəri kimi fəaliyyət göstərir. Anası Əminə xanım tibb bacısı olaraq çalışıb, indi təqaüddədir. Əmrənin ailəsi və dostlarıyla görüşdükdən sonra şəhidlərimizin şəhid olacaqlarını öncədən hiss etdiklərinə bir daha əmin oldum.
Həmin il qış İzmitdə çox soyuq keçirdi. Ana balkondan çölə baxır, içi yana-yana “ biz burda, rahat həyatda bu soyuğa dözə bilmirik. Mənim övladım torpağın altında bu şaxtaya necə dözür” deyə düşünürdü. Əmrəyə həmişə “çox istəyirəm sən Kəbə imamı olasan, mən də sənə baxım qürur duyum” deyirdi.
Şəhadətindən sonra Əmrə bir qadının yuxusuna girir. Ona deyir ki, “anam mənim Kəbə imamı olmağımı istəyirdi. Ona deyin ki, mən burda hər gün Kəbə imamları ilə söhbət edirəm. Nə soyuq hiss edirəm, nə də üşüyürəm. Anama deyin, ¬¬mənə görə narahat olmasın.”
Əmrə heyvanları çox sevirdi. Valideynləri evdə it, pişik, göyərçin saxlayırdılar Əmrə sevir deyə. Əmrə məhəllədə kimin nə ehtiyacı olardısa, köməyə qaçardı. Çətinə düşənə həmişə yardım etməyə çalışardı. Onu hər yay məscidə göndərirdilər ki, müsəlman övladı olaraq dinini öyrənsin. Valideynləri çalışdıqları üçün onu nəzarətdə saxlaya bilmirdilər. İbtidai sinif dönəmində iki-üç duadan başqa bir şey öyrənməmişdi. Amma Quran kursuna getdikdən sonra Quran-i Kərimi də öyrənir, hətta başqalarına da Quran oxumaği öyrədir.

Əmrə şəhid olduqdan sonra onun üçün Quran oxunan günlərdə onlara bir yerimə əngəlli gənc gəlir. Nə Şaban bəy, nə də Əminə xanım onu tanımırlar. Çox canfəşanlıqla nələrsə etməyə çalışır. Gah yemək paylayır, gah da ehtiyac olan işləri görməyə çalışır. Bir gün Şaban bəy, Əminə xanımdan bu gəncin kim olduğunu soruşur. Əminə xanım da tanımadığını söyləyir və həmin gəncdən Əmrəni hardan tanıdığını soruşmağa qərar verirlər.
- “Əmrə Quran kursunda müəllimim olub. Müqəddəs kitabı mənə Əmrə qardaşım öyrədib. Mən başqa heç kimdən Quran-i Kərimi öyrənə bilmirdim. Əmrə mənə çox yardımçı olub.”
Beləliklə, Mustafa adlı bu gəncin Əmrənin tələbəsi olduğunu öyrənirlər.
Əmrə anasına çox bağlı olub. Anası onunla, o anasıyla nəfəs alıb. Bu sevgiyə ətrafdakılar Əminə xanım sonbeşik övladları Hilalı dünyaya gətirərkən bir daha əmin olublar.
Belə ki, Əminə xanım əməliyyatdan çıxana qədər, Əmrə bacısına sarı baxmayıb, qucağına da almayıb. Deyib ki, anam əməliyyatdan sağ-salamat çıxana qədər, körpəni qucağıma almaram. Sonralar Əminə xanımın iş yoldaşları Əmrənin ona necə bağlı olduqlarına şahid olduqlarını bildirirlər.
Əmrə hərbi xidmətə getmədən öncə, bir gün atasına polis olmaq arzusunda olduğunu bildirir. Sonra da təhsilini donduraraq hərbi xidmətə getmək üçün müraciət edir. Atası nədən belə etdiyini soruşanda Əmrə cavab verir:
“Atacan, mənim günahım çoxdur. Mən əsgərliyə şəhid olmaq üçün gedirəm. Şəhid olacağam, sizi də, özümü də bu günahdan qurtaracağam” deyir.
Atası onun bu cavabından əsəbləşir. Deyir ki, ay oğul, sənin yaşın nə, başın nə? Sənin nə günahın ola bilər ki? Həddi buluğa hələ təzə girmisən.Nə etmisən ki? Pis hərəkətlər aludəçisi deyilsən, oğurluq etməmisən, kimsəyə pisliyin keçməyib. Günahın ola bilər ki, sənin? Əmrə isə “ yox, ata, yox, mən şəhid olacağam. Ona görə də, jandarmada komando kimi dağlarda, dərələrdə düşmənlə mücadilə edəcəyəm.” deyə cavab verir.
İmkan olduqca anasıyla, atasıyla əlaqə saxlayır. Hər dəfə də “ana narahat olma, ana burda heç bir problemim yoxdur” deyir. Anası dərd çəkməsin deyə, ona yalan söylərdi Əmrə. Şirin yalan idi onun yalanları. Lakin orda Əmrənin dediyi kimi hər şey yolunda getmirdi. Hər günü düşmən gülləsi altında keçirdi.

Əmrə əsgər gedərkən, başqalarından fərqli olaraq nə əllərinə, ayaqlarına xına yaxılır, nə də musiqiçilər dəvət olunur. Onun üçün məsciddə Quran oxunma mərasimi keçirilir. Ehsan çörəkləri ətrafa paylanırkən, yaşlı bir kişi Əmrənin dostundan “oğlum, şəhidinizmi var?” deyə soruşur. Dostu isə “xeyir, əmi, Əmrə hələ əsgər gedəcək.”deyərək kişiyə cavab verir.
Bunu Əmrə şəhid olduqdan sonra dostu anasıgilə deyir. Oğlu əsgər getmədən dörd-beş ay öncə ananın ürəyini qəribə bir sıxıntı sarır. Heç yerdə qərar tuta bilmir. Sanki bütün bədəni atəşə bürünür, yanır.
Əmrə məzuniyyətə gəldiyində evdəkilərin “orda vəziyyət necədir?” sualına “yaxşıyıq, salamatçılıqdı” deyə cavab verir, bu mövzuda təkrar söhbət açılmaması üçün tez-tez başqa söhbətə keçir. Bir dostu var, Əmrədən iki yaş böyükdür. Ona danışırmış dağdakı vəziyyəti.
“Mən atama orayla bağlı heç nə demirəm. İstəmirəm burda məndən narahat qalsınlar. Bizim vəziyyətimiz orda heç ürəkaçan deyil. Mən orda pulemyotçuyam. Çox qəribə bir silahdır. 250 metrlik hədəfi 25 metrə çəkir. Mənə yandan, sağdan, soldan, arxadan kimsə bir şey edə bilməz. Siçan kimi, onları qovuram. Amma aşağıdan, yamacdan atəş açarlarsa, onda özümü qoruya bilmərəm” deyə dostuyla bölüşür.
