Dünyada uran böhranı: ehtiyatlar tükənir, tələbat artırDünya nüvə sənayesi yaxın onilliklərdə ciddi çətinliklərlə üzləşə bilər.
Bu barədə "Financial Times" qəzeti Beynəlxalq Nüvə Assosiasiyasının (World Nuclear Association) yeni hesabatına istinadən məlumat yayıb.
Məlumata görə, mövcud uran yataqlarının ehtiyatları sürətlə azalır və bu, qlobal miqyasda yanacaq böhranı yarada bilər.
Hesabatda bildirilir ki, indiki rüsumlu mədənlər gələn on ildə tükənmə təhlükəsi ilə üzləşəcək. Buna görə də yeni yataqların kəşfi, innovativ hasilat üsulları, lisenziyalaşdırma sisteminin təkmilləşdirilməsi və vaxtında investisiyalar həyati əhəmiyyət kəsb edir.
ABŞ-ın "Energy Fuels" şirkətinin baş direktoru Mark Çalmers qeyd edib ki, bir çox müəssisələr köhnəlmiş şaxtalar və məhsuldarlığın azalması səbəbindən hasilatı ixtisar etməyə məcbur olacaq.
Rəqəmlər isə vəziyyətin ciddiliyini göstərir. 2030-cu ilə qədər nüvə reaktorlarında uran istehlakının üçdə bir artaraq 86 min tona çatacağı proqnozlaşdırılır. 2040-cı ilə qədər bu rəqəm 150 min tona yüksələcək.
Ekspertlərin qənaətinə görə, bu artım nəticəsində tələbatla təklif arasında “böyük uçurum” yaranacaq və bütün nüvə sənayesinin inkişafı təhlükə altına düşəcək.
Mütəxəssislər çıxış yolunu uranın emalı və zənginləşdirilməsi texnologiyalarına daha çox sərmayə yatırmaqda görürlər. Bununla belə, yeni mədənlərin açılmasının 10–20 il çəkdiyi nəzərə alınarsa, qlobal enerji sektorunu yaxın gələcəkdə çətin sınaqlar gözləyir.