Bakı Arbitraj Mərkəzi yaradıldıBakı Arbitraj Mərkəzi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb.
Bakı Arbitraj Mərkəzi Fransanın Paris-Est Creteil Universitenin hüquq üzrə professoru, Paris Vəkillər Kollegiyasının üzvü, Azərbaycan Arbitraj Assosiasiyasının sədri və Azərbaycan Respublikasının Ali məhkəməsinin elmi-məsləhət şurasının üzvü Professor Kəmalə Mehdiyeva tərəfindən təsis olunub.
Kəmalə Mehdiyeva qeyd edib ki, Bakı Arbitraj Mərkəzinin yaradılması ilə ölkədə tərəflər arasında mübahisələrin həll edilməsinin alternativ bir yolu olan arbitrajın inkişafı üçün bütün vacib elementlər – arbitrajla bağlı mütərəqqi hüquqi baza, arbitrajın inkişafı üçün dövlət dəstəyi və yeni yaradılmış arbitraj təşkilatı – artıq formalaşıb.
Qeyd edək ki, “Arbitraj haqqında” Qanun 2024-cü il 25 yanvar tarixində qüvvəyə minib və arbitraj sahəsində ən müasir təcrübələri əks etdirən “Beynəlxalq Ticarət Arbitrajı haqqında” 1985-ci il tarixli (2006-cı ildə edilmiş dəyişikliklərlə) UNCITRAL Model Qanundan belə daha mütərəqqi xarakter daşıyır. Qanun Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq ticarət hüququ üzrə Komissiyası (UNCITRAL) tərəfindən sınaqdan keçmiş və Komissiya həmin Qanunun mütərəqqi beynəlxalq təcrübəni əks etdirən və beynəlxalq arbitraj sahəsində vahid standartlar müəyyən edən “Model Qanuna” uyğun olduğunu təsdiqləyib.
Bakı Arbitraj Mərkəzin yaradılması dövlət-özəl tərəfdaşlığının ən önəmli təzahürlərindən biridir. Belə ki, dövlət iqtisadi subyektlər arasında, xüsusilə xarici elementli mubahisələrin dövlət məhkəmələri tərəfindən deyil, qeyri-dövlət qurumu – arbitraj təşkilatları vasitəsilə həll olunmasına yol açır.
Qeyd edilməlidir ki, “Arbitraj haqqında” Qanunun layihəsi “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamı ilə yaradılmış Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın təsdiq etdiyi “Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Mübahisələrin həlli” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsi”nin icrasının təmin edilməsi məqsədi ilə hazırlanıb.
Eyni zamanda, arbitrajın təşəkkülü ölkədə sahibkarlığın inkişafına, Azərbaycanın investisiya məkanı kimi cəlbedəcəliyinə, o cümlədən dövlət iqtisadiyyatına və ölkədə hüquq sisteminin möhkəmlənməsinə töhfə verəcəkdir. Bu kontekstdə, arbitraj institutlarının yaradılması və inkişafı mübahisələrin effektiv həlli üçün mühüm mexanizm rolunu oynayır.
Kəmalə Mehdiyevanın fikrincə, Bakı Arbitraj Mərkəzin yaradılması önəmli bir təşəbbüsdür. O qeyd edib ki, danılmaz həqiqətdir ki, iqtisadi münasibətlərin qloballaşması fenomeni mübahisələrin həllinin spesifik üsulunun - arbitrajın inkişafına səbəb olmuşdur və Bakı Arbitraj Mərkəzin fəaliyyəti ölkəmizdə və regionda arbitraj mexanizmini inkişaf etdirməyə imkan verəcək və bununla da Azərbaycan Respublikasında əlverişli biznes və investisiya mühitinin təşviq edilməsinə töhfə verəcək.