Əmrə düşmənin niyyətini bu sözləri söylərkən, sanki öncədən hiss edir.
Xain düşmənin basqını da dağın yamacından olur. Saat 14:10 radələrində Siirt Pervari yolunun təhlükəsiyliyi üçün vəzifələndirilən hərbiçilərimizin keçəcəkləri yola bölücü terror mənsubları tərəfindən öncədən əldə düzəldilmiş partalyıcı döşəyirlər. Hərbi maşınla yoldan keçən 8 əsgər və zabit şəhid olur. Şəhid olduğu ilk gündən iyirminci günədək ailəsinin tanımadığı insanların yuxusuna girir.
“Əmrə mənim yuxuma gəldi, mən onu bu dünyada heç tanımıram. Yuxuma gəldi, bunu dedi, Sizin övladınız şəhiddir” deyə o insanlar gördükləri yuxuları şəhidimizin ata-anasına danışırlar. Şaban bəyin, onunla bağlı unuda bilməyəcəyi iki yuxusu var. Əmrə Konyaya heç getməmişdi. Atası isə onu yuxusunda Mövlanənin türbəsinin önündə görür. Xanımına deyir ki, mən Konyaya gedirəm. O da “mən də gəlirəm” deyir və birlikdə yola hazırlaşırlar.
Cümə sabahı səhər saat 08.00-da evdən çıxaraq sürət qatarı ilə yola düşürlər. Cümə namazını orda qılırlar. Yenikənd səmtində Əli adlı əqli qüsurlu bir insan varmış. Əmrə ona da çox kömək edərmiş.
Ailəsinin tanımadığı, adını bilmədiyi çox insan var ki, Əmrənin şəhadətindən sonra onlara yardım etdiyindən xəbərləri olur. Əmrə şəhid olduqdan sonra da fərqli çox şeylərə vəsilə olur.
Əmrə şəhid olduqdan bir həftə sonra Yaşılova Quran kursundan bir müəllimə Əminə xanıma zəng vurur.
“Əminə bacım, sizi Asiyə adlı bir xanımla tanış etmək istəyirəm. Sizə gələ bilərikmi”-deyə soruşur.
“Əlbəttə, qapımız hər kəsə açıqdır, gəlin”deyir.
Gələn otuz dörd yaşında xərçəng xəstəsi olan bir qadın olur.
Əmrə şəhid olduğu gün onun yuxusuna girir, ona deyir ki, “bizim evin ünvanı budur. Anamın adı Əminə, atamın adı Şabandır. Mən şəhid olacağam. Anama deyin, üzülməsin, ağlamasın. Mən şəhadət şərbətini Peyğəmbər əfəndimizin əlindən içdim.”
Başqa bir yuxu isə Aynur adlı bir qızla bağlıdır. Həmin gün evdə oturduqları vaxt, qapının zəngi çalınır. Açdıqlarında qarşıda bir qızın dayandığını görürlər.
“Xala, məni yanlış anlamayın. Adım Aynurdur. Mən sizin oğlunuzu yuxularımda görürəm. Hər gecə görürəm. Quran oxutdum, sədəqə payladım, amma yenə də gəlir, və hər dəfə də, get mənim anamı ziyarət et, deyir” deyə qızcığaz kövrələrək anladır. Aynur onlara gəldikdən sonra, Əmrə bir də onun yuxusuna girmir.
Əmrə şəhid olduğunda Əminə ana dörd ilə yaxın bir müddət ərzində mətbəxin balkonuna çıxmır. Hər gün zibilləri Əmrəyə verər, özü də arxasından balkona çıxıb, gözlərdi. Zibil qutusu olan tərəf də balkonlarından görünərdi. O anları xatırlamaq çox ağır olduğu üçün, balkona çıxmaqdan vaz keçərdi.
“Nə edirsən et, amma bir yanın əksik. Dostları evlənir, bizi dəvət edirlər. “Ana, gəl, nə olur” deyirlər. Bizi çox sevdikləri üçün yanlarında olmamızı istədiklərini bilirik, amma mənim orda nələr çəkəcəyimi onlar bilmirlər.
Evlənməkdən söz düşərkən, Əmrə mənə deyərdi ki, sənin seçib, bəyəndiyin qızla evlənəcəyəm. Atasına da demişdi ki, mənim üçün elçiliyə Davud əmi gedəcək. Davud qardaş da, bizim qohumumuzdu. Bilirsiniz, insanın mənəviyyatı kor olarsa, bütün bu acılara dözmək çox çətin olar. Bilirik Allahdan gəlmişik, Allaha da dönəcəyik. Rəbbim vermişdi, Rəbbim də aldı. Allah geridə qalan övladlarımıza sağlam, xoşbəxt həyat nəsib etsin. Onların günahı yoxdur ki...”-deyir ana.
Əmrə uşaqlıqdan çox hərəkətli imiş. Yatmağı sevməzmiş. Gah anasının ayaqları üstdə, gah beşikdə tərpədərmişlər. Layla, mahnı dinləyərək yatmağı da sevməzmiş. O vaxtlar televizorda bir cizgi filmi vardı “Toplu”, onu izləyərək yatarmış. Çox mülayim, səmimi, dost, yoldaş üçün canından keçməyə hazır olan bir gənc olub.

Əlif Əmrədən dörd yaş kiçik bacısıdır. Əmrənin böyük qardaş olaraq cox diqqətli, cox səmimi bir insan olduğunu deyir. Yaş fərqləri olduğu üçün, onunla daha yaxın sirdaş, dost ola bilmədiklərinə heyfslənir. Amma o, hər addımda özünün ağır təbiəti ilə, bacısının nəzərində bir dost obrazı yaratdığından xəbərsiz olur. Hər il yay aylarında ata yurdları Samsuna gedər, dənizi çox sevirdilər.
Əlif də, kiçik bacıları Hilal da günəşdə çox tez yanarmışlar. Əmrə isə heç yanmazmış. Qızlar canlarının ağrısından ağlar, Əmrə də o dəqiqə həkimliyə başlardı. Yanan yerlərə krem çəkər, sərinləsin deyə yanmış yerləri yelpikləyərdi.
Əmrənin qəribə bir özəlliyi olub. Məsələn, evdən səhər çıxar, axşam gələrdi. Demək olar ki, çox az vaxt olardı ki, gün ərzində evdə olsun. Buna rəğmən ailədə kimin nəyə üzülə biləcəyini, nəyə sevinə biləcəyini, kimin nəyə sərt reaksiya verəcəyini gözəl bilirdi. Çox vaxt onun bu xasiyyətinə ailə üzvləri məətəl qalırdılar.
“Əmrənin şəhid olma xəbərini aldığım gün, həyatımın bitdiyi gün olaraq xatirimdə qaldı. Xəbəri sosial mediada gördüm, təsadüfən. Anam da qonşuda idi. Anama zəng çaldım ki, evə gəlsin. Anam gəldi. Az keçmədi ki, atam da gəldi. Yay olduğu üçün pəncərələr açıq idi. Birdən aşağıdan səslər gəlməyə başladı. Başımı pəncərədən çölə çıxarmağımla evimizin qarşısında təcili yardım, polis, əsgər, jandarma maşınlarını gördüm. Qapının zəngi çalındı. Qapını atam açdı...
O an dünya sanki başıma uçdu. Abimin, Əmrəmin şəhid olduğu xəbərini gətirmişdilər.
Bəzən düşünürəm ki, belə ölüm hər kəsə nəsib olmur. Allah uzaq etsin, başqa bir hadisə zamanı həyatını itirsəydi, o acı bizə nələr yaşadardı, kim bilir.
Kaşki yaşasaydı. Kaşki onun toyunu görsəydik. Onunla qürur duyuram, bəli. Bu qürurun içərisində isə qardaş həsrəti, qardaş nisgili gizlənir.”-deyir Əlif.
Evin sonbeşiyi Hilalın isə qardaşı ilə bağlı xatirəsi azdır. O, qardaşını yaraşıqlı, ürəyi yumşaq bir insan kimi xatırlayır. Əmrənin onun üçün qürur qaynağı olduğunu vurğulayır. Əmrənin divanda uzandığından, onun da qardaşının sağında, solunda fırlandığından, bəzən orda yatdığını, özünün isə onun yanında oturub film izlədiyini, sonra o da qardaşının ona qoşulduğunu gülümsəyərək anladır. Onunla keçirəcəyi daha çox günləri, eləcə də, indi onunla bağlı daha çox danışa biləcəyi xatirələrinin olmamasına heyfslənir Hilal.
Əmrənin cənazəsi gələn gün Şaban bəy çox narahat olur. Deyir ki, içimdə sanki bir ocaq qalamışdılar.Tələsik evə gəlir.
Evdəkilərin halından şübhələnir. Zəngi çalınan qapını, özü açır. Qapıda dayanan yüksək rütbəli zabitlərdən biri “ Abi, başımız sağ olsun, qardaşımızı itirdik” deyir. O, isə cavabında “İlla lillahi inna ileyhi raciun” deyə cavab verir.
Onun bu cavabını eşidən zabit qəribə baxışlarla üzünə baxır. Onlara oturmaq üçün yer göstərir.
“O an mənim belim qırıldı, dünyam dağıldı. Artıq doqquz ildir, üzüm gülsə də, qəlbim qan ağlayır. Hər gün, hər gün yuxuma gəlməsini arzulayıram. Yuxuma gələndə bir az rahatlanıram”-deyir, şəhid atası.
Əmrə doğulanda ad qoyulmasının da maraqlı tarixçəsi var. Əminə xanım Yunus Əmrə yaradıcılığına vurğun olduğu üçün oğluna Yunus Əmrə adını qoymaq istəyir. Şaban bəy isə böyük Göytürk hökmdarı Bilgə Kağandan təsirlənərək oğluna Bilge Kağan adını verməyi düşünür. Bir gün səhər Şaban bəyin ağlına belə bir fikir gəlir: “Oğlumun adından anasının istəyi olan Yunusu, mənim istəyim olan Bilgəni çıxaraq, o zaman Əmrə Kaan olsun”
Bu adı qoyarkən onlar bilmirdilər gün gələcək körpə Əmrə Kaan ata-anasının, Vətəninin qüruru olacaq.
Bu günlərdə “Əmrəylə bir arada” adlı görüş keçirdik. Əmrənin dostları Barış Gündoğdu, Səlim Maral, Əmrə Dikbaş, Alparslan Əmrə Eken, Əhməd Meram Əmrəylə bağlı xatirələrini danışdıqca, xəyallarımda onların Əmrəli günləri canlanırdı. Qəribəsi də bu idi ki, hər kəs onunla bağlı kədərli notlara köklənsə də, ondan gülərək bəhs edirdilər. Söhbətə yazının əvvəlində bəhs etdiyim əngəlli gənc Mustafa Yılmaz başladı:
“Əmrəylə Quran kursunda tanış oldum.O zamana qədər tanımırdım. Kursun müəllimləri Quranı bitirən şəxslərə bir şagird seçmə ixtiyarı vermişdilər. Əmrə birbaşa mənim yanıma gəldi və “mən bu abimi seçirəm” dedi.
Səkkiz gün olmadan mən Qurani-Kərimi oxumağı öyrəndim. Dostluğumuz səkkiz gün çəkdi. Amma bu səkkiz gün mənim üçün bir ömrə bərabər oldu. O qədər təmiz qəlbli, o qədər xeyirxah idi ki...
Biz bir dərnək qurmuşduq, Kocaelində.Qazi və şəhidlərimizlə bağlı. Əmrə tez-tez yuxuma girir və mənə “ abi, sənin orda nə işin var? Orda olma, sənin orda olmağını istəmirəm” deyirdi. Mən ordan istefa etdim. Tez-tez işimlə əlaqədar onların evlərinin qarşısından keçirdim. Bir gün də yuxuma gəlib mənə dedi ki, “ abi, mən səni balkondan görürəm, ordan keçərkən”.

Allah ondan razı olsun, bu gün əgər Qurani-Kərimə bələd oldumsa, onun sayəsində oldum.”
Gənclər uşaqlıq illərinin Əmrəli günlərini elə ləzzətlə təsvir edirdilər ki, Əmrənin indi cismən yanımızda olmamasına inanmağım gəlmirdi. O xatirələrdə nələr yoxdu, birlikdə dərsdən qaçaraq kompüter salonuna getmələri, dərsdən qaçdıqları üçün, bir il sinifdə qalmaları. Dostlarından ayrı qalmasın deyə birlikdə restoranda çalışmaları, atasının maşınını qaçıraraq qəza törətmələri və sonra qorxudan evə getməyib, sabaha kimi gizlənmələri, Əhmədin tez-tez onlarda gecələmələri, sabaha qədər söhbət edərək, səhəri açmaları. Barışın atasının vəfatından Əmrənin necə kədərləndiyi, Səlimin onunla necə candan dost olduqları və söhbət əsnasında, “Şaban əmi, Əmrəni bizdən ayırıb, başqa məktəbə aparmaqla, mənim uşaqlığımı məndən aldın”deməsi, Osmanın gözlərini bir nöqtəyə dikərək, sanki Əmrəni görürmüş kimi səssiz duruşu, Alparslanın da Osman kimi səssizcə söhbəti dinləyib, sonra çox qısa danışması, Əmrə Dikbaşın hərbidə çalışmağa qərar verməsinə səbəb Əmrənin şəhid olması və daha nələr, nələr.
Onlar danışır, mən isə Əminə xanım və Şaban bəyi gizlicə müşahidə edirdim. Gənclər danışdıqca, onlar necə qürurla dinləyir, gah kövrəlir, gah da gülümsəyirdilər. Əmrənin dostu Beytullah Cürenin onunla bağlı xatirələrin oxuyandan sonra, onların hər birinin ruhunda bir Əmrə yaşadığına bir daha əmin oldum.
Beytullahın xatirəsi belə başlayır:
“Əmrə ilə ilk tanışlığımı xatırlayıram. On altı yaşındaydım. Əmrənin lisey dostlarından Mərd mənim məhəllə dostum idi. Bir gün Mərd ilə məhəllədə oturmaq üçün plan cızdıq. Mərd gələndə Əmrəylə gəldi. İlk tanışlığımız ordan başladı və şəhid olduğunda bitdi. Cismən bitdi.
Demək olar ki, onunla dostluğa başladıqdan sonra, bəzi istisnalar xaric hər gün bir yerdəydik. Məktəbdən gəldikdən sonra, gecə yarısına qədər oturar, söhbət edər, kompyuterdə oyunlar oynar, ya da gəzərdik. Bir-birimizə o qədər bağlanmışdıq ki, hansı birimizsə şəhərdən kənara çıxsaydıq, çox darıxardıq.
Dost çevrəmiz fərqli olsa da , onlarla görüşə də birlikdə gedərdik. Əmrəylə bağlı o qədər xatirəm var ki...
Əmrənin şəhadətindən sonra çevrəmiz dağıldı. Hərə bir tərəfə getdi.
Mən də İzmirə qayıtdıqdan sonra onun ölümünü qəbul edə bilmirdim. Əmrə əsgərlikdə olarkən, mən İzmiri gəzər, maraqlı, gəzməli yerləri çəkər, “Əmrə döndüyündə onu buralarda gəzdirərəm. Buraları mütləq görməlidir” deyə xəyal edərdim. Bir müddət içimə qapandım. Axşamlar təkbaşına evdən çıxar, maşında təkbaşına oturar, onunla keçirdiyimiz günləri düşünərdim. Düşündükcə də, sanki ağlımı itirəcək hala gəlirdim. Onu gəzdirmək istədiyim yerlərə gedər, hönkür-hönkür ağlayaraq oraları gəzərdim. Səhər 06:00-ya qədər maşında oturub düşünərdim. Evdə yuxudan oyananda, əl-üzümü yuyarkən, 2-3 saniyə güzgüdə öz yerimə Əmrəni görürdüm. Bu vəziyyət 2 aya yaxın çəkdi.
İlk zamanlar fərqinə varmadım, sonralar qorxmağa başladım. Anamın təkidi ilə psixoloqa getdim. Bir aydan sonra bu vəziyyət təktarlanmadı, bir ildən sonra da daha psixoloqa getmədim.”
Beytullahın Əmrəylə bağlı yazdıqlarını gözyaşları içərisində oxudum. Sanki bir yazıçının yazdığı hekayəni oxuyurdum. İzmitdə tez-tez Əmrənin xatirəsinə həsr olunmuş müxtəlif tədbirlər keçirilir. Bəziləri dövlət və Qeyri Hökümət Təşkilatları tərəfindən, bəziləri də Şaban bəyin rəhbərlik etdiyi dərnək tərəfindən. Bu tədbirlərdən biri və unudulmazı Mersinin Mut qəsəbəsinin Dağ bazarı kəndində baş tutub. Kəndin məktəbində Əmrənin şərəfinə kitabxana açılıb. Şaban bəy deyir ki, kitabxananın açılışına gedərkən, əliboş getdik. Yəni məktəblilər üçün heç bir hədiyyə almadıq. Kəndin insanlarının kasıb, amma nə qədər qürurlu olduğunu gördükdə ürəyim dağa döndü. Birlikdə getdiyimiz yoldaşlarla dedik ki, kitabxananın açılışının ildönümündə mütləq məktəblilərə hədiyyələrlə gəlməliyik.
Belə də etdik. Aldığımız ayaqqabıları, geyimləri, şirniyyatları payladıq. Geri döndükdən sonra məktəblilərdən birinin valideyni müəllimlərdən birinə mesaj yollayır. Mesaj da belə yazır: “Siz bu gün nə edtiyinizin fərqindəsinizmi?” Ardından da bir şəkil yollayır. Şəkildə uşaqlardan biri yeni ayaqqabılarını qucaqlayaraq yatıb.

Bunu eşitdikdən sonra, öz-özümə dedim “gözəl Allahım, mənim övladım, yoxluğuyla belə insanları sevindirməyi bacarır.”
Əmrənin oxuduğu məktəbin bir qrup şagirdi qısametrajlı film yarışmasında iştirak edirlər və qalib gəlirlər. Onlara pul mükafatı verilir. Uşaqlar da bu pulu şəhid ailəsinə verməyi qərara alırlar. Fikirlərini məktəbin direktoruna bildirirlər. O da, “məktəbimizin şagirdlərindən bir şəhidimiz var. Onun ailəsinə verək”deyir. Direktor Şaban bəyə zəng vurur, məsələni dedikdə, şəhidimizin atası “ belə şey ola bilməz, bizə yaraşmaz o pulu almaq. Məktəbin nə əyər-əskiyi varsa ona xərcləyin”deyir.
Məktəbin direktoru sevincək halda “ Şaban bəy, məktəbimizin həyətində şagirdlərin istifadə edə biləcəyi çeşməmiz yoxdur. Havalar isinən kimi uşaqlar həyətdə oynadıqlarında, su olmadığı üçün əziyyət çəkirlər, Allah sizdən razı olsun.”
Beləliklə, məktəbin həyətində Əmrənin adına bir bulaq salınır. Bu işdə İzmitin Körfəz bələdiyyəsi və bir iş adamı da dəstəklərini əsirgəmirlər. Şaban bəy deyir ki, “hər bir şəhid valideyni geyiminə, yerişinə, duruşuna, danışığına diqqət etməlidir, çünki onlar şəhid valideynləridirlər. Onlar valideynlərini şəhidlikləri ilə şərəfləndirdikləri kimi, biz də onların adını əməllərimizlə, hərəkətlərimizlə ucaltmalıyıq. Biz şəhidimizi dəyərli etməliyik ki, başqaları da dəyər versin. Biz bütün şərtlərdə dövlətin, Vətənin yanında olmalıyıq. Övladlarımız bu Dövlətin, bu Vətənin yolunda şəhid oldular, canlarından keçdilər. Şəhidlərimiz canlarını, qazilərimiz bədənlərindən parçalar verdilər.
Biz güclü olub, ayaqda möhkəm durmalıyıq ki, ŞƏHİDLƏRİMİZİN ruhu da hər zaman biz tərəfdən rahat olsun.”
Bu yazdıqlarım Əmrənin 22 illik həyatının yarımçıq qalan hekayəsinin müəyyən bir hissəsidir. Arlıların evində Əminə xanım, Şaban bəy, Əmrənin bacıları Əlif və Hilalla söhbət edərkən bir şeyə daha da əmin oldum.
Əmin oldum ki, şəhid anasının qəlbi bir başqa döyünür, gözləri həsrətlə dolub hər gün oğlunun dönəcəyi yola dikilər.
Əmin oldum ki, şəhid anası sadəcə, gülümsər, ürəkdən gülməz.
Şəhid anasının nəfəsi övlad qoxuyar.
Şəhid anasının bayramı övladı yuxusuna gəldiyi gün sayılar, başqa bayramı olmaz.
Şəhid anası kimsədən heç nə gözləməz, şəhidinə diqqət, sevgi və hörmətdən başqa.
Şəhid anası övladının tanınması üçün gecəsini gündüzə qatar.
Əmin oldum ki, şəhid anası qapı hər çalındığında övladının gəldiyini düşünər.
Şəhid anası telefon hər zəng çaldığında zəng edəni övladı zənn edər.
Əmin oldum ki, şəhid atası nə qədər şax durmağa çalışsa da, övlad həsrətindən beli bükülməyə başlar.
Şəhid atası övladı haqqında birnəfəsə danışar və doymaz.
Əmin oldum ki, şəhid atası övladını onun dostlarının xatirələrində yenidən tapar. O xatirələrlə yuxuya gedər, o xatirələrlə nəfəs alar...
Şəhid bacısının gözlərinin silinməz bir nisgilin ünvanı olduğuna əmin oldum.
Əmin oldum ki, şəhid bacısı qardaşı haqqında yana-yana danışar.
Şəhid bacısı qardaşıyla son görüşünə sarılaraq yaşayar.
Əmin oldum ki, şəhid bacısının sadəcə dili danışar, qəlbi isə “qardaş, qardaş” deyə nalə çəkər.
Şəhid bacısı gülər, amma ürəyi qan ağlar.
Əmin oldum ki, toysuz şəhidin valideyni övladı üçün arzuladığı bəy otağını muzeyə çevirər. Övladının ətrini onun əşyalarından alar.
Bəli, şəhid ailəsi olmaq şərəfli, qürurlu bir vəzifədir.
Bu vəzifəni daşımaq, acını qəlbində kədər xonçası edərək yaşamaq deməkdir.
Tərcümeyi halı:
Əmrə Kaan Arlı 24 aprel 1993-cü ildə Samsunda doğulub.
Ailənin ilk və son oğul övladıdır. 1999-cu ildə Körfəz Yeniyalı Fahri Korutürk ibtidai məktəbində ilk təhsilə başlayır. Təhsili Yarımca və Uluğbəy orta məktəblərində davam edib, Dərincənin Mövlanə orta məktəbində bitirir.
Orta məktəbdə oxuduğu dönəmdə anasının çox gərgin iş rejimi olduğu üçün iki il yarım yatılı Quran kursunda oxuyur. Körfəz Anadolu Texniki və Sənaye peşə liseyinin(Peşə və Texniki Anadolu liseyi) Elektrik-elektronika bölümündə bitirir.
Universitet təhsilinə Kocaeli Universitetinin Hərəkə Peşə İnstitutunda Mexatronika bölümündə başlayır. Universiteti bitirmədən əsgər getmək üçün müraciət edir. Beləliklə, təhsilini donduraraq əsgəri xidmətə gedir.
2015-ci ildə xidmət üçün Manisa Kırkağac təlim düşərgəsinə göndərilir. Ordan sonra isə Siirt- Şırvanda pulemyotçu kimi xidmətə başlayır.
Vətən borcunu şərəflə yerinə yetirən Əmrə Kaan 2015-ci ilin 19 avqustunda Siirt Pərvaridə terrorçularin bombali basqını nəticəsində şəhid olur.
Şəhid Əmrə Kaan Arlının xatirəsinin əbədiləşdirilməsi yönündə bir çox işlər görülüb. Ata yurdu Samsunun Kavak qəsəbəsində bələdiyyə tərəfindən bir küçəyə Əmrənin adı verilib.Bundan başqa İzmitdə bir idman salonuna, Sağlam həyat mərkəzinin İzmitdəki şöbəsinə, Çayırova qəsəbəsində bir küçəyə, Mersində bir məktəbin kitabxanasına, Samsun Böyük Şəhər Bələdiyyəsi tərəfindən Kavak qəsəbəsinin Atayurd kəndində Sosial və Mədəniyyət mərkəzinə, İzmitin Yəhya Kaptan səmtində yerləşən bir Sevgi evinə, Siirt şəhərinin Şirvan qəsəbəsində bir bulağa Əmrənin adı verilib.
"Bütöv Azərbaycan" qəzeti,
14 fevral 2025
14-02-2025, 07:49
Dastana dönmüş həyat

Dastana dönmüş həyat
(Esse)
Sənət və sənətkarlar haqqında düşüncələr
Bəzən mənə elə gəlir ki, sənətkarlar ilahi tərəfindən göndərilmiş, seçilmiş insanlardır. Belə insanlar ruh aləminin romantik, yaradıcı şəxsiyyətləridir. Bu cəhətdən yaradıcı insan hamıdan fərqlənir. Sənətkarlar bütün dünyanın insanlarına yol göstərən bələdçilərdir, insanların ruh aləmini cilalayıb, onları həyata, yaşamağa səsləyirlər. Sənətkarlar dünyəvi insanlardır. Bütün dünya xalqları onları sevir, hörmət edir, məhəbbət bəsləyirlər. Biz doğma Azərbaycanda yaşayıb bütün dünyanın sənətkarlarını tanıyırıq. Onların əsərlərini oxuyub fikirlərinə məhəbbətlə yanaşırıq. Başqa xalqlar da bizim yaradıcılarımızı, şairlərimizi, rəssamlarımızı və başqa sənətkarlarımızı tanıyıb onlar haqqında gözəl fikirlər söyləyirlər.
Yadımdadır, hələ sovet dövründə əməliyyat olunmaq üçün Moskva şəhərinə getmişdim. SSRİ Səhiyyə Nazirliyinin göndərişi ilə Filatov adına 15№-li xəstəxanada əməliyyat olunurdum. Şah damarın üzərində olan törəməni yerli keyitmə üsulu ilə əməliyyat edirdilər. Orta yaşlı, adlı-sanlı rus cərrahı məni otağına çağırıb psixoloji söhbətlər apardı. Dil-ədəbiyyat müəllimi olduğumu bildikdə, mənimlə bir yaradıcı insan kimi danışdı.
Əməliyyat başlandı, əllərim, ayaqlarım bağlı idi. Professor mənimlə söhbət edirdi. Onun əlləri işləyirdi. Məni danışdırırdı ki, yatıb, komaya düşməyim. Deyirdi ki, sizin böyük şairiniz var, Nizami Gəncəvi. Bilirsən, mən onu nə qədər sevirəm?! Evimdə onun kitablarının hamısı var. Nizaminin “Xəmsə”sini nəzərdə tuturdu. Bu sözü rus dilində “Xamse” kimi tələffüz edirdi.
Sonra rus dilində Nizami Gəncəvidən şeirlər deməyə başladı:
Ya poyu i v şepax, ne boyus, ix kak roza,
Pust terzayut – poyu, mne şipi ne uqroza
Eto serdse-koster: uqasal eqo jar,
No podbrosili terniy, i vspıxnul pojar,
Ya – kak more; S duşi ya stirayu poroki,
Ya ne zerkalo, net! No vbirayu poroki.

Şeirləri eşitdikcə məni fərəh bürüdü, əməliyyat yadımdan çıxdı. İstədim, durub ona təşəkkür edib bağrıma basım. Lakin mümkün deyildi.
Professorun köməkçisi tibb bacısı olsa da, ona qoşulub Nizami Gəncəvidən bildiyi tərbiyəvi məzmunlu misraları söylədi. Əməliyyat otağında şeir məclisi qurulmuşdu. Özüm-özümü unutmuşdum. Sevincimin həddi-hüdudu yox idi.
Bəli, bizim Nizami dünyəvi şair idi. Mənsub olduğu milləti qiymətləndirməklə yanaşı, əsərlərində bütün dünya xalqlarının nümayəndələrinin surətini yaratmışdı. Onlara öz hörmətini bildirirdi.
Moskva səfəri bitdi. Mən Azərbaycana qayıtdım. Uzun müddət bu hadisəni unuda bilmədim.
Şagirdlərimə həmişə rus cərrahı haqqında söhbət eləyirdim: “Nizami Gəncəvi xalqımızın fəxridir, vüqarıdır. O, əlçatmaz bir zirvədir. Onu oxumaq, öyrənmək lazımdır”. Mənim şagirdlərimə əsas tövsiyyəm bu idi.
Çox vaxt yadıma böyük rus yazıçıları L.Tolstoy, A.P.Çexov, A.Puşkin, M.Lermontov düşür. Onlar da böyük yazıçılar idilər.
Çexov həkim idi. Yaradıcılıqla da məşğul olurdu. Bacarıqlı yazıçı idi. Əsərləri ilə rus həyatını dəqiqliklə təsvir etmişdi.
Pedaqoji Universitetdə oxuduğum zaman bizə “Xarici ölkələr ədəbiyyatı” fənnini böyük yazıçı İsmayıl Şıxlı tədris edirdi. O, nə qədər alicənab, istedadlı, mədəni, böyük bir şəxsiyyət idi! “Dəli Kür” romanı hamımızın stolüstü kitabı idi. Bu əsərə çəkilmiş film bütün dünyaya əks-səda salmışdı. Əsl mərd, qürurlu, vətənpərvər azərbaycanlı idi.
Azərbaycanın görkəmli cərrahı İbrahim Topçubaşov öz istedadı ilə respublikamızda ad-san qazanmışdı. Bacarıqlı cərrah olmaqla yanaşı, həm də gözəl bəstəkar idi. Bəstələdiyi mahnılar hamının könlünü oxşayırdı. Xalq onu sevirdi. Həm həkimliyi, həm də bəstəkarlığı ilə xalqın sevimlisinə çevrilmişdi. Əfsuslar olsun ki, həyatdan tez getdi...
Belələrini saymaqla qurtarmaz. Həyatda yaşayıb özlərindən sonra iz qoyub gedənlər nə qədər xoşbəxtdirlər! Əsrlər keçsə də onlar heç vaxt unudulmayacaqlar.
Hələ məktəbli ikən mən böyük rus yazıçısı Aleksandr Aleksandroviç Bestujev Marlinskinin əsərlərini oxumuşdum. Yaşımın bu çağında yenidən onun əsərlərini tapdım, dönə-dönə oxudum. Onun mənim vətənim haqqında yazdıqlarını oxuyanda məni fəxarət hissi bürüdü. Vətənim Azərbaycanla fəxr eylədim. Nə qədər böyük bir xalqın nümayəndəsiyik. Bizim xalq əsrlər boyu öz məğrurluğunu saxladı. Yağı düşmənlərə boyun əymədi, onları əzdi, torpaqarımızdan qovub çıxardı. Zəfər çaldı.
Aleksandr Bestujev Marlinski kim idi?
O, 1797-ci ildə Peterqof yaxınlığındakı Marli məntəqəsində anadan olmuşdu. Bütün uşaqlıq illəri də burada keçmişdi. Marlinski təxəllüsünü götürmüşdü. Bu ədəbi təxəllüs Marli məntəqəsinin adı ilə bağlı idi. O, inqilabçı idi. Dövrünün görkəmli ədəbi tənqidçisi, şair və nasiri idi.
Aleksandr dekabrist idi. 1825-ci il 14 dekabr üsnyanı nəticəsində onu çar zindanına atdılar. Yakutskiyə sürgün etdilər. O, Sibir sürgünündə çox əzab-əziyyətlər çəkir. Sonradan saysız-hesabsız xahişləri nəzərə alaraq, onu 1829-cu ildə Qafqaza köçürürlər. Dərbənd şəhərində sürgün illərini keçirir. Düz yeddi il burada yaşayır. 1831-ci ildə yanvar ayından başlayaraq Dərbənd qarnizon batalyonundakı 1-ci rotada xidmət edir. Bir sənətkar kimi ona bütün Qafqazı gəzib əsərləri üçün mövzu axtarmağa icazə vermişdilər.
O, A.S.Puşkinin, M.F.Axundzadənin, A.Bakıxanovun yaxın dostu idi. Onlarla yaradıcılıq fikirlərini bölüşürdü. Qafqazı sevmiş, burada yaşayan xalqlara, xüsusən azərbaycalılara öz məhəbbətini bildirmişdi.
Bestujev yazırdı: “Qafqaza dinclik verin və Yer üzünün cənnətini Fərat sahillərində axtarmayın. O, burdadır, o, burdadır”.
Qafqazı böyük məhəbbətlə sevən yazıçı “Qafqaz povestləri” silsiləsini yaradır. Bura daxil olan əsərlər içərisində “Ammalat bəy”, “Molla Nur” povestləri yazıçıya şöhrət qazandırır. Yazıçı Azərbaycana gəlir. Hər yeri gəzib dolanır. İnsanlarla söhbət edir. Azərbaycan dilini öyrənir, onlarla özü bu dildə danışır. Əsərlərində Azərbaycanın kənd, şəhər, dağ adlarını dəqiqliklə işlədir. Bu xalqın adət-ənənələrini öyrənir. Topladığı materiallar əsasında Azərbaycana aid bir sıra oçerklər yazır: “Xəzərlə ayrılıq”, “Quba yolu”, “Qonaqkəndi keçməklə Dağıstandan Şirvana dağ yolu”, “Köhnə Şamaxı yolunda sonuncu stansiya”, “Topçu stansiyasından Muğanlı postuna qədərki yol” oçerkləri yazıçının Azərbaycana nə qədər bağlı olduğunu göstərir. O, bu oçerklərdə Azərbaycanın təbiəti, kəndləri, şəhərləri, turizm abidələri, el məişəti, yerli adət-ənənələri barədə maraqlı məlumatlar verir.
Yaşadığım kəndin başlanğıcında çox hündür bir dağ vardır. Təngə adlanır bu dağ. Çox gözəl mənzərəsi vardır bu dağın. Dəfələrlə bu dağı partladıb daşlarından mərmər kimi istifadə etmək istəmişlər. Lakin hərbi, strateji əhəmiyyəti olduğu üçün bu dağı kəsib doğramağa icazə verməmişlər. Dağın çox maraqlı bir görünüşü var. Hər iki tərəfdə olan sıldırım, hündür dağlar çox gözəl görüntü yaratmışdır. İki dağın ortasından axan Vəlvələ çayının suları gurultu ilə dağa çırpılaraq axır, dar bir yerdən “canını qurtararaq”, geniş bir sahəyə yayılaraq hər yeri yuyub dağıdır. Dağın başında uçan qartallar buradan gedib-gələnləri salamlayır.
Təngə dağının təsviri neçə-neçə səyyahın gündəliyində, şairin, yazıçının bədii əsərlərində öz əksini tapmışdır. Bu dağdan kimlər gəlib keçməmişdir?
Böyük rus şairi M.Lermontov, görkəmli yazıçı A.Bestijev Marlinski Təngədən keçmiş öz təəssüratlarını əsərlərində bədii dillə təsvir etmişlər. Əvvəllər Qubadan Şamaxıya ən qısa yol Təngədən keçirdi. Karvan yolu buradan keçirdi. Lakin iki dağın arasından yol olmadığından çayın axınına qarşı suyun içi ilə keçib gedirdilər.
Təngə dağı tarixlərin şahididir. XIX əsrin əvvəllərində Qaçaq Molla Nur, XX əsrin əvvəllərində Qaçaq Mayıl özlərinə bu dağda məskən salmış, xalqın qanını içən zalımlara qarşı mübarizə aparmışlar. Xalqımız heç vaxt onları unutmur. Onlar haqqında el aşıqları dastanlar qoşmuş, şeirlər yazmışlar.
Xədicə Xəlilova qaçaq Molla Nura şeir ithaf etmişdir:
Amalı nur, qayəsi nur, eşqi nur,
Bir mahalın nur oğluydu Molla Nur.
Zalımlara, o bir qənim kəsildi,
Elimizin mərd oğluydu Molla Nur.
Yazıqların məzlumların arxası,
Mərd sinəsi – azadlığın qalası.
Oylağıydı Quba, Dərbənd qalası,
Vətəninin şərəfiydi Molla Nur…

Sol tərəfdə dağın çox hündür zirvəsinin qurtaracağından sonra yaylaq başlayır. Bu yaylaqda sal bir daş var. Bu daş “Molla Nur daşı” adlanır. Molla Nur və onun on iki nəfərlik dəstəsi bu daşdan stol kimi istifadə edirdilər.
Molla Nurun həyat yoldaşı Gülşad da bu dəstədə idi. Molla Nur dəstəsi ilə Təngədə xalqın düşmənlərini “başa saldıqdan sonra” yuxarıya – yaylağa gəlib burada gecələyirdilər. Bura elə bir hündür yer idi ki, hər tərəf görünürdü. Açıq havada Xəzər dənizini görmək olurdu. Hər tərəf yaşıllıqlarla əhatə olunmuşdu. Onlar belə bir yerdə azad həyat sürüb mübarizə aparırdılar.
Molla Nur qonşu Səbətlər kəndindən idi. Haqsızlığa dözə bilmədiyindən sevgilisi Gülşad xanımı da götürüb dağlara çəkilmişdi. Xalq ona inanırdı, hörmət edirdi. 1834-cü ilin aprelində Qubada olarkən Bestujev Marlinski məşhur qaçaq barədə xalqın söhbətlərini gündəliyinə yazmışdı. O, bu gündəliklər əsasında “Quba yolu” oçerkini yazır. Sonradan bu mövzuda bir povest yazmaq qərarına gəlir. Yazıçıda Molla Nura qarşı maraq oyanır. Onu şəxsən görmək arzusuna düşür.
Bestujev Marlinski Qubadan Şamaxıya gedərkən Molla Nur ilə Təngə dağında şəxsən görüşür. Onun müxtəsər həyat tarixçəsini öz dilindən qələmə alır. 1836-cı ildə “Molla Nur” povestini yazır. Povestin “Nəticə” hissəsində həmin görüşün sənədli təsviri verilmişdir. Əsərin əvvəlində isə “Olmuş əhvalat” qeydinin verilməsi təsadüfi deyildir.
“Molla Nur” bədii əsərdir. Yazıçı Dərbənd həyatını çox bacarıqla təsvir etməyi bacarmışdır. Əsərdə İskəndər bəy, onun sevgilisi Kiçkinə povestin baş qəhrəmanlarıdır. A.Bestujev Marlinski Təngə dağının təsvirini belə vermişdir:
Uçurumun hər iki yanında başı buludlara dəyən qayalar elə bil adamın üstünə gəlir, axının uğultusu qulaqlarını batırır, qartalların harayı ürəyinə vahimə salır, əbədi toranlıq və soyuqdan canına vicvicə düşür”.
Dar dərədə kəməndə düşmüş Təngə çayı hiddətlə çoşub qabarırdı. Təngə çayı o daşların üstündən axdıqca sanki pillələri qalxıb enir, yatağını hiddətlə didişdirir, vəhşi kimi qayalara çırpılır.
Təngə çayı kükrəyib çoşur, dalğaları şahə qalxırdı.
Təngə çayı burada əsl haray-həşir qoparırdı. Geri çəkilən və qarşıdan gələn dalğalar toqquşur, sanki bəhsə girib gurultulu bir səslə axırdı. İti axarlı çayın yatağından savayı yol yoxdur: Yolçu gərək istər-istəməz axına qarşı getsin və atın möhkəm ayaqlarına bel bağlayıb üzüyuxarı qalxsın...
A.Marlinski Molla Nur ilə görüşü belə təsvir etmişdir: “Axına qarşı beş addım getməmişdim ki, təpədən dırnağacan silahlanmış bir süvari atımın yüyənini dartdı. Onun haradan çıxdığını və nə üçün qəfildən qarşımda peyda olduğunu indiyəcən ayırd eləyə bilmirəm. O, sıldırım qayanın dalındanmı burulub keçdi, arxadanmı mənə çatdı, üzbəüzmü gəldi?”. Heç nə bilmirəm. Bircə onu bilirəm ki, başımı qaldırıb heyrətlə baxanda o, at belində, cəsarətlə qarşımda durmuşdu.
Ortaboy, enlikürək, qədd-qamətli bir adam idi. Sallama qollu çuxasının altında qızıl naxışı piləklər düzülmüş dəmir geyimi parıldayırdı. Çiynində tüfəngdən savayı, təkcə türklərin işlətdiyi qısalüləli muşkaton vardı. Kəməndin ilgəyindən, xəncərin üstündə tapanca görünürdü, yəhərdən asılmış qoburlardan daha iki tapanca sallanmışdı. Qollarına polad dirsəklik və halqalı qolçaq taxmışdı.
Bestujev biləndə ki, onun yolunu kəsən Molla Nurdur, o saat silaha əl atmaq istəyir. Lakin gec idi. Hər tərəfdən – dağın mağaralarından on iki dənə tüfəng lüləsi ona tərəf çevrilmişdi.
Bir azdan onlar dostlaşırlar. Molla Nur onu şam yeməyinə dəvət edir. Onlar qovaq ağacının altında otururlar. Şam yeməyi nədən ibarət idi? Pendir, çörək və üç-dörd alma. Molla Nur B.Marlinskinin silahları ilə maraqlanır. Hər birini əlinə alıb yoxlayır. Sonra yazıçı Molla Nura xəncər bağışlayır. O da əvəzində ona öz xəncərini verir.
Yazıçı yazırdı: “Molla Nur budaqdan asılmış tüfəngi götürdü və dərindən köks ötürüb dedi, - budur cəmi bəlalarımın, cəmi günahlarımın baisi! O mənə ailə yadigarı kimi atamdan qalıb, günün bu gününəcən əzizləyib saxlamışam!”
Molla Nur başına gələn bütün hadisələri, nə üçün qaçaq düşdüyünü, yazıçıya danışır. Yazıçı isə ona ürək-dirək verir, yoxsulların tərəfdarı olduğu üçün ona təşəkkür edir. Molla Nur Bestujev Marlinskini və yoldaşlarını o taya keçirir. Mənzil başına tez, sağ-salamat çatmaları üçün onları qorxulu yerlərdən ötürürlər.
Molla Nurun sonrakı taleyini Bestujev Marlinski bu povestdə təsvir etmir. Sürgün illərini bitirib Peterburqa qayıdır. 1837-ci ildə dünyasını dəyişir.
Mən Molla Nurun sonrakı taleyi barədə bütün sənədləri araşdırdım. Tanınmış ziyalı, əslən Quba rayonunun Səbətlər kəndindən olan Əkrəm Qaflan oğlunun bir məqaləsində onun son taleyi haqqında məlumat əldə edə bildim. O, yazır:
“Qaçaq Molla Nur Quba rayonunun Səbətlər kəndindəndir. Molla Nur Sibirdə böyük rus yazıçısı Dostoyevski ilə bir yerdə məhbəsdə olmuşdur. Yazıçı onu “Qafqaz cəngavəri” adlandırmışdır”.
Onun tutulması ilə bağlı əhvalatı kənddəki yaşlı adamlardan eşitmişəm.
Molla Nurun dəstəsinə qəflətən rus qoşunu tərəfindən hücum olur. Onlar vuruşa-vuruşa geri çəkilirlər. Bu döyüşdə həmişə olduğu kimi Gülşad da vuruşur. Molla Nur arvadına deyir ki, mən bunları azdıracağam. Sən aradan çıx. Hamilə olan Gülşad ərini darda qoyub getməyi qüruruna sığışdırmır. O, Molla Nura təkidlə deyir ki, sən özün qaç! Molla Nur Gülşadın bu arzusuna əməl etməyərək sevimli arvadına görə əsir düşür...
Molla Nurun şanı, şöhrəti bütün ölkəyə yayılır. Xalq onu sevir, çünki o zalımların düşməni, sadə, yoxsul xalqın distu idi. Buna görə nəğməkar xalqımız onun haqqında dastanlar qoşdu. Şöhrətli qaçaq kimi tanınan Molla Nurun Quba-Dərbənd zonasında göstərdiyi qəhrəmanlıqlar onun barəsində yaranmış dastanın qayəsini təşkil edir. Dastanın ilk variantı keçən əsrin yarısında Şirvan aşıq məktəbinin ustad nəğməkarı Xaltanlı Aşıq Tağı tərəfindən yaranmışdır. Dastan uzun müddət Şirvan aşıqlarının repertuarında mühüm yer tutmuşdur.
“Molla Nur” dastanı uzun müddət şifahi repertuarda yaşamış, 1976-cı ildə qocaman Aşıq Məhəmməddən yazıya alınmışdır. 1977-ci ildə nəşr edilmişdir.
Dastanın ən kamil variantı 1983-cü ildə Quba rayonunun Rəngidar kəndində Aşıq Haşımdan yazıya alınmışdır.
İllər keçir. Molla Nurun əfsanəyə çevrilmiş həyatına aid əhvalatlar əsərlərdə, dastanlarda öz əksini taparaq xalqımıza çatdırılır.
Təngə dağından keçən hər bir şəxs bir an ayaq saxlayır, dağlarda onun izlərini axtarır, eşitdiyi xatirələr yadına düşür. Böyük rus yazıçısı A.Bestujev Marlinskinin vaxtilə bu qorxulu dərədə Molla Nur ilə dostlaşması səhnələri hər bir adamın gözləri qarşısına gəlir.
“Nur” işıq deməkdir. Onun adı kimi özü də nurlu idi. Onun nuru bütün Qafqaza yayılmışdı.
Gələcək nəsillər bu nurlu insanı heç vaxt unutmayacaqlar.
Abid Şamiloğlu
Afurca kəndi



����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!